Xəbərlər

Asif Ata. Fəlsəfə və Poeziya (”Müdriklik Səlahiyyəti” Əsərindən)

“Yolçu yolda gərək”
Atalar Sözü

I. Yollar

Uca, sıldırımlı qayaların arasından xəyalı qanadlandıran yollar görünür!
Onlar uzandıqca uzanır, səmanın əlçatmaz yüksəkliklərinə can atır, sanki məğrur insan düşüncəsi, insan iradəsi kimi sonsuzluqlar, əbədi suallar aləminin sirlərinə vaqif olmaq istəyir!
Yollar – arzuların, sevincin, kədərin, məhəbbətin, nifrətin əbədi karvanı!
Yollar – səhralarda tapılan su, insan şüurunun daimi narahatlığı, ümidlərin sonsuzluğu, bəşər övladının – əsil, ülvi taleyi!
Yollar – ağı qaradan, qaranı ağdan, böyüklüyü oyunbazlıqdan seçən, neçə saxta şöhrət binalarını yerlə-yeksan edən amansız həqiqət!
– Yolçu – bəşəriyyət!
Yolların ayrıcında iki gözəl qadın görünür. Birinin saçlarına dən düşüb, qəşəng, uzunsov sifətində, alnında müdrikliyin izləri var, gözlərində bir məna, duruşunda əzəmət və təmkin oxunur.
O bri isə çox gəncdir! Qıvrımsaçlı, qaynar gözlü bu qız coşğunluqda dağ selini xatırladır. Onun sifəti sanki günəşin şəfərqlərindən yaranmışdır! Məsum çöhrə sevinc, inam məcrasına sığmayan bir çılğınlıq, atəşin ehtiras ifadə edir.
– Yolçu yolda gərək, gedək, qızım, – deyə yaşlı qadın ona müraciət elədi. Yolçular yola düşdülər.
Qabaqda gözəl bir mənzərə canlandı. Baharın ilıq nəfəsi təbiəti cuşa gətirmişdi. Güllər, nazlı gəlinlər kimi, ən lətif paltar geymiş, özünə bərq vurmuş və təbəssümü ilə bülbülün bağrını qana döndərmişdi! Təbiət – o səxavətli hatəm – bu gün sərvətlərini insanlara qucaq-qucaq paylayırdı.
Yolçular dayandılar!
Gənc qız qəribə bir ehtirasla özünü çəmənə saldı, gülləri iylədi, çayın ahəngini dinlədi, uca çinarların başına dolandı və onun qəlbindən gəncliyin, coşğunluğun, təbiətə vurğunluğun munis sədaları səsləndi:
– Nə gözəldir! Bura bir cənnətdir! Bir bax, bir yaxşı bax, – deyə o yaşlı qadına müraciət etdi. – Elə bil, göyün ulduzlarını yerə səpmisən. Niyə susursan? Məgər belə deyilmi? Gözəlliyə biganə olmaq mümkündürmü?
– Qızım, sükutun da öz dili var, – deyə yaşlı qadın cavab verdi.
– Yaxşı, sənin arzuladığın həqiqət bu deyilmi? Gəl elə burda dayanaq. Əgər həqiqət sənin dediyin gözəllik prinsipidirsə, onu elə burada axtarmaq lazımdır.
– Bura gözəldir, qızım, çox gözəldir! Lakin həqiqət yalnız gözəllik deyil.
Bəs nədir o, nədir? Əgər həqiqət bu deyilsə, mənə heç lazım deyil, deyə gənc qız narazılıqla dilləndi.
– Biz yola çıxmışıq, qızım, yolçu yolda gərək!
– Mən burada qalmaq istəyirəm. Burada ömür sürmək, burada ölmək istəyirəm! Qoy bu gözəl çəmən həm mənim yorğanım, həm kəfənim olsun.
– Qızım, bizi yollar gözləyir. Bir bax, o dərələr, meşələr, yoxuşlar ki görürsən, onlar bizi çağırır. Yarı yolda qalmaq olmaz. Biz hələ neçə dərələrdən keçib, dağlardan aşmalıyıq. Gözəllik – böyük kəlamdır, ancaq həqiqət ondan uludur. Hissə qapılma, qızım, gedək!
Yollar hey uzanır, uzanırdı. Çiyinlərində insanların sevincini, ümidini, kədərini daşıyan yolçular dayanmır, gedir, geri baxmırdılar. Geri baxan daşa dönər deyərlər.
Addımlar gah sürətli, gah yavaş, yollar gah yoxuş, gah eniş, kainat gah aydın, gah dumanlı, düşüncələr gah qanadlı, gah sakitdi.
Yol insan arzularının düyünləri kimi uzandıqca uzanır. Qabaqda kimsə görünür. Bu, ucaboylu, məğrur baxışlı gənc oğlandır. Enli kürəkli, qara gözlü, qarabuğdayı bu oğlan ovçudur. Onun çiynindən tüfəng asılmışdır.
Yolçular dayandılar.
Gənc qızın gözləri oğlana sataşdı. Sifətini xəfif qızartı bürüdü, ürəyi bərk-bərk vurmağa başladı. Oğlan da gözlərini qızdan çəkməyirdi.
Uzun müddət onlar bir-birinə baxdılar. Danışa bilmədilər… Yaşlı qadın da dinməyir, müdrik bir insan nəcibliyi ilə sakitcə gülümsünürdü.
Nəhayət, oğlan qıza yaxınlaşdı, onun əlindən tutdu və hər ikisi yavaş addımlarla uzaqlaşdılar. Gənclər nə isə şirin bir hekayət nağıl edirdilər. Qızın sifətini gah sevinc şəfəqləri, gah kədər dumanları bürüyürdü. O, sevirdi.
Bir azdan qız geri qayıtdı, yaşlı qadına yaxınlaşıb dedi: “Mən səninlə axıra qədər gedə bilməyəcəyəm, məni bağışla. Mən həqiqətimi tapmışam. Həqiqət məhəbbətdir. Mən onu sevirəm, o da məni. Bizə səadət arzula!”
– Həqiqət sonsuzdur, qızım, o bir şəxsin aləminə sığışmaz. Məhəbbət həqiqətdir, düz deyirsən, ancaq bir adama olan məhəbbət yox.
Bir adam olan məhəbbətini əsil həqiqətə qurban ver, onda hamının məhəbbətini qazanarsan!..
…Yolçular əzmlə yollarına davam etdilər. Gündüz gecəni, qüvvə zəifliyi, iradə tərəddüdü, fədakarlıq qorxunu əvəz edirdi.
Birdən şimşək çaxdı, tufan qopdu, səma öz qəzəbli pəncəsini dağların, dərələrin, meşələrin başına çırpdı. Uca çinarlar inildədi. Cavan ağaclar, sinəsindən güllə dəymiş igidlər kimi, yerə sərildi. Otlar döyəclənmiş, yun kimi çöllərə səpələndi. Yolçular palıd ağacının altında daldalandılar. Cavan qız həyəcanla: “sən məni haraya gətirmisən! Bilirdin ki, mən zəifəm, zəifəm. Şimşək məni öldürə bilərdi!..” – deyə yaşlı qadına üz tutdu.
Qızım, bu da bir gözəllikdir, yaxşı bax! Təbiət bəzən bənövşə qədər nəvazişli, bəzən pələng kimi qızğın və qəddar olur.
Yaxşı bax – təbiətin bu qəzəbində bir qüdrət, yerə-göyə sığmayan bir hissiyyat yoxdurmu?
– Demək istəyirsən ki, həqiqət elə budur?
– Yox, qızım, həqiqət – yollardır. İnsan – əbədi yolçudur. Dayanmaq – ölmək deməkdir! Sən gəncsən, gözəlsən, həssassan! Səni bura gətirməkdə məqsədim var. Sən bilməlisən ki, təkcə hisslə həqiqəti tapa bilməzsən. Gözəl çəmən, gözəl oğlan hələ həqiqət deyildir. Həqiqəti zəkanın və hissin müştərək gücüylə tapmaq olar. Hiss, qızım, həqiqət qapılarını döyən qüvvətli bir əldirsə, zəka – həqiqətin açarıdır.
Eşq olsun yolçulara!
…Yaşlı qadın fəlsəfə pərisi, gənc qız isə poeziya pərisi idi.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir