Xəbərlər

Asif Ata. İnsan Gözəlliyi

Səmaya bənzəmək. Günəşə bənzəmək. Dağlara bənzəmək.
Bulağa bənzəmək. Çırağa bənzəmək.
Ananın ürəyi. Atanın zəkası. Aşiqin fəryadı. İgidin cürəti. Körpənin təravəti. Ayrılığın kədəri. Vüsalın sevinci. İdrakın vəcdi. Sevgi məqamı. Gəlin vüqarı. Həya qızartısı.
Aşiqin Məcnun çağı.
Şəhidin ölüm çağı.
Yolçunun yoxuş çağı.
İlqarın sınaq çağı.
Zəkanın yanar çağı.
Üzdə görünən gözəllik.
Ağıldan süzülən gözəllik.
Şəfəqə bürünən gözəllik.
Səcdə məlahəti. Hünər səxavəti. Əzab səadəti.
Cahilləri bəyənməmək gözəlliyi.
Zaillərə bənzəməmək gözəlliyi.
Zindanda yaranan gözəllik.
Vicdanda yaranan gözəllik.
Ruhun bədənlə birliyi.
Ömrün Vətənlə birliyi.
Qəlbin Mütləqlə birliyi.
Müqəddəs səda gözəlliyi.
Müqəddəs cəfa gözəlliyi.
Müqəddəs etiraf gözəlliyi.
Müqəddəs pənah gözəlliyi.
Müqəddəs sima gözəlliyi.
Müqəddəs məna gözəlliyi.
Şəffaf duyğu. Sərraf qiymət. Sərrast fikir.
Çağıran gözəllikdən imtina.
Bağıran gözəllikdən imtina.
Çirkaba qarışan gözəllikdən imtina.
Üzlərdə ruh çiçəyi.
Gözlərdə ruh işığı.
Əllərdə ruh istisi.
Gülüşdə ruh saflığı.
Ürəkdə ruh atəşi.
Ömürdə ruh günəşi.
Çətin suallar gözəlliyi. Çətin yollar gözəlliyi.
Doğru dillər gözəlliyi. Ülvi sirlər gözəlliyi.
Mütləqə qovuşma məqamı.
Şübhəylə döyüşmə məqamı.
İnamı doğuran gözəllik.
İsmətdən yoğrulan gözəllik.
Arzuya bənzəyən gözəllik.
Süniliyin ölümü. Dəbdəbənin ölümü.
Uydurmanın ölümü. Qondarmanın ölümü.
Gözəl kədər məqamı.
Gözəl fəryad məqamı.
Gözəl fərəh məqamı.
Çaylar kimi çağlayan gözəllik.
Sinə dağlayan gözəllik.
Ağladan gözəllik.
Qəlbə yağış tək tökülən gözəllik.
Ömrə ulduz tək səpilən gözəllik.
Həyatın səmtini dəyişən gözəllik.
Həyatla döyüşən gözəllik.
Taleyə quş kimi qonan gözəllik.
Yandıran, yanan gözəllik.
Zəriflik gözəlliyi.
Nəciblik gözəlliyi.
Əsillik gözəlliyi.
Gözlərin nəğməsi.
Əllərin nəğməsi.
Göz ilə qaş ahəngi.
Dil ilə söz ahəngi.
Saç ilə üz ahəngi.
Ana–övlad ahəngi. İnsan–Vətən ahəngi.
Əzab–sevinc ahəngi. Bəşər – Mütləq ahəngi.
Xatirələr gözəli. Dəqiqələr gözəli.
Təbiətlə söhbət bəxtiyarlığı.
Ruhani səyahət bəxtiyarlığı.
Ehtizaza yaramaq gözəlliyi.
Gözəlliyi qorumaq gözəlliyi
Məkrli gözəllikdən imtina.
Fitnəli gözəllikdən imtina.
Müstəbid gözəllikdən imtina.
Cəllad gözəllikdən imtina.
Quduz gözəllikdən imtina.
Cılız gözəllikdən imtina.
Gəda gözəllikdən imtina.
Kölə gözəllikdən imtina.
Hədyan gözəllikdən imtina.
Əşya gözəllikdən imtina.
Bəzəksiz gözəllik. Bənzərsiz gözəllik.
Ləkəsiz gözəllik. Kölgəsiz gözəllik.
Gözəlliyinə həyanam, İnsan!
Çirkinliyinə yağıyam!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir