1. İnsana siyasətin münasibəti
Siyasət – əyri hadisələr yaradır və həyata əyrilik gətirir. Siyasət heç vaxt insana xidmət etməyib, şəxsi maraqlara xidmət edib. Üzdə isə özünü İnsanın xidmətçisi kimi göstərir. Siyasət maddiyyatçılığa yarayır. Maddiyyatçılıq İnsanın ruhuna yaddır. Bəşər tarixinə üz tutanda bütün insani fəlakətlərin kökündə siyasəti görürük. Siyasətdə mənafelər var. Bu mənafelər üçün insanı həmişə qurban verirlər. Asif Atanın təliminə görə İnsan daxilində Mütləqilik gəzdirir. Siyasət insanı Mütləqilikdən ayırır və onun içinə çirkinlik, hiylə, yalan doldurur. Dünyanın qan gölünə çevrilməsinin səbəbi bəşəriyyətin siyasətlə idarə olunmasına görədir. İnsanlıq bəsəri idarə etsəydi, dünya rahat nəfəs alardı.
Xalqlar siyasət adlı tələyə düşüb. Əfqanıstanı, İraqı və qırğınların hələ də davam etdiyi Liviyanı böyük maraqlar siyasi tələyə salıblar. Hamısının taleyi eyni, səbəb eyni, nəticə eyni. Super Güclərin maddi maraqları minlərlə insanın məhvi nəticəsində təmin olunur. Siyasət həmişə dağıdıcılığa stimul verir. İnsanları daim qarsı-qarsıya qoyur, savaş həddində saxlayır. Bununla da çirkin əməllər artıq dünyanı bürüyür.
Doğma Yurdumuzun taleyini də həmin siyasi maraqlar zərbə altında qoyub. Adından və imzalandığı tarixdən qan daman Gülüstan və Türkmənçay müqaviləsi siyasətin insanlığa qarşı törətdiyi faciədir. Böyük bir xalqı ikiyə bölüb fəlakət içinə atmaq heç yerə sığmır. Qardaş qardaşa həsrət qalıb. Minlərlə insan öz doğmasını görmədən həyatdan nisgilli gedib. İki yüz ilə yaxındır ki, Güneyimiz orda sızlayır, nalə çəkir, Quzeyimiz də burda. İnsanlığa qarşı vəhşilik! Bu müqavilənin törətdiyi fəlakət bəşər tarixinə sığmır! Bunların hamısı siyasət oyunlarının nəticəsidir. Yoxdan erməni dövləti yaratmaq və iki qardaş ölkənin (Azərbaycanla Türkiyənin) arasına yerləşdirmək də siyasətin insanlığa qarşı yerişinin təzahürüdür. Siyasət insanın məhvinə yönəlib. Müharibə insanı açıq məhv edir, siyasət oyunla. İnsanın taleyi ələ salınır, alçaldılır. İnsan siyasətə deyil, İnsanlığa üz tutmayınca bəşəriyyətin fəlakətinə son qoyulmayacaq! Daxilində hiylə, yalan, qəsbkarlıq, vəhşilik gəzdirməyə alışdırılan insanın özünə münasibəti dəyişməlidir. O, öz daxilindəki Mütləqə üz tutmalı, Ruhaniyyat əsasında yaşama çatmalıdır. Mütləqə İnam Peyğəmbəri Asif Atanın buyurduğu yol budur!
2. İnsana dinin münasibəti və İnamın münasibəti
“İnsan – özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Cəmiyyətdən üstün olan, Mütləqiliyə can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır!” Bu, Asif Atanın İnsana verdiyi Qiymətdir! Dinin insana münasibəti isə aşağılayıcı, küçümsəyən bir münasibətdir. Din insana bəndə, yəni qul kimi yanaşır. Bəndə Adamlıq səviyyəsidir. Din adama olduğu kimi baxır, onu İnsana çatdırmır. Dindəki xurafatçılıq insanı öz mahiyyətindən ayırıb “göylərin” ümidinə bağlayır. Din insanı yerin, göyün “sahibi”nə, yəni Allaha tapşırır. İnsanın Allah tərəfindən yaradıldığını iddia edir. İnsana təlqin edir ki, sən heç nəyə qadir deyilsən, çünki səni yaradan sənin taleyini öncədən yazıb. İnsan alın yazısı ilə, qismətçiliklə damğalanıb. Din insanı əslində əşyalaşdırır. Dinə görə insan daxilində mütləqilik gəzdirmir və Şəraitdən, Mühitdən, Cəmiyyətdən də üstün deyil. Əsrlərdir din insana hakimlik edir, ona görə də insan Adamlıq səviyyəsindən bir boy belə, ucalmadı. Dinin insana bu münasibəti ondakı naqislikləri qorudu. İnsan pislikdən, oğurluqdan, əyyaşlıqdan, xəbislikdən, kindən arına bilmir. Din insanı “cəhənnəm” qorxusuyla ağıllandırmaq istədi. Ancaq qorxu ilə insanı daha da balacalaşdırdı. Din insanı özüylə qarsı-qarsıya qoymur. Onu ya qorxudur, ya şirnikdirir. Ancaq din insanın daxilindəki naqislikləri qorxuda bilmədi, əksinə, gücləndirdi. Dində insan heç vaxt özüylə döyüşmədi, bu üzdən İnsanlaşmadı. Din insanın özünə inamını əlindən aldı, onu misgin varlığa çevirdi. Din insana dünyanın altı günə “OL” əmriylə yaradıldığını və bu səbəbdən gec-tez kainatın məhv olacağını söyləyir. Nəticədə insan özünə inamını itirir, əl-qolunu yanına salıb bəndələşir, taleyini “göyün” ümidinə tapşırır. İnsan hansısa yaxşı bir əməl görürsə, bunu heç də İnsanlıq üçün etmir, “cəhənnəm qorxusu”ndan sığortalanmaq üçün edir. Qorxu hissinə alışdırılan insan daxilindəki vəhşilik hissini məhv edə bilmədi. Din nə etdisə insanın zahirinə etdi, daxilinə işıq sala bilmədi. Dinin sayəsində adamlıq artdı, insanlıq azaldı. Asif Atanın diliylə desək, “Həyatda adam adamla toqquşur, insan insana rast gəlir”. Dinin yaratdığı faciələrdən biri də odur ki, insanı ölümə inandıra bildi, hər şeyin ölümlü olduğunu deməklə. Təəssüf ki, insanlar hələ də, dinin uydurduğu nağıllara qulaq asmaqda davam edirlər. İnsan özünə inansa, özündəki qüdrəti hiss etsə, din insanı kölələşdirə bilməz. İnsan o zaman ucalacaq ki, dinin əsarətindən xilas olacaq. Əsarət insana yaraşmır, insan daxildən azad olması üçün İnama tapınmalıdır. İnam İnsanı özünə bənzədir. İnsan İnamlı olduğu halda İnsanlıq səviyyəsinə yüksələcək.
Nəticə: “Din İnamla əvəz olunmalıdır!” (Asif Ata).
3. İnsana İnamın (Ruhaniyyatın) münasibəti
İnsan Ruhani varlıqdır. Dindən fərqli olaraq, İnam tam olaraq İnsanlığa – İnsanın kamilləşməsinə xidmət edir.
Din insanı mücərrəd olan Allaha səcdə etdirirsə, İnamda səcdə edən səcdə edilənə çevrilir. Yəni Ruhani insan mücərrəd olana deyil, mütləq Var olana – İnsana səcdə edir və beləliklə, İnsanı Allah səviyyəsinə ucaldır. Ruhanilikdə insan özüylə döyüşür. Özünə qalib gələn insan İnamçı olur, İnsançı olur, – Özümlü olur. Ruhaniyyata yad olan mahiyyətindən ayrılmış, özünə yadlaşmış insandır. Ruhaniyyat əsasında yaşamaq üçün adi həyatın tələblərini ötmək gərəkdir. Ruhaniyyatçılıq – imtinaçılıqdır! İnsanın mütləq dəyəri onun ruhaniliyindədir. Əslində insanı idarə edən onun ağlı deyil, ruhudur! Ruhsuz insan ağlıyla yaxşı heç nəyə nail ola bilməz. Həyatda insan özü olmur, ruhaniyyat isə insana ruhun gücüylə özünün özündən böyük olmasını anladır. Ruhun köməyiylə adam insanlaşır, ağlın görə bilmədiyini ruh görür və insanı şəraitdən, mühitdən, zamandan üstün edir. Din insan yarada bilmədi. Din insanı ölümə səsləyir, ruhaniyyat isə kamilliyə, əbədiliyə! Hissə qapılmadan deyə bilərəm ki, bu gün insanlar yaşadıqları həyat tərzindən usanıblar, özləri də artıq bəsit, keçici, maddiyyatçı ömür yaşadıqlarının fərqindədirlər. Hamı şikayətçidir, adi həyat insanı təmin eləmir. İnsan bilir ki, ona edilən vəd yalandır. İnsan bilir ki, ona edilən kömək təmənnalıdır. İnsan bilir ki, onun dost dediyi əslində hər an ona xəyanət edəcək birisidir. İnsan bilir ki, üzdə vətən deyənlər əslində onun sərvətini sevənlərdir. Bu sətirlərin müəllifi yuxarıda vurğuladığı çirkinliklərdən, yalandan usanıb da, sonda Asif Atanın yaratdığı Amal Yolunun yolçusu oldu. Bu yolda olmağın şərəfini də duyuram, çətinliyini də. Çətinlik məni yenməz, mən çətinlikləri ötəcəm.
Atamız var olsun!
(arxiv)