Xəbərlər

Nurtəkin Atalı. Ocağın Asif Atadan sonrakı dönəmdə ruhsal quruculuğu (II hissə)

IMG_3572Yeni törənlərin yaranması

Asif Ata Ocaq Bayramlarının məzmununu və anlamını yazsa da, onun sağlığında bu bayramlar keçirilməmişdi. 20-ci ildən başlayaraq, Soylu Atalının yazdığı ideya-təşəbbüsü əsasında ilk dəfə “İnsanilik” Bayramı Ceyranbatan gölünün qırağındakı meşə zolağında – təbiət qoynunda keçirildi. Bayram öncəsi tonqal yandırıldı, tonqal yörəsində söz deyildi. Sonra gedişə uyğun olaraq, Ocaqçılar və Ocaq dostları Bayram qonuları üstə söz dedilər. Bu günə qədər də Bayramlar davam edir. Yalnız Bakıda deyil, Tovuz, Quba, Şəmkir, Atagün Eli, İsmayıllı bölgələrində də yerli insanların qatqısı ilə keçirilən bayramlar məzmununa və gedişinə görə  qıraqdakılarda maraq doğurmuşdu.

Yeni törənlərdən biri də “İnam Evi günü” törənidir. “İnam Evi Günü” törəni Soylu Atalının ideyası və təşəbbüsü ilə gerçəkləşmişdir.

 Nə məsciddə, nə kilsədə insan insanlığına çata bilmir. Özünü yarada bilmir, öz içsəl olanaqlarını (imkanlarını) üzə çıxara bilmir. Din yaşayır, insan yaşamır. Din yaşayır, millət köhnəlir. İnam Evi isə insanın, millətin ruhsal varolma olanağıdır. İnsan yaradır, davam edir, özünəxaslığını qoruyur, bireysəl keyfiyyətlərini yaradıb millətində yaşadır. Millət də bireysəl keyfiyyətlər üzərində davam edir, özünəxaslığını, bənzərsiz­liyini qoruyur. “İnam Evi Günü” törənində bu yöndə qonulardan danışılır, milli varolma yolları göstərilir. Soylu Atalının fikri ilə desək, “İnam Evinin məzmunu milli-insani qurtuluş məsələsidir”.

IMG_3688

Asif Atanı öyrənmək, öyrətmək açısından Göylü Atalının təşəbbüsü ilə Amallaşma-Doğmalaşma Günü “Qutsal Öyrənim Günü” tədbirləri kimi keçirilməyə başlayıb. Bu tədbirlərdə Atanın hansısa Bitiyi ardıcıl bölmə-bölmə öyrənilib danışılır, danışana, ya da Ocağın Yükümlüsünə sorğular verilir, araşdırılır.

Beşikbaşı və Yas quralı

Asif Atanın sağlığında Yas quralı tətbiq edilməmişdi. Evladlar ailə qurarkən Beşikbaşı törəni isə Atanın uğurlaması və onlara verdiyi Ruhsal sənədlə keçirilməyə başlamışdı. Asif Ata öləndə Ocaqçıların əlində Ocağaxas Yas quralı yox idi. Soylu Atalı yas quralı yönündə ilk gediş yazısını Asif Ata ölərkən yazdı və Ocaqda bu quralla Asif Ata torpağa basdırıldı. Asif Atadan sonra yas və evlənmə qurallarının bitiq (kitab) şəklində yazılması zəruriliyi ortaya çıxdı. Hər iki qural bitiyini Soylu Atalı yazdı və bu qurallar bitiq şəklində basılaraq (hər iki abe’də – həm latın, həm Ocaq-türk abe`sində) Ocaqçılara, Ocaq tədbirlərinə gələn dostlara sunuldu, eləcə də Kitab evlərinə verildi, ayrı-ayrı adamlara bağışlanıldı.

Ocaqçıların yaxınlarının və ya Ocaq dostlarının ölümü ilə bağlı Ocaqçılar bu yas qurallarını həyata keçirirlər. İstər Bakıda, Sumqayıtda, istərsə də bölgələrdə keçirilən bu qurallar yurdumuzdakı yad gələnəklərə qarşı dirənişdir. Bu tədbirlərdə insana dəyər verilməsi, millilik və İnsançılıq yönündə söhbətlər aparılması xalqın ruhuna doğma olduğuna görə insanlar sevgi və doğmalıqla qarşılayır.

SAM_9975

Beşikbaşı törənlərinin də keçirilməsi xüsusi olaydır. Ailə quran gənclərə beşik bağışlanması, onlara Ata Bitiyinin həm latın, həm Ocaq-türk abe’sində bağışlanması, Ocaq Yükümlüsünün Ailəyə uğurlaması, Ailə məzmunu, Ailəyə yanaşma haqqında söhbətlər hər zaman maraq və heyrətlə qarşılanmışdır.

IMG_9458

Daha bir Ocaq ədəbiyyatı da yazılıb basılır – hər il buraxılan “Özəl Buraxılış” görüşlərdə bağışlanmaq üçün xüsusi önəm daşıyır. Buraxılış Ocaq haqqında qısa bilgi, ayrı-ayrı milli-insani qonularda Ocaqçıların baxışlarını özündə əks etdirir. 37-ci ildə isə “İnam Evi” adlı jurnalın buraxılması gündəliyə gəldi. Bu jurnalda həm Ocaqçıların, həm klassik, həm də çağdaş araşdırmaçı, ədəbiyyatçı, milli dəyərlərlə uğraşan insanların yazıları verilmişdir.

Hər il basılan Günsıra (təqvim) vizitləri də görüşlərdə paylanır və maraq yaradır. Ocağa xas olaraq ayların, günlərin adının milliləşdirilməsi hər zaman başqalarında maraq və doğmalıq duyğusu yaradıb. Çünkü hər bir dəyərin öz dilində, öz abendə olması qürurvericidir.

Günsıra Günsıra 1

Ocaq tədbirlərində Ocaq bayrağı asılır. Asif Atanın şəkli olan bu bayraq Ocaqçılar tərəfindən sayğı ilə qarşılanıb, tədbir bitdikdən sonra da sayğı ilə götürülür. Asif Atanın sağlığında əllə hazırlanmış 2 bayraq vardı. İndi İnam Evində, Atagün Elində və başqa Ocaqçıların evlərində yeni üsulla basılmış Ocaq Bayrağı vardır.

Ocağın ruhsal Ailələri – “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələri hər ay Ailə günləri keçirir, Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı verir, bu tədbirlərə qonaqlar çağırırlar. Bu da Ocaq yayıcılığı baxımından gərəklidir. Keçirilən hər bir Ocaq tədbiri, istər görüntüsü, istər fotoşəkli, arxiv şəklində yığılır, qorunub saxlanılır. Bu işlə əsasən Göylü və Nurtəkin Atalılar uğraşır. Bundan başqa hər bir Ocaq tədbirinin səsdən yazıya köçürülməsi, bitiq şəklində hazırlanıb Ocağa sunulması da Ruhaniyyat ilsırası (tarixi) üçün qiymətlidir. Bu tədbirlərin yazı halına gəlməsində Nurtəkin, Göylü, Üstün, Türkel və Ulunur Atalıların əməyi xüsusidir. Ocaq Yükümlüsü isə Ocaqla bağlı hər bir yazını, bitiyi tərtib edir, ön söz yazır, redaktə edir və onun bir əməl kimi gerçəkləşməsinə nəzarət edir.

Göylü Atalının əməllərindən biri də Ata ömrü, Ocaq ideyaları, Soylu Atalının əsərləri üstə hazırladığı filmlərdir. Soylu Atalının senarisi ilə yazıdığı bu filmlərin hazırlanması Ata haqqında, Ocaq haqqında ümumi təsəvvür və baxış yaradır.

Soylu Atalının “Azərbaycanın fəlakətlərindən dərs götürək” rubrikası altında təşkil etdiyi millətçi aydınlarla söhbətləri həm Ocaq ideyalarının, həm də milli dərdlərimizin açımı və çıxış yollarının ifadəsi baxımından çox dəyərlidir. Türkmənçay bağlaşması, Türk ulusunun sorunları, milli dəyərlər, Asif Ata dünyabaxışının açılması yönündə olan bu söhbətlər eyitim xarakteri daşıyır. Bu söhbətlərdən hazırlanmış bitiqlər dəyərlidir. Bu söhbətlərin davamı olaraq Soylu Atalının yaratdığı Türkel Araşdırma Qurumunun söhbətləri də bu məzmundadır. Güney Azərbaycandakı prosesləri araşdırmaq, Babək, Ş.İ.Xətai haqqında söhbətlər, yeni millətçiliyin başlamasının gərəkliyi haqqında açımlar bu günümüzdə çox aktualdır. Bu dialoqlardan iki üzdə (cilddə) hazırlanmış “Özgürlüyümüz – Bütövlüyümüz – Bağımsızlığımız” bitiyi də Ocaq Yükümlüsünün tərtibatı, redaktəsi, Göylü və Nurtəkin Atalıların bilgisayar işi ilə hazırlanıb araya gətirildi.

Atadan sonrakı dönəmin Ocaq əməlləri sonsuzdur. Bunların hamısını bu yazıda vurğulamaq mümkün deyil. Ancaq hər bir əməlin başlanğıcından sonuna qədər ciddi nizam və quruculuq var. Hər bir ruhsal əməlin arxasında gərgin əmək, sevgi, doğmalıq dayanır. Hər bir əməlin arxasında Ocaqçı aşiqliyi dayanır. Hər bir əməl çətinliklə başa gəlsə də sonucu fərəhdir. Çünkü yüksək niyyətə, məqsədə qulluq edir. Bu əməllər Atanın qarşısında sorumluluq yaşadır. Bu sorumluluq Ocaqçı üçün qanaddır – daha yüksək zirvələri fəth etmək inamı, inadı və eşqidir.

Atamız Var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir