Xəbərlər

Asif Ata Mənəviyyat

İnsan anladı ki, özüylə, daxilindəki şər ehtiraslarla döyüş­mək lazımdır. Bu döyüş İmtina zəruriliyini yaratdı. İnsan Şərin vəd etdiyi səadətlərdən əl çəkdi, onları heç saydı. Onda hərcayi hisslərlə vidalaşmaq əzmi yarandı və o, daxili aləmini eybəcər­liklərdən təmizlədi. İmtina insana dedi ki, sənin daxilində hər şey sayılan, lakin heç nə olan duyğular da yaşayır. Onlar heçliklə səciyyələnən hadisələr törədirlər. Sən dəbdəbəli möhtəşəmliyin, Yerə-Göyə sığmayan qüdrətin heçliyini dərk etməlisən. Yırtıcılığı sarsılmaz, ölməz qüdrət sayanlar var. Ancaq əsil insan onun heçliyini anlamalıdır, ondan əl çəkmə­lidir. Yırtıcılıq – qorxudur, məhv edir, öldürür, zəbt edir, ancaq bütün bununla bərabər, o, heçlikdir. Ümumən dünyada hər şey kimi təqdim olunan, şərh olunan, təbliğ olunan, əslində heç şey olan hadisələr var.
Onların heçliyini gözlə və ağılla görmək olmur, ruhla görmək olur.
GÖZ – zahiri tərəfləri görür, mahiyyətə enmir, görünənlə kifayətlənir.
AĞIL – zahirdəkini daxili məzmunla eyniləşdirir. Yalnız RUH heçliyi dərk edir, çünki daxili məzmuna sirayət edir, mahiyyəti aşkara çıxarır.
RUH deyir ki, gözün və ağlın heyrət etdikləri əzəmət əslin­də heçə bərabərdir və ondan İmtina etmək gərəkdir. Heçliyi kəşf etməklə Mənəviyyat Müdriklik qüdrəti qazanır. Haki­miyyət əzəməti – idraki nailiyyət və ilahi qüdrət sayıla bilər. Ancaq RUH insana deyir ki, bu zabitəli ehtişam əslində heçlikdir və dağ kimi görünən heç daş da deyil.
İnsanların ağlını söndürən, duyğularını bulandıran, iradəsini sarsıdan hakimiyyət ehtirası – bir heçdir.
Şəhvətin mütləq hökmü haqqında təsəvvürlər bəsit ağıllarda kök salsa da, cinsi ehtirasın köləyə çevirdiyi iradələr, yıxdığı evlər hədsiz olsa da – şəhvət heçdir!
Ruhun söylədiyi bu həqiqət İmtina zəruriliyini tələb edir. Ruh deyir ki, gözə görünən çox vaxt hadisənin məzmununu ifadə etmir, cılız mahiyyətini hər şey kimi qələmə verən hadisələrin əsil mənası heçə bərabərdir.
Şöhrətpərəstliyin, xudpəsəndliyin, hərisliyin azğın hökmü səni aldatmasın. Bu hökm ona görə sonsuz görünür ki, onun heç olmasını insanlar bilmir.
Mənəviyyatın ilk pilləsi – özüylədöyüş məqamı İmtina labüdlüyünü təsdiq edir.
Bu pillə insanı özüylə və dünyayla razılaşmamağa, kifayətlənməməyə, özündəki heçlikdən azad olmağa çağırır. İnsan mənəviyyatın ilk məqamında dərk edir ki, o, özünü dünyada təbiətin yaratdığı kimi realizə etməməlidir, çünki təbiətin yaratdığı xilqət kimi onun daxili aləmi bulanıq və qaranlıqdır, orada hər şeylə yanaşı, heç şey də var, özünün ruhani mahiyyətini, sığmazlıq xilqətini, ilahi böyüklüyünü aşkara çıxartmaq üçün o, mütləq heçlikdən İmtina etməlidir. Bir sözlə, İnsanın həyat və özü qarşısında borcu – özünü daim kamilləşdirmək, özünə yaxınlaşmaq, özünə çatmaqdır! Bunun üçün o, özünün müəyyən cəhətlərindən əl çəkməli, təbiətin səhvini düzəltməli, təbiətin verdiyiylə kifayətlən­məməli, məhdudlaşmamalıdır.
İnsan qət etdi ki, onun insani aqibətində gərginlik, iradənin Şər ehtiraslar üzərində qələbəsi əsas olacaqdır… İnsan bildi ki, mənəviyyat – İradənin ömürdə ruhani rol oynamasıdır, yəni iradə ruhun tələbi əsasında insanı mənən kamilləşdirir, özünə yüksəldir.
Ruh iradəni istiqamətləndirir. İradə ruhun əmrini yerinə yetirir, nəticədə mənəviyyat yaranır. Təbiətin övladı olan ilkin insan – ruhun, insanın özünün yaratdığı ikinci insana çevrilir. İkinci insanın peyda olması İmtina mərhələsində baş verir. İmtina deyir ki, Mən – İnsan sən – Təbiətin yaratdığı MƏNlə razılaşmıram, onun naqisliyindən əl çəkirəm və daha gözəl, daha kamil MƏNimi yaratmağa başlayıram.
Mənəviyyatın ikinci pilləsində VİCDAN qüdsiyyəti təsdiq olunur. Vicdan insana deyir ki, sən insan olduğun üçün məhəb­bətli, mərhəmətli, həqiqətsevər, xeyirxah, ədalətli olmalısan! Sən insan olduğun, insan sayıldığın üçün qüdsiyyətdən, ali hisslərdən uzaq ola bilməzsən! Sənin insaniliyin sənin mənəvi hökmdarındır. Mərhəmətsiz, məhəbbətsiz, həqiqətsiz olsan – insanlığın səni dara çəkər. Vicdan ülviyyətinin ali mənası bundadır. Cəmiyyət qanunlarının verdikləri cəzayla yanaşı, mənə­viyyatın, ruhaniliyin, vicdanın verdiyi cəza da var. Mənəvi eybəcərliyin qəlbini qana döndərər, hissiyyatını sarsıdar, sən özünü cəzalandırarsan və bu cəza dünyada ən ağır cəza olar. Rəhmsizliyin, zalımlığın, qəbahətin zahiri qanunla cəzalanmasa, daxili hakimin əmriylə mütləq cəzalanacaqsan və içərində cəhənnəm odu yanacaq, həmin od səni daim yandırıb yaxacaq.
Vicdan insanı özünün hökmdarına çevirdi, bu, insana verilən ən böyük qiymət idi. Bununla vicdan dedi ki, insan özü üzərində hakim olmağa layiqdir, onun başı üzərində qılınc kimi dayanan cəmiyyət qanunlarından daha qüdrətli, daha təsirli mənə­­viyyat qanunları var və insan bu qanunların tələbi əsasın­da yaşamalıdır. Vicdanın təsdiqiylə İnsan özündə ikinci insanı yaratmaq yolunda böyük qələbə əldə etdi.
Vicdan insan taleyini, aqibətini insanın sərəncamına verdi, onun ali xilqətinə tam inandı, zahiri qanunların nisbiliyini aşkar etdi. O, insanın daxili dünyasında yaşayan ruhani duyğuları kəşf etdi, insanın insan və dünyayla vəhdətini təsdiq etdi. Vicdan vasitəsiylə İnsan özünü yenidən tanıdı; mən özümə sahib ola bilərəm, özümlə döyüşdə qələbə çala bilərəm, özümə layiq ola bilərəm, – dedi.
Mənəviyyatın üçüncü və ən yüksək pilləsində insan Özün­dən­keçmə müqəddəsliyinə ucalır. Özündənkeçmədə, fədakar­lıqda, qəhrəmanlıqda insan özünün özündən yüksək mahiy­yətini tam dərk edir.
Özündənkeçmə insanın özünü özündən yüksəkdə büruzə verməsidir. Burada imtinayla özünütəsdiqin əvəzsiz vəhdəti meydana gəlir. İnsan öz həyatından, rahatlığından, adi insani tələblərindən, rifahından imtina edir, özündən əl çəkir. Ancaq bu özündən əl çəkmədə o, özündən daha böyük qüdrətə qovu­şur: əqidəyə, məhəbbətə, bəşərə, vətənə, sabaha, ideala! Özü­nün gerçək Mənindən əl çəkməklə o, ideal, ruhani, bugündə tam aşkara çıxmayan, özündən böyükdə təcəssüm olunan “Mən”inə qovuşur.
Qəhrəman cismən məhv olur, yaxud dəhşətli əzaba düçar olur, Yer səadətindən məhrum olur.
Təbiidir ki, burada İmtina gücü çox böyük olur. Ancaq qəhrəmanlar, fədakarlar, əzabkeşlər bununla həm də özlərini, iradələrini, ağıllarını, mətanəti, qorxmazlığı sonsuz bir gözəl­lik­lə təsdiq etmiş olurlar. Çünki onlar özündən böyüklə eyni­ləşir, onun ikinci adı, ikinci mənası olurlar. Ən kiçik özündən­keçmə belə, özündən yüksəyə qalxmaqdır. Başqasının əzabını bölüşdürürsən, daxili “Mənin” artır, böyüyür, yüksəlir, sənin “Mən”inə digərinin “Mən”i qovuşur. Dünyada özündənkeçmə zəruriliyi var və bu daxili zəruriyyətdir. İnsanda özünü başqasına həsr etmək, duyğularını, düşüncələrini başqalarına bəxş etmək, bəşərləşmək, dünyalaşmaq ehtirası güclüdür. Bu meylin arxasında insanın qeyri-şüuri şəkildə özünün sığmaz­lıgını dərk etməsi dayanır. İnsan anlayır ki, özündə qala bilməz, özüylə məhdudlaşa bilməz. O, özündən kənara çıxmalı, özünü özündən böyükdə tapmalıdır. İnsanda həm də özünü qurban vermək meyli böyükdür. Bu duyğuda insanın öz ruhaniliyini anlaması və cismani mövcudluğa qeyri-şüuri etinasızlıq var. Mən cismimi amalıma fəda edirəm və bununla da ruhumu təsdiq edirəm; az əhəmiyyətlini çox əhəmiyyətliyə qurban verirəm. Amalım, Əqidəm, Məhəbbətim o qədər müqəddəsdir ki, özümü onlardan ayrı təsəvvür etmirəm. Onlar məndən böyükdürlər, ancaq mən yalnız onlarda tam özüm oluram. Mən onlara can atıram, özümü onlarda itirirəm, həm də onlara cevri­lirəm, onlar oluram. Mənim bəsitliyim itir – qeyri-adiliyim qalır, təkcəliyim itir – hamılığım qalır, adiliyim itir – müqəd­dəsliyim qalır, təbii varlığım itir –ilahiliyim qalır.
Özündəkeçmə İnsanda özündən yüksəyə olan vəcdin, ehtizazın, heyrətin hüdudsuzluğuyla baglıdır. Heyranlıq İnsanı özündən kənara çıxarır, aliyə qovuşdurur. Heyran olmaq – özünə sığmamaq, özündə qalmamaq, özündən kənardakına can atmaq, özünü onda itirmək deməkdir.
İmtinada İnsan heyvaniliyindən ayrılır, Vicdanda ləyaqətini təsdiq edir, Özündənkeçmədə özünün özündən böyük mənasını tapır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir