İnsanın Mütləq mahiyyəti Ruhda aşkar oldu. Ruh insanı özündən yüksəyə qaldırdı, həm də dünyanın, həyatın dünyadan, həyatdan daha böyük mənasını ona anlatdı.
Ruh vasitəsiylə İnsan həyatı, dünyanı, özünü yenidən yaratdı və yaratdıqlarının heç birinə sığmadı, ülviyyətə, sonsuzluğa qovuşdu.
Ruh vasitəsiylə İnsan dünyanı insaniləşdirdi, insanı dünyalaşdırdı, duyğularına, ehtiraslarına yeni məna verdi, insanı heyvanilikdən ayırdı, onun insani taleyini yaratdı. Ruh vasitəsiylə İnsan təbiətə insani məzmun verdi, həm də onunla yanaşı öz insani aləmini yaratdı.
Ruh insana dünyaya sığmamaq qüdrəti bəxş etdi. Ruh dünyayla insanın ali əlaqəsini təsdiq etdi. Ruh insana dedi ki, hadisələrin adi mənasına inanma. Onların mənası özlərindən böyükdür.
Ruh insana dedi ki, gerçəklik həmişə azdır, mahiyyəti həmişə ifadə edə bilmir. Bu səbəbdən də insan onda dayanıb qala bilməz, onunla kifayətlənə bilməz. İnsanın həyat səmti – Sabah yönlüdür.
Ruh dedi ki, dünyanın mənası dünyadan yüksək olduğu kimi, insanın da mənası onun mövcudluğundan yüksəkdir. İnsan bir tərəfdən dünyanın ali mahiyyətini dərk edir, bilir ki, dünya yalnız görünən, ağılla dərk olunan dünya deyil, həm də ondan daha böyük dünyadır. Digər tərəfdən, o bilir ki, dünyaya sığmır.
İnsan həm dünyanın hissəsidir, həm də dünyadan böyükdür. Dünya insanı yaradıb, ancaq İnsan dünyayla kifayətlənmir.
İnsanı dünya yaradır, ancaq insan həm də öz dünyasını yaradır. Ruh insana iki mütləq xassə verdi: dünyada, həyatda, insanda dünyadan, həyatdan, insandan daha böyük məna görmək və dünyayla, həyatla, insanla kifayətlənməyib, onlardan daha böyük, daha gözəl, daha ali, insani dünya yaratmaq.
Ruh insana dedi ki, gördüyün adini adi sayma, onu ali say, çünki dünyanın gözəlliyi, ülviliyi təzahüründən yüksəkdir, ağılının dərk etdiyi və gözünün gördüyü dünya əsil dünya deyil, onun natam, nisbi ifadəsidir. Ruh insana həm də onu dedi ki, dünya öz əsil mahiyyəti etibarilə nə qədər yüksək olsa da, insan üçün azdır. Ona görə də insan öz dünyasını mütləq yaratmalıdır.
Dünya necə varsa, azdır, İnsan öz aləmini yaratmalıdır. Həyat necə varsa, azdır, sən, İnsan, yeni, ali və yüksək həyat yaratmalısan! Sən, İnsan, necə varsansa, azsan, özündən daha ali, daha yüksək, ülvi İnsan yaratmalısan!
Ruh dünyaya, həyata, insana sığmadı, dünyayla, həyatla, İnsanla razılaşmadı, barışmadı, yeni dünya, yeni həyat, yeni insan yaratmaq yoluna qədəm qoydu, özündən kənara çıxdı və qarşısıalınmaz ardıcıllıqla, vəcdlə, ehtizazla Mütləqə qovuşmağa can atdı.
Ruhun Mütləq Mahiyyəti onun Mütləqlə bir olmaq meylində aşkara çıxır. Bununla Ruh İnsanın dünyada yerini, mövqeyini təyin edir.
Sən – insan bütün canlılardan fərqli olaraq, dünyaya yalnız həyat sürmək, qidalanmaq, özünü mühafizə etmək, cismani tələbləri ödəmək üçün gəlməmisən. Sən özündən böyüyə, aliyə ucalmaq, heyvaniliyi rədd etmək, Mütləqə yüksəlmək üçün gəlmisən. Bu səbəbdən də heyvanat aləminə xas olan keyfiyyətlər səndə yeni mahiyyət kəsb edir, mənəviyyatında ülvilik peyda oldu, analıq, qəhrəmanlıq, aşiqlik, idrakilik qüdsiyyəti doğdu. Şəhvaniliyin üzərində qələbə çalıb məhəbbət yaratdın, xudpəsəndliyi öldürüb, qəhrəmanlıq zirvəsinə qalxdın, özünü dostluqda tapdın, idrakınla dünyaya qovuşdun, ideal arzulara, niyyətlərə tapındın, dünyayla, özünlə kifayətlənmədin, Mütləqlə bir olmağa can atdın. Dünya, həyat sənə nə verdisə – az oldu, həm də dünyanın, həyatın əsil mənasını dərk etdin. Məhəbbətdə özündən yüksəyə calandın, dostluqda özündən kənara çıxdın, musiqidə Mütləqin səsini eşitdin, idealda dünyanı, həyatı və özünü kamillik zirvəsinə qaldırmaga cəhd göstərdin, gözəlliyin mənasını kəşf etdin, ülviyyəti qəlb evinə gətirdin, əqidə, amal Müqəddəsliyinə səcdə qıldın, cəmiyyətə, mühitə, sıgmadın. Dünyada Mütləqin nişanələrini gördün və ona heyrət etdin. Başqa İnsanda Mütləqin təzahürünü gördün və Aşiqlik ülviyyəti əldə etdin. Dünyanın Mütləq mənasını dərk etməyə çalışdın və dahilik yüksəkliyi əldə etdin. Amalda – Mütləqin ifadəsini tapdın və cəngavərlik Qüdsiyyəti əldə etdin. İnsanı Mütləqə yaxınlaşdırmaq Qüdrətində Mütrəq Məna kəşf etdin və Peyğəmbərlik siqləti əldə etdin.
Bəsitdə, bayağıda dayanmadın, ucalığa, sonsuzluğa meyil etdin və xəyal ənginliyi əldə etdin. Mütləqi sadəcə dərk etmədin, o, sənin qəlbində, Mənəviyyatında təzahür etdi və onları təlatümlü, vəcdli, ehtizazlı duyğularla doldurdu. Mütləq Mənəviyyatını həm işıqlandırdı, həm də sarsıtdı, həm nizamladı, həm də vəcd məqamına çatdırdı.
İnsanın Mütləqə pərəstişi Mütləq səciyyə daşıyıb. İnsan sevgilisinə baxıb – onda Mütləqi görüb! Dostuna baxıb – onda Mütləqi görüb! İdealına baxıb – onda Mütləqi görüb! Amalına, əqidəsinə baxıb – onda Mütləqi görüb! Özünə baxıb və özündə Mütləqə canatma tələbi görüb və özünü mənən təmizləməyə, ülviləşdirməyə, xalisləşdirməyə, özündən yüksəyə qaldırmağa çalışıb.
Mütləq tələb onda Əxlaq zəruriyyəti yaratdı. Əxlaq insanı çirkabdan, eybəcərlikdən, heyvanilikdən xilas olmağa çağırdı.
Vicdan – başqasının Mütləq mənasını dərk etmək, onu qiymətləndirmək, sevməkdir.
Sən İnsansan, deməli, Başqasına yalnız Başqası kimi baxa bilməzsən, ona özünə baxan kimi baxmalısan! Vicdanın tələbi budur!
Heyvanat aləmi – yırtıcı aləmdir və bu aləmdə başqası – yaddır, düşməndir, şikardır, qurbandır. Sən isə başqalarına belə münasibət bəsləyə bilməzsən – vicdanın ağrıyar.
Dünyadakıların hamısından fərqli olaraq insan dünya tərəfindən həyata gətirilir, ancaq özü tərəfindən yenidən yaradılır. Dünyanın verdiyindən insan tamamilə yeni varlıq, keyfiyyət yaradır.
Həyata yeni canlı gətirmək təbiətə xas olan ümdə xüsusiyyətdir. Ancaq insanda o, Analıq ülviyyətinə yüksəlir. Analıq – mehrin, məhəbbətin, dözümün, fədakarlığın, özündənkeçmənin ali, rəmzi səviyyəsinə qalxır.
Təbiətdə dişilik kimi meydana gələn bir keyfiyyət insanda qadınlıq ucalığına çatır. Burada daxili zəriflik, mənəvi və cismani məlahət, sehirli, sirli əzəmət, mərhəmət, nəvaziş öz gözəl ifadəsini tapır.
Təbiətdə erkəklik şəklində təzahür edən bir keyfiyyət insanda kişilik möhtəşəmliyi yaradır. Burada mətanət, vüqar, iradə, cəsarət özünün parlaq ifadəsini tapır.
Təbiətdə yalnız nəsil artımına və fizioloji ehtiyaca arxalanan cinsi əlaqələr, insanda məhəbbət şeiriyyəti və ailə qüdsiyyəti yaradır, ata-ana müqəddəsliyi, övlad ləyaqəti törədir.
Dünyadakıların hamısı gerçəkliklə, bugünlə məhdudlaşır, ona pərçimlənir, ancaq insan gerçəkliyə sığmır, ondan kənara çıxır.
Dünyadakıların hamısında Mütləqin nişanələri olur. Ancaq onlar üçün Mütləqin özü yoxdur, onların heç biri Mütləqi dərk etmir, Mütləqlə yaşamır. Tək insan Mütləqi Mənəviyyatında görür, onunla bir olmağa can atır.
Dünyadakıların hamısı təbiətə təmənnalı münasibət bəsləyir, onu mənimsəyir. Yalnız insan dünyaya təmənnasız münasibət bəsləyir, təbiətə heyrətlə baxır, onu insaniləşdirir.
Dünyadakıların hamısı üşün dünya ondan kənarda mövcuddur. Yalnız insan üçün dünya onunla birgə yaşayır. Insan özüylə dünya arasında fərqi gördü, ancaq bu, insanı dünyayla yadlaşdırmadı, insanla dünyanın vəhdətinə mane olmadı.
Dünyadakıların hamısı təbiətlə bir qaldılar, yalnız insan təbiətdə qala bilmədi, ondan ayrıldı, öz dünyasını, tarixini, idrakını yaratdı, ancaq təbiətə biganə qalmadı, onu sevdi.
İnsan dünyadakılardan ayrılmalıydı, çünki onlardan çox uzağa getmişdi, fərqlənmişdi, öz ruhani xilqətiylə dünyaya sığmırdı. Dünyadakıların heç biri dünyanı dərk etməmişdi, onlar üçün dünya dolanma mənbəyi idi, onlarda təmənnasız dərketmə ehtiyacı yox idi. Yalnız insanda sönməz və sonsuz idrak eşqi yaşayırdı.
Dünyadakıların heç birində Xeyir və Şər təsəvvürü, Xeyirə qarşı məhəbbət, Şərə qarşı nifrət yox idi. Yalnız insan Xeyiri Şərdən ayırdı, Xeyir ilə Şərin dərin, təzadlı fərqini, Xeyirin Müqəddəsliyini, Şərin qəbahətini dərk etdi, Xeyiri sevdi, Şəri lənətlədi.
Dünyadakıların heç birində maddi həyatdan kənara çıxan mənəvi ehtiyac yaranmadı. İnsan üçün maddi həyat az idi, əsil insani yaşayış ondan kənarda, onun üzərində idi.
Dünyadakıların heç birində ideal, kamil dünyaya meyil yox idi. Yalnız insan kamil dünya, kamil həyat və kamil insan idealı yaratdı.
Dünyadakıların hamısından fərqli olaraq, insan söz səlahiyyətinə malik oldu və söz vasitəsiylə Mütləqi ifadə etdi. Dünyadakıların hamısı nə dünyaya qovuşa bildi, nə də dünyada öz müstəqil mahiyyətini saxladı.
Yalnız insan həm dünyaya qovuşdu, həm özünün müstəqilliyini saxladı, həm də özü olaraq qaldı.
Dünyadakıların heç biri başqası üçün ölmək, əzab çəkmək böyüklüyünün nəşəsini dadmadı. Bu ali səadət yalnız insan bəxtinə düşdü.
Dünyadakıların hamısı qismətini dünyaya tapşırdı, öz qismətlərinin sahibi olmadı! Tək insan öz qismətinin sahibi oldu.
Lakin insan da başqa canlılar kimi Mütləq ola bilmədi, çünki onda naqislik, natamlıq, eybəcərlik oldu. İnsan təbiətdən ali, Mütləqdən aşağı oldu. Mütləqə ən çox yaxın oldusa da, Mütləqlə insan arasında böyük sədd peyda oldu. İnsan Mütləq qədər möhtəşəm, pak, gözəl, müqəddəs ola bilmədi. Naqislik, natamlıq, eybəcərlik onu addımbaaddım izlədi, Məhəbbətlə yanaşı, qəlbində qızğın şəhvət yaşadı. Mərhəmətlə yanaşı, nifrət, kin-küdurət, vəhşi parçalamaq hərisliyi insanda qoşalaşdı: insan dünyanı qan dənizinə qərq etdi.
Vicdanla yanaşı, xudpəsəndlik, qəddarlıq, amansızlıq, xəbislik, hakimiyyət ehtirası insan ülviyyətini sarsıtdı.
Analıq, yüksək qadınlıq şeiriyyəti ilə yanaşı, nəşəsevərlik, məkr, var-dövlət əsarəti! Həya, ismət qüdsiyyətiylə yanaşı, vəhşilərdən miras qalmış hərcayilik! Kişi qeyrətiylə yanaşı, kişi qorxaqlığı, alçaqlığı, qəbahəti! Mənəvi ləyaqət əvəzinə – azğınlıq, xəyanət, hiylə! Həqiqət eşqi əvəzinə – yalana tapınmaq, yarımhəqiqətə qapılıb qalmaq, həqiqətdən qorxmaq!
İnam əvəzinə – xurafat, qorxu, zor!
Gözəlliyə səcdə əvəzinə – eybəcərliyə qovuşma! Heyvanilikdən qorxmaq əvəzinə – mənəviyyatdan qorxmaq! Ruhani duyğularla yaşamaq əvəzinə – maddi mənfəətdə ilişib qalmaq! Özüylə döyüş əzəməti əvəzinə – çirkin ehtirasların gözəl ehtiraslar üzərində qələbəsi! Özündənkeçmə əvəzinə – böyüklükdən, ucalıqdan, əsillikdən keçmə! Fədakarlıq əvəzinə – fəndgirlik, ruhanilik əvəzinə – yırtıcılıq! Mütləqə qovuşmaq əvəzinə – cılız “Mən”ə qovuşmaq və onu Mütləq saymaq! Əsil Mütləq əvəzinə – saysız-hesabsız yalançı Mütləqlər!
İdealda Mütləqə can atmaq və gerçəklikdə nisbiyə çatmaq! Xeyrə can atmaq və Şəri qəbul etmək! Aldanmaq və aldatmaq, əsil böyüklüyü görməmək, kiçiklikdə böyüklük axtarmaq! Bugündən kənara çıxmaq həvəsi və bugündə dayanmaq ətaləti! Ani olaraq ülvilik zirvəsinə qalxmaq və onda dayana bilməmək, bəsitliyə enmək! Əzabkeşliyi vəsf etmək və əzabdan qaçmaq! Ali niyyəti alçaq vasitələrlə həyata keçirmək! Ruhani qohumluğu rəqabət yadlığıyla zəhərləmək! Vəhşiliyi damğalamaq və daim özündə daşımaq! Özünə inanmaq və özündən əl çəkmək! Günahdan çəkinmək və günaha meyil etmək! Bir biçimli şəri məhv edib, başqa biçimli şəri qəbul etmək! Eybəcərliyi ülvilik şəklində təsdiq etmək!..
İnsan Mütləq olmağa çox cəhd göstərdi. Ancaq ola bilmədi.
Daxilindəki naqisliklər, eybəcərliklər, natamlıqlar buna imkan vermədi, özünün əvvəlki çirkinliklərindən və sonra qazandığı qəbahətlərdən xilas ola bilmədi. Lakin Mütləq İnsan, Mütləq Dünya və Mütləq Həyat inadından əl çəkmədi. Nə qədər ki, bu niyyət vardı, İnsan yaşayırdı. Həmin niyyət, arzu ölsəydi, İnsan da ölərdi.