Həqiqətin Mütləq siqləti. Ədalətin Mütləq siqləti. Qəhrəmanlığın Mütləq siqləti. Fədakarlığın Mütləq siqləti.
Sərvəti səadət saymamaq. Həvəsi ehtiras saymamaq. Hakimi peyğəmbər saymamaq. Məqamı əbədiyyət saymamaq. Şöhrəti qiymət saymamaq. Fitnəni fəhm saymamaq. Qorxunu zəhm saymamaq. İniltini qəm saymamaq. Bəzəyi gözəl saymamaq. Ruhsuzu diri saymamaq. Doğrunu əyri saymamaq. Aldanışı sehr saymamaq. Zoru güc saymamaq.
Bəd ahəngi tanımaq. Saxta rəngi tanımaq. Yalan vədi tanımaq. Əhdi tanımaq. Dəbdəbəni tanımaq. Qondarmanı tanımaq. Hər işığa uymamaq. Yaraşığa uymamaq. Eytişama uymamaq.
Bugündə sabahı görmək. Dözümdə vüqarı görmək. Kiçikdə böyüyü görmək. Möhtəşəmdə süqutu görmək. Adamda insanı görmək. Kölədə qəhrəmanı görmək. Sahibdə əsiri görmək. Ucalanda yıxılanı görmək. Mülayimdə vəhşini görmək. Zahirdə batini görmək. Asanda çətini görmək. Çirkində gözəli görmək. Biləndə avamı görmək. Söyüləndə Alini görmək. Döyüləndə dahini görmək. Adildə xaini görmək. Qabildə cahili görmək.
Ağ üzdə qara əməl təzadı. Şux bədəndə qarışım ruh təzadı. İnkişafda ətalətin, azadlıqda əsarətin surəti. Kamillikdə xəsarətin surəti.
Gözün görmədiyini görmək. Agılın bilmədiyini bilmək. Döyülənin qələbəsini görmək. Söyülənin sevilməsini görmək. Hörmətsizlərin hörmətini görmək. Gücsüzlərin qüvvətini görmək. Bir günün hökmünə inanmamaq. Bugünün hökmünə inanmamaq. Məqam qətiyyətinə inanmamaq.
Nadan gülüşünə inanmamaq. Adam hürüşünə inanmamaq. Xəbis çagırışına inanmamaq. Zəlil çagırışına inanmamaq.
Günəşdə Mütləqi görmək. Atəşdə Mütləqi görmək. Çiçəkdə Mütləqi görmək. Üzdə Mütləqi görmək. Sədada Mütləqi görmək. Kəlamda Mütləqi görmək.
Mütləqin hökmünü dinləmək. Dünyaya Mütləqlik diləmək. İnsana Mütləqlik diləmək. Nisbi Həqiqəti Həqiqət saymamaq. Nisbi Ədaləti Ədalət saymamaq. Nisbi İdealı İdeal saymamaq. Nisbiyə aldanmamaq.
Qədimlərə bənzəmək. Müasir sayılmamaq. Qədim sayılmaq.
Bədəni çirkabdan qorumaq. Ürəyi Günahdan qorumaq. Ölümü saymamaq. Naqis Harayından sarsılmamaq. Böhtan qarasından sarsılmamaq. Təhqir yarasından sarsılmamaq.
Zail lənətindən sevinmək. Cahil hiddətindən sevinmək.
Zindan əzəməti. Vicdan əzəməti. Ziynətsizlik əzəməti. Minnətsizlik əzəməti.
Xülya zülmündən imtina. Şöhrət meyilindən imtina. İşrət diləyindən imtina. Hakim mehrindən imtina. Qafil sehrindən imtina.
Həvəsdə tələsməmək. Qəfəsdə çırpınmamaq. Tufanda sarsılmamaq. Zamanda itməmək.
Müdrikliyin ucadır, İnsan! Ancaq ucalıqdan enirsən! Mütləq ola bilmirsən!