Xəbərlər

Asif Ata. SABAH ÜSTƏ (Beşinci Müqəddəs Kəlam)

Bu günün qarşısında 4 təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pulçuluq, Xaricilik.
Bu günün qarşısında 4 əməl var: İnamçılıq, Xalqçılıq, İnsançılıq, Yurdçuluq.
İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dünyaçılıqdır, cənnətçilik-cəhənnəmçilikdir, Yaradan ağalığıdır, itaətçilikdir, cəfəngiyyatçılıqdır.
İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; islam insanı bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir.
İslamda insan aqibəti bütünlüklə Allahdan asılıdır; onun idrakı var, ancaq əslində insan Allahın idrakıyla yaşayır, onun mənəviyyatı var, ancaq əslində insan Allahın mənəviyyatıyla yaşayır; onun iradəsi var, ancaq əslində insan Allahın iradəsiylə yaşayır.
Allah var olduğu dərəcədə insan yox olur.
İslam (və dinlərin çoxu) insanı mənasızlaşdırır.
İnsanın İdrakı var, ancaq əslində o, insana gərək deyil, insana Allahın idrakı gərəkdir.
İslamda idrak mənasızlaşır.
İnsanın Mənəviyyatı var, ancaq əslində o, insana gərək deyil, insana Allahın mənəviyyatı gərəkdir.
İslamda mənəviyyat mənasızlaşır.
İnsanın İradəsi var, ancaq əslində o, insana gərək deyil, insana Allahın iradəsi gərəkdir.
İslamda iradə mənasızlaşır.
İslamda insan qismətə qatılır, qapılır: özünə yaramır, özümlüyündən ayrı düşür – alətləşir.
İnsanı mənasızlaşdıran islam dünyanı da mənasızlaşdırır.
İslamda əsil dünya – o dünyadır; bu dünya puçdur, fanidir; o dünya üçün yaşayırsan.
Bu dünyada ölürsən – o dünyada dirilirsən.
İslam qorxu saçır, qorxuyla işıqlandırır; əslində qorxu – qaranlıqdır.
Allah – İnsanın ağasıdır.
Ağanın silahı qorxu olur.
Bugün Allah ağalığını rədd etməli, qorxu qaranlığını yarmalıdır.

İqtidarçılıq – dünyəvi allahçılıqdır; Göydə Allah, Yerdə Hakim iddiasının ifadəsidir…
Xalqın rəiyyətləşməsi, itaətləşməsi, hakimiyyətin bütləşməsi, ağalığın ilahiləşməsidir.
Dinçiliklə Hakimiyyətçilik qoşadır. Göy Allahlığı Yer Allahlığına yarayır. Hakim Allahdan özünə yaraq düzəldir. Hakimə dindarlıq gərəkdir.
Göydəki Allaha inanan – Yerdəki Allaha tapınar. Göydəki Allaha itaət eləyən – Yerdəki Allaha baş əyər; Göydəki Allahdan qorxan – Yerdəki Allaha əyilər.
Hakimiyyət bugünü rəiyyətləşdirməyə can atır, onu cazibəli şüarlarla, təntənəli çağırışlarla özünə ram etməyə çalışır.
Göy Allahlığını rədd edən bugün Yer Allahlığını da rədd etməli, mənəvi və siyasi xurafata qarşı çıxmalıdır.

Pulçuluq – varidat allahçılığıdır, pulun insan üzərində ağalığıdır; insanın əmtəələşməsi – satılması, alınmasıdır.
Dünya – pulçuluq tüğyanına düçar olub. Pulçuluq ruhsuzluğunu dəf etmək gərək.

Xaricilik – millətin dünyaya qatılması, onda itməsi, qəribləşməsidir.
İrəlikçi şüarlarla, çağırışlarla, inkişaf adı ilə millət xariciləşir; qapını dünyaya elə gen açırlar ki, qapısız qalırıq.
Milləti özgəçilikdən qorumaq gərək, xariciləşmə təhlükəsini dəf etmək gərək.

xxx

İnamçılıq – Dünyanın özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətinə, Mənasına İnam deməkdir.
Həyatın özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətinə, Mənasına İnam deməkdir.
İnsanın özümlüyünə – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətinə, Mənasına İnam deməkdir.
İnamçılıq: Dünyanın Özümlüyündən – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətindən, Mənasından yaranmasına İnam deməkdir;
Həyatın Özümlüyündən – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətindən, Mənasından yaranmasına İnam deməkdir;
İnsanın Özümlüyündən – Mütləq, Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətindən, Mənasından yaranmasına İnam deməkdir;
İnamçılıq – Mütləq Xeyir, Mütləq Ədalət, Mütləq Həqiqət, Mütləq Kamillik tələbidir.
İnamçılıq – dinə qarşıdır: bəndəçiliyə, qismətçiliyə, o dünyaçılığa, cənnətçiliyə-cəhənnəmçiliyə, itaətçiliyə, Yaradan ağalığına, cəfəngiyyatçılığa qarşıdır.
İnama yüksəlmək gərək, İnamla işıqlanmaq – işıqlandırmaq gərək.

Xalqçılıq – bütün cəmiyyətlərə, o cümlədən kapitalizmə və sosializmə xas olan ağalıqdan, nökərlikdən, təbəqəçilikdən, yadlaşmadan azad olmaq – xəlqi birliyi təmsil edən quruluş yaratmaqdır.
Nə qədər ağalıq var – xəlqi quruluşdan danışmaq – yalandır.
Nə qədər nökərlik var – xəlqi quruluşdan danışmaq – yalandır.
Nə qədər təbəqəlik var – xəlqi quruluşdan danışmaq – yalandır.
Nə qədər yadlaşma var – xəlqi quruluşdan danışmaq – yalandır.
Xəlqi quruluş – fərdi özünüidarəyə əsaslanan quruluşdur. – Müstəqil İnama, Müstəqil İdraka, Müstəqil Mənəviyyata, Müstəqil İradəyə malik olan azad fərdlər birliyidir.
Əməkçi Mülkiyyətinə (kapitalist mülkiyyətinə yox, sosialist mülkiyyətinə yox) – əsaslanan quruluşdur.
Qoruyucu dövlətə (parlamentçiliyə yox, totalçılığa yox) – xalqı dünyada təmsil eləyən, onu yağıdan, cinayətkardan qoruyan dövlətə əsaslanan quruluşdur.
İmtiyazsızlığa əsaslanan quruluşdur.
Xalqçılğa yetmək gərək, Xalqçılıqla İşıqlanmaq – işıq-landırmaq gərək.

İnsançılıq – insanın Mütləq Mahiyyətini, zamandan, şəraitdən, mühitdən, cəmiyyətdən üstünlüyünü, kamilliyə qadirliyini təsdiq etməkdir.
İnsan pulçuluğuyla yox, ruhçuluğuyla zəngindir – İnamıyla, İdrakıyla, Mənəviyyatıyla, İradəsiylə.
İnsançılığa yetmək gərək, İnsançılıqla işıqlanmaq – işıqlandırmaq gərək.
Yurdçuluq – Şərqçilik, Türkçülük, Azərbaycançılıq birliyidir.
Dünya sürətlə qərbləşir.
İndi Dünya deyəndə Qərb nəzərdə tutulur əslində.
Şərqdən Qərb kölgəsi düzəldirlər.
Şərqi təqlidçilik kölgəçiliyindən xilas etmək – yurdçuluq ləyaqətidir. Bu ləyaqətə yetmək gərək, onunla işıqlanmaq – işıqlandırmaq gərək.
Türkçülük – yurdçuluğumuzun fitri təməlidir: inamçılıq, birsifətlilik, vüqar, ölümlə öcəşmək, özünütəsdiq möhtəşəmliyi əsasında yurdlaşmışıq.
Türkçülüyə yetmək gərək, türkçülüklə işıqlanmaq – işıqlandırmaq gərək.
Azərbaycançılıq – milli dəyərlər ucalığıdır. Milli dəyərlərimizi islama bağlamaq onları dəyərsizləşdirməkdir.
Azərbaycanın milli dəyərləri – Zərdüştçülüyün təmsil etdiyi işıqçılıqdır; Babəkiliyin təmsil etdiyi fərəhçilikdir; Dədə Qorqudun təmsil etdiyi ağsaqqalçılıqdır; Hürufilərin təmsil etdiyi Həqçilikdir; Ocağın təmsil etdiyi Mütləqçilikdir.
Azərbaycançılığa yetmək gərək, Azərbaycançılıqla işıqlanmaq – işıqlandırmaq gərək.
Bugün Sabah üstə köklənməlidir – Sabah çağırmalıdır.

28 Mərhəm günü, Günəş Ayı, 18-ci il. Bakı.
(mart, 1997)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir