Xəbərlər

Günev Atalı. Şəxsiyyət və Toplum

GünevÖncə “şəxsiyyət kimdir” və ya “kimə şəxsiyyət demək olar” fikrinə aydınlıq gətirək.
Şəxsiyyət – gerçəkliyin, yəni zamanın, mühitin, ortamın, bütövlükdə toplumçuluğun insanlığa qarşı gedişlərini qəbul etməyən və bu kimi gedişlərə dirəniş göstərib savaşan, savaşın yollarını göstərən kəslərə demək olar.
Şəxsiyyətə münasibət heç vaxt toplum tərəfindən biranlamlı qarşılanmayıb. Gah dışlanıb, sürgün edilib, gah lağa qoyulub, ələ salınıb, hətta qısqanclıq mövqeyindən yanaşmalar və b.k. hallar olub. Sonucda isə ən ağır cismani cəzalara uğradılıb, öldürülüb.
Bu döyüşkən insanlar sonadək öz amalına sadiq qalanda şəxsiyyətə çevriliblər. Ölümlərindən uzun illər sonra belə insanların döyüşləri davam edib, ən az halda niyyətlərdə yaşayıblar.
Tarix boyu bu kimi şəxsiyyətlərə həmişə ehtiyac olub və həmin ehtiyacdan yeni-yeni şəxsiyyətlər ortaya çıxıb, toplumun yaşamına öz etkilərini göstəriblər.
Zərdüşt, Budda, Qorqud Dədə, İsa, Babək, Nəsimi, Janna d’Ark, Yan Qus, Atatürk və b. belə şəxsiyyətlərdir.
Bəs bu cür insanlara toplumun ziddiyyətli yanaşmasını doğuran səbəb nədəndir?
Bir çox hallarda toplumun başında duranlar öz qəddarlığı, maddi olanağı, zoru, hiyləsi ilə hər şeyi basqı altında saxlayıblar. Bir sözlə, onlar insanlığa tərs yaşayan adamlar olublar və toplumu kütlə, sürü psixologiyasında saxlayıblar. Bəlli məsələdir ki, belə yaşam tərzinə uyğunlaşmış toplum zor basqısı altında formalaşmış xarakteriylə yeniliyə, yeniliyi gətirənlərə qarşı küt, anlamsız yanaşır. Bu ziddiyyətlərdən yaxa qurtarmaq üçün nə etmək gərək?
Bu yöndə ya pis düşünülüb, ya da bütün cəhdlər sonucsuz qalıb. Çünkü bütünlüklə əski dünyabaxışlar, qədim filosoflar düşüncə yiyələri insana yanaşmada əsaslı yanlışlığa yol veriblər. İnsan formalaşmayıb. Qul kimi, toplumun ünsürü kimi, iqtisadiyyat aləti kimi qiymətləndirilərək özünü itirmiş duruma gətirilmişdir. Bu yanaşmaların etkisində insanın özünü itirməsi gözlənilən idi. Zamanın bu ağır bəlasından yaxa qurtarmaq ehtiyacı dünyaya Asif Atanın “Mütləqə İnam” fəlsəfəsini, dünyabaxışını yetirdi.
İnamın mayasında İnsana yanaşma dərin bəşəri özül üzərində öz çözümünü tapır.
İnsan özündə Əzəli, Əbədi, Sonsuz, Kamil Məna gəzdirir.
Onun Mənası Mütləqdir. O, ömründə Mənanı aşkarladıqca, yaşamına gətirdikcə ziddiyyətlərinin çözümünə yaxınlaşacaq.
Bunun üçün insan “özüylədöyüş” ideyasının həqiqətini anlamalıdır.
Özündəki şərdən arınanlar toplumdakı şərə qarşı çıxa bilər. Deməli, öncə toplumçuluğun etkilərindən özgür olmalı, özünü tanımalı və yaratmalı, kamil şəkildə toplumçuluqdakı şər gedişinə qarşı çıxmalı. Buə İnamla yaranan bireylərin birliyindən xalq yaranar və bəşər səviyyəsinə yüksələr. Yalnız bundan sonra şəxsiyyətlə toplum arasındakı yadlıq aradan qalxar.

Atamız Var olsun!

 

 (arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir