Xəbərlər

Asif Ata. İnsan Kiçikliyi

Sürü yekdilliyi. Canavar qəddarlığı.
Hakimə səcdə qılmaq. Mühitə sığmaq. Zülmdən qorxmaq. Ölümdən qorxmaq.
Yırtıcı ehtiras kiçikliyi. Məkrli qisas kiçikliyi. İnamsız yaşamaq kiçikliyi! Sabahsız yaşamaq kiçikliyi! Vüqarsız yaşamaq kiçikliyi! İlqarsız yaşamaq kiçikliyi! Ayaqlar altına sərilmək kiçikliyi! Ayaqlar altında sürünmək kiçikliyi! Kor qalmaq, kar qalmaq, kal qalmaq kiçikliyi!
Alçalıb sevinmək kiçikliyi! Əyilib öyünmək kiçikliyi! Palaz tək döyülmək kiçikliyi! Kölələşmək kiçikliyi! Kölgələşmək kiçikliyi! Əsarətə salmaq kiçikliyi! Zahirə uymaq kiçikliyi! Qafilə uymaq kiçikliyi! Zailə hörmət kiçikliyi! Aliyə lənət kiçikliyi! Həsəd havasına oynamaq kiçikliyi! Həvəs havasına oynamaq kiçikliyi!
İblisə uymaq! Naqisə uymaq! İşıltını işıq saymaq! Hərcayini Aşiq saymaq! İşığı görməmək! Aşiqi görməmək! Yoxuşda təntimək! Bəd ayaqda sarsılmaq!
Asan gündə dostlaşmaq! Yaman gündə yadlaşmaq!
Əzaba əyilmək! Qəzəbə əyilmək! Tamaha əyilmək! Günaha əyilmək! Silaha əyilmək!
Xalisi naqisə dəyişmək! Çətini asana dəyişmək! Ağırı yün­gü­lə dəyişmək! Amalı yalana dəyişmək! Yolundan dönmək! Tez alışıb, tez sönmək! Zirvədən enmək!
Özgə kədərinə sevinmək! Fateh zəfərinə sevinmək! Nadan tənəsindən sarsılmaq! Vəhşi pəncəsindən sarsılmaq! Cəllad işgəncəsindən sarsılmaq! Qatil zəhmindən sarsılmaq! Cahil biganəliyindən sarsılmaq! Gəda əzəmətindən sarsılmaq!
Yanmaqdan usanmaq! Şübhədən yoğrulmaq!
Tikansız gül arzusu! Yoxuşsuz yol arzusu! Şimşəksiz göy arzusu! Dumansız dağ arzusu!
Ani coşğunluq! Ani vurğunluq! Ani heyranlıq! Ani həyanlıq!
Özündə həsədi öldürə bilməmək! Özündə yırtıcı xisləti öldürə bilməmək! Çirkabı ürəkdən silməmək!
Tərəddüd zənciri. Ətalət zənciri. Var-dövlət zənciri. Ruhsuz həyat. Əməlsiz söz. İdealsız ömür. Zəkasız idrak. Vicdansız mənəviyyat. Təhlükəsiz qəhrəmanlıq. İztirabsız peyğəmbərlik. Qurbansız nailiyyət.
Düz yolda yanılmaq. Əyri yolda yanılmamaq. İttihamda yanılmaq. Ehtimalda yanılmaq.
Addım cılızlığı. Arzu cılızlığı. Şəfqət cılızlığı. Şəfəq cılızlığı.
Balaca mərdlər. Balaca hiddətlər. Balaca tufanlar. Balaca üsyanlar. Balaca qadınlıq. Balaca analıq. Balaca doğmalıq.
Bilməzlik quyusu. Görməzlik quyusu. Dinməzlik quyusu. Sevinmədən sevinmək. Sevilmədən sevilmək. Düşüncəsiz düşüncə. Amalsız amal. Duyğusuz duyğu. Həyasız həya. Yaşamadan yaşamaq.
Özündən kiçiksən, İnsan! Həm də böyüksən!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir