Xəbərlər

Göytəkin Atalı. Bir anın yaratdığı duyğular

 Bu yaxınlarda E.Heminqueyin “Əcəl Zəngi” romanını oxudum. Əsərdə başlıca qonu faşizmin dəhşətləri ilə bağlıdır. Olayların bədii-dinamik yönü insanın düşdüyü faciəvi durumu oxucuya uğurla anlada bilir.
Savaşın antiinsani gedişlərini izlədikcə, azğınlaşmış, güllələməyi, qəddarlığı, işgəncəni adi bir iş kimi yerinə yetirən bəşər övladına hansı adı vermək olar deyə düşünəndə, adamın halı qarışır, çoxsaylı sualların içərisində azıb qalır. Kimdir İnsan?! Nə edir, nə etdiyini, niyə etdiyini düşünürmü?! İnsan nədən öz ömrünü bu cür dəhşətli əməllər içərisində başa vurmalıdır? Onu buna nə məcbur edir? Ölməmək üçün öldürməkmi?!

Əsərin baş qəhrəmanı Robert Cordanın Mariya ilə tanışlığı, bir an da olsa, adamı gedişin eybəcərliyindən uzaqlaşdırıb mənalı uyuma bağlayır. Onların münasibətində saf sevgi duyğuları yaranır. Hətta üç gün sonra Robert Cordanın ölümlə üz-üzə qalması gerçəkliyi də bu duyğuların yaşamasına əngəl ola bilmir. Onların üç gün işində yaşadığı xoşbəxt duyğular, indiyə kimi, eləcə də bundan sonra yaşamalı olduqları bütöv, xoşbəxt bir ömrə bərabər olur. Bu xoşbəxt yaşantıların gözəlliyini anlayan üçün, insanın nədən bu gözəlliyi azğınlığa qurban eləməsinin anlamı dərk olunmağa başlayır sanki. İnsanın özündən ayrılmasının sonucu kimi ömrü dəyərsizləşdirmək, ən gözəl duyğuları, bütövlükdə varlığı ölümlü gedişə buraxmaqdır.

Əsər boyu daha çox sevərək izlədiyim qəhrəmanlardan biri Anselmo adlı qoca idi. Düzgün, mərd, etibarlı olan bu qocanın əməllərində insanlığın çalarları özünü çox tez-tez göstərirdi. Ona verilən tapşırığı dəqiqliklə yerinə yetirmək istəyi isə halında yerə-göyə sığmayan ziddiyyətlər doğurmuşdu. Onun çıxılmazlıq içində adam öldürməsi, bunun etkisi ilə çaşqın halda, göz yaşları içərisində qaçması əsərdə məni ən çox duyğulandıran bir epizoddur. İnsanı nə duruma salırlar, insana qıymaq, insani duyğuları bir anlıq olsa belə, gözardı eləmək faciədir. Ancaq burada zamanın əzazil hökmü bu qocanın içində İnsanlığı, insan sevgisini öldürə bilməmişdi. Baxmayaraq, onun qarşısında düşmən vardı, ölüb öldürmək tələbi qaçılmazlıq yaratmışdı… Asif Atanın da dediyi kimi: “İnsan ən çətin ortamda belə İnsan olaraq qala bilər”.

Əsərin sonunda Robert Cordan ölür. Ancaq onun son üç gün içində yaranan məhəbbəti, duyğuları, sevgilisi ilə birgə yetdiyi xoşbəxtlik ölməyəcək. O, Mariyanın qəlbində yaşayacaq. Onlar birlikdə ölümün öldürə bilmədiyi bir aqibəti qura bilmişdilər. Bu, gözəl ümiddir, gözəl nikbinlikdir – İnsanın mənasında yaşayan, doğrulan bir ümid, bir nikbinlik!

Atamız Var olsun!

 

Qar Ayı, 42-ci il. Göyçay.

(yanvar, 2020).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir