Xəbərlər

Göytəkin Atalı. Həyatın Dəyəri İnsanlaşmaqdadır

İnsanın özünü təsdiqi onun öz mənasına yetməsidir. Bunun üçün Asif Ata, insanın kamilləşməsi yolu kimi, “özüylədöyüş” ideyasını irəli sürüb. İnsan özü ilə bacarmayanda özündən yüksəyə qalxa bilmir. Belə olan halda həyatdakı eybəcərliklərlə barışır. Həyatda eybəcərliklərin yaşaması, insanın bu eybəcərlikləri içindən qırağa qoya bilməməsinə görədir. Öz içində yüksəlməyən insanın həyata nələrsə verməsi mümkün olmur.

Bu günlərdə Frans Kafkanın “Çevrilmə” əsərini oxudum. Əsərin əsas qonusu – hər gün işləyən, ailəsinin borclarını, gündəlik məişət qayğılarını ödəmək üçün fədakarlıq göstərən bir gəncin – Qreqorun həşərata çevrilməsidir. Kafka qəhrəmanını həşərata çevirsə də, onun, olanları qıraqdan izləmək bacarığını saxlayır. Yəni “həşərat adam” heç nəyə qarışa bilməsə də, ona olan münasibətləri izləyə bilir. Atası, anası ona oğulları olaraq yanaşa bilmirlər, ona qarşı qorxunc – heyvana, həşərata qarşı necə yanaşmaq gərəkdirsə, elə bir münasibət sərgiləyirlər. Bu, onu çox incidir.

Həşərata çevrilməsindən öncəki həyatına baxanda aydın olur ki, gəncin yaşamı əslində heyvan səviyyəsində yaşamdan çox da fərqlənməyib. Özünün, ailəsinin mövcudluğunu sürdürməsi üçün mübarizə aparır. Ailəsi də ona daha çox məişət təminatçısı kimi baxıbdır. Nə yazıqlar, yaşamın çətinliyi insanı elə bir duruma gətirir, bütün düşüncə mövcudolmaya yönəlir, başqa heç nə düşünə bilmir. İnsanın insana münasibəti də sıradan çıxır. Ən yüksək İnsani duyğular, insanlararası sevgi, doğmalıq halları, demək olar, yaşanmır. Bütün bunların yerini qazanc-gəlir, məişət qayğıları tutur. İnsan bu həyatda nə üçün var olduğunu, niyə yaşadığını belə düşünə bilmir. Bu əsərdə də, ailəni, bir övladın taleyinin faciəyə dönüşməsi deyil,  borclarını ödəyə bilməmək qayğısı rahatsız edir. Hətta onun həşərata çevrilməsini ailəyə dönüklük kimi qiymətləndirirlər. Ən etkili hal, onun, otağında tənha olaraq qalıb unudulması, öz gərəksizliyinin acıları ilə ölməsidir. Yaxınlarının isə, belə bir varlığı görməyiblərmiş  kimi, yaşamlarını sürdürməsidir.

İnsan öz ömrünün dəyərini anlamadan, özünü tanımadan yaşayır. Həyat insanın ömrünü alır, əvəzində ona heç nə vermir. Çünkü insan özü həyata həyatdan artıq bir şeylər verə bilmir, başqa sözlə, insanca yaşamını qura bilmir. Öz içində həqiqəti tapmayan ömrün dəyərini anlamadan yaşayır. Asif Atanın fəlsəfi baxışıyla desək, əslində mövcud olur, yaşamır. ” Həyat insanı yaratmır, İnsan həyatı yaradır” deyir Asif Ata. İnsan özünə bərabər yaşamalıdır ki, həyat onu həşərata çevirməsin, o, həyatı ideala yaxınlaşdırsın.

Atamız Var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir