Xəbərlər

“Atagün” Ailəsinin VII Aylıq toplantısında deyilmiş fikirlər

AtagünAsif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Atagün” Ailəsinin VII Aylıq toplantısında deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 26 Yağış Ayı, 37-ci ildə Ocaq Evladları Atagün Elinə səfər etmişlər. Öncə Amal Bağı ziyarət olundu, sonra Ocaq Yükümlüsü Soylu Atalı ziyarət sözü dedi: Günsıramızın 37-ci ilindəyik. Yenə biz Atanın torpağı qarşısındayıq. Başqa sözlə, Atanın ruhsal hüzurundayıq. Yenə bizim ürəyimizin işığını Atanın ziyarəti daha da artırır. Yenə də sevgimizi, umudumuzu gələcəyə bağlamaqdadır. Dünya günü-gündən qaranlığa qərq olur. Ancaq bizim üçün Atanın işığı həmişə inamımızın üfüqlərində ağarır. Atanın işığını ürəyimizdən ayıra biləcək elə bir fəlakət mövcud deyil. Elə bir olay yoxdur ki, bizə Atanın gələcəkdə iş görə biləcəyinə balaca bir şübhə yaratsın. Gəlişimiz, gedişimiz, ziyarətimiz, səfərimiz, çabalarımız, böyük əməllərimizin hamısı həmin ruhsal zəmin üzərində formalaşır. Ona görə də bu gün yenə mən amaldaşlarımla bir yerdə Atanın torpağında öz sevincimi, sevgimi paylaşıram. Üzümü Atamızın soyuna, soydaşına tuturam, gələcəkdəki soydaşıma tuturam  və deyirəm: bizim ziyarətimizin işığı qoy sizin ürəyinizə güc versin.

IMG_8430

Bizim ziyarətimizin işığı qoy sizin gözlərinizə işıq versin ki, yurdumuzu ucalda biləsiniz. Bizim çabalarımızın da özünüz üçün nə demək olduğunu anlaya biləsiniz. Atanın işinə qatqınız olsun. Atanın çağırışına qulağınız olsun. Atanın harayına ürəyiniz olsun ki, xalq ola biləsiniz və gələcəyinizin qədrini biləsiniz. Bizim ziyarətimizin məqsədi odur. Tükənməyən, usanmayan bir ziyarətdir, gəlişdir. Yorulmayan bir çağırışdır, haraydır. Yerişimizin özü artıq olaya çevrilir, təkcə sözümüz deyil. Boyumuzun özü haraya çevrilir. Ayaqda qalmağımız özü haraya çevrilir. Hər şeyimiz haraya çevrilir və bu haray, doğrudan da, qulaqlara dolur. Hər kəsin dilində, hər kəsin qulağında dalğalanan bir haraydır ki, Asif Atanın davamı var. Asif Atanın dönməz yolu var. Asif Atanın qarşısıalınmaz qalibiyyəti var. Bu qalibiyyət xalqımıza ciddi, uğurlu gələcək vəd edir. Bu var və günü-gündən də artır, genişlənir. Bunu bilən ürəklərə eşq olsun və buraya gələn ürəklər qürur duyğusuyla, böyük fərəh coşğusuyla döyünsün.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın torpağını öpürəm!

Buradan sonrakı böyük Ailə Günü törənimizə bir başlanğıc götürürük.

IMG_8434

 Elana Atalı: İnsanın bir dərdi olanda onu həyatçı kimi qəbul eləməsi daha çətin olur. Ancaq onu Ocaqçı kimi qəbul eləmək daha asandır. Ocaq ona güc verir.

 Soylu Atalı: Ocaqçının güc qaynağı buradır. Bu torpaqdır, bu Məbəddir. Təkcə Örənqala üçün yox, Beyləqan üçün yox, bütün bəşəriyyət üçün sənin ürəyinə güc verən bir zəmindir Atanın İnsanlaşma harayı. Belə bir zəmin üzərindəsən. Bu zəminin gələcəyi var. O gələcək birbaşa həm də sənə bağlıdır – varlığına bağlıdır, həyatına bağlıdır. Necə deyərlər, torpağına bağlıdır. Evinə, elinə bağlıdır. Ruhuna bağlıdır. Həqiqətən bu xoşbəxtliyin içində adam yaşayırsa, dünyanın ağrısına beli bükülə bilməz. Dünyanın qəhərinə adamın beli bükülə bilməz. Həqiqətən mənim belim bükülmür dünyanın qəhərinə. Nə qədər böyük fəlakətlər olur-olsun, məsələn, körpə cəsədi görürəm, gözüm dolur yaşla, ancaq qəddim əyilmir, belim bükülmür. Çünkü bağlı olduğum var. İçimdən məni dik saxlayan var. Bura da insanı içindən dik saxlayan qutsal bir yerdir. Çox illər keçəcək, bizim heç birimiz həyatda olmayacağıq, ancaq bizim içimizin dikliyi insanlara böyük dayaq, dirək olacaq…

 Bundan sonra saat 16-da Ailə Günü keçirildi.

Atagün

 “Ailə Günü” törəni “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə başladı. “Atagün” Ailəsinin Yükümlüsü Günev Atalı Ataya səcdə ilə söz dedi: Ailə Yükümlüsü kimi Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı verməyə başlayıram. Atamıza səcdə qılıram.

Günümüz ciddi bir gündür, qutsal bir gündür. Yəni o tələblər ki, insanlıq tələblərinin içərisindədir, o tələblərdə ki, millətin var olması, bəşərin var olması halı çözülür, yəni o sorunların yerinə belə bir fikir deyilir, söz deyilir, istəklər ortaya qoyulur. Üç- beş, fərqi yoxdur, şəxsin də bu fikirlərə doğru evindən çıxıb bura gəlməsi qutsallıq halı, yönüdür. Ona görə də günümüz qutsal bir gündür. Nə deyəcəyiksə qutsal söz deyəcəyik, nə eşidəcəyiksə qutsal söz eşidəcəyik.

Kamilləşməm. “Mütləqə İnam” kitabının “Ali Həyat” bölməsinə gəlib çatmışam. Yəni adi həyatda nə qədər başqa düşüncələrdən, həyatda baş verən müxtəlif dünyabaxışların etkisindən, onlara yönəlik hər hansı bir məsələyə qiymətləndirmə, yanaşma yönündən fərqlər ola bilər. Ancaq adi həyatda bütün o fikir bildirmələrin, yanaşmaların, bütün o həyatını qurduğun nə varsa hamısı nisbilikdə ilişib qaldığından, özündə yenidən şərə qayıtmaq olanağı yaradır. Adi həyatda ədalət, həqiqət nisbi olduğundan yenidən xeyir şərə qayıdır, dostluq düşmənçiliyə qayıda bilir və s. Ancaq Ali Həyatda yön tamamilə başqadır. Ali həyatı düşüncədə tanımayana qədər gerçəklikdə onun heç özünə çatmaq da mümkün deyil. Birbaşa anadan kamil doğulmaq mümkün deyil. Ali həyat mahiyətə doğma yaşamaqdır, – insan gəlir dünyaya, bütün ömrünü mahiyətə kökləmək, insan kimi yaşamaq üçün. Tək-tək fərdlərin həyatında baş verə bilir bu. Cəmiyyətin, xalqın həyatında birdən baş verə bilməyən hadisədir. Tək-tək fərdlər həyatında Ali həyata qovuşa bilirsə, onun işığından mütləq cəmiyyətin həyatına düşür. Ömür kitaba çevrilir, oxunur. Bunun da etkisi cəmiyyətdə örnək yaradır. Həmin fərdlərdən də cəmiyyət qurulmağa başlayır. Xalq qurulmağa başlayır.

Ali həyatda ədalət Mütləq ədalətdir, xeyir Mütləq xeyirdir. Ölçü yüksək şəxsiyyətlərin içindən gəlir. Məsələn, tutaq ki, Azərbaycan dövlətinin Milli Məclisində hər hansı bir məsələyə baxış sərgilənir. Birindən soruşanda ki, filan məsələyə sənin yanaşman necədir? O da deyir, məsələn, Fransada bu məsələ belə çözülür. Meyar budur. Əgər fransalılar belə eləyirsə, biz də belə eləməliyik. Bu qanunu belə qəbul eləməliyik. Yəni bu baxımdan ölçü ciddi məsələdir, gərək içində yaransın. Bu, birinci növbədə insanın öz həyatını gülə döndərir. İnsanın həyatını elə gözəlləşdirir ki. Mən o dərəcədə deyiləm, ancaq hər halda, o hala yaxınam, uyğunam. Dünya gözümdə çox genişlənir. Olmayan dərəcədə genişlənir, gözəlləşir. Ən rahatsız bir insana belə, mən içindəki mənaya görə ona hörmət edirəm. Ən nadan belə mənim millətimin bir parçasıdır. Mənim də dərdim onun öz mahiyətinə, mənasına üzünü tutmasıdır. Bax, bu da əslində kamillik əhvalına yönəldən bir fikirdir.

Xalqlaşma ilə bağlı deyim. Elə çox işimiz olmayıbdır xalqlaşma ilə bağlı. Ancaq bir neçə yerdə olub. Əsasən bir yerdə, sonevlikdə, hüzür yerində. Orda başqa yerlərdən, hətta şəhərdən gələnlər vardı. Elanayla elə bir ortam yaratdıq, 30-a yaxın adamla Amal söhbətimiz oldu. (Molla da boynunu büküb elə heyrətlə qulaq asırdı ki.). Ölüm nədir, kədərdən dərs götürməyin özü nədir? Bu yöndə söhbətlər apardıq. Orda olanları təkrar eləməyə ehtiyac yoxdur.

IMG_8462

Sonra rayon mərkəzində Elananın qardaşının iş yoldaşı ölmüşdü. Cavan adamdı. Orda bütünlüklə Ocaq sözləriylə, fikirləriylə yanaşma bildirdim. Heyrətlə də dinlədilər. Hətta soruşanlar oldu – bu kimdir? Beləcə münasibət yarandı.

Sonra evə gələnlərlə, tək-tək adamlarla söhbət etmişəm. Həyat doludur sorunlarla. Ocaq yönündən yanaşma bildirmək, əlacını Ocaq yönündən göstərmək, ümumiyyətlə, xalqlaşma əməlidir.

Bu ay Məbəddə də işləmişəm. Bunu da xalqlaşma əməlinə özgün saymaq olar. Hər addımda Ocaq harayları etmişəm.

İndi də bir balaca burdakı qonularla bağlı deyim: “Mütləqə İnam xalqı yaratmaq, eləcə də Mütləqə İnam bəşəri yaratmaq siyasiləşən millətlərin aqibətində necə mümkündür?”

Bayaq deyirdim ki, bu sorğu ilə bağlı yaxşı düşünüb gözəl bir yazı da yazmaq olar. Ocağı, Atanı sunmaq baxımından bu çox gözəl yazı olar.

Birinci növbədə xalqı, belə bir car da vardı, din qaranlığından, ehkamların, başqa baxışların  etkisindən necə qurtarmaq olar ki, xalq rahat nəfəs alsın. Birinci növbədə, həmin etkilərin xalqın həyatında törətdiyi vəhşətləri xalqa göstərmək gərəkdir. Gələnlər sənə nə gətirdi? Tarixdə bəlli faciələr var. Bu fəlakətlərin, faciələrin nədəni yadlığın, yadların bizə gəlişidir. Əlində qılınc, top, tüfəng. Ancaq indi toplumda belə bir əhval yaşayır ki, o gələnlər gətirdiklərini düzgün gətirməyiblər, düz deməyiblər. Məhəmməd belə deməmişdi. Marks belə deməyib. Lenin də belə deməyib. Gələnlərin özünün qüsurlarıdır bunlar. Əlinə qılınc alanlar guya yanlış davranıblar. – Yox! Onların gətirdiklərinin tələbi idi elə o. Sənin başın kəsilməli idi. Sən Sibir kimi yerlərə sürgün olunmalıydın. İmperiya bunu istəyirdi. Sənin başın kəsilib çaylara axıdılmalı idi. Dini verənlər belə istəyirdi. Tələb o idi. Çünkü gətirdiyi Allah belə əsarətçi idi. Səni səndən alır. “Səni mən yaratmışam. O canı sənə mən vermişəm. Onu mən qaytarıb səndən almalıyam. Kefim istəsə sənə ağıl verərəm, ağıllı olarsan. İstəməsə, səni nadan edərəm və cəhənnəmdə əzab verərəm”. Gör nə deməkdir bu. Ömür əsarətdədir. Sənin deyilmiş bu ömür. Sən o ömrü necə qura bilərsən bəs?! Deməli, xalqa bunu çatdırmaq gərəkdir. Gələnlər elə tam anlamda, həm ruhsal anlamda, həm də siyasal anlamda əsarət gətirdi. Səni səndən aldı. Səni gücsüzləşdirdi. Ayağını yerdən üzdü. Birliyindən üzdü və başına olmazın fəlakətlər gətirdi. Bəs Mütləqə İnam fəlsəfəsi, dünyabaxışı sənə nə verə bilər? Birinci növbədə, sənin öz gücünü özünə çatdırar. Öz mahiyətinə qovuşdurar… Bu günlərdə generalların əl-qolunu bağlayıb tutdular. Nələrini əllərindən aldılar. Biz də  bir təskinlik tapırıq ki, əşi, deyəsən haqq-ədalət yerini alır. Heç bir haqq-ədalət yerini almır. Onu ora qoyan güclər indi onu ordan götürür. Onun yığdığını əlindən alır, yerinə başqa bir, ondan da betərini qoyacaq, o da səni talayıb yığacaq, sonra onun əlindən almaqdan ötrü… Bu proses tarixən gedib, indi də gedəcək. Nəhayət, ayılıb bunu dərk eləmək gərəkdir. Yəni idraklı bir xalq, mənəviyyatlı bir xalq, iradəli bir xalq uğrunda döyüşdür Mütləqə İnam döyüşü.

Sonra bir də görürsən ki, toplantıya çox sayda adamlar gəlir, yüksək aşamada elmli, savadlı, biri alimdir, biri şairdir, yazıçıdır. Hərdən deyirəm kaş mənim ciddi yazarlığım olaydı. Düzdür, o göydən düşmür, onu yaratmaq gərəkdir. Yarada biləydim də, o baxımdan deyirəm. Ancaq hamı biranlamlı olaraq yalnız ağıl verir, yol göstərir, bir cür çıxmasın, “vur, vur” deməkdən irəli getmir.  Qardaş, bu döyüşdür. Bu döyüş də bu millət, xalq üçündür. Sən də bu millətin, bu xalqın döşünə döyənin birisən. Sən mənə deyirsən ki, filan cür mübarizə etmək gərəkdir. Burada bizdə də bir adam var. Vətən, vətən deyəndə susmur. Ancaq vətən üçün bir addım atmaq gərək olanda imkan tapa bilmir. Öyrətməndir özü də. Söhbət edəndə deyirəm ki, bütöv bir ömrü qarın üçün yeriyirik, yüyürürük, çalışırıq, çarpışırıq, bütöv bir ömürdə ikicə saat bura üçün (başını göstərir – G.A.) çalışmırıqsa, sorunlar səni basıb öldürəcək. Ailə içində bəs qədər dedi-qodu var. Bir nəsil içində bəs qədər dedi-qodu var. Xalq içində, cəmiyyət içində sorunlar, dedi-qodular bəs qədərdir. Heç biri də həll olmur. Bu o birisi ilə əvəz olunur. Niyə həll olunmur? Çünkü həmin olayları qiymətləndirə biləcək düşüncə yoxdur. Yoxsa o sorunlar sənin gözündə öz-özünə elə əriyər ki. Elə sənin baxışınla, elə sənin etkinlə, işığınla, havanla əriyər. Yəni bu kimi bir əhvalda yaşamışıq bu ayımızı.

IMG_8460

“Xalqlaşma yönündə Ocaq hansı aşamalardan keçməlidir”. Demək olar ki, biz bir aşamanı keçmişik. Ocaq özünü bu aşamada deməkolar təsdiq eləyibdir. Yəni arınıb, durulubdur. Bu özü elə böyük bir aşama idi. Düzdür, mən Ocağın tam ilkin gələnlərindən deyiləm. Ancaq az vaxt da deyil gəldiyim. Ocaqda bulanma, durulma hallarını çox izləmişəm. Özüm də qıraqdan boylanmışam da, baxmışam da, təəssüf eləmişəm də, yaşım içimə axıb da. Ancaq tam durulma əhvalı son dövrdə təsdiq olundu. Var olsun Soylunu.

 İndi hansı aşamadayıq? Xalqın qulaqlarını da doldurmuşuq müəyyən mənada. Çox az sayda adam olar ki, Asif Atadan, onun Ocağından sorağı olmamış olsun. Söz yox, min il bundan sonra da elə adamlar tapılacaq. Ancaq Asif Atanın ideyaları, dünyabaxışı ilə qulaqlar dolub deməzdim, çünkü ideyaları bilmək hər adamın işi deyil. Ancaq bilgilərlə dolmaq bəlli bir aşamaya gəlib çıxıbdır. Bəs gələcəkdə hansı aşamalar gözlənilir? Xalqın Ocağa üz tutması dövründə Ocaqçılar üçün xüsusi bir təpki, basqı olacaq. Gözləyirəm. Fərəhli anlar da gələcək onda. Lap belə ciddi əngəllər olacaq. Bunu mən elə-belə deyirəm. Çünkü artıq köhnə dünyabaxışçılar, ondan bərk yapışanlar görürlər ki, Yeni İnam daşıyıcıları meydana çıxıblar. Artıq üz tutulur bunlara. Belə bir aşama da gəlib keçəcək. Əslində xalqın xoşbəxtliyi də o gündən başlayacaq. Bizim baxışımızda xalqın xoşbəxtliyi ideyaların gəlişi ilə başlayıbdır.

Mənim fikirlərim bu qədər. Hiss edirəm ki, danışmaq istədikcə əhvalım yaxşılaşır.

Atamız Var olsun!

 Göylü Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə!

Bir neçə gündən sonra, İnam Günü, “Ulufərəh” Ailəsinin Ailə Günü olacaq. Mən orada hesabat verəcəm. Ancaq burada bir neçə kəlmə demək istəyirəm.

Ümumi halımı demək istəyirəm ki, bu günlərdə İnam Evi jurnalımız ortaya gəldi. Ömrümə işıq kimi gəldi. Ən çox da nədə hiss elədim. Jurnalla bağlı ora-bura getdim, sənədləşmə işləri vardı. Uzun müddətdən sonra mən kimlərləsə söhbət eləməli oldum. Uzun müddət danışma, danışma, içimin paslandığını duydum. Çox pis etkilədi məni. Ağzımın, sözümün kəsəri sanki yoxdur. Hardan başlamalıyam, harda qurtarmalıyam, – durğunluq əhvalındayam. Əlbəttə, bunun səbəbləri var, içsəl halla bağlıdır.

Ümumiyyətlə, insanda içsəl halla bağlı bir var səhv, bir var qüsur, bir də var günah. Səhv adətən ağılsızlıqdan doğan bir şey olur. Düşünməyərəkdən atılan addımdır. Bu ağılsızlıq tamahla, yalanla, şöhrətlə, bu kimi duyğularla birləşəndə qüsura çevrilir. Bütün bunlar qanaraq baş verirsə, bu artıq günah demək olur. Bu baxımdan qüsurla günahın arasındakı bir mövqedəyəm. Durumumu özüm bilirəm, bu mənə deyilsə də, deyilməsə də, gedişin fərqindəyəm. Nə yaxşı ki, fərqindəyəm. Bir sıra məsələləri sanki sıfır nöqtəsindən başladım. Düzdür, bu sözü özümə çox vermişəm, dəfələrlə demişəm ki, yenidən başlayacam, hər dəfə həyata qapılmaq məni yenidən həmin nöqtəyə gətirib çıxarıb. Məncə, bu dəfə gerçəkdən sarsılmışam, sonucu müsbət olacaq.

Ailəyə uğurlar diləyirəm. Bu Ailədə olmaq həqiqətən şərəfdir. Söz demək, heç söz demədən iştirakın özü şərəfdir.

Atamız Var olsun!

 Günev Atalı: Sənə böyük anlamda minnətdarlığımızı bildiririk. Hər dəfə beş kilometr deyil, on kilometr deyil, bu boyda yolu gəlmək, bu Ailə Gününü kitablaşdırmaq, meydana çıxarmaq, yazmaq, çəkmək – çox razıyıq səndən.

 IMG_8466

Elxas bəy: Mən elə hər dəfə söz düşəndə Göylü bacımızı, qızları misal çəkirəm ki, sənin üstünə düşən, sənin eləməli olduğun, çəkməli olduğun əziyyəti hər dəfə 500-600 km gəlib gedən o qızlar çəkir. Söhbət düşəndə deyirlər bunların maliyyə dəstəkləri var, maddi gəlirləri var, deyirəm, a kişi, camaat gedib 5 manatı zülmlə qazanır, verir yola, kitaba, qələmə, dəftərə, səfərə.

Bir dəfə təcili yardıma getmişdim, orda bir nəfərlə söhbət etmişəm. Kitabı bayaq ona görə istəmişdim. Orda bizdən sonra da 3-4 nəfər gəldi. Hərəsi bir nəfər gətirmişdi. Hardasa 20-30 nəfər oldu. Təcili yardımda işləyən oğlan kitab istədi məndən. 2-3 yerdə işləyir. Deyir, gələ bilmirəm tədbirlərə. Ancaq kitab istəyibdir.

Mən həmişə bunu demişəm, bütün respublikada bizim kənddən çətin kənd yoxdur din məsələsində. Təsəvvür edin ki, bir nəsil altı yerə bölünübdür. Bayaq qardaşım dedi “bizi daşlaya bilərlər, çətin ola bilər”. Bir az razılaşmıram, artıq elə şey yoxdur. Ən çətin kənd bizim kənddir, böyük də eldir. Məsələn, Xırdalanın yarısı bunlardır. Getdikcə dindən üz döndərirlər. Adamlar bezirlər qaranlıqdan.

Məndə bir az zor üsulu var, çalışıram ki, tez başa düşsün. Onsuz da sən bunu gec-tez başa düşməlisən. Bəri başdan bil ki, bu belədir. Mən toplumun içində deyirəm ki, siz özünüz Allahınızı tanımırsınız. Allahlı olan adamı zorla Allahsız adlandırırsınız…

 IMG_8465

Günev Atalı: Nəinki o kənd, başqa kəndlərdə də bu iki qardaş iş görür.

Elxas bəy: O gün bir neçə adam var, deyir Həccə gedəcəyik. Deyirəm ora niyə gedirsiniz? Aparıb terrorçuları maliyyələşdirib qayıdacaqsınız. Deyirlər, sən nə danışırsan? Deyirəm, sən ora apardığın pulu apar yoxsulun birinə ver, qoy dolansın. O yoxsul gedib özünə iki inək alsın, südünü sağıb balalarına versin. Gör o yaxşıdır, yoxsa bu?! Aparıb terrorçuları maliyyələşdirirsən. Sənin ora gedib gəlməkdə guya məqsədin nədir? Ad almaq? Burdakı ad ondan on dəfə şərəflidir. Adamlar çox yaxşı qarşılayar ki, bu adam gözəl bir hərəkət elədi.

Artıq onu da mən bunların beyninə yerləşdirmişəm. İstəyirlər ki, elə bir şey edələr.

 IMG_8481

Soylu Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdəylə!

“Atagün” Ailəsinin VII aylıq törənində söz demək üçün Atamıza səcdə qılıb Bayrağımızı öpürəm.

Amallaşma qonusunda bir neçə kəlmə bizim dünyabaxışımızın tələbinə uyğun düşündüklərimi bölüşmək istəyirəm, sonra isə başqa qonulara yığcam bir yanaşma sərgiləmək istəyirəm. Biz sadəcə bir dünyabaxış yaradıcısı deyə hansısa bir fantastik fikir, davranış sunmuruq. Min illərdir bəşər övladının axtardığı, düşündüyü, bəzən ifadə elədiyi həqiqətləri sistemə salıb insanın yönünə çevirən və inamının mövzusuna çevirən Asif Atamızın baxışına aydınlıq gətiririk və insanlarımıza o aydınlığı sunuruq. Yəni insanların min illərdir axtardıqları həqiqət sistemləşib, İnam şəklinə gəlib düşübdür. Dünyabaxış şəklinə düşüb. İnsan,  birbaşa özü olmasa da, başqa bir insana münasibətdə həmişə idealizə eləmək, yəni artırmaq, uydurmaq xətti tutur. Bu nədən doğur? Bu, insanın axmaqlığındanmı doğur? Tutalım ki, gözümüzün gördüyü hər hansı bir insanı başqaları ideallaşdırır. Bəzən bizim acığımız da tutur ki, niyə olmazın bir şeylər düşünür, danışır?! Ancaq əslində onun hədəfi, seçdiyi adam yanlış olsa da, o münasibət minillərin axtarışından gələn həqiqətdir. İnsanda böyüklük görmək, Allahlıq görmək həmişə olub. Nəimiylə bağlı keçirdiyimiz toplantıda da mən bu fikirləri ifadə elədim. Hürufilər insana Allah dedilər. Əslində Hürufilərə qədər islamda da şüuraltı bəzən insana Allah deyirlər. Filan insan Allahdır demirlər ha, ancaq insanı Allah sayıblar davranışlarında, ifadələrində. Məsələn, konkret, Əliyə, Məhəmmədə, Hüseynə münasibətə baxın. Onları necə ideallaşdırıblar. Onlara ilahi keyfiyyətlər veriblər. Məhəmməddə, Əlidə, Hüseyndə ilahi keyfiyyətlər axtarırlar. Bəzən uydururlar. Bu, uydurma idraki naşılıqdan irəli gəlir. Ancaq yenə deyirəm, insanda böyüklük görmək, Allah görmək məsələsi var. Bu, minillər insanın axtarışlarının sonucudur. Hürufilərlə müsəlmanların fərqi nədə oldu? Hürufilərdən sonra da o, Atada ciddi bir görkəm aldı, ciddi bir şəklə düşdü. İnsanı Allahlaşdırmaq, onu qutsal saymaq, gəlib Atada çox gözəl bir şəklə düşdü. Yəni insan içində Mütləq gəzdirir.

Hürufilər insana Allah deyirdilər. Bu zaman onlar insanın fiziki varlıq olduğunu gözardı eləmirdilər. İnsanın fiziki varlıq olduğunu gözdə tuturdular. İnsana elə keyfiyyətlər sunurdular, onu elə əməlinə görə Allah adlandırırdılar ki, bu zaman insan ağlımızda, düşüncəmizdə mücərrədləşmirdi, fiziki varlıq olaraq da görünürdü. Bu, fiziki varlıq olan insan haqqında deyilən fikirlərdir. Nədə özünü göstərirdi? Məsələn, insanın yalansızlığa yetməsi. Belə götürəndə, sadə bir sözdür də. İnsanın yalansızlığa yetməsi. Ancaq insanın yalansızlığa yetməsi prosesi çox ağır bir prosesdir. Bir insanda heç bir vaxt heç bir yalanın olmaması – bu çox böyük bir məsələdir, zarafat bir məsələ deyil. Deməli, əgər insan özündə tam yalansızlığa yetirsə, tam rəqabətsizliyə yetirsə, pis anlamda yarışsızlığa, tamahsızlığa yetirsə, o, əslində ilahi keyfiyyətlərin daşıyıcısı olan insana çevrilir. Allahlıq xilqətinə çevrilir. Yenə deyirəm, elə-belə “yalan” sözü adi səslənir qulağımızda, ancaq yalansızlığı bacarmaq çox böyük bir məsələdir. Onu bacaran adamı, doğrudan da, ideala bərabər tutmaq keçir adamın ağlından. Onu ideala tən tutmaq ağlından keçir. Ancaq müsəlmanlar insana ilahi keyfiyyətlər verəndə onun fiziki varlıq olduğunu unudurlar: – “Məhəmməd ayı iki yerə böldü”. Obrazlı desək, ayı iki yerə bölmək Allahlıq keyfiyyətidir, Allahlıq qüdrətidir. Ancaq fantaziyadır. Eyni halda bunu gerçək, fiziki insana aid eləmək ümumiyyətlə, xülyadır ki, fiziki insan ayı iki yerə böldü deyirlər. Ayı iki yerə bölmək gərək deyil Allah olmaq üçün, dediyim keyfiyyətlərə yetmək gərəkdir: Mütləq yalansızlığa, tamahsızlığa, rəqabətsizliyə. Bax, bu, bəşəriyyətin min illərdir axtardığı keyfiyyətdir ki, onu bu gün Asif Ata gerçəkçi şəklə saldı. Dedi, insan içində Mütləq gəzdirən ruhsal varlıqdır. Mütləq nədir? Həmin Allahlıq məsələsidir. Onun adı nədir? İnsanlıq! İnsanlıq nədir? Dediyim şeylər. Yalansızlıq, tamahsızlıq, şöhrətsizlik, vicdana yetmək, sevgiyə yetmək, Vətən vurğunluğuna yetmək, bəşər sevgisinə yetmək, bunlar hamısı insanda ki formalaşır, yüksək bir etap yaradır, onda o insan haqqında adi danışa bilmirsən. Görürsən ki, bu insan elə-belə təkcə bioloji varlıq deyil. O qarşısında inək otarır, ancaq bu görkəm qarşısında inək otaran insanın özündən ayrılmış, ora qapılmış bir şəkli deyil. Gözümüzün gördüyü o inək otaran insan içində Allah gəzdirir. Bax, görürüsünüzmü, həyatla, yaxşı anlamda, necə bağlanır insan. Mücərrədləşmir, həm inəyini otarır, həm də içində Allah gəzdirir. Baxın, təbiətlə, yaşamla içində gəzdirdikləri bir-birinə bağlanır. Uyumsal olur. Mücərrədləşmir, xülyalaşmır. İnsan böyük olur. Otçalan insan böyük olur, Allah olur. Burada, müsəlmanlardakı kimi, o keyfiyyət seçkin adamlara, seçilmişlərə özgün olmur. Məhəmməd, Əli, Hüseyn seçilmiş idi. Ancaq Asif Atada içində böyüklük gəzdirmək, Mütləq gəzdirmək seçkinlərə özgün deyil, ümumi insana özgündür ki, hər bir insan içində Mütləq gəzdirir. İnsan o Mütləqə tən yaşaya bilər, ona yetməlidir. Yetmək üçün də yol göstərir. Bu cür addım at, belə yaşa. Bax, bu insanın taleyinin qurulması, doğrulması üçün o qədər gözəl bir aydınlıqdır ki, Asif Atanın dünyabaxışında ortaya çıxır. Gözəl bir aydınlıqdır. Burada heç bir qaranlıq şey qalmır. Heç bir nağıl qalmır. Ona görə insanı daşıdığı keyfiyyətlərə uyğun yaşatmaq üçün Asif Ata bütün tarixin, bəşəriyyətin keçdiyi yolun sintezi kimi formalaşır və belə bir şəkildə də qarşımıza çıxır. Belə bir şəkildə, ümumiyyətlə, insanlığın qarşısına çıxır. Mümkün olanı insana öyrədir. Sadə bir insanın ağlında o şey ki mümkünsüz görünür, Asif Ata onu mümkün göstərir. Mümkün olduğunu sübut edir. Bu, əslində gerçək yaşamla bağlı olan birbaşa gözəllikdir.

Bax, mən amallaşmamla bağlı qısa bunu deyərdim. İkinci, kamilləşmə mövzusuyla bağlı, sonuncu özüylədöyüş gündəliyimdən  bir-iki parça oxuyacam. Bu mənim sistem şəklində yazdığım 14-cü özüylədöyüş gündəliyimdir. Ancaq bir də xırda həcmli özüylədöyüş gündəliklərim var. O bir ayrı sistemdir.

(Soylu Atalı Gündəliyindən özünü görmələri, döymələri ilə bağlı parçalar oxudu – G. A.)

Buradan mən keçid eləmək istəyirəm xalqlaşma məsələsinə. Həm rəssamlarla görüş və bu görüşün, vurğuladığım kimi, yüksək səviyyədə keçməsi, dünən axşam Vaqif bəylə telefonlaşdıq, o deyir mən iki dəfə onlarla qarşılaşmışam, hər ikisində yüksək heyranlıq bildirdilər, qeyri-adi bir duruma düşüblər ki, belə bir söhbətin dinləyicisi olmayıblar bu çağa qədər. İkinci, “İnam Evi” jurnalının ortaya gəlməsi. Baxmayaraq ki, “İnam Evi” jurnalı bütünlüklə Ocaq qonularını qapsamır. Orada deyək ki, klassiklərdən nəsnələr var. Dəyər verdiyimiz, millətə gərək olan düşüncə adamlarının düşüncələrini, yazılarını, fikirlərini bu jurnalda çap eləmişik. Əslində bu da ona görədir ki, toplumun ağlında bir az belə deyim ki, ideoloji düşüncənin genişliyini təmin eləyək. Çünkü bütün halda Ocaq fikri, Ocaq sözü əsas olsa, bu Ocaq sözünün, fikrinin də adiləşməsi olar kimlər üçünsə. Həm də deyərlər ki, bunlar bütünlüklə özlərini deyirlər. Burada biz nəyin yiyəsiyik, nəyə önəm veririk, nəyə dəyər veririksə, onları bu topluma sunuruq. Yəni bu jurnalda sizin qarşılaşdığınız klassiklərdir, düşünən adamlar, fikir yiyələridir, bunlara biz önəm veririk. Niyə önəm veririk? Çünkü onların sənin millət olmağında bu və ya başqa şəkildə qatqısı var. Sənin milli tərbiyə olunmağında onların qatqısı var.

IMG_8479

Bu da bizim üçün bu son ayda ciddi bir xalqlaşma əməli oldu. Uzun müddətdir bu jurnalın üstündə çalışırıq. Zəhmət çəkirik. Zəhmətimiz ortaya gəlib çıxdı və ciddi iş görür. Biz bilmirik nə alınıb, nə alınmayıb. Bizim məqsədimiz bu jurnaldan pul qazanmaq deyil təbii ki. Ancaq dediyim kimi, mən köşklərə, keçib gedəndə, baxıram, görürəm ki, bu jurnal bəlkə 50-100 dəfə vərəqlənib. Hamı baxır. Bu bir maraqdır. Bu bir diqqətdir. İnsanların gözünün alışması, öyrəşməsidir həm də. Bizə də gərək olan budur.

Üçüncü bir olay, bu il Nəiminin 675 illiyini keçirməyimiz oldu. Əslində Ocaq ölçüsüylə baxarsan, ortaya sual çıxa bilər ki, Nəimiyə 675 illik keçirmək görəsən bu Ocağın nəyinə gərəkdir?! Belə götürəndə, doğrudan da, Ocağın bu günkü işinə gərək deyil. Ancaq o işi ki, dövlət, mədəniyyət baxanlığı görməlidir, bunlar ağızlarına su alıb dayanıblar. Bunlar xalqın içində yaşadılacaq dəyərlərə önəm vermirlər. Onların adını çəkmirlər. Onları bu xalqa öyrətmirlər, başqa işlərlə məşğuldurlar. Bütün baxanlıqlar (nazirliklər) elədir, o cümlədən Mədəniyyət baxanlığı. Nəimi – Hürufilik Asif Atanın dəyər verdiyi ruhsal olaylardan biridir. Azərbaycanımızın, Azərbaycanlığımızın ruhsal mahiyəti deyə onların bir-bir adını çəkir, dəyərləndirir. Nəimi Azərbaycanın ruhsal mahiyətini ifadə edən dəyərlərdən biridir. Biz Ocaq olaraq bu dəyəri gündəliyə gətirməklə əslində onun yiyəsini sunuruq topluma. Onun yiyəsi Asif Atadır. Baxın, Nəiminin yiyəsi dövlət deyil ha, Asif Atadır. Nəiminin Azərbaycana bağlı olan yüksək keyfiyyətlərini ifadə eləməklə, sunmaqla, biz Asif Atanın baxışını, dəyərini qabağa çəkirik. Yəni nə eləyiriksə eləyək, hər bir addımımız Asif Ata baxışının toplumun içərisinə yeriməsinə qulluq göstərir, onun təsdiq olunmasına gətirib çıxarır. Bunlar da vacib şeylərdir. Hər yöndən etki göstərmək, cığır açmaq Asif Ataya ki, toplumun içinə yerisin. Xalqın özünəxaslığı Asif Ata ilə qurulur. Bax, bu bizim xalqlaşma işimizin yığcam, son çağdakı miqyasıdır. Özü də çox böyükdür bu miqyas.

İndi isə gediş yazısındakı qonumuzla bağlı bir neçə kəlmə demək istəyirəm: Mütləqə İnam və siyasiləşən millətlər.

Mütləqə İnam xalqlara ruhaniyyat üstə yaşamaq tələbiylə səslənir. Ancaq dünyanın gedişi, dünyanın nizamı başqa yönə, başqa yerə köklənib. Tamamilə siyasətə köklənib. Bütün dünya siyasət qaranlığında, siyasət burulğanında çaşbaş durumdadır və insan bu qaranlıqda özünü görə bilmir. Özünün niyə var olduğunun fərqinə vara bilmir. Niyə yaşayıram? Bu cür hərcayi dünyada, bu cür başı-ayağı bilinməyən dünyada mən niyə varam axı?! Mən nədən ötrüyəm axı. Bu, əslində, doğrudan da, bir çağlar Tolstoyun özünə verdiyi sorulardır. Bu gün insanlar o soruları özlərinə vermirlər, ancaq o duruma düşüblər. Bu hara gedir, hara çəkib aparır insanı? Siyasiləşməklə axı özünü insan kimi duymaq mümkün deyil. Çünkü bu siyasiləşmənin içində min dənə hoqqa var, min dənə fırıldaq var. Min dənə eybəcərlik var, alıb-aldatmaq var, yalan var. Vəhşilik var, başkəsmə var. Dünyada güclü olmaq uğrunda yarış gedir. Heç kəs ruhsal qüdrətli olmağa can atmır. Hər kəs siyasal güclü olmağa çalışır. Siyasal güclü olmaq üçün iki araçdan istifadə edirlər. O nədir? Bir, bəşəriyyətin abad, firavan yaşaması üçün doğanın (təbiətin) verdiyi nemətlərin israf olunması. Yəni bu nemətlərin gətirdiyi gəlirlərin çoxluq baxımından böyük kəsimiylə yaraq-filan əldə edirlər. Ağlasığmayan yaraqlar icad edirlər. İnsanın başına oyun açacaq ağlasığmayan yaraqlar. Çeşid-çeşid, elə şeylər ki, burda oturub düşünürsən, düşünə bilmirsən. Bu yaraqlar nədən ötrüdür? – İnsanı qırmaq, öldürmək, insanı öldürməklə, kor, zəlil, çolaq qoymaqla, körpələrin qanına susamaqla dünyada güclü olmasını təsdiq eləmək. Baxın, bu heyvanat aləminə xas bir şeydir. Bu, insana özgün deyil axı. Siyasət bunu yaradır. Siyasiləşən gediş, dünya elə bu deməkdir.

İkinci, özünün güclü olmasını təmin eləmək üçün ayrı-ayrı qruplar yaratmaq, ayrı-ayrı birliklər yaratmaq, onların ağlını söndürmək, bu qruplardan dağıdıcı terrorçu düzəltmək və bunları canlı bomba kimi, canlı partlayıcı kimi qullanmaq. Baxın, dünyanın gedişində güclü olmaq istəyən alçaqlar nəyə çalışırlar, nələrə gedirlər. Nələr qalır ki, getməsinlər. Bax, belə bir dünyada yaşayırıq biz. İnsanlığın öldürüldüyü, qəhr olunduğu bir dünyada yaşayırıq biz və elə bir dünyada ki, burada başqa sözün, başqa çağırışın, mənəviyyat anlayışının rolu görünmür. Ümumiyyətlə, mənəviyyat anlayışı burada iş görə bilər, bilməz məsələsi var ha, inanılmır ki, mənəviyyat burada iş görə bilər – bu gedişdə, bu dünyada ha. Buna inanılmadığı bir çağda ki, mənəviyyat iş görə bilər, belə bir çağda biz Mütləqə İnam yolunda mənəviyyat çağırışları edirik. Mənəviyyata çağırışlar edirik. Baxın, heç kimin ağlının kəsmədiyi, inanmaq istəmədiyi, inana bilmədiyi, ağlının gücü çatmadığı bir şeyə biz çağırış edirik. Bunda da israr edirik. İndi bir tərəfdə bütün planetin xəzinəsini, varını-yoxunu, nemətinin hamısını əlində səfərbər eləyib insanın ağlını, mənəviyyatını söndürməyə yönələnlər durub, bir tərəfdə isə bir ovuc, səsi dörd divarın arasından güclə eşidiləcək bir qüvvə durur. Bəs biz nəyə arxayınıq axı, nəyə güvənirik ki, bu boyda azğın, azman bir dünyanın qarşısında dayanıb mənəviyyat çağırışı edirik. İnam çağırışı edirik. İnsana yeni aqibət vəd edirik. Bax, söhbətimin başlanğıcında vurğuladım, insanın içində olan Mütləqi tanıdığımıza görə, öyrəndiyimizə görə. Biz özümüzü aldatmadıq. Biz dedik insanın içində Mütləq var. Axtardıq, araşdırdıq, öyrəndik, tapdıq, gördük ki, var. Uydurmuruq, boşuna demirik. İnsanın içində Mütləq var, Allah var. Bu insan Mütləqin arxasınca gedirsə, axırda ona qovuşur. Bunu Asif Ata elədi. Biz də ona bənzər aqibət yaşayırıq. Yaşadıqca görürük ki, Asif Atanın çağırışını eşitsək, dediklərimizə əməl eləmək mümkündür. Deməli, bütün bəşəriyyətin içərisində nə gərəkdir? Bir Sirikli kəndinin içində, hardasa min, iki min insanın içində bircə nəfər Elxasın olması hansı dəyişikliyi yaratdısa, hələ bu dəyişiklik davam edir, edəcək, hansı dəyişiklik yaratdısa, Asif Atanın Mütləqə İnam carçıları, Ocaqçıları öz içində həmin Allaha, Mütləqə yetməklə, onu dərk eləməklə, onun ortaya çıxardığı biliklə yüklənməklə, bütün bəşəriyyətin içərisində həmin gedişi, həmin işi daha böyük şəkildə həyata keçirmək əzmindədir. Bu mümkündür. Onun mümkünlüyünü sən (Elxası gözə alır – G. A.) öz kəndində sübut elədin. Əgər burada bu mümkündürsə, hələ az bir tutumla, yüksək elmi tutumla getmədin onların içinə, sadə bir ürəklə getdin onların içinə, bu ürəyə Ocaqdan ayrı-ayrı eşitdiyin fikirləri qoymaqla getdin. Orada israrla inad elədin, o daşı dələ bildin. O qayanı parçalayıb yara bildin. İndi biz, Ocaq olaraq, daha böyük tutumla çıxırıq bəşəriyyətin içinə. Burada elmi tutum var, burada böyük fəlsəfə var. Burada böyük ruhaniyyat var, sistem var. Burada böyük həyat nizamı, sistemi var. Bununla biz çıxırıq bəşəriyyətin içərisinə və əzilən, döyülən, alçaldılan insana üzümüzü tuturuq ki, sənin qurtuluşun budur. Bunu biz hazırlayırıq sənə. Sən üzünü mənə tut. Sən əlində qılınc başını kəsməyə hazır olana boynunu əymə. Mənə üzünü tut, üzünü ağardacam. Onda sən görəcəksən ki, insan kimi yaşamağın anlamı nədir. Bax, Asif Ata belə bir həqiqəti araşdırdı, öyrəndi, içində işıqlandırdı, ortaya çıxartdı. Nəinki bunu yüksək idrakın süfrəsinə sundu, hətta gözün görə biləcəyi aşamaya gətirib çıxartdı. Ona görə biz belə bir sevgiylə, inamla siyasiləşən dünyanın anlamsız inadını onillər, yüzillər boyunca qırmağa qadir olduğumuzu dərk elədik.

Bundan ötrü gərək insanı mifik vurğunluqdan qurtarasan. İnsan mifik deyilişlərə, mifik yaranışlara, mifik ortaya çıxarılanlara vurğun olur. Məsələn, insan o qədər basqı altında yaşayır ki, o qədər onun ağlı kəsərdən düşür, o basqının altında, o əzilmədə ağlı elə kəsərdən düşür ki, o özünün qurtarıcısı saydığına özündən uydurulmuş keyfiyyətlər verir. Mifik şəxsiyyətlərə vurulur. O mif ki, onun gerçək əsası yoxdur, iş görmür, ona vurulur. Əlinin qılıncının boyu 2 metrdir. 12 adamı birdən kəsdi. Bu zəlil duruma salınmış insanın, bədbəxt duruma salınmış insanın mifik umududur. İşə keçmir. İnsanı o mifik vurğunluqdan qurtarmaq gərəkdir. Asif Atanın dünyabaxışıyla biz insanı həmin mifik vurğunluqdan qurtara bilərik. Biz buna qadirik. İnsanı gerçəkçi vurğunluğa yönəltmək, həqiqətə vurğunluğa yönəltmək gərəkdir. Onda o Əlinin qılıncının 10-15 adamı kəsməsini gedib tarixin uçqunlarının altında axtarmayacaq ki, kiməsə qəhrəmanlıq məsələsini sübut eləsin. Onda o öz içində hikmət tapacaq, qüdrət tapacaq. Ayağa durub dikələcək öz içində ki, mən bunu eləməliyəm. Torpaqların altından gəlib Əli mənim üçün on baş kəsməyəcək. İçimdə oturan şərin başını mən kəsməliyəm. Bax, o mifik vurğunluqdan insanı qurtarmaqla onun bütün diqqətini öz içinə yönəldirsən. Öz içindəki ideala vurulur o. Özünə inanır o. Onda o başlayır millət olmağa.

Sonra, bizi hər kəs çağırır. Bizi hara çağırırlar? Hansı ideyaya çağırırlar? Hansı ideala çağırırlar? Gərək kimlərinsə ətəyindən gözüyümülü yapışmayaq. Bizə sunulan ideal nə dərəcədə gerçəkçidir, nə dərəcədə gerçəklikdə onun yeri var? Həyata keçə bilər. Ondan biz yapışsaq, ağ günə çıxa bilərik. Nə dərəcədə bu mümkündür? Bəlkə heç mümkün deyil? Özünü qurtara bilməyən, özünün anlaya bilmədiyi ideyayla ortaya çıxan bir adamla biz hara gedə bilərik? Bizə mifik ideya sunan, başı-ayağı bilinməyən ideal verən, bir kəsin, bir kimsənin ətəyindən tutarıqsa, biz elə həmin vurğunluqda tamamilə fantaziyalara qapılıb kiçilə-kiçilə gedərik. Gərək bizə qurtuluş yolunu söyləyən dilin “doğrudanmı söylədiyi həqiqətdir” anlamına yetə bilək. Doğrudanmı həqiqət adına deyilən çağırışlar həqiqətdir? Nağıl deyil ki, yalan deyil ki? Məni kiçiltməyə yönəlməyib ki? Məni doğrudanmı özümə bağlayır, məni doğrudanmı, göylərə qaldırır? Gərək biz onun fərqinə vara bilək. Yenə deyirəm, içində özünü inandıra bilməyən məni necə ağ günə çıxarda bilər? Çıxarda bilməz. Bax, biz gərək bunun da fərqinə vara bilək. Baxın, bizim Asif Atanı sunmağımızda böyük bir üstünlük var, fərq var. Böyük bir ləyaqət var. Biz hər vaxt, həmişə Asif Atanı sunanda deyirik ki, gözünü yumub kor-korana tutma. Düşün və Asif Atanı öyrən. Mən deyirəm Asif Ata Mütləqdir, sən də araşdır, inan, öyrən. İnan ki, mən buna çatmışam da. İkinci, mən sənin içindən səni çağırıram. Özü də sənə çağırıram. İnanmaq üçün birinci şərt budur. Səni sənin içindən çıxan ər çağırır. Asif Ata sənin içindən çıxıb. O səni sənə çağırır. Səni başqasına çağırmır, səni Məkkəyə çağırmır, səni Bakıya çağırır, səni Örənqalaya çağırır. Örənqalanı qutsallaşdır. Gedib Məkkədə dizin-dizin sürün deyə çağırmır. Bax, sənin içindən çağıran ərin səsinə diqqət yetir. Gör o səni hara şağırır. Bizim üstünlüyümüz odur. Burdan belə bir şey çıxa bilər. Biz deyirik Asif Ata bəşəridir. Asif Ata məni mənə çağırır, türkə çağırır, bəs onda alman millətini hara çağırır? Almanı da almana çağırır. Bax, Məhəmməd bizi ərəbə çağırdı. Ərəbi də ərəbə çağırdı, məni də ərəbə çağırdı. Asif Ata məni türkə çağırdı, almanı almana. Almanı mənə çağırmır. Özü olmağa çağırır. Bax, onun ideyalarının hamısının axarında bu var. Bəşərilik budur. Bir milləti ləğv eləyib, gözardı eləyib onun mədəniyyətini, varlığını heç sayıb yalnız özünün yekəliyini ona sunan adamdan bəşər olmaz axı. Məni mənə doğmalaşdıran, məni özümə tanıdan bəşəri ola bilər. Kim olur olsun, ərəb olsun, alman olsun, fars olsun, ingilis olsun, məni mənə oxşadırsa, məni özümə bənzədirsə, mən ona dahi deyirəm. Ona bəşəridir deyirəm. Mən ona sevgi də bəsləyirəm, sayğı da. Ancaq məni məndən alan, ayaqlayan, heçə çevirənə necə bəşəri deyim?! Bax, Asif Atanın üstünlüyü odur. Asif Ata millətçidir, ancaq başqa milləti basıb ayaqlamır. Onu özünün ümmətinə çevirmir. Çünkü öz millətinə qıymır. Yəni başqasını heçə çevirən öz millətinə fəlakətli gələcək hazırlayır. Bu da bizim bu yöndən üstünlüyümüzdür.

Sonuncu bir mövzumuz ki, xalqlaşma yönündə Ocaq hansı aşamalardan keçəcək? Günev yaxşı toxundu məsələyə, qısa deyəcəm. Sizi çox yükləmək istəmirəm qonularla, ağır qonulardır. Əslində Atanın varlığını göstərmək aşaması keçdik. İçindən ər çıxıb Asif Ata adında. Səni düşünür, sənin dəyərlərini qoruyur, qurtarır. Səni yeni dəyərlərə yüksəldir. Səni aydın gələcəyə yönəldir. Bu bir aşama idi. Bu aşama hələ də var, gedir. Sonra xalqın ayağa durmaq aşaması gələcək. Ona qədər isə Asif Atanın ideyası nədir, necədir, nəyə çağırır, o aşamanın başlanğıcındayıq. Bu aşama ola bilər ki, öncəki qədər də uzun sürsün. Sonrakı aşama gələcək, xalqa demək ki, indi içində sənə hökm edən yadlıqlardan imtina elə. Özünün içindəkinə dön. Öz içində yaranana dön. Ondan yapış. Ona çağırış aşaması başlayacaq. Son aşama, çağırışın yaşam dönəminə keçməsiylə davam eləyəcək. Bax, xalqlaşma dediyimiz aşamalar bunlardan oluşacaq. Bu da bayaqdan dediyimiz həqiqətlərlə tutuşduranda, bir müstəviyə gətirəndə gözümüzün qabağında çox gözəl canlanır, aydınlanır ki, biz heç nəyi mücərrəd demirik. Aldadıcı demirik. Özümüzü aqldatmaq həvəsində deyilik. Təsəlli vermirik özümüzə. Xoşbəxtlik taleyi yaşayırıq. Böyük bir quruculuq ideyasının yükünün altında qəddimiz, varlığımız dik dayanır. Bütün çətinliklərə baxmayaraq, necə üzümüz ağ, gözümüz kölgəsizdir. Necə qutsalların dediyi kimi yaşayırıq. Arı, duru, vicdanla. Oğurluq bilmirik, əyrilik bilmirik, yalançılıq bilmirik, necə də qorxusuz, hürküsüz yaşayırıq. Necə də səksəkəsiz yaşayırıq. Bütün insanlar səksəkə içində yaşayır. Bizi toplumla bağlayan yalnız bir cəhət var ki, onların yediyi pozulmuş qidanı yeyirik. Onların udduğu pozulmuş havanı uduruq. Ancaq içimizdəki mənəvi nizam, mənəvi düzən yerlə göy qədər fərqlidir. Bunu bizim deməyə haqqımız var, çünkü bunu biz yaşayıb yaratmışıq. Bunu deməyə haqqımız var, toplum elə bir durumda yaşayır, biz isə elə bir aşamaya keçmişik, özümüz dərk edirik ki, biz insana, insanlığa gərəyik. Bizi insana – insanlığa gərək eləyən Atamızın qarşısında səcdə qılıram və sözümü bitirirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın Bayrağını öpürəm!

Qutsal Oxuma: “Fəlsəfənin Təməli” Bitiyi, “Təməl” əsərindən “Ədalətin Təməli” bölümü oxundu, aydınlıq gətirildi.

IMG_8490 IMG_8495 IMG_8445 IMG_8448 IMG_8443 IMG_8428 IMG_8421

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,

“Atamız Var olsun!” səcdəsiylə Gün başa çatır.

 

Sərt Ayı, 37-ci il. Atakənd.

(dekabr, 2015. Bakı.).

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir