Xəbərlər

Asif Ata. İdealda Mütləq

İdeal – insanda həmişə Mütləq səviyyəsində peyda olur.

İdeal – gerçəklikdə həmişə nisbi səviyyədə təsdiq olunur. Insan öz idealında həyata sığmır. İnsanın İdeal aləmi həmişə gerçəklikdən üstün olur. Burada gerçəkliyə xas olan naqis­liklər, natamlıqlar, eybəcərliklər aradan qalxır.

İdealda İnsan Mütləq gözəlliyi, Mütləq kamilliyi, Mütləq xeyiri təsdiq edir. Bu cəhətdən İdeal həmişə gerçəkliyə zidd olur, onunla razılaşmır, barışmır, kifayətlənmir.

İdealın gerçəkliyə dediyi söz: “Sən azsan, məhdudsan, qeyri-kamilsən” – sözü olur.

İdeal – gerçəkliyin inkarı kimi meydana çıxır. İdeal həmişə Mütləqdir, həyat həmişə nisbidir.

İnsan Mütləqə can atır, nisbini tapır.

Mütləq tələb, arzu, niyyət gerçəklikdə nisbi nəticə verir. Həyatda aşkara çıxan, təzahür edən, özünü büruzə verən ideal deyil, onun natam, nöqsanlı əlamətidir.

İdealın tam bu günü olmur, yalnız əbədi sabahı olur. İnsan qeyri-ideal gerçəklikdə yaşayır, ancaq qəlbində, aglında, arzularında ideal gözəlliyi, xeyiri, kamilliyi yaşadır. Gerçəklik insanı təmin etmir, o, gerçəklikdən qat-qat gözəl, kamil həyat istəyir.

Gerçəkliklə razılaşan, barışan İdeal – İdeal deyil!

Gerçəklikdə İdeal Mütləqliyini itirir, ancaq insan həyatla kifayətlənmir və İdealın arxasınca gedir. İnsan Mütləqsiz keçinə bilməz.

İnsan Mütləq axtarır nisbi tapır, ancaq nisbidə dayanmır,  Mütləqin arxasınca gedir.

İdeal  cəmiyyət axtarır – tapa bilmir, ideal gözəllik axtarır – tapa bilmir. Lakin əbədi axtarışdan əl çəkmir. Çünki ideala ehtirası Mütləq səciyyə daşıyır.

Dünyadakıların heç biri İdealın Mütləqiliyini ifadə etmir. Qeyri-gerçəklik xüsusiyyətinə malik olmayan İdeal – İdeal deyil. Gerçək imkana sığan İdeal – İdeal deyil.

Gerçəklikdə ideal olmadığı halda İnsan Mütləq kamillik arzusunu haradan alır? Ruhani tələbin hökmündən! Ruh insan mənəviyyatında gerçəkliklə kifayətlənməmək ülviyyəti yaradır.

Canlıların hamısı üçün gerçəklik kifayətdir. İnsan üçün o, kifayət deyil! Çünki ruhani xislət Mütləqi tələb edir. İnsanın İdeal arzularıyla gerçəkliyin imkanları arasında yerlə-göy qədər fərq var. Gerçək – həmişə asılıdır, ideal niyyət azaddır. Gerçək – həmişə imkana tabedir, ideal niyyət imkandan genişdir. Gerçəklik – həmişə məhduddur, İdeal – həmişə sonsuzdur. Ger­çək­lik – keçicidir, İdeal – əbədidir. Gerçəklik – həmişə nisbidir, İdeal – həmişə Mütləqdir. Gerçəklik – ölüm tanıyır, İdeal – ölüm tanımır. Gerçəklik qəbahət tanıyır, İdeal – qəbahət tanımır. Gerçəklik – eybəcərlik tanıyır, İdeal – eybəcərlik tanımır. Ger­çək­lik – Şər tanıyır, İdeal – Şər tanımır.

İdeal – insanın ruhani dünyasında Ali Ümid kimi yaranır, gerçəklikdə kədər kimi yaşayır. Mütləq inam nisbi nailiyyətlə nəticələnir, nisbi nailiyyət Şübhə törədir, Şübhə Qüssəni həyata gətirir. Ancaq Şübhə İdeala əbədi meyli öldürə bilmir. Kədər çılğın səslənir, ancaq ruhun Mütləq diləyini məhv etmir, kədər toxumundan ümid agacı bitir.

Həyatda sonsuz məhəbbət istəyir insan – ani, keçici qüdsiyyət görür. Əbədiyyət arzulayır – ölüm görür. Əbədi həqi­qət arzulayır – xülya qazanır. Özünü, İnsanı Mütləq mənada kamil görmək istəyir – nisbi mənada kamil görür.

Dünyaya Mütləqin tələbiylə yanaşan İnsan öz məntiqini həyatın məntiqinə qarşı qoyur. Ancaq insan şəri Mütləq mənada həyatdan silmək istəyir. Bu baxımdan, İnsan hardasa antigerçək, antihəyatdır.

Həyatı həyat eləyən Şər ilə Xeyirin döyüşüdür. İnsan bu döyüşü yox etmək, bitirmək istəyir. Onun daxilində yaşayan mütləq rühani tələb – Şəri Yer üzündən silmək, yoxa çıxarmaq zəruriyyətini meydana gətirdi. Bu baxımdan, İnsan dünyadan, həyatdan qat-qat üstün olan yeni həyat, yeni dünya, hardasa antihəyat, antidünya yaratmaq səyinə gəlib çıxır.

Əslində İnsanın məqsədi – Şəri tamamilə ləğv  etmək, Şərsiz həyata çatmaqdır. Lakin Şərsiz gerçəklik yoxdur. Bu ziddiyyətdə İnsan mövcudlugunun dərin, faciəvi mahiyyəti aşkara çıxır. Dünya, Həyat nisbi məziyyətlərə malikdir, onda yaşamaq üçün ona nisbi tələblə yanaşmaq gərəkdir, çünki dünya yalnız nisbi tələblərə cavab verir, nisbi tələbləri ödəyə bilir.

İnsan isə nisbi tələblərlə kifayətlənmir, həyata Mütləq həyat baxımından yanaşır və həmin baxımdan dünyanı kamilləş­dirməyə səy göstərir. 

Mütləq mənada kamilləşən dünya – Şəri öz daxilindən silən dünyadır. Şərsiz də həyat yoxdur. Bu səbəbdən də insan arzula­rının gerçəklənməsi – əslində həyatın məhvi, Yeni həyatın, həyata bənzəməyən həyatın təsdiq olunması deməkdir.

Bu niyyətin daxilində kəskin faciəvilik var. Ancaq İnsanın Mütləq qüdrəti faciəvilik təhlükəsinin qarşısında dayanıb qalmayacaq, onu adlayıb keçəcək, öz ruhani xislətini təsdiq edəcək.

Şərsiz dünya İdealını insan – o dünya, apokalipsis, Hürmüzd qələbəsi idealında, Buddanın İmtinasında ifadə edir.

Bu dünyaya bənzəməyən o dünya var. Cənnət aləmində Şərə yer yoxdur. Bu dünyanın Ali və Dəhşətli ittihamı başlanacaq. Xeyir tam qələbə çalacaq və onun dünyası bərqərar olacaq.

Budda insanı şər dünyasından, onun bütün nemətlərindən azad olmağa və öz daxilində şərsiz dünya yaratmağa çağırırdı.

Zərdüştün Hürmüzdü gec-tez Şər allahı Əhrimən üzərində qələbə çalmalı və Mütləq mənada ədalətli dünya yaratmalı idi.

İnsan kainata xas olan əbədi qanunlarla da razılaşmırdı. O, ölümlə, insanın ölümə məhkum olmasıyla barışmırdı, əbədilik arzusunu ruhun ölümsüzlüyü ideyasında ifadə edirdi.

İnsanın mahiyyəti ruhdur, ruh isə ölmür, deməli, İnsan bütün canlılardan fərqli olaraq təbiətin qanunlarına tabe olmur.

İnsanın ali mənada antihəyatiliyi, antigerçəkliyi onun ölümü rədd etməsində parlaq şəkildə aşkara çıxır.

İnsan gerçəklikdə özü ola bilmir, özündən ayrılır, kiçilir, al­ça­lır, ancaq öz Mütləq mahiyyətindən əl çəkmir və gerçək­lik­dən kənara çıxır. Bəzən o, Mütləq arzuyla həyat arasında həd­siz ziddiyyətdən usanır və gerçəkliyə uyğunlaşan, adi təsəv­vür­lərə sığan süni ideallara tapınır. Adini – ideallaşdırır, ger­çək­liyi mütləqləşdirir. Lakin nisbi idealın yalançı mahiyyəti tez üzə çıxır və insan onu qəlbindən qovub yenə də Mütləqə üz tutur.

İdeal əlçatmazdır, ancaq insan ideala aparan yollarda yorul­mur. İdeal tam həyata keçmir, ancaq həyatı özündə qalmağa da qoymur, irəli aparır.

İdeal insanda tam təzahür etmir, ancaq onu özündə qalmağa qoymur, özüylədöyüşə sövq edir. Özündə tam ideala çatmayan, Məcnunluğunda, dahiliyində, qəhrəmanlığında ona yaxınlaşan insan Mütləqə səcdə saflığına ucalır.

İnsan ideala çatmadı, ancaq özündə dayanmadı, Mütləqə can atdı, özü üzərində yüksəldi.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir