– Sən məni başqa canlılar kimi yaratmışdın. Ancaq mən sənin istəyinə sığmadım, görünməmiş, bilinməmiş, nəzərdə tutulmamış bir varlıq kimi həyata gəldim. Öz gəlişimlə səni təəccübləndirdim. Anam təbiətin ahəngini pozdum. Sağ qalmaq, yaşamaq, yaşatmaq üçün mən bütün canlıların, təbiətin üzərində hakim olmalıydım, yeri-göyü, heyvanatı, bitki dünyasını özümə tabe etməliydim, ya da məhv olmalıydım!
Başqa canlıların heç birinin aqibətində belə kəskin təzad olmamışdı. Şir maralı parçalayırdı. Ancaq bütün heyvanları qırıb-tökmürdü. Qurd quzuyla yemlənirdi. Ancaq canlıların hamısını özünə tabe etməyə cəhd göstərmirdi. Böyük balıqlar kiçik balıqları udurdular. Ancaq bütün su heyvanlarını öldürmürdülər. Dünyada insandan başqa heç bir canlı bütöv təbiətə hakim olmağa səy etmirdi. İnsan səy edirdi, çünki başqa cür sağ qala bilməzdi. O, şirləri, pələngləri, canavarları məhv etməliydi, çaylara, meşələrə, torpağa sahib olmalıydı!
Elə bil sən – təbiət mən – insanı özünün üzərində hakim olmaq üçün dünyaya gətirdin. Təbiətin elə bir guşəsi olmadı ki, mən ora müdaxilə etməyim, elə bir canlısı olmadı ki, onu özümə ram etməyim. Yer üzərində nə var idisə, mənim hökmümə tabe oldu. DÜNYANIN AĞASI OLDUM.
Təbiətin çaylarında, dənizlərində çimdim, meşələrindən, çəmənlərindən bəhrələndim, təbiəti öz xidmətçimə çevirdim. Bunun üçün sən mənə imkan yaratmışdın – ağıl bəxş etmişdin.
Ağıl vasitəsiylə əmək alətləri hazırladım, özümü qorudum, təbiəti zəbt etdim. ANCAQ HAKİM ÖLÇÜSÜNƏ SIĞMADIM.
Təbiət üzərində ağalığın ən müdhiş məqamında belə, təbiətə vuruldum, təbiəti döydüm, həm də vəsf etdim, ilahiləşdirdim. Canavarı öldürdüm, həm də özümə rəmzi rəhbər seçdim! Şiri tələyə saldım, ancaq övladlarımın adını Şir qoydum. Atı özümə ram etdim, həm də dost etdim. Dağa, çaya, çölə-çəmənə, günəşə mahnılar qoşdum. Təbiətlə itirilmiş vəhdət həsrətini qəmimdə, nisgilimdə tapdım. Sevdiyim qadını Gül deyə çağırdım.
Təəssüf ki, təbiət məni başqa canlılar kimi vəhşi yaratmışdır. Üstəlik vəhşilikdən qurtarmaq üçün imkan heç cür yox idi. Mən ətrafdakıları vəhşicəsinə qırmalıydım. Təbii vəziyyətim bunu məndən tələb edirdi. Mən tüfəng icad etməliydim, çünki qollarım çox güclü deyildi, fiziki qüdrətim məhdud idi; mənə pələng pəncəsi, canavar dişi verilməmişdi. Mən vəhşiləri məhv etməsəm, onlar məni məhv edəcəkdilər! Mən çox qan axıtdım, təbiətə çox yaralar vurdum, təbiətdən çox aralandım.
Ancaq bu yadlıq ürəyimdə kədərlə səsləndi. İlk qəmli nəğmələrim təbiət həsrətinin ifadəsiydi! Mən öz hakimiyyətimlə nəinki qürrələnmədim, əksinə, fatehliyim mənə qüssə gətirdi və mən təzədən təbiətin əsil ülvi mənasına qayıtdım. Bunu məndən ruh tələb etdi. Ən vəhşi məqamda belə İnsanı tərk etməyən ali qüdrət!
İndi mən təbiətdə özümün əsil mahiyyətimə qovuşdum! Anladım ki, təbiət ona hakim olmaq üçün yaranmayıb, onun qeyri-adi mənası var və bu məna insaniliyə çox doğmadır. Dərk etdim ki, döyülən, əzilən, tapdanan, insanın sərəncamına verilən təbiət öz əzəli gözəlliyindən, şeiriyyətindən uzaqlaşır. Duydum ki, bu ucu-bucağı görünməyən dağların başına dolanan yollar, yamaclar, dəniz əzəməti, gecə qüssəsi, qürub sükutu, ulduz ülviyyəti – insanın ali mənasını ifadə edir! Sən bu geniş səmanın, gülün, çiçəyin, baharın, səhərin, ceyranlı, pələngli dünyanın bir hissəsisən! Bu ruhani hikmətə yüksəldim və mənimlə Təbiət arasında yadlıq aradan götürüldü. Ancaq ruhani həyat ilə adi həyat arasındakı təzad aradan götürülmədi. Adi həyatda mən yenə də təbiəti döydüm, ruhani həyatda isə ona mahnılar qoşdum. Beləliklə də mən – ikiləşdim… Adi adam kimi təbiət üzərində hökmümü artırdım, ruhani İNSAN kimi təbiətlə özüm arasında həmahənglik gördüm, təbiəti insaniləşdirdim, insanı təbiətləşdirdim. Öz əsil üstünlüyümü də təbiətlə ruhani qovuşma məqamında hiss etdim.
Ağalıq məqamında üstünlük bilinmir, çünki insanilik yox olur. Təbiətlə qovuşanda mənim təbiətlə yarışım başlayırdı. Sənə qarşı münasibətimdə mürəkkəblik meydana gəlirdi. Sənə xas olan müdriklik, ahəngdarlıq, rəvanlıq məni valeh edirdi. Ancaq sənin bütün canlılarına xas olan çılpaq, yırtıcı zorakılığı ruhum qəbul etmirdi. Ona görə də ruh səni təqlid etmir, səni tamamlayır, sənin üzərində yüksəlirdi.
Səslərindən musiqi, rənglərindən rəsm əsərləri, daşlarından heykəllər yaratdım. Özümü də diqqətlə öyrəndim. Gördüm ki, təbiiliyimdə iki cəhət var: vəhşilik və ülvilik. Vəhşiliyimlə – yırtıcılığımla, şəhvaniliyimlə, hərisliyimlə, qəddarlığımla, xudpəsəndliyimlə döyüşdüm. Həm təbiiliyimə yaxınlaşdım, həm də ondan uzaqlaşdım! Sənin gözəlliyinlə öz gözəlliyim arasında uyğunluğu da gördüm, fərqi də. Mənim üzümdə təbii gözəllik var. Ancaq o, ruhani gözəlliyin ifadəsi kimi daha gözəldir! Mənim üzümdə sənin bəxş etdiyindən daha çox ruhun bəxş etdiyi var! Ruhu mənə sən verdin.
Ancaq o, səndən ayrılandan sonra daim artdı, böyüdü və məni böyütdü. Və mən dünyanı öz yaratdığım gözəlliklərlə bəzədim. Sənin gözəlliyini də kəşf edən mən oldum. Sənin ən amansız düşmənin də mən oldum, ən alovlu pərəstişkarın da! Nə tam düşmənin ola bildim, nə də tam dostun! Bir əlimlə düşmənlik elədim, bir əlimlə dostluq! Bəlkə də həyatda mənim ən böyük faciəm elə budur! Yaşamaq üçün, məhv olmamaq üçün mən şəhərlər salmalıyam, evlər tikməliyəm, taxıl becərməliyəm, buna görə də sənə zülm etməliyəm. Ancaq səni həm də özüm qədər sevirəm, səninlə yarışıram, səni ötürəm, səni əvəz edəcək maşın icad etmək iddiasındayam. Ancaq ruh mənə deyir ki, sən təbiətin hissəsisən! Bunu bilirəm. Fəqət səndə qala bilmirəm. Sənə sığmıram. Böyüklüyünlə, aliliyinlə, şeiriyyətinlə, kamilliyinlə, möhtəşəmliyinlə, müdrikliyinlə – mənim üçün azsan! Səndə dayana bilmirəm! Bağışla məni, ANAM!