Xəbərlər

Asif Ata. Bayatı işığı

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Bayatı işığı
I

 Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında.
Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz.
Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.

 II

 Əzizim harayından,
Xan gəlir sarayından,
Gündə bir kərpic düşür
Ömrümün sarayından.

Bu, göz yaşlarıdır, kədər tamlığıdır, həm də daxili aləm rəvanlığı, qəhər tamlığıdır. Göz yaşıyla durulaşan, ahıllaşan, idraklaşan haqdır.

Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.

Göz yaşı süzülür sətirlərdən, həm də ürəyin çiynindən yük götürü­lür, duyğu qəhər zillətindən ayrılır, kədərli həqiqət kədər xiffətinə üstün gəlir, ağlaya-ağlaya müdrikləşir gözü yaşlılar.
Həsrət gecəsini işıqlandırır həsrət bayatısı:

Mən aşığam hasarı,
Sınıq könlüm ha sarı,
Hicrandan körpü saldım
Qəmdən çəkdim hasarı.

Həsrət körpüsünə çevrilir həsrət. Həsrət hasarına çevrilir həsrət və göz yaşlarıyla səhər doğulur ürəklərdə, işıq süzülür daxilə. Həsrət gecəsi sabahlaşır.

Aşiq aça bilmirəm,
Yükdən qaça bilmirəm.
Başımda həsrət yükü
Atıb qaça bilmirəm.

Çəkilməz həsrət yükünü göz yaşları çəkir – işıq düşür həsrətə. Həsrət nurlanır, can rahatlanır, gecənin qoynunda sabaha boylanır.

Mən aşiq dolu düşər,
Göy gurlar, dolu düşər.
Qəbrim yol üstə qazın,
Anamın yolu düşər.

Həyatda ana həsrətiylə yaşayan, göz yaşında ana vüsalına çatır, həyatda anasını dəhşətli dərəcədə görməyən, göz yaşında anasını görür, həsrətini göz yaşında deyən can ağrısına məlhəm qoyur: sanki gecə qaranlığında ay çıxır və öz işığıyla mənəvi göyü zinətləndirir.

Mən aşiq gəzər oldum
Oxuyub yazar oldum,
Elə sevdaya düşdüm,
Quruyub xəzəl oldum.

Quruyub xəzəl olduğunu göz yaşıyla deyən həsrətli baharlaşır, yaz səsi, yaz nəfəsi axır sinəsinə, bahar çiçəyi aşır duyğularında, təzələnir əhvalı.
Göz yaşında payız yazlanır:

 Eləmi laçın ağlar,

Göyçə göyərçin ağlar.
Yadıma sən düşəndə
Başımda saçım ağlar.

 Başda saçı ağladan həsrət tamlığı – yüksəkliyi göz yaşında “vüsallaşır”, həsrət qaranlığı göz yaşında aydınlığa çıxır.

Göz yaşında tamlanan, göz yaşında da tamamlanır.
Qaranlıq “ağlanır” – işıqlanır.

III

Araz, Araz, xan Araz,
Gəl eyləmə qan, Araz,
Qardaş dəryada qaldı,
Nə axırsan, yan, Araz!

 “Dəryada qalan qardaşına” göz yaşı tökən və xan Araza qarğış eləyən həsrətli – göz yaşında, könlündə, xəyalında, ümidində qardaşını dəryadan çıxarır, istəyinə çatır, gecəsini gündüzünə çevirir.

Eləmi üzən günü,
Asta bas üzəngini,
Qiyamət o gün qopar,
Əl-əldən üzən günü.

Əli əldən üzülməyən qiyamətini göz yaşıyla deyən həsrətli xəya­lında, ümidində, dərin daxili inamında əlin əli tapmasını, tanımasını görür, gecəsi səhərə açılır, işığı qaranlığa qovuşur.

Mən aşıq sabah sənsiz,
Sübh sənsiz, sabah sənsiz,
Gecələr ilə dönüb
Açılır sabah sənsiz.

Baxtının, ilqarının, sevdasının, sabahının açılmadığını göz yaşla­rında dilləndirən həsrətli – ürəyində, xəyalında, ümidində, daxili inamında səhər açılmasını görür, onun işığında isinir.
Həsrət gecəsindən səhər doğur bayatı ağlamalarında.

 

IV

Dərd gecəsini işıqlandırır dərd bayatısı:

Mən aşiqəm qalam vay,
Bülbülüm vay, qalam vay,
Çəkilibdi kərpicim,
Uçulubdur qalam vay.

Qalası uçulan, kərpici çəkilən dərdli göz yaşlarında qalasını ucaldır, kərpicini düzür, dərdə qarşı yaraqlanır; dərd həm hədsiz dərəcədə yamanlanır, həm də dərmanlanır.
Qalası uçulan, kərpici çəkilən, yəni çiyninə dərd qalası götürən, istək şəhəri tar-mar olan dərdli dərdini göz yaşında axıdır, dərd izhar edilir, aşkarlanır, işıqlanır.
Tamlanan dərd – tamamlanır.
Dərd yükü göz yaşında çiyindən düşür.

 

Mən aşığam lalə mən,
Çox çəkmişəm lalə mən,
Dil açar, bülbül olar,
Dərdim desəm lala mən.

Dərdin qədərsizliyi, hədsizliyi ağlamalarda qədərləşir, hədləşir; dərdli son sözünü deyir və dərd sonlaşır.

Mən aşıq baxdım qara,
Qar yağdı, baxdım qara,
Sənə ağ gün dilədim,
Oldu öz baxtım qara.

Qara baxtlığın hədsizliyinə çatan qara baxtlığın həddini tapır, heyrətamiz dərd heyrətdə qərar tutur; ağı üstə deyilən dərd – işıqlanır (ağarır).

Eləmi binələdi
El gəldi binələdi,
Gəlmədin dərdə dərman,
Dərd məni binələdi.

Ömürdə binələnən dərdin hüdudu oxdur, hüdudsuz dərd göz yaşlarında hüdudlaşır, ağlayan – dərdə bağlanır və dərdi bağlayır.
Dərddən doğulur göz yaşı və göz yaşlarından dərdə işıq yağır.
Aydınlıq çökür zülmətin üstünə.

Əzizim atdı getdi,
Əbədi yatdı getdi,
Dünyam zülmət içində
Günəşim batdı, getdi.

Dərdli zülmət dünyasındadır, ancaq dərdlinin göz yaşı adlanan işığı var – həmin işıq qaranlığı yarır.
Dərddən ağlayan dərdi bağlayır.

Əziziyəm, alçalar,
Yaşıl çalar, al çalar,
Dərdlərimi yükləsən,
Uca dağlar alçalar.

Uca dağları alçaldan dərdin ağrısına yalnız göz yaşı dözər, həmin ağrını yalnız göz yaşı silər…

Dağlı sinələrdən göz yaşı axır ki, dərd dağını əritsin.

 Qaynayar qazan yerdə,
Oynayar ozan yerdə,
Fələk, barmağın sınsın
Yazımı yazan yerdə.

Fələyin barmağını göz yaşıyla qırmaq olur, yazdığını göz yaşıyla pozmaq olur, göz yaşı işığında ümidin gözü açılır.

Dar gündü, dedim, dağlar,
Hər qəmi yedim, dağlar,
Güc verin, qüvvət verin,
Dərdə güc edim, dağlar.

Göz yaşlarıdır güc, dərdi sındıran.
Ağı işığı məlhəmdir dərdlilərə.
Dərdin həmdəmi də göz yaşıdır, düşməni də.

 V

 Kədər gecəsini işıqlandırır kədər bayatısı!

 Mən aşığam yarı qan,
Yarı düşün, yarı qan,
Könlüm qəm dəryasıdır,
Yarı lildir, yarı qan.

Yarı lil, yarı qan olan qəm dəryası göz yaşlarında qərq olur, durulaşır.
Kədər ağrısı kədər acısında sönür.
Kədər dəryası kədər yaşlarında seyrəlir.

 Eləmi, nə dumandı,
Nə çiskin, nə dumandı,
Od tutar, qəlbim yanar,
Görən der: nə dumandır.

Qəlbi yandıran kədər odu göz yaşlarında közləşir, xiffət dumanı ağı işığında ağlaşır, kədər zirvəsi göz yaşı doğar, göz yaşı kədəri zirvədən salar, kədər işığa qarışar, işıqlanar.

Əzizim dağda yandı,
Şamama tağda yandı,
Arxamı dağa verdim,
Ahımdan dağ da yandı.

Ahı dağlar yandıran kədərlinin ahı göz yaşına qarışıb, ağlanıb…
Kədər yanğı dağı yaradıb ürəklərdə, yanğı dağından göz yaşları törəyib, göz yaşları yanğı dağını söndürüb.
Kədər yanğısından göz yaşı işığı doğub. Kədər dünyasını işıqlan­dırıb.
Dağı yandıran ah göz yaşlarında yanıb əriyib.

A dağlar, uca dağlar,
Dünyadan qoca dağlar,
Qoynunda aşıq öldü,
Torpağın uça dağlar.

Kədər qarğışından ağı yağışı törəyir, ağı yağışında kədər qarğışı sönür.

Əziziyəm, dəmdə gül,
Dəmdə bülbül, dəmdə gül,
Şadlıqdan hər kəs gülər,
İgidsənsə, qəmdə gül.

Əslində qəmdə gülmək – elə ağlamaqdır, göz yaşı tökməkdir, göz yaşı vasitəsilə dərdə məlhəm qoymaqdır.
Bayatı ağısı  – əslində bayatı sarğısıdır,  yaraya bağlanan, yaranı sağaldan.
Bəla gecəsini işıqlandırır bəla bayatısı.

 VI

Bu dağlar kömürdəndir,
Keçən gün ömürdəndir,
Fələyin bir quşu var,
Dimdiyi dəmirdəndi.

Fələyin əməlinin fəlakətini duyan bəlalı göz yaşlarına qərq olur və bayatı işığında bəla zəhmi, təlaşı, vahiməsi ölür.
Bəla yanğısından göz yaşları törəyir, göz yaşlarında bəla yanğısı sönür.

Mən aşıq bala dağı,
Qar alıb bala dağı,
Heç kafər, heç müsəlman,
Görməsin bala dağı.

Bala dağı bütün dəhşətiylə ağlanır, anlanır, deyilir, həm də dağılır.
Bəla bəlalını üzür, həm də bəlalı göz yaşıyla bəladan üzülür.
Dediyini tam deyir, duyduğunu tam izhar eləyir, demədiyi söz, izhar eləmədiyi duyğu qalmır, bəla üzə çıxır və göz yaşlarında əriyir.
Ağlaya-ağlaya bəladan ayrılır bəlalı.

VII

 Mən aşıq təzə qanlı,
Mey qanlı, məzə qanlı,
Əzrayıl ova çıxıb,
Əlləri təzə qanlı.

Əzrayıl qatilliyi göz yaşında məhkumlaşır, ürək qanlı təlaşdan xilas olur, ağı işığı düşür zillətə, işıqlanır duyğular.
Qərib gecəsini işıqlandırır qərib bayatısı:

 Eləmi ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.

Ağlaya-ağlaya, qəribliyin fəlakətini duya-duya qəriblikdən ayrılıb­lar qəriblər, vüsallaşıblar, vətənləşiblər.
Qəriblik şərbətini son damlasına qədər içə-içə, qəriblik odunda yana-yana…
Yol tapmayanda, iz tapmayanda göz yaşını yol eləyiblər, iz eləyib­lər.
Dayaq tapmayanda, arxa tapmayanda göz yaşına dayaqlanıblar, arxalanıblar.
Qəriblik zillətində qovrula-qovrula Vətənə sarı boylanıblar, boyla­rı çatmayanda göz yaşlarını özlərinə boy eləyiblər.
Qərib ölümünün qəhərini duya-duya vətən məzarında yatmağın həsrətiylə qovrulublar qəriblər.
Fəlakətdən səadətə yollanıblar göz yaşının gücüylə.
Gözləriylə görmədiklərini göz yaşıyla görüblər.

Aşiq, sənəm səsinə,
Səs ver sənəm səsinə,
Heç biri bənzəməyir
Öz kimsənəm səsinə.

Kimsəsizliyindən yana-yana, yad sözlərini, səslərini eşidə-eşidə, dərdlərini göz yaşlarında axıda-axıda doğma səs, doğma söz həyan­lığına can atıblar qəriblər.

 Burda yaralı çoxdur,
Göylü qaralı çoxdur,
Taxtını dolu döymüş
Eldən aralı çoxdur.

Eldən aralı günlərini saya-saya, dolu döymüş taxtına ağlaya-ağlaya elləşiblər qəriblər. Göz yaşları yaxın eləyib uzaqları, göz yaşlarında deyiblər fəlakətini yananlar – qananlar.

Əzizim, üzdən oldum,
Söhbətdən, sözdən oldum,
Qürbət ölkəyə düşdüm,
Ağladım, gözdən oldum.

Ağlayıb gözdən olduqca, göz yaşı tökdükcə, gözlü olublar qəriblər.
Göz yaşının gözüylə həqiqəti görüblər qəriblər.
Gözdən olduqca gözəlləşiblər.
Qəribsədikcə vətənləşiblər.

Qəribəm, mələrəm mən,
Dağ-daşı dələrəm mən,
Qırx arşınnı quyudan
Çağırsan gələrəm mən.

El həsrətinə qapandıqca, həsrət nalələri “dağı-daşı dəldikcə”, çağırış ümidinə sığınıblar qəriblər. Göz yaşlarında ilkin eşidiblər o çağırışı, göz yaşlarından ilkin axıb gəlib ürəklərə o çağırış.
Qəriblərin göz yaşlarında qurtarıb qəriblik əvvəl…

 

VIII

Ağlamaq azərbaycanlılarda Ağ sözüylə təndir.
Ağ – İşıq rəngidir.
Ağıl sözü də Ağla təndir.
Ağıllı – İşıqlı deməkdir.
Ona görə də bizdə Ağlayan həm ağlanır, həm ağıllanır, hər ikisində işıqlanır.
“Ağlaya-ağlaya qeyrətsizləşənlər” ağlanmırlar, qaralanırlar.
İşığa çıxmırlar, zülmətə düşürlər.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir