Xəbərlər

Asif Atanın (İnam Atanın) gömüldüyü (İlk Torpaqda) “Amal Bağı”nda Soylu Atalının Ziyarət sözü

 Bu gün biz Asif Atanın gömüldüyü ilk torpağı – “Amal Bağı”nı ziyarət edirik. Əslində xalqın gələcəyini ziyarət edirik. Asif Atanın üz qoyduğu torpaq vətəndir, Asif Atanın üz qoyduğu torpaq dəyərdir. Xalqı xalq eləyən Vətən dəyəridir. Asif Ata yeni bəşər halı yaradan, həyata ruhani nizam gətirən böyük bir dünyabaxış sistemi verib xalqımıza. Böyük bir həqiqət tələbi gətirib. Ona görə də onun üz qoyduğu torpaq müqəddəsdir. Ona görə də onun üz qoyduğu torpağı ziyarət eləmək xalqın gələcəyini ziyarət eləməkdir. Biz də xalqımızın xalq olmasını, –   gələcəkli, vətənli, müqəddəs  xalq olmasını istəyirik. Əgər insanlarımız bura gəlişdə məmnunluq hissi keçirərsə, qürur hissi duyarsa, onun içində xalq başlanğıcı özünü göstərər, xəlqi ləyaqətin görünməsi baş verər. Bunu insanlara addım-addım, hal-hal dərk elətdirmək gərək. Biz burada nə işlər görürüksə, onlara anlatmaq lazımdır. Üzü özgəlikdən kölgələnən millətimizin ruhaniyyatını yaradırıq. Bu xalqın qibləsidir, zarafat eləmirik. Örənqala adlı balaca bir bölgə bu gün Asif Atanın yurdunun –  Azərbaycanın ruhani qibləsini təmsil edir. Azərbaycanın ruhani yönünü bu gün Ərdəbilin hansısa bir kəndi təmsil etsəydi, gedib onu orda ziyarət edərdim. Bu gün Azərbaycanın ruhani gələcəyini bura təmsil edir. Sabah Azərbaycanın özü həm siyasi, həm də ruhani mənada bütövləşəndə o, bəşəriyyətin ruhani mərkəzinə çevriləcək. Asif Ata bunu deyib – “Azərbaycan bəşəriyyətin Ruhani Mərkəzidir”.  Bizim buraya səfərimizin, gəlişimizin məqsədi budur, anlamı budur. Xalq olaq, gələcəyimiz olsun, bəşəriyyətə yön verək, söz deyək, bəşəriyyət bizə düzgün ruhani yön vermədi, siyasi ağalıq elədi. Yarımçıq olduq, özümüzə bənzəmədik, böyüklüyümüzə çatmadıq…

Ata bizə buyurmuşdu, biz də onu burda dəfn etdik. Nə idi onun dərdi-azarı, sonra da onu burdan çıxardılar. Sən ömrünü Yurduna ver, yurdunda da sənə yer olmasın. Bu o deməkdir ki, xalqın öz yurdunda yiyəsi yoxdur. Yad baxışlar onun şəxsiyyətini yurdunda dərbədər edir. Xalqın öz yurdunda onun yiyəsi yoxdursa, dəyəri yoxdursa, onda ona necə güvənmək olar?! O vaxt sən xalq olacaqsan ki, sənin şəxsiyyətinin öz yurdunda yeri var, dəyəri var, ona sevgi var. Sevdiyin nədir göstər, yaratdığın nədir göstər. Onda mən biləcəm ki, sən xalqsan.  Xarakterinlə, ortaya qoyduğunla biləcəksən ki, sən xalqsan. Onda biləcəksən ki, sən başlamısan. Bizim gəlişimizin məqsədi budur. Ona görə də mən hər bura gələndə həmin əhvalla, həmin qırımla gəlirəm. Əslində bu torpaq xalqın mahiyyətinin ifadə olunduğu torpaqdır. Xalqın mahiyyətini ziyarət eləməyə gəlirəm, onun ümumbəşər səviyyəsində ruhani etkiyə çevrilməsini ziyarət etməyə gəlirəm. Budur mənim gəlişimin məqsədi. Ona görə də qürur duyuram. Üzümü sabaha tuturam və deyirəm: bu gəlişimiz o deməkdir ki, min illər bundan sonra bizim xalqımızın dönüb özünə baxdığı bir zamanda o, arxasında bizi görəcək. Yəni yiyə görəcək – dəyər kimi, məni quran özül budur deyəcək… Millətə ruhani tarix yaradırıq, varolma tarixi, ruhaniyyat tarixi. Bu, siyasət məsələsi deyil, bu, Obamanın Rusiyaya mesaj verməsi məsələsi deyil. Bu bəşər səviyyəsində ruhaniyyat tarixidir. Ona görə də bununla qürur duyuram…

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir