Xəbərlər

Böyüklüyə münasibət

(Amaldaşlarla dialoq silsiləsindən)

Müsəlmana deyirlər, hər an Allahı düşün, Allahı xatırla. O da gündə min yol təsbeh çevirib “sübahan Allah” deyilişini təkrar-təkrar söyləyir. Əslində bilmək gərək, sən hər an ədalətli olanda Allahı xatırlayırsan, Allahı unutmursan. Hər an ədalətli ol, dürüst ol, doğruçu ol, xeyirxah ol, mərhəmətli ol. Bu, hər an Allahı yaşatmaq, Allahlı olmaq anlamına gəlir. Bunu müsəlman eləmir, sadəcə təsbeh çevirir, elə bilir Allah onu gördü, gedəcək cənnətə. Yanlış budur, din buna səbəb verib. Çünkü din Allahı elə obrazlaşdırıb ki, ona ibadət edən, itaət edən müsəlman elə bu cür edə bilərdi. O hər an ədalətli olmağı ağlına gətirmir, çünkü o deyiliş onun ağlını, duyğularını yaşamın gözəlliklərinə yönəltmir. Tələb doğrudur, Allahı unutmamaq gərəkdir. Allahı, yəni Mütləq olanı, Dünyalığı, insandakı İnsanlığı. Ancaq burada, Allah dediklərində, Mütləq olan qüdrəti gözdə tutmurlar. Ona görə Tələbin məzmunu doğrudur, yanaşma isə yanlışdır. Genel anlamda Allahı unutmamaq çağırışı gərək olsa da, yanaşmanın yanlış olması məzmunu doğrultmur…

Hürufilər dedi, insan Allahdır. Bizə görə bu o deməkdir, hər an ədalətli olmaq, hər an xeyirxah olmaq, hər an mərhəmətli olmaq gərəkdir. Asif Ata bir addım irəli gedib dedi, İnsan özündə Mütləq gəzdirir. Hələ insan Mütləqə bərabər deyil, gərək bərabər olasan. Bundan ötrü nə etmək gərəkdir, – ədalətli, xeyirxah, mərhəmətli kimi keyfiyyətləri özündə bərpa etməli, qurmalı, yaratmalısan ki, Mütləqə qovuşasan.  Mütləqiliyə meyil edən, Mütləqiləşməyə qadir olan ruhani varlıqdır insan. Özündə daşıdığına yetməlisən. Onun üçün deyir, özünlə döyüş, başqasıyla döyüşmə.

Bir dəfə İnamlı qardaşımız mənə dedi, özüylə döyüşmək üçün yaş məsələsi mane olur. Mən bu yanaşmanı doğru saymıram. İnsan hansı yaşda ədalətli, xeyirxah, mərhəmətli olmalıdır ki?! Məgər 60, 70, 90 yaşında kişi, ya da qadın hər an ədalətli, hər an mərhəmətli, hər an xeyirxah olar bilməz?! Bunun üçün 25-30 yaşmı gərəkdir?! Yetər ki, istə. İstəsən olarsan. Əgər biz bunu sözdə deyirik, ancaq olmaq istəmiriksə, onda yaş, filan məsələlər bizə mane olacaq.

Burda beş adam oturur, süfrə açılır, söhbət edilir. Əgər bu söhbətlərin gedişində bəzəkli danışmağa başlayırıqsa, dediklərimizin heç birini ömrümüzə çağırmırıqsa, Olmaq haqqında deyil, bəhanələr haqqında düşünməli olacağıq.

Bayaq uşağı götürüb getdiniz güllüyə, çəmənliyə, çiçəklərin arasına. Niyə getdiniz, çünkü o gözəllik sizi çağırırdı. İnsanlıq da insanı çağırır. Onu gözün görmür, qulağın eşitmir. Ancaq ürəyini böyütsən, görəcəksən o səni çağırır. İnsanlığın çağrışına gedirsənsə – Olursan, getmirsən, – Olmursan. Atanın fəlsəfəsinin gözəlliyi, cazibəsi, çağırışı budur. O qədər rasionaldır, realdır, gerçəkçidir ki, burda “əmma” qoya bilmirsən. Burda fantastika yoxdur, hər şey gerçək əsasla deyilir. Atadan fərqli dünyabaxışları olanlar var, onlarda elə şeylər var, tam gerçəkçi deyil. Bəzi şeylər bir az fantastik deyilir. Deyirsən, nə gözəl deyir, ancaq o gözəl olana doğru addım atmağa yol tapa bilmirsən. Çünkü mücərrəddir. Məsələn, mücərrəd özünü nədə göstərir, – deyir, Allahı unutma, Allah o biri dünyada sənin haqqını verəcək. Deyirsən, nə yaxşı Allah ədalətli olacaq, o biri dünyada mənə haqqımı verəcək. Ancaq hara gedim ki, Allah onu mənə versin. Burada gerçəkçi, təfəkkürə uyğun bir xətlər, bir yönlər yoxdur.
İndi cəmiyyət elə köklənib, doğruya əyri baxır, əyriyə doğru. Zərdüştlük haqqında birilərinə danışarsan, deyər, pis şeydir, – oda, közə sitayiş edir. Ya da qardaşımız deyir, hindlilər inəyə sitayiş edir. Bax, bu yanaşmalar bəşər övladının ən böyük yanlışıdır, heç bilmir nədir, hardansa yanlış bir şeylər eşidiblər, öyrənməyiblər, hər şeyi yersiz yamanlayırlar. Onun çağırışının gözəlliyi nədir, əsası nədir, doğrusu nədir, yanlışı nədir, – bilmir, ancaq dediyim kimi qaralayır. Elə yanaşmağı doğru saymıram. Hər hansı bir baxışı qəbul etməyə bilərsən, ancaq bu qədim baxışlar boş yerdən yaranmayıb, onların da gözəlliklərini araşdırıb bəhrələnmək gərəkdir. Doğrudur, göyel dinlər yanlış kopirovkalardır. Ancaq minilliklərdən süzülən qabaqcıl axtarışlar var. Hər birinin ideyaları var, bunlar sizsiniz. Nə anlamda?! – Hər bir insanda özünəxas gözəl cəhət olduğu kimi ideyaların da uğurlu yönləri var. Sənin bir gözəl cəhətin var, o birinin bir başqa gözəl cəhəti. Mən bu gözəl cəhətləri görüb özümü səndə görürəm, o birində görürəm, səndən bəhrələnirəm, səndən öyrənirəm, var oluram. Səndən alıram, var oluram. Mənim varlığım ala bilməkdədir, verə bilməkdədir. Heç bir şey ala bilmirəmsə, verə bilmirəmsə onda mənim varlığım yoxdur, onda mən, Tolstoyun dediyi kimi, torpağın altındakı qurda yem olacaq bir bədənəm. Ancaq mən o deyiləm. Ata nə deyir, mən torpaqda çürüyən bədən deyiləm, qurdlara, həşəratlara yem olan bədən deyiləm. Burda artıq fəlsəfə, məzmun açılır, nikbinlik burdan başlayır, gözəllik burdan başlayır, hər şey burdan başlayır. Bilirsən ki, ölüm son deyil. Mən bu nikbinliyə dayanıb “Ölüm Mütləq Yoxluq deyil” əsərimi yazdım. Ölüm son deyil. Bizim ulu babalarımız bizdə var, əlamətləri ilə, nişanələri ilə, ünsiyyətləri ilə. Bu gün biz onlarla burdayıq. Yetər ki, bu həqiqəti onlar dərk edib kamil səviyyəyə yüksələydilər, o zaman biz onların hətta adını, xarakterini, rəngini biləcəkdik. Onları daha əyani şəkildə yaşatmış olacaqdıq. Elə yaşa ki, özündən yüz il sonrakıların söhbət məclisində sən də iştirak elə. Bu gün burda kim var, – Nəsimi var, Füzuli var, Ata var, Budda var, Zərdüşt var. Adını çəkməsən belə onlar bizimlədir. Çünkü bu adını çəkdiklərim gözəllikləri kəşf edib yaşayıblar, ötürüblər bizlərə. Bu bilgilərin heç biri havadan gəlmir, gendən, irsdən, təbiətdən, tarixdən gəlir. Biz o biliklərə yetdikcə, o gözəllikləri fəth etdikcə o gözəl keyfiyyətləri yaşadıqca, yaşatdıqca əslində onları var edirik. Özümüzdə var edirik. Bunun özü böyük bir Birlikdir. Bu Birliyin yaratdığı gözəllik yox olmur.

Bu gün burada beş adam oturmuşuq, başqa Ocaqçılar yanımızda deyil. Nurtəkin, Bilən, Göytəkin burda yoxdur. Ancaq onlarla bizim birliyimiz var, doğmalığımız var, – onlar burdadırlar. Hesab et ki, onlar həyatda da yoxdurlar, ancaq onlar yenə burdadırlar. Bu gün biz söhbət edirik, onlar eşitmir, ancaq onların varlığı var, onları yaşadan həqiqətləri, gözəllikləri biz burda dilə gətiririk, bölüşürük, yaşadırıq. Axtaranların hamısı bunu axtarır, necə var olum, məni var edən səbəblər nədir, – onu axtarırlar. Biz də onların axtardıqlarını axtarırıq, – Atanın dalınca gedib axtarırıq.

Elana: Gen söhbəti həqiqətən də var. Tutaq ki, Günevin atası, anası yaxşı adamlar olublar. Kənddə əməlləri ilə, yaxşılıq eləməkləri ilə seçiliblər. İnsanın əməlləri İnsanlığından xəbər verir. Yəqin bu keçir övlada. Ancaq kimlərinsə atası, anası pis adamlar olur, yəqin ki, onlardan da övlada pis nələrsə keçir.

Günev Atalı: Onun da təsiri var, ancaq tam elə deyil. Ata deyir, elə olsaydı, gərək Əfəndiyevlərin hamısı ruhani olaydı.

Soylu Atalı: Burda həqiqət nədir, tutaq ki, bir insanda yaxşı üstünlüklər, yaxşı keyfiyyətlər var. Bu üstünlüklər övladda birbaşa aşkarlana da bilər, aşkarlanmaya da. Məsələn, deyək ki, mənim atamda hansısa bir üstünlük vardı, o mənə keçibmi, ya da da keçə bilərdimi?! – Biri var aktiv irsi keçid, biri var passiv irsi keçid. Bu nədir? – Baxın, yeni evlənənlərə məsləhət görürlər ki, toy axşamı içki içməsinlər, aşırı oynayıb yorulmasınlar. Çünkü evlənənlər özlərində daşıdıqları hansısa keyfiyyətləri dölə ötürəcəklər. Tutaq ki, içki içir, yorulur, bunlar candakı sevgi enerjisinin aktivləşməsinə mane olur. İçki içmək, negativ şeylər o sevgi enerjisinin dölə keçməsinə mane olur. Biri də var, tutaq ki, evlənən nevrozdur, ancaq toy gecəsi elə gözəl əhvalda olar ki, dölə o gözəl əhvalı ötürə bilər, nevrozunu yox. Ancaq elə olar, həmin anda nevrozluq aktiv ola bilər, dölə ötürülər. Bütün bunların hamısı elmi əsası olan şeylərdir. Deyək ki, mənim atamdan mənə hansısa gözəl keyfiyyət passiv şəkildə keçib, məndə atamın o gözəl keyfiyyəti özünü göstərmir, mənim oğlumda, nəvəmdə özünü göstərə bilər… Bunları elm bizdən daha yaxşı deyir. Bunlar mənim sadə biçimdə düşünüb gəldiyim məntiqi sonuclardır. Ancaq insan faktında biz bütünlüklə irsi keçiciliyə dayana bilmərik. İnsan özündə İnsani məna daşıyır, insanda insani üstünlüklər var. Biz özümüzlə uğraşdıqca, düşündükcə, axtardıqca insani imkanlar aşkarlanır, işə düşür, gerçəkləşir. Öncə imkan şəklində olur bunların hamısı. Bundan ötrü bizi çağıranlara – böyük insanlara, böyük şəxsiyyətlərə düzgün baxmalı, doğru qiymətləndirməliyik. Məsələn, bizi yüz düha çağıra bilər, hamısını oxuyuruq, onların hamısından bəhrələnirik, ancaq onların içində ən doğru bildiyimizin arxasınca gedirik. O, bizim üçün Asif Atadır.

Ata Zərdüştün yaxşı keyfiyyətlərini öyürdü, mən də onun dediklərinə inanıb Zərdüştün yaxşı keyfiyyətlərindən bəhrələnirəm. Hər meyvədən bir vitamin alan kimi. Ancaq bunların hamısından daha önəmli, daha üstün olanı mənim bəlirlədiyim bir xətt var – Ata Yolu. Bütün dühalardan, böyük şəxsiyyətlərdən bəhrələnə bilərik, onların gözəl çağırışları var, onların çağırışlarının içində bizim yanlış saydıqlarımız da ola bilər, bu gün üçün özünü doğrultmayanlar da ola bilər. Biz yanlış bildiklərimizi qırağa qoyuruq. Burda heç bir pis şey yoxdur, seçirik, bəhrələnirik. Ata da bəhrələnirdi. Mən heç vaxt heç bir şeyi kökündən vurmuram, üstündən də xətt çəkmirəm, danışanda da ehtiyatlı danışıram. Nəyin haqqında danışıramsa, onun ümumi özül prinsiplərinə yönəlirəm, Atanın ölçüsü ilə tutuşdururam. Gərəkli, yaxşı şeylər varsa, üstündən xətt çəkmirəm. Nələr harda qəbul elədiyim ölçü ilə uyuşmursa, qırağa qoyuram. Ata deyir, İnsan özündə Mütləq daşıyır. Bu həqiqəti anlamağa, araşdırmağa hansı böyük şəxsiyyətlər yardım edə bilirsə, onu dinləyirəm…

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir