Xəbərlər

Qutsal “Ata Günü” Törəni

Asif Atanın İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Ata Günü” Törəni

 Ocaq Günsırası ilə 25 Ata Ayı, 43-cü ildə (sentyabr 2021) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “ Ata Günü” Mərasimini gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Ocaqda ölənlərimizin adını anmaqla sayğı duruşunda ayağa duraq: Sabahlı, Bağban, Amaltay bizimlədir, həmişəlik. Hər mərasimdə onlar bizim sevgimizdə, yaddaşımızda, yanımızdadırlar.
Günümüz xoş gəlib, Qutlu olsun. Gün Ata Günüdür. Əslində Gün İnsanlığın günüdür. Bununla bağlı çox demişik, çox yazmışıq, çox aydınlaşdırmalar etmişik – niyə Ata Günü?! – Bəzən bizdən qıraqda olanlar buna başqa olaylar kimi rəng verməyə çalışırlar. Ata Gününə bütpərəstlik qalığı kimi baxırlar. Ancaq insanlığı düşünən, anlayan adam üçün Ata Gününün nə demək olduğu çox aydın, çox gözəl bir bəlirtidir. Ata Günü, bayaq vurğu elədim, İnsanlığın Günüdür. Asif Ata bu günü heç də özünün eqosundan irəli gələn bir tələb kimi faktlaşdırmayıb. Ata özünün varlığına, həyata gəlişinə baxışları yönəldir ki, insanlar Asif Atanın nə demək istədiyinin, nə yaratdığının fərqinə varsınlar.
Biz Asif Atanın Gününü qutsallaşdırırıq, ayrıca bir törən şəklində həyata keçiririk. Bu zaman biz, Asif Atanın ruhani kimliyinə üz tuturuq. Kimdir Asif Ata?! – Hər bir sivilizasiya öz-özlüyündə bəlli axtarışların sonucudur. Hər bir sivilizasiyada bəlli zəhmətlər ortaya gəlir, əmək qoyulur. İnsanların öz növündən olanlarla dinc, yanaşı yaşamasını sağlamaq üçün ortaya ideya, baxış gətirirlər, onu ölçüyə çevirməyə çalışırlar. Biz bunu tarixdən oxumuşuq, öyrənmişik, bilirik. Hər birinin də özünə xas üstünlüklərini gözardı eləmirik. Biz insanlığın yolunda zəhmət çəkənləri, külüng çalanları alqışlayırıq. Ancaq biz onları həm alqışlayırıq, həm də insanlıqla bağlı atdıqları yanlış addımlara görə sorğuya çəkirik. Onların qarşısında məsələ qaldırırıq. Bizim bəşər övladı olaraq haqqımız var buna. Yadınızdadırsa, mən yazmışdım, dəfələrlə də demişəm, Asif Atanın düşüncələrini oxuduqca, araşdırdıqca qarşıma çıxan suallara doğru, düzgün cavab axtarmışam. Bu sualları Asif Ataya yönəltmişəm, özüm cavablandırmışam. Asif Ata insanla bağlı münasibətini hansı yöndə qurur, millətlə bağlı münasibətini hansı yöndə qurur, başqa xalqlarla münasibətini hansı yöndə qurur – bunları araşdırıb öyrənirəm, Asif Atadan soruşuram. Sabahkılar, biz bizdən öncəkiləri sorğulayan kimi, Asif Atanın qarşısında məsələ qaldıracaqlar, onu sorğuya çəkəcəklər. Ona görə biz də Asif Atanı öyrəndikcə, onun bu qutsal günündə düşüncələrimizi aydınlaşdırmağa, özümüzə deməyə çalışırıq. Əslində, özümüz üçün aydınlaşdırmalar bütövlükdə toplum üçün, bəşəriyyət üçün aydınlaşdırma demək olur. Biz bu yükün, biz bu sorumluluğun altına giririk. Biz gələcək soylara üzümüzü tutub deyirik: sizin sorğularınıza cavab verməyə hazırıq, sizin tələblərinizi ödəməyə hazır olmuşuq. Bunun üçün biz sizə özümüzün müqəddəsatımızı (arxivimizi),  sözümüzü sunuruq. Yaşadığımız ömrü, ömür kitablarımızı sunuruq. Oxuyun, düşünün, suallarınıza cavab tapın.
Dediyim kimi, başqa dünyabaxış yaradıcıları insanlığın qarşısında özlərinə xas sorumluluq daşıyıblar, zəhmət ortaya qoyublar. Bu da ondan irəli gəlir ki, insan düşünmək üçün, bioloji oluşumundan yüksəyə qalxmaq üçün ölçü tapsın. Hər kəs onun üçün çalışıb. İnsanlığın qarşısında tələb qoyublar: heyvanat səviyyəsində yaşama, ibtidai baxışlardan, münasibətlərdən yüksəyə qalx. İbtidai münasibətlər pozula bilir, korlana bilir. Ondan sonra sən öz növündən olanlarla, necə deyərlər, qanlı bıçaq olursan.
Bir məsələyə baxışınızı yönəltmək istəyirəm. İnsanların birgəyaşayışı üçün, mənəvi-ruhani münasibətlərin gözəlləşməsi üçün məsələ qoyurlar, ideya gətirirlər, ölçü verirlər. Bu ölçünü nə öz yaşamlarında, nə də toplumun yaşamında oturuşdura bilmirlər. Ya da yanlış oturuşdururlar. Elə bir məsələ ortaya çıxır, bəzən görürsən bir ideya, baxış yiyəsi balaca bir ehtiyatsızlıq, balaca bir idraksızlıq, biliksizlik üzündən hansısa yanlışlara yol verir. Bu yanlışlar bütün bəşəriyyətin həyatında özünü göstərir. Mən Tolstoyun əsəri ilə bağlı bir yazı yazmışam: əslində on doqquzuncu yüzilin rus toplumunda həyat nizamı elə bir yanlış şəklə salınmışdı ki, o, ayrı-ayrı insanların həyatında faciəyə çevrilir. Bunun nədənini çox vaxt görmürlər. Əslində, bir, ya bir neçə insanın taleyində yaranan, yaşanan böyük fəlakətlər, faciələr, ya da cinayətlər həmin dövrün genel yaşam ölçüsündən qaynaqlanır.  Bizim də dediyimiz kimi, dünyagörüş yaradanlar çalışırlar, çabalayırlar, insanlıq üçün yol axtarırlar, sağlam bir şeylər ortaya gətirməyə çalışırlar. Ancaq biliksizlikdənmi, idraksızlıqdanmı, eqoizmdənmi elə yanlış addımlar atırlar, ölçü dağılır. Bu bütöv bəşəriyyətin həyatında əks-sədaya çevrilir, böyük dağıntılara yol açır.
Biz Asif Atadan öncə yaranan dinləri, dünyabaxışları belə dəyərləndirmişik. Deyirik, onlar insanın taleyində bütöv bir nizam yarada bilmədilər. Onlar insanı tam olaraq həqiqətə yönəldə bilmədilər, inandıra bilmədilər. İnandıra bilmədikləri üçün də insan, gördüyümüz kimi, faciəvi bir yaşam sürür. Hara gedirsən get, nə edirsən et, bütün bəlaların kökündə ruhaniyyat məsələsinin əyilməsi, tanrısal sistemin dağılması, tanrısal sistemə münasibətin əyilməsi durur. İnsan ruhani varlıqdır. İnsanlıq qanunları ruhaniyyat deməkdir. İnsanlığın qanunları tanrısal qanunlara bağlıdır, yəni Mütləqə bağlıdır.  Ölçü Mütləq deyilsə, Mütləqiliyə bağlı deyilsə, həyatda hər cür əyriliklər,hər cür ədalətsizliklər yeriməyə başlayır. Biz  ona görə, özümüzdən öncəki dünyagörüşləri o nöqətədə suçlayırıq, sorğulara çəkirik. Sorğularımıza cavab ala bilmirik. Necə sorğuya çəkirik, onları birər-birər öyrənməklə. Onların kitabını oxuyuruq, düşüncələrinə yetirik, verdiyi ideyaları araşdırırıq. Görürük ki, bizim istəklərimizə cavab vermir. Asif Ata öz dünyagörüşünü o açıdan yaradıb ortaya gətirdi, özündən öncəkilər onu qane eləmədi. Hürufilik kimi böyük olay Asif Atanı qane eləmədi. Qane eləsəydi, Hürufiliyi, Xürrəmiliyi davam edərdi. Onların heç biri onu qane etmədi. Öz fəlsəfəsini yaratdı (İnamın fəlsəfəsini yaradıb ortaya qoydu). Dedi ki, bu çağa qədər yazılan fəlsəfə insana gərək deyil.  Baxın, nə böyük iddia! Deyir, mən fəlsəfəni oxudum, öyrəndim, gördüm, o insana gərək deyil. Nəyə görə bunu deyir?! – Biz dünya fəlsəfəsindən bəhrələnirik, Asif Ata özü də bəhrələnib. Dünyada fəlsəfi baxışlar araşdırılır, öyrənilir, bəhrələnilir, onlarda müsbət şeylər var. Bəs niyə Asif Ata deyir, insana gərək deyil?! – Çünkü biri var, Asif Atanın ayrı-ayrı hallarda yaxşı şeyləri görməsi, onu dilə gətirməsi. Biri də var, ortaya bütöv ölçü gətirmək. O da deyir, ölçü ya var, ya yoxdur. Ya hər şey, ya heç nə. Bu prinsiplə yanaşır. Yəni ölçü Mütləqilikdir. Hər şey Mütləq olmalıdır. Yalnız Mütləq olan həqiqidir. Bu tələbə cavab verməyənləri qırağa qoyur. Deyir, mən fəlsəfəni öyrəndim, gördüm ki, o insana gərək deyil. Yəni nisbi gərəkliyi özəl vurğulamır, çünkü burda artıq ölçünü göz önünə alır.  Hansısa dühaları, filosofları öyrənir, sonra düşünür, İnsanlığı onlarla qurtara bilərəm ya yox?! Görür, qurtara bilməz, ona görə deyir, gərək deyil. Əgər Asif Ata özündən öncəki filosofları, dünyagörüş yaradıcılarını ölçü səviyyəsində qəbul etsəydi, onda tutardılar onun yaxasından, nisbi saydıqlarını davam etməyin nə anlamı var?! Ona görə deyir, insana gərək deyil. İnsana nə gərəkdirsə, onu mən yaradıram, ortaya qoyuram. İndi mənim yaratdıqlarımı oxuyun, öyrənin, dəyərini bilin, bacarırsınız, çatışanı-çatışmayanı araşdırın, ortaya qoyun. Əgər görsəniz, mənim yaratdığım məndən öncəkilərin yaratdıqlarına bərabərdir, ya da ondan az fərqlənir, heç məni də qəbul etməyin. Böyük iddiadır, böyük cəsarətdir. Mən Asif Ataya bu açıdan yanaşmışam, belə öyrənmişəm. Asif Atadan öncəkilərin daşıyıcıları var, yiyələri var. Tutar mənim yaxamdan ki, öncəkində hər şey var, sən nə deyirsən?! Mən də Asif Atanı öyrənirəm, qapsamlı şəkildə. Görürəm yox, ondan öncəkilər Asif Atanın topuğunda qalır. Bizim öz əqidəmiz olduğu üçün bu qənaətə gəlmirik, öyrənib gəlirik. Öyrəndiklərimizə inanırıq, inana bilirik, bizi inandıra bilir. Bizdən qıraqda Ocaqsevərlər də var, onlar da bir qom deməkdir. Lap minlərlə var, onlar da ümumbəşər səviyyəsində bir qom deməkdir. Məsələ nədədir, bizi inandırıb, bizdən qıraqdakı o bir qomu da inandırır, bəs qıraqda qalanları niyə inandıra bilmir (bu sualı verə bilərlər)?! – Çünkü ondan qıraqdakılar özlərinə həqiqət yolu, həqiqət ölçüsü axtarmayıblar. Onlar zəhmət çəkmək istəmirlər, onlar olanla yetərlənirlər. Ona görə də bəsit həyat yaşayırlar, həqiqətdən uzaq həyat yaşayırlar. Həqiqətə yad yaşayırlar.  Biz deyirik, nə qədər həqiqətə yad yaşayırsansa, onda sən yaşadığın bu toplumda nə ədalət istə, nə gözəllik axtar,  nə də gələcəyə uğurlu bir addım axtar. Olmayacaq. Başqa dünyagörüş daşıyıcıları var, məsələn, müsəlmanları deyək. Müsəlmanlar Ocaqçılar kimi doğrunu axtarmırlar. Onlar o zəhmətin içinə girmirlər. Onlar insanlığın sirlərinə vaqif olmaq istəmirlər. Onlar Tanrını içində böyüdərək, onunla birikmək istəmirlər. Onlar qul olmaq istəyirlər, özlərini başqasına göstərmək üçün yarışırlar. Onlar dünyabaxışı öz çıxarları üçün qullanırlar. Gərəkəndə onun yolunda baş da yarırlar. Biz həqiqəti çıxara çevirmirik. Biz insanların ağlına, ürəyinə işıq salmaq istəyirik. Mənim üçün Asif Ata belə bir yüksəklikdən görünür, belə bir ölçünün arxasında görünür.  Mənim üçün Asif Atanın Günü bu həqiqətə yetməkdir, bu həqiqətlə yaşamaqdır. İnsanlığın ölçüyə çevrilməsi, insanlığın var olması məsələsidir. Ona görə biz Atanın Gününü vurğu edirik, törən kimi keçiririk.
Bu həqiqətləri daim araşdıraq, öyrənək, özümüzə, özgələrə deyək. Mən sözümü Atanın adı ilə bitirirəm:

Yükümüzdən böyük fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.

Günev Atalı (Ataya səcdə edir  – G.A):Ata Günü münasibətilə hamınızı qutlayıram. Gözəl  gündür. Dünyanın qan çanağına döndüyü bir dövrdə Atanın dünyaya gəldiyi gün bizim üçün hədsiz dərəcədə qürurvericidir. Millətimiz üçün böyük bir olaydır. Bir kişi, bir ər bu sorunların həllinə yönəlik öz sözünü deyib. Ona görə Asif Atanın ömür yoluna yönəlik bir-iki cümlə deyim, sonra Göytəkinin qoyduğu qonulara öz münasibətimi bildirim.
Bəşər övladı yaranandan bu günə qədər ruhani yöndən tənəzzül yolu keçmişdir. Ata deyirdi,
“Ruhani mənada götürəndə bu dövrün daş dövründən elə də əsaslı bir fərqi yoxdur”.Daş dövründə də, hətta dil olmayanda belə, acizlikdən insan əllərini göyə açıb pənah axtarırdı. Bu gün də axtarır. Deməli, əslində ruhani mənada tənəzzül yolu keçmişdir. Maddi məsələlərdə, texnologiyada böyük inkişaflar baş verib. Bu da insanlığa bir yandan yarayıbsa, bir yandan zərərinə olub. Tənəzzül yolunu keçməsinin əsas səbəbi dünyanın, həyatın, insanın öz əzəli mahiyyətindən, gen düşməsi ilə bağlıdır. Bir çox yöndən əlac axtarılsa da, bu əsas səbəb həmişə qalmışdır. Asif Ata öz axtarışlarını bu yöndə apararaq, bütün sorunların səbəbini də  əlacını da insanla bağlamışdır. İnsan özündəki şərdən ayrılmalı, kamillik yolunda yürüməli, özüylə döyüş prinsipi əsasında özünü qurmalı, yörəsindəki əyriliklərin həllində özünü sorumlu bilməlidir. Kamil insan üçün qayğısız həyat yoxdur, heç gərək də deyil. Qayğısız ömür kimə gərəkdir?! Ömrümüzdə bu cür qayğıların özünə yer eləməsi bizi Asif Ata ilə yaxınlaşdırdı. İçimizdə o dərd, o sorun olmasaydı, bəşərin sorunları bizi rahatsız etməsəydi, Asif Atanı eşidərdikmi, ona qovuşmağa can atardıqmı?! Deməli, biz Asif Ata ilə dərd ortağıyıq. Nə böyük  xoşbəxtlik, necə duyğulu bir əhvaldır. Bu cür şəxsiyyətlə ruhən yaxın olursan. Asif Atanı düşündürən dərd, az da olsa, məni də düşündürmüşdü ki, Asif Ata adını eşidəndə qanadlanıb uçmuşdum yanına. Belə məsələlərlə ilgiləndiyimiz üçün Ata ilə rastlaşmağımız Atalı ömrümüzün başlanğıcı oldu. Atanın baxışını ömür yolumuza çevirdik. Bu yöndə çabalar göstərdik. Hər uğurumuz, hər çətinliyimiz bizi bir addım Ataya yaxınlaşdırdı. Beləcə, Ata harayları Evlad harayları ilə davam etdi. Ömrümün bir anını bu ilahi gedişdən ayrı hesab etmirəm. Asif Atanın Mütləqə İnam Ocağının Evladı olaraq qəti əminəm, insan özünə qalib gələcəksə, öz ömrünə sahib olacaqsa, ömrünü insanlaşma-insanlaşdırma amalına sərf edəcəksə, dünya xilas yolunu tapacaq.
Bir daha Ata Günü münasibəti ilə sizi qutlayıram

Atamız Var olsun!

 Göytəkin Atalı ( Ataya səcdə edir – G. A):Atalı ömürdən, bu ömürdəki yaşantılardan, yetdiklərimizdən danışmaq bir yandan baxanda çətindir. Çünkü Atalı ömürdən danışmaq deyəndə, insan nə dərəcədə özüylə uğraşıb, nə dərəcədə özünü bu əqidəyə, yola həsr edib, nə dərəcədə həyatı, məişəti, zamanı ötə bilib – ondan danışmalıdır. Atalı ömür – dayanmadan yol getmək, fədakarlıqlar, özündən keçmələr əsasında qurulur. Mən də Göytəkin adını, Atalı soyadını daşıyandan buna çalışıram. Azdımı, çoxdumu, bacardığım qədər çaba göstərməyə, geri addım atmamağa çalışıram. Ancaq yenə az görünür, bilirəm, yetərli deyil. Soylu bəyin bir deyimi hər zaman ağlımdadır – “Böyük Yolun başlanğıcına çatmaq”. Yolun başlanğıcına çatmaq elə tam olmaq deməkdir. Həm kamilləşmə məsələsi, həm ortaya gətirdiyin əməllərlə Yola davam etmək gərəkdir.
Oxumağa, düşünməyə daha çox zaman ayırıram. Oxuduqlarımda  Atanı anlayıram, Ataya qovuşduran məqamlara
diqqət edirəm. Hər dəfə Ata təsdiqlənir içimdə, qovuşuram ona. Ata bir xəzinədir. Sağlam düşüncələrin açarı bu xəzinəni açır.
Ata insanın Mənasını Günəşə bənzədir.  Bu bənzətməni, Hüqonun “Səfillər” əsərində bir din yepiskopunun həyatını oxuyanda daha yaxşı anladım. Çevrəndə nə baş verirsə versin, onun qəlbində həmişə insana inam, sevgi çağlayır. Qəlbində insana sevgi olan bir insanın çevrədəkilər üçün necə gərəkli olduğunu gördüm. Doğrudan da, belə insanların əməli Günəş işığı kimidir. Hansı qəlbə onun işığından bir zərrə düşür, o zərrə həmin insanın qəlbində sönməz işığa çevrilir. Həmin insan öz ömrünü yaşamaqla yaxşılıqlara yol açır.
Ataya qovuşmaqla insanın içində öz ömrünə yiyələnmək coşqusu yaranır. Hər dəfə insan  “mən harda idim, necə olub düşünməmişəm, özümü tanımamışam” – deyə düşünür. Hər addımı ilə öz ömrünü İnam üstdə qurmaq yönündə əminlik duyur içində. Ən əsası da nəyə dayanaraq bu ömrü quracağına, bu yolun onu hara aparacağına inanaraq addımlayır. İnsan “axı kimə, nəyə gərəkdir mənim ömrüm” ümüdsizliyindən qurtulur. “Gərəklidir mənim ömrüm – vətənim, millətim üçün, insanlıq üçün gərəklidir” nikbinliyinə qovuşur. Eyni zamanda böyük bir sorumluluq da duyur, çünkü bu nikbinlik Atanın tələblərini ömrə gətirmək, yaşamaq, kamilləşmək deməkdir. Kamil insan Günəş kimi gərəkdir dünyaya. Günəş doğanda qaranlığın aydınlaşması kimi kamil insanın ömrü də qaranlıqları yarıb aydınlıq gətirir dünyaya. Bir daha Ata Günümüz Qutlu olsun!

Atamız Var olsun!

İnamlı Atalı ( Ataya səcdə edir – G. A):Mən də  Ata Günü münasibətilə amaldaşlarımızı qutlayıram. Hamınıza can sağlığı, bu yolda uğurlar arzulayıram.
Ata Günü mərasimi ilə bağlı qoyulan qonular üzərində düşündüm. Hər şey  insana bağlıdır bu həyatda. Ata insanla bağlı hər şeyi açıb. Bu açıdan, Mütləqə İnam mənim ürəyimdən xəbər verib, onu Mütləq Həqiqət kimi qəbul etmişəm. Bir İnam kimi, mənim zərrə qədər də ona şübhəm yoxdur, ancaq özümləşdirmə məsələlərində bəlli çətinliklərim var. Qoyulan qonulara uyğun olaraq, Atanın özünü təhlil etməyə çalışmışam. Belə bir qənaətə gəlmişəm, Ata fitri düha idi. Fitrətin nə olduğunu da düşünmüşəm. Fitrət iki yöndən gələ bilər. Biri var, nəsillə gələn fitrət. Burada hansısa bir qabiliyyət özünü nəsildə, nəvələrdə göstərir. Biri də var, insanın mahiyyətindən gələn bacarıq.  Mahiyyətdən gələn fitrət insanın ilahilik  gücünü oluşdurur.
Asif Atanın Moskva həyatından qabaqkı həyatının mənəvi tərəfini bilmirəm. Bu onun məktəb illərinə gedib çıxır. Orta məktəbi qurtaran gənclər hansı düşüncənin yiyəsi olur?! Ata gedib Moskva kimi bir yerdə gerçək həyatdan aralanıb özünü idrakın ixtiyarına verib. Dünya ədəbiyyatını, fəlsəfəsini, musiqisini, tarixini öyrənib. Bu hər adamda olmur. Ayrı-ayrı sivilizasiyalar olub, onların içində mən bu qüdrətə,bu  gücə malik adam demək olar, heç yerdə oxumamışam. Peyğəmbərlərin hamısında o fitrət olub. Ancaq idraki güc Atada çox fərqlidir. Bu üzdən öncəkilərin inamlarında yanılmalar, qırağa çıxmalar olub. Özəllikcə, insana baxışda  bütün dinlərdə, fəlsəfi görüşlərdə yarımçıqlıq olub.
Millətin içində nə qədər parçalanma var. Bu parçalanma da pulçuluq, varidat üstündə gedir. Bu gün millətin varlısı da, yoxsulu da sanki cəhənnəm əzabı yaşayır. Varlısı tüfeyli həyat keçirir, yoxsulu da əzab çəkir. Adam Allahdan umur, həyatda da ağasından umur. O dünyada Allahın mərhəmətinə bel bağladığı kimi, burda da ağanın mərhəmətinə bel  bağlayır. Ona görə xoşbəxtlik Mütləqə İnamdadır. Ümumbəşər düzeyində bu belədir.
Asif Atanın nə evi, nə vəzifəsi, nə maşını, nə pulu vardı, ancaq o bu gün mənəvi-idraki xoşbəxtliyin işığıdır. Bu çağa qədərki idrak adamlarından güclüdür.
Məhəmməd özünü sonuncu peyğəmbər saydı, müsəlmanlar da onun dediyini bayraq edirlər. Ancaq insan xoşbəxt deyilsə, bunu deməyə heç kimin haqqı yoxdur. Biz bu düşüncəni rədd edirik. Ancaq Mütləqə İnamda ölçü İnsandır. Bu açıdan mən deyərdim, bundan sonra minillər keçəcək, ancaq Asif Atanın dediyi söz hardasa dayanmayacaq. Çünkü hər şey insanla bağlıdır.
Atanın ömür yolu mənimçün bir mayakdır. Mən də Atanı Günəşə bənzətmişdim. Sonra bir söz işlətdim, Günəş özü də sonludur. Asif Atanın çağırışı isə həmişəlikdir. Atalı olduğum üçün xoşbəxtəm, Asif Ata ilə bir zamanda yaşadığım, onunla birbaşa təmasda olduğum üçün xoşbəxtəm. Nə yazıqlar, Asif Ata aramızdan tez getdi. Hələ mən bu yaşımdan sonra bir şeylər etməyi düşünürəm. Var olsun, bacılarım, qardaşlarım mənə elə bir ruh verirlər, günlərlə oxumaqla, amallaşmaqla məşğul oluram. Yorulanda yenə sizinlə təmasa ehtiyacım olur. Ata adına layiq bir Evlad kimi yetişə bilsəydim, mənim də bu dünyada fəxredici bir ömrüm olardı.

Atamız Var olsun!
Ata Ruhunu Ürəyimdə aparıram!

 Nurtəkin Atalı (Ataya səcdə edib, bayrağı öpür – G. A):Mən də Ata Günü münasibətilə hamını qutlayıram. Hər birimizin həyatında dönüş yaradan, hər birimizin həyatına sarsıntı gətirən, sonra aydınlığa çıxaran bir olaydır.
Düşüncələrimi yazmışam, indi onu oxuyacam:

  • İnsandan başlayır hər şey. İnsan nədirsə, dünya odur.
  • Hər bir insanın yaşam ölçüsü var. Kimi toplumun, kimi dinin, kimi siyasətin, ideologiyanın ölçüsünü qəbul edib ona uyğun yaşayır.
  • Əqidəsizliyi əqidə sayıb yaşayanlar da var.
  • Məqsədsizliyi məqsəd sayıb yaşayanlar da var.

Ancaq həqiqət birdir.

  • Asif Ata bizə bunu öyrətdi: “İnsani, milli bəşəri ideyalarla yaşamalıdır insan”.
  • İnsan insanlığa meyil edər, onu qiymətləndirər. Ancaq onu daim ömründə qorumaq, yaşatmaq asan deyil. İdeya ilə ömür nizamlanmalıdır, qurulmalıdır. Həqiqəti sevmək azdır, onu qorumaq, yaşatmaq gərəkdir. Asif Ata bizə bu ölçünü verdi.
  • İnsanlıq zamandan, şəraitdən, mühitdən üstündür. İnsanlığa uyğun yaşamaq zamandan, şəraitdən, mühitdən üstün yaşamaqdır. Ata bizə belə bir üstünlük düzeyində yaşamaq öyrədir.
  • İnsanın qarşısında Zaman öz tələbini, toplum öz tələbini qoyur. Bu tələblərdə insan özünə yadlaşır.
  • Mütləqin isə bir tələbi var: Özünə çat, özümlüyünü qur. Onda dünyanın da, həyatın da əsil mahiyyətini anlayacaq, görəcək, onunla yaşayacaqsan.
  • İnsan ömrünün millətlə, bəşərlə birliyini anlamaq ömrün baxışını da, gedişini də dəyişir. Həm öz qarşında, həm millətin, İnsanlığın qarşısında özünü sorumlu görürsən. İnsan içindəki nisbilikdən, naqislikdən arındıqca millətə, dünyaya daha çox gərək olur.
  • İnsan içindəki yalanı yaşatdıqca dünyadakı yalanı yaşatmalı olur. Yalan yaşadıqca həqiqətə inanmaq gücünü itirir, həqiqəti təsdiq etmək özünü doğrultmur.
  • Həqiqətə inanmaqla onu yaşadarsan, təsdiq edərsən. İçindəki yalana qalib gəlməyə inanmaq dünyadakı yalanı yenməyə inam yaradır. Asif Ata deyirdi: “Şər tamam yox olmur, xeyirlə şər daim mübarizə aparır, ancaq xeyirin qələbəsinə inam bu günümüzü dəyərləndirir, sabaha inamı artırır”.
  • Hər kəsin sorumluluğu var: ata kimi, ana kimi, bacı-qardaş kimi. Ancaq ən önəmli sorumluluq insan olmaq, millət qarşısında, bəşər qarşısında sorumlu olmaqdır.
  • İnsanın öz ömrünə yiyə çıxması böyük olaydır. Gələcəyə deyə biləcəyi ən böyük sözdür.
  • Cəmiyyətçinin ömrü cəmiyyətdə itib-batır. Mütləqçinin ömrü əbədi yolçuluqdur…

Atamız Var olsun!

 Bilən Atalı ( Ataya səcdə edir – G. A):Günümüz  Qutlu olsun. Mənim, Ocağa gəlməmişdən öncə, həyat tərzim, yaşamağım nizamsız olub. Hətta vətəndən getmək haqqında da düşünmüşəm. Demişəm, bu ölkə ölkə deyil, belə yaşamaqmı olar?! Ocağa gələndən sonra artıq vətənin nə olduğunu dərk etmişəm. Mənim çətinliklərim həmişə olub, indi də var. Ancaq vətənə bağlılığım öncəki illərdə olduğu kimi deyil. Bunu mənə Ocaq öyrədib.
Ölkəmizin durumu ilə maraqlanıb siyasəti izləyirdim. Düşünürdüm, siyasətlə hər şey düzələcək.Həmişə Soylu bəyə sual verirdim, bu ölkə necə olacaq, nə zaman düzələcək? Deyirdi, yüz ilə, min ilə. Mən onu anlamırdım. Sonradan anladım, ölkənin düzəlməsi  bizdən, insanlardan asılıdır. Elə lap məndən asılıdır. Mən özüm düzələcəmsə, ölkə də düzələcək.  Mən Ocaqda anladım çox şeyi. Bu belə də davam edir. Kitab oxumağa başlamışam. Anlayıram, insan kimdir, necə olmalıdır. Çalışıram, içimdə, cəmiyyətdən gələn nə varsa, onunla döyüşəm. Günümüz  Qutlu olsun!

Atamız Var olsun!

Soylu Atalı:Çox gözəl. Hər biriniz var olun. Hər birinizi qutlayıram. Günümüzü  ifadə etdiniz, Ata ilə bağlı sevginizi, sevincinizi  bölüşdünüz. Bəzi məqamlara yönəlik əlavələr etmək istəyirəm: Günev Ataya qovuşmaq məsələsini vurğu elədi. Olduqca önəmli bir məsələdir. Bunu  Ocaqçılar, söz yox, anlayırlar.  Bir vaxtlar mən, öncələr Ocaqda olmuş, indi də özlərini Ocaqda sayan keçmiş amaldaşlarımızla söhbətlərdə bu məsələləri  daim aydınlaşdırmağa çalışmışam. Başlıca olaraq, anlatmaq istəmişəm, Ataya qovuşmaq Atanı çox sevmək demək deyil. Atanı çox adam çox sevə bilər, atası da, anası da, biz də. Ancaq Ataya bizim sevgimiz onların sevgisi ilə eyni tellərlə bağlı deyil. Bizim sevgimiz təkcə Asif Ata  “böyükdür, biliklidir, savadlıdır, millətsevər, vətənsevər kişidir, filandır” kimi məsələlərə bağlı deyil. Bizim sevgimiz Atanın ideallarını dərk etməyimizə bağlıdır. Atanın ideallarını ömrümüzə gətirmək, onun  harayını çəkmək deməkdir bizim sevgimiz. Atanın ideallarını tanımadan Atanı sevmək səthi bir məsələdir, adi bir şeydir. Bayaq Göytəkin vurğuladı, insanın gərəkliyi məsələsini. İnsan özünü gərəkli  bilir vətəni üçün, milləti üçün. Atanın dünyabaxışından doğan bir haldır, insanın gərəkliliyini özünə anlatmaq, özünə öyrətmək. Atanın ideallarına qovuşmaq, Atanın idellarını dərk eləmək – özünün insan olmasının fərqinə varmaq, özünün  insanlığa, həyata, vətənə gərək olduğunu dərk eləmək deməkdir. Bizim Ataya sevgimiz bu deməkdir. Bəzən böyük insanları sevən adamlar onu hətta gözdən salıb. Tarixdə də olub belə şeylər. Sevib, ancaq başqalarının gözündən salıb. Çünkü o öz, sevgisinin mahiyyətini bütünlüklə anlaya bilməyib, yaşaya bilməyib, ya da anlada bilməyib. Belə olanda sevgi böyük insana zərər verir. Ona görə sevgi – sevdiyin adamın mahiyyətinə uyğun yaşamağa bərabərdir. Başlıca məsələ insanın özünü dərk məsələsidir.
Bilən deyir, mən vətəndən getmək istəyirdim. Vətəni qarğışlayırdım, belə vətənmi olar, belə ölkəmi olar, belə gedişmi olar, belə yaşamaqmı olar?! Sonra hansısa təsadüfdən Asif Atanı tapıb. Asif Atanı tapandan sonra vətəni tanıyıb. Deməli, Asif Atanı tanımaq vətəni tanımaq deməkdir, milləti  tanımaq deməkdir, özünü tanımaq deməkdir.Ona görə vətəni tapmaq, özünü tapmaq bizi Ataya qovuşdurur, doğmalaşdırır. Atanın ideallarına bağlanmağı Ataya qovuşmaq kimi qəbul edirik. Bütün məsələ hərlənib  gəlir insanın özünüdərk məsələsinin üzərində dayanır. Heç kim insana özünüdərk ortamı yaratmayıb. Heç bir fəlsəfi, dini doktrina insana belə bir yol açmayıb ki, insan o yolla özünə doğru addım atsın. O yolda özünü dərk edib özünə yetsin. O yolda özünü dərk yoxdursa, dünyanın fəlakəti ortadan qalxmayacaq. Özünü dərk etməyən adam dövlətin başına gələr, ancaq dünyaya işıq sala bilməz. Özünü dərk etməyən adamlar dövlətin başına gəlir, milləti darmadağın edir, bəşəriyyəti darmadağın edir. Özünü dərk etməyənlər imperiyaların başına gəlir, dünyaya ağalıq edir. Dünyanı dərk edən adam dünyaya ağalıq edə bilməz, utanar dünyaya ağalıq eləmək iddiasından. Ancaq onlar nəinki bundan utanır, böyük həvəslə bütün dünyanın bəlasına çevrilməyə çalışır, bütün cəhdləri onunla bağlı olur.
Bizim Ata Günü mərasimimizin mahiyyəti çox dərin məsələlərə bağlıdır, dərin köklərə bağlıdır. Sizə bu yaxınlarda bir yazı gönədərdim ki, oxuyub düşüncələrinizi bölüşəsiniz. Onu mənə dostumuz  Əlisafa bəy göndərmişdi. Özü də mənə yazıb ki, Ata daha geniş şəkildə məsələləri ortaya gətirib. Ancaq bunu da oxumaq pis olmaz. Mən də oxudum, o cür düşünənləri biz dinləmişik, görmüşük. Görürsünüz, qurtuluş axtaran, çaba göstərən insanlar saman çöpündən yapışırlar. Onlar elə-belə təsadüfü adamlar deyil. Onlar rus imperiyasının içərisində əriyib heçə çevrildiklərinin fərqinə varan insanlardır. Onlar tatar türkləridir. Onlar bu imperiyanın içərisində nə olduqlarının, nəyə çevrildiklərinin fərqinə varan insanlardır, rahatsız olurlar. Öz  xalqlarının  yerinə düşünürlər. Ancaq  xalqın içindən çıxıb xalqın yerinə düşünən insanlar nə qədər gözəl  niyyət daşıyıcıları olsa da, onların axtardığı, üz tutduğu yön – qurtuluşu hazırlaya biləcək qüdrətdə deyil. Onların millətinə qurtuluş gətirə biləcək qüdrətdə deyil. Min il bundan öncə dayanmış bir dünyabaxışı diriltməyə çalışırlar. “Dayanmış” deyirəm, ölmüş də deyə bilərəm. Mən yazmışam, türkün tanrıçılıq dəyəri ərəbin islamçılığına yenildi, yıxıldı, öldü.
İndi o, yalnız arxivlərdə var, tarixdə var. Onun ayrı-ayrı işartıları, ayrı-ayrı nişanələri yaddaşlarda var, həyatımızda da var. Ancaq onun ayrı-ayrı nişanələrinin həyatımızda olması bütünlüklə dirilə biləcəyi anlamına gəlməz. Mən də üzümü onlara tuturam: siz qurtulmaq istəyirsiniz, imperiya caynağından çıxmaq istəyirsiniz, xalq olmaq istəyirsiniz, özgür olmaq istəyirsiniz?! Çox yaxşı, biz sizə həqiqətin yolunu sunuruq. Biz sizə qurtuluşun yolunu sunuruq. Mənim də haqqım var, sizə ərk edəm, mənim də haqqım var, sizə irad bildirəm. Sənə sunduğum dünyabaxışın  gücünə, qüdrətinə bələdəm. Onun qurtuluş gətirmək qüdrətinə bələdəm. Ona görə sənə səslənməyə haqqım var, sənə irad bildirməyə haqqım var. Sənə də, o birinə də. Mən amaldaşlarımızdan daha çox bunların içində oluram, daha çox araşdırıb öyrənmişəm, bilirəm. Buna görə özümdə bir haqq görürəm, onlara səslənim. Onlara deyirəm, siz bu işdə qabağa durun, kömək edin, məsələni  gündəliyə gətirin. Bu sizin üçün qurtuluş yoludur. Mən bunu elə-belə, sıradan bir vətənsevər kimi eləmirəm. Mən nə dediyimi anlayıram, dərk edirəm. Onların dediyini, o birilərinin dediyini, hamısını araşdırıb öyrənmişəm. Hamısının axtarışlarını öyrənmişəm. Hamısının axtarışları saman çöpündən yapışmaqdır. Ayrı şey deyil. Mən sənə saman çöpü vermirəm. Mən sənə tikilib qurulmuş, səni qoruyacaq qala verirəm.
Buna görə sizə o yazını göndərdim ki, araşdırın, oxuyun, görün Ocaq nə deməkdir. Onlar üçün ideoloji baza sayılan yazı ilə Asif Atanın Mütləqə İnam baxışını, sistemini tutuşdurun. Görün, hansı yükün altındasınız, hansı xoşbəxtliyi daşıdığınızın fərqində olun. Mən dəfələrlə bunu vurğu etmişəm, bunu deyəndə heç kimə süni həvəs vermirəm, yalançı emosianallığa səsləmirəm. Doğrudan da, bizim arxasınca getdiyimiz bu ideyanın, dünyagörüşün insanlıq üçün, bəşəriyyət üçün, türk toplumları üçün nə demək olduğunu dərk  edə, anlaya bilmişəm. Onu da zaman-zaman yazmışam. Mətbuata çıxardıram, insanların diqqətinə çatdırıram. Belə bir qatda dayanıb bütün insanlıq, bəşəriyyət üçün Atanın nə demək olduğunu daha yaxşı  öyrənmək mümkündür. Atanın topdağıtmaz bir irsi sistemi var. Bütöv həyat nizamı var, yaşam sistemi var. Bu, həm milli özünüqoruma sistemidir, həm də insanlığın özünüqoruma sistemidir. İnsanlığı dövlət qoruya bilmir. İnsanlığı dövlət yıxır, insanlığı ruhaniyyat qoruyur. İnsani qanunları ruhaniyyat qoruyur. Dövlətdə insani qanunların işləməsini də ruhaniyyat yaradır. Yetər ki, ruhaniyyata yaşam vəsiqəsi verəsən. Onda görəcəksən, insanlığın gözəlliyi,  istər xalqda, istər dövlətdə, hansı yenilikləri ortaya gətirir, işıqlandırır.
Asif Atanın adına bağlı bugün belə bir anlamı özündə daşıyır.
 Bir məsələni də əlavə edim. İnamlı qardaşımız Ata ilə bağlı dedi, Asif Atanın fitrəti öz mahiyyətindən qaynaqlanır. O özü də deyərdi, mən soyca (dini mənada) ruhani soyundanam. Onun babaları molla olub. Asif Ata öz başlanğıcını soyundan götürmüş olsaydı, gərək mollalığı davam edəydi. Deməli, Asif  Ata öz soyundan götürməyib, öz xalqından götürüb. Asif Ata fiziki olaraq öz soyundan gəlir, ancaq bir xilqət olaraq xalqından, xalqının mahiyyətindən gəlir. Asif Ata Babəkin davamıdır, Nəsiminin, Nəiminin, Zərdüştlüyün, Dədə Qorqudun davamıdır. Bu da bizə səbəb verir, Asif Atanı öz xalqının içindən gəldiyi üçün, öz xalqının keçmişini davam elədiyi üçün, öz xalqının qədimliyini, klassik dəyərlərini davam elədiyi üçün xalqımızın gələcəyinə bir qurtululuş faktı kimi suna bilək.
Atanın adı ilə bağlı Günümüz qutlu olsun. Hamınıza uğurlar diləyirəm. Növbəti  törənimiz Yağış Ayının 13-də olacaq. İnam Evinin açılışını edib onu ictimailəşdirmək gərəkdir. Bu, Mütləqə İnam Dünyabaxışının yeriməsi, xalqda oturuşması üçün ən böyük olaylardan biridir. Biri var nəzəriyyə, biri var əməli addım. Nəzəriyyənin ardınca gələn ən önəmli addımlarımızdan biri İnamın Evini yaratmaq, yaşatmaq, onun içində gələcəyə söz deməkdir. Yaxşı hazırlaşmaq gərəkdir. Bizim hər birimizin maddi, fiziki həyatımız var, çalışmalarımız var. Ancaq Ocaq üçün, Amal üçün daim vaxt ayırmağa həm də borcumuz var.

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq! Atamız Var olsun!” səslənişi ilə Törən başa çatır.

Səsdən Yazıya çevirdi: Göytəkin Atalı.
Xəzan Ayı, 43-cü il. Göyçay.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir