Xəbərlər

Asif Ata. Mütləq Fəlsəfəsi (“Olan və Olmayan” kitabından)

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır.
İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil.
Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür.
Materializm – Mütləqi görmür, Təzahürü – yəni nisbini, keçicini, sonlunu, qeyri-kamili görür.
Mütləqi yalnız Ruhani İdrak dərk etməyə qadirdir.

Ata Fəlsəfəsi – Mütləq Fəlsəfəsidir, Mütləqi dərk edən Fəlsəfədir.

Ata Fəlsəfəsi – həm də İnsan Fəlsəfəsidir,  yəni İnsanın Mütləq Mahiyyəti haqqında təlimdir.

Ata Fəlsəfəsi – həm də Mənəviyyat Fəlsəfəsidir,  İnsanın Özünə çatması haqqında təlimdir.

Ata Fəlsəfəsi – həm də İdrak Fəlsəfəsidir,  Ruhani İdrak haqqında təlimdir.

Ata Fəlsəfəsi – həm də Cəmiyyət Fəlsəfəsidir, Ruhani Dövlət haqqında təlimdir.

Ata Fəlsəfəsi – nə materializmdir, nə də idealizm.

O, Dünyaya Ruhun gözüylə baxmaqdır.

Ruh anlayışında Xurafat yoxdur.

Ruh – Mütləqin İnsanda ifadəsidir.

Mənəviyyatın yaradıcısıdır, Həqiqətin, Ədalətin carçısıdır, həm də Zəkadan yüksək idrak növüdür; Mütləqi, Sonsuzu, Əbədini, Kamili dərk edən Qüdrətdir.

Din Ruhdan öz məqsədi üçün istifadə etməyə çalışır, ancaq Ruh – dinin məhsulu deyil!

Ruh – İnsaniliyin təsdiqidir.

Müasir hakim Fəlsəfə – Dini aradan qaldıra bilmir, çünki Mütləqi rədd edir, bu səbəbdən də Fəlsəfi İnam yarada bilmir.

Ata Fəlsəfəsi – Dini aradan qaldıra bilər, çünki Mütləqi təsdiq edir, Fəlsəfi İnam yaradır.

Müasir hakim Fəlsəfə – Mənəvi şəxsiyyət yarada bilmir. Çünki İnsanı maddiyyata pərçimləyir.

Ata Fəlsəfəsi – Mənəvi şəxsiyyət yaratmağa qadirdir, çünki İnsanı Ruhani xilqət sayır, onu Mütləq Mahiyyətə bərabər olmağa çağırır.

Müasir Hakim Fəlsəfə – əslində Həqiqət tanımır, çünki Mütləq tanımır.

Ata Fəlsəfəsi – Həqiqət tanıyır, çünki Mütləqlidir.

Müasir Hakim Fəlsəfə – İnsani cəmiyyət yarada bilmir, çünki maddi tərəqqidə İnsanı itirir.

Ata Fəlsəfəsi – İnsani cəmiyyət yaratmağa qadirdir, çünki tərəqqinin mənasını ruhaniliyin təsdiqində görür.

Ata Fəlsəfəsi – İdrak tarixindən təcrid deyil, ancaq onu – ən çox həyatın Tələbi yaratdı.

İnamsızlıq əvəzinə – İnam, insansızlıq əvəzinə – İnsan, mənəviyyatsızlıq əvəzinə –Mənəviyyat, idraksızlıq əvəzinə – İdrak, ədalətsizlik əvəzinə –Ədalət tələbi!

“Ata Fəlsəfəsi” sözündə inadkar bir niyyət də yaşayır: Ata Fəlsəfəsinin Övladlar Fəlsəfəsinə çevrilməsi!

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir