Xəbərlər

Asif Ata. İnsan Ülviyyəti

Ruhanilik. Nuranilik. Müqəddəslik tələbi. Mütləq saflıq tələbi. Dünyada dünyadan böyük məna tapmaq. İnsanda insandan böyük məna tapmaq. Təbiətdə təbiətdən böyük məna tapmaq.
Heyvaniliyin süqutu. Şəhvaniliyin süqutu.
Maddiyə sığmamaq. Aliyə ucalmaq.
Səsin ülvi mənası. Sözün ülvi mənası. Vəcdli kəlam. Coş­ğun ilham. Peyğəmbərin Mütləqə vurğunluğu. Aşiqin məşuqa vurğunluğu. Qəhrəmanın hünərə vurğunluğu. Cəngavərin amala vurğunluğu. Müdrikin kəlama vurğunluğu. Kişinin qeyrətə vurğunluğu. Qadının ismətə vurğunluğu.
Ehtizaz hərarəti. Əməl qətiyyəti. Yenidən doğulmaq. İşıqdan yoğrulmaq.
Üzün ikinci mənası. Gözlərin ikinci mənası. Əllərin ikinci mənası.
Mütləqə qovuşmaq. Mütləqə oxşamaq. Özündə Mütləqi daşımaq.
Məhəbbət qisməti. Həqiqət qisməti. Mütləqə səcdə nəşəsi. Müqəddəs sevda nəşəsi.
Parçalanmaq nəşəsi. Dara çəkilmək nəşəsi.
Ürəyin müqəddəs riqqəti. Gözlərin müqəddəs riqqəti.
Alçaqların tənəsiylə ucalmaq. Naşıların töhmətiylə ucalmaq. Çirkabda gözəllik bitirmək. Sabahı bugünə gətirmək. Quraqlıqda yağış olmaq. Qaranlıqda işıq olmaq. Susuzluqda bulaq olmaq.
Şübhəyə enməmək. Qorxuya enməmək. Həsədə enməmək.
Ruhsuzlar arasında ruhanilik. Quduzlar arasında insanilik. Donmuşlar arasında yanmaq. Sönüklər arasında ehtizaz. Yalanlar arasında həqiqət. Tənha qalmaqdan qorxmamaq. Nişanə qalmaqdan qorxmamaq.
İnkarla təsdiqlənmək. Kədərlə sevinmək. Təhqirlə öyünmək. Böhtanla bilinmək.
Maddinin mənəvidən asılılığı. Dilin ürəkdən asılılığı.
Nurani xalislik. Mənəvi varislik. Məhəbbətin şəhvətdən ayrıl­ması. Ləyaqətin qəbahətdən ayrılması. Zəkanın ətalətdən ayrıl­ması. Mənəviyyatın əsarətdən ayrılması.
Dünyanı yenidən görmək. İnsanı yenidən görmək. Torpağı yenidən görmək. Doğmanı yenidən görmək. Həyatı yenidən duymaq. Sabahı yenidən duymaq.
Gözlərdə vəcd işığı. Üzlərdə nur yağışı. Ürəyin coşğun məqamı. Dodağın ülvi kəlamı. Mütləqə sevgidən sarsılmaq. Aliyə heyrətdən sarsılmaq. Heyvanlaşmaq qismətinə inanma­maq. Əşyalaşma qismətinə inanmamaq. İnamsızlar harayına inanmamaq. Mütləqsizlər böhtanına inanmamaq.
Dərdlilərlə həmdərdlik. Doğrularla həmdəmlik.
İnam hiddəti. Amal lənəti. Sədaqət atəşi. Etiqad günəşi. Ülviyyət dağın ucadır, İnsan! Bəsitlik quyun dərindir!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir