Xəbərlər

İlqar və Nurtəkinin “Beşikbaşı Mərasimi”

Tədbirdən görüntüOcaq Günsırası ilə 12 Köçəri Ayı, 34-ildə (fevral, 2013) İlqar bəy və Nurtəkin xanımın “Beşikbaşı Mərasimi” həyata keçirildi. Bakıda şadlıq sarayında Mütləqə İnam Bayrağı altında, Beşik başında Mərasim başlandı.

Ocaq Yükümlüsü Soylu Atalı: Ürəyinizdə Günəş olsun! Axşamınız xeyir, istəkli qonaqlar, sayğılı soydaşlarımız. Sizə bildirmək istəyirəm ki, bu gün biz fərqli bir hadisəyə toplaşmışıq. Yurdumuzda hər kəsin eşitdiyi, bildiyi Asif Ata hadisəsi var. Onun öz prinsipləri və quralları var.  Biz evlənmə hadisəsini Asif Atanın “Beşikbaşı Mərasimi” biçimində həyata keçiririk. Ona görə də burada fərqli cəhətlər görəcəksiniz. Düşünürəm ki, bu fərqlilik sizdə suallar doğuracaq, amma çaşdırmayacaq. Bizim bugünkü mərasimimiz əsasən iki hissədən ibarət olacaq. Birinci hissədə  Mərasim keçirəcəyik. Xeyir-Dua veriləcək, dostların ürək sözləri dinləniləcək. Muğam üçlüyü – İlkin (Əhmədov) bəyin ifasında bizi müşayiət edəcək. Mərasimin birinci hissəsi başa çatandan sonra, ikinci hissədə, süfrə açılacaq. Milli rəqslər həyata keçiriləcək. Sizdən xahiş edirəm, burda müşahidə eləyəcəyiniz fərqliliyi qəbul edin. Çünki bu bir milli hadisədir. Biz bunu sadəcə fərdi arzularımızdan, fərdi istəklərimizdən yana həyata keçirmirik. Bu, xalqın öz ruhuna – milli  mənliyinə, milli kimliyinə doğma şəkildə başladığımız bir hadisədir. Əlbəttə, “Beşikbaşı” hadisəsi gələcəkdə bizim arzumuzla İnam Evində (Məbəddə) həyata keçiriləcək – xalqın nümayəndələri, istəyənlər üçün. Bu elə bir hadisədir ki, heç kimə zorla iradəmizi qəbul elətdirə, diktə edə bilmərik. Ancaq hər halda, xalqın içində özünün mahiyyətinə bağlı, ruhuna doğma insanlar, mənə elə gəlir ki, zaman-zaman milli ruha, milli tələblərə  üz tutacaqlar.

Mərasimi Asif Atanın yazılı Xeyir-duası ilə başlamaq istəyirəm.

(“Evlənmə Quralları”ndan oxuyur)

MÜQƏDDƏS MƏRASİM

 Evlənməyin məqsədi Müqəddəsliyin Sabaha çatdırılmasıdır.

 I. Evlənənlər Atanın Xeyir-duasını alır, Ata qarşısında Ailə sədaqətinə and içirlər.

 (Asif Ata bu gün cismən yoxdur, amma onun hüzuru var. Onun Ocağı Asif Atanın hüzuru deməkdir. Biz orada onun Bayrağını asmışıq. Onun Ocağının Evladları, davamçılarından burda olanları var, dostlar var.  Bu mənada Asif Atanın qarşısı onun Ocağının qarşısı deməkdir).

 II. Gəlinin Ər evinə gətirdiyi Varidat – Qeyrətdir. Cehiz ləyaqətsizliyinə son qoyulmalıdır. Ruhaniyyatı Maddiyyatla ölçmək qəbahəti lənətlənməlidir.

III. «Qız Sahibinə» Maddi Bəxşiş verilməsi – gəlinin əşyalaşması, əmtəələşməsidir. Həmin murdarlıq Evlənmə Mərasimindən silinməlidir.

IV. Keyf Məclisi Evlənmə Mərasiminin Ülvi ciddiyyətinə yaddır. Həmin bayağılıq Mərasimdən silinməlidir.

Valideynlər, Qohumlar, Dostlar Evlənənlərin görüşünə gəlir, onlara ürək sözləri yetirir, Ailə Müqəddəsliyi diləyirlər.

V. Ailə Ev kimi tikilir, Ağac kimi bitir. Ailənin Bənnası və Bağbanı – Evlənənlərdir.

Buna qısa bir aydınlıq gəitrirəm. Başlanğıcda dediyim kimi, cehiz məsələsini biz bir qırağa qoyuruq. Hər kəsdə sual doğa bilər, təbii ki, ailə quranlar dolanmalıdır, onların evində əşyalar olmalıdır və s. Biz hesab edirik ki, gəlin heç də boş bir evə getmir. O evdə yaşamaq üçün lazım olan vəsaitlər var. Hərgah nəsə çatışmırsa, onlar sonradan gedib özlərinə lazım olan əşyanı ala bilərlər. Yaxın qohumlar nəsə kömək etmək istəyər, bu artıq Mərasimə aid deyil. Tamam başqa bir məqama aiddir.

İkinci, biz hesab edirik ki, küçə mərasimi olmamalıdır. Daha doğrusu, mərasim küçələşməməlidir. Biz, gördüyünüz kimi, evlənənlərimizi maşın karvanı ilə gətirmədik. Yollarda siqnal verə-verə, camaatı narahat edə-edə, nəyisə münayiş etdirə-etdirə “biz gəlirik, biz varıq”, bunlara gərək yoxdur. Ailə qurma hadisəsi, təbii ki, xalqın hadisəsidir. Xalqın hadisəsi də xalqın nümayəndələri yığılırlar, mərasim keçirirlər, ailənin evliliyi, mahiyyəti, mənası izhar edilir, vurğulanır, bilinir. Yəni dərk olunur hadisə, nə baş verir. Təəssüf ki, bizdə bu gün Azərbaycan olaraq, toy qurallarımız Avropa toy qurallarının eynidir. Həyatımızın başqa quralları da başqa xalqların qurallarına aid biçimdədir. Bizim milli kimliyimizi ifadə eləmir o biçimlər. Ona görə biz bunu edirik, bu addımı atırıq. Bunu da dediyimiz kimi, öz xalqımızın sabahı üçün atırıq. Əslində bizim başladığımız yol özü min ilə bərabər bir hadisədir. Min ilin nizamının, ardıcıllığının əsası qoyulur. Bir günün, beş günün məsələsi deyil bu. Bu gün ailə quran insanlar uşaq deyillər, müəyyən yaşları var onların. Mənim Amaldaşım Nurtəkin xanım ömrünün bütün gənclik çağını Asif Ata Amalına, onun Yoluna həsr edib. Təbii ki, mən Asif Ata Amalını burada geniş açmayacam, bu mərasimdə onun yeri deyil. Asif Atanın məqsədi yeni İnam, yalansız İnam əsasında təzə xalq yaratmaqdır. Bu xalq onun Quralları əsasında… Bizim işimizin oturuşması uzun zamana bağlı bir  gedişdir, beş günün söhbəti deyil. Nurtəkin ömrünün 17 ilini bu Yola həsr edib. Bu mənada özünün həyatını qurması üçün, belə bir yolda, belə bir gedişatdan, belə bir Mərasimdən istifadə etməsi, həyata keçirməsi onun müstəsna haqqıdır. Onun müstəsna milli haqqıdır, insani haqqıdır. Və o, öz milli, insani haqqını həyata keçirir. Onun seçdiyi, qəbul etdiyi gələcək həyat yoldaşı, daha doğrusu, bu gündən başlayacaq həyat yoldaşı, onun qurallarını qəbul etdi, anladı. Onun ömrünə, onun ləyaqətinə, ortaq olur. Mərasim keçirdiyimiz qardaşımızın və bacımızın – İlqar bəyin və Nurtəkin xanımın bugünkü atdığı addımı qutsal, müqəddəs addım hesab edirəm. Onları bu müqəddəslik yolunda, bu müqəddəslik ənənəsinin (addımının) başlanğıcında hər birimiz adından təbrik edirəm. Onlara ailə sədaqətini qorumaq və xalqına layiq olmaq şərəfi, ləyaqəti diləyirəm…

 İndi xeyir-dua vermək üçün, söz demək üçün Mütləqə İnam Ocağının ləyaqətli oğlu Günev bəyi bura çağıracam. Günev bəy Beyləqandan gəlib. Günev bəy Beyləqanda ciddi Ocaq işləri görür, orada Məbəd tikir. Bölgədə bu işi ləyaqətlə aparır, həyata keçirir.

Günev AtalıGünev Atalı: Çox sağ ol, uca Yükümlü. Mən də sizi Asif Ata Ocağının qaydası ilə salamlayıram: Ürəyinizdə Ata Günəşi olsun! Özümü xoşbəxt sayıram. Evlənənlərin bugünkü xoş gününü təbrikdən əlavə, özümü ona görə xoşbəxt sayram ki, bu xalq özünü dinləyir bu gün. Nəhayət, özünü dinləyir bu gün. Min illər boyu özünə yadlaşmış, hər yana, hər kəsə inanmış, sadəlövhlüyü ucbatından, gözəlliyindən gen düşüb xalq. Bu gün cəmiyyət içinə çıxmış Asif Atanın Mütləqə İnam Ocağının Evlənmə Quralıyla, adət-ənənəsiylə, sistemli bir fikir biçimində xalqın içinə yeriyir. Yaşam tərzi ilə xalqın içinə yeriyir. Xalq nə vaxt xalq olur? Xalq öz ənənəsinə, özünə tapınanda, tarixinə tapınanda. Dəyərlərinə tapınanda, öz yaşam tərzini yaradanda, bir-birinə münasibət ölçüsü yaradanda xalq olur. Seçilir bəşəriyyətdən. Öz əzəli keyfiyyətlərinə qayıdır xalq. Bu baxımdan mən hər birinizi bu mərasim münasibətilə təbrik edirəm. Biz dəfələrlə “Beşikbaşı Mərasimi” keçirmişik, yəni evlənmə qaydasını. Ancaq bu gün bir addım irəli atılıbdır. Bu, cəmiyyətin içinə bütöv gəlib, cəmiyyət Ocağı dinləməyə gəlir. Ona görə də hamını, özəllikcə evlənənləri təbrik edirəm. Nurtəkin mənim Amaldaşımdır. Onda elə cəhətlər var ki, mən onu örnək bilirəm özümə. Onun milli qeyrətindən öyrənirəm,  bu yaşımda belə. İlqar bəyi də Nurtəkinin sayəsində tanımışıq. Onu da təbrik edirəm. Sən xoşbəxtsən ki, Nurtəkin kimi bir insanla həyat qurursan. Səni ürəkdən təbrik edirəm.

Hər kəs burada ürək sözünü deyəcək, Xeyir-dua verəcək. Xoşbəxtlik haqqında bir fikri vurğu etmək istəyirəm. Nə qədər ki, insan öz içindən azad olmayıb, o, xoşbəxt ola bilmir. Əsil azadlıqdır xoşbəxtlik. Əsil xoşbəxtlikdir azadlıq. Bir-birini tamamlayan fikirlərdir. Azad olan var olur, xoşbəxt olur. Azad olanı oynatmaq olmur. Xoşbəxt  olanı yenmək olmur. Yadlıqlara tapına-tapına, xeyirdə-şərdə tapındığı özgəlikləri özü üçün əldə bayraq edib ürəyinə yükləməklə bu xalq heç bir vaxt özünə, öz kökü üzərinə qayıda bilməz. Bizim bugünkü işimiz öz təməlinə doğru  addım atmaqdır. Çox sağ olun. Atamız var olsun!

Soylu Atalı: Təşəkkür edirəm. İndi isə söz Muğamındır – İlkin bəyi dinləyək. İlkin bəyi Asif Atanın Muğam üstə çağırışı ilə qarşılayıram.

Muğama Qayıdış

Səhər çağı layla gəlir, mehr gəlir, ülfət gəlir isti ana nəfəsiylə ömrümüzə.

Biz Muğama qayıdırıq.

Bahar çağı gənclik gəlir, sevgi gəlir, hicran gəlir, vüsal gəlir qəlbimizə.

Biz Muğama qayıdırıq.

Böyüyürük, dərk edirik həyat adlı bir hikməti: sevinciylə, kədəriylə, yoxuşuyla, enişiylə, gəlişiylə, gedişiylə.

Biz Muğama qayıdırıq.

Ətaləti, cəhaləti, neçə-neçə qəbahəti, cinayəti rədd edirik, qərq edirik hiddət, qəzəb dənizində.

Biz Muğama qayıdırıq.

Ömür sona yetən zaman tapşırırıq körpələrə əsilliyi, məğrurluğu, həssaslığı, kamilliyi.

Biz Muğama qayıdırıq.

İlkin Əhmədov muğam ifa edir.

 

Soylu Atalı: Sağ olun, İlkin bəy.

Hörmətli qonaqlar! Bizim aramızda Güney Azərbaycanımızı təmsil eləyən dostlarımız da var. Bizim üçün bugünkü hadisə həm o Tayın, həm bu Tayın istəklərini ifadə edir, təmsil edir. Bu cəhətdən Güney Azərbaycanımızdan Təbrizli qardaşımız Ağşın Ağkəmərli və Səttar Sevigin  (İsveçrədən gəlib) qonağımızdır. Ağşın bəy, buyurun.

Ağşın Ağkəmərli: Mən evlənənləri təbrik edirəm. Can sağlığı, uzun ömür diləyirəm. Xoşbəxt olsunlar. Bütün istəkləri, arzuları çin olsun. Həqiqətən bu gün burada yeni bir başlanğıc, yeni bir dövr, yeni bir həyat olur. Ocaqçıların təbiri ilə desək, yeni bir ənənə ortaya çıxır. Bu ənənə, məncə, davam edəcək, qalacaq. Bu ənənə ilə gələcək nəsillərimiz, övladlarımız ailə, həyat quracaqlar. Niyə? Ona görə ki, burda Azərbaycanımızın, türklüyümüzün mədəniyyəti var, kimliyi var, onun varlığı var, bu gün bu ənənənin simasında özünə bir dönüş var, özünə qayıdış var, özünü tanımaq var. Mən səmimi qəlbdən təbrik edirəm.

İstəyirəm həm Azərbaycanımızın, həm məclisimizin qonağı olan Sevigin bəyə söz verək.

Səttar Sevigin: Əziz qonaqlar, icazə verin əvvəl gözəl insanımız Nurtəkin xanımımızı, istəklimiz İlqar bəyi təbrik edək. Bu gün sizin gününüzdür. Evlilik sevginin ən yüksək yerində dayanan bir hadisədir. Ümid edirəm bu Ocağın istisində inandığınız nə varsa o olacaq. Elə bir düşüncəyə, inanca inanırsınız. Ona görə mən də sizin qarşınızda baş əyirəm və sizi təbrik edirəm. Qoşa yaşayasınız… Əziz qonaqlar, dedilər, mən də deyirəm, Azərbaycanın ürəyinin iki yaralı yeri var – biri Qarabağdır, biri Güney Azərbaycan. Təsadüfən burda qonaq olmuşam. Mən Bakıya ara-sıra gəlirəm. Bu gəliş özəl gəliş idi. Çünki həm Ocaq təmsilçiləri ilə tanış oldum, həm də qismət oldu, bu toyda iştiak elədim. Güneydən didərgin düşüb Skandinaviyada, İsveçdə yaşayıram. Orda Azərbaycan federasyonunu təmsil edirəm. Orda əlimizdən gələn qədər ana dilimizi, türkcəmizi, mədəniyyətimizi, kültürümüzü qoruyub saxlamağa çalışırıq. Qürbət çətindir. Amma vətən eşqi ilə, özəlliklə bu ocaqların istisi, eşqi ilə yaşayırıq. Muğamımız bizi yaşadır. Sizi biz yaxşı tanırıq (İlkin Əhmədova müraciət edir). Görürəm ki, bu toyda da nə qədər önəm verilir bizim musiqimizə. Musiqimizin kökü olan muğama. Mən də sevincliyəm. Arif Babayev bir söz  deyir, hər zaman hər şadlıqda Qarabağı unutmayın. Ona görə mən də Qarabağın adını çəkdim. Güney Azərbaycanın adını çəkdim. Və bilirəm ki, burda oturan bəyimizin, gəlinimizin də ürəyi yurdumuzun bu önəmli iki parçası ilə çırpınır. Sizə uğurlar, sizə başarılar. Azərbaycanımızın, millətimizin ailələri nə qədər ruhlu olursa, biz də xoşbəxtliyə doğru gedəcəyik. Sağ olun. Əzizlərimizi təbrik edirəm bir daha. Qonaqlara da sayğılar, sevgilər sunuram.

Soylu Atalı: Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalını bura dəvət etmək istəyirəm. Nurtəkin xanıma sayğısı var, dostumuzdur, Ocağımıza da rəğbəti var.

Əkbər Qoşalı: Hörmətli bəyimiz, hörmətli Nurtəkin xanım. Bu gününüz qutlu olsun. Artıq Təbrizin, Güney Azərbaycanın səsi eşidildi burda. Mən Türk Dünyasının yeni nəslinin adından danışmaq iddiasında deyiləm. Düşünürəm ki, həm sizin toyunuzu format olaraq, həm sənin həyat yolun, düşüncən, təfəkkürün elədir ki, sənin toyun əslində bir ailənin, bir elin sevinci deyil, bu miqyası aşan bir hadisədir.  Bu gün Bakıda sizin toyunuz qeyd olunur, bəlkə bugün-sabah sizin toyun sorağı daha uzaqlara gedib çıxar. Bir nümunə ola bilər hansısa yeni nəsil gənclərimiz üçün. İki insanın ailə qurduğu gündə nə deyərlər – o toyun formatından asılı olmayaraq, hər nə qədər ənənəvi olsa da, elimizin-obamızın sözləri ilə üz tuturam ki, bu toyumuz mübarək olsun. Yenə elin sözüylə deyirəm, el heç zaman səhv deməz – oğullu-uşaqlı olasınız. Mən sizə ürəyinizdə bir-birinizə bəslədiyiniz o ülvi duyğuların həyatda təcəlla tapmasını arzulayıram. Sizin sevincinizə ortağam. Ürəyim boyda sizin sevincinizdən öz evimə pay aparacam. Toyunuz mübarək olsun.

Soylu Atalı: Görünür ki, bu ənənələri oturuşdurana qədər, hələ millət olaraq, çox uzun yollar keçəcəyik… Yenidən şeirə üz tutaq. Ayaz Şıxalıoğlu buyursun.

Ayaz Şıxalıoğlu:

Ötür, topa-topa buludlar ötür,

Nə ruhum diksinir, nə könlüm titrər.

Yenə mavilikdə bir gəmi itir,

Nə ruhum diksinir, nə könlüm titrər.

Yenə də od tutub alışır qürub,

Sonuncu yarpağı külək sovurub,

Bir çiçək qürubla üz-üzə durub,

Nə ruhum diksinir, nə könlüm titrər.

İstəməm, harasa durub üz tutum,

Evin kandarında tənha poçt qutum,

Bilirəm, bilirəm, Sən də unutdun,

Nə ruhum diksinir, nə könlüm titrər.

Leysan gözlərinin coşan selindən,

Mənə minnət qoyan ayım-ilimdən,

Bağışla, saçında ağaran teldən,

Nə ruhum diksinir, nə könlüm titrər.

Otuzu haqladım – işlədim günah,

Yenə gecə keçdi, açılır sabah.

Görəsən, mən nə vaxt ölmüşəm, Allah?

Nə ruhum diksinir, nə könlüm titrər.

Otlar kirpikdimi, şeh göz yaşımı?

Bu günahsız daşı yonan naşımı?

Özüm gəzdirirəm öz başdaşımı,

Nə ruhum diksinir, nə könlüm titrər.

Yenə buludlarla bağlı şeir deyim:

Yenə də baş alıb gedir buludlar,

Gül rəngli, masmavi, bəyaz atlaslı.

Gedir ağır-ağır dəvələr kimi,

Küləklər qanadı, yolu göy üzü.

Gedir yorğun-yorğun qəriblər kimi.

Sərsəri küləklər, dəli küləklər,

Guya sarbandılar aparır sizi

Küləklər vətənsiz, siz də vətənsiz,

Onsuz da mənzilə yetən deyilsiz.

Ey mavi göylərin qaraçıları,

Bəs niyə gedirsiz, hara gedirsiz?

Soylu Atalı: Sağ olun. İndi isə İlqar bəyin qohumlarının adından Rafiq bəyi dinləyək.

Rafiq bəy: Çox xoş gördük hamınızı. Elə sözlər deyildi ki, necə deyərlər, çıxış eləmək mənlik deyil. Bəyimizi və gəlinimizi təbrik edirəm. Övlad arzulayıram. Xoşbəxt olun.

Soylu Atalı: Sağ olun.

Hadisənin adı “Beşikbaşı Mərasimi” adlanır. Gördüyünüz kimi, biz beşik qoymuşuq ortaya. Asif Atanın prinsipi bundan ibarətdir ki, evlənməyin məqsədi dünyaya övlad gətirməkdir. Övlad isə beşikdə böyüyür. Ona görə də evlənənlərə rəmzi olaraq ən böyük cehiz beşik bağışlanır. Ümumiyyətlə, ailə xalqın təməl hadisəsidir. Hər bir ailə fərddən başladığı kimi, hər bir ailədən xalq davam edir. Xalq əbədidir. Ona görə də ailə təkcə özü üçün qurulmur. Xalqın qarşısında böyük bir məsuliyyət daşıyır. İstər o, özünün içinin tərbiyəsi ilə bağlı, özünün ruhuyla bağlı, özünün nəsil artımı ilə bağlı bütövlükdə xalqı təmsil edir. Ona görə də Azərbaycan ailəsi olaraq, hər bir ailədə qoyulan ənənə, yəni ailənin özünün qoyduğu tərbiyə beşikdən başlayır. Beşikdən başlayan tərbiyə milli ruhu ifadə eləməlidir. Körpə təkcə sözlər eşitməməlidir, həm də beşikdə böyüyən körpə valideynlərinin milli ruhunu görməlidir. Ailə millət deməkdir. Ailəyə o prizmadan yanaşırıq, o aspektdən baxırıq. Ona görə də böyük bir məsuliyyət, böyük bir yükdür. Yük altında hesab edirik. Bilirsiniz, xalqımızın bugünkü durumu hər kəsə bəllidir. Biz süni şəkildə heç nəyi tərifləyə bilmərik, nə də qaralaya bilmərik. Xalqımızın bugünkü duruma düşməsinin başlıca nədəni isə ailələrimizin içəridən ölçüsünün itirilməsidir. Meyarını itirməkdir. Ailə içəridən meyarını itirəndə orada nə atanın yeri bəlli olur, nə ananın. Nə övlad həmin ruhda böyüyür. İstədiyimiz ruhda, yəni milli ruhda böyümür. Ona görə də belə bir təməl hadisə, yəni ailə hadisəsi valideynlərin özündə daşıdığı fərdi keyfiyyətlər, milli keyfiyyətlər bütövlükdə ailənin sabahını ifadə edir, onun aqibətini yaradır, onun aqibətini formalaşdırır.

İndi Ailəyə Mütləqə İnam Ocağı adından “Ruhani Sənəd” təqdim edirəm. Ruhani Sənədlə birgə biz onların “Sədaqət Andı”nı dinləyəcəyik öncə. Sədaqət andını dinləyəcəyik, sonra onlara “Ruhani Sənəd” təqdim edəcəyik. Asif Ata Ocağından təqdim olunan Ruhani Sənəd əslində Ailənin nikahıdır. Əsas sənədidir. Onun varlığını ifadə eləyən və Ailənin ləyaqətini göstərən bir hadisədir. Biz bu sənədi onlara təqdim etməklə yanaşı, eyni zamanda evlənənlərə Asif Atanın 1-ci Qutsal Bitiyini – Müqəddəs “Mütləqə İnam” Kitabını təqdim edəcəyik. “Mütləqə İnam” Kitabı hər bir Ailənin evində uca bir yerdə saxlanılmalı bir kitabdır. Çünki xalqın ruhundan yazılıb. Onun milli mahiyyətini ifadə edir, onlara hədiyyə edəcəyimiz bu kitab özümüzün doğmaca türkcəmizdə yazılıb. Görürsünüz, Bayrağımızın üstündə yazılıbdı – qədim əski türk əlifbasıyla “İnsanlaşın – İnsanlaşdırın”. Əlimdə tutduğum “Mütləqə İnam” kitabı da həmin əlifba ilə yazılıb. Nurtəkin xanım bilir o biri Ocaqçılar kimi, arzu edirik ki, bəy də bu əlifbanı oxusun, öyrənsin.

İkinci, hadisənin adı, dediymiz kimi, “Beşikbaşı Mərasimi”dir. “Beşikbaşı Mərasimi”nə biz bir car da yazmışıq: “Evlilik – Ulusal məzmunu özündə yaşadan Müqəddəslik hadisəsidir”. Ailənin qurulması milli istəyi, milli keyfiyyətləri daşıdığına görə biz o sözü ona yönəlik yazmışıq, ona yönəlik ifadə eləmişik. İndi isə Sədaqət Andı içilir, sonra Ruhani Sənədi  oxuyuruq.

Nurtəkin AtalıNurtəkin Atalı: Ata-Ocaq qarşısında and içirəm ki, ailəmə sadiq qalacağam, ailə ləyaqətini Ocaq ruhunda qoruyacağam.

İlqar bəy: And içirəm ki, ailəmə sadiq qalacağam, onun ruhunu qoruyacağam.

İlqar bəySoylu Atalı: İndi isə Ruhani Sənədi oxuyuram:

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdəylə!

Ruhani Sənəd

Evlilik – Xəlqi yükdür. Gələcək qarşısında məsuliyyət deməkdir. El yığılır, evlənənlərə Xeyir-dua verilir. Bu Xeyir-duanın məqsədi xəlqi məsuliyyəti evlənənlərə tapşırmaqdan ibarətdir.

(Haşiyə kimi deyim, əslində el ona görə yığılır ki, evlənənlər anlasın ki, xəlqi yük daşıyır,  xəlqi məsuliyyət daşıyır. Bu məsuliyyət onlara tapşırılır əslində.)

Evliliyin məzmunu müqəddəsdir. Daşıdığı yükə, məsuliyyətə görə. Belə bir ciddi hadisəni Mərasimləşdirmək onun gələcəkli aqibətini, yəni ulusal xassələrini dərk eləmək üçündür.

Mərasimdə evliliyin mənası öyrənilir, məsuliyyəti bilinir.

Sizə  –  evlənənlərə bu məsuliyyəti ləyaqətlə daşımaq və sabaha çatdırmaq hünəri diləyirik.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı

11 Köçəri ay, 34-il Atakənd.

Soylu AtalıSizə bu “Ruhani Sənədi” təqdim edirəm, İlqar bəy.

Eyni zamanda istəyirəm ki, “Mütləqə İnam” kitabını hədiyyə olaraq qəbul edəsiniz.

Əslində sizin timsalınızda və sizin qarşınızda üzümü ulusuma tuturam. Üzümü sabaha tuturam və deyirəm: Sənə, doğmaca türk ulusum, öz içindən çıxan böyük şəxsiyyətin Asif Atanın yaratdığı, sənin ruhundan ərsəyə gətirdiyi Müqəddəs Kitabını, Qutsal “Mütləqə İnam” Bitiyini evlənənlərə bağışlayıram, əmanət edirəm. Bu Kitab, arzu edirəm ki, sizin evinizin əsas məzmunu, mənası kimi olsun, göz bəbəyi kimi qədrini biləsiniz, gələcəyə saxlayasınız. Gələcəyimiz üçün böyük bir hadisə yaranır.

İstəkli soydaşlarımız, mən qəti əminəm ki, bu tədbirin gedişini izləyən insanlar, gənclər, cavanlar, körpələr bu insanları və bundan sonra bu cür tədbir keçirəcək insanları, valideynləri suallar yağışına tutacaqlar. İndiyə qədər keçirilən tədbirləri başa düşürük. Hər kəsin eyni məzmunda, eyni biçimdə keçirdikləri tədbirləri. Ancaq bu nədir? Bax, “bu nədir” sualına cavab verməyə Nurtəkinimiz hazırdır, əminəm ki, Nurtəkin vasitəsilə, Nurtəkinlər vasitəsilə bütövlükdə ulusumuz bu suala cavab verməyə hazır olacaq. Kitabımızı təqdim edirəm, götürün!

Sayğılı qonaqlar! Bilirəm ki, hər kəsin ürəyində sözü var. Mən də söz demək üçün bir neçə insanlarımızı nəzərdə tutmuşdum. Vaxtı nəzərə alaraq, mərasim hissəni yekunlaşdıracağıq. Muğamımızın ifasından sonra xahiş edirəm  süfrəmiz açılsın. Onun ardınca isə milli rəqs həyata keçirəcəyik. Hər kəsdən xahiş edirəm, milli rəqs o deyil ki, kütləvi şəkildə ortaya axışaq. Rəqs fərdi olmalıdır, məna ifadə eləməlidir.

Hər kəsinizə təşəkkür edirəm. Zəhmət çəkdiniz, bizimlə birlikdə məzmunca ağır bir hadisəni həyata keçiririk.

İlkin Əhmədovun ifasında muğam ifa olunur.

Müxtəlif xalq mahnıları ifası altında rəqs edilir.

Soylu Atalı: Bir az diqqətinizi yenidən söhbətə cəlb edim. Bizim məclisimizdə ağsaqqal ziyalılar da var. Mən istəyirəm, Sabir Yanardağ söz desin evlənənlər haqqında. Azərbaycanda sənətə əmək qoymuş bir ziyalıdır. Buyursun, milli ruhda söz desin.

Sabir Yanardağ: Məclisin təşkili məni heyran elədi. Kaş bu cür toy eləmək, bu cür məclis təşkil eləmək bütün Azərbaycanı bürüsün. Mütləqə İnama uyğun və ona əyani bir sahədə üzə çıxartmaq – bu, çox gözəl bir işdir. Qaldı evlənənlər Nurtəkin və İlqar bəy – onlar mənim sevincimdir. Onları təbrik edirəm. Adətən ağsaqqal adamlar belə olanda evlənənlərə, ailə quranlara bir-iki bildiyindən nəsihət edir. Amma Nurtəkin özü bir vilayətə nəsihət verə bilər. Onlara can sağlığı, ömür boyu ürəkləri istəyən xoşbəxtlik diləyirəm. Qoy valideynlər də, bu toya gələnlər də hamısı bundan sevinsin. Sağ olun.

Soylu Atalı: Azərbaycanın tanınmış ideoloji aydınlarından Xaliq Bahadır burda iştirak edir – Buyursun Xaliq bəy, öz ürək sözlərini bildirsin.

Xaliq BahadırXaliq Bahadır: Axşamınız xeyir. Burda söz yox ki, Asif Atanın ruhu dolaşır. Biz tələbə olanda, tələbəçilik illərində çox gözəl şairimiz Əli Kərimlinin kitabı çıxmışdı. O kitaba önsözü Asif Ata yazmışdı. Sonra o gözəl önsözün bəlasına düşdü. Orda o çağlar bizim əzbərlədiyimiz şeirlər vardı. Biri indi də yadımdadır. Bilmirəm indi deyə biləcəm, ya bilməyəcəm, çünki çoxdandır oxumuram.

Babəkin qolları

 

Qolu sındırılmış Babək,

Yurdu yandırılmış Babək,

Qan rəngli bir arabada,

Şərq rəngli bir xarabada

Söyə-söyə, döyə-döyə,

Hamıya görk olsun deyə,

Kənd-kənd gəzdirilən Babək

Ölübən dirilən Babək.

Qollarını görməyəndə

Azca rahat olan Babək

Qırmızı bir yuxu içrə

Uzaqlara dalan Babək,

Deyən Babək,

Aman dostlar,

Hücum çəkin qoşun-qoşun

Orda mənsiz qılınc çalan qollarımla

Bir vuruşun.

Bu gün, bilirsiniz, Azərbaycana qarşı mən deyərdim bütün parametrlər üzrə savaş aparılır. Babəkə qarşı savaş aparılır. Babək çoxdan bu dünyada yoxdur. Nəsimiyə qarşı savaş aparılır. Nəsimi çoxdan bu dünyada yoxdur. Şah İsmayıla qarşı savaş aparılır. Şah İsmayıl çoxdan bu dünyada yoxdur. Məmməd Əmin Rəsulzadəyə qarşı savaş aparılır. Çoxdan bu dünyada yoxdur. Nəyə görə savaş aparılır? Ona görə ki, o adamlar bu gün də yaşayan, bu gün də var olan bu gün də vuruşan, bu gün də çarpışmaqda olan Azəbaycan deməkdir. Bizim bayatılarımız Azərbaycan deməkdir. Bizim muğamlarımız, xalçalarımız Azərbaycan deməkdir. Eləcə də Babək, Nəsimi, Şah İsmayıl, Məmməd Əmin Rəsulzadə Azərbaycan deməkdir. Onlar hər an bizim ruhumuzu yaşadan adamlardır. Ona görə də iç-dış düşmənlərimiz onlarla barışa bilmir, onların varlığı ilə barışa bilmir, onlarla vuruşurlar. Biz də sözsüz yatmamışıq. Düşmənlərimizi yaxşı tanıyırıq. İçdə də, dışda da tanıyırıq. Biz də vuruşuruq. Balaca vuruşuruq, böyük vuruşuruq, bacardığımızı eləyirik. Bax bu gün burda keçirilən bu toy yığıncağı da bizim o çarpışmalarımızdan biridir, çünki bu bütünlüklə başqa bir toydur. Burdakı musiqilər də başqa cür musiqilərdir, başqa cür desək, Azərbaycan ruhundan, varlığından qopub gələn musiqilərdir. Konfutsi deyirdi, o ölkədə ki başqa xalqın musiqisi səslənir, o ölkənin axırı yoxdur. Bu gün baxın, Azərbaycanın toylarında, küçələrində, bazarda-dükanda başqa musiqilər səslənir. Bunu bilərəkdən yeridirlər bizim varlığımıza, bizim qulağımıza, bizim beynimizə. Nəyə görə? Azərbaycanı yox eləmək üçün. Azərbaycanı bizim əlimzdən almaq üçün. Azərbaycan bizim musiqimizdə, bizim mətbəx mədəniyyətimizdə yaşayır, başqa mədəni sahələrdə yaşayır. Çalışırlar onu bizim əlimizdən alalar. Bəlkə Azərbaycan ən çox bizim musiqimizdə yaşayır. Çalışırlar onu bizim əlimzidən alalar. Ancaq ala bilməyəcəklər, onu bu toy da göstərdi. Getdikcə belə toylar artacaq, belə yığıncaqlar artacaq, Azərbaycan yaşayacaq, var olacaq. Siz də yaşayın, siz də var olun.

Soylu Atalı: Təşəkkür edirik, Xaliq bəy. Xaliq bəyin dediklərinə qatılırıq. Sayğılı dostlar, söz birincidir, hər şeydən öndədir. Milli söz, ali söz, gözəl söz, həqiqəti deyən söz birincidir və insanın mənəviyyatına, ruhuna bir tərbiyədir. İnsanın varlığında ruhani bir tərbiyədir. Ona görə də sözü dinləməyimiz, sözə önəm verməyimiz doğru haldır.

Sayğılı qonaqlar, indi başqa bir aydını dinləyək – Əli Şamili –  Nurtəkin xanımın vasitəsilə tanıdığımız Əli bəyi. Əli müəllim ictimai-ideoloji yöndən fəal bir aydındır. Azərbaycan folklorunun bugünkü yaşamında əməyi olan, eləcə də Azərbaycanın mədəni həyatında özünəməxsus addımlar atan, əlaqələr quran bir aydındır.

Əli Şamil: Bu toya yığıldıq. Toya çağırılanda da dedilər ki, fərqli bir toy olacaq. Bu fərqli toy nədir? Cəmiyyət əgər hamısı eyni cür olsa, bezdirici olar. Əgər cəmiyyətdə müxtəlif fikirlilik yoxdursa, hərəkətdə, davranışda, söhbətdə, o cəmiyyət yaxın gələcəkdə məhvə doğru gedəcək bir toplum, bir cəmiyyət, bir dövlətdir. Asif Atanın yaratdığı Ocaq o illərdə yarandı ki, sovet cəmiyyəti kommunizm quruculuğu adı altında bir rəngliliyi, bir idarəçiliyi, bir yönlülüyü təbliğ edirdi. Yəni o zaman cəmiyyət, toplum insanlar maraqlı olurlar ki, fərqli fikirliliyə yer verilsin. Bu toyun bir gözəl cəhəti də odur ki, ənənəvi, bizim hər gün getdiyimiz, gördüyümz toylardan fərqlənir, seçilir. Adət-ənənədə fərqlilik lazımdır. Adət-ənənəni deyirik yaşadaq. Su bir yerdə qalanda xarab olduğu kimi, adət-ənənə də dəyişməlidir. Biz o folkloru öyrənirik, folklor minillik yol keçdiyindən nələr yaxşıdırsa da, nələr yaşaya bilirsə, onları yaşadıb bu günə gətirmişik. Nələri yaşada bilməmişiksə, yüzilliklər boyu arxada unudub qoymuşuq. Bu gün onlar bizə lazım olmadığına görə tapanda da onlara ehtiyac duymuruq. Bu gün bu  toyun da gözəlliyi odur ki, toylar mühitinə, toylar qəlibinə fərqlilik gətirir. Sağ olun, xoşbəxt olun. Hamınıza xoşbəxtlik arzulayram.

Soylu Atalı: İndi isə türkçülük yönündə fəal olan, qələmi olan bir aydını buraya dəvət edirəm – Azər Həsrəti.

Azər Həsrət: Təşəkkür edirəm. Mən Nurtəkin xanımı və İlqar bəyi təbrik edirəm. Doğrudan da, bugünkü toy fərqli toydur. Həmişə olduğu kimi beynimiz yorulmur. Biz burda sadəcə qida qəbul edib küy altında məcburən oturmuruq. Burada çox gözəl bir məclis qurulub. Ziyalı insanlar, sözünün yerini bilən insanlar. Süfrəyə gətirilən təamlar da bu məclisin mənəvi tərəfini təşkil eləməkdədir. Bizim adət etdiyimiz ki yeməklər hər şeyi üstələyir, küy hər şeyi üstələyir, bugünkü məclisdə biz bunu müşahidə eləmirik. Əlbəttə, bu çox sevindirici bir şeydir. Nurtəkin xanım xətrini istədiyim Azərbaycan gənclərindəndir. Yəqin irəlidə biz İlqar bəylə də tanış olacağıq. Çox sevinirəm ki, onların bu şad günündə mən də iştirak edə bilirəm. Gün gələr biz onların övladlarının da toylarında, xeyir işlərində, elə burda olan insanlar iştirak edərik. Xeyirli-uğurlu olsun. Düşərli olsun. Millətimizə, istər Azərbaycanda, istər bütöv Azərbaycanda, istərsə də Türk Dünyasının hər tərəfində millətimizə düşərli bir gün olsun, bir düyün olsun. Biz hər zaman istəmişik ki, dostlarımızın, yaxın bildiyimiz insanların xeyrini görək, xoş gününü görək. Bu gün də elə günlərdən birini görürük. Mən çox xoşbəxtəm. Düşünürəm ki, bugünkü məclis buraya toplaşan insanların hər birinin yaddaşında fərqli şəkildə qalacaq. Müsbət mənada fərqli bir şəkildə qalacaq. Bir daha təbrik edirəm, xoşbəxt olasınız.

Soylu Atalı: Təşəkkür edirik, sağ olun, Azər bəy. Yenə də üzümü tuturam türkçü qardaşımıza. Vüqar Bəyturan öz ürək sözlərini desin.

Vüqar BəyturanVüqar Bəyturan: Hörmətli məclis iştirakçıları. Nurtəkin xanım və bəyimiz, təbrik edirəm ilk öncə sizi, ailə qurmağınızı rəsmiləşdirməyiniz münasibətilə. Əslində toy, Ocaqçı qardaşlarımızın dediyi kimi “Beşikbaşı Mərasimi” də desək olar, –  kütləvi məsuliyyət yaradan bir tədbirdir. Yəni bəy və gəlin onlarla, yüzlərlə insanın qarşısında ailə qururlar və həmin insanlar bu hadisəyə şahidlik edirlər. Bir növ dost-tanışın, qohum-əqrəbanın qarşısında onların məsuliyət daşıması deməkdir. Mən arzu edirəm ki, bəy və gəlin bu məsuliyyəti layiqincə daşısınlar. Növbəti bir türk ailəsinin təməlini qursunlar. Nurtəkin xanımı Ocaqdan tanıyan bir şəxs kimi deyə bilərəm ki, bugünkü tarix, 12 fevral növbəti bir türk ailəsinin qurulma günüdür. Bu hadisə münasibətilə də səbəbkarları, həm də onların şad günündə sevinən insanları təbrik edirəm. Bugünkü tədbirin fərqli yönləri haqqında çox fikirlər söylənildi. Amma mənə elə gəlir, fərqliliklə bağlı əsil həqiqət bu tədbirin mahiyyətindədir. Bura qədər bizim iştirakçısı olduğumuz toylar türk ruhunun, türk şüurunun, türk mahiyyətinin ifadəsi deyil. Məhz bugünkü toy, bugünkü tədbir – “Beşikbaşı Mərasimi” türk ruhunun ifadəsidir. Bu münasibətlə mən həm bəy və gəlini, həm də təşəbbüskarları, bu yolu, bu izi qoyanları təbrik edirəm. Çox böyük uğurdur. Açığı, biz bayaqdan burda söhbət edirik, masa dostlarımızla. Çox bəyənirik, alqışlayırıq, təqdir edirik. Bu ənənəni davam etdirmək lazımdır. İnsanlar ruhən, mənən sevinməlidirlər. Mən uzun-uzadı danışmaq istəmirəm. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, bu gün bu cür düşünən insanlar azlıqdayıq. Amma bu fikirlərin, bu düşüncələrin kökü əsillərə dayandığına görə, millətimizin var olma səbəbinə dayandığına görə, mənə elə gəlir ki, yaxın gələcəkdə mütləq bizim düşüncələrimiz, ideyalarımız qalib gələcək.

Bayaq Güneydən dostumuzu dəvət edəndə bir söz dedilər ki, toya qonaq gəlibdi. Amma Quzey Azərbaycana qonaq gəlməyib. Çünki Güney Azərbaycan türkünün öz məmləkətinə qonaq gəlməsi mümkün deyil. Bunu ona görə dedim ki, biz artıq kütləvi tədbirlərdən, toy mərasimlərindən fikirlərimizi, düşüncələrimizi ifadə eləmək üçün istifadə eləməliyik. Təkcə yemək-içmək, şadlanmaq üçün yox. Bu baxımdan bugünkü tədbir məhz yerinə düşmüş bir tədbirdir. Təbrik edirəm Nurtəkin xanımı, İlqar bəyi. Bayaq da ifadə olundu. Burda beşik qoyulmasının əsas səbəblərindən biri də bu ailədə gələcəkdə türk övladlarının meydana gəlməsidir. Mən də bunu arzulayıram. Arzu edirəm ki, bu tədbirdən təkcə bəylə gəlin yox, hər birimiz nəsə götürək. Var olun, xoşbəxt olun, Tanrı sizi qorusun, Tanrı bu məclisdə iştirak edən hər bir kəsi qorusun. Tanrı türkü qorusun. Tanrı bizim bütöv, vahid, böyük Azərbaycanımızı qorusun. Sağ olun.

Soylu Atalı: Təşəkükr edirəm, Vüqar bəy. Vüqar bəyin dediklərinə iki cümlə əlavə etmək istəyirəm. Toy hadisəsi, əvvəldə də vurğuladığımız kimi, xalqın təməl hadisəsidir. Ona görə də bu hadisə  təkcə insanların zahiri istəklərini, yəni əyləncəni ifadə eləməməlidir. Bütövlükdə məzmun bəlli olmalıdır. İnsanlar məzmunla dolub getməlidirlər. Əslində nə baş Verir?! Kimsə düşünə bilər ki, burda ideoloji söhbətlər gedir. Çox yerindədir ideoloji söhbətlər. Çünki ideoloji söhbətlərin özü hər yerdə olmalıdır. Bizim, millət olaraq, toyumuz da, üzdən iraq yasımız da, hər yer bizim ideoloji söhbətlərimizə bələnməlidir. Çünki biz millət olaraq, xalq olaraq böyük bir sınaq qarşısındayıq. Qurulma mərhələsindəyik. Biz qurulmalıyıq. Öz milli kimliyimiz üzərində qurulmalıyıq. Ona görə “Beşikbaşı Mərasimi” o məzmunu doldurduğuna görə, həmin o məzmun ifadə olunmalıdır.

İndi isə yenə də üzümü aydınlara tuturam. Vəli Əkbər Azərbaycanda mənim tanıdığım, bildiyim, eyni zamanda başqalarının da tanıdığı, dəyər verdiyi bir ziyalıdır. Buyursun.

Vəli ƏkbərVəli Əkbər: Çox sağ olun. Mən əvvəlcə Nurtəkin xanımı və İlqar bəyi təbrik edirəm. Ocağınız isti olsun, ömrünüz işıqlı olsun. Təməl qoyduğunuz bu gözəl gün mübarək olsun. Çox yerində fikirlər söylənildi, bu fikirlərlə tam ortağam. Çünki millətin gələcəyi, möhkəmliyi, iradəsi onun ailəsi ilə bağlıdır. Ailənin də möhkəm olması üçün hər bir türk özünə qayıdış eləməlidir. Özünü dərk etmədən gələcəyini görmək, gələcəyini qurmaq mümkün deyil. Bu gözəl gün mənə xüsusi bir fərəh verir. Həmişə fərəhli olasınız. Nurtəkin xanım fərəhini bizimlə paylaşdığı üçün mən ona minnətdarlıq edirəm. Nurtəkin xanımla çoxdan tanışlığımız var. Ona minnətdaram ki, bu gözəl günə bizi dəvət edib. Mən millətin gələcəyini, türkün gələcəyini özünü dərk etməyində görürəm. Bütün bu adət-ənənələrin də yavaş-yavaş  Ocaq şəklində, başqa toplumların özünə qayıdışı çox labüddür. Çünki mən elə hesab edirəm ki, türk İstanbula bayrağını sancandan bəri bütün dünya türkün əleyhinədir. Bütün dünya türkün fiziki sərhədlərini yox, mənəvi sərhədlərini ekspansiya ilə məşğuldur. Ekspansiya beynimizdə, ruhumuzda, ailələrimizdə aparılır. Ona görə də ailə çox vacibdir. Ailə qurmaq, ailənin təməlini doğru-düzgün qoymaq çox vacibdir. Bugünkü fərəhini bizimlə paylaşdığına görə Nurtəkin xanıma bir daha minnətdaram. Ocağınız isti olsun. Ömrünüz işıqlı olsun. Qoşa qarıyasınız. Evinizdən ən gözəl səs – cocuq səsi gəlsin. Sağ olun.

Soylu Atalı: Təşəkkür edirəm, Vəli bəy. Daha bir ziyalı qardaşımız. Bu, mənim işlədiyim müəssisədə özünəməxsus vəzifəsi olan bəydir. Amma ziyalı bir bəydir. Yüksək milli mədəniyyət daşıyan bir bəydir. İstəyirəm onu dəvət edim bura. Çünki belə bir fərqli hadisə elindir, xalqındır. Araz (Verdiyev) bəyi mən bura dəvət etmək istəyirəm. Bir neçə kəlmə ürək sözlərini bölüşsün.

Araz bəy: Mən qısa deyəcəm. Birinci, Soylu bəy, sizi təbrik edirəm ki, belə bir məclisi ərsəyə gətirib nail oldunuz. Baxıb sizdən örnək götürsünlər. İkinci, bəylə gəlinimizi təbrik edirəm, xoşbəxt olsunlar. Beşikdən ağlayan uşaq səsi gəlsin.

Soylu Atalı: Təşəkkür edirik. İndi isə sözü İlham Axunda vermək istəyirəm. Buyursun ürək sözünü desin. Nurtəkin xanımın vasitəsilə Ocağımızla tanışlaşıbdır. Özünəməxsus milli sevgisi olan bəydir.

İlham Axund: Bütün məclis iştirakçılarını salamlayıram. Məni bu məclisə dəvət etdiyinizə görə minnətdaram. Mən Asif Ata Ocağını elə Nurtəkin xanım vasitəsilə tanımışam. İlk tanışlığımız onunla olub. Nurtəkin xanıma böyük sayğılarım, hörmətim olub. Bu, əlbəttə, qarşılıqlı olub aramızda. Ondan sonra Ocağın üzvləri ilə münasibətlərimiz qurulub. İlqar bəy və Nurtəkin xanım, hər ikinizi bu izdivac münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, mehriban olasınız. Xoşbəxt olasınız. Can deyib can eşidəsiniz. Mənim 55 yaşım var, burda məndən də böyükləri var yəqin ki. Toyda birinci dəfədir beşik görürəm. O beşik ki, bizim diqqətimizdən, nəzərimizdən də çıxmışdı. Beşik toyumuza qayıdıb. Beşik burdan da evlərimizə qayıdacaq. Evlərdə kolyaskamız var, beşiyimiz yoxdur. Kolyaskadan beşiyimizə qayıdacağıq, özümüzə qayıdacağıq.

Bu toy, doğrudan, fərqli toydur. Mən bir neçə fərqli toyda olmuşam. Ancaq bu toyun özəlliyi o birilərindən çox xoşuma gəldi. Arzu edərdim ki, toylarımız elə bu yöndə olsun. Təkcə beşiyinə görə demədim, ümumiyyətlə, burdakı hər şeyə görə deyirəm. Bu toy başqa toylardan özəlliyinə görə fərqləndi. Bir daha təbrik edirəm, xoşbəxt olun.

Soylu Atalı: Yenə mən sözü verirəm söz istəyənlərə. Nurtəkin xanımın dayısı Məmməd bəy və bibisi oğlu Mübariz bəy. Buyurun.

Məmməd bəy: Çox söz deyildi, mən qısa deyirəm. Xoşbəxt olsunlar, qoşa qarısınlar. Oğullu-qızlı olsunlar. Çox sağ olun.

Mübariz bəy: Çox sağ olun, bizə söz verdiyiniz üçün. Minnətdaram. Bu gün bura gələn qonaqların hamısına xoş gəldin deyirəm. Gün o gün olsun ki, onlar hamısı öz balalarının belə toyunu görsünlər. Ana müqəddəsdir. Uşağın ilk sözü “ana”dır. Gəlinimizin anası vəfat edib,  onun ruhu şad olsun. Həm atasının, həm anasının bu gün ruhu şad olsun. Sizi xoşbəxt görək. Arzu edirəm Ulu Tanrıdan həmişə sizinlə olsun. Gün o gün olsun ki, Qarabağ torpaqlarımız alınsın. Gedib orda bizim kəndi görəsiniz. Övladınızın səsi evinizdən gəlsin. Sağ olun.

Soylu Atalı: İndi “Millətim” qəzetinin yazarı İlkin bəyi dinləyək – İlkin Ağalını.

İlkin Ağalı: Mən ailəyə xoşbəxtlik arzulayıram. Oğullu-qızlı olsunlar. Həmişə evlərindən şad səslər eşidək. Ocağınız var olsun. Bura gələnlər də sağ olsunlar.

Soylu Atalı: Sayğılı dostlar, ürəyində söz qalan varsa, deyə bilər…

Son olaraq bir neçə məqama toxunmaq istəyirəm. Nə baş verdi? Biz lap əvvəldən nəzərdə tutduğumuz istəklərimiz vardı. Bu istəklərimizin 60%-ni həyata keçirə bildik. Bir daha vurğulayıram. Bizim özümüzün yazdığımız Qurallar var. O Qurallar, öncə vurğuladığım kimi, milli əsaslara dayanır. Biz istəyirik ki, ailə bütövlükdə həmin əsaslar üzərində qurulsun. Əlbəttə,  Beşikbaşı ciddi hadisə olduğuna görə, ailə ciddi hadisə olduğuna görə, biz onun keçirilmə ünvanı kimi gələcəkdə Məbədi (İnam Evini) görürük. Bu hadisə Məbəddə baş verəcək. İlk Məbəddə belə bir Beşikbaşı ənənəsinin keçirilməsi çox da üzaq gələcəkdə deyil…

Bu hadisənin özünün yaranmağı təkcə bizlik deyil, xalqın hadisəsidir. Xalqın istənilən bir ləyaqətli oğlu, qızı bu məsələdə geri durmamalıdır. Bu məsələdə öz sözünü deməyi bacarmalıdır. Burada millətin iradəsi gərəkdir. Millətin iradəsi onun özünün müqəddəs ünvanlarında, doğma ünvanlarında gerçəkləşməlidir, öz etkisini göstərmlidir.

Diqqətinzə görə təşəkkür edirəm. Sağ olun. Həm zəhmət çəkib gəldiyinizə görə, bizimlə bərabər belə bir hadisəni gerçəkləşdirdiyinizə görə. Əlbəttə, sizin qatqınızla bu gün biz ciddi bir addım atdıq. Bu bir hünər hadisəsidir. Milli hünər hadisəsidir. Hər birinizin ailənizdə bu qayda ilə milli ruhda, bunun kimi dərin, məzmunlu, uğurlu gün olsun. Bunu sizə arzulayıram və hər birinizə uğurlu gələcək arzusuyla məclisimizi başa çatdırırıq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

“Vağzalı” havasının  sədaları altında bəylə gəlin odadan çıxırlar.

 

Köçəri Ayı, 34-il. Atakənd.

(fevral, 2013. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir