Xəbərlər

Qutsal “Ailə Günü” Törənində deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

Qutsal “Ailə Günü” Törənində deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 38-ci ildə (fevral, 2017) İnam Evində qutsal Ailə Günü”  Törəni keçirildi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Müqəddəs Günümüzə başlayırıq. 38-ci ilimizin “Ailə Günü” mərasimində Ataya səcdə ilə sözə başlayıram.
Müqəddəs Ocaq mərasimində Sabahlı, Bağban, Amaltay bizimlədir! Onların adına ayağa dururuq. Onları özümüzlə Ocaqda bilirik.

Mərasimimiz 38-ci ilin sonuncu mərasimidir. Sonuncu mərasimimiz “Ailə Günü” adlanır. İlk dəfə Ocaqda Ruhsal Ailənin yarandığı günün bayramlaşması, törənləşməsi günüdür. “Ailə Günü”müzü başlamazdan öncə bir neçə kəlmə xatırlatma istəyirəm eləyəm.
Dünya üzüaşağı gedir, Ocaq üzüyuxarı gedir. Ocaqçılar ürəyində güc, ağlında yetərlilik duymalı, üzüyuxarı gedişini qorumalıdır. Mərasimlər haray ünvanıdır. Ocaqçı nə qədər dünyanın mənasıyla dolursa, nə qədər yetkinləşirsə, bir o qədər qətiyyəti də artır, hünəri də artır, vüqarı da. Ocaqçı nə qədər yerində sayırsa, toplumçuluğa qarışır, bulaşırsa, toplumçuluq qaranlığının, yalanlarının içində özünü gizləyirsə, bir o qədər onun halı dünyaya söz deməyəcək. Ona görə də özündə güc yaratmalıdır Ocaqçı. Özündə güc yaratmadan toplum yalanlarından ayrıla bilməyə­cəksən.
Heç nə Ocağın yerişinə əngəl ola bilməz. Heç nə, heç kim! Hansı yolu seçmişik, hansı uğurları yetirməliyik?! Asif Atanın Ocağına heç birimiz gün yubatmağa gəlməmişik. Böyük zirvələr aşmağa gəlmişik. Böyük zirvələr aşdıqca dünyanın taqəti artacaq. Çünkü dünyanın taqəti bizim mənəvi gücümüzdən yaranır. Bizim dizimizdə güc olduqca, dünyanın taqəti yaranacaq. Dünya Ocaqdan başlayır, hər mənada.
İndi isə gələnəksəl olaraq Ocağımıza Evlad götürülməsi olayıyla başlayırıq. Mən “qəbul” sözünü işlətmirəm, Ocağa Evlad götürülməsi. Ocağımıza 38-ci ildə iki Evlad götürülüb. Bunların hər ikisi özünün ürəyinin çağırışıyla gəlib. Özəllikcə Ötgün özünün ürəyinin çağırışıyla gəlib. Ömürtayın da içindən keçənləri biz demişik, gəlib.
Biz Ötgünü Ocağa götürmüşük, ancaq Ocaqçılara sunulmayıb. Həmişə Ocağa Evlad gələndə birinci Atanın qarşısında olur, Ata onu Ocağa Evlad götürəndən sonra Ocaq mərasimlərinin birində bütün Ocağa sunur. (İndi Atanın qarşısı Ocaqdır). Qurallarımızı yerinə yetirməliyik.

 

(Ötgünün, Ömürtayın Ocağa götürülməsi törəni yerinə yetirildi – G.A.)

 Atanın sağlığında belə bir gələnəyimiz yox idi. Ancaq Atadan sonra biz özümüz belə düşündük, Ocağa bundan sonra Evlad gələndə Ocaq ona Qutsal Bitiqləri hədiyyə etsin. Yeni Ocaqçıların əlində Atanın bütün Bitiqləri olsun. Onlar onu indidən oxumağa, öyrənməyə başlasınlar. Bax, Ocaq Yükümlüsü olaraq mənim, Soylunun bu istəyini, bu tələbini qardaşımız Güntay heç yadından çıxarmayıb. Güntay bunu mənə xatırlatdı, günlərin bir günü bu kitabları amaldaşı Nurtəkinlə birgə hazırladı. Özü həm kağız alıb, həm printer təşkil edib, Nurtəkin zəhmətini çəkib, özü də onu üzlədib. Az xərc də deyil. İndi isə Güntay o kitabları gətirib Bayrağımızın qarşısında Amaldaşlarına, qardaşlarına hədiyyə eləsin.

 Güntay Atalı: Nurtəkin, gəl ikimiz də hədiyyə edək.

Soylu Atalı: Gəl, Nurtəkin, ikinizin də haqqınız var.
Siz də bura gəlin (Ötgünlə Ömürtaya üz tutur – G.A).

 

Nurtəkin Atalı: Ötgün Ocağa gələndə deyirdi, mənə Ata kitabları gərəkdir. Dünənə qədər də soruşub mənə nə vaxt veriləcək. Yəni o istəyirdi Ata kitabları onda olsun. Düzdür, elektron variantı var idi, oxuyurdu, ancaq çox istəyirdi Atanın Bitiqləri onda olsun. Mən də dedim, qoy bu ona sürpriz olsun. Mənə elə gəlir, bu sürpriz sənin ürəyincə oldu. Mən inanıram, bu kitablar sənə çox şey verəcək. Eləcə də Ömürtaya.

Ötgün Atalı: Hə, böyük hədiyyədir, sağ olun. Minnətdaram.

 

Güntay Atalı: Mən də bu Bitiqləri Ömürtay qardaşıma sunuram. Bu, doğrudan da, böyük bir irsdir. Xalqımızın, hər kəsin evində olmalıdır. Necə müsəlmanların evində Quran var, zaman-zaman onarın hamısı əvəz olunacaq bu kitablarla, Atanın fəlsəfəsiylə. Böyük dəyərdir. Sevincimin həddi-hüdudu yoxdur.

 Soylu Atalı: Deməli, bu Bitiqlər bir variantdır. Bildiyiniz kimi latın abesindəki variantdır. Oxusunlar deyə. Ancaq bunun türk abesindəki variantını da hazırlayırsınız. Sonra evinizə “Qutsal Bitiqlərin Götürülməsi törəni” keirəcəyik. Ocaqçılardan kimlərin vaxtı olar o, Ocaqsevərlərdən 3-5 adam, kimin vaxtı olarsa. Bir mərasim keçiririk, sizin evinizdə. Yaxın gələcəkdə nə vaxt istəyərsiniz hazırlayarsınız. Hər ikisi hazır olsun. Bunlar köynəyin içində olacaq. Başa salacağıq. O sizin evinizdən heç yana çıxmayacaq. Oxuyan da orda oxuyacaq. Bu, evinizdə öz əlinizin altında olacaq. Buyurun, əyləşin.
İndi isə Ocağımızın, yenə də, gələnəklərinə uyğun olaraq təqdir bəlgələrini sunuram.

 

Mütləqim, Müqəddəsim, peyğəmbərim
Asif Ataya – İnam Ataya səcdə ilə!

 Ruhsal Bəlgə

Asif Ata Evladı Nurtəkinin ruhsal təşkilatçılıq hünəri – Ocaq ədəbiyyatlarını hazırlaması; tədbirləri yazıya çevirməsi, düzəltməsi; saytları işlətməsi; görüş təşkil eləməsi; amaldaşlarına qurucu diqqət ayırması təqdir olunur!
Uğurlarını Xalqlaşma əməlləri ilə davam elə!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

6 Köçəri Ayı, 38-ci il. Saray-Soylu.

Səni qutlayıram. Çox böyük hünər göstərirsən. Ocağı, doğrudan da, ömrünə çevirə bilmisən. Asif Atanın çağında, 18-ci ildən Nurtəkin Ocağa gəlib, sözün doğru anlamında Ocaqlaşdı. Hünəri də Ocaq hünəridir, İdrakı da Ocaq idrakıdr, sevinci, fərəhi də Ocaq sevinci, fərəhidir. Qətiyyəti də, yaşamı da bütünlüklə Ocaqdır. Bu, böyük göstəricidir, ancaq hər şey deyil. Hünər, qüdrət davam edir, daim aşkarlanır, aşkarlanmalıdır. Ocağa çox qızlar gəlib-gedib. Ancaq hər kəs belə bir aqibətə yetməyib. Onlar Ocaqdan çıxıblar.
Təbrik edirəm.
Hər kəsin haqqı var, hər kəsin yolu var – Ocağa yiyə çıxsın.

(Ocaq Yükümlüsü Ruhsal Bəlgəni Nurtəkinə sunur, Nurtəkin Ataya səcdə edib Bayrağı öpür – G.A).

Mütləqim, Müqəddəsim, peyğəmbərim
Asif Ataya – İnam Ataya səcdə ilə!

 Ruhsal Bəlgə

Asif Ata Evladı Güntayın ruhsal təşkilatçılıq hünəri – Ocaq ədəbiyyatlarını hazırlaması; Ocaq üçün çağaşırı gərəkən nəsnələri alması; Amal borclarını gərəkəndən artıq ödəməklə uğurlu işlər görməsi; Ocağın gəlişməsi üçün fərəhli çabalar göstərməsi təqdir olunur!
Uğurlarını Xalqlaşma əməlləri ilə davam elə!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

6 Köçəri Ayı, 38-ci il. Saray-Soylu.

Sizi təqdir edən bu Ruhsal Bəlgələr Atamızın adından sunulur. Ocağımızın, Atamızın qarşısında. Xoşbəxt ol!
Fərəhinə inanıram, güvənirəm. Çox böyük fərəhin var. Böyük fərəhlə addımlar atırsan. Yorulmursan. Ocaq getdikcə bütöv şəkildə sənin ömrünə çevrilir. Böyük göstəricidir. Bunu artırmaq, qorumaq, gələcəkli eləmək gərəkdir.

 (Ocaq Yükümlüsü Ruhsal Bəlgəni Güntaya sunur, Güntay Ataya səcdə edib Bayrağı öpür – G.A).

Ömürtay işə qayıtmalıdır. Ümumiyyətlə, Ocaq mərasimləri, Ailə Günlərində yəqin sizin işləriniz gözə alınacaq. Yəqin İnam gününə salınacaq, siz Ailə Günlərinə qatıla biləsiniz. Ancaq Ocaq mərasimləri bizdən asılı deyil. O, belə iş günlərinə də düşür. Ona görə çalışmaq gərəkdir, Ocaq mərasimlərinə çağaşırı qatılmaq mümkün olsun. Bilirəm, işləriniz çətindir. Ancaq mən bunu sizə deyirəm. Ocaq mərasimlərinin hamısına gəlməmək Atanın prinsiplərinə görə doğru deyil. İkinci, Ocaq mərasimlərinə gəlməyəndə adamın içi geri gedir. Gerçəkdən, elə bil ətalətə doğru oturuşur. Ocaq mərasimləri, tədbirləri bizim daim ağlımızda, idrakımızda, ürəyimizdə yaranan ətaləti götürür, yeniləyir içimizi, əhvalımızı, duyğumuzu. Ona görə Ocaq tədbirləri bənzərsiz oxuldur. Nə qədər imkan varsa, çalışıb bu oxuldan qalmamaq doğrudur. Bir də özünüz çabalar göstərin. Həm Ocağı öyrənin, həm də deyin. Deyərkən heç kimlə qovğaya getməyin. Davaya getməyin. Bu bizim yolumuz deyil. Sözünüzü deyirsiniz, qəbul edəcəklər. Bu gün qəbul eləməsələr də, sabah qəbul edəcəklər.
Bizim hər yerdə söz deməyə ünvanımız var. Heç kim bizə əngəl ola bilməyəcək. Mən Borçalıda üst-üstə 50 adamla söhbətlər aparmışam. Çox geniş sorğular veriblər. Dünən də mən yenə qohumların evində oldum. 6-7 adam o qədər heyranlıqla qulaq asırdılar. Biz İnsanlaşma harayı çəkirik. Sözümüzü deyirik, həmişə də deyəcəyik. Bizim işimiz budur. Atanın çağırışı budur: Ağac-ağac, fərd-fərd, hal-hal xalqı İnama gətirmək.
Biz Mütləqə İnam xalqı yaratmaq istəyirik. Bizdən din xalqı yaratdılar, bizi qaranlığa qərq elədilər. Mənəviyyatımız da söndü, ruhumuz da işğal olundu. Kimliyimizi də itirdik. Ona görə Asif Ata Mütləqə İnam yaratdı, İnsanlaşma harayıyla İnsanın, millətin Həqiqi varlığını bərpa eləsin. Ona görə Mütləqə İnamı yaradıb… Biz Mütləqə İnam xalqı yaradırıq – din xalqı yerinə. Biz Mütləqə İnam xalqı yaradırıq demokratik toplum yerinə. Anlamsız demokratik toplum yerinə. Özünüz görürsünüz, gediş xaosdan, gərginlikdən oluşubdur. Deyirlər, bizim millət üçün demokratiya əlçatmazdır, belə bir millətin demokratikləşməsi çox ağırdır. Bu, xalqımıza qarşı aşağılayıcılıqdır. Böhtandır, iftiradır. Demokratiya yalandır. Demokratiya xalqı yaratmaq – sürü yaratmaq deməkdir. Anarxiya səviyyəsində yaşayan sürü. Plüralizm eybəcərliyinə uyan, mənəmlik heyvərəliyinə qapılan, özünü itirən, unudan sürü yaratmaq deməkdir. Demokratik toplum odur. Demokratik vətəndaş cəmiyyəti – nə deməkdir?! Boş-boş anlayışlar, terminlər. Terminologiya uydurmaları. Mənasız, içi yox, qırağı yox. Sadəcə olaraq, soğan doğrayırlar insanların başına. Yaxşı səslənir qulağa, “demokratik vətəndaş cəmiyyəti”. Ancaq içi boşdur, anlamı yoxdur.
Biz Mütləqə İnam xalqı yaradırıq. Bəs Mütləqə İnam xalqı nə deməkdir? – Yalansız İnama tapınan, milli-insani kimliyini yaradan, dərk edən, bəşər səviyyəsinə yüksələn İnsan birliyi! Budur, Mütləqə İnam – İnsan birliyidir, İnsan böyüklüyüdür. Özünü dərk eləyən, əyilməyən, əzilməyən, içəridən vüqarlı olan xalq! Mütiləşməyən! Mütiləşdirirlər. Sürüyə çevrilən mütiləşir. Siyasət də sürüyə çevirir, din də. Siyasət bir cür sürüyə çevirir, din də başqa cür. Hər kəs toplumçuluq boşluğuna yüyürür. Ağlaya-ağlaya toplumçuluq boşluğuna. Elə bilir toplumçuluq boşluğunda özünü xoşbəxt görəcək. Xoşbəxtlik yoxdur. Ən pis bədbəxtlik var.

 

Asif Atanın Ocağı Ruhsal Ailələr birliyidir. Biz Ruhsal Ailələr yaradırıq. Necə cismani ailədə dünyaya övlad gətirirsən, onun ağlını, tərbiyəsini böyüdürsən. Özünün davamını yaradırsan, soyunu yaradırsan, bununla millətin soy davamını təmin eləmiş olursan. Xalqın balalarının tərbiyəsini pozurlar ideoloji gedişlərlə, dini gedişlərlə, siyasi gedişlərlə. Xalqı uçuruma sürüyürlər. Ruhsal Ailələr xalqı həmin fəlakətlərdən çıxarmaq üçündür. Bunun üçün öncə Ailə öz içində xalqın balalarından Ocağa gətirdiyi kişiləri, qadınları kamil insana çevirir. Böyüdür onun ağlını, düşüncəsini. Onu xalqa ruhsal öyrətmən eləyir. Xalqı fəlakətdən qurtarmaq üçün, İnsanı fəlakətdən qurtarmaq üçün. İdeya həyatın lokomotivinə çevrilir. Bu böyük söhbətdir. Zarafat gəlməsin sizə. Heç yerdə belə şey yoxdur. Çox az adam istəyəcək Ocaqçı olsun. Çox az adam istəyəcək bunu. Çox az adam istəyəcək xoşbəxt olsun. Həmin az adamların qədrini bilməliyik. Nə vaxt biz bunu edə bilərik? – Ocaq halında, havasında yaşasaq. Çətindir, ancaq çox fərəhlidir. Mən bilirəm o nə deməkdir. Bir yandan məişət ağırlığı, bir yandan da ruhsal quruculuq. Bunları birləşdirmək insandan qüdrət istəyir. Başlanğıcda çətin olur. Elə ki, sən onu yola salırsan, obrazlı desək, relsin üstünə qoyursan, ondan sonra çətin olmur. Ondan sonra görürsən adi normaya çevrilir. Biz fiziki olaraq toplumdan ayrıla bilmərik, ancaq için toplumçuluq hədyanlığından hər anlamda ayrılırsa, görürsən ki, zaman-zaman sənin üçün dediklərim çətinlik yaratmır. Asan olur. Yetər onu ürəklə yaradasan, eləyəsən. Bir ayağın toplumda, bir ayağın Amalda olmasın. Yenə deyirəm, əlin, için, fiziki çalışman toplumdadır, istəsən də, istəməsən də, ancaq düşüncənin, mənliyinin ayağı toplumda olmasın, Amalda olsun. Onda görəcəksən sən əməlli-başlı öyrətmənsən. Bax, belə bir səviyyədə düşünmək, yaşamaq gərəkdir. Ondan sonra xalqın içindəkilərə, doğrudan da, dərs deyə biləcəksən. Dərs demək gərəkdir. Burda pis şey yoxdur. Yekəxanalıq-zad deyil. Asif Atanın Ocağında bizim bildikləri­mizi, öyrəndiklərimizi başqa yerdə öyrətmirlər axı. Demirlər başqa yerdə. Kim öyrədir, harda öyrədir?! Ona görə biz bunu kimlərəsə öyrədiriksə, burda pis heç nə yoxdur. Hər kəsin, ən yüksək bilimli adamın belə buna ehtiyacı var. Ona dərs demək olar. Bilim ayrı şeydir. Özünü çəkən o bilgələrin (alimlərin) ağlı olsa, Ocqdan əməlli-başlı dərs götürər. Yenə deyirəm, burda heç bir yekəxanalıq filan yoxdur. Uydurma zad yoxdur. Mənəviyyat, ruhaniyyat ölçüsü ayrı yerdə yoxdur, Ocaqdadır. Ona görə də Ocaq bu səviyyədə düşünməli, bu səviyyədə yaşamalıdır. Bir-biriylə bağlantı olmalıdır. Son çağlar mən görürəm, Güntayla Nurtəkinin çox ülvi bağlılığı var. Hamıyla olmalıdır, artmalıdır. Güntay Göylüylə də bağlantılar qurur. Hamıyla olmalıdır.
Ocaqda ruhsal Ailə yalnız ad daşımamalıdır. Ciddi əməl daşımalıdır. Ocaqlaşmaq gərəkdir. Kamilləşmək gərəkdir. İlk dəfə Asif Atanın ağlına gələn o olub, necə eləsin, xalqın içində Ocağı necə yaşatsın, yaratsın. Onda düşünüb, Evladlaşma, Ailələşmə olsun deyib. Ailədə bir neçə Evlad olsun. Bir bölgənin insanları bir Ailədə birləşsin. Başqa yerin insanları o Ailədə, bu Ailədə olsunlar. Onlar ayda bir yol tədbir keçirməklə özlərini kamilləşdirsinlər, içdən böyüsünlər. Ocaqçılar bundan sonra birliyini bir az da artırmalı, bu yöndə çalışmalarını artırmalıdır. Hər kəs özü içində təşəbbüs irəli sürsün, ideya versin, hərəkət eləsin. Uğurlu ideyalar qəbul olunacaq, həyata keçiriləcək. Eləmək gərəkdir. Dünyada gediş xoşuna gəlmir, Ocaqlaşmaq gərəkdir. İnsan əyilib, Ocaqlaşmaq gərəkdir. Ailə ac qalır, Ocaqlaşmaq gərəkdir. Mənəviyyat çökür, Ocaq­laşmaq gərəkdir. Dövlət özünə bənzəmir, Ocaqlaşmaq gərəkdir. Bəşər özünə bənzəmir, Ocaqlaşmaq gərəkdir. Hamısının ölçüsü, açarı birdir – Ocaqlaşmaq! Biz, nə qədər çətin olsa da, özümüzün ruhsal ömrümüzü belə düşünüb, belə yaşamalıyıq. Bənzəməməliyik. Mən şəxsən özüm içimdə bacarmıram bənzəyim. Bacarmıram sürü kimi yaşayım. Ayrılmaq! Hər an ayrılmaq gərəkdir. Yalandan ayrıldımmı? – Özünə sual vermək gərəkdir. Özüylədöyüş Gündəliyi tutmaq gərəkdir. Hərcayilikdən ayrıldımmı? Yaltaqlıqdan ayrıldımmı? Balacalıqdan hansı səviyyədə ayrıldım? Antiinsani duyğuları tanımalı, bundan zaman-zaman əl çəkməli, özünü kamil şəxsiyyətə çevirməli.
Bu gün Ocaqda üç Ailə var. Bu Ailələrdən biri “Atagün” Ailəsidir. “Atagün” Ailəsində olmaq çətindir, çünkü burdan hər ay ora getmək gərəkdir. Mən “Atagün” Ailəsindəyəm, burdan Atagün Elinə gedirəm. Ancaq iki yeni Ocaqçılar burdakı Ailələrin birində olmalıdır. Özləri də seçim eləyə bilər. Mən düşünürəm, Ömürtay Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər” Ailəsində olsa, yaxşı olar. Onlar həm coğrafi baxımdan yaxındırlar, həm də Nurtəkinin Ömürtaya çox böyük köməyi dəyə bilər Ocaqlaşmaqda. Ötgün də “Ulufərəh” Ailəsində olsun. O Ailədə özünün bütün ruhsal olanaqlarını üzə çıxarsın. İndi hələlik Ailələri belə tənzimləyək. Ancaq, yenə deyirəm, seçimdə bağımsızsınız. Sadəcə olaraq, uyğun olanı deyirəm.
Mən bununla sözümün birinci hissəsini bitirirəm. Ailəçilər də sözünü deyəcək.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Bayrağımızı öpürəm.

 

Günev Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): Ataya səcdə ilə “Ailə Günü” mərasimində sözümə başlayıram. Ulusəs bacımın qeyd elədiyi kimi, bu gün özəl, fərəhli bir gündür. Çünkü Ocağa Evlad gəlişi var. Çox böyük şərəfdir Ocağa gəlmək, çox böyük sorumlu­luqdur. Hamımız üçün fərəhli bir gündür. 20-25 il öncəyə baxanda, indi Ocağa Evlad gəlişi ara verir.  O çağlar bir gündə 7-8 adam Ocağa Evlad gəlib. Məsələn, mənim Mərasimə gəldiyim çağ 7 adam bir gündə Ocağa qəbul olunubdur. Onlardan bir Bağban qaldı (ölübdür), bir də mən qalmışam.
Özəl bir nədən var, mən də bərpa olunmuşam. Həmişə deyirəm, mənim Ocaqda qalmağımın nədəni… Çünkü Ocaq yükü adi yük deyil, hər emosiyaya qapılanın işi deyil. Hər kəs özünü patriot hesab edir, bütün Azərbaycanı dindir, heç kim deməz mən vətənimi sevmirəm, mən millətimi sevmirəm, mən bu dünyanın əyriliklərinə vecsizəm. Ancaq bütün yollar sınandı, bu yolların nə vətənə, nə millətə, nə bəşərə, heç kimə heç bir xeyri yoxdur. Özəl hallardır, bəlli bir dövr qədər.
Asif Atanın seçdiyi Yol nəinki bu millətin, bu xalqın, bütövlükdə bəşərin qurtuluş yoludur. Mənim özgün olduğum millətin insanı bu yolu tapdığına görə yox, başqa bir millət bu yolu tapmış olsaydı da, mən gedərdim. Bəxtimizə düşüb, bunu qəbul eləmişik. Yol şərəfli yoldur, çətin yoldur. Vətən üçün yüzlərlə, minlərlə ölənlər tapıldı. Vətən üçün yaşayan gərəkdir. Asif Ata deyir, vətən üçün yaşamaq vətən üçün ölməkdən çətindir. Yaşamaq nə deməkdir? – Bir anını vətən üçün yaşaya bildin, atdın özünü tankın altına. Kimlər oldu, kimlər getdi?! Mübariz İbrahimov… Heç birini gözardı eləmirik. Ancaq vətən üçün yaşamaq, bütün ömrü həsr eləmək, ağılla, idrakla, – bu ayrı şeydir. Bu gün, həm də, özəl olaraq vurğulayıram, qardaşlarımızı qutlayıram. Xoşbəxt bir yola addım atıblar. Böyük bir yolda özlərini təsdiq eləməyə gəliblər.
Sonra Ailə Günü hesabatı ilə bağlı bir neçə kəlmə deyim. Ailənin gördüyü işlərlə bağlı bircə onu desəm Soylu Atalı “Atagün” Ailəsinin Evladıdır, bəsdir bilinsin, “Atagün” Ailəsi nələrə qadirdir. Mən Soylu Atalının hansı uğurunu dilə gətirim, onun bütün ömrü uğurludur. Bütün günlər uğurludur. Binəqədi olayı daha qabarıq oldu.
Elanayla mən həmişəki kimi Ağcabədiyə – bölgəmizə yaxın olan kəndlərə getmişik. Bizim o kəndlərlə bağlantımız var. O səfər orda olmuşam. Sonra yaz ərəfəsində bizim Füzuli bölgəsinə səfərimiz oldu. Adamlarla görüşdük. Sonra başqa bir kəndində. Sonra Qaradizdə görüşdük. İki günlük bir səfər oldu. Öz kəndimizdə yas yerlərində söhbətlər aparmışam.

Mütləqə İnam Məbədi uğurlu işlərimizdən biridir. Üst örtüyünü eləyə bildik. Bu bizim fiziki, maddi olanaqlarımızla ölçüdə möcüzə idi. Ürəkdən yarandı, təpərdən yarandı. Əsas istəkdir, əsas niyyətdir. Bu ideyadır, fikirdir. O ki yazıldı sənin ürəyinə, can atırsan hər an, hər saniyə. Alınır, bunu gördük həyatımızda.
Sonra, Rusiya səfəriylə bağlı. Rusiyaya mən başqa bir nədənlə getmişdim. Xəstə aparmışdım. Özümün də bir az müalicəyə ehtiyacım vardı. Ancaq orda da azərbaycanlılarla görüşürdük. Ruslarla da təmasda olurduq. Mən bu səfər daha çox nə duydum? – Orda diaspora ilə görüşmüşəm, gənclər təşkilatı ilə görüşmüşəm. Bir tədbir oldu, orda çıxış eləmək üçün gecə-gündüz çalışdıq. Heç olmasa mənə10 dəqiqə vaxt versinlər. Hər hansı bir yer ayırmaq üçün nə qədər xərc gərəkdir. Yəni görüş sayağı bir imkan vardı, ona da razı olmadılar. Getdim diaspo­ranın sədriylə danışdım, dedi mən buna razı ola bilmərəm, Məhərrəmlikdir. Rusiyada keçirilən bir tədbir, Məhərrəmliyin ona nə dəxli var?! Bu adam əslən Borçalıdandır, universitetin prorektoru idi.
Bu dəfəki səfərimizdə azərbaycanlıların ürəyindən doğan, genindən gələn bu ideya bizim millətin insanlarından daha çox başqa millətin insanlarını heyran qoyurdu. Baxmayaraq, onlarla danışanda çətinlik çəkirdim. Çünkü rus dilində bu ideyaları çatdırmaq mənim üçün ağır idi. Mən sıradan danışıqları bilirəm, fəlsəfi dili bilmirəm. Ancaq yenə də deyirdim. Rus qulaqlarını açır, gözləri bərəlirdi. Ağlına da batırdı. Ancaq azərbaycanlılarda dəhşətli bir inamsızlıq gördüm. Hətta mənə ən yaxın olanı belə, heç nəyin xeyri yoxdur deyir. Masonlar göydən Allah kimi baxırlar. Nə bilim illüminatorlardır nədir, neyləyirlər. Mənim havam çatmırdı bu adamlarla söhbəti davam eləməyə. Mən rus millətindən gördüyüm diqqəti, marağı öz yerlilərimizdən, azərbaycanlılardan, türklərdən görmədim.
Mən üç aya yaxın bir müddətdir ordaydım, fiziki olaraq Ocaqdan uzaqlaşmışdım. Dəli kimiydim. Təmasımıza, birliyimizə, ünsiyyətimizə bənzər heç harda heç nə yoxdur. Belə bir mühit heç harda, heç yerdə yoxdur. Bütün dünyanı gəzəsən, yoxdur. Dağılıb insanlar içəridən. Dağıdıblar insanların içini. Asan yollar axtarılır yaşamaq üçün. Türkün belə bir deyimi var, çətin anlarda həmişə çətin yolla get. Yəni asan yol insanı qurtarmır. Heç bir kəsi.

Atamız Var olsun!

Güntay Atalı (Ataya səcdə edib bayrağımızı öpür – G.A.): Mən Ocağa Evlad gəlməsiylə bağlı bir neçə kəlmə ürəyimdən keçənləri demək istəyirəm. Vətənin içindən mənəviyyatlı, qeyrətli, qabağa duran oğullarımız, qızlarımız tapılır, tapılacaq da. Onlar ona görə gəlir, Ocaqda ömürlər var. Baş tutmuş, təsdiq olunmuş ömürlər var. Toplumun etkisi altına düşmüş ömürlərə, əlbəttə, gedib qoşulmaqla, ömrü ömrə calamazsan. Ata böyük Yol yaradıbdır. Ona görə də Ocağa, yenə deyirəm, həmişə Evlad gələcəkdir. Bu iş həmişə davam etdiriləcəkdir. Bu iş yaşayacaqdır,  dünyanı yaşadacaqdır.
Mən artıq 3 ildir Ocaqçıyam, bundan böyük fərəh duyğusu keçirirəm. Öz xoşbəxtliyimi Ocağa bağlı olmağımda görürəm. Niyə belə qənaətə gəldiyimə bir balaca aydınlıq gətirim. Məni bir vətəndaş kimi həmişə yurdumuzun düşdüyü durum rahatsız edirdi. Bizim xalq kimi bütöv olmamağımızı, bir ideya çevrəsində birləşməməyimizi görürdüm. Bu bəlaların həllini qıraqdan gələn ideologiyalarda olduğuna inanırdım. İnandığım çağlar olub. Yəni bu məsələ, xalqı ideyasız saydığım çağ, Ocağı tapana qədər, düşüncələrimə hakim idi. Ocağı tapandan sonra bu düşüncəm kökündən dəyişdi. Sən demə, bu ideya nəinki öz xalqını, bütöv bəşəriyyəti düşdüyü bəladan qurtaracaq bir Yoldur. Bu Yolu Asif Ata yaradıb. Bu Yol Azərbaycanı bəşəriyyətə ruhaniyyat ölkəsi kimi tanıdacaq bir Yoldur. Xalqımızın bu Yolla həqiqi azadlığına qovuşacağına inanıram. Bundan dolayı Ataya minnətdaram. Mən Yükümlümüz Soylu Atalıya da minnətdaram. Asif Atanın layiqli davamçısı olub, öz ömrünə yiyələnərək, bizlərə örnək olduğu üçün.

“Ulufərəh” Ailəsinin Yükümlüsü kimi, 37-ci ildə görülən ruhsal əməllərin hesabatını vermək istəyirəm.
Çiçək Ayında Göylü Atalı Hacıqabul bölgəsinə səfər edib. 30-a yaxın oxul öyrəncilərilə görüşüb. Onlara Mütləqə İnam Dünyabaxışından soraq verib, görüşün sonunda Ocaq ədəbiy­yatları paylayıb.
Şölə Ayında Göylü Atalı Qobustan bölgəsinə səfər etmiş, oxullarda olmuş, 50-yə yaxın öyrətmənlərlə, öyrəncilərlə görüş keçirmiş, onlara Ocaq ədəbiyyatları vermişdir.
Od Ayında Üstün Qusar rayonuna səfər etmiş, Qusar aydınlarıyla görüşmüş, onlara Ocaq sorağı vermişdir. Qusar rayon Mərkəzi kitab evində, Tarix-Diyarşünaslıq muzeyində Asif Ata Amalından, Onun yaşam nizamından danışmış, Ocağın özəl buraxılışlarından hədiyyə etmişdir.
Qürub Ayında Üstün öyrətmənlərlə Soylu Atalının görüşünü təşkil etmişdir. İnam Evində baş tutan bu görüşdə Ata Amalından danışılmış, Ocaq ədəbiyyatları bağışlan­mışdır.
Xəzan Ayında Soylu Atalı amaldaşı Göylü Atalının təşkilatçılığıyla oxulda 100-ə yaxın öyrənci, öyrətmənlərlə söhbətlər aparıb. Görüşün sonunda gənclərə, öyrətmənlərə Ocaq ədəbiyyatı bağışlanıb.
37-ci ilin “Ailə Günü” kitabını Göylü Atalı hazırlamış, çap etmiş, kitab üzlənərək ruhsal hədiyyə kimi Ocaqçılara sunulmuşdur.

Göylü Atalı “Ata Sonevini Ziyarət Günü” tədbirlərinin şəkillərindən oluşan görüntü filmi hazırlamışdır.
Göylü, Üstün Atalılar ayrı-ayrılıqda Nurtəkin Atalıya şəkillərdən oluşan albomu ruhsal hədiyyə kimi sunmuşlar. (Bu Ocaq tarixinə gərəkli bir məsələdir).
Göylü, Üstün Atalılar bəzi Ocaq tədbirlərinin kitablaşmasını həyata keçirmişdir.
Mən, Güntay Atalı Ocaq Bayrağını atlas parçadan hazırlatmış, ruhsal hədiyyə olaraq Ocaq Yükümlüsünə sunmuşam.
Kitab çapı üçün kağızların alınması, katriclərin doldurulması, kitabların üzlənməsi əməllərim olub. Son əməllərim – “Ocağa Evlad Götürülmə Törəni” kitabının üzlənməsi, Ocağa bu il Evlad olan Ötgünlə Ömürtaya Qutsal Bitiqlərin çapı, üzlənməsi üçün maddi xərc çəkmişəm. Bu əməli Nurtəkin Atalıyla birlikdə etmişik. Kitabların çap əməli ona xasdır.
Ulunurumuz yeni gəlib. Səfər Günü törəninin, Türkellə birgə, işlənib hazırlanmasında, səsdən yazıya çevrilməsində o da əmək qoymuşdur. Ulunurumuz, aydın məsələdir, əsgərlikdə olduğuna görə, xeyli vaxt idi, Ocaq əməllərindən qıraqda qalırdı. Mən inanıram, Ulunur öncələr olduğu kimi, Ocağın işlərinin yürüməsində qatqılarda bulunacaq.
Sözüm bu qədər. Ataya səcdə edirəm. Bayrağımızı bir daha öpürəm.

 Soylu: Bu təkcə “Ulufərəh”in gördüyü işdir.

 

Nurtəkin Atalı (Ataya səcdə edib bayrağımızı öpür – G.A.): Mən də hesabat verəndə, Soylu Atalının gördüyü işlərlə bağlı, hesabat tamamlanacaq (zarafatyana işin çoxluğuna işarə edir).

“Ailə Günü” törəni üçün “Uluyol-Hünər” Ailəsinin hesabatı:
Çiçək Ayında mənim (Nurtəkin Atalının) təşkilatçılığımla Bakıda (liseydə) Soylu Atalının 60-a qədər öyrənci, öyrətmənlərlə görüşü keçirildi. Görüşün sonunda gəncləri düşündürən çoxsaylı suallara cavab verildi, onlara, eləcə də öyrətmənlərə ayrı-ayrı Ocaq ədəbiyyatları bağışlandı.
İşıq Ayında mənimlə Soylu Atalının Sumqayıta səfərimiz olub. Oxullarda görüşə icazə verilmədikdə, Soylu Atalının təşəbbüsü ilə, mənim, öyrənci çağımda oxuduğum, işlədiyim Sumqayıt institutuna getdik. Orda keçmiş öyrətmənlərimlə, qrup yoldaşlarımla görüşmüş, Ocaq haqqında bilikləri yeniləmiş, qarşıma çıxan öyrəncilərə Ocaq buraxılışı, kitabları bağışlamış, Ocaq sorağı vermişdim.
İşıq Ayında Bakıdakı liseydə Dövlətçilik bayramı ilə bağlı Soylu Atalının çıxışı olub. Yenə də orda olan öyrəncilərə, öyrətmənlərə Ocaq ədəbiyyatı bağışlanmışdır.
Soylu Atalının ayrı-ayrı adamlarla İnam Evində görüşünü təşkil etmişəm.
Türkel Atalının tədbirləri kitablaşdırma əməli olub. Türkel bu əməlləri sevgiylə, dəqiqliklə, çağında yerinə yetirib. Tədbirləri kitablaşdırma əməlini mən də həyata keçirmişəm. Elə tədbirlər olub, birlikdə etmişik.
37-ci ilin “Mərasimlər”, “Bayramlar” kitablarının hazırlanması, çap olunması əməlim olub. Ocaqçılara hədiyyə olaraq sunulub.
Görüntülərin arxivləşdirilməsi, disk şəklində hazırlanması əməlim olub, davam edir.
Ata Bitiqlərinin çapı, ruhsal hədiyyə kimi hazırlanması əməlim olub.
“Ocağa Evlad Götürülmə” kitablarının hazırlanması əməlim olub.
Görüntülərin kəsilməsi, yayılması əməlim olub.
“Uluyol-Hünər” Ailəsinin əməl hesabatı qısaca olaraq bu qədər. Təbii, Ailə Ata tələblərinə gərəyincə cavab vermir. Ancaq halımız artır, əməlimiz artır. Ocağa yeni qardaşlarımızın gəlməsi də sorumluluqdur. Mənim üçün, Ailə Yükümlüsü olaraq, sorumluluqdur. Ocağa Evlad gəlməsi bizim gücümüzdür. Evladların birlikdə gücü isə – gələcək deməkdir. Bax o gələcək üçün sorumluluğu duyuram. Gələcək qurulur Ocaqda. Azərbaycanın gələcəyi, İnsanlığın gələcəyi. Bundan doğan bir fərəh yaşayıram. Onu, məncə, elə hər birimiz yaşayırıq. Atamız var olsun!

Soylu Atalı: Çox yaxşı. İlin ayrı-ayrı günlərini, ayrı-ayrı çağlarını adam yadına salmır, yadına salmayanda adama elə gəlir, bir az ara verəndə, Ocaqda iş yoxdur. Ancaq onları toparlayıb bir yerə yığırsan, görürsən, nə qədər böyük işlər görülüb, ciddi addımlar atılıb. Bunlar elə-belə məsələ deyil. Həm içdə qurulma gedir, həm də xalqlaşma işi gedir. Xalqda yayılma işi gedir. Həm də arxivləşmə, tarixləşmə işi gedir. Kompleks şəkildə işlər gedir. Bunlar böyük işlərdir. Ədəbiyyatların yaranması, yazılması, tariximizin yazılması gedir. Həm də dediyim kimi, Ocaqçıların bireysəl keyfiyyətlərinin Ocaq səviyyəsinə yüksəlməsi prosesi gedir. Bunlar hamısı Ocağın yaşaması, gələcəkdə yaşadılması üçün böyük bir zəmindir, örnəkdir, böyük bir ümiddir. Bu qədər işlər itə bilməz. Bu bir ilin içində görülən işlərdir. Sayılan, sadalanan. Ancaq neçə illərdir belə işlər görülüb. Bu işləri yığıb saysan, kitablar tutmaz. Bunlar itə bilməz. Yəni xalqın içində itə bilməz, xalqın mənəviyyatında itə bilməz. Xalqın yaşam sistemində itə bilməz. Ona görə Ocaqdakı böyük, əsaslı işlərin qədrini bilmək gərəkdir. Onu davam eləmək, qorumaq gərəkdir.
Ayrı kimin sözü var, buyurun.

Türkel Atalı (Ataya səcdə edib bayrağımızı öpür – G.A.): Ata deyir Ocağın yaranma səbəbi – birinci heç bir dində, heç bir yerdə insana inamın olmamasından doğdu. Hər kəs nisbi inamla yaşayır.
16 ildir Mütləqə İnam yolunda addımlayıram. Bu İnamı bacara bildiyim qədər içimdə yaşadıram. Ataya inamım məni – inamsızlar, inamsızlıqlar içərisində ötəridə, keçicidə, sonluda, qeyri-kamildə qalmaqdan qurtarır. Ata deyir insanın ən böyük fərqi ondadır, o, ruhsal varlıqdır.
16 ildir bu Ruhsal Ailədə olmağımla, yol gəlməyimlə qıraqdakılardan fərqli olduğumu sübut eləyirəm. Fərəhli əhvalımı, içimdə sabahlı yaşamaq fərəhini, sabahlı aqibət yaşamaq tələbini heç nə ilə, heç kimlə tutuşdurmuram. Toplumdakılar bu gün cismən mövcud olmaq üçün yaşayır. Ömürləri bu günə sığır. Ona görə də aqibət yaratmaq haqda düşünmürlər. Atanın yaratdığı Ruhsal Ailədə var olmağımla bu günə sığmıram, ömrümün illərini Ataya inamımla yaşayıram. Bu inamımla yerə-göyə, məkana, ortama sığmıram. Vətənləşirəm, vətən oluram. Burda Atanın “İnsan vətəndir əslində” sözünü təsdiqləyirəm. Atanın tələbinə uyğun şəkildə ömrümü qurmağa çalışıram. Elə yaşamağa səy göstərirəm, gerçəkliyin, ortamın etkisinə düşməyim, onlar mənim etkimə düşsün. Toplumdakıların hər birinin səsi, sözü, Atanın sözüylə desəm, əks-sədadır. 16 ildir gəldiyim yolda inam əsasında düşüncəm, özüməxas sözüm yaranır. Bu günkü dünyada gediş, hər bir edilən əməl insansızlığa yönəlib. Ata deyir “Dünya İnsan acıdır”. İnsan olmaq gərəkdir, dünya məhv olmasın. Bu insan Ocaqda yaranır. Bəşərin nicatı Ocaq həqiqətlərinə yetməkdədir.
Mən 9 yaşımdan həyatımı Ocağa vermişəm. Bu 16 ildir nə yaratmışamsa, doğrudan da, onlar mənə xasdır. Adi həyatda toplumdakıların yaşadığı, ömürlərində yaratdıqlarının heç biri özlərinə özgün deyil. Çünkü maddiyyata bağlıdır. Maddi – onların ömürləri itəndən sonra itib gedir, qalmır. Ancaq mənim ömrüm ruhaniyyata bağlı olduğu üçün, ruhsal yaşama bağlı olduğu üçün, nə eləyirəmsə, nə əməlim varsa, yaşamımda, hamısı mənə xasdır. Bu məni əbədiliyə qovuşdurur. Ata deyir, mənim xoşbəxtliyim ondadır, mən qısa ömrümü uzun ömürlü işlərə – Amala həsr edirəm. Mən də ömrümü Ocağa vermişəm, indən sonra nə yaşayacağamsa əsas odur, ömrümü sabahlaşdıracam. Qarşımda məqsədim var – sabahlaşdırım ömrümü. Ömrümü Ataya qovuşdur­malıyam.
Atamız Var olsun! Bayrağımızı öpürəm.

Soylu Atalı: Türkelin Ocağa gəldiyin gündür bu gün. 6 Köçəri Ay, 22-ci ildə, özü də öz istəyiylə gəlib. Baxmayaraq, uşaq idi. İki dəfə mənə israr elədi. Bir dəfə dedi, baba, məni Ocağa gətirəcəksən? Dedim, böyü, gətirəcəm. Üstündən bir müddət keçdi, dedi nə vaxt gətirəcəksən bəs? Dedim, bir az da böyü. Üstündən bir az da keçəndən sonra dedi, baba, axı sən mənə demişdin böyü, səni Ocağa gətirəcəm. Mən böyüdüm axı. Dedim, yenə böyü. Sonra mənə 2-3 dəfə israr elədi, axı sən söz vermişdin məni Ocağa gətirməyə. Mən də Nurtəkinə dedim: Nurtəkin, buna Nişanə hazırla. Bax, Ocağa elə gəlib. O çağdan bu çağa qədər ayrı-ayrı keşməkeşli bir yaşamı olub. Düzdür, Ocaqda olması tam olaraq Ocağı dərk eləməsinə görə deyil. Həm də Ocaq Yükümlüsünün oğlu olduğuna görədir. Ancaq getdikcə görürəm, onun ağlı durulur, düşüncəsi durulur. Uşaqlıqdan mərasimdə, tədbirlərdə otururdu. Saatlarla, yazığım da gəlirdi. Anasına deyirdim, bu uşaq mıxlanıb stola. Çıxart bayıra, hava alsın. Onun işi deyil axı saatlarla danışılanlara qulaq assın. Ağzının qırağı quruyurdu. Ona qulaq asırdı, buna qulaq asırdı. 9-10 yaşında uşaq, saatlarla. Baxın, ona görə də, bunu ayrı-ayrı Ocaqçılar da təsdiq eləyər, neçə dəfələrlə hər bir Ocaqçı üçün maraqlı olub, Türkel onun söhbətiylə bağlı mülahizələrini desin. Yəni onun elə bir görümü yaranıb. Qiymətləndirə bilir. Bu da ona Ocağın verdiyidir. Ağlının gözü açılıb. Bu gün də onun Ocağa ləyaqətlə yanaşmasını görürəm, izləyirəm. Bu gün işdən çıxıb, yatmayıb, dincəlməyib, gəlib tədbirə, həm də belə əhvalla, enerjiylə. Mərasimə elə-belə gəlmir. Ailə Gününə elə-belə gəlmir. Özünəxas bir sorumluluğu var. Görürsən, Ocaq ədəbiy­yatları oxuyur. Qələm əlində oxuyur, düşünür. Yəni boşuna gəlmir. Sorumluluq duyur, tədbirə gedir. Sonra Ocaqla bağlı bir iş deyim, Türkeldə “yox” sözü yoxdur. Dediyin şeyi həyata keçirir. Yəni belə bir xarakterdir. Bunun özü yaxşı bir göstəricidir. Hesab edirəm, bunu qorumaq gərəkdir. Qabağa aparmaq, daha da artırmaq gərəkdir. Yaşın bəlli bir çağında görəcəksən, yazar­lığın, yaradıcılığın da yaranır. Ocağa yazarlığın, yaradıcılığınla da qulluq göstərməli olacaqsan. Qatqın olacaq. Bunlar, doğrudan da, elə-belə bəlağət üçün deyil. Bəlağət ayrı şeydir, ayrı cür olur. Doğrudan da, bu yaşamaqdır, sorumluluqdur. Doğrudan da, burda bir insan ləyaqəti var. Biz də, Ocaq olaraq, Türkelin Ocaq ömrünü qutlayırıq. Ona uğurlar diləyirik, bundan sonra daha əsaslı olaraq Ocaqlaşmasını umuruq, gözləyirik. 16 il az vaxt deyil. “Uluyol-Hünər” Ailəsində Türkelin aktivləşməsini istəyirəm. Ömürtayla, Nurtəkinlə, Ulusəslə bir Ailədə aktivləşməsini istəyirəm. Ocağa, doğrudan da, böyük sevgiylə yanaşmaq gərəkdir. Evinə, elinə, ailəsinə bəslədiyin sevgidən daha böyük sevgini Ocağa vermək gərəkdir. Ocaq göydür. Mənəviyyatın göyüdür.
Daha heç kimin sözü yoxdursa, bir neçə kəlmə sonlandırıcı söz deyim, sonra Ocağımıza qutsal hədiyyələri sunaq.
Ocaqda olduğumuz günlər, aylar, illər böyük bir nizama çevrilməkdədir. Dağınıqlıqdan qurtarmaqdadır. Bir çağlar adam düşünürdü, bu ömürlər, Amala bağlı olaraq, hara qədər nizamlı olacaq görəsən? Ancaq onu yaşadıqca, yaşatdıqca görürsən, nizam öz-özünə necə gözəl bir uyuma düşür. Düşübdür. Nədən irəli gəldi? Bizim insana inamımızdan. Nə yaxşı bizim içimizdə böyük Ocaq ləyaqəti var. Nə yaxşı, biz insana inanırıq. İnsanlarımızın ömründə nə yaxşı gözəl nizam yarandı. Bu nizam heç kimin hökmüylə, əmriylə, tələbiylə yaranmadı. Ümumi Ocaq halının yaşdılması ilə alındı. Hər kəs Ocağı özününkü bildi. Ocağa içini açdı. Ən azından belə açdı, Ocaqla olanda, Ocaqla qarışanda səmimi oldu, doğruçu oldu. Heç kim Ocaq mərasimində, tədbirdə Ocağa qapalı olmadı. Başqa əhval sərgiləmədi. Zəifliklər də oldu, geriliklər də oldu, ətalət də oldu. Ancaq heç bir çağ Ocağın içində səmimiyyətsizlik olmadı. Heç kəs Ocağın tədbirlərində buynuz çıxarmadı. Ayrı əhval sərgiləmədi. Hamı qutsal davrandı. Qutsallığa tabe oldu. Hər kəs ürəyini qutsallığa tabe elədi. Ona görə çox gözəl bir nizam yarandı. Gözəl bir ortam formalaşdı. Gəldi bax, bu günkü günə qədər. 39-cu ilin girməyinə az bir çağ qalıb. Dalınca 40. Bu, balaca məsələ deyil. Böyük bir ömürdür, taledir. Böyük bir ərdəmlik var burda. Görün xalqın içində necə ləyaqətli insanlar formalaşdı, onun Ruhaniyyat Ocağını sönməyə qoymadı. Nə qədər gərginliklər oldu, nə qədər çətinliklər oldu, qovğalar oldu, dartışmalar, ayrı-ayrı əhvallar oldu, ancaq ümumi nizam qırılmadı, əyilmədi. Ümumi nizam daim qorundu. O nizam da öz yörəsində böyük bir ləyaqət işığına çevrildi. Ocaqçıların bir-birinə yanaşmasında, Ocaqçıların insanlara və xalqına yanaşmasında gözəl bir işığa çevrildi. Yenə deyirəm, ayrı-ayrı zəifliklər, geriliklər, çatışmazlıqlar olsa da, bu ümumi nizama etki göstərmədi. Bax, bu dediklərim nəyi göstərir, nəyi sübut eləyir? – Ruhaniyyat Ocağının artıq bitkin olmasını. Artıq xalqın içində Ruhaniyyat adına bir sistemin olmasını göstərir. Bu danılmazdır. Ona görə Ocağımızın ləyaqətini yaşadan amaldaşlarıma öz sevgimi, ən böyük hədiyyəm olaraq, sunuram. Heç yerdə görünməmiş bir yanaşma, bir doğmalıq yarandı, zəhmət yarandı. Bu zəhmət insanlarımızın fiziki sağlamlığına da etki göstərdi, ancaq sonucda, yenə deyirəm, ruhsal uyum formalaşdı, yarandı. Bunu biz qoruyub sabaha aparırıq, bunun qədrini bilirik. Dünya nə deyir desin, qıraqdan kim nə deyir-desin, nə düşünür-düşünsün, qıraqdan kim bizi necə görür, özü bilər, necə qiymətləndirir, yenə özü bilər. Biz öz içimizi gözəl bilirik. Ən əsası odur, biz öz içimizdə özümüzü aldatmırıq. Uğurumuzu da görürük, çatışmazlığımızı da görürük, qiymətləndiririk. Ən əsası budur. Necə deyərlər, özümüzü çaşdırmırıq. Heç kim bizi çaşdırmadı. Ocağın içində, yenə deyirəm, parçalan­dıq da, bölündük də, təqib olunduq da, ora çağırıldıq, bura çağırıldıq, ancaq çaşmadıq. Niyə çaşmadıq? – İçimizdə həqiqət yerinə oturub. Bilirik doğru yoldayıq. Bilirik doğru işlər qurucularıyıq. Ona görə çaşmadıq. Çaşqınlıq nədən yaranır? – Adam öz yolunu, işini bilməyəndə özünü itirir, yoldan qırağa durur. Biz elə olmadıq. Bax, bu böyük işdir, böyük bir hünərdir, ləyaqətdir.
Bugünkü “Ailə Günü törənimizdə, 38-ci ilin sonuncu törənində mən hər bir amaldaşıma öz sevgimi, fərəhimi bildirirəm. Hər birinizlə qürur duyuram. Həqiqətən, az sayda insanlar nə qədər böyük bir yol keçdilər. Nə qədər böyük bir ləyaqət ortaya qoydular. Bunun bənzəri yoxdur. Bax, bəşər dediyimiz anlam bu ləyaqətdə özünü doğruldur. Bəşər, millət, insan dediyimiz varlıq bu ləyaqətdə var olur. Təsdiq olunur. Bu böyük varlığı təsdiq eləyən ürəklərinizdən öpürəm. Atanın qarşısında hər birinizin başınız uca olsun deyirəm. Atanın qarşısı xalqın qarşısıdır. Böyük anlamda bəşərin qarşısıdır. Hər biriniz öz üzərinizə düşən ömrü yaşadınız. Bəziləriniz daha böyük fərəhlə yaşadınız. Bəziləriniz bir az keşməkeşli yaşadınız, ancaq hər kəs Ocağı özünəxas şəkildə yaşadır, hər kəs özünəxas bir fərəh yiyəsidir. Hər kəsə özünəxas fərəh xəttində sevgi sunuram, hər kəsə daha böyük yollar keçmək diləyirəm. Hər kəsə daha ucalıqlarda olmaq diləyirəm. Buna mən inanmaq istəyirəm. Ayrı-ayrı Ocaqçılarımızın hünərinə hamı qoşulsun. Heç kim geridə qalmasın. Onda gücümüz bir neçə dəfə artacaq. Onda işimiz daha ucalıqlardan, daha uzaqlardan görünəcək, öz etkisini göstərəcək. Bəşəriyyətin qulağı kar deyil, gözü kor deyil. Eşidəcək, hətta eşidir, görür. Doğrudan da, görür. Getdikcə daha çox görəcək. Mən harda oluram, harda söhbət aparıramsa, orda Ocağın ləyaqətinin, canlı olaraq, yeridiyinin görəni oluram. İnanın, səmimi deyirəm, harda oluram, Ocağın ləyaqətnin ayaq açıb yeridiyini görürəm. Bu böyük bir taledir. Bunu yaşayan bəxtiyardır. Amaldaşlarıma bu ucalığı yaşamaq bəxtiyarlığı diləyirəm.
Bununla da bugünkü mərasimimizdə sözümü bitirirəm. Hesab edirəm, mərasimimiz çox uğurlu, yığcam, məzmunlu keçdi. Ocaqçılarımızın ürəyinə, ağlına yazıldı. Eyni halda, Ocaq tarixinə yazıldı. İndi isə Ocaq hədiyyələrimizi sunaq.
Bu gün ruhsal hədiyyələrimiz çox zəngindir. Atanın Bitiqləri, özəllikcə, Ocağa yeni gələnlərimizə, daha böyük uğurdur. Daha böyük əməldir. Mən bunu Ocağın quruculuq əməli hesab edirəm, bu işə qatılan Ocaqçıların əməyini təqdir edirəm.

Bir gələnək də yaratdıq. Ocağa Evlad Götürəndə Bitiqləri sunmaq gələnəyi, Evlad Götürmə mərasiminin səsdən yazıya çevrilməsi, onun kitablaşdırılması, gördüyünüz bu şəkildə üzlənil­məsi (Kitabı Ocaqçılara göstərir – G.A.) tarixləşməsi. Böyük bir hədiyyədir, böyük bir olaydır. Bu kitabın bənzəri yoxdur. Bunun sabahı var. Bu sabaha gedən hünər görsənişidir, hünər əməlidir. Burada görürsünüz, Asif Atanın şəkliylə başlayır. Düzgün seçimdir. Bu kitab üç Evladın Ocağa götürülməsinin törən yazısını özündə daşıyır. Güntayın, Ötgünün, Ömürtayın. Üç il bundan öncə Güntay Ocağa Evlad götürülüb. Birinci də Güntayın Ocağa götürülməsi tədbirinin kitabıdır. Gördüyünüz şəkliylə, yazısıyla bir yerdə. Sonra, ikinci, Ötgünün Ocağa Evlad götürülməsi tədbiri başlayır. Şəkillə bir yerdə. Hər kəs özü oxuyacaqdır.
Üçüncü də Ömürtayın Evlad götürülməsidir. İkinci hissə Ocaq-türk abesində eyni şeylərin olmasıdır. Belə bir kitabdır.

Nurtəkin Atalı: Tədbirlərin birini Türkel kitablaşdırırb, birini mən kitablaşdırmışam.

Soylu Atalı: Hə, Türkelin də qatqısı var.
Bu kitabı istəyirəm bir-bir hamınıza sunam.

Ocaq Yükümlüsü kitabları Ocaqçılara sunur – G.A.

Bununla da Qutsal “Ailə Günü” mərasimimiz başa çatır. Bir daha günümüz qutlu olsun! Hər birinizə uğurlu günlər diləyirəm. Hər birinizi yeni Ocaq uğurları başında görmək istəyiylə mərasimimizi bitiririk.

Hamı: Ata Ruhunu Ürəyimizdə Aparırıq! Atamız var Olsun!

Sonra Ocaq Yükümlüsü Evladlıq Nişanələrini “Yol sözü” ilə, Evladlara sundu. Bununla da mərasim başa çatdı.

Köçəri Ayı, 38-ci il. Atakənd.
(fevral, 2017. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir