Xəbərlər

İnam Evi – İnsanilik Ünvanı (“İnam Evi Günü”ndə izhar)

Bu gün biz “İnam Evi Günü” Mərasiminə toplaşmışıq. “İnam Evi” mənim anlamımda insanın iç hadisəsidir. “İnam Evi” hadisəsi insanın varolma ünvanıdır. Ona görə bu hadisəni bayram ruhunda keçirmək gərəkdir. Cəmiyyətdə qeyd olunan bayramların heç birinin insanın mahiyyətinə dəxli yoxdur.
İnsan İnamsız yaşaya bilməz. İnam Evi onun Ruhunun Evidir. Adam bir canlı olaraq bioloji olsa da, mahiyyətcə Ruhani varlıqdır. Ruhunu yaşatmaq imkanından yararlanmayan adam İnsanlığa yetə bilmir, sonda bioloji varlıq kimi ölüb-gedir. Ruhunu yaşadan insan, insanlıq pilləsinə qalxır, daha doğrusu, ölümsüzləşir.

Biz Ruh dedikdə, onu dini-mifik anlamda təsəvvür etmirik. Bunlar yanlış düşüncədir. Əslində elm də Ruhu izah edə bilməz, Ruhaniyyat elmin obyekti deyil. Ruh – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. Bu birlik, bu vəhdət “İnam Evi” məzmununda yaşayır. Bu baxımdan İnam Evi insanın ruhunu yaşadan ünvandır. İnam Evi ideyasında Ruhanilik, Müqəddəslik təsdiq olunur. İnam Evi məkan olaraq Ruhaniliyi, Müqəddəsliyi həyatımızda gerçəkləşdirir, gerçəkləşdirməlidir. İnam Evində insanlaşma tədris olunur. Bu məkanda ömürlərin ocaqlaşması (işıqlanması) baş tutur.

İnam Evi – Böyük hadisədir. Bura İnam Məktəbi kimi fəaliyyət göstərir. Ocaq ideyası tədris olunur. Nəinki tədris olunur, təsdiq olunur. “Kamil İnsan” yaranır, təsdiq olunur. “Kamil İnsan” ideyası qədimliyimizdən üzü bəri çox keşməkeşli yollar keçib. Özünü Ali Həyat səviyyəsində tapa bilməyib. Asif Atanın “Mütləqə İnam” təlimi İnsanlaşma təməli üzərində yaranan Dünyabaxışdır. Altı ideyadan ibarət (bir-birini tamamlayan) İnam sistemidir. Ruhani cəmiyyət, Ləyaqətli bəşər ideyasına söykənən Həyat sistemidir.

Kamil İnsan – Azad İnsan deməkdir. Bu, Demokratiyanın ağılları çaşdıran cəfəng “azadlıq” ideyası deyil. Bu, hər bir insanın içindəki pislikdən, şərdən azad olması deməkdir. Azad olmaq daxilən təmizlənmək deməkdir. Bunu “xülya” sayanlar səhv düşünürlər. İnsan özündəki insani mahiyyətinə inanmalıdır. İnanmalıdır ki, daxilində Mütləq Həqiqət gəzdirir. İnanmalıdır ki, ona çatsın.

Biz İnam Evi yaratdıq ki, bu İnamı insana verək!

İndi mən İnam Evi və Odqoruyanlıq Hadisəsi haqda bir-iki kəlmə demək istəyirəm.

Odqoruyanlıq İnam Evinin tərkib hissəsi, atributudur. Mütləqə İnam ideyasının İnam Evində gerçəkləşməsi üçün Odqoruyanın ciddi məsuliyyəti var.

İnam Evinin daş-divarını canlandırmaq, ona Məna vermək, Ruh vermək, onu Müqəddəs məkana çevirmək işində Odqoruyan gündəlik iştirak edir. Bunlar Odqoruyanın həyat tərzi, yaşamı ilə bağlıdır. Odqoruyan Dünyanın, Həyatın, İnsanın Əzəli, Əbədi, Kamil, Sonsuz olmasını öz halı kimi izhar etməlidir. Burada Odqoruyanın ruhani hal daşıyıcılığı, ruhunun ölümsüzlüyü bilinməlidir. Başqa sözlə, o, Odqoruyanlıq hadisəsinin timsalına çevrilməli, bu halı elə biçimdə yaşatmalıdır ki, fiziki yoxluğundan sonra da bu hal bilinsin, görünsün, yaşasın.

Odqoruyanlıq işi olmasa İnam Evi sönük görünər.

Bayaq İnam Evi məktəbdir dedik. Məktəb o vaxt məktəbdir ki, onun öyrətməni olur. Odqoruyan bu vəzifəni daşımalıdır. Odqoruyan İnamın öyrətməni olmalıdır. Kamil İnsan yaranması üçün ardıcıl səy göstərməlidir.

İnam Evi ideyası insanların təsəvvüründə Həqiqət üstə düşüncə tərzi yarada bilən Möhtəşəm ideyadır. İnam Evi bu deyilənlərdən kənarda məkana bərabərdir və  daş-divardan ibarətdir. Nisbidir, ölümlüdür, maddidir (çünki Ruhsuzdur). İnam Evini canlandıran, ona Ruh verən – İnsandır, Kamilliyə, Mütləqə can atan, Mütləqləşməyə qadir olan İnsan! İdeyanı Məkan deyil, İnsani Yaşam var edir.

Yaratdığımız İnam Evinin imkanları genişdir. Bundan sonra biz İnam Evində 3 məzmunda Oda təşkil edib istifadə edəcəyik. Birinci Oda “İnam Evinin Tədbirlər Odası”; ikinci Oda “İnam Evinin Ocaq Tarixi Odası” (ona Muzey də demək olar); üçüncü Oda isə “İnam Evinin Oxu Odası” adlanır. Bundan sonra Ocaq ideyalarını, işini öyrənmək istəyən “Tarix” və “Oxu” Oda’larından sərbəst şəkildə istifadə edə biləcək. Biz maraqlananlara bu şəraiti yaradacağıq.

Atamız var olsun!

Ulusəs Atalı

İnam Evinin Odqoruyanı


13 Yağış Ayı, 33-cü il. Atakənd. İnam Evi

(oktyabr, 2011).

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir