Xəbərlər

Asif Ata. Haray İnamı

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

(Hadi üstə Fəlsəfi-bədii Məqam)
I
Haray özü bir İnamdır – Həsrətli, Atəşli.

 II
“Həyatın səsləri guşumda həp fəryad şəklində,
Bu insanlar ki, qardaşdır və lakin yad şəklində”.

 Hər Nisbi Sevinc – Fəryaddır əslində; – Nisbiylə Yoxluq arasında bir addımlıq yol var; Bəşər Mütləq Sevincə çata bilmir, bu səbəbdən də Fəryada yetir; – Nisbilik Dairəsindən çıxa bilmir, bu səbəbdən də Fəryada çatır.

Hər Nisbi Qardaşlıq – Yadlıqdır əslində; Nisbi Qardaşlıqdan Yadlıq törəyir; Nisbilik Dairəsindən çıxa bilmir Adam, bu səbəbdən də Doğmalıq arayır – Yadlıq tapır.

Mütləq çağırır Haray, Mütləqə çağırır; – İnam haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

III
“Bu torpaq qanlı povlaqdır, bəşər səyyad şəklində
Ədavət daima vardır, məhəbbət ad şəklində”.

 Hər Nisbi Məhəbbət – Ədavətdir əslində, Məhəbbət nisbi olanda yox olur. Bəşər Nİsbi Məhəbbət Dairəsindən çıxa bilmir, bu səbəbdən də Ədavətə çatır, Məhəbbətə çatmır.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

IV
“Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər, bəlalar, qüssələr abad şəklində,
Ürəklər qəm odilə hər zaman bərbad şəklində”.

 Hər Nisbi Fərəh – əslində Hüzndür; Nisbi Fərəh – mahiyyətcə Fərəhin Yoxluğudur; Nisbi Fərəh Dairəsindən çıxa bilmir Bəşər, bu səbəbdən də Fərəhə yetmir, hüznə yetir.

Hər Nisbi Səadət – Müsibətdir əslində, çünki Mahiyyətcə Nisbilik Yoxluqdur; Nisbi Səadət dairəsindən çıxa bilmir Bəşər. Bu səbəbdən də Səadətə yetmir, Müsibətə yetir.
Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haylanır, Haraylanır – Həsrətli, Atəşli.

 

V
“Ədalətlər nerdə, lakin zülmü-vəhşətlər həqiqətdir,
Hanı hürriyyət aləmdə, əsarətlər həqiqətdir”.

Nisbi Ədalət – Zülmdür əslində; yəni Nisbi Ədalətdə Ədalət yoxdur; Nisbi Ədalət – Ədalətin Yoxluğudur, buna görə də Zülmün Varlığıdır.

Nisbi Azadlıq – Əsarətdir əslində; yəni Nisbi Azadlıqda Azadlıq yoxdur; Nisbi Azadlıq –Azadlıqğın Yoxluğudur, buna görə də Əsarətin Varlığıdır.

Bəşər Nisbilik Dairəsindən çıxa bilmir, bu səbəbdən də Ədalət arayır – Zülm tapır, Azadlıq arayır – Əsarət tapır.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

VI
“Bütün Əsrarımız qanlı, cinayətlər həqiqətdir,
Budur tarix meydanında hekayətlər, həqiqətdir”.

 Nisbi Xeyir – Şərdir əslində. Yəni Nisbi Xeyirdə Xeyir yoxdur; Nisbi Xeyir – Xeyirin Yoxluğu­dur, buna görə də Şərin Varlığıdır.

Bəşər Nisbilik Dairəsindən çıxa bilmir, bu səbəbdən də Xeyir arayır – Şər tapır.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

VII
“Gülüşlər həp binasızdır, fəqət, qəmlər təbiidir,
Fərəhlərdə təməl yoxdur, o matəmlər təbiidir”.

 Təməlsiz Fərəh – Matəmdir. Yəni Fərəhin ölümüdür; Yarım gülüşlər–”Nisbi” Gülüşlər–gülüşün Yoxluğudur; Nisbilik Dairəsində İnsan gülmür əslində. “Nisbi” Gülüşlər – ağlamalı gülüşlərdir”.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

VIII
“Bəşər, bədbəxtsən, giryan, pərişan bir həyatın var,
Müsibət torpağından yoğrulan bədbəxt zatın var”.

 Adam İnsan ola bilmədi, Özündəki Mütləqə çata bilmədi – Nisbilikdə qaldı; Naqisliyini öldürə bilmədi, Vəhşini daxilindən qova bilmədi. Buna görə də Səadət aradı – müsibət tapdı.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

IX
Həyatın bir cəhənnəmdir, ələmdənmi yapılmısan?
Günün, ayın, ilin matəmli, qəmdənmi yapılmısan?”

 Əslində cənnətdən böyük cəhənnəm yoxdur – cənnət gerçəklik xülyasıdır, cənnət-cəhənnəm qoşadır, təzad vəhdətləşib – nəticədə Adam cənnət arayıb, cəhənnəm tapdı.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

X

“Hanı aləmdə insanlıq, hanı aləmdə vicdanlar?
Nədir bir bunca vəhşətlər, nədir bir bunca xüsranlar?”

 “Nisbi Vicdan” – Vicdansızlıqdır; Vicdan nisbi olanda Yox olur. Nisbi İnsanlıq – İnsan Yoxlu­ğu­dur əslində.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 XI

“Bəşər tarixi xunin-sərgüzəşti-adəmiyyətdir,
Bəşər tarixi matəmdir, bəşər tarixi möhnətdir”.

Adam İnsan ola bilmədi, bu səbəbdən də Tarix Qanla doldu, möhnət düşdü bəşərin aqibətinə, Nisbi bayramlardan Matəmlər yarandı.
Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

XII

“Bu bədbəxt ərzimiz ciddən də bir meydani-vəhdətdir;
Bəşər simasında hər gün qonan zilli-səfalətdir”.

 Adam İnsan ola bilmədi; bu səbəbdən də vəhşət yerə-göyə sığmır, səfalət meydan sulayır;

Adam İnsan ola bilmədi – Adamdakı canavar Adamı yedi; Adamdakı İlan Adamı çaldı, Adamdakı Tülkü Adamı aldatdı.

Nisbi İnsan oldu Adam, buna görə də məğlub oldu.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

XIII

 “Bu Adəm oğlu qatildir, işi Hərb ilə qandır həp,
Əzəl gündən bəri torpaq pərişan bir cahandır həp”

Adam İnsan ola bilmədi, bu səbəbdən də Qatil oldu: Adam – Nisbi İnsan ola bildi; Nisbilik Yoxluqdur; Adamda İnsan Yoxa çıxır – Fəlakət bundadır.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

XIV

“Əzəldəndir ki, dünya bir cahani-imtahandır həp,
Sitəmlər, qəhrlər zahir, ədalətlər nihandır həp”.

 Adam İnsan ola bilmədi, bu səbəbdən də Mütləq Ədalət tapmadı – Nisbi Ədalətə tapındı: Nisbi Ədalət Ədalətsizlikdir əslində; Mütləq Həqiqət tapmadı – Nisbi Həqiqətə tapındı: Nisbi Həqiqət Həqiqətsizlikdir əslində; Mütləq Xeyir tapmadı – Nisbi Xeyirə tapındı: Nisbi Xeyir – Şərdir əslində.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

XV

“Bəşər məzlumdur, amma ki, çox artıq da əzləmdir”.

 Adam İnsan ola bilmədi, bu səbəbdən də Zalım oldu; Nisbi Mərhəmət – Zalımlıqdır; Adam Mütləq Mərhəmətə yetmədi Nisbi Mərhəmətə tapındı – Zülmkar oldu.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

XVI

“Yədi-bəyzayi-Musa açdımı bir yol ki, çox rəxşan?
Məsiha fikri Adəm oğluna bəxş etdimi bir can?
Cənabi Əhmədin pəyrəvləri bielmü-naürfan”.

 Adam İnsan ola bilmədi, bu səbəbdən də Mütləq İnam, Yalansız İnam, Xurafatsız, Cəfəngiy­yatsız İnam yaranmadı: Nisbi İnamlar əslində İnamsızlıq olurlar.

Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

XVII
“Həqiqət iştə meydanda bəşər məhzun, bəşər giryan,
Ziyabəxş olmadı insanlara Tövrat ilə Quran,
Ziyadar etmədi millətləri İncil ilə İyğan”.

Adam İnsan ola bilmədi – Mütləq İdraka yetmədi, Nisbi İdraka yetdi; Nisbi İdrak – əslində İdrak­sız­lıqdır.
Mütləq çağırır Haray, Mütləqə çağırır. İnam Haraylanır, Haylanır – Həsrətli, Atəşli.

 

XVIII
Bəşər ya Mütləqə çatacaq – İnsanlaşacaq, ya məhv olacaq.

 

XIX
Bədbin Haray olmur.
İnam çox vaxt Harayla deyilir.

 

17 Oktyabr, 1991-ci il. Bakı.

 

 

 

 

 

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir