Xəbərlər

Asif Ata Mütləqlə Görüş

– Sən əbədisən, möhtəşəmsən, sonsuzsan, əvəzsizsən, sənə səcdə qılıram.
– Mən Sənəm, Özünü yaxşı tanı. Mən Səndə Varam.
– Mən Sən ola bilmərəm. Ağlım naqisdir, hissiyyatım bulanıqdır, iradəm zəifdir, qədim olsam da, naşıyam, özümə ləyaqətli həyat qura bilməmişəm, yanlışlıqlar içərisində itmi­şəm, çox axtarıb az tapıram, yaratdıqlarıma sahib olmamı­şam, ehtiraslarımı cilovlamağı bacarmamışam, daxilimdəki şəri öldürməmişəm. Mən Sən deyiləm. Sən ola bilmərəm. Özünü mənə oxşatma. Sənin yanında mən bir heçəm.
– Ona görə ki, özündə deyilsən, özün ola bilməmisən. Ruhun alidir, Mütləqdir –  onu eşitməmisən! Məhəbbətin ilahi­dir –  onu qəlbindən qovmusan! Müqəddəslik duyğun ülvi­dir –  ondan əl çəkmisən! Peyğəmbərlik siqlətin əzəmətlidir – onu anlamamısan! Özündən aliyə qovuşmaq həvəsin zəruridir – ondan əl çəkmisən! Mahiyyətin, mənan genişdir, lakin mühitə sığmısan! İndiyə qədər sən özün olmamısan!
– Zəif olduğum üçün olmamışam! Zəifliyimi dərk etmişəm və zəif qalmışam. Sən hədsiz dərəcədə güclüsən və bu səbəbdən də gücünü dərk etmisən. Mən Sən olsaydım, güclü olardım.
– Sən öz Allahlığını özündən ayırıb nadir övladlarında təcəssüm etdirmisən. Peyğəmbərlərin səni öz ürəklərində görüblər, dahi sənətkarların əsərlərində vəsf ediblər, musiqidə ilahi səsi eşitmisən, qəhrəmanlarında, fədakarlarında ölümsüz qüdrətini hiss etmisən. Özün isə özündən ayrı düşmüsən, çünki naşılıgın, şərin, naqisliyin sözünü eşitmisən və öz təbiətinin əksinə yaşamısan!
   – Hərcayi sözlərə qulaq asanı Mütləq saymaq olarmı? Mütləq olsaydım, Şəri eşitməzdim.
– Sənin ruhani mənan ilahidir, cismani mənan bəsitdir. Daxilində həm Mütləq, həm də Nisbilik yaşayır. Ancaq mahiy­yətin – Mütləqdir, buna görə də sən şəri daxilindən silməyə qadirsən. Ancaq sən bunu eləmirsən, Mütləqin gücünə arxalan­mırsan, Mütləqi unudursan, onu qəlbində görmürsən və nisbi, natam, bayağı ehtiraslar, düşüncələr həyatına hakim olur. Sən elə bilirsən ki, busan, özünə inamın sarsılır və şər qüvvələr səni öz alətinə çevirir.
Deməli, mən yenə də Sən deyiləm. Sən bütövsən, mən yarımçığam, sən vahidsən – mən müxtəlifəm, sən paksan – mən bulanığam.
– Mən Mütləqəm, sən özündə Mütləqi gəzdirən. Fərqimiz bundadır. Mən İşığam, qəlbinə axmışam. Sən İşığı unutmusan, qaranlığa qovuşmusan. Sənin bütövlüyün mahiyyətindədir, Mahiyyətin isə – Mənəm. Sən – Mənsən!
Mahiyyətinin ifadəsində – Mütləqlə yanaşı, nisbi, yanlış, şər də aşkara çıxırsa – bu səni çaşdırmasın. İfadə mahiyyətdən aşağıdır. Sənin bəlan ondadır ki, zahirdəkinə uyursan, daxildəkini unudursan, Allahlığından ayrılırsan. O zaman ki, sən öz Peyğəmbərlərinə, Qəhrəmanlarına mənən, idraklı, hissi yaxınlaşacaqsan, onda özün olacaqsan, Mütləqə qovuşacaqsan.
– Demək istəyirsən ki, mənim gücüm sonsuz, duyğularım, düşüncələrim mütləq mənada ülvi olacaq, idealım tam həyata keçəcək, mən Sənin kimi ölümsüz olacağam?! Bu mümkün­dürmü?!
– Özünü dərindən anla! Bunların hamısı səndə var. Özündən əl çəkdiyin üçün onları özündə görmürsən. Ruhani qüdrətin hüdudsuzdur: o səni ülvi şəxsiyyətə çevirə bilər, daxili aləmini mütləq mənada saflaşdıra bilər, sənə ölümsüzlük bəxş edə bilər, bir şərtlə ki, özündəki Mütləqi görəsən, özünə tam qayıdasan! Əgər özündə Mütləqi görmürsənsə, deməli, insan kimi yaşamırsan. Sən – Mütləqsən, ancaq bunu bilmirsən. Faciən bundadır. Mütləqliyini bilsəydin, ruhsuz, mənəviyyat­sız, idraksız həyatı həyat saymazdın, mühitdə itməzdin, maddi nemətlərin əsiri olmazdın, heyvanat dünyasıyla öz dünyan arasında fərqi görərdin, məhəbbətin ilahi mənasını qoruyardın, daxilini çirkin duyğulardan təmizləyərdin, mütilikdən, köləlik­dən, qorxu kabusundan xilas olardın, həqiqəti, ədaləti özün qədər sevərdin. Bunlardan ona görə uzaqsan ki, özündəki Mütləqi görməmisən!
– Mütləqdən ayrılmışam, deməli, Mütləq olmağa layiq deyilmişəm! Özünü mənə bənzətmə! Mütləqsən, ona görə də özündən ayrılmamısan!
– Sənin Mütləqə qayıtmaqdan başqa əlacın yoxdur. Nisbi idrakla, mənəviyyatla, hissiyyatla sən yaşaya bilməyəcəksən. Ya Allah olmalısan, ya da ölməlisən! Başqa yol yoxdur!
Mütləqin səsi zəhmli, hökmlü və sərt idi!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir