Xəbərlər

Asif Ata. İnam və Şübhə

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.
İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq”, “Koroğlular və Həmzələr”, “Xaqanilik”, “Nəsimilik”, “Sənət və Kəşf”,  “Elmin hüdudları və zamanın üfüqləri”, “İnsan və Sənət”, “Nizamilik” adlı əsərləri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Hesab edirik ki, ədəbi-tənqidin təxminən sıradan çıxdığı bir zamanda bu əsərlərin ciddi etkisi olacaqdır.

Qeyd edək ki, Asif Atanın “İnam və Şübhə” kitabı 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən Asif Əfəndiyev imzası ilə çap edilmişdir.

 

 İNAM VƏ ŞÜBHƏ
(Ədəbi-fəlsəfi esse)


I. ƏDƏBİ MÜBAHİSƏ


İki dünya, iki məna, iki qüvvə qarşı-qarşıya dayanmışdır.
İnam və şübhə. Faust və Mefistofel. Biri sonsuz, mütləq həqiqətə can atır, ömrün mənasını əbədi yolçuluqda görür, bu hikmətin qüdrətinə inamını heç vaxt itirmir, daim axtarır və kamilləşir.

O biri şübhəçiliyə, inamsızlığa, şərə xidmət edir, insana inanmır, ömrün mənasını inamsızlığın təsdiqində görür.

Bir həqiqətə qovuşmaq üçün həyatından keçir, əzab-işgəncələrə məruz qalır, lakin yolundan dönmür, qarşısına çıxan cəlbedici və füsunkar, qorxulu və amansız maneələri dəf edir. O biri həyatını insanı alçaltmağa, yolundan azdırmağa həsr etmişdir.

Biri deyir ki, insan hər şeyə qadirdir, həqiqəti dərk etməyə zəkası, iradəsi çatar, yüksək arzuları naminə keçici hisslərini qurban verməyə qabildir.

O biri deyir ki, insan bir heçdir, ani hisslərin əsiri olan, aciz, qorxaq, xəbis, idealı ilə həyatı, bir-birini ikar edən  çirkin bir məxluqdur.

Həyat onları yol yoldaşı etmişdir.

Mefistofel yoldaşlarını həqiqət yollarından uzaqlaşdırmağa, ehtirasları coşduran və əqli söndürən nəşə məskəninə cəlb etməyə çalışır. Arzusunun həyata keçməsinə onda sonsuz inam var. Çünki insanın mənəvi qüdrətinə inanmır.

…Faust gənclik illərini fəda etdiyi kitablar aləmindən ayrılmış, məhəbbət aləminə çəkilmişdir. Mefistofel şənlənir:

“İnsan belədir. Qabağına hissini oxşayan bir şey çıxdımı, idealından, yolundan dönməyə hazırdır”.

Lakin Mefistofelin sevinci tez də sönüb gedir. Faust sevdi, sevildi, lakin füsunkar məhəbbət ölkəsində əbədi qalmadı. Həqiqəti dərk etməyə olan həvəsi sönmədi. O Mefistofelə “buradan gedək” dedi.

…Mefistofel Faustu keyf-işrət məclisinə gətirdi. Faustun narahat qəlbi bir anlıq burada dincəldi. Lakin bu aləm də Faust aləminə çevrilmədi. Faust burada dayanmadı.

Mefistofel Faustu antik dünyanın gözəllik guşəsinə aparır.

Faust əfsanəvi Yelenanın məhəbbətini qazanır, onun əri olur, atalıq qismətinin şeiriyyətini və faciəsini duyur. Mefistofelin sevinci yerə-göyə sığmır. Lakin bu sevinc də qəmə çevrilir.

Faust yenə də Mefistofelə “buradan gedək”, – deyir. Mefistofel Faustu haraya aparırsa-aparsın, Faust həqiqət yoluna qayıdır.

Mefistofel Faustu həqiqət yolundan azdırmağa nə qədər çox səy edirsə, Faust həqiqətə bir o qədər yaxınlaşır. Nəhayət o, həqiqətini tapır.

Daimi qəhrəmanlıq, daimi fədakarlıq, daimi kamilləşmə, daimi fəaliyyət – budur mütləq həqiqət.

İnam ilə şübhə arasında gedən əbədi mübahisədə inam qələbə çalır.

  

II. İNAM METAMORFOZALARI

 

ŞEKSPİR İNAMI

 İnsan öz təbiəti etibarilə xeyrə, yoxsa şərə meyil edir? Naşı inam və süni həyat. İnamsız həyat və ölüm.

Bu məsələlər Şekspiri həmişə düşündürmüşdür. Şekspirə görə şər fəaliyyət insan təbiətinə tamamilə yaddır. O, insanı özünə, öz təbii mahiyyətinə yad və düşmən qüvvəyə çevirir.

Yazıq Maqbet, binəva Maqbet! O haradan biləydi ki, qəlbini bürüyən şöhrətpərəstlik hissi onu öz insani təbiətinin qəddar cəlladı edəcəkdir.

Haradan biləydi, avam Maqbet, naşı Maqbet ki, kral Dunkanı öldürməklə özünün qatilinə çevriləcəkdir.

Bu acı həqiqəti o, gec, krallıq taxtına çıxandan sonra bildi.

Elə buna görə də indi Dunkanın qanlı xəyalı Maqbetin gözü qarşısından çəkilmir. Ona göprə də kral olandan sonra Maqbet adi insani sevincdən məhrum olmuşdur. Maqbet insan idi. Ona görə də cəllad ola bilməzdi.

Onu cəllad olmağa sövq edənlər də insan deyildilər, ifritə idilər. Bu hadisəni ön plana çəkməklə Şekspir “Maqbetin gördüyü iş insan işi deyil, şeytan işidir”, – deyirdi. Bu səbəbdən döyüş qəhrəmanı Maqbet qətl qabağı dərin həyəcan keçirir, sanki qeyri-şüuri olaraq fəaliyyətinin qeyri-təbii mahiyyətini dərk edir.

Nədən biləydi bədbəxt ledi Maqbet, qatil sərkərdənin xəyalpərəst qadını ki, ərini Dunkanın otağına göndərməklə o, qadınlıq, insanlıq, etibar adlanan təbii və müqəddəs bir həqiqətə qarşı çıxmışdır.

Bəli, Maqbet və onun qadını çox naşı adam imişlər. Onlar nə həyatı, nə insanları, nə də özlərini dərk etmişlər. Onlar cəlladlığı asan iş bilmişlər. Buna görə də qan ləkəsi ledi Maqbetin gözü qarşısında həmişə dayanır, ağlını əlindən alır, məhv edir.

Cəllad haqqında olan əsərdə Şekspir insana böyük inam təlqin edir. “Qatil, cəllad görəndə insanlıqdan üz döndərmə, qatillik, cəlladlıq – qeyri-insani, qeyri-təbii fəaliyyətdir, süni mövcudluqdur”, – deyir.

Eyni zamanda dahi dramaturq öz əsərlərində süni həyat tərzinin yaratdığı inamın da faciəvi mahiyyətini açıb göstərmişdir.

Kral Lir özünə dünyalar qədər inanırdı. Elə hesab edirdi ki, şəninə deyilən təmtəraqlı təriflər qəlblərinin dərin guşəsindən gəlir. Lir haqqında adi tərzdə danışmaq qəbahətdir. Əgər kiçik qız Kordeliya atasını, bacıları kimi dünyanın ən böyük sərvəti adlandırmırsa, deməli, o, görünməmiş bir cinayət edir.

Özünə dünyalar qədər inanan Lir dünyanı və insanı anlamaq qabiliyyətindən məhrum olmuşdur. O, mahiyyətdən çox zahiri əlamətə, hissdən çox sözə, adi həqiqətdən çox qeyri-təbii, parıltılı yalana inanır.

Krallıq səltənəti Lirdə naşı bir inam yaratmışdır. Onun xəyalında qeyri-adi şahlıq rütbəsi insani məziyyətləriylə eyniləşmişdir.

Əgər Lir qeyri-adi bir rütbəyə sahib olmuşdursa, deməli, özü də qeyri-adi bir insandır. Ünvanına yağdırılan təriflər mütləq həqiqətdir.

Kral Lirin qulağı süni sözlərə o qədər alışmışdır ki, səmimi sözlər onu adi halından çıxarır.

Allaha demək olarmı ki, onu adi ata kimi sevirsən?! Bütə demək olarmı ki, ərə gedəndən sonra ona olan məhəbbətin bir hissəsini ərinə bəxş edəcəksən?! Adi ata üçün bunlar kifayət olardı. Lakin Lir üçün bunlar az deyilmi? Adi ata bu sözlərdən ötəri övladını əzizlərdi. Lakin kral ata övladını cəzalandırmalı, lənətləndirməli, var-dövlətdən məhrum etməlidir.

Kordeliya – ağıllıdır, təmizdir; Kral Lir üçün bunlar azdır, Kordeliyada ciddi bir cəhət – sünilik çatışmır. Bu isə kral aləmində ən çox qiymətləndirilən keyfiyyətdir. Burada həqiqətlə sünilik yerlərini dəyişmişlər. Burada sünilik inama çevrilmişdir. Kral Lir özünə o dərəcədə inanır ki, həqiqətə inanmağa ehtiyac duymur. Lakin zəmanə dəyişir və Kral Lirin qəlbində öz inamına şübhə yaranmağa başlayır. Zəmanə dəyişilir və Lirin naşı inamı məhv olur.

Zəmanə dəyişilir, taxt-tac əldən gedir. Lir adiləşir, insanlaşır. Şahlıq da cəlladlıq kimi qeyri-təbii fəaliyyətdir: cəlladlıq insanı cismani cəhətdən məhv edirsə, şahlıq insanı kor edir. Cəlladlıq – insana, məhəbbət hissinə yaddırsa, şahlıq – həqiqət hissinə yaddır.

Cəlladlıq – insanı insanlıqdan ayırırsa, şahlıq onu həyatdan ayırır.

Taxt-tac əldən getdikdən sonra Lir ayılır, qızı Kordeliyanın nəcibliyini dərk edir. Nanəcib ata haqqında olan əsərdə şekspir insan nəcibliyini təsdiq etmişdir. “Nanəcib şahlara rast gələndə insanlıqdan üz döndərmə. Nanəciblərin səbəbi insan təbiəti deyil, şahlıqdır”, – deyir.

İnsana inam mövcudluğun ilkin əlamətidir. Genişürəkli, möhtə­şəm mavr Otello insanlara inanır. O dərəcədə inanır ki, insanların arasında Yaqoların peyda olduğunu görmür, yəni Yaqonun Yaqoluğunu hiss etmir. Yaqonun böhtanlarına inanır. İnanır və dəhşətə gəlir. Onun dünyalar qədər sevdiyi, dünyalar qədər inandığı sevgilisi Dezdemona xəyanətkardır.

Deməli, həyatda heç kimə, heç nəyə inanmaq olmaz. Lakin inamsız yaşamaq olarmı? İnamsız həyat ölüm deyilmi? Belə olduqda inamı bərpa etmək, xəyanətkarı öldürmək lazımdır. Xəyanətkar qeyri-təbii insandır.

İnsanlıq, insan naminə Dezdemona məhv edilməlidir. Yaqo Otellonun çox dərin hisslərini təlatümə gətirmişdir. Otello inamsız yaşamaz. Otello Dezdemonanı öldürəcək. Otello qatil olacaq. Bir də dünyada xəyanətkarlar olmasın deyə. Bir də insana inam sarsılmasın deyə.

Dezdemonanın günahsızlığı sübut ediləndə Otello inamını bərpa edir.

Xəyanət baş verməmişdir. İnam itməmişdir. Otello rahat ölə bilər.

Soruşula bilər: necə olmuşdur ki, Otello kimi bir qüdrət Yaqo kimi naqisə inanmış, onun kələyinə uymuşdur? Burada təəccüblü bir şey yoxdur. Genişürəkli insanların inamı da sonsuz olur. Lakin Otello sadəlövhlüyü Yaqo fəhmindən müqayisə edilməz dərəcədə yüksəkdir.

Çünki Otello sadəlövhlüyünün arxasında təbiilik, Yaqo fəhminin arxasında isə sünilik durur.

Çünki sadəlövh Otello insana inam, “fəhmli” Yaqo isə insana şübhə fəlsəfəsini təsdiq edir. İkisi də məhv olur. Biri inam cəngavəri kimi, o biri isə fitnə təcəssümü kimi.

…İnsan öz təbiəti etibarilə uca, ülvi, nəcib bir varlıqdır. Əgər o alçalır, eybəcərləşir, məhv olursa, bunun səbəbini zəmanədə, qeyri-insani, qeyri-təbii qüvvələrin fəaliyyətində axtarmaq lazımdır.

Şekspirin inam konsepsiyasının mənası bundan ibarətdir.

 

DON KİXOT İNAMI

 Həyatda müxtəlif inam növləri vardir. Bunlardan biri də faciəvi komik inamdır.

Faciəvi komik inam insanın həyat haqqında təsəvvürlərinin həyata uyğun gəlməməsindən yaranır.

Faciəvi-komik ianm məzmunsuz, bəsit, bayağı həyatın insan xəyalında gözəlləşdirilməsi, ilahiləşdiril­məsi, ideallaşdırılması zamanı meydana çıxır.

Faciəvi-komik inam insanın xeyirxah bir meylin əsirinə çevrildiyi zaman yaranır.

Bir ideyaya vurğun olan insan ətrafda ondan başqa heç nə görmür, o hər şeyə həmin ideyanın gözüylə baxır.

Nəhayət, faciəvi-komik inam dövrün ülvi hisslərə, nəcib məqsədlərə yad olduğu zaman yaranır. İlkin niyyətlərə gülməklə dövr özünə gülür.

Don Kixot cəngavərlik fikrinə düşmüşdür. Lakin dövrdə cəngavərlikdən, ülviyyətdən əsər-əlamət belə qalmamışdır.

Cəngavərlik rəngarəng, möhtəşəm, sirli, əsrarəngiz həyat tərziylə bağlı olur. Bunlar həyatdan silinmişdir. Zəmanədə cəngavər arzularının zirvəsi, məhəbbət, sədaqət və gözəllik timsalı Dulsineya Tobosskalar yoxdur. Olsa-olsa, adi kəndli qızı Aldonso Lorenso vardır. Don Kixotun yaradıcı xəyalı onu Dulsineya Tobosskaya çevirir.

Həyatda cəngavər silahdaşıyanı, qeyri-adi cəsarət və hünər timsalı adamlar yoxdur. Olsa-olsa, Sanço Panso var.

Həyatda əbədi səfərə çıxan, məzlumları zalımların zülmündən xilas edən cəngavərlər yoxdur. Olsa-olsa, Don Kexanalar vardır. Lakin xəyal Don Kexananı Don Kixota çevirir.

Volter deyirdi ki, “əgər allah yoxdursa, onu uydurmaq lazımdır”. Cəngavər həyatı, cəngavər rəşadəti yoxdursa, onu uydurmaq lazımdır. Don Kixot onu uydurur və öz uydurmasına həqiqət qədər inanır.

Don Kixot səfərə çıxır. Nə görürsə onun xəyalında qeyri-adiləşir, sirli məna kəsb edir, Don Kixotlaşır.

Göyün üzünü buludlarmı bürümüşdür? Xeyr, düşmən ordusu Don Kixotun üzərinə yeriyir. Buludlarla döyüşmək lazımdır. Traktirdə Don Kixotu qarşılayanlar fahişə qadınlardımı? Xeyr, ismətli, sədaqətli, yüksək mənəviyyatlı xanımlardır. Onları əyyaşların pəncəsindən xilas etmək cəngavərin müqəddəs borcudur.

Xanımlar Don Kixotun qəribəliyinə gülürlərmi? Xeyr, onlar Don Kixotu alqışlayırlar.

Qarşıda görünən yel dəyirmanları deyilmi? Xeyr, Don Kixotun qəddar düşmənləri – cadugərlərdir. Onlara cəngavər qılıncının gücünü göstərmək lazımdır.

Furqonda gələn kişilər monax, qadın isə adi, orta yaşlı arvaddımı? Xeyr, qadın prinsessa, kişilər isə onu qaçıran qara qüvvələrdir. Don Kixot misilsiz Prinsessanı qara qüvvələrin əlindən xilas etməli, öz cəngavərlik vəzifəsini yerinə yetirməlidir.

Meşədə Don Kixotun qarşısına çıxan ovçulardımı? Xeyr. Don Kixotun əvəzsiz Dulsineya Tobosskasını sehrləmiş şeytanlardır.

Hadisələr Don Kixotun arzuladığı kimi cərəyan etmirsə də o, inamını itirmir. Dulsineya Tobosskaya onun gözünə bəzən adi Aldonso kimi görünəndə, Don Kixot bunu cadugərlərin sehri ilə əlaqələndirir.

Don Kixot üçün idealına uyğun gəlməyən heç bir şey yoxdur. Buna görə də həyat Don Kixot xəyalında gözəlləşir, cazibədarlaşır, rəngarəngləşir.

Eyni zamanda həyat ona gülür. Lakin Don Kixota gülməklə o, ən çox özünə gülür.

Əgər həyatda ən ülvi, ən təmiz niyyətlər gülüncdürsə, deməli, həyat öz mahiyyətini itirmişdir.

Əgər həyatda Don Kixotlar lazımsız adamlara çevrilmişsə, deməli, həyat sönmüşdür.

Əgər Don Kixot niyyətləri dəlilik kimi qiymətləndirilirsə, deməli, həyatda soyuq ürəkli, qanadsız, yarımçıq, cılız arzulu adamlar hökm sürürlər.

Əgər Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli, dövr bu hisslərə yaddır.

Əgər cəngavər Don Kixot əsərin axırında yenidən adi, normativ Kexanaya çevrilirsə, deməli, bəsitlik, bayağılıq qanunauyğun bir hadisə olmuşdur.

Deməli, zəmanədə Dulsineyaları Aldonsolar, Don Kixotları Kexanalar əvəz edir. Lakin dəli, gülünc Don Kixot nə qədər işıqlı, ağıllı, normativ, Kexanalar isə nə qədər sönükdür! Don Kixotun süqutunu göstərməklə yazıçı Don Kixotların yer üzündən silindiyini sübut etmək istəmişdir. Lakin Don Kixot yenə də səfərdədir. Ona gülürlər, onu daşa basırlar. Lakin yolundan döndərə bilmirlər. Çünki onsuz dünya zülmət gecəyə bənzəyərdi.

 BETHOVEN İNAMI
(Kədərdən sevincə)

 Tale qapını döyür. Harada olursansa ol, – o səninlədir. İnsan iradəsi bəzən sarsılır, ürəkdə kədər, qorxu yaranır. İnsan bəzən sızıldayır, deyir: “Əl çək məndən, tale, səadətimin qənimi olma”.

Ağır, zəhmli akkordlarda səslənən tale mövzusu daim güclənir, tündələşir, gərginləşir. Tale insana meydan oxuyur. Bethoveni ömrünün bahar çağında kar edən tale.

Talenin təzyiqindən cana doyan insan, xatirələr aləminin şairanə anlarında nicat tapmağa çalışır. Bir az rahat nəfəs almaq üçün. Bir az səadətə qovuşmaq üçün!

Lakin tale burada da onunladır. O buraya da daxil olmuş, öz heybətli simasını şirin xatirələr dumanları arasında gizlətmiş və indi göstərir.

Kim olursansa ol, hara gedirsənsə get, hansı qapını açırsansa aç – tale səni gözləyir. Deməli, talenin boğazından yapışmaq lazımdır. Deməli, insan öz-özünün xilaskarı olmalıdır. Deməli, talenin atdığı əlcəyi yerdən götürmək lazımdır.

İnsan tale ilə əlbəyaxa vuruşa başlayır. Kədər melodiyaları – qələbə himni ilə əvəz edilir. Tale məğlub olur. Kainat insanın qələbəsini alqışlayır. Ömrü boyu məşəqqətdən, mənəvi əzabdan başqa bir şey görməyən Lüdviq van Bethoven insanlara sevinc bəxş edir.

 ÜİTMEN İNAMI

 Mən Üitmenəm! Ey insanlar tərəfindən təhqir olunan, cəmiyyətdən murdar ət kimi atılan yazıq qadın. Əgər təbiət səni qəbul edirsə, mən səni niyə qəbul etməyim? Əgər güllər, çiçəklər, otlar səni qəbul edirsə, mən səni niyə qəbul etməyim?!

Mən Üitmenəm! Ey məni tanımayan, ilk dəfə qarşılaşdığım naməlum yolçu. Mənim sənə eyləyəcəyim məhəbbət dolu, ülfət dolu, mərhəmət dolu sözlər çoxdur.

Mən Üitmenəm, qocaların gözəlliyini, insan ağlının, bədənin təbiətlə yaratdığı ahəngi vəsf edirəm. Təbiət nə yaradıbsa, o mənəm. Mən çöləm, çəmənəm, quşam, səhrayam, səmayam! Bunların hamısı məndə cəmləşib. Mən insanam.


JANVALJAN İNAMI

 İnsana məhəbbət üstə katorqaya düşmüş İnsan zülmət gecədə insanlar arasında özünə məskən tapmır. Ona heç kəs qapı açmır. Çünki onun sifətində dustaqxana möhürü vardır. “Nəyə görə, kimə görə dustaqxanaya düşmüsən”, – deyə soruşan yoxdur. “Dustaq olmusan, deməli, qanunu pozusan”, – deyənlər var.

Belə anda insan amansız canavara dönər.

Belə anda onun sifətindən, gözlərindən insanlara sonsuz nifrət, sonsuz hiddət yağar.

Adi insani hörmətdən məhrum olan İnsan insanlığa inamını itirər. Lakin onun qarşısında mehriban insan, nurani qoca dayananda, gözəl bir şəxsiyyət ona əziz bir qonaq kimi nəvaziş, hörmət göstərəndə İnsan yenidən insana çevrilər, İnsana inamını yenidən bərpa edər.

Bu müqəddəs İnsan ona adi və ülvi bir inam təlqin edər.

“İnsanı ən böyük bir sərvət kimi qiymətləndirmək lazımdır. Əsil insan özündən çox başqasını düşünmə­lidir”.

Nə yaxşı ki, bu zülmətli gecədə, bu biganə, daşqəlbli adamlar içərisində Janvaljan insanlıq timsalına rast gəldi.

Nə yaxşı ki, yüz min insanabənzər məxluq arasında bəzən bir nəfər insana rast gəlirsən. Belə insanlar şəxsi mahiyyətlərindən kənara çıxaraq, rəmzi məna kəsb edirlər. Onlar öz mövcudluqları ilə sanki sübut edirlər ki, insan hələ İnsan olaraq qalır. Bəşəriyyət hələ iflasa uğramamışdır.

Belə insanlardan biri Janvaljanı insan, özü də kamil bir insan etdi.

Bundan sonra Janvaljan öz işığıyla işıqlanan insanpərvərliyə xidmət edəcəkdir. Bundan sonra Janvaljan bir həqiqətə – insana məhəbbət hikmətinə xidmət edəcəkdir.

Öz yeni əqidəsinə sonsuz inam bəsləyən Janvaljan insanpərvərlik imtahanından şərəflə çıxır.

Birinci imtahan:

Janvaljan şəhərin nüfuzlu, hörmətli meridir. Bu hörməti o, öz qabiliyyəti, əməyi sayəsində qazanmışdır. Əvvəlki həyatla vidalaşmış, hətta adını da dəyişmişdir. Lakin əzazil zor qanunu Janvaljanı unutmamışdır.

Zahirən Janvaljana bənzəyən bir adam həbs edilmişdir, onu edam gözləyir. Əgər Janvaljan ədaləti bərpa etmək istəməsəydi, heç bir kəs onu günahlı saymazdı.

Lakin günahsız adamın qətl edilməsi insanpərvərliyə ziddir. Ona görə də Janvaljan məhkəmədə həqiqəti söyləyir və özünü qanunun ixyitarına verir.

İkinci imtahan:

Janvaljanın Javer adlı antipodu, düşməni vardır.

Janvaljan insana, Javer isə qanuna pənah gətirmişdir. Janvaljan – “İnsan hər şeydir, Javer isə – “Qanun hər şeydir” əqidəsinə xidmət edir.

Janvaljan İnsan üçün özünü unudursa, Javer Qanun üçün İnsanı unudur.

Janvaljan “Qoy hər şey məhv olsun, təki İnsan xilas olsun” prinsipinə əsaslanırsa, Javer “Qoy hər şey məhv olsun, təki Qanun təsdiq edilsin” prinsipinə əsaslanır.

Javer Janvaljanın əlinə keçib. Janvaljan inqilabi tribunalın əmrinə əsasən Javeri güllələməlidir.

Javer ölümü gözləyir. Dəqiqələr keçir. Lakin qətl mərasimi uzanır. Bu nə oyundur? Xeyr, oyun deyil. Janvaljan yoxdur. Janvaljan düşmənini xilas etmişdir.

Bununla o, Javeri sarsıtmış, öldürmüş, didib-parçalamışdır. Demişdir ki, dünyada sən bədbəxt Javerin pərəstiş etdiyi zor qanunlarından başqa, qəlb qanunları da vardır. Sən, Javer bir heçliksən! Dünyada sənin görmədiyin, duymadığın ülvi kəlamlar, həqiqətlər var. Ömrünü çox iyrənc bir ideala həsr etmisən. Sənin idealın qəlbində yaranan şübhənə tab gətirə bilməz. Bu şübhəni qəlbində kimsə yaratmalıydı. İndi öz gününə ağla. Ömür nəyə həsr edilib, nəyə qurban verilib?

Javer intihar edir. Humanizm böyük, ibrətamiz bir qələbə çalır.

Nə qədər ki, həyatda böyük, yaxud kiçik Janvaljanlar var – yaşamağa dəyər.

 QORİ İNAMI

 İnsan – vüqarlı səslənir! Ona rəhm eləmək, onu alçaltmaq deməkdir!

Əgər sən özünə lazım deyilsənsə, kimə lazımsan? Lakin əgər yalnız özünə lazımsansa, sən kimsən?

İnsana məhəbbət – qeyri-insani həyata nifrət deməkdir. Əgər düşmən təslim olmursa, onu məhv etmək lazımdır.

Dünyada ən böyük düha – xalqdır.

  

III. ŞÜBHƏ METAMORFOZALARI

 MÜDRİK ŞÜBHƏ

 Sənət tarixini xəyalımızda canlandırarkən gözümüzün qabağında böyük bir şübhələnənlər silsiləsi dayanır.

Onları şübhəyə salan nədir? Şübhə nədən doğur?

Acizlikdən, ləyaqətsizlikdən, yoxsa ləyaqətdən, müdriklikdən?

Özü haqqında heç bir şey bilməyən, bu cəhətdən avam olan çar Edip rahat, firavan həyat sürürdü. Onun təbiəti – zəmanəyə həmahəng idi. İnsan ilə dünya bir-birinə qovuşmuş, canbir olmuşdur.

Çar Edip dünyanı sevirdi. Dünya onu şahlıq taxtına çıxarmış, möhtəşəm bir sima etmişdi. Lakin ucalıqda dayananlar da gec-tez acı həqiqəti bilməli olurlar. Həqiqət isə ondan ibarətdir ki, çar Edip bilmədən, istəmədən, Zevsin iradəsiylə dəhşətli, görünməmiş bir cinayət etmişdir: atasını öldürmüş və anasıyla evlənmişdir.

Dünya çar Edipin mehriban dostu yox, ikili düşməni imiş. Bu həqiqəti görən göz kor olur. Budur naşı inamın törətdiyi faciə. Budur müdrik şübhənin qüdrəti!

Bədbəxt, fənalı, kor Edip şən, firavan Edipdən müqayisə edilməz dərəcədə yüksəkdir. Çünki həqiqəti dərk etmişdir.

İnam onu həqqiətdən uzaqlaşdırmışdısa, şübhə onu həqiqətə yaxınlaşdırırdı.

Kor Edip dünyanı gördü.

Bu ailədə dörd nəfər adam yaşayır. Onlardan üçü sakit, rahat həyat sürür. Çünki onlar düşünüb-daşınmadan allaha xidmət edirlər. Düşünüb-daşınmadan hər gün əllərini göyə qaldıraraq, ali qüvvəyə öz məhəbbətini izhar edirlər.

Lakin dördüncü düşünür. Düşündükcə şübhə qəlbinə hakim olmağa başlayır.

Əgər allah zəkalıdırsa, niyə insanların ağıllı olmasından qorxdu və Adəm ilə Həvvanı cənnətdən qovdu? Əgər allah ədalətlidirsə, niyə o, valideynlərin intiqamını övladlardan alır, onların həyatını cəhənnəmə döndərir?

Əgər allah mərhəmətlidirsə, niyə özü ölməz ola-ola insanları ölməyə məhkum etmişdir.

Deməli, allah pərəstişə, hörmətə layiq deyil. Deməli, allaha olan inam – saxta inamdır. Bayronun, Kain faciəsinin qəhrəmanı şübhələnir.

Bu şübhə onu bütün insanlara qarşı qoyur. Bu şübhə onu tənha bir insana çevirir. Çünki düşünənlər azdır. Şübhə Kaini kamil edir və bəşəriyyətə düşmən edir.

Kainin allaha yağdırdığı nifrət insanları dəhşətə gətirir. Allaha əli çatmayan Kain qardaşı Aveli öldürür.

Şübhə onu qatil edir. Kaini bəşər aləmindən qovurlar. Hər yerdə o, nifrətlə, hiddətlə qarşılanır.

Onun sifətində qatil möhürü var, Kain möhürü var.

Şellinin məsum və munis qəhrəmanı Beatriça atası Çençini allahın kölgəsi hesab edirdi. Lakin ata övlad qatili olduqda, qızının namusuna təcavüz etdikdə inam şübhəyə, özü də tək atasına qarşı yox, allaha qarşı da böyük şübhəyə çevrildi.

İnamını qəlbindən qopardığı üçün, inamsız yaşamaq mümkün olmadığı üçün atasını məhv edir.

Mopassanın Jannası məhəbbəti həyatın bəxş etdiyi ən müqəddəs bir varlıq sayırdı. Hansı cəmiyyətdə yaşadığını dərk etmirdi. Lakin əri Jülyenlə rastlaşandan sonra onun qəlbində şübhə baş qaldırmağa başla­dı. Bu şübhə hələlik Janna duyğularına tam hakim deyildi. Onun inam ümidi olan anası vardı. O, Jannanın nəzərində səadət timsalıdır. Lakin anasının ölümü Jannaya daha dəhşətli bir həqiqəti açıb göstərir. Onun anası da başqaları kimi ərinə xəyanət edirmiş. Bu, deyilməsi vacib olan həqiqət idi. Qoy, Janna onu yana-yana içsin. Lakin müdrik şübhə gec-tez öz hökmünü verməli idi. Yoxsa insanlar nə həyatı, nə də özlərini düzgün dərk edə bilməzdilər.

Ölülər aləmində yaşayan və çiynində ağır xalq dərdi daşıyan İskəndər də müdrik şübhə timsalıdır.

O, hamının inandığı bir qüdrətə şübhə edir. Ona görə də çoxunun nifrətini qazanır.

İskəndər müdrik olduğu üçün kefli, yalqız, faciəvidir. Lakin möhtəşəmdir.

Gördüyümüz kimi, müdrik inam faciəli səslənir. Lakin eyni zamanda əzəmətli səslənir. Elxanın “yoxdur allah” nidaları kimi. Çünki müdrik şübhə həqiqətin əkiz qardaşıdır.

  

MEFİSTOFEL QƏHQƏHƏLƏRİ

 Siz busunuz! Qardaş qardaşın xainliyini çəkir. Onun xoş gününə dözmür. Qəlbini sarsıdan xəbis bir hissdən özü qorxuya düşür. Mefistofel gülür.

Siz busunuz! Ailə dostu sayılan bir şəxs ev sahibinin namusunu ləkələyir. Bundan sonra etibardan, sədaqətdən dəm vurursunuz.

Siz insanların həyatına heyvanlar da inanmırlar. Aliminiz heyvanları insanlara döndərmişdi. Onları xoşbəxt etmək üçün. Lakin insan olandan sonra heyvanlar üsyan etdilər…

“Yenidən heyvana çevirin bizi” – deyə fəryad etdilər.

Mefistofel qəhqəhə çəkir:

Budur həyatınız. Qardaş az qala bacısı ilə yaşamışdı. Həyat sizi necə müdhiş hadisələrlə qarşılaşdırır, sizi necə bir-birinizdən didərgin salır!

“ha-ha-ha”.

“Qadın – mələkdir”, – deyirsiniz. Qısqanclıq üzündən balalarını doğrayan Medeya yadınızdan çıxıbmı?

“Kişi – qəhrəmandır”, – deyirsiniz. İradə, mətanət, zəka timsalıdır. Ehtiraslarını cilovlaya bilməyən, təbii həyatdan, sevimli göyərçinindən ayrılaraq fahişə Ancellərin əsarəti altına düşüb, məhv olanları niyə xatırlamırsınız?

Mefistofelin qəhqəhə səsi dünyanı tutmuşdu.

  

XX ƏSRİN MEFİSTOFELLƏRİ

 – Nadan insan, bilmirsən ki, həyatda məqsəd axtarmaq müşkül işdir? Bilmirsən ki, təbiət səni daşlar kimi, qoyunlar kimi, torpaq kimi heç bir məqsəd üçün yaratmayıb? Mən daş deyiləm, torpaq deyiləm, qoyun deyiləm. Mən onlar kimi sadəcə yaranıb ölmək üçün doğulmamışam deyirsən. Bütün bədbəxtliklərinə səbəb elə bu iddia deyilmi?

Bilmirsən ki, taleyin çox hiddətli, nifrətli şər qüvvələrin iradəsindən asılıdır?

Bilmirsən ki, dünya məhəbbətdən yox, qəzəbdən yaranmışdır? Səadəti sənə kim vəd etmişdir? Təbiətmi?

Səadət iddiası sənə həyatda nə verib?

Hansı arzuna çatmısan? Hansı arzun həyata keçəndən sonra səndə ikrah hissi oyatmayıb?

Gənclikdə sevdiyin bir qızı mələk sayır, onsuz keçən ömrü ölüm hesab edirsən. Lakin onu özünə arvad edəndən sonra…

Nə qədər ki, arzu hələ xəyaldır – o, cazibədardır, gözəldir.

Dostluqdan, qəhrəmanlıqdan, fədakarlıqdan ehtirasla danışırsan. Lakin anlamırsan ki, bunlar hamısı eqoizmin pərdələnmiş formasından başqa bir şey deyil. Başa düşmürsən ki, ən yaxın dostun sənin müvəffəqiyyətindən xəbər tutanda ağlına gələn ilk söz “kaş bu xoşbəxtlik mənə nəsib olaydı” fikridir.

Lakin o, hissini büruzə vermir, “sevincinə şərik olur”, hətta səni bağrına basıb öpür.

Sən isə sevincindən məst olaraq onun sifətindəki mürəkkəb ifadəni sezmir, “nə gözəl dostum var”, – deyə düşünürsən.

Bəlkə də hər şeyi anlayırsan, lakin tənhalıqdan qorxduğun üçün şübhəni büruzə vermirsən, “dostluğunu” davam etdirirsən. Əlacın nədir?

Mənə elə bir qəhrəman göstər ki, onun qəlbində şöhrətpərəstlik alovu yanmasın. Hər şeydən artıq özünü düşünməsin.

Məhəbbətdən isə heç danışmağa dəyməz. Mənə elə qadın göstər ki, ağır xəstəliyə düçar olmuş, yaxud əlini, ayağını itirmiş ərinin ünvanına heç olmazsa ürəyində: “gör mənim bəxtimə kim çıxdı” deməsin.

Əgər doğrudan da, ağıllısınızsa, niyə hisslərinizi dərindən təhlil etmirsiniz. Bəlkə qorxursunuz ki, onda özünüzə nifrət edər, yaşamaq istəməzsiniz.

– Tanıdım, tanıdım səni. Pessimist cildinə girmiş Mefistofelsən.

– “Dünyada yaşamağa layiq olan yalnız qeyri-adi insanlardır. Meymun insanın müqabilində nədirsə, adi insan da qeyri-adi insanın müqabilində odur”.

Qeyri-adi insan olmaq üçün adiliyi aradan qaldırmaq lazımdır. Bu o deməkdir ki, insana xas olan bütün hissləri ürəyindən qoparıb atmalısan. Onlardan birincisi, mərhəmət hissidir. Bu hiss insanı acizləşdirir, cılızlaşdırır, sentimentallaşdırır.

Əgər sən ananın tabutu üzərindən sakit adlaya bilmirsənsə, səndən qeyri-adi insan çıxmaz.

Qeyri-adi insan zəif, əlillər nəsli yetirən vicdan hissinə də qalib gəlməlidir.

Dünya vəhşi meşəni, cəngəlliyi xatırladanda əzəmətli olur. Burada, bu qladiator meydanında güclü gücsüzü əzib sıradan çıxarmalıdır.

Şirin quzunu parçalamasında çox ali bir şeiriyyət var.

Gücsüzə rəhm etmək, ona əl uzatmaq dünyanı acizlərlə, biçarələrlə doldurmaq deməkdir!

Ən böyük şeiriyyət şər timsalı olan qaranlıqdır. Qaranlığı şərab kimi içmək – əvəzedilməz bir səadətdir.

– Tanıdım, tanıdım səni. Nitsşe qiyafəsi geymiş Mefistofelsən.

– Hər bir mədəniyyət orqanizmə bənzəyir. Onun yaranma, inkişaf və süqut dövrləri vardır. Avropa mədəniyyəti öz süqut dövrünə qədəm qoyub. İndən sonra meydana gələn hər bir mədəni hadisə həmin süqutun nişanəsindən başqa bir şey olmayacaq. Biz ölümə doğru gedən bir dövrdə yaşayırıq.

– Tanıdım. Tanıdım səni. Şpenqlerlik libasında Mefistofel.

– İnsanlıq yunan mifinin qəhrəmanı Sizifə bənzəyir. O, ömrü boyu uca bir qayaya daş qaldırmaqla məşğuldur. Lakin daş qayanın başına çatarkən aşağı yuvarlanır və Sizif yenidən öz əbədi işinə başlayır. İnsan həyatında heç bir tərəqqi yoxdur. Heç bir nəticə verməyən əziyyətli, məşəqqətli, əbəs cəhd vardır. Çünki ictimai həyat insana qarşı çevrilmiş müdhiş bir qüvvədir. O, insanın bütün arzularını, niyyətlərini puç edir.

İnsan illər boyu kiçik səadət evi tikir. Lakin bu ev bir anda boşluğa çevrilir. İctimai həyat mənəvi cəhətdən də insana düşməndir. O, insanı istədiyi kimi yox, istənilən kimi düşünməyə, hiss etməyə, fəaliyyət göstərməyə vadar edir.

Tutalım ki, biri ictimai yerə getmişdir. Burada onun sevmədiyi, nifrət etdiyi adamlar çoxdur. Lakin o, nifrətini gizlətməli, sifətinə məmnun bir ifadə verməli, özünü elə aparmalıdır ki, guya burada həmin adamları görmək ona sonsuz səadət gətirir.

Yəni o, burada aktyorluq edir. İnsanlar tədricən bu aktyorluğa alışır və bunu aktyorluq hesab etmir.

Lakin insanın əbədi faciəsi tək bu deyil. İnsan başqasıyla heç vaxt daxilən qovuşa bilmir. İnsan heç vaxt başqasının qəlb kitabını oxuya bilmir. Nəhayət, vaxt gedir və ölüm insanı öz ağuşuna alır. Ölüm haqqında düşünən insanı dəhşətli təlaş, qorxu bürüyür.

Bu hiss qəlbin dərin güşəsinə çəkildikdə belə insanı titrədir, həyatının heçliyini daim təsdiq edir. İnsan anlayır ki, yaşamğa başlamaq ölümə hazırlaşmaq deməkdir.

– Tanıdım, tanıdım səni. Ekzistensializm qiyafəsində Mefistofel.

– İnsanın faciəsi anadan olduğu gündən başlayır. O, qəlbində, damarlarında heyvani instinktlər daşıyan bir məxluq kimi doğulur. Erkən körpəliyində onun qəlbində iki qeyri-şüuri, instinktiv ehtiras yaranır: seksuallıq və yırtıcılıq.

Seksuallıq onda anasına qarşı qeyri-şüuri və dərkedilməz şəhvani hiss, atasına qarşı rəqabət oyadır. Buna

biz Edip kompleksi adı vermişik.

Yırtıcılıq, dalaşqanlıq, əlinə düşən şeyləri vurub dağıtmaq şəklində meydana çıxır.

Hər iki ehtiras azad və sərbəst şəkildə təzahür etməyə güclü meyil göstərir. Lakin sərt senzor olan şüur, cəmiyyətdə bərqərar olan əxlaqi normalar onların təbii təzahürünə mane olur. Qadağan edilmiş ehtiraslar daxili aləmin qaranlıq guşəsinə çəkilir və insanın psixi həyatında qeyri-normallıq, nevrotiklik yaradır.

Dəhşətli və faciəli bir vəziyyət əmələ gəlir. İnsan öz daxili mahiyyətini tam aşkara çıxaranda heyvan səviyyəsindən yuxarı qalx­mır. İnsan öz daxili mahiyyətini gizlədəndə isə xəstəyə, nevrotikə çevrilir.

Beləliklə də, heyvanlıq qeyri-şüuri elə ümdə xüsusiyyətini təşkil edir ki, bunlardan o, azad ola bilmir.

Qəlbin dərin qatlarında gizlənmiş heyvani ehtiraslar bir gün daha qəti və çılğın şəkildə təzahür edir. İnsan öz heyvani mahiyyətindən heç vaxt yaxa qurtara bilmir.

– Tanıdım səni. Freydizm qiyafəsinə girmiş Mefistofelsən.

– Sənətin ən böyük qəbahəti insan duyğularına təsir edib cəmiyyətə qarşı etiraz oyatmaqdır.

O bu təmayüldən əl çəkməlidir. İnsanlara biganə, qeyri-humanist əsərlər yaratmaq lazımdır. Fikrimi aşağı­dakı misalda aydınlaşdırmaq istəyirəm. Tutalım ki, bir adam can üstündədir. Onun çarpayısının başında üç nəfər dayanmışdır: arvadı, həkim və rəssam. Qadın ərinin halına ürəkən təəssüflənir… Həkim bir qədər təəssüflənməsə də, kədərlənməsə də xəstəyə qarşı tam biganə deyil, həkimlik vəzifəsi ondan xəstəyə qarşı həssas olmağı tələb edir. Burada xəstənin halına tam biganə olan adam – rəssamdır. Onu nə qadının kədəri, nə də həkimin səyi zərrəcə maraqlandırır. Onu maraqlandıran bircə şey – ölü bənizinin hansı rənglərlə münasib şəkildə ifadə olunması məsələsidir.

Həmin sənətkar qeyri-insani sənətin rəmzi hesab edilməlidir.

– Tanıdım səni. İspan filosofu Orteqa-i-Qasset qiyafəsinə girmiş Mefistofelsən.

– Həyatda müşahidə edilən əşyalar çox zahiri mənasız, mahiyyətsiz şeylərdir.

Real aləm sənətkar azadlığının qarşısında dayanmş bir maneədir. Bu maneəni aradan qaldırmaq lazımdır. Konkretlik bəsit ideya yaradır.

Həyatda realistik baxış, faktların, hadisələrin zahiri əlamətlərini təsvir etməyi nəzərdə tutur. Sənət – dünyanın mistik mahiyyətini dərk etməlidir.

Mücərrədçilik həyatda zahirən bir-birinə bənzəməyən hadisələrin, faktların komik vəhdətini yaradır. Əgər bu vəhdəti hələlik adi insanlar dərk etmirlərsə bu təbiidir.

– Tanıdım səni. Abstraksionizm qiyafəsinə bürünmüş Mefistofelsən.

 RİCƏT

 Heyrətim gülünc olanda, qəlbim sakit, dinc olanda, min qanadlı, min vüsətli düşüncələr ürəyimi tərk edəndə, mənə qadir şübhə gətir, ey müdriklik, ey ilkinlik, ey munislik, ey ülvilik!

Şübhəm sonsuz qəm olanda, şübhəm qəlbdə cəm olanda, insanlıqdan, idealdan, səadətdən yan keçəndə, inamsızlıq bulağından su içəndə mənə dönməz inam gətir, ey müdriklik, ey ilkinlik, ey munislik, ey ülvilik!

Qatil şübhəsi!

Faust inamı!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir