Xəbərlər

Asif Ata. İnsan Bəsitliyi

Məqama pərçimlənmək. Zamana pərçimlənmək. Məişətə pərçimlənmək. Var-dövlətə pərçimlənmək.
Mənəvi atəşsizlik. Mənəvi günəşsizlik.
Qanadsız doğulmaq. Özünə yaramaq.
İməkləmək – yeriməmək. Dolanmaq – yaşamamaq. Ölmək – dirilməmək. Mənimsəmək – yaratmamaq.
Maddidə itmək. Mənsəbdə itmək. Bəzəkdə itmək.
Qul sərməstliyi. Quş sərbəstliyi. Əyyaş qələbəsi. İştah qələbəsi. Dostluq alveri. Sevgi alveri. Əməl alveri. Fikir alveri. Duyğu alveri. Qazanmaq ehtirası. Azmaq ehtirası.
Yer səadəti. Yem səadəti. Geyim səadəti. Ruhani yetimlik səadəti. Keyf-damaq səadəti. Eybəcər yaşamaq səadəti. Hünərsiz kişilər. Sevdasız qadınlar. Ağıllı qorxaqlar. Pərdəli alçaqlar. Ölçülü yamanlar. Ölü rəvanlar. Təhlükəsiz qəhrəmanlıq. Cəfasız fədakarlıq.
Kövrək ziya. Titrək vüqar. Ani qübar. Ani ilqar.
Rahatlıq. Ölü səbatlıq. İradə iflici. Duyğu quraqlığı.
Pənahsızlar. Miskin günahsızlar. Ruhdan imtina. Mənəvi nurdan imtina. Özüylə barışmaq. Süquta alışmaq.
Qarışqa addımı. Kəpənək yardımı. Amalsızlıq sevinci. Sabahsız­lıq sevinci. Yolsuz “bəxtəvərlər”. İdealsız “bəxtə­vərlər”. Yararsız igidlər. Barsız söyüdlər. Qəflət yuxusu. Qey­rət yuxusu. İnsaniyyət yuxusu.
Çirkabı bəzəmək. Mühitə bənzəmək. Vətəni unutmaq. Yetənə sığınmaq.
Ziyalı sayılmaq. Ziyasız dolanmaq. Həyata daraşmaq. Pay üstə dalaşmaq. Yamanlıq əkib firavanlıq biçmək. Səfalət əkib güzəranlıq biçmək. Köləlik əkib nəşə biçmək. Zəlillik əkib fərəh biçmək.
Zail dahilik. Cahil loğmanlıq. Barsız bağmanlıq.
Dəbdəbə hərisliyi. Təmtəraq hərisliyi. Parıltı hərisliyi. Çığırtı hərisliyi.
İsinmədən qaynamaq. Coşmadan daşmaq. Ocağın kül məqamı. Dillərin lal məqamı. Çayların qış məqamı. Dalğanın dinc məqamı. Hərarətsiz məhəbbət. Həqiqətsiz kəlam. Vəcdsiz ilham. Qəmsiz hicran. Mütləqsiz dövran.
Nurani gözlərin sükutu. Ruhani göylərin sükutu.
Fəlakətində sabitsən, İnsan! Heç bir ülviyyət dənizi bəsitliyini yuya bilməyib!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir