Xəbərlər

Nurtəkin Atalı. Ocağın Asif Atadan sonrakı dönəmdə ruhsal quruculuğu (I hissə)

Nurtəkin AtalıRuhsal quruculuq çətinliklər aşmaqla başa gəlir. Çünkü öncə insanın öz ruhunu yaratması gərəkdir. Özüylədöyüş ideyasının gerçəkləşməsi və Ocaqçının kamilliyə yetməsi əsas aşamadır. Ömür özümləşdikcə əməllər də əsilləşir. Bu əməllər insanlığa, milliliyə, bəşəriliyə qulluq edir. Yurdumuzda milliliyə qarşı atılan addımlar toplumu mənəvi aşınmaya uğradır. Bu cür özgələşdirmələrə qarşı dirənən tək qüvvə Mütləqə İnam Ocağıdır. Asif Atanın “İnsanlaşın – İnsanlaşdırın!” çağırışını ruhsal aqibətə çevirən Ocaqçılar ruhsal əməlləri ilə ruhaniyyat ilsırası (tarixi) yazırlar.
Asif Atanın sağlığında durum fərqli idi. Atanın halı, düşüncəsi, yönətimi ilə yaşayırdı Ocaq. Evladlar da hər şeyə Atanın tələbində, Atanın ortamında baxırdılar. Qəzetlərdə Atanın yazıları çap olunurdu, ara-sıra Evladlar görüşlər keçirirdi. Ancaq yetkin hal, bağımsız əməllər,  təşəbbüslər yox idi. Atanın ölümündən sonrakı çətin çağlarda Soylu Atalı Ocağın yaşaması, davam eləməsi üçün bir sıra əməllərə başladı. Bu əməllərin birincisi – Asif Atanın 45 Bitiyini (kitabını) toplayıb hazırlamaq oldu.

 Bitiqlər çap halında deyildi. Heç kimdə Bitiqlərin bütöv nüsxəsi yox idi. Bəziləri əlyazma halındaydı. Bu Bitiqlərin itib-batma qorxusu vardı. Onları bir yerə yığmaq, bir neçə ünvanda olmasını təmin etmək gərək idi. Soylu Atalı çap makinası aldı, bir neçə Ocaqçını bu işə cəlb edib, Ata Bitiqlərinin makinada (hər biri ən azı 5 nüsxədə) tam şəkildə yazılaraq ayrı-ayrı ünvanda olmasını təmin etdi. Soylu Atalı bu bitiqləri əl üsulu ilə üzləyərək Evladlara payladı. Bilgisayarda Ata Bitiqlərinin yığılması və çapı isə sonrakı çağlarda oldu. Bilgisayarda yığmaq, yoxlamaq, üzlətmək işlərini əsasən Göylü və Nurtəkin Atalılar yerinə yetirdilər. Asif Atanın 45 Bitiyi məzmununa görə 10 əsas, 3 Yan Bitiqlərdə toplandı. Bu bitiqlər həm latın, həm də Ocaq-türk abe’sində hazırlanıb üzləndi. Ocaq-türk abe’si də Asif Atadan sonrakı dönəmdə hazırlanmışdır. Asif Atanın “yeni ulusal abe yaranmalıdır” fikrini əsas tutaraq, ixtisasca filoloq olan keçmiş bir Ocaqçı (İnamnur) ciddi əmək qoyub ləyaqətli addım atmışdır. O, Orxon-Yenisey abe’si əsasında yeni Ocaq-türk abe’si hazırlamışdır.

bitiqler

Bir neçə Ocaqçının evinə bu bitiqlərin qəbul olunması isə “Qutsal Onluğun qəbul törəni” şəklində həyata keçirildi. Bu törən Soylu Atalının ideyasıdır. Bu ideyanın gerçəkləşməsini də özü həyata keçirdi.

Asif Atanın son illərdə bir neçə bitiyi hazırlanmış, çap edilmişdir.

“Uluyurd Aqibəti – Bütöv Azərbaycan” bitiyi (Ulusəs Atalının yatırımı ilə), V – “Fəlsəfənin Təməli”, VIII – “Özüllər Özülü”, IX – “İçdən yaranma”, X – “Hüquqdan Haqqa”, II Yan Bitiq – “Yollaşan Aqibət” Bitiqləri (Soylu, Güntay, Göylü Atalıların yatırımı ilə) basılmış, kitab evlərinə paylanmışdır. Bəzi bitiqlərin sunulma tədbirləri də olmuşdur. Kitab klubunda Ocaqsevərlərlə tədbir keçirilmiş, “Yollaşan Aqibət” Bitiyi sunulmuş, televiziyalarda və qəzetlərdə yayınlanmışdı. Bu tədbirin təşkilatçılıq işini Göylü Atalı yerinə yetirmişdi. Bundan başqa Quba yerli televiziyasında Soylu Atalının və Ocaqdostu Ağşın Ağkəmərlinin qatqısı ilə veriliş hazırlanmış, həm bitiq sunulmuş, həm də bitiqdəki Ocaq ideyaları, o cümlədən muğam fəlsəfəsi dəyərləndirilmişdir.

Asif Atanın görüşlərində, tədbirlərdə yazılmış səs kasetləri Evladlar tərəfindən yazıya çevrilmiş, Göylü və Nurtəkin Atalıların bilgisayarda işləməsi və Soylu Atalının redaktorluğu sonucunda “Ata Səsi” Bitiyi yaranmışdır.

 Bitiq həm latın, həm də Ocaq-türk abe’sində hazırlanmışdır.

Asif Atanın ədəbi tənqid yönündə yazdığı “İnam və Şübhə” bitiyi Göylü Atalı tərəfindən bilgisayarda yazılmış, bitiq şəklində (hər iki abe’də) Ocağın arxivinə verilmişdir.

Bundan başqa Soylu Atalının hazırladığı “Türkdən başlayan yeni Bəşər İnamı” adlı bitiq Ocaqdostu İlqar Türkoğlunun yatırımı ilə basılmışdır. Bu kitab Asif Ata İnamı, ideyaları haqqında yığcam bilgi  sərgiləyir. Azərbaycan və Türkiyə türkcələrində basılmış bitiq həmçinin Türkiyədə yayılmışdır.

Atanın çağında basın yayınlarında yalnız Atanın yazıları çap olunurdu. Atanın Azərbaycanın və dünyanın durumu ilə bağlı yazılarını o zamankı qəzetlər çox böyük həvəslə çap edirdilər.  Atadan sonrakı dövrdə bir müddət bu sıradan boşluq oldu. Göylü Atalının basınla bağlantı qurub işləməsi o zamandan başladı. Soylu Atalının yazıları çap olunmağa başladı. Sonra Soylu Atalının yazılarını Nurtəkin, Göylü və Üstün Atalılar qəzetlərdə çap etdirməyə başladılar. Beləliklə, Atadan sonra yaranan boşluq bəlli bir səviyyədə aradan qalxmağa başladı. Həm də yeni maraq yaranırdı. Çünkü hər kəs gözləyirdi ki, Asif Atanın ölümü ilə Ocaq bir qurum olaraq dayanacaq. Ancaq Ocaqçıların ardıcıl görüşlər keçirməsi, bölgələrə səfərlər etməsi, qəzetlərdə Soylu Atalının və Asif Atanın  yazılarını çap etdirməsi, Ocaq tədbirlərinə jurnalistlərin dəvət olunması və tədbirlər haqqında yazıların qəzetlərdə çıxması Ocaq haqqındakı bu təsəvvürləri yanıltdı. Ocaq bir qurum olaraq yaşayır, bundan sonra da yaşayacaqdır.

Asif Atanın Ocaqçılar qarşısında qoyduğu tələblərdən biri də Xalqlaşma əməlidir. “Öyrəndiyin qədər öyrətməlisən” deyirdi Ata. Bu tələb Ocaq Yükümlüsü tərəfindən bu günə qədər qorunub həyata keçirilir. Atadan sonrakı dönəmdə ilk xalqlaşma əməlləri Bakı və Sumqayıt şəhərlərində – orta və yüksək oxullarda həyata keçirildi. Nurtəkin və Göylü Atalıların Soylu Atalıya görüş təşkil etmələri ilə bu işlər daim genişləndi.

O zaman hər döyülən qapı Ocaqçıların üzünə asanlıqla açılmırdı. Bəzi oxul rəhbərləri Asif Atanı tanıdıqlarından, ya da gəlişin məqsədinin Azərbaycançılığa, yurdçuluğa, millətçiliyə, insançılığa qulluq etməsinə inandıqdan sonra görüşün keçirilməsinə izin verirdilər. Bəziləri isə Ocağın rəsmi qurum olmamasından, təhsil şöbələrinin bu kimi görüşlərə izin verməməsindən dolayı görüşlərə qapı açmaqdan çəkinirdilər. Ancaq keçirilən görüşlərdə öyrəncilərin və öyrətmənlərin heyrəti, marağı Soylu Atalının yenidən o oxullarda görüş keçirməsi ilə sonuclanırdı. Məsələn, Sumqayıtda bir oxulda Fikir Evi (Hər görüşdə Mütləqə İnam Dünyabaxışının bir ideyasının açılması) oxul rəhbərinin istəyi və təşəbbüsü ilə baş tutdu. O görüşlərdə öyrəncilərə paylanılan günsıralar, Ocaq abe’si, üzü artırılmış qəzetlərdə çıxan yazılar, Atanın üzü artırılmış yazıları və bitiqləri Ocaqçıların öz  maddi xərclərilə başa gətirdikləri əməllər idi.

Görüşlər bölgələrə yayılmağa başladı.

20151111_093147

Azərbaycanın 45-dən çox bölgəsinə səfərlər edildi. Bəzi bölgələrə bir neçə dəfə səfərlər oldu. Heç bir ünvanı öncədən tanımadan avtobusdan, ya qatardan düşərək birbaşa oxullara, Kitab evlərinə,  Mədəniyyət evlərinə gedən Ocaqçılar ya kütləvi, ya da bireysəl görüşlər keçirir, Ata ideyalarını izhar edirdilər. Görüşləri Soylu Atalı keçirirdi. Sonradan o, Nurtəkin və Göylüyə “müstəqilləşin, siz də görüş keçirməlisiniz” dedi. Bundan sonra Nurtəkin və Göylü Atalılar bölgələrdə, eləcə də Sumqayıt və Bakı oxullarında görüşlər keçirdilər. Bəzən isə Ocaqçılar yaxın bölgələrə bir günlük səfər ediblər. Məsələn, elə olub ki, Göylü Atalı səhər tezdən Şamaxı bölgəsinə getmiş, oxulda görüş keçirmiş, kitab evinə Ocaq ədəbiyyatı vermiş, həmin gün Bakıya qayıtmışdır. Nurtəkin Atalının Sabirabad və Quba bölgələrinə də bu cür qısa vaxt içrə səfərləri olmuşdur.

Bəzi bölgələrə səfər edərkən həmin bölgənin yerli televiziyasında da çıxışlar olmuşdu. Mingəçevir, Quba, Yevlax, Qazax, Gəncə televiziyalarında Soylu Atalı ilə müsahibələr təşkil olunmuş və efirə verilmişdi.

SAM_1029

Asif Atanın Bitiqləri basıldıqca bölgələrdəki Kitab Evlərinə də bağışlanıbdı.

Bölgələrə səfərlərdə yerli yazarlarla dönə-dönə görüşlər keçirilmişdir. Bir neçə yol Quba və Şabran bölgələrinin yazarları ilə Soylu Atalı görüşlər keçirib onlara Amal sorağı vermiş, Ocaq ədəbiyyatları bağışlamışdır.

Son çağlar İnamlı Atalı Bakıda və bölgələrdəki oxullarda Soylu Atalı ilə dönə-dönə görüşlər təşkil eləmişdir. Onun Laçın, Cəbrayıl bölgələrinin Bakıdakı oxullarında Soylu Atalıya təşkil etdiyi görüşlərdə onlarla öyrəncilərə Amal haqqında, Azərbaycanın mahiyyəti haqqında söhbətlər edilmiş, Ocaq ədəbiyyatları bağışlanmışdır. Sabirabad, Biləsuvar bölgələrində də Soylu Atalının təkrar görüşləri İnamlının təşkilatçılığı ilə baş tutmuşdur.

Son üç ildə Üstün Atalı Azərbaycanın bir sıra bölgələrinə səfərlər etmişdir. Üst-üstə 23 bölgəyə səfərində o, Mədəniyyət evlərinə, Kitab evlərinə, Gənclər mərkəzinə, muzeylərə və s. yerlərə gedərək Amal sorağı vermiş, Ocaq ədəbiyyatları bağışlamışdır.

Bundan başqa Göylü və Nurtəkin Atalıların ayrı-ayrı çağlarda Türkiyəyə səfərləri olmuşdur. Görüşdükləri insanlara Ocaq sorağı vermiş, Ocaq ədəbiyyatı bağışlamışlar.

Atagün Elində (Beyləqan) Günev Atalının Ocaq yönündən çalışması ayrıca bir səhifədir. Ocağın 33-cü ilində orda “Atagün” Ailəsi yaranmışdır. Hər ay Soylu Atalının və başqa Evladların oraya səfəri, “Ailə Günü” keçirmələri, Ocaqdostlarının yaranması və tədbirlərə qatılması özünəxas bir hal yaratmışdır.

IMG_2340

Ayrı-ayrı çağlarda Ocaq dostları ilə Atagün Elinə və yaxın bölgələrə səfərlər olmuşdur. Günev Atalının dediyinə görə, Atagün Eli, Ağcabədi, Füzuli bölgələrində Asif Atanı yaxşı tanıyırlar. Amaldaşı Elana Atalı ilə birgə bölgələrə səfər edərkən, istər yas məclislərində, toy tədbirlərində, ya da Ata haqqında bilmək istəyən insanlarla görüşdə Mütləqə İnam Dünyabaxışı izhar edilmiş, ordakılara Ocaq ədəbiyyatları bağışlanmışdır.

Günev Atalı Amaldaşlarına söykənib yaşadığı köydə Ocaq memarlığına uyğun Məbəd tikintisini həyata keçirmişdir. Asif Atanın ilk dəfə basdırıldığı bağda Məbədin tikintisi hələ başa çatmasa da, ümumi quruluşu görənlərdə maraq yaradır.

Ümumən Ocaqçıların bir bölgəyə deyil, bir neçə bölgəyə eyni çağda səfərləri də az olmamışdır. Məsələn, 29-cu ildə Soylu, Göylü, Nurtəkin Atalılar Ağsu, Göyçay, Ucar, Mingəçevir bölgələrinə səfər edərkən dörd görüş Ağsuda, biri Göyçayda, dördü Ucarda, doqquz görüş Mingəçevirdə keçirmişlər. Bu səfərdə Soylu Atalının Mingəçevir televiziyasına müsahibəsi də olmuşdur. Eləcə də 33-cü ildə Soylu, İnamlı, Nurtəkin, Göylü Atalıların qatarla Ağstafa, Tovuz, Qazax bölgələrinə səfərləri olmuşdur. Səhər qatardan düşən kimi Ağstafa oxulunda Soylu Atalının görüşü keçirildi. Göylü Atalı isə Tovuz şəhərində oxulda görüş keçirmişdi. Ocaqçılar Qazax bölgəsinin Kitab Evində də görüş keçirdilər. Adı çəkilən bölgənin Kitab evinə Ocaq ədəbiyyatları bağışlanmışdır.

36-cı ildə Ocaqdostu İlham Mustafanın maşını ilə Soylu, Göylü və İnamlı Atalılar Sabirabad bölgəsinə səfər eləmiş, beş ünvanda görüş keçirmiş, öyrəncilərə Amal sorağı vermiş, Ocaq ədəbiyyatları bağışlamışlar.

Bölgələrə gedərkən Ocaqçıların tez-tez qarşılaşdığı sorulardan biri də “sizi kim maliyyələşdirir?” sorğusudur. Toplumumuz o qədər yad təbliğatlarla qarşılaşmışlar ki, yurdumuzda insanların boğazlarından kəsib fədakarlıq edərək, böyük işlər görməsini təəccüblə qarşılayırlar. Onlara dediyimiz söz: – axı hansı qıraq qüvvə bizi maliyyələşdirər ki, milli dəyərlərinizi təbliğ edin?! Hər cür yadlıqlara qarşı sistemli ideya gücü olan Mütləqə İnam dünyabaxışını soydaşlarımıza söyləməyi qıraqdan kim istəyər ki?! Təbii ki, heç bir qüvvə bunu etməz. Yalnız özündən keçən, millətinə bağlı olan, millətinin sabahını düşünən insanlar bunu edə bilər. Ocaq bu cür insanları yetirən bir dünyadır. Heç kimin maliyyəsindən asılı olmayan, ləyaqətli, qeyrətli, sədaqətli Evladlar birliyidir.

… Güney Azərbaycandan gələnlərlə də ayrı-ayrı çağlarda Soylu Atalının görüşləri keçirilmişdir. Eləcə də Kərkükdən gələnlərlə, başqa ölkələrdə yaşayan güneylilərdən Bakıya gələnlərlə çağaşırı Soylu Atalı görüşlər keçirmiş, “çıxış yolu nədir, gələcəyə baxış necə olmalıdır, necə qurulmalıyıq” yönündə söhbətlər aparmışdır.

Həmçinin Azərbaycan Dövlət radiosunun “Güney Azərbaycan” radiosunda, eləcə də Azərbaycan radyosunun başqa kanallarında Soylu Atalının ardıcıl çıxışları, müsahibələri efirə verilmişdir. Günaz TV-də Soylu Atalı ilə müsahibələr təşkil olunmuş, Ocaq ideyalarının açımı ilə bağlı verilişlər hazırlanmışdır.

Asif Atanın “Olan və Olmayan” bitiyində belə bir fikri var: “Ata Fəlsəfəsi” sözündə inadkar bir niyyət də yaşayır: Ata Fəlsəfəsinin Övladlar Fəlsəfəsinə çevrilməsi!”. Asif Atadan sonrakı dönəmdə Evladların özüylədöyüş əsasında özlərini yaratması, ruhsal əməlləri onların da bitiqlərinin yazılmasını ortaya çıxardı.

 Belə ki, Soylu Atalının 3 bitiyi – “İnamçı Harayı”, “İnam sorağında” və “İnsanlığın İnam Yolu” kitabları çap edilmiş, iki kitabı da çapa hazırlanmışdır. Nurtəkin Atalının “Heyrətimin inciləri”, Günev Atalının “İnamlı illərimin harayı”, Ulusəs Atalının “Sabahlı İnamım” bitiqləri də basılıb Kitab evlərinə sunuldu, Ocaq ədəbiyyatı kimi görüşlərdə bağışlanıldı. Bunların hər biri ayrıca olaydır.

Bitiqlər Evlad düşüncəsinin, halının, heyrətinin, inamının ifadəsidir.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir