Xəbərlər

Asif Ata. İnsan Günahkarlığı

Mütləqi unutmaq. İnsanı unutmaq. Vicdanı unutmaq.
Çirkinlik bataqlığı.                     
Xudbinlik bataqlığı.
Hərislik bataqlığı.
Əsirlik bataqlığı.
Vəhşilik bataqlığı.
Dişilik bataqlığı.
Erkəklik bataqlığı.
Əyrilik bataqlığı.
Qəbahətə tapınmaq. Ülviyyəti yanılmaq.
Xalisi atıb naqisi tutmaq.
Ucanı atıb alçağı tutmaq.
İgidi atıb qorxağı tutmaq.
Alini atıb bəsiti tutmaq.
Qüdrəti nemətə qurban vermək.
Ölməzliyi şöhrətə qurban vermək.
Əbədini keçiciyə qurban vermək.
Ruhu bədənə qurban vermək.
Zəkanı ağıla qurban vermək.
İdrakı xülyaya qurban vermək.
Eşqi işrətə qurban vermək.
Məişətdə itmək. Var-dövlətdə itmək.
Nifrət çoxluğu. Fitnə çoxluğu. Qibtə çoxluğu.
Zalım çoxluğu. Qatil çoxluğu. Cəllad çoxluğu.
Dağıtmaq hərisliyi. Ağlatmaq hərisliyi.
Aldatmaq hərisliyi. Sarsıtmaq hərisliyi.
Tapdamaq hərisliyi. Qul etmək hərisliyi.
Yox etmək hərisliyi. Bulanıq hissiyyat köləliyi.
Çirkli mənəviyyat köləliyi. Dönük iradə köləliyi.
Sönük zəka köləliyi.
İnsanın insanda ölməsi.
Azğınlığın məsumluğa qənimliyi.
Çirkinliyin gözəlliyə qənimliyi.
Hərcayinin qeyrətliyə qənimliyi.
Həsədlinin qüdrətliyə qənimliyi.
Fitnəkarın fədakara qənimliyi.
Xəyanətdən ayılmamaq. Cəhalətdən ayılmamaq.
Harınlıqdan ayılmamaq. Zalımlıqdan ayılmamaq.
İşığı görüb zülməti seçmək.
Haqqı görüb nahaqqı seçmək.
Saflığı görüb çirkabı seçmək.
İblisə uymaq. Xəbisə uymaq.
Yaxşıya qıymaq. Xalisə qıymaq. Aliyə qıymaq.
Murdarlıq ehtiyacı. İdbarlıq ehtiyacı.
Bədxahlıq ehtiyacı. Qəddarlıq ehtiyacı.
Əxlaq bəndini aşmaq. Mərhəmət bəndini aşmaq.
Həqiqət bəndini aşmaq. Mərifət bəndini aşmaq.
Ölməyən cəlladlıq. İtməyən qəddarlıq.
Getməyən nadanlıq.
Gecikən cürət. Gecikən ülfət.
Çirkaba qarışanlar. Peşimanlar. Pərişanlar.
İkrahsızlar. İlqarsızlar. Nəfs edamı.
Murdar həvəs edamı. Xain niyyət edamı.
Məhəbbətliləri çarmıxa çəkənlər.
Ədalətliləri tonqalda yandıranlar.
Ülviləri dabanından soyanlar.
Mənəvi korlar.
Riya qələbəsi.
Hiylə qələbəsi.
Vəhşi qələbəsi.
Naşı qələbəsi.
Yalan qələbəsi.
Yaman qələbəsi.
Qisas qələbəsi.
Yas qələbəsi.
Qanadı olub uçmamaq.
Gözü olub baxmamaq.
Ayağı olub qaçmamaq.
Dili olub dinməmək.
Qəlbi olub duymamaq.
…Özündən uzaqsan, İnsan!
Yazıqsan, İnsan!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir