Xəbərlər

Asif Ata. İnsanilik Əvəzsizliyi

Cəmiyyət – İnsan yaratmır, yarada bilmir, yaratmaq istəmir. İnsaniliyi Qanunlarla əvəz eləmək istəyir.Cəza – Ləyaqət əvəzi olur; qəbahət ölmür, yaşayır və cinayət yaradır; adamlıq, nisbilik dəyişməz qalır, cəza adamları cinayətdən çəkindirir, ancaq cinayəti öldürmür, cinayət yaşayır və təzə cinayətkarlıq peyda olur.
Adam İnsan olmur – bu səbəbdən də Həyat dəyişmir.
Adam İnsan olmayınca cinayət ölmür, yaşayır; – Cəmiyyət, Adamı İnsandan eləyir; bu səbəbdən də cinayəti yaşadır.
Cinayətin Qəbahət mənbəyi yaşadıqca özü də yaşayır.
Cinayətin cəzasından qorxursan, Qatilliyindən, Haramlığından, Vəhşiliyindən, Namussuzluğundan çəkinirsən, Qorxu İnsaniliyini əvəz edir; –
Daxildən dəyişmirsən, İdrakın, Mənəviyyatın dəyişmir, vicdana qovuşmursan, cəza səni cinayətdən çəkindirir, səndəki qəbahəti daxilindən silmirsən, daxilində yaşadırsan.
Cəmiyyət Qanunları İnsaniliyi əvəz edə bilmir.
Qadağa Kamilliyi əvəz edə bilmir.
Cinayətkar cəzalanır, cinayət yaşayır.
Qatil olmursan, çünki qorxursan, Qatilliyin isə daxilində yaşayır, Qorxu səni Qatillikdən çəkindirir – ancaq Qatilliyi daxilindən silmir, Qanunlar səni cəzalandırır; – sən özünü dəyişmirsən.
Nə qədər Adam İnsan olmayıb, o, baş kəsəcək.
İnsaniliyin əvəzi yoxdur.
Cəza İnsaniliyi əvəz etmir.
Haramçı olmursan, çünki qorxursan, qorxu səni haramçılıqdan çəkindirir, ancaq haramçılığı daxilindən silmirsən, Qanunlar səni cəzalandırır – sən özünü dəyişdirmirsən.
Nə qədər Adam İnsan olmayıb, o, harama qatılacaq. Cəza İnsaniliyi əvəz eləmir.
Vəhşiliyini buxovlayırsan; çünki cəzadan qorxursan. Vəhşiliyin daxilində yaşayır – Qorxu səni Vəhşilikdən çəkindirir; sən özünü daxildən dəyişdirmirsən.
Nə qədər Adam İnsan olmayıb, o, vəhşilikdən xilas olmayacaq.
Cəza İnsaniliyi əvəz eləmir.
Namussuzluğunu cilovlayırsan, çünki Cəzadan qorxursan: namussuzluq isə daxilində yaşayır. Qorxu səni namussuzluqdan çəkindirir; – sən özünü daxildən dəyişdirmirsən.
Nə qədər Adam İnsan olmayıb, o, namussuzluq çirkabından çıxmayacaq.
Cəza İnsaniliyi əvəz eləmir.
İnsana İnsanilik Qanunları gərəkdir.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir