Millət öz keyfiyyətləri ilə yaranır, var olur. O keyfiyyətləri onun əlindən alanda millət assimilyasiyaya uğrayır. Millət keyfiyyətlərini itirəndən sonra yaratdıqları təməlsiz olur. O nə yaradırsa, özgələrə yarayır. Ən böyük özgələşməyimiz ərəblərin yurdumuza yürüşüylə başladı. Onda biz kimliyimizi itirməyə başladıq. Təbii ki, özümüzün səhvlərimiz özgələrin göstərdiyi basqıdan az olmayıb. Özümüzə arxa durmamışıq. Dəyərimizə sahib çıxmamışıq. Ona görə də azadlığımızı əlimizdən aldılar. Bir milləti özünə yadlaşdıranda onun yenidən özünə gəlməsi üçün yüzillər gərək olur.
Dərindən baxanda bəlli olur ki, biz allahı əlindən alınmış millətik həm də. Bizə allah verdilər, kölələşdik, Mütləqiliyimizi itirdik. O keyfiyyətlər ki, xalqda minillərlə formalaşır, ona yiyə durmayanda özgələr bir anın içində məhv eləyə bilirlər. Özümüzə yadlaşandan sonra hər şeyimizi zorla formalaşdırıblar. Bax, indi Asif Ata bizim içimizi bərpa eləmək qüdrəti ortaya qoyub. Millətin millət kimi formalaşması üçün öz içində yaranan dəyəri qəbul etmək səviyyəsinə qalxmalıdır…
xxx
Dinlər yaranandan sonra onun ritualları, qaydaları toplum tərəfindən icra olunub. Ancaq təəssüf ki, dərinə gedilməyib və böyük həqiqət insanın ömrünə girməyib. İnsan fərqinə vara bilməyib ki, onun icra elədiklərinin axıra qədər onun ömrünə dəxli yoxdur. Üzdə ilişib qalmaq insanı dərin məsələlərə varmaqdan məhrum edib. Ona görə də düşünürəm ki, Asif Atanın Yolunu onun davamçıları yüksək idraki səviyyədə yaşadıb verə bilməsələr toplum onu da dinə çevirə bilər… İnam həyatı anlamına yüksəltməlidir.
(arxiv)