Xəbərlər

“Atagün, “Uluyol-Hünər”, “Ulufərəh”Ailələrinin “Ailə Günü” toplantısındakı çıxışlar

Ocaq Günsırası ilə 30 Xəzan Ayı, 38-ci ildə (oktyabr, 2016) İnam Evində “Atagün, “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin birgə Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Ulufərəh” Ailəsinin Yükümlüsü Göylü Atalı Ataya səcdə ilə düşüncələrini bölüşdü: Qonaqlarımza xoş gəlmisiniz deyirəm. Bu gün “Atagün, “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin birgə Ailə Günüdür. Ötən Ay Ailə Günü olmayıb. Əslində iki Ailə Gününün hesabatını veririk. Bilgi üçün deyim ki, Ocaqçılar ruhsal Ailələr şəklində çalışır.

img_2356
Son günlərdəki yaşantılarımızla bağlı bir-iki kəlmə demək istəyirəm. Bu olay Ocaq tarixində, eləcə də mənim ömrümdə bir aşama idi. Bu ayın başlanğıcında Bakıda 297 saylı oxulda Ocağın görüşü keçirirldi. Görüşü mən təşkil elədim, Soylu Atalı apardı. Görüşdən sonrakı gün öncə direktor, sonra da öyrəncilərdən birinin anası rahatsızlığını dilə gətirdi, mənimlə görüşmək istəyini bildirdi. Bəlli səbəblərdən görüşə bilmədik, vaxtlarımız üst-üstə düşmədi. Sonra eşitdim ki, Xəzər tv-də bizə qarşı antiinsani süjet gedib. Həmin günün axşamı Soylu Atalı ilə məni Binəqədi polis şöbəsinə çağırdılar. Səhər saat 5-ə qədər, ayrı-ayrılıqda dindirmələr oldu: Ocaq nədir, hansı yöndə çalışır?! Evə gələndən bir neçə saat sonra isə, 8-10 orqan işçisi gəlib evdən Ocaq ədəbiyyatları apardılar. Həmin vaxt Soylu Atalının evinə də getmişdilər. Əlbəttə, orda gedən söhbətləri mən tarix üçün yazmışam, burda detallara qədər danışmaq istəmirəm. Mənim demək istədiyim bu gedişlərdəki halımdır, tövrümdür. Düzdür, hələ proses başa çatmayıb, bundan sonrakı əhvalım necə olacaq, bizi nə gözləyir bunu demək çətindir, ancaq buna qədərki gedişə baxanda deyə bilərəm ki, halımda heç bir sorun yoxdur. Bütün hallarda soyuqqanlılığımı, vüqarlı halımı qorudum. Bu duruşu mənə verən Atanın ömrümdə olmağıdır. Mən orda olanda bilirdim, içimdə də, çölümdə də əmin idim ki, Soylu və Güntay məni gözləyir. Güvən duyğusu ilə getmişdim. Tək olmadığımı həmişə duyuram. Ancaq Atanın bizə verdiyi dərs budur – tək olsan belə vüqarını itirmə. İstənilən halda, Ocağımızla qürur duyğusu keçirirdim…
Mənim yeganə rahatsızlığım cismani atamla bağlıdır. Ancaq cismanilərim içində, bütün rahatsızlığı ilə bərabər, daha təmkinli davranan da elə o oldu. Polis ortamında, ləyaqət savaşında olmaq, qeyrət savaşında olmaq bir fərəhdirsə, insanın içini nə qədər böyüdürsə, cismanilərin anlamamağı o dərəcədə ağrıdıcıdır.  Anamın gözü ağlayır, dili qarğış tökür. Mən öncələr də bu gərginlik içində yaşamışam, qardaşımla bağlı, ata-anamla bağlı. Elə bil neçə ildən bir eyni şey bu və ya başqa biçimdə təkrar olunub. Bir az da böyük ölçüdə. Əslində bu tək mənim ailəmin yox, bütün ölkənin sorunudur. Bir balaca boyu görsənənin qabağını kəsirlər. Bir az düşünəni, heç nə tapa bilməyəndə, güzaranla sınağa çəkirlər. Millət hara gedir, vətən hara gedir, kimsənin umurunda deyil. Olayla bağlı qısaca demək istədiklərim bunlar idi.
Ötən yarım ay içində Ocaq ədəbiyyatlarını oxumuşam, nə oxumuşamsa duyğularım səfərbər olub.
Gediş yazısında qoyulan qonuya toxunmaq istəyirəm: “Şərdən üstün olmaq, zamanı ötmək ləyaqəti”. Yəni bu məsələ üstə köklənmişəm deyə, sanki özüylədöyüşdə duyğularımı da bu səpkidə kökləyirəm. Nə oxuyuramsa içindən bunu çıxartmağa çalışıram.
Hələlik demək istədiklərim bu qədərdir. Atamız Var olsun!

img_2363

Günev Atalı (Ataya səcdə edib bayrağı öpür Ü.A.): Asif Ata Ocağının biçiminin bir hissəsi gözünüzün qarşısındadır. Burada bacımızın dediyindən bir sonuca gəlmək olar ki, Ailə Günü nə deməkdir.
Keçən Ailə Günündən bu günə qədər bizim çalışmalarımız, öyrənməyimiz, eləcə də Asif Ata peyğəmbərliyini xalqlaşmada deyəndə qarşımıza çıxan əngəllər haqqında hesabat veririk. Buna da deyirik – Amallaşma, Kamilləşmə, Xalqlaşma. Hesabat əsas bu qonuda olur. Mən də amallaşma ilə bağlı bir neçə yarpaq oxumaq istəyirəm sizə, əslində bu mənim özümün düşüncəm deyil, Asif Atanın “Mütləqləşmək – Var olmaq” kitabından oxuduqlarımı özümləşdirmişəm.
…Təbiətin insaniləşməsi – cəmiyyətin insaniləşməsi anlamında başa düşülür. Təbiətin insaniləşməsi budur (Asif Ata Ocağı baxımından): Günəşdə, dağda, çayda, göylərdə insani keyfiyyətlər görmək. Bir çay qırağında dururam, düşünürəm çay haqqında. Dağlardan, daşlardan, dumanlardan damcı-damcı yığılıb, güc tapıb birləşir, qarşıdakı əngəlləri aşa-aşa böyük bir yol keçir adi görünən bir çay. Sanki nəğmə oxuya-oxuya gəlir yanğını söndürməyə. Bir çayda bunu görürük. Görürsən dağlara su çıxmır, ancaq təbiətdə dənizlərdən buxarlanır, gedib yağır, nə qədər gözəl çalarlar var burda. Dağda vüqar görürsən, göylərdə qutsallıq görürsən, bütün bunlar təbiətin insan baxışında insaniləşməsidir. Bu hal təbiətin özündədir, ancaq bunu dərk edən kimdir – insan. Gerçəklik səviyyəsində təbiət insanın mahiyyətinin təzahürü kimi deyil, maddi faydalanma araçı kimi qiymətləndirilir. Özümləşmənin mütləq səviyyəsində isə təbiət tam insaniləşir, ancaq həmin səviyyə insanın cismani olanaqlarından qıraqdadır. Mütləq səviyyədə təbiətin insaniləşməsi insanın təbiətə yanaşmasında tam, bütöv özünü doğrultmur. İnsanın cismani olanaqları bunu mümkünsüz edir. Çünkü insan ovlamasa yaşaya bilməz, meşəni qırıb yandırmasa yaşaya bilməz. Bu, təbiətlə insanın münasibətində faciəvi bir haldır. İnsan istəmədən bunu edə bilir. Asif Ata deyir insan bunsuz keçinə bilmir, ancaq yön təbiəti ən az səviyyədə mənimsəmək olmalıdır. İnsan Özüylədöyüş ideyası ilə idrakını cilalaya bilər və bunun nə demək olduğuna yetə bilər.
Özüylə döyüşməsən, sən nə cəmiyyətdəki şəri döyə bilərsən, nə də özünə çata bilərsən. “Özüylədöyüş” azadlıqdır, insanı elə bir yaşama aparıb çıxarır ki, bu yaşamda hər şeyin anlamı ilə olursan, insan qanad istəyir uçsun. Ddünyanı gözündə o qədər gözəlləşdirir, fərəhə qərq olur ömür.
İnsaniləşən cəmiyyət. Sinfin mənafeyinə yox, hər bir fərdə ədalətli yanaşan cəmiyyət insani cəmiyyət sayıla bilər.
Mülkiyyətin yiyəsi zəhmətkeş olmalıdır. Heç bir quruluşda zəhmətkeş mülkiyyətin yiyəsi olmur. İnsaniləşən cəmiyyət bu ədalətsizliyə son qoyur. Hər birey öz həyatının rəhbəri olmalıdır. Həyatını vicdana tabe etməlidir. Vicdanın hökmünü eşitməlidir. Ruhsal tələblərə cavab verməyən cəmiyyət qanunları rədd edilməlidir. Ruhsal tələblər, yəni insani tələblər, dini tələblər yox. Çünkü din ruhaniyyatı tamam başqa səmtə yönəldibdir. Gözüyumulu inam, axşam oruc tut, səhər namaz qıl, – din bunu ruhaniyyat sayılır. Əslində aldanışdır, burda ruhaniyyat yoxdur.
Cəmiyyət ailə səviyəsinə yüksəlir. Zordan, mülkiyyət üstünlüyündən imtina edir, xalq yaradır, qoruyur, təmsil edir. Dövlət başçısı ağalıq səviyyəsindən imtina edir, bireysəl düşüncənin duyumunu, həyat tərzini xəlqi səvyyəyə yüksəldir, sinfi ziddiyyətlər aradan qalxır. Ruhsal birlik, tarixi birlik, müstəqillik olmayan yerdə xalq yoxdur.
İnsaniləşən cəmiyyət – müstəqilləşən birey, yaranan insani hal, mülkiyyətləşən əməkçi və Mütləqləşən başçı deməkdir. İnsan həm də cəmiyyəti dəyişir axı. İnsan nədirsə, cəmiyyət odur. Dövlət quruluşunu, onun doktrinalarını, cəmiyyəti bütövlükdə yenidən qurmadan gedir söhbət. İndiyə qədər dövlətin əldə etdiyi təcrübələr əslində bugünkü səviyyəni yaradıb.

İnsaniləşən İnsan.
İnsan özünü maddiyyatda yox, üzdəki möhtəşəmlikdə yox, hakimiyyətdə, şöhrətdə yox, insanda tapır. Nə deməkdir bu düşüncə? Yəni başqasını özünə tən sayır, özümləşdirir, dostluq adlanan ruhsal sərvət yaranır. Dostluğa yetən naqislikdən ayrılır. Xudbinlikdən, biganəlikdən, umacaqlıqdan ayrılır. Böyük məninə tapınır. Sinifləşmə, təbəqələşmə, imtiyaz fərqi aradan qalxır. Əqidə qohumluğu yaranır. Tale, ilqar ləyaqəti, qeyrət ləyaqəti dostluğun mütləq təsdiqidir.
Bəzən söhbətlərdə deyirəm, adam doğma anası ilə də, doğma qardaşı ilə yad ola bilir. Başqa düşüncə yiyələri olursan. Sən ağa ağ deyirsən sənin doğman qara deyir. Necə onunla bir ola bilərsən?! Bütün o ilişkiləri ki, o başa düşə bilərdi, onun hamısına bir sədd çəkib yaxın durmur, yadlıq yaranır. Burda bir az sərt çıxır söz, ancaq mahiyyətinə varanda görürük ki, burda yadlıq var. Anam mənimlə ruhsal doğma olsa, dünya çiçək açar. Dostluqda doğmalıq bu deməkdir. Başqa səbəblərdən qardaş ola bilərsən, bacı ola bilərsən, ancaq dostu sən seçirsən, özünü onda görürsən. Onda özündəki o doğmalığı və insanlığı görürsən və ona qarşı aşiqanə bir münasibətin yaranır. Mən bunları ümumi deyirəm. Mənim anam heç sağ da deyil. Misal üçün deyirəm. Əsil dostluq Mütləqin tələbinə cavab verir. Gerçəkliyi ötür. İnsaniləşmək Mütləqləşməyə bərabər olur.
Bu, Amallaşma ilə bağlı fikirlərim idi.
Keçən Ailə Günündən bu günə qədər kamilləşmə ilə bağlı hesabatım: Mənim keçən günlərdə ağrılı bir yaşantım olub. Bacımın həyatdan getməsi, hər bir insana etki göstərdiyi kimi məni də etkilədi. Ancaq təfəkkür adamı kimi mən onu normal qəbul elədim, o halı da çevrəmə deyirdim, yaxşı da qəbul edirdilər. Yəni insan cismən gedir, onun daşıdığı keyfiyyətlər getmir. Anadırsa, analıq keyfiyyətləri qalır, bacıdırsa, bacılıq keyfiyyətləri qalır, o keyfiyyətləri daşıdığına görə ana idi, bacı idi. O keyfiyyətləri aparmayıb axı özü ilə. Niyə bu qədər vay-şivənlə qarşılayırıq?! – Axı qalanların ürəyi üzülür.
Qonularımın biri nə idi, yönü özgəyə, özgə sədaları altında ölürük. Bu bir qonu idi. Bir dəfə “Mütləqlə Təmas”ı dedim və izah elədim. Sonra ölümlə bağlı Asif Ata Ocağının fikirlərini izah elədim. Mən bunları xüsusi yanğı ilə dedim, vay-şivən elə kəsmişdi ki, milçəyin uçuşu belə eşidilirdi. 28 ildir ki, mən Asif Ata Ocağının ideyalarını daşıyıram və yayıram. Münasibətlər olurdu, suallar yaranırdı meydanda. Din ilə bağlı, peyğəmbərliklə bağlı, daim danışırdım. Heç bir etiraz da yox idi. Çünkü bu millət öz kökündən bu qədər gen düşüb. Salınıbsa da, düşüb də demək olar, çünkü özünün də günahı az deyil.
Mənimlə rəğbətli münasibətdə olanların elə məqamları olub ki, lap özünü odun ağzına atmaq istəyib Ocaq sözü uğrunda. Bu gün onlardan bəzilərinin tamamilə ağa qara deməsi, tərs mövqedə durması nə deməkdir, bilərəkdən səni istəmir. Yadlıq iyrəndirir adamı. (Təbii ki, mənim yanaşmam, sadəcə durumu qiymətləndirmədir). O məqamda məndə bir tərki-dünyalıq duyğusu baş qaldırdı ki, çəkilim Amal bağına, elə adamların olduğu ortamda heç durmayım. Təbii ki, tərki-dünyalıq yolverilməzdir bizim üçün. Bu, bəsit səviyyədə sufilik deməkdir. O halda özümü çox dəhşətli qınadım. Hardan gəldi bu düşüncə mənim beynimə?! Az qaldı ki, çəkiləm bir qırağa. Bax, belə bir rahatsızlığım olmuşdu. Onu da aradan qaldırdım.
Xalqlaşma. Bayaqdan danışdığım elə xalqlaşma ilə bağlıdır. Amal bağında İnam Evi adlandırdığımız Mütləqə İnam məbədini ucaltmışam. Bir neçə ildi bunu başlamışam. Məbədin dam örtüyünü bağladıq. Tikili öz formasını alır, içəridəki işlər qalır.
Ocaq möcüzələr yaratdı. Göylü adında, Soylu adında, Nurtəkin adında… Zamanın gedişindən qopasan, bu boyda yükü çiyninə alasan, yıxalar, ayağa durasan. Bir körpənin sənin üzünü cırmaqlaması kimi qəbul edəsən.
Biz ən çox cismanilərimizdən rahatsızlıq görmüşük. Bu da ona görədir ki, cismanilərimiz bizim üçün rahatsız olublar. Bu rahatsızlıqdan sonra da öz rahatsızlıqları gəlib ortaya. Rahatsızlıq odur ki, mənə tənə vururlar, axı cəmiyyət başdan-başa ağa qara deyir. Sən isə…
“Şərdən üstün olmaq, zamanı ötmək ləyaqətdir!” qonusu. Dedim ki, dünya, Şərq bir burulğanda burulur. İnsanların bir-birinə heyvani münasibət bəsləməsi, savaşlar. Zamanən gedişini törədən budur, sən bunlardan qurtarmalısan. Bunları qəbul eləməmək, elə zamanı ötmək ləyaqətidir. Hər kəs bunu eləməlidir. Mən təhsil almamış bir adamam, üzüm bağlarında fəhlə işləmişəm, o dövrdən Asif Atanı tanıyıram. O yanğı mənim içimdə var idi. Savadım yox, yazım yox, mən durub nə edə bilərdim? Ancaq Heyrət var idi içimdə. Ona görə deyirəm ki, mən çiynimə gücüm çatdığı qədər yük alıb gedirəm, heç kəsdən gücündən artıq yük tələb olunmur. Evində, elində, qonşularınla münasibətdə bu halı verirsən, ömrün işığa çevrilir. Bu işıq yayılmaya bilməz. Mən bunu 28 illik ömrümdə bunu gördüm. Atamız Var olsun!

Göylü Atalı: Ən böyük ləyaqət də odur ki, gücün çatanı götürüb gedirsən. Götürməmək doğru deyil.

img_2378

Soylu  Atalı (Ataya səcdə edib bayrağı öpür): 38-ci ilin 30 Xəzan Ayı Ailələrin aylıq toplantısında söz deməzdən öncə bayrağımızı öpürəm və Ataya səcdə edirəm. Ailəçilərin bəzilərinin burda olmamasının nədəni var. Nurtəkinin uşağı xəstədir, yoldaşı da burda yoxdur, ona görə də tədbirə qatılmır. Halbuki o, heç vaxt Ocaq tədbirlərindən qalmayıb. Elanamız da xəstədir.
İndi biz “Ailə Günü”nün qonuları yönündən öz düşüncələrimizi bölüşürük. Təkcə düşüncələrimizi bilgi olaraq demirik. Burda əsas məqsəd yaşantıları dilə gətirməkdir. Çox gərgin, çox çətin yaşantılar var. İnsanlıq üstə yaşamaq çox çətindir, əslində çətin olmamalıdır. Biz, bəşər olaraq, ixtiyarımızı uçurduğumuz zamana vermişik. Ona görə biz zamanı yönəltmirik, Zaman bizi yönəldir. Ona görə hər şey çətindir. Toplum olaraq, öz anlamımıza uyğun yaşaya bilmirik. Hər kəs insan olmaqdan sanki ehtiyat edir. Doğrunu deməkdən qorxur. Doğrunu yaşamağa qorxur. Bu, bəşəriyyətin ölümü deməkdir. İnsan özü olaraq yaşaya bilmirsə, nə deməkdir?! Onda bu sürü nəyə gərəkdir?! Nəyə gərəkdir minlərlə kitab yazmaq, tarix yaratmaq, mədəniyyət yaratmaq, əgər insan özü kimi olmayacaqsa, bunlar hamısı saxtakarlıqdır.
Bizim bu ortamımızda insanlar, Ailə Günündə, gəlib hesabat verir, bir az qorxa-qorxa, bir az çəkinə-çəkinə. Yəni Asif Atanın ətəyindən tutub hara gedirəm deyə özünə hesabat verir. Biz çoxlarının ətəyindən tutduq, bizi yanlış yerə apardılar. Biz doğru yola getmək üçün Asif Atanın ətəyindən tutduq. Asif Atanın ətəyindən tutmaq üçün gərək Asif Atanı bütöv şəkildə öyrənəsən. Biliksiz addım atmaq, yaşamaq mümkün deyil. Texnikanın deyil, insanlığın sirlərini biləsən gərək. Biləsən insan böyüklüyünün hikmətinin harda olduğunu. Bunu bildikcə onunla birikirsən, onunla yaşayırsan.
Mən Amaldaşlarımın söhbətlərinə yönəlik bir-iki kəlmə demək istəyirəm. Göylü elə danışdı, təbii ki, nə danışdı doğru danışdı. Ancaq halı elə vurğuladı ki, elə bil Ocağı indi söndürəcəklər. Belə bir şey yoxdur. Asif Atanın ölümündən sonra mən 9-cu dəfədir ki, çağırılıram. Bu kişi (Günevi göstərir – N.A.) çağırılır öz bölgəsində. Çağırıla-çağırıla öz elində məbəd tikib. Çağırılıb, dindirilib, sorğu-filan. Niyə çağırılıb? Onu da deyir ki, sənin gördüyün iş zərərli deyil. Yaxşı, zərərli deyilsə, nə istəyirsən onda? Sən niyə qorxulu deyilsən? Sən hakimiyyətin idarəçiliyinə qorxulu deyilsən. Çünkü onun yerinə göz dikməmisən. Ən çox qorxu nə ilə ölçülür? Hakimiyyətin yerinə göz dikməklə. Bir var hakimiyyətə keçmək istəyi, biri də var toplumu dəyişmək istəyi. Biz toplumu dəyişmək istəyirik. Bizim ideyamız onun üçündür.
Bəs onda niyə çağırıb sorğulayırsan? – Çünkü toplumumuz o qədər əyridir ki, yalanlar içində üzür. Dini yalanlar içində üzür, demokratik yalanlar içində üzür. Ayrı-ayrı yalanlar içində üzənlər qorxur. Səni ora çağırır desin ki, guya toplum hürkür. Biz birtəhər bu müti toplumu idarə edirik, siz isə bu toplumu qurdalayırsınız. Yəni onlar bizim nəyimdən qorxurlar?! Canavar deyilik ki. Bax, məsələ bundadır. Çünkü insana haqq verilmir, yalançı hüquq uydurulur. Hüquq nə deməkdir? Sənin hüququn var, bazarda gedib kartof sata bilərsən. Bunlar boş şeydir. Mənim haqqım var, insan olmaq haqqım. Öz mahiyyətimə bərabər yaşamaq haqqım var. Yerlə göyə hökm eləmək haqqım var. Sən onu mənim əlimdən alırsan. İnsan budur. Bu haqqı kim verəcək? Bu haqqı mən əldə eləməliyəm. Heç kəsin kitabında yazılmayıb bu haqq. Qanunda yoxdur bu haqq. Ona görə qorxulu bir kabus bürüyübdü aləmi. Hər şeydən qorxurlar.

img_2383
Hara getmişəm mühakimə eləmişəm, mühakimə olunmamışam. Məni bir neçə yol o idarələrə çağırıblar, mən mühakimə eləmişəm, onları tədbirə çağırmışam. Gəlin toplantılarımıza, gəlin görün biz nə deyirik. Mən onlara deyirəm, sizi qoruyuram. Bilirsiniz nə ilə qoruyuram? Sənin toplumunun içində radikal dediyin, eybəcər dediyin qüvvələr at oynadır. Xalqın şüurunu məhv edir. Xalqın övladlarını toruna salıb xalqın özünə qarşı qaldırır. Mən gəncliyin şüurunu onlardan qoruyuram. Çünkü gənclik elə bir duruma gəlir ki, sabah sən onları mühakimə edə bilməyəcəksən. Bilirsənmi niyə mühakimə edə bilməyəcəksən? Qorxacaqsan, balanı təhdid edəcək, ailəni təhdid edəcək həmin o qüvvələr. Həmin o sektalar, həmin o radikal qüvvələr. Onda onu qorxub mühakimə edə bilməyəcəksən. Mən səni ondan qoruyuram, xalqın şüurunun pozulmasına qarşı çalışıram. Hər yerdə söhbətləri ona görə aparıram. Xalqın dəyərlərini özünə tanıtmaq üstə qururam söhbətləri. Tanımır sənin gəncliyin xalqın dəyərlərini. Bu gün total şəkildə xalqın dəyərlərini ayaqlamaq var. Hər yandan hücumlar var. Məhv edirlər sənin dəyərələrini. Özü də çox bayağı saxta arqumentlərlə. Ləkə vururlar sənin böyüklərinə. Böyüklərin sənin qədimliyindir. Böyüklərin sənin nüvəndir. Nüvəni dağıdırlar. Sən nəyin üzərində bərqərar olacaqsan? Nəyin üzərində gələcəyə gedəcəksən? Sabaha hansı sözü deyəcəksən? Sən bəri başdan sürüyə çevrilirsən.
Xristianlığın içində 100 illərlə axtarışlar olub. İncil 4 nəfərin yazdığıdır. Hamısı fərqli yazıb. Hamısının fərqlərini bir qırağa qoyub birləşdirməyə çalışıblar ki, bunu dünyaya necə verək. Doğrunu necə tapaq göstərək. Doğrunu tapa bilmirlər, nağıl sırıyırlar. Bununla yaşayıb bəşəriyyət. Ağıllı insanlar toplumun ağlının gözünü açmalıdır. Sənin millətin nağılla yaşayır. Eləcə də İslamın içində. Min ildir “vəhdəti-vücud”çularla, “vacibul-vücud”çular bir-biri ilə döyüşür. Min ildir “vacibul-vücud”çular “vəhdəti-vücud”çuların dərisini soyur, yandırır, edam edirlər. Bu gün də var o. Min ildir. Asif Ata bunlara son verməyə gəlib. Böyük düşüncə sistemi qoyub ortaya. Bu xalqın klassik dəyərlərinə hücum edənlər, eynən, Asif Ataya da hücum edirlər. İmkan vermirlər Asif Ata xalqın içində görünsün. Hər cür aşağılamağa çalışırlar, oxumurlar, öyrənmirlər. Biri qulağına deyir ki, Asif Ata Allahsızdır, qurtardı. Bir öyrən gör Asif Ata nə deyir. Heç öyrənməmisən sənin Fizulin nə deyir, Nəsimin nə deyir. Bir balaca ki, xalqın içində özünün dəyərləri formalaşıb, onu mütləq qoltuqlara salmağa çalışıblar. Görürlər ki, Babəki bu xalq sevir, Babəki ərəb dünyabaxışının daşıyıcısına çevirirlər. Babək müsəlmanmış. Nəsimi də müsəlmanmış. Hər şeyi ərəb dünyabaxışının kölgəsinə doldurmağa çalışırlar. Sanki İslamdan qabaq bu xalq yox imiş. Yalnız ərəbin kölgəsində bu xalq varmış. Ərəbin kölgəsində də özümüz ola bilmirik, min ildir. Sürüyə çevrilirik. Ona görə Asif Ata bunların hamısını ayırd edəndən sonra ortaya çıxdı, bəşəriyyətə doğru yön verdi. Onun yönü, təyinatı elmə, düşüncəyə söykənir, mifologiyaya söykənmir. Mifologiya ayrılıqda yaxşı şeydir. Ancaq İnamın mayasında yox.
Belə ölçüsüzlük içində yol getmək mümkün deyil. Millət olmaq mümkün deyil ölçüsüzlüklə.
Bayaq qardaşımız dedi, toplumun içində etiraz məsələsi. Günev qardaşımız ölügötürmə qaydasından danışır, deyir ki, istədim bir qırağa duram, gördüm ki, dura bilmirəm. İçimdəki təpər imkan vermədi qırağa duram. Düz eləyir bir qırağa durmur. Söz yox, biz süni şəkildə heç kimin içinə, işinə soxulmuruq. Biz həya adamlarıyıq. Məsələn, mən yas mərasimləri keçirmişəm, ancaq onları zorla keçirməmişəm. Oranın yiyəsi, oranın məsul adamı icazə verir, mən orada söz deyirəm. İcazə verməsə, deyə bilməyəcəm. Yas elə yerdir ki, zorla olmaz. (O vaxt mən söz deyərəm, görərəm ki, molla ağ eləyir. Molla nağıllarla çox hərcayilik eləyir).
Bilirsiniz ki, yasımızı ələviliyin daşıyıcıları həyata keçirirlər. Onlar da Allahın Əlidə təcəlla tapması ideyasına tapınırlar. Əli kainatda əzəli bir varlıqdır. Bundan da doğan dəhşətli nağıllar danışırlar. O qədər bayağı şeylər danışırlar ki, qalırsan əlin üzündə. 21-ci yüzildə insanın ağlını, düşüncəsini yönəltmək yerinə, maarifləndirmək yerinə onu bəsit şeylərə inandırmalısanmış. Ayıbdır belə şeylər. Bunun ayıblığını dilinə ala bilən insanlar gərəkdir. Sən yasını keçirirsən keçir, niyə cəfəngiyyatla camaatın baş-beynini aparırsan? Bunu demək gərəkdir.
Şamil Saleh adlı dostumuz vardı, Akademiyada işləyirdi. Elektrik vurdu, öldü. Yaşlı adam idi. O öləndə onun yasına qatılmışdım, yoldaşı Nərgiz xanımın istəyi ilə.
10 ildən çoxdur ölüb, hər ay 2-3 dəfə mən onun ailəsinə zəng edirəm, qayğılarıyla ilgilənirəm. Baxışlarımızda fərqlər olsa da, bizim yaxın münasibətimiz olub Şamil bəylə.
Onun yasına 40-50 alim gəlmişdi, molla başda oturub nağıl danışırdı, o alimlər də qulaq asırdı. Biz orda tədbir keçirdik, söz dedik, hamısı sakit qulaq asdı. Molla özü durub mənə yer göstərdi. Molla sevinirdi ki, biz ona bir şey demirik. Axı bizim işimiz yasda cırmaqlaşmaq deyil. Biz ulusal söz deməyə gedirik.
Ancaq insanlarımız öz millətinin, insanlığın sözünü deməyə qorxurlar ki, birdən onlara kafir deyərlər. Görün nəylə damğalayırlar insanı. Nəylə hədə altında saxlayırlar insanları. Kafir nədir? Kafir o kəsdir ki, insana inanmır. Asif Atanın çağırışı – “İnsanlaşın, İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır”. Onun idealı İnsandır. O deyir ki, insan içində Mütləq gəzdirir, imkan ver, o, içindəki Mütləqə bərabər yaşasın. İmkan ver içindəki Allahlığı üzə çıxartsın. İmkan ver, insan öz böyüklüklərini üzə çıxartsın, yaşasın onunla. Əgər insan öz içindəki böyüklüyü üzə çıxarmayacaqsa, dünya qaranlığa bərabər olacaq. Dünya işıqlanmayacaq. Çünkü dünyanın işığı insanın içindədir, gizlənib. Onu üzə çıxartmaq gərəkdir. Dünyanın gözəlliyi insandadır. Allahın gözəlliyi insandadır, insandan qıraqda deyil. İnsandan qıraqda yoxdur heç nə. Çünkü kainat insanda anlamını tapır, insan onu mənalandırır. İnsan onu qiymətləndirir, insan onu urvata mindirir. Qızıl torpağın altındadırsa onun nə önəmi var? Qızıl o vaxt qiymətlidir ki, onu çıxarıb nəyəsə işlədirsən.
Yas yerində, toyda bu hikmətlər açılmalıdır. Sən bir millətin övladısan, sən bir ata-ananın övladısan. Ata-ana səni anlamaya bilər. Səni dərk eləməyə bilər, qoy dərk eləməsin. Bununla biz anamıza-atamıza olan sevgimizi gizləməyəcəyik. Arxasından qaçmayacağıq. Ancaq atamızla, anamızla barışmayacağıq. Onların dediyi kimi olmayacağıq, Asif Atanın dediyi kimi olacağıq. Çünkü onların dediyi ilə mən sürüyə çevrilirəm. Min ildir toplumda gördükləri nədirsə, onu aşılayırlar övladlarına – cılızlıq, gerilik-filan. Mən elə ola bilmərəm. Belə olanda görürsünüz, həyat nə gündədir.
Ocağa yenicə gəldiyim çağlarda anam məni Asif Atanın yanından ayırmaq üçün (yazmışam mən “İnam sorağında” kitabımda) nefti töküb üstünə, özünü yandırmaq istəyirdi acığından. Kibrit nəmlənmişdi deyə, yanmadı.
Atam məni çağırdı ki, Asif Atadan uzaqlaş. Dedim, Asif Atadan uzaqlaşmaq deyil, Asif Atadan möhkəm yapışacam. Mən Asif Atada tapmışam özümü. Mən onun həqiqətlərində, hikmətində tapmışam özümü. Mən Asif Atanı tapandan sonra özümü insan kimi dərk etmişəm, insan kimi duymuşam.
Mən bu söhbətləri bir az da Amaldaşlarımın sözünə qüvvə olaraq dedim. Bizim Ocağımızın məqsədi Amallaşma, Kamilləşmə, Xalqlaşma yoluyla yetkin, bitkin, bütöv insan yaratmaqdır. Dedi-qodusuz, qovğasız insan yaratmaqdır. Bir vaxtlar Asif Atanın Ocağında, bir yerdə olduğumuz adamlar Soyludan nə desən düzəldirdilər. Hansı üzlər desən uydururdular. Soylunu canavar kimi qələmə verirdilər. KQB-nin adamı deyirdilər dalda-bucaqda. Keçmiş amaldaşlarım bircə addım Asif Atanın ruhaniyyat dünyasına girmədilər. Baxın, bu adamlar xalqın ləyaqətini tanıya bilərlərmi? Xalqın ləyaqətiylə uğraşa bilərlərmi? Bilməzlər. Xalqın içində belə heyvərəliklər də var. Bütün siyasi mühit bundan ibarətdir (sizin də bildiyiniz). Hamı bir-birinin həyatını şantaj edir, ləkələyir, böhtanlayır. Hamı bir-birini satqın, xəyanətkar elan edir. (Söz yox, satqınlar da var içində, az deyl). Hamı bir-birini günahlandırır, heç kim də bir addım qabağa atmır. Heç kim xalqının öndərinə çevrilə bilmir. Heç kim xalqın böyüyünə, kimsəsinə çevrilə bilmir. Qıraqdan da belə şeyləri yaxşıca körükləyirlər. Siyasi anlamda da, dini anlamda da.
Mən sizi yormaq istəmirəm, ancaq mən bu məsələlərlə hər gün uğraşıram. Mən istər dinlə, istər siyasi gedişlərə mövqe bildirməklə, siyasətçi olmasam da, hər gün uğraşıram, hər gün araşdırıram. Nə nədir, niyədir sorularına cavab verməyə çalışmışam mətbuatda da, əsərlərimdə də. Bundan sonra da verməyə çalışacam. Bütün sözüm, varlığım, yaradıcılığım Asif Ataya bağlıdır. Asif Atanın doğru olduğu qənaətinə hər gün gəlirəm. Hər gün o qənaətə gəlirəm ki, Asif Ata Azərbaycanın içindən başlayaraq, bəşəriyətin ləyaqətinə doğru yaranan böyük bir ideya, dünyabaxış sistemidir. Bunu öyrənmək və öyrətmək gərəkdir. Yiyə çıxmaq gərəkdir. Burda oturanlar, sizlər də. Asif Ata mənim əmim deyil, dayım deyil. Bu xalqın oğludur. Asif Atanı tanımaqla mən nə bağ-bostan əldə eləmirəm, nə özümə qazanc yeri əldə eləmirəm. Nə də böyük görəvlərə gəlmirəm. Bir şeyi əldə edirəm – milli və insani ləyaqətimi tanıyıram. Onu təsdiq edirəm. Ona görə mən sizlərə də deyirəm. Burdan qıraqda da söhbətlərimiz dinlənilir yəqin. Biz bunu yazırıq, kitablaşdırırıq, saytlarımızda veririk. Bizi oxuyan insanlar istəyirəm ciddi düşünsünlər, onun-bunun buyruğunda deyil, öz xalqının oğlunun buyruğunda düşünsün, onu öyrənsin. Demirik ki, gözüyumulu deyin, deyirik düşünün, öyrənin və öyrədin. Onda biz millət olacağıq.
Mən Musanı qəbul eləmirəm. Musanın “Tövrat”ını da ən aşağı səviyyəli bir şey sayıram. Oxuyuram mən onu, yazacam. Dəhşətli bayağılıq var orda. Allah əməlli-başlı qisas alır, öldürür, asır, kəsir, göstəriş verir, filan edir. Daş-qalaq ideyası Allahın  ideyasıdır Tövratda.
Ancaq Musanın bir üstünlüyü mənim gözümün qabağından qırmızı bir xətt kimi keçir. İnadla, dağınıq, fironların əsarətində inildəyən bir toplumu 40 il səhralarda gəzdirib, başa salıb, anladıb, anladıb, onu topluma çevirdi. 40 il. Qəbul eləmirdilər heç onu. Ona etiraz edirdilər, üsyan edirdilər. Ancaq inadla, məhv olmaqda olan, yəhudi xalqından toplum düzəltdi. Yəhudinin bugünkü durumunu da mən qəbul eləmirəm. Dünyanı qatıb-qarışdırır filan. Yəhudi toplumunun tarix səhnəsindən çıxmasının qarşısını aldı, zarafat bir məsələ deyil. Üslub fərqli idi, yol-ideya ayrı idi. Ancaq millət olmaq inadı vardı. Biz, Asif Atanın yörəsində, belə bayağı yollarla demirik, həqiqətin gözəlliyi ilə millət olmaq çağırışı edirik. Qulağı olan eşidəcək, gözü olan görəcək, ürəyi olan duyacaq. Mən toplumumuza da gözü, qulağı və ürəyi olmaq diləyirəm. Sözümü bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

img_2384

Əlisahib bəy: Bir neçə kəlmə demək istəyirəm. 15 milyon il bundan qabaq insan mövcud olub. O dövrdəki insanla bu dövrdəki insanı tutuşduranda mənə elə gəlir ki, o dövrdəki insanın yaxşı vərdişləri az olsa da, pis vərdişləri də az olub. Bu dövrdəki insanın nə qədər pis vərdişləri meydana gəlib.
Bir də peyğəmbərlərin həyatından danışan, ifadə edən ədəbiyyatlar olub. Bu ədəbiyyatlarda Məhəmməd peyğəmbərin bir yerdə 15, bir yerdə 18, başqa yerdə 23 yaxşı xarakterin yazırlar. Ancaq pis vərdişi yazanda 500-ü keçir. İndi də türkçülər deyirlər ki, bizə pis vərdişlərin hamısı ərəbdən keçib, rusdan, farsdan keçib. Dilimizdə də hansı sözü qurdalasan ərəbə, farsa çıxır. Soylu Atalı demişkən, məgər İslamdan qabaq biz yox idik, bizim dinimiz yox idi? Vərdişimiz, hərəkətimiz, dəyərlərimiz yox idi? O yöndə mən fikirləşirəm ki, kamil insan gərəkdir. Əslində “insan” sözünü biz işlətməməliyik. İnsan olmaq üçün nələrdən keçməliyik ki, axırda deyilsin bu, insandır. Elə hamımız ucdantutma insan belə gəldi, belə getdi deyirik. Ya da xalq deyirik, məgər xalq var? Bu xalqın əmələ gəlməsi üçün gərək fərdlər yaxşı ola, kamil ola ki, toplumda da söz bir ola. Nəinki Azərbaycan, bütün dünya yalan və riya içində yaşayır. Baxırsan Amerikanın prezidentlərinin bir-birinə sözlərinə. Ya Amerika toplumunun onlara münasibətinə. Görürsən ki, söhbət insanlıqdan yox, insansızlıqdan, mənəvi pozğunluqdan gedir.
O gün bir agentlik Türkiyə böyük elçiliyində tədbir keçirirdi, məni də çağırmışdılar. “Xəyanətdən zəfərə”. İyun ayındakı olaylarla bağlı. Orda siyasi şöbədən Bəhruz adlı bir nəfər çıxış elədi. Bu elə dəhşətli danışdı ki, gərək heç 5 adam bir yerdə oturmaya, durmaya. Guya 5 adam bir yerdə oturdu, söhbət elədi, dünya dağılacaq. Biz bunların qəti qabağını alacağıq, filan. Yəni cəmiyyətimiz budur. Bu saat biri xəstələnəndə  deyir Gürcüstana gedəcəm, biri İrana, o biri Amerkaya, Avropaya, imkanı olan Türkiyəyə. Hər şeyi saxtalaşdırıblar. “Müstəqilliyimizin” ortaya qoyduğu məsələ budur. Hər şeydə nəfs o qədər güclüdür ki. Televizorda da vətən sevgisindən danışırlar. Ancaq hər şeydən öncə görəsən o torpağın üstündə olan insanların bir-birinə sevgisi varmı? Bu suala cavab vermək gərəkdir. Baxırsan ki, bütün danışılanlar boğazdan yuxarıdır. Dedikləri ilə elədiklər bir-birinin əksinədir. İnsanın çölü ilə içinin bir olması söhbəti daim bizim cəmiyyətdə paradoksal durumdadır. Bunların qarşısını almaq, yetkin bir hala çıxartmaq gərəkdir. Tutuşduranda görürsən ki, bizim durum Ermənistandakı durumdan da pisdir. Heç olmasa orda bir cavan öz sözünü deyə bilir, ortalığa çıxa bilir. Bizdə də biri durub deyir ki, iki adam bir-biriylə söhbət eləməməlidir.
Bütün bunun hamısı, bütün saxtakarlıqlar, görürsən ki, müəllimlərin əleyhinədir, onlar həyata keçirirlər. Halbuki müəllim elə tələbə, şagird yetişdirməlidir ki, onun təpəsinə güllə də vursan desin ki, mən düzünü deyəcəm. Hara baxırsan bax, bizdə dəyişiklik yaranmalıdır. Soylu bəy deyir ki, insanın haqqını görən yoxdur. İnsan haqları deyimləri də var, ancaq haqdan heç kəs danışmır, hüquqdan danışır. Hüquq da ki, milli məclisdə oturanlar istədiyidir, deyir ki, bu sənin hüququndur. Ancaq heç kəs haqdan danışmır. Birinci haqdan danışmalıyıq, sonra hüquqdan danlşmalıyıq. Haqq olmayan yerdə heç vaxt hüquq ola bilməz. Ya da təlim-tərbiyədən danışırıq. Birinci sinfə gedən uşaq bilməlidir ki, bura ocaqdır, yalan danışmamalıdır. Birinci dərsləri yalan danışmamaq üstündə, tərbiyə işləri üstündə qurulmalıdır. Bu anlamda mənə elə gəlir ki, Asif Atanın ortaya qoyduğu dünyabaxışın daşıyıcısı olmaq, onun ideyalarıyla getmək günümüzün aktual bir məsələsidir, bunun etki dairəsi çoxalmalıdır.
Mən sizin sunduğunuz abeni görəndə sevindim. Çünkü türkün türk olmamasının böyük günahı abesinə yiyə çıxmamasıdır. Başqa abelər hamısı ordan gəlmədir. Bizim tariximizin yazılmasında, türklüyümüzün dəyərlərinin yaşanmasında Ocağın hədisz dərəcədə böyük rolu var. Yazıda da türk sözləri işlədirlər, baxırsan ki, mənası olan sözlərdir. Ocağın dediyi həqiqət toplumda da etkisini göstərməlidir. Göstərəcək də. Çünkü dünyanı dağıtsa da insan dağıdacaq, yaşatsa da insan yaşadacaq. Hər şey insanın əlindədir. Kamil insan olsa savaşlar da olmaz, millətlər də bir-birinə doğma olar.
Mənə irad tuturlar ki, niyə Cəbrayılın işğal günündə gəlmədin. Mən deyirəm niyə gəlməliyəm. Biz 31 martda işğal olmamışıq. 2 milyon, 1 milyon adam yığılaq, ağa dövlətlərə etiraz edək ki, bu nə oyunlardır. Bunun etkisi daha çox olar, nəinki 5-3 adam rayonun işğal günündə yığılsın, onunla bir iş açmır. Güc də birlikdədir. Asif Ata da deyir ki, belə olun.
Din məsələsinə də gələndə, mənim özüm bir növ dindar adamam, ondan söhbəti getmir. Bütün məscidlər işin öhdəsindən gəlmir. Onlar “ruhani” sözünü zəbt ediblər, heç kimdə ruhanilik yoxdur. O zaman ruhanilik olar ki, mənəvi tərbiyə yolu keçmiş olsun. Mənəvi tərbiyə keçməyən adam heç vaxt ruhani adam ola bilməz. Mən özüm həccə getdim, gələndə məndən soruşdular, dedim ki, dünyanın ən murdar xalqı ərəblərdir. Onların davranışı, hərəkətləri. Ancaq bunu bizə qutsal kimi sırıyırlar. İnsanlara qiymət onun hərəkətinə, danışığına, elminə, dediyinə əməl etməsiylə ölçülülür. Bütün kainatın bütöv görünməsindədir kamillik. Heç bir din Allahın nə cizgisini verə bilməz, nə şəklini verə bilməz. Çünkü həyat, kainat insanın yaranmasından əvvəl olubdur. Heç kəs onu dəqiq deyə bilməz ki, bu kamillik hardan yaranıb. Ancaq buna qiymət verirsən, öz dünyabaxışını yaradırsan. Allaha 99 üz, keyfiyyət halı  verirlər, deyirlər ki, sən ona qovuşarsan, düzgün adam olsan. Ancaq tək 99 deyil, o qədər keyfiyyət halı var ki. İnsan axır gününə qədər özüylə döyüşə-döyüşə onu özünə qəbul edib gedər. Yenə də onun mütləq halına gedib çıxacaq. Haldan-hala dəyişir, yaxşı olardı ki, haldan-hala yuxarı gedəsən, yüksəlməyə gedəsən, geri yuvarlanmayasan. Bu anlamda insanın tərbiyəsi çox vacib məsələdir. Bu yolda da sizə uğurlar arzulayıram.

img_2389

Elçin bəy: Mən polisə çağırılanda deyirəm ki, əgər biz çağırılırıqsa, deməli, biz düz yoldayıq, incidilirik. Sizin timsalınızda isə daha tez baş verməli idi polisə çağırılmalar-filan. Siz haqq yolundasınız, mən də sizin yanınızdayam. Burda gənclər də var, xanımlar da. Hər kəs görəcək ki, sizin etdikləriniz bir gün öz bəhrəsini verəcək.

Ulduz xanım:  Mən bura təsadüfən gəldim. Başqa durum gözləyirdim, ancaq burda yeniliklə qarşılaşdım. Mən islam diniylə çox maraqlanıram, çox mütaliə edirəm. İmkan olduqca müxtəlif dinlərlə də maraqlanıram. Burda mənə bir şey qaranlıq qaldı. Hər hansı bir yeni ideologiyanı yaymaq istəyəndə digər bir ideya ilə tutuşdurma qüsurludur. Ancaq yeri gələndə tutuşdurma da gərəkdir. Bir ideologiyanı yayırsansa, o biri ideologiyanı vurub dağıtmaq gərək deyil. Çünkü bu ideologiya neçə yüzildir yaşayırsa, insanları öz ətrafında toplaya bilibsə, arxasınca apara bilibsə, cəlb edə bilibsə, bunun da müsbət keyfiyyətləri var. Burada özüm üçün müsbət götürəcəyim şeylər çoxdur, ancaq təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, bu ideologiya haqqında ətraflı bilgim yoxdur. Ona görə də çox danışmaq istəmirəm. Ətraflı bilgimin olması üçün mənə ədəbiyyat verməyinizi xahiş edirəm.
İslam dininə müxtəlif yanaşma gördüm. İslam dini ən qabaqcıl dindir. İslamın da müsbət keyfiyyətləri var. Hansı dövrdə hansı şəkildə tətbiq olunması, müəyyən istiqamətlərə yönəldilməsi, bunları da islamın içərisinə girdikcə daha yaxşı sezirsən. Ancaq mən özüm üçün düşünürəm ki, islamdan da çox şey götürmüşəm. Hürufiliklə də bağlı az-çox bilgim var. Həm islamda, həm hürufilikdə, həm sizin ideologiyada əslində bir-birini tamamlayan şeylər çoxdur. Eləcə də yollar müxtəlifdir. Hüruflikdə də var kamil insan yetişdirmək. Bu, əsas amallardan biridir. Bu baxımdan bu ideologiya məni cəlb elədi.

Əminə xanım: Mən təhsil sahəsində işləyirəm. Soylu bəylə Zaur bəyin araçılığıyla tanış olduq. Bizim ilk görüşümüzdə müsbət təəssürat yaratdı məndə. Dinə qarşı münasibətim fərqlidir, ixtisasım tarixçidir. Soylu bəyin dedikləriylə, müzakirələrdə dedikləri bir çox şeylərlə üst-üstə düşdü düşüncələrimiz. Məndə din anlayışı yoxdur, istər islam, xristian, iudaizm. Hər bir dində olan müsbət şeyi qəbul edirəm. İstər məscidi, istər kilsəni, sinaqoqu da ziyarət edə bilərəm. Dinlərdə insanı kamil etmək üçün xeyirli nə varsa, ondan bəhrələnməyi üstün tuturam. Soylu bəyin dedikləri, bölüşmələriniz sizin fəlsəfəyə marağımı daha da artırdı. Bugünkü tədbirə də dəvət etdiniz, sevə-sevə də gəldim. Eyni zamanda yaxın bildiyim Uludz xanımı da dəvət etdim. Bir var mənim dediyim, bir də var mühitin özünün dediyi.

img_2394

Soylu Atalı: Ailə Gününün sual bölümü var. Ulduz xanım deyir, öz baxışınızı deyəndə İslam dininin çatışmazlıqlarını demək doğru deyil.
Məsələ burasındadır, biz götürək bugünkü toplumumuzun durumunu. Toplum çoxluq baxımından indiki hakimiyyəti qəbul eləmir. İndiki hakimiyyəti niyə qəbul eləmir, hamınız bilirsiniz. Əyriliklər, saxtakarlıqlar… İndi siz hakimiyyətə gəlmək istəyirsiniz. Mən də toplumun bir nümayəndəsiyəm. Deyirəm, niyə gəlirsiniz, var da hakimiyyət. Siz də məni qınayırsınız ki, görmürsünüz, bu hakimiyyət səni alçaldır, məhv edir, ac-yalavac saxlayr. Bunu deyirsən. Deməsən, toplumun elə hissəsi var, hətta o bilir ki, nəsə yerində deyil, ancaq anlada bilmir fikrini. Deyə bilmir niyə yerində deyil. Ona görə yaxşıyla pisi paralel olaraq anlatmaq zorundasan. Asif Ata deyir ki, bəşəriyyət insansızlıq bəlasına düşüb. İnsanın yönünü Allaha çevirdilər, insana çevirmədilər. İnsanın yönünü iqtisadiyyata çevirdilər, güzərana çevirdilər, hər şeyə çevirdilər, təkcə özünə çevirmədilər. (İndi bunu deməyək?!). Niyə çevirmədilər? İnsanın yönünü filan-filan yerlərə yönəldən ideyalar nədən oluşur? Bunu Asif Ata deməsə, aydınlatmasa, onda onun ideyasını mən qəbul etmirəm, deyirəm səndən öncəkilər deyib. Varla yox bilinməlidir axı.
Biz dinlərin yağısı deyilik. Bəşəriyyət bugünükü çağa qədər ayrı-ayrı sivilizasiyalar yolu keçib. Ayrı-ayrı aşamalar keçib. Onun keçdiyi sivilizasiya yolları aşağı-yuxarı bir-birindən əskik olub, yüksək olub, ancaq bu yolları o keçib. Çağırışlar olub, çabalar olub, daha yüksək bildiyini əldə eləməyə çalışmalar olub. Bunun üçün də ortaya doktrinalar qoyub – fəlsəfi, dini, siyasi doktrinalar. İnsan bunları çox vaxt öyrənmədən, bilmədən, dərk eləmədən qəbul eləmək zorunda qoyulub. Qəbul etdirilib. İnsan niyə qəbul edir? İnsanın şüurunu, ağlını söndürüb ona deyiblər, bunu həqiqət kimi qəbul eləməlisən. İnsan niyə sualını verə bilməyib. Bütün çağlarda elə olub. Niyə sualını verə bilməyib. Gəlin götürək Avropa erası dediyimiz dönəmi. İsanı mühakimə edirdilər. Deyrdilər sən Xristossanmı? Elə ki, Xristosam deyib, ondan sonra onu mühakimə eləməyə səbəb tapıblar, onu mühakimə ediblər. Ciddi ittiham ediblər. Ancaq ona qədər onun həvariləri heç yerdə demirdilər bunu. Başda duranlar da çox fərqinə varmırdılar. Birdən-birə bu, öz kimliyi ilə ortaya çıxanda hamısı qorxuya düşdü. Başda duran da qorxuya düşdü, ayaqda duran da. Həqiqət tam şəkildə deyiləndə, ya mən onu qəbul edirəm, ya etmirəm. Asif Atanın istəyi odur ki, həqiqət tam şəkidə deyilməlidir. 2000 il öncə xristianlıq yaranmalıydı, yaranıb. Nə deyib xristianlıq? Araşdırmaq gərəkdir. Gəlin biz bəşəriyyətin daim axtardığı tərbiyəvi aldanışlara aldanmayaq. Sadə müsalmandan soruşursan ki, din niyə yaxşıdır. Deyir ki, din deyir oğurluq eləmə, əyrilik eləmə, pis yola getmə, ananın üzünə ağ olma. Məgər bunları dindən öncə demirdilərmi? Bəşəriyyət doğrudanmı islamdan, ya da xristianlıqdan öncə deyib ki, oğruluq yaxşı şeydir?! “Oğurluq olmaz, əyrilik olmaz” – dinin ideyası deyil. Dinin ideyasının yeriməsi üçün tərbiyə yoludur, üsuldur bu. Bütün dinlər onu deyir. Çünkü bütün dinlər yaxşı şeylər axtarır. Ancaq yaxşı şeylər verə bilməyib. Mən əsər yazmışam: “Təməl prinsiplərdə yalan olmamalıdır”. Araşdırmışam, dinin özül prinsipi, Asif Atanın özül prinsipi. Tutuşdurmuşam. Birinci özül prinsip dünyanın yaranışına münasibətdir. Öncə kainat yox idi. Yalnız Allah var idi. Allah 6 gündə, bir baxışla, “ol dedi”, kainat oldu. Bu başqa biçimdə Tanrıçılığımızda da deyilib. Qabaqca filan şey yarandı, sonra dənizlər… Bu, özül prinsip sayılır. Dünyanın yaranışına münasibət, Varlığa münasibət məsələsi. Bunu biz obrazlı olaraq qəbul edə bilərik “ol dedi” oldu. Ancaq bunu həqiqətin özülünə qoyursan, bunun üzərində vurğu edirsən, Allah bir baxışla “ol dedi” oldu, –  axı Allah harda idi? Harda durub “ol” dedi?!
Asif Ata isə nə deyir? Asif Ata deyr ki, Mütləq olan, Əzəli, Əbədi, Kamil, Sonsuz olan Allah anlamı ilə kainat birlikdədir, ayrı deyil. Kainatdakılar həmin anlamın, həmin qüdrətin təcəllasıdır, təzahürüdür. Fikir adamlarında da, dinlərdə də Allah ilahi qüvvə kimi vurğulanır. İlahi qüvvə, ya da ilahi enerji. Mən buna etiraz edib yazmışam ki, qüvvə fiziksəl anlayışdır. Qüvvənin ölçü vahidi vardır. Enerji fiziksəl anlayışdır. Enerjinin ölçü vahidi var, hesablanır. Enerji maddidir. Qüvvə də maddidir. Allahlıq anlamı maddi deyil. Kainat o qüdrətin uydurduğu, yaratdığı deyil. Kainat o qüdrətin təcəllasıdır, təzahürüdür.
Allah dünyanı bənna kimi yaradır semit dünyabaxışlarında. Allah tikir oyun-oyuncaq kimi. Kainat oyuncaq deyil. İslam dininin konkret ayə və surələri var, – bu dünya oyun-oyuncaqdır. Allahın oyun-oyuncağıdır. Allah və kainat münasibəti bənna və oyun-oyuncaq münasibətinə endirilir. Bunu öyrənəndə, düşünəndə ağlın boşluğa çıxır. Düşüncən boşluğa çıxdığına görə özünü dərk edə bilməzsən. Bəs mən, oyun-oyuncaq kainatda, nəyəm onda?! Mən oyun-oyuncağın ünsürüyəm?!  Onda mən kamilləşə bilmərəm. Bu mənim şüurumda oturur. Bu, birinci yalan. İnsanı insan olmaqdan məhrum edən bir ideyadır. Bunu verən, ortaya qoyan dünyabaxış yaradıcısı filosof deyil, alim deyil. Fiosof, alim olmadığına görə o, Allahı tamamilə acizanə təsvir edib. Allah caduçu, əfsunçu kimi gözümüzün qabağında canlanır. Əfsunlayır, dünya olur, əfsunlayır, nələrsə olur. Bu, elmə də uyğun deyil. Belə bir cəfəngiyyata inanmaqla yol getmək mümkün deyil.
İkincisi, fatalizm ideyası. İnsana münasibət və insana münasibətin əsas qırmızı xəttini təşkil edən fatalizm. Elmdə fatalizm, dində alın yazısı deyirlər. Qismətçilik. İnsanın bütün varlığı, ömrü, düşüncəsi hamısı proqramlaşdırılıb. Öncədən bəlli biçimə salınıb. İnsan idrakının imkanları sonsuzdur. Onu qəlibə salmaq olmaz. Onu proqramlaşdırmaq olmaz. İnsan kompüter deyil, ilahi xilqətdir. İnsana mexanizm kimi yanaşmaq olmaz. Əgər insan öncədən proqramlaşdırılıbsa, mexanizmləşdirilibsə, ondan kamil xilqət gözləməyin. İnsana mexanizm kimi yanaşmaq olmaz. Alın yazısı, fatalizm deyilən bir şey insana, insanlığa qarşı ideyadır.
O dünya-bu dünya ideyası. Dinin özül prinsipidir. Bu dünya oyun-oyuncaqdır, fanidir, heçdir, puçdur. Yalnız Axirət dünyası həqiqidir. Ayələr deyir, mən demirəm. Nədir o Axirət dünyası? – Cənnət. Deyir ki, bəşər övladının əcdadı olan Adəm və Həvva Rəbbin buyruqlarına əməl etmədi. Cənnətdə yasaq edilmiş buğda ağacından təam etdi, bu zaman onların ayıb yerləri göründü. Bu, rəbbin qəzəbinə səbəb oldu. Rəbb onları dərgahından qovdu yer kürəsinə.
Cənnət hər şeydən arı, duru sunulur. Yasaq edilmiş buğda ağacı hardaydı, niyə vardı bəs arı, duru yerdə?! Bir, ikinci, buğda nədir, – çörək. Çörək nədir – həyat. Nəyə qarşı çıxırsan? – Həyata qarşı. Deməli, insan bilik və həyat təamından dadıb, din də deyir günahkardır. Əzəli günah damğası vurmusan buna. Biz ulu əcdadımız Adəm və Həvvanın günahının daşıyıcılarıyıq. Ulu babamız, nənəmiz tamahına güc gələ bilməyib, sapıb, təam edib, indi biz onların günahını daşıyırıq. Biz gərək yalvaraq Allaha. Allah günahımızdan keçsə, mömünləşə bilərik, Allahın cənnətinə qovuşa bilərik.
Onların ayıb yerləri göründü. Nə deməkdir ayıb yerləri? – Yəni doğub-törəmə oldu da. Doğub-törəyib bəşər oldu. Nəyə qarşısan, Bəşər olmağa qarşısan?! Ona görə deyir ki, dünya fanidir, yalnız Axirət dünyası həqiqidir. Orda hər şeydən pak zövcələr, altından arxlar axan bağçalar, bağlar var. Orada nə əzab var, nə isti var, nə soyuq. Mən də yazıram ki, biz belə həyata tüfeyli həyat deyirik. Belə həyatı bu gün bizim məmurlarımız yaşayır. Nə isti görür, nə soyuq, nə əzab, nə əziyyət. Bu, insanı kefə tamahlandırmaqdır. Bir yandan insan imtinalara guya çağırılır. Bir yandan insan şirnikdirilir, tamahlandırılır cənnətə. Şirnikdirmə imkan vermir ki, tamah insanın ömrünü tərk eləsin. Tamah insanın mayasına qoyulur. İnsan həmin tamahla özünü formalaşdırır. İnsanın gerçək olaraq, əli ora çatmır. Gerçək varlıqdır insan həm də. Ona görə dünya nemətindən dördəlli yapışır. Birini ayaqlayır, o birinin haqqını yeyir, bu onun şüuruna hakim olur.
Mən sual verirəm ki, orda doğub-törəmə var? – Bütün tələblərə görə yoxdur. Yoxdursa, məni hara çağırırsan? Doğub-törəmə yoxdur, deməli ata yoxdur, ana, qardaş, bacı yoxdur, dost, qohum yoxdur, bir kimin, kimsən yoxdur. Məni hara çağırırsan? Atasız-anasız, qohumsuz, qardaşsız, dostsuz bir dünyayamı? O dünya nə deməkdir bəs? Başqa sözlə, millətsiz bir dünyayamı çağırırsan məni? Millət ata-anadan, oğul-qızdan, qohumlardan əmələ gəlir. Sən məni millətsiz bir yerə çağırırsan, ona görə deyirsən ki, millət boş söhbətdir. Hamınız mənim ümmətimsiniz. Sual verirəm, nədən sənin ümmətinik, ancaq sənin dilin ərəb dilidir, mədəniyyətin ərəb mədəniyyətidir, bütün gələnəklərin hamısı yaşayır, sənin etkin yaşayır mənim üzərimdə, türk olaraq kimliyim yaşamır, məhv olub gedir?! Necə olur sən məni ümmətə çevirirsən, ancaq sən varsan? Bəlli olur ki, ümmətə çevrilməyim ərəbləşməyimdir.
Anan sənə beşiyin başında layla deyir. Şüurunun altında, özü bilsə də, bilməsə də, öz dilini əmniyyətə götürür. Ancaq sən ananı torpağa qoyanda ərəb dilində torpağa qoyursan. Ananı təhqir etmirsənmi? Onun dilinə həqarət deyilmi?! O sənə layla deyib, layla dilinə ana dilim demisən. O dildə sənə mədəniyyət öyrədib, davranış öyrədib, gələcəyə baxış öyrədib. Sən o dilə arxa çevirirsən, ananı ərəb dilində torpağa qoyursan.
Təməl prinsiplərin yalanından belə şeylər törəyir.
Başqa bir prinsip. Dünya fanidir, oyun-oyuncaqdır, heçdir, puçdur. Heç olan, puç olan, fani olan dünyada sənin anan kimdir, atan kimdir, vətənin nədir? – Fanidir, puçdur. Vətən ideyası gözdən salınır. Ona görə məscidlərdə, gedin, oturun qulaq asın, görün orda sizin millətinizdən dəyər var? Yoxdur. Orada nə öyrədirlər? Orda dərs alanların, tərbiyə alanların hansını dindirirsən deyir dövlət boş söhbətdir, millət boş söhbətdir. Niyə? – Onun şüurunda ayrı şey var. Millət yoxdur. Fani dünyada nə millət? Vətən sevgisi yoxdur. Vətən sevgisi olsa gedib Suriyada döyüşməz. O özü də qanmır. Qandı-qanmadı, orda İnsanilik uğrunda döyüşə getmir ki? Heyvərəlik uğrunda döyüşə gedir. Murdarlar uğrunda döyüşə gedir.
Baxın, sizin millətinizin şüurunda bu formalaşır. İllərlə, onillərlə, yüzillərlə bu formalaşır. Təməl prinsiplər budur. Yerdə qalan: “oğurluq eləmə, əyrilik eləmə” deyir, yaxşı edir.
Asif Ata Məhəmməddə yalnız bir cəhəti vurğu edirdi. Asif Ata 25 dənə oxunmalı kitab adı çəkib ki, onları oxumaq olar. Onlardan biri də “Quran”dır. “Quran”da Məhəmmədin Haraylarıdır. Nədir Məhəmmədin harayları? Deyir ki, dünya bir xətlə qurulub, bir xətlə olmalıdır. Allah birdir, birdir. Bir olan ideyası. Ata yalnız bunu müsbət qiymətləndirib.
“Quran”ı mən oxumuşam, şərti olaraq, onu 3 hissəyə bölmüşəm. Birincisi, quldarlığın son aşaması, erkən feodalizmin başlanğıcı. İctimai-sosial həyatın tənzimlənməsi. Budur, surələr bütünlüklə quldarlıq və feodalizm düşüncələrinə uyğundur.
İkinci, Məhəmmədin şəxsi həyatının tənzimlənməsi.
Üçüncü, Tanrı və insan bağlılığı. Tanrı və kainat bağlılığı. Hər üçündə yanlış var. Tanrı və insan bağlılığı yoxdur. Tanrı fövqəlinsandır, fövqəldünyadır. Tanrı insanda deyil. İnsanın yanında deyil. Dünyada deyil, dünyanın üstündədir. Bu nədir?! Dünyanı üstdən aşağı idarə edir. Belə Allahlıq olmaz ki?!
İndi, əzizlərim, keçirəm məsələnin başqa bir yönünə. Əgər sizi yormuramsa. Yormuram ki?

Ulduz xanım: Xeyr.

Soylu Atalı: Onda bir neçə kəlmə də bununla bağlı deyim. Deyirlər türklər tək Tanrıçı olublar. Ona görə də İslamın tək Allahçılığını könüllü qəbul ediblər. Təpədən dırnağadək yalandır. Birinci, 670-740-cı illər tarixi var. Tarixçilər bunun üstündən qara xətt çəkib. Bunu Turan Dursun adlı din müftisi, din xadimi araşdırıb, dinlə bağlı nə var, özü araşdırıb öyrənib. Araşdırıb görüb ki, ərəblər 670-740-cı illərdə Orta Asiyada türklərə İslamı necə gətiriblər. Amansızcasına, dilə gətirilməsi mümkün olmayan əməllərlə. Ananın gözünün qabağında oğulun başını kəsmək, atanın gözünün qabağında qızına təcavüz eləmək, dəhşətli işgəncələr, dəhşətli əzablar. Oxuyun, siz tarixçilərsiniz, belə şeyləri də oxuyun.
7-ci yüzildə din Azərbaycana gəlir.

Güntay Atalı: Hətta, Soylu bəy, ərəb şairlərinin şeirlərində o vəhşətlər özünü göstərib.

img_2393

Soylu Atalı: Sonra 7-ci yüzildə Azərbaycana ərəblərin gəlişi. Abbasilər xilafəti azərbaycanlılara şərt qoymuşdu ki, siz İslamı qəbul etməyə bilərsiniz, özünüzün Zərdüştçülük və Tanrıçılıq inancınıza sadiq qala bilərsiniz, bir şərtlə. Xərac verməlisiniz, hər bir ərəb əsgərini bir gün bir gecə olmaqla ailənizdə saxlamalısınız. Azərbaycanlılar buna görə İslamı qəbul etməyə başlayıb.

Ulduz xanım: Soylu müəllim, bir şeyi deyim, sonra yaddan çıxacaq. Burda ərəb xəlifələrinin xüsusi tapşırıqları da var. Tarixçi olduğum üçün müəyyən qədər çox oxumuşam. Hətta xəlifələr olub ki, əhalinin adət-ənənələrinə toxunmamaq əmri verib. Hamısı bu səpkidə olmayıbdır. İslamın dəyərlərini anlayıb qəbul edənlər olubdur. Mən sizinlə razıyam bəzi məsələlərdə. İslam 7-ci yüzildə yaranıb. O dövr üçün görün nə qədər ərəb dünyasını xilas elədi. Qəbilələr arasında ədavət olardı. Nə qədər orda təmizlik işləri apardı. Nə qədər insanların beynində, yəni o dövr üçün ideal bir din idi. Ancaq getdikcə mən hər bir dində hər bir dövrdə islahat keçirilməsinin tərəfdarıyam. Məsələn, üstün cəhətləriylə bərabər, İslam dinində elə bir amil var ki, elə bir dövrlər var ki, çox kəskin islahatlar getməli idi, olmadı.
Bəlkə də gözdən salmaq üçün müəyyən tədqiqatçılar müəyyən şeylər deyirlər. Məsələn, tədqiqat işləriylə mən məşğul olanda görürdüm ki, elə tədqiqatçılar var, konkret özləri etiraf edir, bu tədqiqat işini mən hər hansı məqsədə qarşı yönəltmişəm. Bu məqsəd üçün mən bu tədqiqat işini aparıram. Bu formada da əsaslandırmalıyam. Gəlin belə etiraf edək ki, İslam uzun müddət bəşəriyyəti xilas edibdir. Yəni mən demirəm ideal bir dindir. O biri dinlərlə müqayisə edəndə… heç istəməzdim ki, bizim söhbətimiz din üzərində qurulsun. Mənə elə gəlir, yanlış anladınız ki, mən konkret deyirəm. Yox, konkretlik yoxdur. Orda üstün cəhətləri də mən bilirəm, qüsurları da bilirəm. Özümdən söhbət gedir ha. Ancaq bir şey də var, nə qədər çox mütaliə edirsən, görürsən ki, doğrudan İslam, ərəblərin, söz yox, əsarət əsarətdir, bunları danmaq mümkün deyil. Ancaq böyük bir dövrdə təmizlənmə işində, insanları vahid bir ideyalar ətrafında birləşdirməkdə İslamın rolu danılmazdır.

Soylu Atalı: Mən sizinlə razıyam ki, ərəb üçün İslam çox böyük etki göstərdi. Böyük önəmi oldu. Ancaq söhbət gedir mənim millətimdən. Mənim millətimin birbaşa etnik kimliyinə İslam müdaxilə etdi. İkinci, insana münasibət məsələsini bayaqdan vurğulayıram, vətənə, millətə münasibət məsələsi heç vaxt dində özünü doğrultmayıb…

img_2352

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetdi.
Ailə Günündən sonra söhbət, çay süfrəsində polemik axarda davam elədi. Yeni qonaqlar olduğuna görə qonu ən çox din və inam məsələləri üzərində quruldu.

 Yağış Ayı, 38-ci il.
(noyabr, 2016.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir