Xəbərlər

Asif Ata Dünyayla Görüş

İnsan ana bətnindən dünyaya uçuruma düşən kimi düşdü. Yadlıq, naməlumluq, məchulluq onun qəlbini qorxuyla, təlaşla doldurdu. Uzaqlığın sehri insanda həm də dərin və gözlənilməz bir heyrət oyatdı.
Dünya insana yad idi, ancaq bu yadlıqda anlaşılmaz bir cazibədarlıq vardı.
Dünyayla ilk görüşdə yadlıq insana dəhşətli göründü. O, dünyaya gəlməsini müdhiş çığırtı ilə bildirdi. Bu çığırtıda acı fəryad da var idi, sonsuz maraq da.
Uçurum qorxunc idi, ancaq həm də cazibədar, əfsunlu, möcüzəli idi. İnsan dünyada yaşadı və böyüdükcə dünyaya münasibəti də böyüdü. İnsanı yalqızlıq fəlakətindən ANA qurtardı. O, balasını bağrına basdı, əzizlədi, sevdi və insan anasını dünya saydı. Uçurumun dəhşəti yox oldu, cazibədarlığı qaldı. Ana bətnindən qopub dünyaya düşmüş insan ana məhəbbətində öz ilkin mənəvi məskənini tapdı və bu məskəni ağlında, təxəyyülündə yenidən yaratmağa başladı.
Dünyayla ilk təmasda qəlbində yaranan maraq, heyrət duyğu­su çiçəkləndi. Ana adlanan adi varlıq yerə-göyə sığma­yan qüdrətə çevrildi.
Anayla görüşməklə insan dünyayla görüşdü. Ananın üzün­də, təbəssümündə, nəvazişində dünya başlanırdı və qurtarırdı.
İnsan anladı ki, ana dünyası möcüzəli dünyadır. Ananın əlləri adi əl deyil, gözləri adi göz deyil, analıqda sonsuz gözəl­lik var. Deməli, insanın düşdüyü uçurum da adi uçurum deyil və dünya insana yad deyil, dünya ilə insan birdirlər. Ana ilə bala bir olan kimi. Dünyayla insan arasında münasibətin mənasını həssas uşaq qəlbi çox tez duydu. Ana adi qadındırmı? YOX. Deməli, dünya da adi dünya deyil. Ana övladından ayrıdırmı? YOX. Deməli, dünya da insandan ayrı deyil. Ana hamının gördüyü, bildiyi adamdırmı? YOX. Anayla balanın təmasda olduğu otaq hamının gördüyü, bildiyi otaqdırmı? YOX. O, nağıldır, sehrdir, möcüzədir. Dünyanın əsil mənasını bala anasında tapdı.
Sonralar o, böyüdü, yetkinləşdi, dünyada yalan, ədalətsizlik, eybəcərlik, qəddarlıq, məkr, riya gördü, qəmləndi, göz yaşı tökdü, ancaq dünyanın ana ülviyyətindən əl çəkmədi! İnsanlara biganə dünya – dünya deyil! – dedi. Alçaqlara meydan verən dünya – dünya deyil! – dedi. Yalanı taxta mindirən dünya – dünya deyil! – dedi. Hər görünən dünya – dünya deyil! – dedi. Hər yaşayan dünya – dünya deyil! – dedi.
Əgər insanların göz yaşı dənizin sularından çoxdursa, əgər coşğun arzular insana səadət yox, fəlakət gətirirlərsə, əgər dünyanın yaratdığı insanın ürəyi çirkabla doludursa, əgər məzlumlar cəlladlara səcdə qılırsa, əgər naşılıq müdrikliyi üstələyirsə, əgər məkr sədaqəti lağa qoyursa, deməli, dünya – dünya deyil!
Uçurumun dünya olduğunu biləndən sonra insan uçuruma bənzər dünyanı dünya saymadı! Çünki o, dünyanın əsil məna­sına qovuşdu. Analıq şəfqəti İnsanı dünyayla aşina etmişdi.
İnsan anladı ki, onu əhatə edən dünya əsil dünyanın özü deyil!
Burada əsil dünyanın yalnız ayrı-ayrı nişanələri var. Ülvi mə­həbbət adlanan nişanəsi! Qəhrəmanlıq, fədakarlıq adlanan nişa­nəsi! Gözəllik adlanan nişanəsi! İdrak eşqi adlanan nişanəsi!
İnsanın gerçəklikdə yeni yadlığı başladı. O, başqasıyla tam mənəvi vəhdətə can atdı, ancaq bacarmadı, mütləq mənəvi vəhdət yaranmadı, yadlıq aradan qalxmadı. İnsan həqiqət yolu tutdu, ancaq həqiqətpərəstlik sevilmədi, yalan həqiqəti əvəz etdi. İnsan sədaqət istədi – ona xəyanət bəxş etdilər, məhəbbət istədi – nifrət verdilər, səmimiyyət istədi – məkrlə öyündülər. Vəhşilik, yırtıcılıq, şəhvanilik, zalımlıq yerə-göyə sığmadı! Ürəklə ürək arasında uçurum yarandı! Dünyadan qorxdular, küsdülər, qaçdılar!
“Bu, dünya deyil!” – deyə İnsan dilləndi! Dünyanı özündə axtar!
Dünya murdardır, sən murdar olma! Dünya naşıdır, sən naşı olma! Dünya çirkindir, sən çirkin olma! Özünü xalisləşdir, ülviləşdir, dünyalaşdır! Naqis dünyanı qanınla təmizlə! Öl – dünyanı diriltmək üçün! Qoy səni çarmıxa çəksinlər, qoy dərini boğazından çıxartsınlar, bədənini tonqallarda yandırsınlar! Bununla sən əsil dünyanı təsdiq edəcəksən! Torpağı, yeri, gö­yü, çəməni, çayı şeirinlə bəzə, ilahiləşdir, musiqinlə əsil dünya­nın səsini eşit.

İnsan ətrafındakı dünyanın dünya olduğuna inanmadı, gerçəkliyə sığmadı. Həyatda yalnız o, bircə dəfə dünyaya sığmışdı: Anasının qucağında. Ancaq onda dünya adi dünya deyildi, ondan hədsiz dərəcədə böyük, ali, əsrarəngiz idi!
Bir sözlə, İnsan dünyaya öz dünyasını özüylə, ruhunda gətirmişdi.
İnsan dünyaya atılmışdı. Gerçəklikdə o, heç vaxt yadlıqdan ayrıla bilməmişdi. Ancaq yadlıq onu məhv etməmişdi. Çünki öz dünyası vardı. Gerçəkliklə insan döyüşmüşdü, onun üzərində qələbə çalmışdı, ancaq dünya yadlığından tam ayrıla bilməmişdi.
İnsan bilmişdi ki, bahar onun üçün açılmır, payız onun üçün ağlamır, qış onun üçün torpağı qara qərq etmir, yay onun üçün kainatı isitmir, səma onun üçün qaranlığa bürünmür! Ancaq o, gecədə də, səhərdə də, qışda da, baharda da öz dünyasını görür­dü, qəlbi təbiətlə danışırdı. O, gerçək dünyada əsil dünyanın nişanələrinə qovuşurdu. Beləliklə də dünyada iki dünya yara­nır­dı: İnsana yad və İnsana doğma olan dünya! Səhərin açılması təbiətin insandan asılı olmayan qanunları əsasında baş verirdi. Ancaq insan onda öz daxili tələbinə uyğun olan keyfiyyətlər görürdü: yəni təbii hadisə insan üçün doğma olurdu. Səhər insana yad bir səbəbdən açılırdı, ancaq onun açılması insana son dərəcə zəruri görünürdü. Bahar insana sevinc bəxş etmək üçün açılmırdı. Ancaq sevinc bəxş edirdi.
Beləliklə də insan dərk etdi ki, dünya öz böyük, ali mənasına görə İnsana doğmadır, dünya ilə İnsan arasında qırılmaz vəhdət var. Dünya dağı, çayı – insanı sevindirmək, ilhamlandırmaq, vəcdə gətirmək üçün yaratmamışdır! Ancaq dağsız, çaysız insan həyatı sönük olardı. Dünyayla insanın yaxınlığı insanın yalqızlığını, yadlığını azaldırdı. Ancaq insan dünyaya adi baxımdan yanaşanda yalqızlıq dəhşəti yenidən oyanırdı.
Dağdan, çaydan maddi faydalananda insan təbiət ilə ülvi vəhdətini itirirdi.

Adamların biri-biri ilə əlaqəsində də bu cəhət özünü göstərirdi, sərkərdənin əsgərə, fatehin fəth etdiyi ölkəyə, səlahiyyətlinin rəiyyətə münasibətində yadlıq təsdiq olunurdu. Beləliklə də insan onu əhatə edən dünyada daim yalqızlığa qayıdırdı. Ancaq heç vaxt gerçəkliklə məhdudlaşmır, bu səbəbdən də yadlıq tam qələbə çalmırdı. Bir çox hallarda İnsan süni vəhdətin şahidi olurdu. Camaat qəddar, zalım, qan hərislərini özünə yaxın hesab edib, onların qüdrətiylə öyünür­dü. İnsan bu “doğmalığın” ən eybəcər yadlıq olduğunu bilirdi, o dərk etmişdi ki, dünya üzərində hakimiyyət əslində dünyadan uzaq olmaq deməkdir.
Bir zamanlar dünyada saysız-hesabsız heyvanlar var idi. İnsan ağlının gücüylə onlara qalib gəldi, öldürdüyünü öldürdü, saxladığını saxladı, kainatın ağası oldu və bununla da öz yalqızlığını sonsuz dərəcədə artırdı. İndi yer-göy insanın ixtiya­rın­dadır, ancaq dünya insandan uzaqdır. İnsanın dünya üzərin­də qələbələri ona möhtəşəmlik gətirdi, doğmalıq gətirmədi. İnsanın yalqızlığı, yadlığı daim artdı.
Ancaq insan sarsılmadı. O, doğmalığı, həmahəngliyi, birliyi gerçəklikdə yox, öz dünyasında aradı və tapdı. O, ətrafdakı dünyaya sığmadı. İnsan özünü öyrəndi, özünü bəyənmədi, özüylə tam doğmalaşmadı, özündən aralandı…
O gördü ki, daxilində ülviyyətlə yanaşı, qəbahət də yaşayır. Hissiyyat aləmi vəhşi, yırtıcı instinktlərlə doludur.
Daxili dünyaya endikcə insan özünü lənətlədi, döydü, ancaq özünə və dünyaya inamını itirmədi. “Sən əsil İnsan deyilsən, ona görə naqissən!” – dedi. Əsil olmaq üçün özünü təzədən yaratmalısan! Özünü öldürməlisən və təzədən diriltməlisən! Əsil dünyanın tələbləri əsasında yaşamalısan.

İnsan gördü ki, dünyada sonsuz bəlalar, qocalıq dəhşəti, ölüm sonluğu var. İnsan gördü ki, bu gün eybəcər qocadır, sabah isə məzara gömülən cəsəd! Arzular, niyyətlər əlçatmaz­lıq zirvəsində ülvi görünürlər, həyata keçdikdə kiçilir, adiləşir, bayağılaşırlar, insan çox axtarıb az tapır, yaşadıqca ölümə yaxınlaşır, həyat bağçasında zəhərli güllər də bitir, səadətin ömrü qısa, fəlakətinki uzun olur. Dünyadakılar çalışır, çaba­layır, nəsə yaradır, sonra yaratdığını öz əliylə uçurub yox edir, sonra təzəsini yaradır, ancaq onu da dağıdır, daim təzədən başlayırlar.
İnsan bunları gördü, kədərləndi, ağladı, ancaq iradəsini topladı, göz yaşını sildi və gerçək dünyaya üz tutub dedi: “Bil və agah ol ki, sən – bu möhtəşəm, böyük, intəhasız dünya – mən İNSAN üçün məhdud, kiçik, natam və naqissən. Mən buraya özüm gəlmədim. Məni buraya gətirdilər və dedilər: yaşa! Ancaq bu mənim, İnsanın dünyası deyil! Mənim dünyam özümdə, ruhumda, təxəyyülümdə, arzularımdadır. Mənim dünyam səndən sonsuz dərəcədə gözəldir, kamildir, ülvidir, mənalıdır. Sən olsa-olsa onun çox zəif və sönük bir təzahü­rüsən! Əsil dünya – olacaq, olmalı, əlçatmaz, mütləq dünyadır. İnsanın məkanı odur.
Əsil dünya, mənim dünyam – əbədi sabahdır, heç vaxt bu gün olmayan, bugünə tam çevrilməyən, bugünlə məhdudlaş­mayan, bugünə sığmayan, sonsuz, hədsiz, mütləq SABAH!”
İnsan bugünlə heç vaxt kifayətlənməyib! İnsanı bugündə saxlayan, bugündə dayandıran, bugünlə barışdıran güc yoxdur. İnsanın dünyası sonu görünməyən uzaqlıqdır.
İnsan yaxınlıqda mövcud olur, uzaqlıqda yaşayır. O, ana bətnindən dünyaya öz dünyasını axtarmaq üçün gəlib. O, ana bətninə sığmadı, dünyadan kənara çıxdı, heç yerdə dayanmadı, məchulluğa, kamilliyə, əsilliyə doğru daim addımlayır.
İnsan sözünü qurtardı və yola düzəldi.
Göy yerə səpilən yağışıyla İnsana uğurlar dilədi.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir