Xəbərlər

Atagün Ailəsinin Ailə Günü törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Atagün Ailəsinin Ailə Günü törəni

 Ocaq Günsırası ilə 22 İşıq Ayı, 40-cı ildə, Atagün Elində, “Atagün” Ailəsinin Ailə Günü tədbiri keçirildi. Günün quralları yerinə yetirildikdən sonra, Ailənin yükümlüsü Günev Atalı qonulara yönəlik söz dedi: Atagün Ailəsi 40-cı ilin 22 İşıq Ayı Ümid Günündə birinci toplantısını keçirir. Söz deməzdən öncə Ataya səcdə qılıram, Bayrağımızı öpürəm.

Amallaşmamla bağlı hesabatımı verim. “Mütləqləşmək – var olmaq” Bitiyindən Xurafat bölümünü özümləşdirmişəm. Sistemləşdirmələrimi oxumaq istəyirəm. Əslində bu, mənim təkcə gələnəksəl amallaşmam deyil, ömrümə yazdığımdır.

Ruhsuzluq

Dünya maddinin ifadəsidir deyirlər. Dünyada maddidən başqa heç nə yoxdur deyirlər. Ruhanini cismaniyə tabe edirlər. Cəmiyyətdə, idrakda, mənəviyyatda maddi əsasdır deyirlər.

  • Ona görə cəmiyyət maddi mənafe uğrunda döyüşə çevrilir. Ruh mütləqilikdən, bağımsızlıqdan məhrum olur.

Maddiyyatdan başqa həyat yoxdur deyirlər. Həyatı ruhsuzlaşdırırlar. Maddiyyat xurafatı kəşf edirlər.

İnsansızlıq

İnsan toplumsal münasibətlərin, Ortamın, istehsalatın məcmuudur deyirlər. İnsanı alətləşdirirlər, araçlaşdırırlar. İnsan toplumsal münasibətləri, ortamı, istehsalı yaradıb demirlər. İnsan insansızlaşır. Mütləqiliyini itirir. Münasibətlər, ortam, istehsalat – ruhun məhsuludur əslində. İnsanı heyvandan fərqləndirən ruhanilik – toplumsal münasibətlər, ortam, istehsal yaratmaq səviyyəsinə yüksəldir. İnsanı öz yaratdığı qüdrətin məhsuluna çevirmək maddiyyat xurafatının səyidir. İnsanla bağlı nə varsa, onun əsas səbəbi insan özüdür. İnsan konkretləşdirilir. Konkret insan ruhani insanın təzahürüdür. Nisbi, qeyri-kamil. Heyvanat aləmindən üstün nə varsa, ona baxın. Tərəqqi olanaqlarını düşünün. Mütləq insanı görəcəksiniz. Nisbi insan mütləq insana doğru irəliləyir. Ruhani tərərqqinin əsas mənası budur. İnsanı nisbidə saxlamaq onu insansızlşdırmaqdır. Maddiyyat xurafatı bunu bacarır. Bu səbəbdən də insansızlıq yayır.

İqtisadiyyat fatalizmi

İqtisadiyyat ruhaniyyatdan asılı olmayan qanunlar əsasında yaranır, yaşayır, inkişaf edir deyirlər. Cəmiyyət iqtisadiyyatı qanunlaşdırır. İqtisadiyyat insanın taleyini həll edir deyirlər. Yunan allahlarının qədim əsatirdə oynadığı rolu maddiyyat xurafatında iqtisadiyyat oynayır. İInsanlar ədalət, həqiqət, azadlıq, bərabərlik uğrunda döyüşürlər. Bilmirlər ki, iqtisadi qanunların hökmünü yerinə yetirilər. Ziddiyyətlər, dəyişmələr, inqilablar cəmiyyəti baş-ayaq qoyur. Bir zamanlar insanın taleyini alnına yazırdılar. İndi onu iqtisadi qanunlara yazırlar. Allahı bir zamanlar göydə, indi iqtisadi qanunlarda axtarırlar.

Tarixi əsatir

Cəmiyyət iki qütbə bölünür: Mülkiyyətə sahib olanlar, mülkiyyətdən məhrum olanlar. Cəmiyyətdə nə baş verirsə onun arxasında bu ziddiyyət dayanır. İstər dövlət uğrunda, istər mənəvi intibah uğrunda mübarizənin, eyni zamanda ruhani inkişafın da, mənəvi tərəqqinin də arxasında ruhani qanunlar dayanır. Tarix maddi mənafe uğrunda döyüş meydanıdır. Bəşər tarixi siniflər tarixidir. Orda insana yer tapılmır.

Fəhlə hakimiyyəti əfsanəsi

Hakimiyyətə gəlsə də, fəhlə mülkiyyət sahibi olmur. Fəhləliyində qalır. Hakimiyyətə onun rəhbərləri, xadimləri sahib olur. Kapitalistin mənimsədiyi izafi dəyəri sosializmdə dövlət mənimsəyir. Fəhlə sinfi mülkiyyət müstəbidliyini məhv etdi. Ancaq özünü xilas edə bilmədi. Fəhlənin özünü indi xilas edən gərəkdir.

Elməbənzər falçılıq

Deyirlər dünya, həyat, bəşəriyyət əksliklərin birliyi, mübarizəsi əsasında inkişaf edir. Müsbət qüvvələr mənfi qüvvələr üzərində qələbə çalır. Ancaq həmin qələbə yeni əksliklərin, yeni döyüşün yaranmasına gətirib çıxarır. Yeni keyfiyyət yaranır, daxilində yeni əksliklər doğur. Bu baxımdan, dünyanın, həyatın, insanın gələcəyini öncədən görmək olar. Falına baxmaq olar. Kəmiyyətin keyfiyyətə keçməsi ardıcıl kəmiyyət dəyişikliklərinin, bəlli anda sıçrayışla, yeni aşamaya ayaq qoyması düşüncəsiylə gələcəyi görmək olar. Falına baxmaq olar. İnkarı inkar qanunu ilə dnüyanın, həyatın, bəşərin əzəli durumu inkar olunur. Sonradan həmin inkar özü inkar edilir. Yeni səviyyədə öncəki duruma qayıdır. Bəşər, həyat, dünya öz inkişafında üç aşamadan keçir: Əzəli durum, əzəli durumun inkarı, əzəli duruma yenidən qayıtmaq. Bununla gələcəyi görmək, falına baxmaq olar.

Yer cənnəti haqqında əsatir

Deyirlər fərdi mülkiyyət ümumi mülkiyyətlə əvəz olunanda ziddiyyətlər ləğv olunacaq. Maddi ehtiyaclar ödəniləcək. Toplumsal münasibətlər aradan qalxacaq. Firavanlıq, bəxtiyarlıq həyata nur saçacaq. Bu dünyada axtarılan cənnət bu dünyada yaranacaq.

Dövlətsiz bəşəriyyət

Dövlət ləğv olunmalıdır deyirlər. İstismarçı istismarı yaşadır, əməkçini əzir, Ağalığı təsdiq edir deyirlər.

  • Dövlət bəşərin yaradıcılıq məhsuludur. İnsaniliyi təsdiq etmək üçün yaranıb. O, zora yox, ruha əsaslanmalıdır. Dövlətin ruhani siqlətini bərpa etmək gərəkdir deyirik. Dövlətsizlik atasızlıqdır.

Millətsiz bəşəriyyət

Millətlər bir-birinə qovuşacaq. Vahid bəşəriyyət yaranacaq deyirlər.

  • Millətsiz bəşəriyyət yoxdur. Sürülük insansızlıqdır. Müxtəlifliyin vəhdətindən başqa vəhdət yoxdur, fəlakət var, həqarət var deyirik.

Yararsızlıq

Xurafat mövcud olur, fəqət var olmur. Çünkü insana gərək olmur.

Bu qədər amallaşmam haqda.

Törənimizdə qoyulan qonu var: Zəmanəni saymamaq nə deməkdir? Zəmanə ölçüləriylə yaşamıram. Zəmanə havasına oynamıram. Zamanın qəbul elədiyi baxışı rədd edirəm. Zamanın özünü danıram, bunlar nə deməkdir mənim üçün? Zaman həmişə insana qarşı çevrilib. Baxmayaraq, dövrlərin özündə də Nəsimilər olub, Babəklər olub, Füzulilər olub. Böyük şəxsiyyətlər də zamanın azğın gedişinə qarşı öz sözlərini deyiblər.

Bütün dünyabaxışlarda insandan qıraqda insana qurtuluş axtarılıb. Zaman bu gün də əyriliklərin ifadəsinə çevrilib. Çevrilib yox, həmin əyrilikləri davam edir. Əslində insanın insana qənim kəsilməsi bütün zamanlarda olub. Öldürmək, asmaq, kəsmək, yandırmaq, baxın, son çağlar 4 min nə qədər terroçu öldürüblər. Axı hardan çıxır bu terrorçular, bu nədir, bu nə deməkdir? Bu dərəcədə də vəhşət olardımı? Körpələri dənizə tökürlər. Başını götürüb qaçanlar gedib düşür fırtınaya. Yəni, Soylunun dediyi kimi, insanın bunca rəzil günə qaldığı dövr olmayıbdır. İndi Nəsimilər də yaranmır. Bir yazıçı göstərin, zamana qarşı çıxsın. Sağlığında Bəxtiyarmı çıxdı, F.Qo­ca­mı, Anarmı çıxır?! Hamısı özünün, zaman ölçüsü ilə, gününü-güzəranını düşünür. Onların ömrünün mənası da budur. Bu bəlli məsələdir. Hamı üçün normaya çevrilən yaşam yönünə qarşı söz demək üçün hansı keyfiyyətlər gərəkdir? Bu bizim əlifbamızdır. Gərək inam, cəsarət olsun, insana sevgi olsun. Bunun üçün Atanın ideyalarının qurtuluşçuluq yönünü dərk etmək gərəkdir. Atanın tələbi budur, sən söz deməlisən, irəli durmalısan, qaranlığı işıqlandırmalısan. Əyrini düzəltməlisən.

Atamız var olsun. Bir daha bayrağımızı öpürəm.

Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A):  İşıq Ayının 22-də Atagün Ailəsinin, Atagün Elindəki, törəninə bir Ocaqçı, bir Ailəçi hesabatı sunuram. Bizim işlərimiz olduqca sadə işlərdir. Sadəcə olaraq bunu anlamağımız, dərk eləməyimiz gərəkdir. Genel olaraq, ruhaniyyat standartçılıq faktı deyil. Ruhaniyyat olduqca aydın, sadə düşünməkdir, yaşamaqdır. Dindar özünü standartçılıq qəlibinə salır. Namaz standartı, oruc standartı, filan şey, filan şey, hamısını yükləyir ürəyinə. Bu standartlarla yüklənir. Ancaq bunların heç biri onun ürəyini dəyişmir. Sadəcə ürək boşuna yüklənir. Gərək ürək dəyişsin. Məsələn, belə deyək, əgər biri namaz qılırsa, o düşünməlidir, əgər inanırsa yaxşı iş görür, qutsal iş görür, gərək o, ömründə pis vərdişlərdən əl çəksin. Deyək, ağzı avaradırsa, ağzını təmizləsin, əli əyridirsə, əlinin əyriliyini düzəltsin. Ürəyi paxıldırsa, ürəyinin paxıllığını rədd eləsin i.a. Yəni ömründə, yaşamında pis vərdişlər nə varsa, gərək bundan əl çəksin. Yox əgər, sən əyilib-durub namaz qılacaqsan, pis vərdişlərdən də əl çəkməyəcəksən, necə varsan, elə qalacaqsansa, onda bu saxtakarlıqdır. Bu, qutsallıq deyil. Bu, ömrü qorumaq deyil, qurmaq deyil, ömrü qırmaqdır, məhv eləməkdir. Standartlarla niyə yüklənirsən?! Bu niyə görə belə alınır? İnsanlar olmaq yerinə görünməyə çalışırlar. Uca görünməyə çalışırlar, uca olmurlar. Ocaqda da belə olub öncələr. Yəni Atanın çağından üzü bu yana, Ocaqda da, demək olar, çoxlarında belə olub. Biz, son çağlarda, 3-5 adam, çalışmışıq münasibətdə, davranışda, özüylədöyüş məsələlərində standartlardan çıxaq. Saxtakarlıqdan çıxaq. Doğrudan da yaşayaq, doğrudan da olaq, sadəcə görünməyək. Alınıb da. Adam dediyi, düşündüyü uca yönlü olmayanda, görünməyə çalışanda özünü zorlayır. Ürək gücə düşür, rahatlıq tapmır, sevinmir. Hər şey qəlib. Ona görə adam bəzən çalışır, bu işdən necəsə açılsın, bağımsızlıq, özgürlük tapsın. Əslində davranış özü, mənayla, gözəlliklə uğraşmağın özü ürəyin rahatlığı olmalıydı. Ürək nə qədər aşırı həşirlərlə yüklənməlidir, hərcayi davranışlara, dedi-qodulara, söyüşlərə, qarğışlara, paxıllıqlara ürək nə qədər açıq olmalıdır, buna dözümlü yanaşmalıdır?! Belə saxta yaşamaqla ürək ürək olmur axı, ölür. Bax, ona görə bizim bu törənlərimiz əslində ürəyin özgürlüyüdür, bağımsızlığıdır. Ya da, deyilsə, olmalıdır. O qədər gözəl, aydın, sərbəst düşünməlisən, ürəyin arınmalıdır, saxtakarlıqlarından əl çəkməlisən. Adam nə vaxt çox sıxıla bilər? Dediyim kimi, ola bilməyəndə, görünməyə çalışanda. Ola bilməyəndə hər şey adama yük olur. Vaxtilə Ocaqçılar da dindarlar kimi olub. Görünməyə çalışıblar. Ona görə Amal onlar üçün yük olub. Çoxu da ona görə dözməyib. Görün insan nə duruma gəlib çatıb, öz təyinatı üzrə yaşayanda, öz mahiyyəti üstə yaşayanda, özü kimi olmağa çalışanda əzab çəkir. Halbuki bu onun normal yaşam qaydasıdır. Durub heyvan kimi yaşayanda asan yaşayır, insan kimi yaşayanda çətin yaşayır. Axı, mənayla yaşayanda bütün gözəlliklər ürəyinə axır. Duyğuların arınır. Bütün gözəlliklər duyğularında özünü göstərir.

Eldə bir məsələ var, deyirlər, filkankəsin gözü yol çəkir. Mən hara gedirəmsə, işə, ora, bura gedəndə gözüm yol çəkir. Başqa sözlə, düşünürəm. Özü də hara baxıramsa, bunu söz xatirinə demirəm, mənanı görürəm. Gerçəkliyi görmürəm, Mənanı görürəm. Heyrətlənirəm. Məni yaşadan o heyrətdir. Dünya nə qədər zəngindir, gözəldir, yüksəkdir. Onu görürəm. İnsan düşüncəyə üz tutanda o mənanı görməlidir. İnsan mənanı görmür, Mənadan başqa hər şey görür. Mənanı görməlidir. Gülün üzünə baxıb onun şəklini görməli deyil. Onun insan duyğularında yaratdığı ülviyyəti görməlidir, halı görməlidir. Təbiətin qoynuna gedirik. Hara baxırıqsa, gözümüz işləyir, ürəyimiz sevinir, yeni duyğular yaranır. Gedib gözəlliyin üzünə tamaşa eləyəndə yeni duyğular yaranır, bu olası bir şeydir. Gərək insan öz insanlıq halına, mənasına uyğun yaşaya, gözəlliyi, yalnız gedib təbiətin çəmənində, çiçəyində görməsin. Elə öz duyğularında, öz düşüncəsində görsün. Yanındakının üzünə baxanda görsün. Hürufilər niyə deyirdi, Allahı görmək istəyirsən, insanın üzünə bax. O başqa məsələ, insanın üzü Allahı göstərməlidir, mən görə bilim. Bu üz Allahı göstərmək üçün gərək Allahla iç-içə olsun, gərək mənayla dolsun. Mənayla dolmursa onun üzü gözəlləşmir. Təkəbbür qoymur onun üzündə Allahı görüm. Ona görə oxuduqca, düşündükcə, öyrəndikcə Ataya heyrət eləyirəm. Ata hər şeyi yeni görür, yeni eləyir. Yeni, yeni… bir dənə köhnə yoxdur. Razılaşmır, barışmır köhnə ilə.

İndi Atanın “Yetməli olduğunuz” bitiyini oxuyuram. Önsöz yazmaq üçün onu işləyirəm. Çapa hazırlayı­ram. Ata deyir, dünya özü Mütləqdir. Tanrıçılıq da deyir, Doğa özü ilahidir. Düşü­nürəm, yaxşı, “doğa özü ilahidir”lə “Dünya özü Mütləqdir” deyilişinin arasında elə böyük fərq yoxdur. Yəni Ata tanrıçılığın, panteizmin dediyinimi deyir?! Araşdırıram, öyrənirəm, görürəm onu demirmiş. Tanrıçılıqda, panteizmdə gerçəkliyin özü ilahi sayılır. Ata Dünya Mütləqdir deyəndə gerçəkliyi mütləq saymır, gerçəkliyin mənasını mütləq sayır. Doğa özü ilahidir deyiləndə məntiq bütöv olmur. Mən deyirəm, Doğada ilahi, qutsal şeylər var, ancaq bütövlükdə o, qutsal deyil, ilahi deyil. Axı pələngin yırtıcılığı necə ilahi ola bilər? Vəhşət necə ilahi ola bilər?

Sonra, hürufilər deyir insan allahdır. Allah deyəndə nəyi gözdə tutur, axıra qədər açılmır. Nəsimi deyir, zərrə mənəm, günəş mənəm, filan mənəm… Çox gözəl, ol! Ancaq onlar öz ideallarını İslamın allahı ilə birləşdirilər. İslamın allahı da yalandır. Elə allah olmaz ki. Adam kimi danışır, görür, əmr verir, onu edir, bunu edir, elə allah yoxdur axı. Yəni sən öz idealını yalanla birləşdirirsən. Əslində olursan yarımhəqiqət. Ona görə Ata bunların heç birini davam eləmir. Özü yeni yol, yeni yön yaratdı. Hamısında gözəl, ülvi, yüksək nə varsa açıb göstərir. Ancaq heç birində dayanmır. Çünkü ən yaxşısında belə yarımhəqiqət görür.

Biz zaman, əbədiyyət məsələsini özümüz üçün aydınlaşdırırq. Əbədiyyətə türkcə qalıcılıq deyək. Bir var əbədiyyət, bir var zaman. Əbədiyyət tükənməz sabahdır.  Zaman bütöv əbədiyyətin ayrı-ayrı parçalarıdır. Bu parçalar nə ilə yüklüdür? Bu parçaların nizamı, gedişi Adamlıqla yüklüdür. Adamlıq əməlləriylə, pis istəklərlə, pis əməllərlə, pis davranışlarla, pis niyyətlərlə, heyvani mübarizələrlə yüklüdür. Yəni əbədiyyətin ayrı-ayrı parçaları Adamlıq hallarıyla yüklüdür. Ona görə sabaha getmir, qalır. Ötəridir, keçicidir. Biz zamanla barışmırıq, əslində əbədiyyətin həmin parçalarında Adamlıq halıyla, nizamıyla, gedişiylə, etkisiylə barışmırıq. Qəbul etmirik. Bu gün biz burda oturub tədbir keçiririk. Bu tədbir mahiyyətinə görə, gözəlliyinə görə, tələbinə görə yönünə-yöntəminə görə zamanın məhsulu deyil. Yəni əbədiyyətin parçasının məhsulu deyil. Bütöv əbədiyyəti ifadə edir. Bütöv gələcəyi, sabahı ifadə edir. Ona görə zamanı ötmək budur. Ona görə özüylədöyüş məsələsində saxtalığa getmirik. Görünməyə deyil, olmağa çalışırıq. Niyə ola bilirik? Çünkü anlayırıq. Atanın dediyini dərk edirik, onun içinə girə bilirik.

Günevin dediyi bir məsələyə də baxış sərgiləyim. Amallaşma ilə bağlı məqamlardır. “Deməkmi, deməməkmi” deyirsən, münasibət bildirəndə. Nə deməkdir, demək, ya da deməmək? Bir var şərin xətrinə dəymək, bir var həqiqətin xətrinə dəymək. Mən özümün davranışıma qarşı, yaşamıma qarşı, həyat uğrunda döyüşümə qarşı, həyatdan aldığıma qarşı başqasından, deyək, təpki görürəm, məsələn. O təpkiyə də təpki göstərirəm. Niyə? Çünkü şəstimə dəyir də. Niyə mənimlə bağlı belə deyir, belə düşünür deyə. Daha fərqinə varmıram düzdür, əyridir. Bir az aydınlıq gəlsin deyə deyirəm. Bu, əslində öz çıxarına yönəlik davranışdır, döyüşdür, səs qaldır­madır. Bu, əslində, hardasa elə doğru olmadığına görə, həqiqətin xətrinə dəyməkdir. Bir də var, ədalət, həqi­qət, xeyirxahlıq, vicdan…  zədə götürür. Qarşımdakı basıb keçir onu. Mən də üzümü o yana tu­turam, keçir keçir də. Adamdır da, özü bilər. Gedim ona baş qoşmayım deyirəm. Elə deyil. Ona qarşılıq verib deməliyəm, sənin atdığın addım ədalətin bağrına tuşlanan xəncərdir. Mən onu qəbul edə bilmərəm. Ona görə yeri gələndə deyirəm, yığışdır özünü. Mənim qulağım eşidə-eşidə sən vətə­ni­mi aşağılayırsan, millətimi söyürsən. Yığışdır özünü. Onun yiyəsi var. Onun yiyəsi mə­nəm. Bunu deməsən, şər sərbəst olur. Əl-qol açır. Şəri döymək – buna qarşılıq verməkdir. Ona görə bi­zim ölçümüz yetərincə aydındır. Nəyə mən qarşılıq verirəm, nəyə qarşılıq vermirəm? Nəyə dillən­mək olar, nəyə olmaz. Həmişə o açıdan yanaşıram. Biri, tutalım, bəlkə psixoloji xəstədir. Aydındır, ona baş qoşası deyiləm. O yazıq nə bilir xeyir nədir, şər nədir. Onun xəstəliyi özü bədbəxtlikdir.

Toplumsal şərlə döyüş tələbi var Asif Atanın. Deyir, bir var özündə, içsəl şər, bir də var toplumsal şər. İçsəl şərlə döyüşün elə toplumsal şərlə də döyüşündür. İçsəl şərlə döyüşdüyün üçün toplumsal şərlə də döyüşürsən. İçsəl şərlə döyüşə bilirsənsə, toplumsal şəri tanıyırsan. Onun nə oldiğunu bilirsən. Əgər içində şərlə döyüşmürsənsə, toplumsal şərlə döyüşsən belə, bu özünü doğrultmur. İçindəki şəri qoruyub qıraqdakı şərlə necə döyüşəcəksən? Əyrinin əyri ilə döyüşməsi nə deməkdir?! Bu açıdan özüylə döyüş toplumsal şərlə döyüşü yetirir. Ona doğru yön verir.

Sonra, elə məsələlər var, düşüncə adamları haqda deyirsən, deyirlər dövlət ləğv olunmalıdır. Ata da deyir, Dövlət ləğv olunmalıdır. Ancaq bu yandan da deyir, dövlətsiz xalq yetim xalqdır. Əslində bu anlayışları tanımaqdan gedir söhbət. Ata, dövlətin bizə bəlli olan quruluşlarının ləğv olunmasını deyir. Monarxiya var, aristokratiya var, demokratiya var, nə bilim SSRİ-nin quruluşu var – sosializm. Yəni bu quruluşların hamısı insana qarşıdır. Hər biri insanlığa qarşıdır. Dövlətin başına gələn adam, əgər içində qurulmursa, arınmırsa, durulmursa, o mütləq şər bir siyasətə meydan verəcək, ortam yaradacaq. Quruluşun tələbi də əslində budur. Ona görə Ata deyir, bu quruluşlar rədd olmalıdır. Yerində Ruhani dövlət olmalıdır deyir.

Xalqlaşma məsələsiylə bağlı da bir neçə söz deyə bilərəm. Mənim xalqlaşma məsələsində, demək olar, işim, çalışmalarım, qabaqkı çağlarla tutuşduranda, xeyli azalıb. Əlim-qolum bir az bağlıdır. Ünvansızlıq acısı, ağrısı yaşayıram. İçərişəhər əlimizdən çıxandan sonra mənim görüşlərim çox azaldı. Bəzən olub, çayçıda oturub söhbət aparmalı olmuşam. Bu da mənə yaxşı etki göstərmir. Halımı açmır. Görürsən ciddiyyət azalır elə bil. Öz gözümdə haa. Mən ciddi olmayan söhbət aparmıram, danışmıram. Ancaq bununla belə, mənim bu gün də bireysəl görüşlərim, çağırışlarım olur, evimə çağırıram, baxmayaraq, şəhərdə söhbət eləyirəm, bəzən onların çağırışına getmişəm. Üçlükdə-beşlikdə söhbətlər etmişik. Bütün bu çağırışlarımın, söhbətlərimin hamısı Azərbaycan insanının şüurunda dəyişiklik eləməyə çalışmaqdır. Milli gəlişmə məsələsi olduqca önəmlidir. Məsələni bu açıdan qoyuram. Bu açıdan Asif Atanın gərəkliyini vurğulayıram. Yəni milli şüurun gəlişməsi üçün üsullar var. Ancaq milli şüurun formalaşması, bütövləşməsi üçün üsul birdir. Onun özülündə ruhaniyyat durur. Ruhaniyyatı da sən İslam dininin, ya başqa bir dinin tələbində doğrulda bilmirsən. O tələblə, onun ruhaniyyatıyla sən milli şüura yetə bilmirsən, formalaşdıra bilmirsən bütövlükdə. Nə yetə bilirsən, nə formalaşdıra bilirsən. Asif Atanın ruhaniyatı, bizim üçün, milli şüurun gəlişməsi yolunda böyük bir açardır. Asif Atanı anlamağın qaçılmazlığını daim sunuram. Düşünməyin, zaman ayrı şey tələb edir. Düşünməyin, bu gün siyasi dünya başqa qaydalarla davranır. Başqa olaylar gedir. Bütün bunlara baxmayaraq, nə baş verirsə versin, millətin millət olmasının yolu birdir. İnsanın da insan olmasının yolu birdir. İnsanı nə siyasətlə, nə texnologiyalarla özünə oxşada bilməzsən. İnsanı özünə oxşatmaq üçün onun içində, mayasında, mahiyyətində oturuşan İnsanlıq yaşamalıdır. Onu yaşatmaq üçün Asif Atanın dediyi yol var, üslub var, tərz var. Bu tərzlə yaşamaq, davranmaq gərək. Nə eləyirsən elə. Texnologiyaların lap təkinə, zirvəsinə qalxırsan, ondan o yana gedirsən, özün bilərsən, hara gedirsən get, ancaq İnsanlaşmaq, Millətləşmək üçün yol ruhaniyyat yoludur. Ruhaniyyat məsələsi min il, milyon il bundan sonra da etkisini azaltmayacaq. Gündəlikdən çıxmayacaq. Qüvvəsini itirməyəcək. Sənə elə görünür ruhaniyyatın rolu ortadan qalxır. Niyə elə görünür, ruhaniyyat gücdən düşüb, ruhaniyyatın çağı deyil indi?!  Çünkü indiyə qədər ruhaniyyat olmayıb. Dinin ruhaniyyatı olub. Dinin ruhaniyyatında isə sənin gördüyün, düşündüyün uğurlar alınmır. Texnologiyayla uğraşan adam, elmlə uğraşan adam, dinin ruhaniyyatına baxanda, görür bu cəfəngiyyatdır, gerilikdir, ehkamdır. Ona görə deyir, ruhaniyyatın çağı deyil. Mən də deyirəm, dinin ruhaniyyat adına varlığı anlamsızdır. Mən də deyirəm, o aradan getməlidir. Ancaq sən onu texnologiyalarla əvəz edirsən, mən onu ruhaniyyatın özüylə, sağlam ruhaniyyatla əvəz edirəm. Texnologiyayla ruhaniyyatı əvəz edə bilməzsən axı. Ya dövlət quruluşuyla, ya ideologiyalarla sən ruhaniyyatı əvəz edə bilməzsən. Niyə əvəz edə bilməzsən? Çünkü onların hər biri birgə yaşayışda siyasi faktorlardır. Ruhaniyyat isə insanın insan olması, insanlaşması, millət olması tələbidir. Bunun ayrı anlamı yoxdur. Bax, mənim bütün söhbətlərimin yönü budur.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın Bayrağını öpürəm.

Günev Atalı: Soylu deyir, bir çağlar mən Ailə Günlərini yola verirdim. Sonra baxdım, Ailə Günləri mənim yaşamıma çevrildi. Çox fərəhlə bunu qəbul elədim. Soylu o sözü deyəndə mənə elə gəldi, elə elə də olmalıdır. Mən də Ailə Günlərini yola verirdim, ancaq elə bilirdim, yola vermirəm. Yox. Sadəcə olaraq, bir az ünsiyyət istəyirdim, Ocaqçılar gəlsin. Ancaq Ailə Günlərində insanın zirvəyə qalxması, Ailə Günlərində halın yenilənməsi, idrakın yeni bir aşamaya keçməsi – əhvalı yeniləyir, ürəyi dəyişir. Gözəl haldır. Məni bəzən, Soylu danışdıqca, xəyal götürüb aparırdı. Bəzən də qayıdırdım, yox, söz gedir… Ailə Günləri gözəldir.

Soylu Atalı: Həsrət yaranmalıdır, quru torpağa su hopan kimi…

Elana Atalı: Ailə Günü adamı yormur. Adi danışıqlar olsa yorar, o da yoxdur.

Soylu Atalı: Bilirsən necədir? Ailə Günü adamı mənəviyyatca yormur, zehni ağırlığına görə, düşüncə ağırlığına görə yora bilər.

Günev Atalı: Beyin dəyişir, ürək dəyişir.

Soylu Atalı: O da yormur. Qida verir sanki. Ancaq elə ki yüklənirsən, yüklənirsən, bir az artıq olur. Doğru söhbət, uğurlu söhbət, həqiqəti nişan verən söhbət, xeyiri göstərən söhbət heç vaxt ürəyə yük olmur. Nala-mıxa vuranda, yersiz bəlağətlərlə söhbəti yükləyəndə, mənadan uzaq, cansıxıcı söhbətlər olarsa, hər kəsi yorar. Ancaq, bayaq dediyim kimi, doğrudan da, sərbəst olursan, öz yaşantılarını, münasibətinin gözəlliklərini dilinə gətirirsən, onda idrakın yüklənməsi ürəyi gücdən salmır. Yormur. Ancaq, dediyim kimi, Ailə Gününün əsas xətti idraki söhbət olduğuna görə, idraki qonu olduğuna görə, söz yox, bunu sən ayda iki, üç yol özünlə eləməlisən, gərək oturuşa da. Asan deyil. Belə deyək, mənanın gözəllikləri ilə ünsiyyətdə olmağa nə var. Ancaq onu düşünüb incəliklərə girmək, çəkib aparır adamı. Belə hallara da, beyin o vaxt dözər, sən Ailə Günündən Ailə Gününə yüklənməyəsən, özünlə, bireysəl olaraq da, uğraşasan.

Elana Atalı: Mən həyatada, Ocaqçı kimi olmasam, yaşaya bilmərəm. Yəni həyat mənim üçün cəhənnəmdir. Mən tam olmasa da, bəlli mənada, Ocaq qaydasında yaşayıram. Bilirəm, nələr yanlışdır həyatda. Nələr insanın yaşamına ziyandır. İnsanlıqdan qıraqdır. Onları yaşaya bilmərəm heç vaxt. Ancaq, boynuma almalıyam, gərgin idrak söhbətləri ilə yüklənəndə yoruluram.

Günev Atalı: Onun orası aydındır. Ancaq həyatda qəbul eləmədiyimiz ölçülər var. Bu ölçüləri qəbul eləmiriksə, döyüşməliyik. Döyüş asan deyil, gərgin yaşamaq tələb edir. Ona görə bütün ixtiyarımı, yaxamı verirəm Soyluya. Onun dediyi artıq mənim üçün qanundur. Bu çoxdan sübut olunub. O hala yetmək gərəkdir. Soylu ona yetib. Mən də ona yetməliyəm, mən ruhsal tabeçiliyi bacarıram. Yaxamı verirəm Soylu Atalıya. Bilirəm onun ləyaqəti nəyə qadirdir. Özümə inansam da, Atanı daim oxusam da, Soylunun idrakı, Ocaq quruculuğu mənim üçün ölçüdür. Bu tabeçilikdə inam aldatmır adamı. Bunu bacaran adam çox uğurlara yetə bilər.

Elana Atalı: Muğama nə qədər qulaq assa adama xoşdur, yaxşıdır. Ancaq saatlarla, aylarla, günlərlə o gözəlliyə də qulaq asmaq olmur. Ancaq onun halında yaşayırsan. O yaxşı şeydir. Deyək, mən də Ocaq halında yaşayıram. Ancaq məsələn, saatlarla kitab oxuyum, yazı yazım, alınmır, məni yorur.

Soylu Atalı: Yox, elə bir tələb də yoxdur, sən durmadan kitab oxu. Oxumaq sevgi ilə olmalıdır, zorla olmaz ki. Özünü yormaq səviyyəsində deyil, öyrənmək səviyyəsində oxumalısan. Ancaq oxuya bilməmək adlı ölçü də yoxdur. Məsələn, belə deyək, biz ot biçirik. Kərəntini çağaşırı döyməsən, bülövləməsən, kəsmir axı. İndi biz düşünürük, mənəviyyatımız düzdür. Ancaq bizi qapsayan həyat o qədər mürəkkəbdir, bataqlıqdır, o bataqlığın çevrəsində düz olaraq qalmaq üçün, daim xeyirlə uğraşmalısan. Xeyirlə uğraşmaq üçün onu şər gedişlərdən ayırmağı bacar­malısan. Bunun üçün oxumalısan, düşünməlisən i.a. Adam bəzən özü bilmir yanlış edir. Bəzən özü bilmir, həyata qarışır. Asif Ata Ailə Günü ideyasını ona görə ortaya gətirdi, yenilənmələr üçün oxula çevrilsin. Elə bil mənəviyyatı bülövləməkdir. Çünkü düşünməsən, şəri tanımasan, əyrilikləri tanımasan əyrilikdən qurtara bilmirsən. Bizim canımız, cismimiz, fiziksəl varlığımız yanlışlarla, əyriliklərlə daim ünsiyyətdədir, çevrəmiz belədir. Eyni halda, biz, təkcə öz içimizdə, doğru yaşamaqla yetərlənməli deyilik. Qıraqdakılara da, gördüyümüz yanlış yaşayanlara da, gərəkəndə sözümüzü deyirik. Bu doğru deyil, bu əyridir. Bunu da demək üçün bizim mənəviyyatımız yenilənmməlidir. Yoxsa, deyə bilməyəcəyik. Boğazdan yuxarı ola bilər. Bax, bu açıdan Asif Ata Ocaq yaratdı, xalqın düşüncəsinin, şüurunun gözünü nəylə yumaq olar, harda açmaq olar? Ocaq işığıyla açmaq olar. Ailə Günü Ocaqçını hazırlayır, yetirir, o özünü kamilliyə çatdırsın, eləcə də toplumdakı çatışmazlıqlara bulaşmasın, nəinki bulaşmasın, həm də onalarla döyüşsün. Bu açıdan Ailə Günü – düşüncələri yeniləyən oxuldur. Biz canlı varlığıq, işləyirik – yer belləyirik, əkin əkirik, ona qulluq edirik, heyvan saxlayırıq. Bunların hamısını eləməliyik. Bunları elədikcə halımız tam ona köklənə bilər. İnsan ən çox nəyi düşünürsə, nəylə uğraşırsa halını o kökləyir. Biz həyatı yaşamaq istəyirik. Ancaq halımızı, mənəviyyatımızı həyatın ixtiyarına verə bilmərik. Halımızı güzaran yaratmasın deyə, onun əlindən almalıyıq özümüzü. Almaq üçün Ocağa üz tuturuq. Ailə Gününə üz tuturuq. İdraka üz tuturuq. Mənəviyyatımızı yeniləmə yoluna üz tuturuq. Yoxsa, mən demirəm həyatla uğraşmaq olmaz. Ata buna görə yaradıb Ocağı, insan özünə bənzəsin. İnsan öləri gedişə tabe olmasın, əyilməsin, sıradan çıxmasın. Yoxsa Ocağı elmə görə, elmin gəlişməsinə görə, yalnız elə idrak üçün yaratmadı ki. İnsan ürəkcə, mənəviyyatca özgür olsun. Ağgünlü yaşasın. Gözəllikləri bilsin. Doğru yol budur. Ata Həqiqət işığı yandırdı. Nə dedisə həqiqət işığına çevirdi.

Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mənim elə bir ciddi sözüm yoxdur. Bura gəlişimlə bağlı bir neçə kəlmə demək istəyirəm. Mən xeyli vaxtdır Atagün Elinə gəlmirəm. Düzdür, içimdə həsrət var idi, Günev qardaşı, Elana bacını görmək istəyirdim. İnam Evimizin (Məbədimizin) indiki durumunu çox görmək istəyirdim. Bəlli səbəblərdən gələ bilməmişdim. İçim çox duruldu. Nə yaxşı gəldim. Tikilimizi görəndə bir anlıq çox kövrəldim. Birdən-birə bu duruma gəlib çıxmağı… Məsələ onun böyüklüyü, kiçikliyində deyil, içinin, çölünün hansı durumda olmağında deyil. Ora qoyulan ürəkdədir. Ora qoyulan zəhmətdədir, sevgidədir. Günevin əlindən, ürəyindən öpürəm. Doğrudan, böyük fədakarlıqdır. Bəlkə də kiminsə yaxşı bir imkanı oldu, bundan da böyük bir saray tikdi. Ancaq onun, Məbədi dişiylə, dırnağıyla, boğazından kəsə kəsə, nələrə sinə gərə-gərə bu duruma gətirib çıxarmağına baş əyiləsidir.

Özümə gəlincə, onu deyə bilərəm, ömrümdə yeni aşama başlayır. Bu aşamanı necə yaşaya biləcəm, bunu zaman göstərəcək. İstənilən halda, öndə olan Ocaqdır. İstənilən halda, mənim olduğum ortamda Ocağın sözü keçməlidir.

Atamız Var olsun!

Qutsal Oxuma bölümündə “Yol” Qutsal Kitabından “Dünənə Münasibət”, “Sabaha Münasibət” bölümləri oxunub dəyərləndirildi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetir.

 

Şölə Ayı, 40-cı il. Atakənd.

(iyun, 2018. Bakı).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir