Xəbərlər

İnamlı Atalı. Milli Quralların yayılması

İnamlı AtalıAsif Atanın Yeni Dünyabaxışının xalqımızın həyatına gəlişi qarşısıalınmaz ruhani proseslərə çevrilməkdə və təsir yaratmaqdadır. Belə ki, min ildir xalqımızın içində oturuşmuş yad dünyabaxışlara nəinki dirəniş göstərir, həm də ruhani, fəlsəfi, idraki baxımdan onların insana gərək olmadığını sübut edir… Gücə qarşı güclə deyil, Ruhaniyyatla, idrakla qalib gəlmək mümkündür! Artıq hər yerdə – evlərdə, bölgələrdə Asif Atanın Qurallarının həyata keçirilməsi üçün Ocaq Evladları və Ocaqsevərlər ciddi təşəbbüslər göstərirlər.Təşəbbüslər milli ruhun dirçəlməsi işində getdikcə artmaqdadır.  Bu kimi uğurlar Evladlarda və Ocaqsevərlərdə sabaha fərəhli inam yaradır. Buna  örnək olaraq 3 Yağış Ayı, 35-ci il, həftənin İnam Günü Beyləqan rayonunun sonevliyində (qəbirstanlığında) dəfn olunmuş yaxınlarımızın sonevini (qəbirini) ziyarətə getmişdik. Ziyarət mollanın rəhbərliyi ilə deyil, Mütləqə İnam Qurallarının ifadəsi ilə keçdi. Ziyarətçilərdən biri mollanın iştirakını istəsə də, məni yaxşı tanıyan bir nəfər yaxınım buna gərək olmadığını bildirdi. Oraya gedərkən özümlə “Yas Quralları” kitabını da götürmüşdüm. Mən “Ölümlə Görüş” və “Aqibət” izharını yüksək şövqlə oxudum. Yanımdakılar sayğı duruşunda dayanmışdılar. Ana dilində, hamının başa düşəcəyi bir dildə, milli ruhu ifadə edən bir səviyyədə ölənin üstündə söz demək nə qədər də ürəkaçan bir məsələdir. İlk dəfə olaraq ölülərimiz təhqir olunmadan ziyarət olundu. Onsuz da ölüb torpağa gömülən zaman onlar bir kərə təhqir olunmuşdular – ərəbçilik təsirində ağırlanmaqla. Mən Qurallarımızı ifadə edərkən molla “yasin” oxumaq üçün yaxınlaşıb bizim sürücüdən icazə istəyibmiş. Təbii ki, pul qarşılığında. Oxunuşumu bitirəndən sonra bildirdim ki, burda “mollalığı”  mən edirəm. Ərəbcə, başa düşmədiyimiz qaydalara burada yer yoxdur.

 Mütləqə İnam Qurallarında ölənə rəhmət-filan dilənilmir, ölümü ötmək məzmununda qalanlara həyatın mənası izhar edilir. Ərəbçilikdə ölən insana axirət dünyasında səadət dilənilir. Bizdə isə insanın yaratdığı və yaşatdığı ali dəyərlər dilə gətirilir, qiymətləndirilib təqdim olunur. Ölüm gerçəyi öldürür, mənanı öldürə bilmir. Qurallarımızda deyildiyi  kimi, ölüm insanda olan balacalığı, naqisliyi öldürür, böyüklüyü, Ruhaniliyi öldürə bilmir. Ərəbçilikdə insan iki kərə ölür – bir dəfə ölüm gələndə, ikinci dəfə ərəbçilik quralları ilə  milli ruhu ifadə edən milli sözdən təcrid olunanda. İkinci ölüm birincidən daha ağır zərbə olur, həm ölənə qarşı, həm də qalanlara qarşı. İnsan nə dünyada özünü tapa bilir, nə də öləndə onun kimliyi bəlli olur. Atanın dediyi kimi, sirli gəlir, sirli gedir… Yadların havasına oynadıq, özümüzü tanımadıq. Nə varlığımız varlığa bənzədi, nə ölümümüz həyatı anlatdı. İndi imkan yaranıb – insanlaşmaq, millətləşmək imkanı. Atanın Ocağından Od götürüb işıqlanmaq gərəkdir. Biz hesab edirik ki, bəşəriyyətə insanlıq yolu göstərmək imkanı aşkarlanan türkə ərəb mollalıq etməməlidir. Asif Ataya, Onun yaratdıqlarına sahib çıxmaq bizi, xalq olaraq, hər mənada bütövləşdirə bilər. Soydaşlarımızı bu məsələyə qarşı diqqətli olmağa çağırıram. Atamız Var olsun!

 

11 Yağış Ayı, 35 il. Atakənd.

(noyabr, 2013. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir