Xəbərlər

İnamda türkçülük Bəşəriliyin təsdiqidir

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Asif Ata İnamı türk ruhundan yaranmış, türk xarakterinə uyğun olan hadisədir. Asif Ata idealarının məqsədi bu İnamla Türk Dünyasını bəhrələndirməklə onun əzəli varlığını təsdiq etməkdir.
Asif Ata zamanın tələbiylə yaranmayıb. O, Mütləqilik, İnsanaşma prinsiplərini ortaya qoymaqla yeni İnsanilik Erasını başlamışdır. Elə buna görə də onun bütün ideyaları kimi, millətçilik ideyasının da zamanla, dövrlə əlaqəsi yoxdur. Asif Ata millətçiliyi “icazəli millətçilik” deyil, zamanın, dövrün türk çağırmadığı, türkçülüyün, millətçiliyin cinayət sayıldığı illərin millətçiliyidir. Təsadüfi deyil ki, Asif Ata DTK tərəfindən 1982-ci ildə antimarksist, antisovet, pantürkist, millətçi damğaları ilə ittiham edilirdi.

Tamamilə yeni – Müstəqillik, İnsanilik yönündən çıxış edən Asif Ata türkçülüyü ona qədər mövcud olan türkçülüyün bütün yaxşı cəhətlərini özündə saxlamaqla yanaşı, bənzərsiz xüsusiyyətləri özündə birləşdirir.

Millətçilik Asif Ata görümündə aşağıdakı prinsiplərə əsaslanır:

 1. Millət – etnos birliyi, tarixi aqibət birliyi və mədəniyyət (xüsusilə dil) birliyi deməkdir.

Millət və xalq bir hadisədir. Xalq – Millət deməkdir. Çoxmillətli xalq uydurmadır. Çoxmillətli əhali olur, ölkə olur, çoxmillətli xalq olmur.

2. Millətin mahiyyəti hər bir millətin əvəzsizliyi, bənzərsizliyi ilə müəyyən edilir. Heç bir xalq heç bir xalqı əvəz edə bilməz. Hər bir millətin bəşər mədəniyyətində başqası tərəfindən əvəz edilməsi mümkün olmayan yeri var. Nə qədər bəşər mövcuddur, bir o qədər də millət mövcud olacaq. Bəşər heç zaman yekrəng olmayacaq. Millətin ölümü bəşərin ölümüdür.

3. Millətçilik şovinizmdən tamamilə uzaq olan hadisədir. Şovinizm– öz millətindən başqa millətlərə nifrət ruhuyla yanaşaraq bir millətin xöşbəxtliyini başqa millətlərin bədbəxtliyi üzərində qurmaq yönünü millətçilik pərdəsi altında gerçəkləşdirən ağalıqdır. Əsil, yetkin millətçilikdə şovinizmdən əsər-əlamət yoxdur. Eyni zamanda millətçilik öz milli ruhu – milli mədəniyyəti, milli tarixi ilə fəxr etmək və onu təsdiq etmək, qorumaqdır.

4. Millətçilik fəallığı – millət uğrunda döyüşmək, millətin yaşaması üçün yaşamaq, onu xilas etmək, onun ölümünü öz şəxsi ölümü saymaq, milləti ən yüksək mənəvi sərvət hesab eləmək və bundan ötrü mübarizə aparmaqdır.

5. Milli ideologiya zəruri bir hadisədir, lakin o rəsmiyyətdən uzaq olmalıdır. Çünki heç bir rəsmi ideologiya əbədi ola bilməz. Heç bir dövlət, heç bir hakimiyyət özündə həqiqəti gəzdirmir. Xüsusi rəsmi ideologiya həşirində həqiqət tapdalanır və itir. İdeologiya müəyyən bir siyasi yön deməkdir, o siyasi yön isə əbədi ola bilməz. Siyasi yönlər dəyişir, dəyişən nə varsa, o nisbidir. Millət kimi böyük bir hadisəni hakimiyyətə və dövlətə bağlmaq böyük taixi səhvdir.

Asif Ataya görə, türk təkcə ayrı-ayrı xalqların birliyi deyil. Türk xüsusi bir irqdir. Türklər həm dil, həm inam, həm antroploji, həm də mədəniliyi baxımından mövcud irqlərin heç birinə bənzəmir. Türklərin monqoloidlərə aid edilməsi tarixi səhvdir. Türk adlanan irq mövcuddur və türkçülyün irqi əsası vardır.

Asif Ataya görə türkçülük özündə türk ruhunu ifadə edən xasiyyətləri birləşdirir:

Türk ruhunun mahiyyəti, mənası inanclıq deməkdir. Türk İnamında  dinçiliyə – itaətə, qismətçiliyə, cənnət- cəhənnəmçiliyə, xurafata və cəfəngiyyata yer yoxdur. O, tanrıçı – göyçüdur. Buna görə də vüqarlı, məğrur, sığmazdır, itaəti sevməzdir. Bu mənada tanrıçılıq allahçılığın tam ziddidir, çünki bütun dinlərdə insan-allah münasibətləri kölə -ağa münasibətlərinin eynidir. Eyni zamanda bu münasibətlər daim qorxuyla müşayiət olunur. Qorxu hissi, köləlik isə türk xislətinə yaddır. Ziya Göyalp doğru olaraq, türklərdə sufiliyin ( allahdan qorxmaq əvəzinə allaha sevgi) yaranmasını məhz bu amillə izah edirdi.

Tanrıçılıq təbiəti – göyü, günəşi, dağı, suyu müqəddəs saymaq, insanın yaradıcısı kimi görməkdir. Ona görə də tanrıçılıqdan insan tanrı ilə ( ayrı- ayrı təbiət ünsürləri ilə ) münasibətdə əksilmir, əyilmir, qorxmur.

Tanrıçılıqdakı vüqar, məğrurluq, əyilməzlik, sığmazlıq hunlar, səlcuqlar dövründə, Babək yenilməzliyində, Osmanlı sərkərdəliyində yaşayır.

Türk ruhu birsifətlilik və mərdlikdir. Bu sifətlər çağdaş dünya siyasətçiliyinə, ticarətçilik və makiavelizminə qarşıdır.

Türk döyüşkəndir, ölümdən qorxmazdır, ancaq  öldürməkdən həzz almır. Qorxmazlıqdan həzz alır.  Qələbəni sevir, ancaq düşməni alçaltmağı sevmir. Bu baxımdan o, Roma qansızlığına yaddır.

Türk Namusçudur, Ailəçidir, qadına hörmət edəndir. Atalıq, Analıq, Övladlıq Din səviyyəsində olub qədim türklərdə. Türkün qadına münasibəti, onu ilahiləşdirməsi meyar səviyyəsindədir.

Asif Ata türkçülüyü yalnız türkün özünə yox, həmçinin hərcayiləşən, pulçuluğa, dəllalçılığa, seksomaniyaya səcdə qılan çağdaş dünyaya da gərəkli hadisə hesab edir. Dünyanın türkdən bəhrələnməsi, artması, böyüməsi üçün ilk növbədə türk öz türklüyünü saxlamalıdır.

Asif Ata indiyə qədər mövcud olan türkçülüyün üç əsas formasını göstərir: Ruhani Türkçülük, Tarixi Türkçülük, İdeoloji Türkçülük. Ruhani Türkçülüyün mahiyyəti ən çox Azərbaycançılıqda, Tarixi Türkçülüyün mahiyyəti ən çox Səlcuq, Osmanlı möhtəşəmliyində ( Türkiyəçilik), İdeoloji Türkçülüyün mahiyyəti isə Ziya Göyalp, Əlibəy Hüseynzadə və Məmmədəmin Rəsulzadə ideyalarında aşkarlanır. Bu bölgünü əsas götürərək Asif Ata yazır:

“Azərbaycan türkün beyni və ürəyi,

Türkiyə türkün qolu və kürəyi “.

Azərbaycan Türkçülüyü Türkçülük İnsanlığının zirvəsidir.

Ruhani Türkçülüyün birinci, ali, yüksək hadisəsi – Zərdüştçülükdür. Zərdüştçülüyün türkçülük mahiyyətinin 3 əsas ideyası var:

Döyüşkən allah ideyası. Zərdüştçülükdəki Xeyir allahı Hürmüzd türkvari, döyüşkən allahdır. Hürmüzd Əhrimənlə döyüşür, o, döyüşdə əzab çəkir, qana qəltan olur, bəzən yıxılır, bəzən sürünür, amma türkcəsinə əl çəkmir döyüşdən. Əhrimənlə neçə min ildir döyüşür və bu döyüş mütləq Hürmüzdün qələbəsi ilə nəticələnəcək. Burada türk mifologiyası ilə Zərdüşt arasında çox böyük bir vəhdət var. Türkün Allahı, Tanrısı Göydür və Göy də insana xidmət edir. Əgər başqa dinlərdə İnsan allaha xidmət edirsə, Zərdüştdə Allah insana xidmət edir.

Zərdüştün ikinci ideyası – Od İşığı ideyasıdır. Bu ideya tipik türk şüurunun məhsuludur, türk mifologiyasının, əsatirlərinin əsas ideyasıdır.  Bu od insanları həm də isitsə belə, istilik üçün deyil, işıq üçündür. Zərdüşt Odu Ruhani oddur.

Zərdüştün üçüncü ideyası əsil türk ideyası olan – İnsançılıqdır. Zərdüşt Xeyirin qələbəsi üçün insandan üç şey tələb edir: təmiz fikir, təmiz söz, təmiz əməl.

Ruhani Türkçülüyün ikinci ifadəsi özünü Babəklikdə tapır. Xürrəmdinlik – fərəhçilik deməkdir. İnsanın azadlığının fərəhi ona inam verir. Bu inam da ona özünəməxsusluq, özünəsahiblik, yenilməzlik verir. Bu inamı daxilində Şirvin gəzdirən, yəni Allah gəzdirən Babək yaradır.

Ruhani Türkçülüyün başqa bir cəhəti türk mənəvi birliyinin təcəssümü olan Dədə Qorqudla bağlıdır. Dədə Qorqud ağsaqqallıq qayəsinin, mənasının, əməlinin izharıdır. Dədə Qorqudda türkçülük Azərbaycançılığın  ruhani ucalığından görünür.

Ruhani türkçülüyün ən bariz hadisəsi Hürufilikdir, insanı Allah saymaqdır. Hürufilikdə Azərbaycan əzəmətli türkçülük dağı kimi görünür.

Füzulilik– aşiqlik Ruhani Türkçülüyün daha bir ifadəsidir. Türkçülüyün aşiqlik xisləti özünün dahiyanə ifadəsini Füzulilikdə tapıb. Füzulidə eşq – din, Allah səviyyəsindədir.

Ruhani Türkçülüyün təməl hadisələrindən biri Muğamatdır. Türk həmişə öz tanrısını Göydə axtarırdı. Muğamat Göy yoludur. Bu Göy Yolu – İnsançılıq Yoludur. Muğamatda insan pillə – pillə, şöbə – şöbə göyə – öz Tanrısına – Kamilliyə ucalır.

Və sonuncu olaraq Ruhani Türkçülük həm də Sazçılıqdır. Saz türkün əsas fərqləndirici xüsusiyyətini – möhtəşəmlik və zərifliyini özündə birləşdirir.

Ruhani Türkçülük Azərbaycanla nə dərəcədə bağlıdırsa, Tarixi Türkçülük bir o qədər Türkiyə ilə bağlıdır.

Tarixi Türkçülük Hun imperiyasindan başlayır. Hunçuluq türkün dünyaya meydan oxuması qüdrətinin nümayişi idi.

Sonralar hunların fəlakətli parçalanması baş versə də, Səlcuq türkçülüyü adlanan möhtəşəm bir hadisə meydana gəldi. 11-ci yüzildə Osmanlı imperiyasının əsasını qoyan Səlcuqlar bütün dünyada türk zəhmi yaratdılar. İslam dinindən siyasi vasitə kimi istifadə edən Osmanlı türkləri özləri də bilmədən İslama güclü şəkildə yaradılar. Əvəzində isə islam türkə yad olan halları – itaətçiliyi, bəndəçiliyi, özgəçiliyi, təqlidçiliyi ona bəxş etdi. Sultan Əbdülhəmidin dövründə xilafət türkə xüsusilə çox ziyan verdi: tarixən feminist olan türk hərəmxana murdarlığına uydu, ərəbçilik, farsçılıq tüğyanı başladı – qan qarışdı. Türklüyün az qala danılması, türklükdən utanma halı yarandı. Bütün bunlardan “Gənc türklər” inqilabı yarandı və hadisənin davamı kimi fransızlar İstanbula gəlib çıxdılar. Yüzillərlə Avropa ölkələrinin yığdıqları kin 20-ci yüzilin əvvəllərində tam açıqlığı ilə müxtəlif təcavüzlərdə aşkara çıxdı. Həmin dəhşətli döyüşlərdə Kamal Atatürk xilasçılığı tarixi türkçülüyün qüdrətli keçmişini bərpa etdi.

İdeoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə kimi təmsilçiləri var. İdeoloji türkçülük türkün xilasını türk dünyasının bərqərar olmasında görürdü və türkləri bu birliyə çağırırdı. İdeoloji türkçülüyün fəlakəti pantürkizmin dinçilik və Batıçılıqla birləşməsində idi. Türkçülük öz mahiyyəti baxımından həm islamçılığa, həm də Batıçılığa ziddir. İslam xalq tanınır, millət tanımır – icma tanıyır, ümmət tanıyır. Ümmətçi millətçi ola bilməz, bu səbəbdən də, islam milliyyətçilyə qarşıdır. Batının da tanrısı varidat və siyasətdir. Bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Buna görə də Türkçülük-Batıçılıq birliyi məntiqsiz ideyadır.

Böyük əraziyə, çoxsaylı əhaliyə, dünyadan müqayisedilməz səviyyədə artıq ruhaniyyata, möhtəşəm hərbi gücə malik türk dünyası öz birliyini yarada bilmədi. Dünyadan asılı vəziyyətə düşdü, paralandı, parçalandı, türklüyündən – əzəli mahiyyətindən çox uzaqlaşdı. Asif Ata bunun tarixi, psixoloji səbəblərini türkün öz xətalarında görür:

Türkün birinci xətası onda oldu ki, türk öz peyğəmbərini vermədi, verəndə də onun arxasınca getmədi, başqa peyğəmbərlərə yapışıb onlara yaradı. Din adı altında başqa millətlərin şovinist siyasətinin qurbanı oldu.

Türkün ikinci xətası onda oldu ki, türk türkü sevmədi, türk türklə döyüşdü, sonucda öz-özünə qənim kəsildi. İldırım Bəyazid və Əmir Teymur, Şah İsmayıl Xətai və Sultan Səlim və b.

Türkün üçüncü xətası bu oldu ki, türk idrakının gücündən çox qılncının gücünə güvəndi. Bu qılıncdan da ən çox özgələr bəhrələndi. İranın ən böyük şahları, fars siyasətinə xidmət edənlər türklər olub: Sultan Mahmud Qəznəvi, Şah Abbas, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və b.

Qüdrətli türk cahangirləri ölkələr fəth etdilər, lakin onlardan heç nə qalmadı. Hər döyüşü bir əsər olan Teymur mahiyyətcə heç nə qazanmadı. Teymur da türk idi, Nəimi də, lakin Teymur Nəimi yolu getmədi. Tarixə düşmək asandı, tarix yaratmaq çətin. Teymur dahiliyi qilinca sərf olundu, o, tarixə düşdü, Nəimi dühası ruhani tarix yaratdı.

Türkün bu xətaları  türkə müxtəlif məzmunlu fəlakətlər gətirdi. Bu gün də türkün çağdaş düşmənləri vardır. Asif Ata türkün başına gələ biləcək yeni fəlakətlərin qarşısını almaq üçün bu düşmənləri dərindən öyrənmək və rədd etmək zərurətini qarşıya qoyur.

Tarixən olduğu kimi, türkçülüyün indi də əsas düşməni dindir. Çağdaş türk islamçıları belə bir təhlukəli fikir orataya atırlar ki, guya Osmanlı imperiyasını o qüdrətə çatdıran islam olub. Bu fikrin sahibləri əslində türkün daha möhtəşəm, daha qəhrəman keçmişinin üstündən xətt çəkməklə onun əksilməsi bahasına süni şəkildə İslamı yüksəldirlər. Türkçülük – İslamçılıq təzadı göz qabağındadır; islam qorxuçuluğu, xofçuluğu – türk qorxmazlığı, cəsurluğu; islam itayətçiliyi – türk yenilməzliyi; islam axirətçiliyi, dünyasızlığı – türk tanrıçılığı, təbiətçiliyi, dünyaçılığı; islam şəhvətçiliyi, hərəmxanaçılığı – türk qadınçılığı, ailəçiliyi. Bu baxımdan Asif Ata deyir: “İslamlaşma Türkün belini əyməsəydi, Batıçılıq türkün belini qırmazdı”.

Çağdaş dövrdə dinə inanmağın ən təhlükəli cəhəti odur ki, çağdaş dinçilik daha çox mənəviyyat amili kimi çıxış edərək özünü Batı əxlaqsızlığına, açıq – saçıqlığına qarşı qoyaraq çaşqınlıq yaradır. Ona görə də “Ruhaniyyatçılıq” dedikdə ən birinci göz önünə dinçilik gəlir. Hansı ki, din özü ruhaniyyat adından nə qədər danışsa da Batıçılıq qədər antiinam, antiidrak, antimənəviyyat, antiiradədir.

Türkçülüyün ikinci düşməni yenə də əvvəllər olduğu kimi Avropasentrizmdir. Avropasentrizmin məğzi Avropa irqini yeganə, əsil, üstün irq saymaqdır. Belə olan halda Batı özünü xüsusi mərkəz, sivilizasiya  təmsilçisi kimi  təqim və təlqin edir. Batı sivilizasiyasi maddiyyatçılıq, texniki tərəqqi və demokratiya birliyidir. Maddiyatçılıq, pulçuluq insani münasibətlərin üzərində mənafe, fayda münasibətlərini qurur, proqmatizm yönü dünyaya, həyata, insana baxışın canı olur.

Texniki tərəqqi insanın insan kimi yaşamasına, onun zəruri tələblərinin ödənilməsinə qulluq etməli olduğu halda məqsədə çevrildi. Texniki tərəqqi maddiyyatçılığı qızışdırdı, artırdı və qorudu.

Demokratiya xalq hakimiyyəti yalanının təbliğidir. Demokratiya yarandığı gündən bu günə kimi bir saat da xalqın hakimyyəti olmayıb. Əvvəldən seçilmişləri seçmək hələ hakimiyyətə gəlmək deyil,  həmin seçilmişlərin xalqüstü hakimiyyətidir, azad ağalıq, azad köləlik, azad pulçuluq, azad antiinsanlıq həşiridir.

Demokratiya türkçülüyə qarşıdır, bir zaman sosializm rusçuluq olan kimi, indi də demokratiya deyən kimi Batı anılır. Köklü keçmişi olan Batı – türk təzadını heç vaxt unutmaq olmaz.

Avrosentrizm əvvəlcə özünə inamsızlığı alışdırır: türk vəhşiliyi, türk azğınlığı adlı böhtan məktəbi yaradır. Zahirən irqçiliyə qarşı çıxş edən Batı hər addımda “avropoid üstünlüyü”nü təbliğ edir.

Asif Ata türkçülüyün sonrakı düşməni olaraq çağdaş kosmopolitizmi göstərir. Vaxtilə sosializm beynəlmiləlçiliyi nə qədər türkçülüyə qarşı çıxış edirdisə, indi kosmopolitizm bir o qədər millətçiliyi inkar edir. Bir zamanlar İslamçılıq – ərəbləşmə, beynəlmiləlçilik –  SSRİ-ləşmə olduğu kimi, indi kosmopolitizm – Batılaşma anlamını verir.

Türkçülüyün ən qatı düşmənlərindən olan marksizm yenə də düşmən statusunu saxlayır. Çünki yer üzündə əməkçi problemi həll olunmayınca kommunizm təhlükəsi yaşayacaq.

Türkçülüyün bir düşməni də keçmiş SSRİ ərazisində yaşayan türk xalqlarına aid olan Avroasiya ideyasıdır. Zahirən çox cəlbedici görünən bu ideyanı yayanlardan biri də Qazax yazıçısı Oljas Süleymanovdur. Bu ideyanın məğzi ondan ibarətdir ki, guya slavyan – türk birliyi mövcuddur, slavyanlarla türklər haradasa birdirlər, Avroasiya məkanının bu iki böyük xalqı birləşsələr səadətə çatacaqlar, həm türklərin həm də slavyanların əzəli məsələləri həll olunacaq. Mahiyyətcə yeni rusçuluq olan Avroasiya ideyası türkçülüyə qarşıdır, çünki ümumrus etnosunun hakimiyyətinin türk üzərində qurulacağı şəksizdir.

Türkçülüyün çağdaş dövrdə başqa bir düşməni xüsusilə Azərbaycanla bağlı olan tayfaçılıqdır. Millətçilik – xalqı bütöv, vahid varlıq kimi dərk etməkdir. Tayfaçılıq onu bölür, ayırır, parçalayır. Buna görə də, tayfaçılıq millətçiliyin ölümüdür.

Asif Ata indiyə qədər mövcud olan türkçülüyü inkar eləmir, lakin eyni zamanda onu türkçülüyün qələbəsi üçün yetərli və kamil hesab etmir. Asif Atanın Azərbaycanda qaladığı Ruhaniyyat Ocağının bir məqsədi də türkçülüyün yeni səviyyəsinə çatmaqdır. Bu yeni səviyyə türkçülüyün yeni İnam səviyyəsidir – türkün ruhani (inamlı, idraklı, mənəviyyatlı, iradəli) birliyinin yaranması üçün ən zəruri səviyyədir. Asif Ata Ocağının ideyaları türk ruhunun əsasında yaranmış və insanın, türkün, Şərqin (Doğunun) yeni səviyyəsini yetirən ideyalardır (bu ideyaları  yuxarıda“Asif Ata Amalı” yazısında vurğuladıq).

 

Mütləqə İnam Ocağı

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir