Xəbərlər

Mütləqə İnam Ocağı “Şərqilik” Bayramını həyata keçirdi

Ocaq ilsırası ilə 12 Ata Ayı, 34-ildə (sentyabr, 2012) Mütləqə İnam Ocağı “Şərqilik” Bayramı həyata keçirdi. Günev Atalı 6 ideyanın rəmzi ifadəsi kimi məşəllərlə Tədbirlər Odasına daxil oldu və İdeyaların mahiyyətini açdı.

“Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə Bayram başladı. Türkel Atalı “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, Göylü Atalı “Ataya Günorta Ricası”nı söylədi. Ocaq Yükümlüsü Soylu Atalı Bayrama giriş sözü dedi: “Müqəddəs Günümüzə başlayırıq. Ümumşərqi, Ümumbəşəri bir hadisənin məzmununu ifadə edirik. Ocaq olaraq apardığımız iş qeyri-standart bir təsəvvür yaradır. Mikroelektrotexnikanın inkişaf elədiyi bir vaxtda biz topluma qədim ənənələrin mahiyyətindən, məğzindən irəli gələn düşüncəni, fikri təqdim edirik. Bu, ciddi bir məsələdir. Ciddiliyi ondadir ki, insanların baxışlarında kəskin fərqlər var. Çağdaşlıq və köhnəlik xətlərinə bölüblər ictimai həyatı. Söz yox ki, çağdaşlıq gərəkli bir işdir, yəni  inkişaf. Köhnəlik, yəni gərəksiz, artıq vaxtı kemiş.  Lakin Qədimlik köhnəlik deyil. Bu gün dünya nizamının başında duran ağalar var. Onlar guya hər şeydə humanistlik göstərirlər. Bunların humanistliyi Qədimliyi köhnəltməkdən ibarətdir. Hər bir toplumun özünü idarə haqqıını dilə gətirirlər. Erməninin öz müqəddəratını həll etməsini önə verib Azərbaycana qarşı qoyurlar. Başqa Şərq dövlətlərini də köhnəlik adı altında darmadağın edirlər. Biz heç bir xalqın əleyhinə deyilik. Ancaq bu məsələyə geniş və dərindən yanaşmaq lazım gəlir. Xırda toplumlara dövlət yaratmaqdan ötrü böyük, qədim xaqları məhv eləmək planları həyata keçirilir. Türk millətini dövlətsizləşdirmək məqsədi güdülür. Buna görə Şərqi dəyərləri məhv edirlər. Osmanlı qoşununun gəlişi o planı pozdu.

Bugün heç kimin ağlında Şərq obrazı yoxdur. Şərq deyəndə hamı gerilik, köhnəlik başa düşür, hökmdarların səltənətindəki hərəmxanalar başa düşülür. Məgər Şərqdə bunlar olanda Qərbdə despotçuluq yox idimi?! Qladiatorluq hadisəsi vardı Qərbdə. Əgər bir vaxtlar qladiatorluq fərdlərin aqibətində vardısa, bu gün Şərq xalqlarının aqibətində bu var. Baxın, Əfqanıstan, İraq, başqa ərəb dövlətləri insanları bir-birinə qırdırırlar. Quldarlıq ənənələridir bu. Qərbin əleyhinə deyilik, Qərbçiliyin Şərq üzərində ağalığından gedir söhbət. Qərbçiliyin qədim Şərq xalqlarının mədəniyyətini məhv eləməsindən gedir söhbət. Nə qədər ki, Şərq xalqlarının mədəniyyəti düzgün dərk olunmur və onların üzərində insani, bəşəri inkişaf baş vermir, heç bir uğur gözləmək olmaz. 90-cı ildə hamı düşünürdü ki, Avropa bizə firavanlıq gətirəcək. Bizim toplumun içində maarifçilik işi getməyib. Tariximizi bilmirik, dəyərlərimizi bilmirik, tariximizi Sovetlər yazıb, fars yazıb və s. İstədikləri kimi yazıblar, əlifbamızı 5 dəfə dəyişdilər. Azərbaycan gəncliyində görün Şərq ruhu, türk ruhu qalıbmı. Ədəbiyyatdakı obrazlar belə Qərb adlarıdır. Biz bəşəriyyəti bütöv dərk eləmək istəyirik. Bütöv dərk eləməyə qoymur Avropa. Biz düşünmüşük, öyrənmişik ki, Şərq, Şərqilik  dünyanın mənəvi insani hərəkətverici qüvvəsidir. Məsələn, ilk sivilizasiya, 9-12-ci minilliyə dayanan Şumer mədəniyyəti – türkə aiddir. İlk yazı – türkə aiddir. İlk şəhər, ilk dövlət Şumerdə türk mədəniyyətidir, Şərq deyən şeydir. Avesta bilik sistemi və s. Heç nəyi qoruyub saxlaya bilmirik, sabaha çatdırmırıq. Avesta bilik sistemində bütün dəyərlərimizin sintezi əksini tapmışdı. Sonradan Avesta Güney Azərbaycanın Şiz kəndindən olan Zərdüşt peyğəmbərin Dünyabaxışına bağlandı. Zərdüştdən sonra gələn bütün dünyabaxışlar, hamısı ondan bəhrələnib. Yunanlar hind fəlsəfəsindən bəhrələnib. Hər birinin mayasında Zərdüştün çalarları, tələbləri yaşayır. Bu, bir Şərqilik xəttidir. Peyğəmbərlik hadisəsi Şərqdə olub. Qərbdə vəhy yoxdur. Şərq öz mahiyyətini ən çox türk millətində ifadə eləyib. Ona görə də türkün üzərində çox vurğu edirik. Dədə Qorqud hadisəsindən böyük ədəbiyyat, obrazlar yaratmaq olardı. Böyüklük idrakla, təfəkkürlə, mənəviyyatla ölçülür. Eləcə də Xürrəmdinlik hadisəsi, Hürufilik, Sufilik hadisəsi. Elmi, texniki inkişafı dayandırma, amma elmi azğınların da əlinə vermə. Atom silahının, nüvə silahının ixtirasına çevirmə. Hansı dövrdə insan mərkəzdə olub? Yalnız Hürufilərdə, Sufilərdə olub. Bizim ölçümüz var, Düşüncənin yönünü dəyişmək lazımdır. Dünyanın, bəşərin nicatı Şərqi dəyərlərin bərpa olunmasındadır. O dəyərlər üzərində inkişafı yeniliyi, müasirliyi yaratmaq lazımdır. Asif Ata, onun Ocağı bu yükün altındadır”.

Günev Atalı Ataya səcdə edərək sözünə başladı: “Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının çıxışında gələnlərə bəlli oldu ki, bizim bu bayramımızın mənası nədir. Heç kəs özünü bu işdə az bilməsin. Özünü öz daxilində yenilməz qüdrət hesab eləsin. Dünyanın məşğul olmadığı bir işlə məşğuluq.

Cəvahirləl Nehrunun belə sözü var ki, Asiya qitəsinin ən böyük övladıdır Zərdüşt. Şərqin böyük övladıdır, Şərq ruhaniyyatının, vəhyinin, vəcdinin, ehtizazının ən qüdrətli ifadəçisi idi. Zaman-zaman Şərq öz sözünü dedi, bəşəriyyətə öz fikirlərini aşıladı böyük şəxsiyyətləri ilə. Füzulisi ilə, Nəsimisi ilə, Rumisi ilə, Peyğəmbərliyi ilə. Dinin yaranması da axtarış idi,  baxmayaraq ki, naşı gəlirdilər, naşı gedirdilər, dedikləri fikirlə qaranlığa qərq edirdilər, amma axtarış idi. Məhəmmədin harayını inkar etmək olmaz, axtarış idi, amma çox təəssüflər olsun ki, bəşəriyyəti aldanışla ağ günə çıxartmaq olmur.

Qorxu hakim oldu ürəklərə. Allah xofu yeritdilər. Qorxu ilə insan sevə bilməzdi, müqəddəsliyə yetə bilməzdi, qəhrəman ola bilməzdi. Bölgələrdə çox rastlaşıram. Öz kemişimizdən, gələcəyimizdən danışa bilmirik, qorxurlar. Niyə belə zəlilləşmişik?! Tapındıqlarımız bizi zəlilləşdiriblər. “Şərq mahiyyətinin ən parlaq nümunəsi” olan Azərbaycan bu günə qalandan sonra Şərqdən sən nə gözləyirsən? Qəddi əyilmiş Şərq, beli sınmış Şərq. Şərqi yerdən qaldıran Asif Atadır. Dünya bilginləri qloballaşma deyilən hadisəylə millətçiliyi, dəyərləri məhv edirlər. Millətin dəyərlərini gözdən salırlar, özümlüyündən uzaqlaşdırırlar. Dəyərləri əlindən alınmış xalq itirə-itirə gəlir. Asif Ata ideyaları Şərqin mahiyyətini bərpa edir. Dəyərlərin yiyəsi kimi çıxış edir. Şərqdə despot hadisələri, saysız rəzalət baş verib. Bunu törədən səbəbləri aydınlaşdırmaq lazımdır. İnsan insanlığından ayrıldı ki, o rəzaləti törətdi. Bütün ömrünü güzərana verirsən, bəs nə vaxt yaşayacaqsan?! Çıxış yolunu Ata ideyalarında görürəm. Asif Ata Ocağına bütün varlığım qədər tapınıram. Onunla fəxr edək. Şərqi ənənələr, bəşəri ənənələr Ocaqda davam edir”.

Nurtəkin Atalı Ataya Səcdə edərək 34-cü il Günəş Ayından görülən işlərin hesabatını verdi. Ocaq tədbirlərinin ardıcıl keçirilməsi, insanların dəvət olunması, bu tədbirlərin kitablaşdırılması və s. əməllərin əhəmiyyətini vurğuladı. Atagün Elində “Atagün” Ailəsinin tədbirlərinə artıq daimi Ocaqsevərlərin gəlməsini də İnamın uğuru kimi qiymətləndirdi. Atagün Elində Günev Atalının İnam Evi tikməsinin, Məbədləşmənin Ocaq tarixində yeni mərhələ olduğunu söylədi. Ocaqçıların xalqlaşma əməllərini, xüsusilə Ocaq Yükümlüsü Soylu Atalının görüşlərini, Borçalı səfərini, ordakı Gənclər təşkilatı ilə görüşünü şərh elədi. Ocaq ənənələrinin gerçəkləşməsi halından danışarkən İnamçı Yasin Türksoyun babasına Ocaq qaydası ilə yas kuralları keçirilməsini vurğuladı. “Fikir Evi” səviyyəsində Nəsimiyə həsr olunmuş tədbirdə Ata ölçüsü ilə Nəsimilik mahiyyətinin açılmasını və bu tədbirin qəzet və xəbər portallarında işıqlandırılmasını qeyd etdi. Ocaq arxivi işinin ardıcıl olaraq davam etməsini də uğurlu əməl kimi dəyərləndirdi. Yasin Türksoyun İnam yönündən iş aparmasının, Ocaqla bağlı ədəbiyyatın kitabxanalara verilməsi işinin əhəmiyyətini dedi. Asif Atanın səsinin kasetlərdən yazıya köçürülməsi və bunun da nəticəsində “Ata səsi” kitabının başa gəlməsinin fərəhini vurğuladı.

İnamlı Atalı Ataya Səcdə edərək sözünə başladı: “Bayramlar çoxdur, Müstəqillik günü, Qurtuluş günü və s. Müstəqillik günü qeyd edirik, amma torpaqlarımızda savaş gedir. Bu gün Avropa bizim ruhumuzu işğal edib. Bugün Azərbaycan gəncliyinə nə göstərirsən, sevir, təki Avropadan gəlsin. Özününkünü köhnə sayır. Şərqilik bəşəriyyətdə ilk bayramdır. Asif Atanın yaratdığı bayramlar İnsana, İnsanlığa xidmət edir. İndiyə kimi olan bayramlar insanlığa xidmət etmir. Bildiyiniz kimi, bəşəriyyətin bayramları hər şeyə aiddir, insana yox… Vaxtilə Şərq öyrətmən olub, Qərb öyrənci. İndi isə Şərq Qərbin ən pis öyrəncisidir. Avropada ata var, atalıq yoxdur, ana var analıq yoxdur. Avropanın hansı dəyərləri var? Bizim belə dəyərlərimiz ola-ola niyə Avropaya ağız suyu axıtmalıyıq. Dəyərlərimizə hər tərəfdən hücum olur. Babək haqqında nələr demirlər, başqa dəyərlərimizi gözdən salırlar. Biz dəyərlərimizə yiyə dura bilmirik. Atanın sözü var ki, Azərbaycanı azərbaycanlılardan qorumaq lazımdır. Dəyərlərimizə yiyə durmalıyıq. Onda bizim də Avropa üçün qədir-qiymətimiz olacaq. Atamız var olsun!”

Sabir Yanardağ Asifçilikdə yüksək dərrakənin iş gördüyünü bildirdi. Sonra Babəki aşağılayanlara ismarıc sərgilədi: “Babək təkcə qəhrəman deyil, qəhrəman ideyaları həyata keçirmək deməkdi, o, həm də peyğəmbər idi, filosof idi”.

Tamella xanım fərqli söz söylədi. O, Avropanı öyrənməyin xeyrini vurğuladı. Avropaya yayılmaq, Avropanı öyrənmək millətimizə xeyirli ola bilər, Avropada öz millətini belə təmsil etməyin gərəkliyini dedi. Avropadan çox şeylər öyrənməliyik deyə sözünə davam etdi.

Soylu Atalı bu münasibətə yönəlik mövqe bildirdi: “Biz dediyimiz fikirlərimizi əsaslandırırıq. Asif Atanın dediyini, istəyini bilmək, öyrənmək gərəkdir. Avropaya Asif Atanın dəyərlərini, Azərbaycanın dəyərlərini öyrətsən, görəcəksən ki, Avropa yalındır, Avropadan öyrəniləsi bir şey yoxdur. Azərbaycanda iş aparırıq, bölgələri gəzirik, görüşlər keçiririk. Azərbaycanda ola-ola onun içində biz ruh yaradırıq, xilas yaradırıq, səcdəgah yaradırıq, qiblə yaradırıq. İnsanı mahiyyəti ilə, mənəviyyatı ilə üz-üzə qoyuruq. Avropaya ağız suyu axıdan adamlar Avropanın dəyərlərinin nədən ibarət olduğunu əslində düzgün bilmirlər. Onlar Avropanın hay-küyünü, demokratiya-filan onu bilirlər. Pulçuluqla mübarizə aparan ədiblərini, təfəkkür adamlarını bilmirlər. Küyə getmək olmaz. Dünyanı biz vahid götürürük…

Qloballaşmanı niyə qəbul etmirik? Qloballaşma dəyər deyil. Qloballaşma mənim milli dəyərlərimdən sıyrılıb çıxmağımdır, simamı itirməyimdir. Gərək ingilis kimi düşünəsən, alman kimi düşünəsən. Gəlin baxaq, görək hansı bir dəyərimiz həyat tərzimiz kimi mövcuddur. Heç bir keyfiyyətimiz. Biz kölgəyik, robotuq. Faciələri dərindən öyrənmək lazımdır. 70 yerə parçalanmışıq. Mudros müqaviləsini xatırlayın. Bakını vermişdilər, İstanbulu İİ Nikolaya vəd vermişdilər, həmin o Avropa, Rusiya, ingilis. Orta Doğu projesinin tələblərini xatırlayın. Güney Azərbaycanın haqqını, hüququnu dilə gətirən yoxdur. İranın eybəcərliyini görmür Avropa? Xocalını bilmirmi Avropa? Necə olur ki, yalançı erməni soyqırımı ilə təhdid edir Türkiyəni, amma Xocalını soyqırım kimi tanımır? Məsələyə dərindən yanaşmaq lazımdır və bizim ağrımızı dərindən duymaq lazımdır. Biz Avropaya müharibə elan etmirik. Sivilizasiya bizimlə başlasa da, görün nə günə qalmışıq. Param-parça olmuşuq. Almaniyanı niyə birləşdirdilər, Güneyi niyə birləşdirmədilər? Sərhədləri dəyişdirmək olmaz və s. necə olur bu? Hanı Şuşa? Hanı Kəlbəcər? Avropanın burada böyük sistemi işləyir. Bizim qovğamız rus xalqıyla deyil, rus siyasəti ilədir. Fransa deyilmidi, qanun qəbul etdi ki, kim soyqırım məsələsini inkar eləsə, həbs ediləcək. Demokratiyadan danışır. Zaman-zaman sovetlər qurulanda  da bolşeviklər bizə “xilas” gətirmişdi. Antitürk biriləri Bakıda antitürk dövlət qurmuşdular. Yaxşı təhlillər aparmaq lazımdır. Biz heç kimin yağısı deyilik…

Elçin bəy tədbirdə iştirakından məmnunluğunu bildirdi və Azərbaycandakı mövcud durumla bağlı fikirlərini bölüşdü.

Ocaq Yükümlüsü Ruhani hədiyyələri təqdim etdi. “Atagün”ün Ailə Günü toplantılarından ibarət kitab, Atanın səs kasetlərindən yazı halına salınmış kitab və Ocaq arxivini əhatə edən səs və görüntü diskləri.

Üstün Atalı “Şərqilik” Şərqisini oxudu. Günev Atalı “Şərqilik Bayramı üstə Mütləqlə Təması” dedi.

Ocaq Yükümlüsü Soylu Atalı Ata hökmünü çatdırdı: “Şərqləşin – Şərqləşdirin!”

Hamı: “Şərqə and olsun – Şərqiliyə xidmət edəcəyəm” dedi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” Səcdəsi ilə Bayram sona yetdi.

Bundan sonra çay süfrəsi ətrafında söhbətlər davam etdi. Gənc iştirakçılarla geniş fikir mübadiləsi aparıldı.

Ata Ayı, 34-il. Atakənd.

(sentyabr, 2012. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir