Xəbərlər

“Beşikbaşı” Mərasimi

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Beşikbaşı” Mərasimi
Ocaq Günsırası ilə 31 İşıq Ayı, 36-cı il tarixdə Mütləqə İnam Ocağı özünün evlənmə quralı olan “Beşikbaşı” mərasimini həyata keçirdi. Bu mərasim xalqın içində başlanan milli-insani bir prosesin tərkib hissəsidir. Bir vaxtlar bu mərasimləri keçirməyi Ocaq insanların ağlına salırdı. İndi xalqın içindən milli ruhu olan ayrı-ayrı vətənsevər, xalqsevər insanlar özləri qabağa durur, Asif Ata ideyalarına dayanıb xalqın özünə yadlaşmasına dirəniş göstərmək üçün addım atırlar. Bu başlanğıcdır, ancaq uğurlu başlanğıcdır. Atanın başladığı bu quruculuq fədakar insanların ərdəmliyi ilə dayanmır, dayanmayacaq…

Bu mərasimi iş yiyələrindən biri –  Əlisəfa bəy təşkil edib, o, açılış sözü deyərək Mütləqə İnam Ocağını təqdim etdi: Bu gün həyata keçirdiyimiz evlənmə hadisəsini “Beşikbaşı” mərasimi ilə başlayırıq. Qədim türk ellərinin min illərdən bəri keçirdiyi adət-ənənlərdən bir kimi dəyərli filosofumuz Asif Ata (Əfəndiyev) tərəfindən yaradılan İnam Ocağının Evladları Soylu Atalı, Göylü Atalı, Üstün Atalı, Güntay Atalı, Ocaqsevər Elçin qardaşımız  bizim bəyimizi və gəlinimizi qutlayacaq, beşik başında ulu türk dilində qurallar həyata keçirəcəklər. Hamımız bir yerdə bu insanlara çox sağol deyirik. Söz verilir Ocağın Yükümlüsü Soylu Atalıya.

Soylu Atalı: Ürəyinizdə Günəş olsun istəkli yurddaşlarımız. Bu gün mənaca müqəddəs gündür. Bu müqəddəs gündə sizin hər birinizin diqqətini yeni ənənəmizə cəlb edirəm. Bu gün biz Asif Atanın Mütləqə İnam Ocağı olaraq evlənənlərimizə –  Nüşirəvan bəyə və Aysel xanıma milli-insani ruhda bir mərasim keçiririk. Bu mərasim yalnız bir hissəsiylə həyata keçirilir. Yəni toplumun keçirdiyi restoran toyu ilə paralellik təşkil edir. Hesab edirik ki, getdikcə evlənmə başlanğıcdan sona qədər “Beşikbaşı mərasimi” üstə keçirilməlidir. İndiyə qədər çoxsaylı “Beşikbaşı” mərasimləri keçirmişik, ancaq paralellik təşkil edib. Ocaq hələlik iki dəfə “Beşikbaşı mərasimi”ni başlanğıcdan sona qədər paralellik olmadan həyata keçirib…

Ailə qurulması olduqca məsuliyyətli bir hadisədir. Ona görə də biz bunu mərasimləşdiririk. Mərasimin də məğzi ondan ibarətdir ki, evlənməyin əsas qayəsini dünyaya övlad gətirmək təşkil edir. Dünyaya gələn övlad beşikdə böyüyür, ana beşik başında analığını ifadə edir. Ona görə hadisə müqəddəsdir. Hadisə ona görə müqəddəsdir ki, xalqın təməli qoyulur. Xalq ailələrdən yaranır. Bu gün baş verən bu hadisə yalnız bir ailəyə aid deyil, yalnız bir elə aid deyil, bütövlükdə xalqa aiddir, çünki hər bir fərd müəyyən bir dövrə qədər yaşayır, amma xalq əbədidir. Xalqın əsası qoyulur. Dünyaya gələcək övladlar xalqın ruhunu daşımağa gəlir, xalqın mənəviyyatını yaşatmağa gəlir. Ona görə də hər bir insan öz məsuliyyətini gözönünə almalıdır. Biz də “Beşikbaşı”nda üzümüzü tuturuq onlara. Diləyimiz odur ki, onlar öz qurduqları ailənin mənasını dərk eləsinlər, ailələrinin mənasına sadiq qalaraq xalqı var edən böyük gələnəkləri yaşatmış olsunlar.

Bu gün çox təəssüf edirəm ki, xalqımızda ailə qurma ənənəsi milli ruhda həyata keçirilmir, ailənin baş tutması məzmun baxımından aydınlaşmır. Nə baş verir, ailə nə deməkdir, gənclər üçün bəlli olmur. Ailənin qurulması həşirə düşür. Ailə xalqın mahiyyətini ifadə eləyir, onu həşirə salmaq olmaz.

Biz bu fikirləri deməliyik və sizinlə birlikdə zaman-zaman xalqın özünə yadlaşmasına dur deməliyik. Bu gün müqəddəs dəyərlərimizi qorumağın ilk addımlarını atırıq. Bu işə yardımçı olan sizlər də ilkinlərdənsiniz, böyük işimiz qutlu olsun, mərasiminiz qutlu olsun.

(Soylu Atalı “Beşikbaşı mərasimi” üstə Asif Atanın qutsal uğurlamasını (xeyir-duasını) oxudu-Ü.A.)

 

İndi evlənənlərə uğurlama sözü demək üçün Əlsəfa bəyə  və Üstün xanıma söz verirəm.

Əlisəfa bəy: Belə bir söz var, deyirlər toy səsi əsgərə gedənlərin marş səsini xatırladır. Evlənmək döyüşə getmək kimidir. Döyüşə getmək qələbə ümidiylədir. Bu döyüşdə bir amal var, – ailə qeyrətini çəkmək, ailə namusunu qorumaq, ailə sədaqətinə yetişmək. Burda oturanların hamısı ailə qurub. Bu da bir xoşbəxtlikdir.  Onların xoşbəxtliyindən sizə də qismət olsun. Arzum budur ki, ailə sizə bol sevinc gətirsin, yeni bir ocaq qalayasınız. Biz də o xoşbəxtliyin müşahidəçisi olaq.

Üstün Atalı: Ailə İnam qalasıdır! İnam Qalanız qutlu olsun.

Ailə İdrak Qalasıdır. İdrakınız uca olsun!

Ailə mənəviyyat qalasıdır. Mənəviyyatınızdan, ailənizin ruhundan ailələrə işıq düşsün.

Ailə İradə qalasıdır. Elə birlik yaradın ki, o birliyə baxıb öyünsünlər.

Ailənin rəmzı olan bu beşikdə türk ulusuna layiqli oğullar və qızlar böyüdəsiniz. Ailəniz qutlu olsun.

Soylu Atalı: Biz, Asif Ata Ocağı olaraq, ayrı-ayrı ünvanlarda bir sıra “Beşikbaşı mərasimi” keçirmişik. Hesab edirik ki, xalqımızın öz dəyərlərindən uzaqlaşdığı bir zamanda ayrı-ayrı insanlarımız özlərində güc tapmalıdır, xalqın böyük adət-ənənsini, ləyaqətini qorumalıdır. Bu gün belə bir addımı Əlisəfa  bəy atdı. Bu, əslində xalqın içində olan ayrı-ayrı insanların qeyrətindən xəbər verir. Xalqın içində söz demək lazımdır. Gəncliyimizə örnək verməliyik. Gözünü açan gənclər bizə yad olan ənənləri görür və onlar xalq ruhundan ayrılmağa köklənir. Biz istəyirik gəncliyimizə milli ruhu tanıdaq və onlar bu ruha sahib çıxsınlar.

İndi isə mən evlənənlərə Asif Atanın müqəddəs kitabını – “Mütləqə İnam”ı hədiyyə edirəm. Arzumuz budur ki, bu kitabı evinizdə ən yüksək yerdə saxlayasınız, oxuyasınız və gələcəkdə övladlarınıza oxudasınız. Bu kitablar bizim həm İnsani, həm də milli ruhumuzu təsdiq edir. Bu kitabı iki variantda sizə təqdim edirik: həm (bu gün oxuya bilməyiniz üçün) latın biçimli Azərbaycan qrafikasında, həm də böyük türk etnosuna aid olan əlifbada – Ocaq-türk əlifbasında.

(Soylu Atalı evlənənlərə yazdığı “uğurlama bəlgəsi”ni oxudu-Ü.A.)

 

Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim

Asif Ataya – İnam Ataya ali səcdə ilə!

 

QUTSAL BƏLGƏ

(Nuşirəvan bəyin və Aysel xanımın

 evlənməsinə uğurlama)

 

 

Ailə – xalqın həm fiziki, həm də mənəvi cəhətdən başlanğıcı və inkişaf yönüdür.

Xalq– ailələrlə qurulur, birləşir, bütövləşir– Var olur!

Ailə Gələnəyi öz müqəddəs mənasından ayrılanda milli şüurun inkişafı pozulur, xalqın içinə mədəni əsarət gəlir. Belə olan halda dövlətçilik də zədə götürür. Çünki dövlət xalqın müqəddəs birliyi ilə güclü olur.

Bu səbəbdən də ailə qurmaq milli-insani məsuliyyət deməkdir. Ailə qurulur ki, xalq ruhunu yaşatsın, yeni nəslə ötürsün.

Sizə belə bir əsaslı, məsuliyyətli addım atmaqda başarılar diləyirik, milli kimliyinizi, insani gələcəyinizi qurmağınızı və qorumağınızı tapşırırıq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

 

Sonda Ocaq quralına uyğun olaraq bəylə gəlin ailə sədaqətinə and içdilər.

Bununla da “Beşikbaşı Mərasimi” sona çatdı.

İşıq Ayı, 36-cı il.

(may, 2014.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir