Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Gəlimli  Dünya

İşıq gəlişi, Səhər gəlişi, Günəş gəlişi, Yağış gəlişi, Hicran gəlişi, Vüsal gəlişi, Ana gəlişi, Ata gəlişi, Fikir gəlişi, Bulaq gəlişi, Ümid gəlişi, İnam gəlişi, Həya gəlişi, Qeyrət gəlişi, etiqad gəlişi, qollara qüvvət, idraka vəcd, torpağa bərəkət gəlişi.
Yenidən doğulanların dünyaya yenidən gəlişi, arzu gəlişi, şəfqət gəlişi, ruhani heyrət gəlişi. Ali söz, ülvi kəlam gəlişi, ömrə məna, taleyə rövnəq gəlişi. Aşiq gəlişi, yüksək səda gəlişi, müqəddəsliyə səcdə gəlişi, qəhrəmanlıq, fədakarlıq gəli­şi, imtina gəlişi. Dağlara qar gəlişi, yollara yolçu gəlişi, səmaya ulduz gəlişi, doğma səs, doğma söz gəlişi.
Qıza cazibədarlıq, kişiyə əzəmət gəlişi. Ana qucağına bala gəlişi. İlk addım, ilk sevinc, ilk arzu gəlişi.
Ruha Mütləq gəlişi. Ehtizaz gəlişi. Həqiqət yanğısının, ədalət tələbinin, ülviyyət ehtiyacının gəlişi.
Səmanın qurşaq gəlişi, qadınlığın məlahət, kişiliyin qüdrət gəlişi. Soyuqda şəfəq gəlişi, qüssədə sevinc gəlişi, yalqızlıqda dost gəlişi, məhəbbətdə məşuqə gəlişi.
Əsarətdə ümid gəlişi, səfalətdə nicat gəlişi.
Dağlara qar gəlir, quşlara qanad gəlir, üzlərə nur gəlir, ömürlərə sınaq gəlir.
Dillər açılır, sinələr duyğularla dolur, evlərə doğmalıq gəlir, ellərə cürət gəlir. Məhəbbətli günlər, aylar, illər gəlir. Xatirələr gəlir.
Gecəyə çıraq gəlişi, yuxuya Sabah gəlişi, çöllərə ceyran gəlişi, meşəyə bulbul gəlişi, hisslərə ilham gəlişi, torpaga su gəlişi, güllərə şeh gəlişi.
Gözəlliyin möcüzə biçimində, sədaqətin dözüm biçimində, müdrikliyin imtina biçimində, gəncliyin təravət biçimində gəlişi.
Qədimliyin bugünə gəlişi, çayın məcrasına gəlişi, xalqların tarixə gəlişi, qaranquşun yaza gəlişi, sevdanın ürəyə gəlişi, ilhamın duyğuya gəlişi, yolların dağlara gəlişi, qəribin vətənə gəlişi, lalənin düzlərə gəlişi, canlının həyata gəlişi.
Gəlimlisən, dünya, həm də gedimlisən. Həm mənimkisən, həm də özgəsən. Həm doğmasan, həm də yadsan.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir