Xəbərlər

Asif Ata. İnsan Çirkinliyi

Ruhsuz bədən. Amalsız əməl. İsmətsiz gözəl.
Həsəd yanğısı. Fitnə yanğısı.
Cəllad sevinci. Qəddar sevinci. Satqın sevinci.
Azğın sevinci.
Quyu qazanlar. Tələ quranlar.
Haramlıq harınlığı. Zalımlıq harınlığı.
Xəyanət harınlığı. Qəbahət harınlığı.
İdraklı görünmək. Vicdanlı bilinmək. Yalana bürünmək.
Alçalmaq – öyünmək. Alçaltmaq – sevinmək.
Yaltaqlıq yetkinliyi. Saxtalıq yetkinliyi.
Qorxu əsarəti. Nəşə əsarəti. Sərvət əsarəti.
Sürünmək məharəti. Əyilən başlar. Titrəyən dizlər.
Aldanan üzlər.
Həya azadlığı. Riya azadlığı.
Yalan azadlığı. Böhtan azadlığı.
Canavar məharəti. Tülkü mərdliyi.
Nəcabətli qatillər. Əzazil adillər.
Zəhər olub çörək görünənlər.
Zəhər olub kömək görünənlər.
Əyrinin doğruya münasibəti.
Xainin aliyə münasibəti.
Alabaşın filə münasibəti.
Naşının aqilə münasibəti.
Satqının sadiqə münasibəti.
Cahilin müdrikə münasibəti.
Paxıl səmimiyyəti.
Yırtıcı ünsiyyəti.
Aydınlıq libasında qaranlıq.
Xeyirxahlıq libasında yamanlıq.
Aldatmaq məğlubiyyəti.
Ağlatmaq məğlubiyyəti.
Həqiqət oyunu. Ədalət oyunu. Səadət oyunu.
Bəsit adamlıq. Parlaq avamlıq.
Çirkabda bitən qadınlıq.
İtən qadınlıq. Açıq hədyanlıq.
Soyuq həyanlıq. Açıqlıq. Yazıqlıq.
Qəşəngliyin gözəlliyi öldürməsi.
Səriştənin təravəti öldürməsi.
Özündən ayrılmaq sərbəstliyi.
Erkək sayılmaq sərbəstliyi.
Ülvi məlahət qıtlığı.
Qəlbdə hərarət qıtlığı.
Zərif nəvaziş qıtlığı.
Müqəddəs gəliş qıtlığı.
Özünəyadlıq əsarəti. Yarımarvadlıq əsarəti.
Yarımbeşik keşikçisi. Yarımev sahibəsi.
İncə satılmaq. Kobud atılmaq.
Ani sevilmək. Şirin döyülmək. Yetkin əzilmək. Qəşəng əyilmək.
Yad cazibədarlıq. Yad bəxtiyarlıq. Yad evdarlıq.
İşrət sacında qovrulan kişilər.
Çirkabdan yoğrulan kişilər.
Xəyanətdə sərbəst kişilər.
Cinayətdə sərbəst kişilər.
Köləlikdə sərbəst kişilər.
Rəzalətdə sərbəst kişilər.
Sözlü kişilər. Söhbətli kişilər.
Ədalı kişilər. Sevdalı kişilər.
Üzgüçülər. Rəqqaslar. Qəssablar.
Niyyəti gizlədənlər. Özünü gizlədənlər.
Əxlaqdan utananlar.
Məsləki dananlar.
Qabaqcıl davrananlar.
Vəhşiyə tapınanlar.
Vüqardan keçənlər.
İlqardan keçənlər.
Tir-tir əsənlər.
Baş kəsənlər.
Kölələşənlər. Kölgələşənlər.
Təhlükəlisən, İnsan! Gözəlliyinlə çirkinliyini yumasaydın, dünya çirkabla dolardı!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir