Xəbərlər

Asif Ata Ocağının “Ruhani İdrak Günü” Mərasimi keçirildi

25 Çiçək Ayında (aprel) Asif Atanın Mütləqə İnam Ocağı “Ruhani İdrak Günü” Mərasimini həyata keçirdi. Öncə Mərasim ritualları icra olundu: – “Ata Haraylari” səsləndirildi, “Təbiətdəki Mütləqlə Gündüz Təması”, “Ataya Günorta Ricası” deyildi, Üstün Atalı “Ruh üstə” izharını söylədi.  Ocaqda vəfat edənlər – Sabahlı, Bağban, Amaltay anıldı. Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı. O, Günev Atalının gördüyü işlər haqqında danışarkən onun və Elananın fərəhini xüsusi qeyd elədi. Onların xalqlaşma soraqlarının bölgədə geniş yayıldığını vurğuladı. Soylu Atalı “Ruhani İdrak Günü” Mərasiminin Ocağın 13-cü ilində yarandığını qeyd elədi: “Bölgələrdə yaşayan Ocaqçıları düşündürən sualları Ataya ünvanlamaq üçün belə bir Mərasimin yaranması təklifimizi Ata qəbul elədi. Ocağın bütün addımları Ruhani İdraka bağlıdır. Ruhani İdrakla gələcəyi görmək olur. Ruhani İdrakla görmək olur Şəri də, Xeyri də. Ruhani İdrakla görmək olur İnsanlığın bütün tələblərini. “Ruhani İdrak Günü Mərasimi” bu dediklərimizi özündə məktəbləşdirir. Biz Atadan nə öyrəndik?! – Öyrəndik ki, Yadlıq Sədlərini yurdumuzdan qırıb atmalıyıq. Yadlıq Sədləri dinin antimilli, antiinsani gedişlərindən, tələblərindən ibarətdir, Qlobalçılıq despotçuluğundan, amansızlığından ibarətdir. Yadlığın bir cəhəti quruluş ehkamına bağlıydı, bu da marksizmə söykənirdi. Marksizmi rədd eləmək tələbi hələ də aradan qalxmayıb. Çünki marksizm demokratiyanın, kapitalizmin daxilində yaşayır. Ona görə də Ata deyirdi ki, dünya dairəyə düşüb, dairədən çıxa bilmir. Totalitarizm – demokratiya dairəsi. Totalitarizm marksizmin yaratdığı iqtisadiyyat, maddiyyat Quruluşudur. Demokratiya insansızlıq mühitidir. Necə qırmaq olar bu sədləri? Min dəfə mitinq keçir, bu sədləri qıra bilməzsən. Minlərlə adam topla, qıra bilməzsən. Çünki böyük dəyişikliklər, qlobal proseslər insanların bağırtıları ilə yaranmır. Burada çox ciddi düşüncə, ruhani irdak gərək olur. Ona  görə də Ocaqçı düşünməlidir ki, o, nəyə yetməlidir. Əgər biz Ruhani İdraka yetməsək, bizim ömrümüz istənilən nöqtədə qırıla bilər. Ömrün ruhaniyyatdan qırılması faciədir. Qırılanların fəlakətlərini biz gördük…

Ata deyirdi, Evladda 3 cəhət öz təsdiqini tapmalıdır. Birinci, Bənzərsizlik. Heç kimə bənzəməmək. Yerişin, duruşun tamam Ocaq halında olmalıdır. Daim üstünlük halı. Üstünlük –  insani cəhətləri ilə. İkinci, Əlçatmazlıq. Elə yksəklikdə yaşayırsan ki, adiliyin, keçiciliyin əli sənə çatmır, səni endirmir. Ürəyi həqiqət eşiqiylə dolduranda görürsən ki, dünya öz içindədir, həqiqət ordadır. Gərək hər bir Evlad yalnız ayrı-ayrı məqamlarda özündən yüksəyə qalxmasın,  həmişə özündən yüksəkdə yaşasın. Enməmək qorxuya, cəsarətsizliyə, yalançı gələcək ümidinə. Mən yalnız Mütləqə İnam tələbində gələcəyə inanıram. Bu deyilənlər üçün təbiidir ki, Evladlar arası münasibət ülvi olmalıdır, səcdəli olmalıdır.

… Özün Olmadan heç nəyə Ol deyə bilməzsən. Əgər yadlığı aradan qaldırmaq istəyirsənsə,  özüylədöyüş gərəkdir. İctimai yadlığı aradan qaldırmaq istəyirsənsə, özüylədöyüş gərəkdir. Özüylədöyüşdə Ömür yola çevrilir, böyük məktəbə çevrilir.

… Həyatdan gələn, daxildən gələn gərginlikləri tamamilə qırağa qoymaq lazımdır. Ruhunu yaratmaq, ona sahib olmaq lazımdır…”

Nurtəkin Ataya Səcdə ilə sözünə başlayıb halını ifadə etdi: “Hər zaman həyat məni əzdikcə həyatdan yüksək olmaq istədim, lakin yolumu Ataya rast gələnə qədər tapmadım.

Həyat axarı ilə gedəndə həyatın fərqliliyini görə bilməzsən, həyatın zərbəsini də ala bilməzsən. Həyatın tələblərinə ağıl cavab verir, ödəyir o tələbləri. Hər şey həyat üçün olanda insan dəyərsizləşir, adiləşir. Nöqsanlı olmaq qəbahət sayılmır, çünki həyat fərqlənmək tələb etmir. Fərqlənəndə də elə fərqlənir ki, həyata yaramaq səviyyəsində. Həqiqətsiz yaşamaq  yaşamamaqdır, ömrü həyat axarında itirməkdir.

Həqiqətin ömrümə gəlişi dünyaya, həyata baxışımı dəyişdirdi, gözümü açdı, hər şeyi öz rəngində, ahəngində görməyə başladım. Amala həsr olunduqca idrakım da ruhaniləşdi, özünütəsdiqin nə demək olduğunu anladım. Və bu özünütəsdiq ahəngini hər zaman qorumağa çalışdım. Ata fikri ilə desək, “sonlu dünyada sonsuz yaşamaqdır ruhanilik. Qeyri-kamil dünyada kamil yaşamaqdır”. Bunun anlamına yetəndə, o mütləq tələbi ömürdə gerçək olaraq yaşayanda hər zaman onu qorumağa yönəlir inam da, idrak da. O zaman ki, artıq həyatın axarına qarşı çıxmaq var, onda artıq bu fərqlilikdən doğan təzyiqlərə dözmək də var. O zaman qarşılaşdığım bu çətinliklər mənə daha başqa şeyləri aşkarlayır.

Öz ruhani inadımı sevdim, Amala bağlılığımı, sədaqətimi, ömrümlə Amalda yaratdığımı və bunu qorumaq iqtidarında olduğumu, ölçümün həqiqət olduğunu gördüm və sevdim. Bu, məndə yenidən özümə inam yaratdı. Həyatı, həyat tələblərini özümdən aşagıda görürəm, çünki ona məna ucalığından baxa bilirəm. Münasibətləri, davranışların mənasını o qədər aydın görürəm ki, heç bir şey ağlımı çaşdırmır. Və daim artmaq, artmaq istəyirəm. Ömrü Amalda yaratmaq həm də arzuları, gələcəyi Amalda yaratmaqdır. O gələcəyə doğru daim irəliləməkdir. Amalı mən seçirəm, Amal isə mənim ömrümü seçilmiş aqibətə çevirir. Əbədi yolçuluğa kökləyir”.

Ulusəs Atalı Mərasimlərdə özünü Atanın hüzurunda hiss etmək istədiyini dilə gətirdi:“Atanı zirvə sayıram və bu məsafə, ucalıq məni məsuliyyətə çağırır… Ata deyir ki, Mütləqi yalnız Ruhani İdrakla dərk etmək olar. Dərk olunan hadisə və dərk edən insan. İnsan dərk etməlidir dünyadakı hadisələri. İnsanın təbiətlə, dünyayla ruhani əlaqələri var. Elm isə təcrübədən kənara çıxa bilmir. İdrak ruhaniləşmədiyi üçün dinlərdə yalan yaranır.

… Dünya mahiyyətcə hələ dərk olunmayıb. Elm təbiət hadisələrini kəşf etdikcə şübhələr daha da artır. Mütləqi Allahın ayağına bağlayırlar.

Ata deyir ki, həqiqətin dərki insanla dünya birliyinin dərkidir əslində. Dünyanı dərk edən dünyadakı insaniliyi dərk edir. Atayaqədərki təfəkkür başqa idi. Dünyanı dərk etmək üçün insan dünyadan ayrılmalı olur. Ataya qədər fəlsəfi təfəkkürdə dünyanın mahiyyəti, məna birliyi nəzərə alınmır. Münasibət insanla dünya arasındakı yadlıq əsasında qurulur. Elm də bu təfəkkür əsasında qurulur.

Ruhani idraka yetməyimin gərəkliyinin mənim üçün nə dərəcədə mühüm olduğunu anlayıram.

Mütləqə İnam Dünyabaxışını özüm üçün aqibət seçmişəm. Ocaq ideal həyatdır. Ocaq mənim yaşamımın normasıdır. Dünyada nə baş verir versin, nəinki məni bu yoldan döndərə bilər, əksinə, mənə anladar ki, məhz bu hadisələr ona görə baş verir ki, ruhani idrak zəifdir. Mənim real həyatı Ali həyata yüksəltmək borcum var. Mənim savaşım şərlədir. Mənim savaşım zora məruz qalan insan təfəkkürünü bu zorun əlindən almaqdır. Mənim məqsədim şəri yenmək, ədaləti Yer üzündə bərqərar etməkdir”.

Üstün dedi ki: “Ruhani İdraka yetmək gərəkdir ki, hadisəni ötə biləsən və onun mənasına yüksələsən. Bu həm də mənim tələbimdir. Nəyə görə həyatla üzləşməkdən qorxuram, çünki Ruhani idraka yetməmişəm. Mütləq İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata və Mütləq İradəyə yetməmişəm. Həyat mənim özümlüyümü şər üstə qurmağa yönəldir, Ocaq məni bu şərin içindən çıxarır. Ruhaniyyat daxilimi yaratdığı qədər həyat uçurur. Mühitin, Şəraitin cəzbinə düşürəm və onlara yaxınlaşdıqca mənaya catmaq tələbim məhv olur. Onlara yaxınlaşdıqca özümdən ayrılıram, doğmalarıma yadlaşıram. Bu səbəbdən də eşq üstə köklənirəm. Aşiqliyimiz bizi mənaya doğru yönəldəcək”.

İnamlı Atalı “Ocaqçılığın – Atanı tam anlamaq, oxuyub öyrənmək, onu yaşam tərzinə çevirmək” olduğunu vurğuladı. Ocaq yaşamında bütün məsuliyyətin Ocaqçının üzərində olduğu fikrini qeyd elədi.

Soylu Atalı Ruhani İdrakı yaratmaq nə deməkdir və fərqli mövzularda fikirlərini bölüşdü. O biri Evladlar qoyulan suallar əsasında fikirlərini ifadə etdilər. Ocaq Yükümlüsü Mərasimin halını yüksək qiymətləndirərək, Evladları  bu əhvalla dolmağa, yüklənməyə səslədi. Sonra Evladlıq Nişanələri təqdim edildi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsi ilə Mərasim sona yetdi.

Çiçək Ayı, 34-il.

Atakənd (İnam Evi)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir