Xəbərlər

Evlad Günü Mərasimi

Ocaq Günsırası ilə 7 Od Ayı, 42-ci ildə Mütləqə İnam Ocağı Ruhani Evlad Günü Mərasimini keçirdi.
Ocaq Yükümlüsü Soylu Atalı:  Qutsal Evlad Günü mərasimində söz deməzdən öncə mən bayrağımızı öpürəm, Ataya səcdə qılıram. Bilirsiniz, Evlad Günü mərasimini Asif Atanın çağında Şölə Ayının 1-i keçirirdik. Ancaq biz dəyişiklik elədik. Şölə ayının 5-i Ata Sonevinin Ziyarət Günü, ayın 13-ü Xəlqilik Bayramı olduğu üçün bu ayın yükünü azaltmaq istəyində bulunduq. Atanın bu ayda ölməsi yeni törənin yaranmasını ortaya çıxardı (burada səfər məsələsi var), üstəlik Bayram tədbirlərini keçirməyə başladıq. Hər üç tədbir Bakıda olsaydı, qalardı qüvvədə. Asif Atanın sağlığında Od Ayının 7-si “Ruhani Qurum” mərasimimiz vardı. Ata sonradan o mərasimi  Evlad Günü ilə birləşdirdi ki, ikisinin də mahiyyəti birdi. Mən də Atanın ölümü ilə bağlı sonevin ziyarət səfəri olduğuna görə həmən tarixi, yəni 1 Şölə Ayını 7 Od Ayına qaytarmağı doğru saydım, “Evlad Günü” mərasimi kimi. Evlad Günü mərasimi Ocağa Evlad gəlişi ilə bağlıdır. İlk Evlad gəlişi Atalıq-Evladlıq olayının başlaması demək olub. Bu açıdan həmin olayı Ocağın mərasimlərindən birinə çeviribdir. Biz də onu o çağdan bu çağa yaşadırıq, davam edirik. Bundan sonra da yaşayacaq – nə qədər ki Ocaq var, nə qədər ki Ocaqda Evlad var, nə qədər ki Ocaqda Atalıq-Evladlıq olayı var. Evlad Günü mərasimində Ata çox qısa giriş edərdi, əsasən sözü Evladlar deyərdi. Hər bir Evlad öz Evladlıq gəlişini hesabat kimi verirdi: Kim idim, kim olmuşam, hansı işləri görmüşəm, hansı mənəvi sıxıntılarla üzləşmişəm, nələri ötmüşəm, nələri ötməkdəyəm. Eyni halda, hər dəfə Evlad Günü mərasimində bir Ocaqçının haqqında söz deyilirdi. Başlıca olaraq, onun uğurlarını, ucalığını, onun xarakterindəki üstünlükləri görüb göstərməyə çalışırdıq. Ocaqda tənqid yoxdur, Ocaqda özüylə döyüş var, başqasını hədəf götürmək yoxdur.

İndi bu gün kimi istəyərsinizsə, onu qonuya gətirə bilərsiniz, onun haqqında öz düşüncələrinizi bölüşüb doğmalaşa bilərsiniz.

Nurtəkin Atalı (Ataya səcdə edir – G.A.): Evlad Günü mərasimi mənim Ocağa gəldiyim bir mərasimdir. Ocağa qəbul olunmağımın 24 ili tamam olur. Mən bu 24 ildə çox şeylər yaşadım. Döyüşdüm də, yenildiyim anlar da oldu, ancaq bu 24 ildə dəyişməyən bir şey var: mən Yolumdan, Atadan əl çəkmədim. Çünkü mənim qurtuluşum, fərəhim, hər bir şeyim Atadadır. Bu ömrümə, düşüncəmə yansıyıb. Atalı olmağın Mütləqiliyini dərk elədim. Anladım ki, özümü yarada bilməsəm fərəhə qovuşa bilmərəm, həyatı yenə bilmərəm, zamanı yenə bilmərəm. Atanın “Mütləqə İnam” kitabında “İnsan Ləyaqəti” bölümündə belə bir düşüncə var: “Tək yanmaqdan çəkinməmək”. Ümumiyyətlə, bu “İnsan” bölümünü mən həmişə oxuyuram, orda ayrı-ayrı düşüncələrin üzərində daha da gəlişmək olar. Ancaq tək yanmaqdan çəkinməməyi əslində bütün Ocaqçılara özgün edirəm. Çünkü nə olur olsun, Atanı anlamaq, Atanı dərk eləmək asan bir şey deyil. Bunu özünün ömür yoluna çevirmək də asan bir şey deyil. Ona görə də əgər bu Yolu seçmişəmsə, doğrudan da nə olur olsun, bunun genişlənməsinə, yayılmasına, millətdə oturuşmasına çalışmalıyam. Yəni qeyd etdiyim tək yanmaqdan çəkinməmək – düşünürəm ki, mənim devizim olmalıdır. Əslində bütün Ocaqçıların.

İçimdə müşahidə elədiyim iki çalar – həm döyüşkənlik, həm də təslim olma duyğusu var. Atanın dediyi “İmkansızlıqdan imkan yaratmaq” əslində təslim olmamağa çağırışdır. Çünkü döyüşməyin sonucu olur. Döyüşməyin sonucu var olmaqdır, özümlükdür. Təslim olmamaq özümlükdən başqa hər şey. İçimdə qürurum da var, qürursuzluğum da. Qürursuzluğu içimdə görəndə düşünürəm, deməli qürurum tam deyil. Yenə də bu qürursuzluğumda təslimolma duyğusu görürəm. Cəsarətimi də görürəm, bəzi anlarda qorxaqlığımı. Ağlımla, iradəmlə döyüşürəm, döyürəm qorxaqlığımı. Düşünürəm, cəsarətim tam olsaydı, qorxaqlığım baş qaldırmazdı. İçimdəki adamlığım bəzən məni təslim olmağa çağırır, insanlığım isə özümlüyə.

Bu gün körpə bir uşaq, gördüm, nədənsə qorxdu. Öz-özümə düşünürəm, mən də uşaqlıqda çox şeydən qorxurdum. Böyüdüm, indi o qorxu mənə adi gəlir. Ancaq böyüyəndə də bizim qorxularımız olur. Mənim bir insan olaraq qorxularım var, bir millət olaraq da qorxularım var. Bəs nə zaman böyüyüb, bir insan olaraq, o qorxularımı yenməliyəm, ya da millət olaraq qorxularımızı nə zaman yenməliyik? Qorxu bilməzlikdən yaranır, qorxu iradəsizlikdən, cəsarətsizlikdən yaranır. Əgər o qorxu varsa, deməli o cəsarət,  inam, özünəgüvən tam deyil. Ona görə də qorxu ilə döyüş tam olmalıdır.

Nə məni xoşbəxt, bədbəxt edə bilər? Təbii ki, burada söhbət savaş ortamından, ya da ki təbii fəlakət ortamından getmir. Biz bilirik insanın başına nə gəlirsə gəlsin, o çətinlikləri yenməlidir, mütləq, özündə güc tapmalıdır. Ümumiyyətlə, xoşbəxtliyin göstəricisi nədir, yəni ölçüsü nədir, yəni nə zaman insan içdən fərəhlənə bilir?! Bizim əsil fərəhimiz özüylə döyüşdür, özünü yaratmaqdır. Bundan böyük fərəh yoxdur. Bütün fərəhlər ondan aşağıda qalır. Yəni özünü yetirəndə doğrudan da hər bir şeyin fövqündə olduğunu görürsən.

Həqiqəti  görürəm, xeyiri görürəm. Bu görümüm artıq Xeyiri, Həqiqəti mənim ömrümün ölçüsünə çevirir, məni ondan geri durmağa qoymur. Özünü özünün də ixtiyarına verə bilərsən, həyatın da, başqalarının da. Özünü özün də yarada bilərsən, başqası da. Həyat da səndən istədiyini yaradar. Özünü özün qurtara bilərsən, ancaq həyat səni qurtarmayacaq. Həyatın öz şərtləri, qanunları var. İxtiyarını ona verəndə onun qanunlarına uymalısan. Özünün ixtiyarına verəndə özün qanunları yaradırsan. Özünə münasibəti, həyata münasibəti dünyaya münasibəti. Sən həyatın qanunları ilə deyil, həyatda öz qanunlarınla yaşayansan. Bu gün varsan, sabahın bu gündən yaranır. Var olmaq prinspin,  ideyan, məqsədin –  düşüncələrin var  olması deməkdir. Nə istəyirsən həyatdan soruşma, özündən soruş, özünün yaxandan yapış, özündən tələb elə, özün tap. Bizim tapdığımız Atadır. Ona doğru getmək, ona qovuşmaq gərəkdir. Özümlə bağlı, düşüncələrimlə bağlı bu qədər.

Mən bu gün üç Ocaqçı haqqında danışmaq istəyirəm. Bunların biri Günevdir. Düşünürəm ki, Günev uzaqlarda olsa da, onun varlığı Amal üçündür, onun nəfəs almağı Amal üçündür. Onun aşiqliyi həmişə mənə qeyri-adi güc verir. Hər zaman mənim ağlımda belə bir şey var, Günev orada sanki Fərhad kimi qaya çapır. Özünün nə cür imkanı olur olsun, Amal Evini tikmək, söhbətlər aparmaq Günevin varlığını içimdə yaşadır.

Ocağımıza yeni gələn Bilən, Göytəkin haqqında danışmaq istəyirəm. Onların varlığı son zamanlarda məni fərəhləndirən bir olay oldu. Bilənin fədakarlığı, Ocağa bağlılığı, Soylu Atalıya bağlılığı fərəhverici, güvənverici bir məsələdir. Bizim sayımız azdır öz yerində, ancaq yeni bir Ocaqçının gəlişi, onun duyğuları, Ocağa tapınması, bağlanması, Ocağın onun ömründə dəyişikliklər yaratması – Atanın yolunun uğurlarını göstərir. Eləcə də Göytəkin, az bir zaman kəsiyində özünü kəşf elədi, özünün  enerjisini, gücünü, sevgisini ortaya qoyub əməllər yetirir. Bu iki Ocaqçının varlığı mənim fərəhlərimdən biridir. Təbii ki, mən bütün Ocaqçıları sevirəm,   onların varlığı ilə  qürur duyuram. Ocaq  mənim elə bir dünyamdı ki, o dünya elə mən özüməm. Ona görə də var olun! Atamız Var olsun!

Soylu Atalı: Daha qapsamlı demək olardı. Çünkü həm sənin Ocağa gəldiyin mərasimdi, həm də Evlad Günüdür. Qorxu məsələsi ilə bağlı bir neçə söz deyim. Biri var, məsələn, iş yerində müdürün gözündən oğurlanıb Ocaq işi görürsən. Bunu da qorxa-qorxa, çəkinə-çəkinə edirsən. Əlbəttə, bu doğru deyil. Qorxa-qorxa Ocaq işi görmək olmaz. Eyni halda, olduğun yerdə ortam yoxdusa, yenə də Ocaq işi görmək olmaz. Orada sən görəvini ifadə eləməlisən, Ocağa vaxtın qalmaya bilər. Orada ortam yaranarsa, Ocaq işi, söhbəti  apara  bilərsən, bu ayrı bir şeydir. Ancaq mənə görə qorxu mənəvi psixoloji açıdan odur ki, sən tapdığın, tapındığın həqiqəti dilə gətirmirsən, başqa yerdə onu demirsən. Başqalarına izhar etmirsən, başqalarını çağırmırsan. Xalqın  hansı durumda olmasına göz yumursan. Yanında şər meydan sulayır, göz yumursan, həmçinin yanında həqarət olur, göz yumursan. Millətin dəyəri gözünün qabağında aşağılanır,  göz yumursan. Qorxu budur. Bu qorxu varsa, onda düşünmək gərəkdir. Ocaqçılıq deyil o.  Bizim mənəviyyatımız zəlil ola bilməz. Biz həqiqəti biliriksə, seviriksə, bunu deməyin gərəkliyini də bilməliyik. Əgər sən özün  ideallarının tələbi ilə yaşamırsansa, onda dilin həmişə gödək olacaq. Sizə mən misal çəkmişəm. Ağdam-Ağcabədi arasında hərbi mövqeyimiz var, Türkel orada qulluq edib. Onun yanına getmişdik, orada görüş keçirdim. Orada mənə dedilər ki, istəyirsən, komandir bizim adamdı, uşağı səngərdən arxaya gətirək. Mən dedim olmaz. Mən atayam. Mənim ürəyimə dağ çəkilə bilər. Səngərdə oğluma güllə dəyə bilər, mümkündür. Ancaq mən onu xalqın balalarının içindən çıxarıb arxada gizləyə bilmərəm. Gizləyib də xalqın balalarına, qırmızı-qırmızı, Vətəndən, Millətdən danışa bilmərəm. Mənim dilim gödək deyil. İndi də xalqın balalarının içində ləyaqətlə, vüqarla vətən sevgisindən danışıram, İnam Həqiqətlərini deyirəm çəkinmədən, yorulmadan. Məsələ budur. Biz doğrudanmı anamızı sevirik? Mənim anam ölüb, kimin anası sağdır cansağlığı.  Ancaq doğrudanmı anamızı sevirik? Əgər Vətənin, Millətin məhv edilməsinə göz yumuruqsa, bunu düşünmürüksə, buna mənəvi baxımından dirəniş göstərmiriksə anamızı, vətənimizi  sevməyimiz yalandır. Dünyada çox olaylar baş verəcək, bundan sonra da çox çətinliklər olacaq, yaşamaq, nəfəs almaq belə çətin olacaq. Ancaq aşiq ölümsüzdür. Əgər aşiqsənsə, sənin başqa şey haqqında düşünməyin əbəsdir. Aşiq ölümsüzdür, ölümsüzlüyə yetəndir. Doğrudan da aşiqsənsə, İdeallarını  heç nəyə qurban verməli deyilsən. Həyatın heç bir çalarına qurban verməli deyilsən. Bu həqiqətlə yaşayan aşiq olur. Bu həqiqətlə yaşayanın dili uzun olur. Buna görə də mən düşünürəm, Asif Atanın tələblərini hər gün öyrənmək gərəkdir. Dərk eləmək gərəkdir.

Göylü Atalı (Ataya səcdə edir – G.A.): Mən qısaca yazmışam kim idim, kim olmuşam sualı ilə bağlı, oxumaq istəyirəm. Enişli-yoxuşludur deyirlər ömür yoluna. Enişli-yoxuşlu həyat yoludur. O həyat yolu ki elə üzü yoxuşadır. O həyat tərəqqi yoludur. Bu yolda yerimədinsə,  yerində saydınsa, yolu başa vura bilməzsən. Ata deyir, ömrünü maddini mənimsəməyə həsr edən əslində mənimsənilir. Ömrümdəki bir büdrəmə axsaq qoyub məni. Addım atıram, yıxılıram. Nə dura bilirəm, nə yeriyə. İçimin təpəri başqadır, əməlim başqa. Odu söndürüb külü ilə uğraşıram. Maddiyyat məni qova-qova namərd edib. Öz əlimlə özümə qənim kəsilmişəm. Doğrudan da İnsan özünə sahiblənməyəndə həyat ona sahib olurmuş. Ömrümdə çox əskikliklər var. Ləyaqət əskikliyi, vicdan əskikliyi, səmimiyyət əskikliyi, qadınlıq əskikliyi, övladlıq əskikliyi, analıq əskikliyi. Özümçün aydın olan bəlli məqamlar var ki, harda səmimiyyət əskikliyi yaşadım, harda vicdan əskikliyi yaşadım. Bunları sadəcə söz kimi yazmamışam. Hər biri haqqında ayrı-ayrı düşündüyüm qonulardır. Kim idim sualına daha üzü ağ cavab verə bilərəm. Bəlkə də indikindən çox biliyim yox idi. Ancaq saf idim, məsum idim, doğruçu idim, yalansız, fədakar idim indikindən. Kim olmalıyam sualının cavabını yenə də Ata mənə dedi: Yenidən başlamaq gərəkdir – məhəbbəti, dostluğu, qeyrəti, kişiliyi, qadınlığı, övladlığı. Bilirəm, elə bir aşamadayam, sadəcə yenidən başlamaqla ayağa dura bilməyəcəm. Doğrudan da, özümü öldürüb yenidən diriltməliyəm. Bütün ruhumla, varlığımla buna can atıram. Bilirəm çox gecikmişəm. Bilirəm mən bu deyiləm. Bu haldan, bu süstlükdən,  bu durğunluqdan çıxmalıyam. Atamız Var olsun!

Soylu Atalı: Sözlə dikəlmək olmur, sözlə çıxmaq olmur, sözlə yenmək olmur. Gərək ruhani əmələ başlayasan, göstərəsən. Ruhani əməli özünə göstərəsən, ruhuna göstərəsən. Ruhun güvənsin, inansın ki, yaşamağa ortam tapıb, var olmağa  ortam tapıb. Yalnız o halda. Tədbirdən tədbirə özünü qınamalarla var olmaq olmaz. Ciddi, gərəkən səviyyədə addımlar gərəkdir, çıxmaq gərəkdir. Ömürdə ömrü əyən  məsələlərdən çıxmaq gərəkdir. Özünəyadlaşmanın yerini ruhani əməllərlə doldurmaq gərəkdir. Yalnız onda təsdiq başlayacaq. Başqa cür  adam özü öz gözündən düşür. Buna görə mən düşünürəm, örnəklər var, sabaha baxmaq gərəkdir, örnək ömürlərə baxmaq gərəkdir, örnək ömürlərə doğmalaşmaq gərəkdir. Gözünüzün qabağında hamınızdan da  ağır çətinliklər yaşadım. Hər bir çətinlikdən çıxıb dikəlmək mümkündür. Həyat insanı parçalayıb yeyə bilməz. Əgər insanın içində özünə balaca bir güvəni, inamı olarsa. Özünə İnam çox önəmli məsələdir. Ancaq Özünə İnam belə-belə təsəlli ilə olmur. Özünə İnam yetişdirilməli, yetirilməlidir.

Bilən Atalı (Ataya Səcdə edir – G.A.): Soylu bəy, sizə səmimi etiraflar edəcəm. Bir ildən artıqdır sizi tanıyıram. Doqquz aya yaxındır Ocağa gəlmişəm. Əslində bu fəaliyyətimin, deyək ki, oxumamağımın səbəbi mənim beynimdə, şüurumda, içimdə çevrədə baş verənlərə qarşı şiddətin olmasındadır. Bir yandan ruhani düşüncəm var, bir yandan da şərə qarşı amansızlığım var. İçimdə döyüş getdiyinə görə, içimdə həmin rahatsızlıqlar olduğuna görə kitab oxuya bilməmişəm, öyrənə bilməmişəm. Nə öyrənmişəmsə, Soylu Atalıdan öyrənmişəm. İçimdə şiddət, amansızlıq olduğu üçün mən ruhaniyyatla məşğul olmamışam. Meylim olub, istəmişəm, ürəkdən gəlir, ancaq o məsələlər mənə əngəl yaradıb. Ancaq bundan sonra düşünürəm, uğurlu ruhaniyyat işləri görüm, kitab çapları var, İnam Evinin tikilməsi var, məsələn mən istəyirəm, yaxın çağlarda İnam Evi tikək. Onu  reallaşdıraq. Mənim içimdə ideyalarım var.

Soylu Atalı: Aydındır. Bir neçə söz deyim,  sonra davam eləyək. Əslində səni ilk tanıdığım gündən bu tip rahatsızlıqlarını görmüşəm, bilirəm. Bu da söz yox, havadan gəlmir. Sən qeyrətli bir adamsan. Vətən qeyrətin, Millət qeyrətin var, onlar ordan gəlir. Ancaq Vətən, Millət sevgisindən irəli gələn o cür kəskinlikləri ram eləməlisən. Özünü öz ixtiyarına götürməlisən. Çünkü o əhvallarla davam eləyərsənsə, ürəyin yorula bilər. Ocağı tapmısan, bundan sonra başlıca olaraq, o cəhətlərdən özünü qorumaq gərəkdir. Mən sənin fədakarlığını alqışlayıram, eyni halda dediyin məsələlərin mahiyyətini bilirəm ki, dərk eləyirsən, anlayırsan. Ancaq dediyim kimi, içində yaranan ideyanı, hər hansı bir düşüncəni gerçəkləşdirməkdən ötrü, məsələn, məbəd tikintisini, ya nəyisə eləməkdən öncə məbədi içində qur, düşüncəndə qur. Onda görəcəksən onu necə vüqarla, böyük sevgi ilə gerçəkləşdirə biləcəksən. Əgər insan, doğrudan da, içində bir həqiqəti qurursa, ona aşiq olursa, onun təbiəti heç vaxt dəyişmir. Aşiqin təbiəti dəyişmir. Aşiqin kimliyi dəyişmir. Aşiqlik ona görə ölümsüzdür. Ona görə aşiqliyin, idrak səviyyəsində, ömürə hakim olmasına, ömürdə oturuşmasına çalışmaq gərəkdir. Onda görürsən ki, addımın üstünə addım gəlir, sənin ruhundan, sənin zəhmətindən millətin ruhu, xarakteri formalaşır. Özünə bir yol tapır. Bu, zaman-zaman aşiqin ideallarının tələbinə uyğun yaşaması  ilə oluşur. Həvəsnən oluşmur. Xalq fərdin aşiqliyindən, kimliyindən qurulur. Ona görə biz Ocaqda addım-addım, hal-hal həm də fərdin kamilliyinə çalışırıq. Bunları bilmək, düşüncələrində yetirmək hər bir Ocaqçının bireysəl haqqıdır, bireysəl özgürlüyüdür.

Öz üzərində qalib olan həyatda, gedişdə də qalib olur. Öz üzərində qalib olmaq, məğlubiyyətdən çıxmaq deməkdir. Ata ona görə deyir. Təslimçilik ruhuna qapılmaq olmaz. O təslimçilik ruhunu gözümüzün qabağında, fərdlərdən qıraqda da görürük. Azərbaycan iqtidarını hamımız tənqid edirik, Qarabağı verib təslimçilik siyasəti yürüdür deyə içimizdə hiddət yaşayır. Bu təslimçiliyə qarşı hiddət bizim fərdimizin təslimçiliyinə qarşı da yönəlməlidir. Belə olanda, bizdən dışarıda, bütövlükdə xalqı təslimçiliyə sürümək mümkün olmaz. O ölçünü vermək gərəkdir. O ölçünü ayrı-ayrı fərdlərimiz verə biləcək. Ayrı-ayrı insanlarımız öyrədə biləcək. Atanın Evladı o deməkdir. Atanın Evladı öyrətməndir. Öyrətməlidir. Biz bu əhvalla yaşadıqca, bilikləndikcə bildirməliyik, deməliyik. Yaşamırsansa, verə bilməyəcəksən, vermirsənsə yaşaya bilməyəcəksən. Dayanacaqsan. Ona görə Ata deyir: Öyrəndiyin qədər öyrət, bildiyin qədər bildir. Bunun özü ləyaqətdir, bunun özü qeyrətdir – yorulmadan Atanın işini qabağa aparmaq, Atanın işini dayanmağa qoymamaq. Sizin hər birinizi Evlad Günü münasibətilə qutlayıram. Hər birinizin ləyaqətinizi alqışlayıram. Hər birinizə yorulmazlıq, usanmazlıq diləyirəm, umuram. Bu gün sizə bu günkü Evlad Günü mərasimimizdə deyəcəyim söz budur. Əgər hər hansı bir sözünüz varsa, sualınız varsa, buyurun, hələ vaxtımız var. Əgər yoxdursa, mərasimimizi başa çatdıra bilərik. O ki qaldı Bilənin arzuları. Çox qeyrətli arzudur. Bu ay iki məsələ çox ciddi tərpədib içimi, sevindirib məni. Güntay atası ilə bağlı qeyrətli bir vəd verdi. İkinci,  Bilən bayaq Ocağın İnam Evinin olmasına çalışacağını dedi. Bu iki məsələ mənə çox böyük ümid verdi ki, Atanın Ocağı uzaqlara gedəcək.

Bununla da mərasimimiz başa çatır. Atamız Var olsun!

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim sona yetir.

 

Qürub Ayı, 42-ci il.

(avqust, 2020.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir