Xəbərlər

“Atagün”, “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin Ailə Günü tədbirindəki çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

“Atagün”, “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin
Ailə Günü tədbirindəki çıxışlar

 Ocaq Günsırası ilə 11 Qürub Ayı, 40-cı ildə “Atagün”, “Uluyol-Hünər”, “Ulufərəh” Ailələ­ri­nin birgə Ailə Günü keçirildi. “Uluyol-Hünər” Ailəsinin yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən Ailə Günündən üzü bu yana Ocaq işləri görmüşəm, tədbirləri hazırlamışam, saytla bağlı işlərim olub. Ancaq geniş anlamda nə özümə, nə Ocaq işlərimə ciddi vaxt ayıra bilməmişəm. Bununla belə, Göylünün Ailə Gününə yazdığı qonu ilə bağlı düşün­cələrimi bölüşmək istəyirəm: “Kapitalizm dərinləşir, İnsançılıq dayazlaşır. Ocaqçılıq yeriyə­cəkmi?”

Biz 21-ci yüzildə yaşasaq da, keçmiş yüzillərin qanunları ilə yaşayırıq. Əgər çağdaş dövrdə din yaşayırsa, deməli, gəlişmə olmayıb. Çağdaş dövrdə feodal yönətimi qalırsa, gəlişmə olmayıb. Texnologiyanın gəlişməsi İnsanlığa qatqı vermir. Çünkü gəlişmənin ölçüsü İnsanilikdir. Kapita­lizmdən başqa yol, ölçü yoxdur indi.

Kapitalizmdə insan özünə yaxın düşə bilmir. İnsan insana yaxın düşə bilmir. Uzaqlaşdıqca uzaqlaşır özündən də, başqalarından da.

Adam öz əməyini satır. Əslində satılan ömürdür, arzulardır. Dəyərindən daha az qiymətə satılır. Gedişin yönü ömrü dəyərsizləşdirməkdir. Hər şey pula satılır, hər şey pulla ölçülür. Adamlar arasında rəqabət artdıqca, doğmalıq azalır. Adam adama faydalanma qaynağı, pul aracı kimi baxır. Münasibətlər də İnsanilik üstə deyil, kapitalizmin yönətdiyi zaman, ortam toplum qanunları ilə formalaşır. Əslində bəşər keçmişin qanunları ilə bugündə yaşayır. Ata deyir, “Bəşər Zorla Var arasında fırlanır. Var zora çevrilir, zor vara çevrilir. Din özü də zorla varın birliyidir. Din ruhani zordur”.

Rənglərin daha da tündləşdiyi, münasibətlərin daha da kəskinləşdiyi zamanda Ocaq hava-su kimi gərəkdir. Ağla qara təzadı kimidir – Ocaqla dünya. Dünyanı o zaman yeniləmək olar, özüm yenilənəm. Özüm dəyişəm ki, dünyanı dəyişəm. Bu açıdan böyük sorumluluq daşıyırıq. Ocağın yeriməsi üçün çox böyüməli, çox əməllər görməliyəm. Həyat çətinləşir, güzəran qayğıları amansızlaşır.

Başqa qonu – Doğmalıq. Ocaqda, sözsüz, doğmalıq var. Çünkü ideya doğmalığı var. Nə qədər ideyaya doğmalaşırsan, o qədər Ocaqçılar bir-birinə doğmalaşır. Biz o doğmalıqla, münasibətlə yaşayırıq. Ancaq Ocaqçılar qabağa gedirsə doğmalaşır, gərək heç kim yerində saymasın. Məsələn, Soylu Atalı yeni bir düşüncəsini bölüşür, ancaq mən ona qarşılıq verə bilmirəm. Mən onun özü üzərində işləməsindən, əməllərindən, ömründən bəhrələnirəm, ancaq qarşılıqlı bəhrələnmə yoxdur. İdeya üzrə köklənməliyəm ki, həm doğmalıq artsın, həm də münasibətlər daha da ucalsın. Atamız Var olsun!

Günev Atalı (Ataya Səcdə edib Bayrağı öpür): “Mütləqləşmək – Var olmaq” kitabından “Mülkiyyətə münasibəti” oxuyub özümləşdirmişəm. “Əməkçi mülkiyyəti”… (Burada Günevin oxuduqlarını yazmırıq, Bitiqdən sistemləşdirdikləridir – N.A.)

Amallaşmada bu bölümü xeyli düşünmüşəm. Öz ağlımın gücüylə, bunları toplumun içində ifadə etmək istəyiylə, Bitiqləri işləyirəm. Özümə necə çatırsa, elə çatdırmaq bacarığıyla. Kamilləşmə ilə bağlı bir aşamaya gəlib çıxmışam – imtina, söz yox, bizim abemizdir. İmtina olmayan yerdə ləyaqətdən söhbət gedə bilməz. Çox şeylərdən imtina eləmişik, ancaq imtinanın mənim üçün yeni aşaması nədir. Sən ağsaqqalsan deyə, qohum-qardaş məni balacadan tutmuş böyük xeyir işlərinə çağırırlar. Sən gəlməsən, sən orda özəl söz deməsən, məclisin yaraşığı olmayacaq. Bəzən mən güzəştə gedirdim. Ancaq son çağlar bir-bir başa salmışam. Mənim sənin xeyir işinə gəlməməyim heç nəyi dəyişmir. Sən də heç bir şey itirmirsən. Ancaq mən bu xırdalıqlara bac verməklə, toplumçuluqla ayaqlaşmaqla, Amala böyük ziyan vururam. Bunu bir neçə yerdə dedim. Düzdür, etiraz elədilər, sən necə ağsaqqalsan. Deyirəm, siz məni ağsaqqal kimi qəbul eləmirsiniz. Siz məni həyatın yelinə verirsiniz. İstəyirsiniz, öz istəklərim əsasında sizə ağsaqqallıq eləyim. Axı Asif Ata Ocağı Ölügötürmə quralları, Beşikbaşı quralları yaradıb. Bunları mən dönə-dönə onlara önərirəm. İnadla onun üstündə dururam. Ancaq onlar deyirlər, bunları qırağa qoy, gəl burda toplumun istəyinə uyğun bir-iki kəlmə bəzəkli söz de. Bəlli qədər barışmalar da oldu. Deyirəm mən İnam Məbədi tikirəm. Necə çətin başa gəlir bilirsiniz. Hər dəfə Bakıya, xeyir işə, gəlməyim mənə, yol pulu-filan, 100 manata başa gəlir. Üstəlik də toydur, bilirsiniz, hansı aşamalardan keçməlisən. Mən bunların hamısına əməl etsəm, məbədi tikə bilmərəm. Bir xalq olaraq, millət olaraq, bəşər olaraq, onun yolunda atdığım bu addımlar balaca istəklərdə xırdalanır gedir. Bu açıdan özümə qəti söz verdim, artıq elə şeylərdə güzəştə getməyim.

Xalqlaşmam yaxşıdır. Çünkü mənim hər anım Ocaq üstədir. Hər məsələyə Ocaq yönündən münasibət bildirirəm. Bu da söz-söhbətə səbəb olur. Dəfələrlə kənd içində olubdur. Qohum-qardaşgilə gedəndə də söhbət Ocaq üstə, Ocaq haqqında olur. Ən böyük xalqlaşmam məbəd məsələsidir. Yazdan indiyə qədər onun döşəməsinə, pəncərələrinə, tavanın materiallarına 2 min manata qədər pul xərcləmişəm. Qoyunlarım vardı, satdım. Beləcə, təşkil elədim. Bu gedişlə az vaxtda orda tədbir keçirmək olar.

Kənd içində əməlli-başlı toplantı, söhbət oldu. Hər kəs bilirdi, bu tikintiyə yaşayış evi kimi sənəd düzəltmişdik, camaatı kiritməkdən ötrü. Söhbətimizdə bələdiyyənin başçısı iştirak edirdi, camaatın səsini kəsmək istədi ki, o tikili bu kişinin evidir. Mən qalxıb dedim, mənim evim deyil, İnam Evidir. Ruhsal ev ideyasını ortaya atdım. Deyirlər axı sən xərci çəkirsən, deyirəm hə, mən tikirəm. Tək özüm üçün tikmirəm. Bir var cismimin evi, burda evim var, ancaq o, mənim ruhumun evidir. Ruhumun evi nə deməkdir? O daha gərəklidir. Çünkü bu boyda xalqın özünün İnam Evi olmayıb. Yəhudi gəlib sinaqoq tikir, xristian gəlib, kilsə tikir, müsəlman gəlib məscid tikir, təkcə sən özünə ev tikməmisən. Təkcə sən ruhunun tapındığı yeri, ünvanı yarada bilməmisən. Bundan qorxursunuz, niyə qorxursunuz, bilmirəm. Vaxtilə bizim kəndin içində aşırı anlamazlıq vardı. Heç əməlli başa sala bilməmişdik. Etirazlar güclü idi. Özü də elə səviyyəyə gəlib çıxmışdıq, dedim mən gizlətmirəm, bəyan edirəm burdan. Bu, Mütləqə İnam Məbədidir. Məbədin sözü, etkisi budur. Məbəd minillərə söz deməyə hesablanır. Baxın, alban məbədi. Ona necə yanaşırlar. Uçub tökülübdür, 10 yüzildir, 11 yüzildir. Meşənin içində uçuq-tökük kərpic qalıqları qalıb. Bu filan məbəd olubdur. Ona elə sayğıyla yanaşır insan. Bu kimi işlərə yanaşmanı özümüz üçün bəlirləyək…

Yaxşı oldu. Xalqlaşma işiylə bağlı, məbəd qonuya çevrilir. Düşüncə də deyilir orda.

Qonumuz: “Kapitalizm dərinləşir, insançılıq dayazlaşır. Ocaqçılıq yeriyəcəkmi?”

Ata deyirdi, qaranlıq qatılaşdıqca, işığımız artacaq. Bu dərinləşmə, İnsançılığın azalması Ocaqçılığın önəmini daha da artırır. Mən bunu hər addımda eşidirəm. Toplum içində hər hansı mənfiliklərə qarşı münasibət olanda ölçü kimi adım çəkilir. Asif Ata Ocağının adı çəkilir. Əgər məndə hər hansı bir yaxşı cəhət görürsünüzsə, deməli bu, Yolumdandır. Ancaq öncələr deyirdilər, bu yaxşı adamdır, heyf, bu yola düşüb. Onu bilirəm, artıq nə vaxtsa, Ocaqdan söhbət eləyəndə artıq etiraz görmürəm. Hər şeyi düz deyirsiniz, düzdür…

Bəşərin yeganə çıxış yolu İnsanlaşmaqdadır, Millətləşməkdədir. Bunu dönə-dönə vurğulamışam. Çatır ağıllara. Sən necə türkçüsən, ərəb dəyərləriylə yaşayırsan. Millət tanımayan bir baxışın etkisindəsən?! Bu kimi xalqlaşma işində söhbətlərimiz geniş olubdur.

Başqa qonumuz: “Ocaqçıları bir-birinə özündənkeçmə doğmalaşdırır. Nə dərəcədə doğma­yıq?”

Əgər buna bir cümlə ilə cavab vermək olarsa, mənim üçü uğurludur. Mən ürəklərdə heç bir giley görmürəm. Üzlərdə gözəlliyi ifadə eləməyən hal görmürəm. Çox yaxşıdır. Kaş həmişə Ocaqçılar axıra qədər belə ola. Artaq, çoxalaq, ancaq bu cür səmimiyyət qala. Doğmalaşma qala. Bu cür bir-birinə güvənc qala. Bu cür gözəllik qala. Mən Güntayı qardaşım kim sevirəm. Elə bilirəm, atamdan-anamdan doğulan qardaşlarım olmayıb. Çünkü atamdan-anamdan doğulan qardaşlarımda ruhsal doğmalıq olmayıbıdr. Atamız-anamız elə bir tərbiyə etkisi göstərə də bilməyibdir. Özlərində də olmayıb. Çünkü görməyiblər. Gördükləri dinin etkisidir, toplumun etkisidir, o da sürülük, bəndəlik. Ata-ana hardan alaydı o etkini ki, bizə də göstərəydi?! Birinci növbədə İnsan olmaq gərəkdir.

Neyləməliyik, Ocaqçılıq yaxşı yerisin? Ocaqçılıq yeriyəcəkmi? Birinci növbədə İnam dərinləşməlidir. Mən çox vurğulayıram bu sözü, millətin, bəşərin dərdini öz dərdinə çevirəndə qurtuluş başlayacaq. Asif Ata o halı verib sənə. Tutmuşuq Asif Atanın ətəyindən, düşüncələ­rindən. Budur qurtuluş. Mənim də, dünyanın dərdi adlanan bir dərdim var. Necə balamın dərdini, qayğısını çəkirəm, Dünyanın da dərdini çəkməyi özümə borc bilirəm. Bu gec oldu, tez oldu, nəsə oldu. Bu mənim dərdimdir. Buna mən əlac axtarmalıyam. Əgər İnam səviyyəsində götürsək, bu ideyalarla, bu düşüncələrlə insan fəlakətdən qurtulacaq. Ona görə İnam dərinləşməli, dünyanın dərdini hər dəfə yeni aşamada ürəyinə götürməli.

Oturmuşuq orda, ikicə adam söhbət edirik. Havanın da rəngi yoxdur, dənizin də rəngi yoxdur. Dağılır. Hələ bu mənim təbiətimdir. Hər şey dağılır, insan dağıdır. İnsan insanlaşmalıdır.

Atamız Var olsun!

Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Bayaq biz Günevlə oturmuşduq, danışırdıq, axır illərdə havanın rəngi də, dənizin rəngi də dəyişib pis anlamda. Mən orda gözəl rəng, təbiətin gözəlliyini görə, tapa bilmirəm. 10 il bundan qabaq tapdığım gözəlliyi bu gün tapa bilmirəm. Nədənini bilmirəm niyə belə olub. Ancaq bir şey bilirəm, burda qonu qoyulub “Kapitalizm dərinləşir, insanlıq dayazlaşır”. Kapitalizm dərinləşir, bunu hamı bilir, görür. Təbii, kapitalizm dərinləşdikcə insanlıq da dayazlaşır. Ancaq bir şey var, mən sosial şəbəkələrə hərdən macal tapıb baxıram. Orda, söz deyə bilən, düşünə bilən insanların düşüncələri mənim üçün maraqlıdır. Kapitalizmə önəm verən, demokratiyaya önəm verən insanlar var. Cürbəcür insanlar var. Demokratiyaya önəm verən insanların düşüncələri mənə qəribə gəlir. Avropada yaşayan insanların düşüncələri bu sonuca gəlir ki, demokratiya var, ancaq demokratiya kapitalizmdən aşağı səviyyədədir. Kapitalizm gələndə dempokratiya keçərli olmur. Əgər orda pul marağı varsa, demokratiya ikinci, üçüncü dərəcəli sayılır. Mənə çox maraqlı gəldi bu məsələ. Yəni deyirlər Azərbaycanda demokratiya yoxdur. Niyə bəs demokratiyanı təbliğ edən Avropa Azərbaycana təpki göstərə bilmir. Çünkü Avropanın Azərbaycanla marağı demokratiya üstündə deyil, kapitalizm maraqları üstündə qurulub. Azərbaycan kapitalist maraqlarını önə çəkirsə Avropa qarşısında, deməli, Avropa demokratiya məsələsində addımını geri qoyur. Bu doğrudan da, maraqlı məsələdir. Kapitalizm nəinki dempokratiya… biz demokratiyanı bəyənmirik, o aşağı səviyyədədir bizim Mütləqə İnam baxışımızda. Ancaq yenə də olsa, bunların fəxr etdiyi bir şeydir demokratiya. Kapitalizm onu üstələyir. Belə bir ortamda Ocaqçılıq yeriyəcəkmi? Sözsüz, Ocaqçılıq yeriyəcək, yeriməlidir də. Nə üçün? Həm kapitalizm, həm demokratiya bəlli qədər iflasa uğrayır. Düşünməyi bacaran insanlar görürlər, bu insanlığa heç nə gətirmir. Tərsinə, insanlıqdan çəkir hamısını. İnsanlığı göstərən ideya, ideologiya axtarışında olanlar, istər-istəməz, gəlib Ocaqçılığa çıxacaqlar. Bu mənim şəxsi düşüncələrimlə bağlı deyil. Mən bunu ümumi­ləşdirib deyirəm. Başqa cür də ola bilməz.

Atamız Var olsun!

Soylu Atalı (Asif Ataya səcdə edib Bayrağı öpür – T.A.): Ocağımızın genel yerişi yerindədir. Ancaq bireysəl prinsiplərlə götürsək, Ocağımızın yerişi geriləyib. Bu, Ocaqçıların öz yaşamında ruhsal tarazlığını itirməsiylə bağlıdır. Ocağın genel tarazlığı yerindədir. Ancaq bireysəl anlamda bu, hardasa pozulub. Ocaqçıları bir neçə yol uyarmışam. İndi də uyarıram. Özünü ayaqda tutmağı bacarmaq gərəkdir. Yoxsa söz kəsərini itirə bilər. Söz gücdən düşə bilər. Ocaqçı ruhsal kimliyini qorumasa, onun sözü iş görməz. Deyilən söz yaşanan ömürlə bağlıdır. Deyilən sözün gücü də yaşanan ömürə dayanır. Nə göydəki Allaha dayanır, nə də, yerdəki ideologiyalara.

Mən Günevin söhbətiylə bağlı bir məsələyə toxunub sonra öz düşüncələrimi bölüşmək istəyirəm. Günev öz bölgəsində apardığı işlərlə bağlı qəti mövqe ortaya qoyub. Buna görə də, demək olar, Günevin ortaya qoyduğu davranışda yanlış yoxdur. Ancaq məncə, nələrisə gözə almaq gərəkdir. Mən demirəm, bu güzəştdir. Güzəşt deyil. Günev öz yaşamından, ömründən çıxış eləyir. 30 illik bir ömür qoyub ortaya Ocaqda. Hesab eləyir, bu artıq bəsdir. İndi ayrı şeylər olsun. Ancaq mən düşünürəm, tez saymaq gərəkdir. Nəyi? Məsələn, qohum kimsə, əgər səni ağsaqqal kimi öz işində görmək istəyirsə, mənə elə gəlir, tıncıxmadan getmək gərəkdir. Çünkü qohumlar sənin dediyin qaydalara, qurallara alışmayıb. Həm də ona yad görünür. Bir az da utandırıcı görünür, bu, toplumdan fərqlənib ayrı bir addım ata bilər. Tərsinə olanda nə olar? Yenə deyirəm, güzəşt saymıram. Belə olanda xalqın içində ola bilmərik. Xalqın içi də onun xeyir, şər işidir. Biz də onda ola bilmərik. Ona görə aşamalar ola bilər. Hələ orda bizim quralımız deyil, bəlli bir dövrə qədər, sözümüz iş görəcək. Məsələn, hardasa Beşikbaşı törəni keçirməyəcəyik. Ancaq Beşikbaşı törəni üstə söz deyəcəyik. Günevi ağsaqqal kimi çağırıblar, çox gözəl. Deyəcək, sizdən xahiş edirəm, dinləyin məni. Gənclərin yanında durub onlara uğurlama verəcəm. Ocaq ruhunda gözəl bir uğurlama. Ocaqçılığın etkisi budur. Ərk olunan yerdə, olanaq olan yerdə bir az Beşikbaşı məsələlərini, düşüncə atributlarını genişləndirmək. Bu cür etki göstərmək olar. Yoxsa Ocaq belə istəmir, ona görə mən ola bilmərəm. Onda xalqın içindən qırağa çıxırıq. Yenə deyirəm, bunu güzəşt saymayaq. Sənin tələblərin, yanaşman tam doğrudur. Ancaq o aşama yetişməyib. Biz hələ aşamalarla yeriməliyik. Bu, o vaxt güzəşt adlanar, xalq sənin dediyinə hazır olsun, sən də o tələbləri ödəmirsən. Ancaq xalq hazır deyil sənin dediklərinə hələ. Ona görə bu məsələyə elə yanaşmaq olar.

Mən indi özümün işimlə bağlı bir neçə söz deyim. Son bir ayın içində mənim bir neçə yöndən işim olub. Bir neçə yol evimə gəliblər. Oturmuşuq həyətdə, talvarın altında saatlarla söhbət etmişik. Gecə saatlarına qədər söhbət davam elədiyi üçün ora işıq çəkmişdim. Gələnlərə ədəbiy­yat da vermişəm. Yəni mənim üçün xalqlaşma baryeri yoxdur. Harda olursa, uyğun alınırsa, orda iş aparıram. Burada Ocaqdan veriliş də hazırladılar. Gələnlərlə saatlarca söhbət eləyirəm.

Atanın prinsiplərini üzə çıxarmışam, aydınlaşdırmışam özüm üçün. Başqaları üçün aydınlaş­dır­maq da mənim üçün sorun doğurmayıb. Sosial şəbəkələrdə, Asif Atanın insana yönəlik düşüncələrindən alıntı gətirirlər. Bunların hamısı bizim söhbətlərin etkisindəndir. O gün Yasin zəng eləyib, deyir, bir muğamşünas xanım veriliş aparır televiziyada. Deyir, Asif Atadan danışmamaq olmaz. Hardasa bir danışığa (müsahibəyə) rast gəldim. Deyirlər, elə şeylər var, onlardan danışanda, Asif Atadan söz açmamaq olmur. Bunların hamısı bizim söhbətlərin etkisindəndir, bizdən ruhsal dəyər alırlar, düşüncə əldə eləyirlər. Onu da öz yaşamlarında ifadə eləməyə çalışırlar. Bilirsiniz, bu yayın istisində təsərrüfatla bağlı çox işlədik. Bununla belə, Ocaq tədbirlərini işləmişəm. Özümün kitabımı işləyib başa çatdırmışam. Hardasa 400 səhifəlik bir kitabdır. Bunun üzərində işləmək elə-belə məsələ deyil. Sonra, özümün iki cildliyimlə bağlı sistemləşdirmələr eləmişəm. Atanın “Yetməli olduğunuz” Bitiyini çapa hazırlayıram. Bunun üçün kitabı oxuyuram. Həm də orfoqrafik yanlışlarını düzəldirəm. Bu qədər işin içində “Od İşığı” ideyasını işləmişəm. Hesab eləyirəm, “Od İşığı ideyası” yazım Asif Atanın yayılması, yaşaması üçün böyük bir etkidir. Çünkü bu millətin min illərdən üzü bu yana düşündüyü, daşındığı, düşüncələrinin, inamının, mənəviyyatının, mədəniyyətinin axarını ifadə eləməyə çalışmışam. O ideya, doğurdan da, Azərbaycançılıq xəttində Azərbaycançılığımızı suna, öyrədə bilir. Eyni halda, bilirsiniz, davamlı şəkildə dünyanı izləmələrim olur. İzləyirəm, söz yazıram. Demirəm, 10 il bundan qabaqkı səviyyədə izləyə bilirəm. Onda daha çox izləyirdim. İndi genel izləyirəm. Vaxtım, macalım da o deyil.

Bunlar mənim Ocaqçılıq üstə köklənməyim, yaşamağımdır. Mən bu yaşamdan qırağa çıxmıram. Çıxa bilmirəm. Ayrı cür yaşaya bilmirəm, düşünə bilmirəm. Dediyim kimi, köklənməyimə görədir. Təkcə ona görə yox, Atanın Ocağı sönməməlidir. Bu mənim artıq normal yaşam tərzimdir.

İndi bir neçə söz də qonularla bağlı demək istəyirəm. Dünya əyilə-əyilə gedir. Əyilməkdədir, düzəlmir. Düzəlməsi görünmür. Həm də olumsuz görünür. Ancaq biz, Ocaq olaraq, çox əsaslı bir düşüncə ortaya qoymuşuq deyə, özümüz inanırıq dünyanın dəyişəcəyinə. Bacardıqca çabalar da göstəririk, dünyanın dəyişməsi bizim düşüncələrimizdən, çabalarımızdan başlanğıc götürə bilsin. Deyirlər, qanun yüksəkdir. Qanun hər şey olmalıdır. Bunu dedikcə qanun heç şey olur. Niyə? Çünkü qanun hər şey olanda insan əmələ gəlmir. Qanun insandan gəlmir. İnsandan qıraqda ortaya gəlir. Toplumçuluğu, qanunları tez-tez dəyişirlər. Niyə dəyişirlər? Adını qoyurlar, toplum gəlişir. Bu gəlişməyə uyğun da qanunlar yenilənməlidir. Məsələ o deyil. Əgər insan, toplum insani qanunlarla yönətilsəydi, onda bu qanunları, addımbaşı dəyişməyə gərək qalmazdı. Sənin mədəniyyətin gəlişsin. Dəyərlərin gəlişsin. Ədalət varsa, qanun niyə dəyişməlidir? Ədalət niyə dəyişməlidir? Zəif, güclü ədalət yoxdur axı. Toplumu, qanunları tez-tez dəyişməklə, əslində toplumu oynadırlar. Çünkü toplum pulçuluq qanunlarıyla yönətilir. Kapitalizm quruluşunda yaşayan bir toplumun qanunlarında heç bir ədalət olmayacaq. Ədalət olsa, kapitalizm olmayacaq. Kapitalizm varsa, ədalət olmayacaq. Bir şeyin adı kı pulçuluqdur, pula bağlıdır, bu qaçılmaz bir gerçəklikdir. Heç kim Quruluşun dəyişməsindən söz açmır. Hamı deyir, həyat pisdir, ədalət yoxdur. Hardan olsun, nədən olsun? Ata deyəndə kapitalizm ləğv olunmalıdır, hamı deyir, Asif Ata nağıl danışır. Atanın dediyinə inanmırsan, onda gedişi niyə tənqid eləyirsən? Atanın döyüşdüyü ilə sən də barışmırsan axı. Bəs niyə deyirsən, nağıl danışır? Bəs niyə kapitalizmin dəyişəcəyinə inanmırsan?! Mən nə üçün bunları deyirəm, baxın, Atanın ortaya qoyduğu düşüncə nə qədər aktualdır, qaçılmazdır, gərəklidir. Bizdə parlamentar sistemdir də. Addımbaşı qanunu dəyişirlər. Toplum görür, yönətimdə ədalət yoxdur, yönəticilər durub qanunu dəyişirlər. Toplumun qulağı səsdə olur. Görək indi nə dəyişiklik olacaq. Yəni toplumu yalançı ümidlərlə oynadırlar. İndi yeni qanun qəbul elədilər. Görək bu necə olacaq? Yeni qanunlar da toplumun gözündə tam adiləşəndən sonra başqa şey qəbul eləyirlər. Bütün yenilənmələrin hamısı kağız-kuğuzda gedir. Toplumsal həyatda getmir.

Mən bir şeylə bağlı söz deyim. Özünü dərk məsələsi. Baxın, sosial şəbəkələrdə də, həyatda da rastlaşırsınız. Hər kəs deyir, qüsursuz insan yoxdur. Yanılmayan tək Allahdır. Bununla qüsura bəraət verilir. Eyni halda, insanın böyüməsinin, kamil olmasının qabağı alınır. Hər mənada insanın kamilləşməsinin qabağı alınır. Din də bunu deyir, ideologiyalar da. Yəni qüsursuz insan yoxdur. Qüsursuz insan olarsa, kapitalizm də, din də yaşaya bilməz. Allaha qul olmayacaq kamil insan. Ona görə də bütün təbliğatlar, söhbətlər onun üzərinə gəlir, insanı qüsurlu göstərsinlər. İnsanın mütləq qüsursuzluğuna inam olmasın. Ancaq hər kəs televiziyada da, ədəbiyyatda da deyir, fəlsəfə də, sənət də, siyasət də deyir insan özünü dərk eləməlidir. İndi sual ortaya çıxır. Yaxşı özünüdərk nə deməkdir? Mən başdan-ayağa qüsurlarla doluyam. Mənim özümü dərk eləməyim nə deməkdir? Qüsurlarımı tanımağımdır. Qüsurları tanıyıb ortadan qaldırmalıyam da. Yoxsa, qüsuru onda niyə tanıyıram? Din deyir, bəndəsən, korsan, nəsən. Mən özümü dərk eləyim nə olum? Dərk elədim, mən bəndəyəm, qulam, Allahın köləsiyəm. Bu nəyi həll eləyir? Bu özünüdərk heç nəyi həll eləmir. İdeolojilər də onu deyir. Ata Marksı, Freydi, Nistşeni tənqid edir. Deyir, Freydin kamil insanı şəhvət ehtirasından əmələ gələn insandır. Marksın kamil insanı maddiyyata xərclənən insandır. Ya məsələn, Nitşenin kamil insanı canavardır. Bu nəzəriyyələrin hamısı, yəni toplumu yönətən doktrinaların hamısı insanı ya heyvana, ya köləyə, ya nəyəsə çevirir. İnsan haqqında uca söz deyilmir. İnsanı uca tutmurlar. İnsana dəyər verilmir. Deyirlər Avropada qanun yüksəkdir. Qanun yüksəkdir, insan heyvandır. İnsan var Avropada? İnsan varsa, niyə kapitalizm yaşayır bəs? Yəni insanlaşma tendensiyası varsa, kapitalizm aradan gedəcək, din aradan gedəcək. Bizim kimi düşünənlər bəşəriyyətdə çoxalarsa, bu insanlar dini yaşatmayacaq. Kapitalizmi yaşatmayacaq. Ona görə özünüdərk məsələsi yalnız Atada özünü doğruldur. Millətçi xəttində olan adamlar var. Haray, qışqırıq salırlar, Tenqriçidirlər. Hamısı görüntüdür. Tanrıçılıqdan danışmağınız boş bir lafdır. Çünkü Kapitalizm yaşayırsa, sən də onunla döyüşmürsənsə Tanrı da yoxdur, tanrıçılıq da. Kapitalizm hər şeyin talanmasıdır. Təki pul əldə eləsinlər. Doğanı talayıb məhv edirlər. Tanrıçılıq da Doğaya sevgidir. Bəşəriyyətin Doğaya sevgisi ölüb. Sənin Tenqriçiliyin nə deməkdir? Doğaya münasibət dirilməyincə, sənin Ttenqriçiliyinin anlamı olmayacaq. Bu da, yenə deyirəm, Asif Atanın Dünyabaxışına bağlıdır. Sənin Tanrın Asif Atanın ideyasında, düşüncəsində özünü doğrulda bilər. Ona görə deyirəm, hər şey boğazdan yuxarıdır. Düşüncə, axtarış dərinliklərə enmir. Ona görə mən düşünürəm, Ataya, Onun düşüncəsinə gərəklik artmalıdır. Biz elə yaşamalıyıq, gərəklik artsın, Atadan öyrənmələr çoxalsın, ölkə sınırlarını aşsın. Dünyanın qulağına girməlidir, insanlığın yaşaması Asif Atanın yaratdığına bağlıdır. Asif Ata Onu 20-ci yüz ilin axırında yaratmasaydı belə, 21-ci yüz ildə olsa belə, kimsə mütləq Dəyişiklik həqiqətini ortaya çıxardacaqdı. Qaçılmaz dəyişiklik gərək idi… Dediyim kimi, özünüdərk məsələsi Asif Atanın Mütləqə İnamında İnsanlaşmaya özgün anlayışdır. Özümü dərk edirəm, görürəm, özümdə Mütləq daşıyıram. Mütləq nədir? İnsanlığın – insanın ömründə tam olaraq gerçəkləşməsi. İnsan öz ömründə daşıdığını üzə çıxartmalıdır. Mən özümü buna görə dərk edirəm. Dərk edirəm, mən mənəviyyat xilqətiyəm. Ruhaniyyat xilqətiyəm. Ata deyirdi, bəşəriyyət dairələrdən çıxa bilmir. Sonra da deyirdi, Marksın əbədiliyi maddiyyata bağlıdır. Yəni əslində Marks maddiyyatdan qıraqda həqiqət tanımır. Cismani, maddi əbədilik olmur. Maddi olan nə varsa, ölümlüdür. Əslində Marks əbədilik tanımır. Əbədiliyi kim tanıyır, o ideya ki İnsanlığa dayanır, onu dirildir. Ölməzlik həqiqəti Asif Atayla yenidən insanın yaşamına qaytarılır. Baxın, Asif Ata deyir, özünü tanımaq gərəkdir. Özünü tanıyan dünyanı da tanıyır, başqasını da tanıyır. İndi hər kəs özünü tanımadan özünü tanıtmağa yüyürür. Özünü uydurub tanıdır. Aldadır başqasını. Özünü böyük göstərir. Əslində sən özün özünü tanımırsan, mən səni necə tanıyım?! Sən özün üçün kimsən, mənim üçün də kim olasan?! Sən özün özünü tanıyırsan, sonra özünü tanıdığın dərəcədə mənə də tanıdırsan. Yaşamınla, davranışınla. Ata deyir, İnsanlıq, Həyatlıq, Dünyalıq var. İnsanlıq əslində Dünyalıqdır. Dünyalıq insanda yaşayır. İnsanlıq insanda yaşayan Dünyalıqdır. Həyatlıq həyatda yaşayan Dünyalıqdır. Atanın sonuncu kitabında ön sözdə açacam bunları. Bu, özünü tanımanın, özünüdərkin sonucudur. Dünyanı dərk eləyirsən. Dünyanı dərk eləyən dünyadakıları bilir. Dünyanı dərk eləyən həyatı da dərk eləyir, insanı da tanıyır. Yəni əslində özünüdərk dünyanı, dünyadakıları tanımaqdan ortaya çıxan bir təsdiqdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun! Atamızın Bayrağını öpürəm.

Qutsal Oxuma bölümündə “Mütləqə İnam” Bitiyindən bir parça oxunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetir.

Qürub Ayı, 40-cı il.

(Avqust, 2018.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir