Xəbərlər

Qutsal “Ata Sonevini Ziyarət Günü” törənindəki çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Ata Sonevini Ziyarət Günü” törənindəki çıxışlar

Asif Atanın Mütləqə İnam Ocağı Şölə Ayında Ağstafa sonevliyində “Ata Sonevini Ziyarət Günü” törəni keçirdi. Törən “Ata ziyarətinə gəldim, ruhani bəxtiyarlığa qovuşdum!” çağırışı ilə başladı. “Özündəki Mütləqlə səhər təması”nı Nurtəkin, “Ataya Günorta Ricası”nı Güntay söylədi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edib, Bayrağı öpərək, sözünə başladı: Ölənlərimizi Ata ziyarətində anaq: Sabahlı, Bağban, Amaltay bizimlədir, onları bu gün Ata ziyarətində anırıq.

Asif Ata Şölə Ayının 4-dən 5-nə keçən gecə aramızdan getdi. Biz də hər il, bir qayda olaraq, ayın 5-i törən keçirirdik. Törəni biz başladıq, biz keçirdik. Bizdən qıraqda da kimlərsə gəldi, ziyarət elədilər. Olsun. Ancaq Atanın ziyarətinə gələnlər bir-birini gözlətməli oldular. Ona görə qərara gəldik “Ata Sonevinin Ziyarət Törəni”nə , hələlik ayın 4-də gələk.
Bu gün Asif Atanın ölümünün 20-ci ildönümü qarşısındayıq. 20 ildə nə baş verdi, biz hara gəlib çıxdıq, nələr yaratdıq, nələr edə bildik, nələr edə bilmədik?! – İstərdim bu yöndən bir neçə kəlmə hesabat verəm. Bu hesabat Ata sonevində, Atanın qarşısında (hüzurunda) olan bir hesabatdır. Obrazlı dillə desək, Asif Atanın varlığı insana, xalqa bağlı olduğuna görə biz, onun qarşısında hesabat vermək anlayışı işlədirik. Asif Atanın fiziksəl ölümünə görə onun qarşısının olmadığı düşüncəsinə gəlmirik. Nə qədər ki, Asif Atanın xalqı var, nə qədər ki, insanlıq var, Asif Ata da özünü bu xalqa, insanlığa verdiyinə görə, bu xalqın gələcəyinə yönəlik böyük ideyalar, böyük yaşam prinsipləri ortaya gətirdiyinə görə Asif Atanın əbədi hüzuru var, qarşısı var. Biz də Asif Atanın qarşısında hesabat verirkən üzümüzü onun xalqına, insanlığa tuturuq, gələcəyə tuturuq. Sözümüzü ona deyirik. Sözümüzü, başlıca olaraq, özümüzə deyirik.

Biz niyə gəlmişik bura? Uzaq bir yolu hər il nə üçün gəlirik? Hamılıqla olan bir sonevliyə. Hələ Atanın öldüyü ildə (Ocağın 19-cu ilində) o vaxtkı Ocaqçılar belə br düşüncədə idilər, yalnız birinci ilini keçirək, ondan sonra bu tədbiri keçirməyək. O çağlar mən deyə bilməzdim, bu tədbirin önəmini indiki kimi anlayırdım. Ancaq mənim arzum, israrım oldu, biz hər il bu tədbiri keçirməliyik.
Bu səfərin iki önəmi var. Bunlar bir-birinə bağlı, iç-içədir. Birinci önəmi, insan quruca kitab oxumaqla, varlığında heç vaxt nizam tapmır. İnsan oxumaqla, düşünməklə yanaşı hərəkət eləməlidir. Oxumağın, düşünməyin sonucu olmalıdır. Sonuc yeriş deməkdir. Yeriş, hərəkət yoxdursa, bu iş yeriməz, sevgi-filan azala-azala aradan çıxa bilir. Ondan sonra insan özündə güc tapa bilmir, kökdən düşür. Mən sizə faktlar deyim. Asif Atanın öz çağında Ocağında olmuş adamlar (Günev bilir, qismən Nurtəkin də bilir) tədbirə gəlmirdilər. Bəlli bir zamanda uzaqlaşırdılar, sonra geri qayıdırdılar. Ancaq bu qayıdışdan bir şey çıxmırdı. Hətta aktiv bir adam özündə güc tapmırdı. Adamın içi kökdən düşə bilir. Kökdən düşəndən sonra onu bərpa eləmək olmur. Bir var, iikindən başlayırsan prosesi, bir var, çox böyük bir ara verirsən. Ara verəndən sonra bərpa mümkün olmur. Ya da çox zəif olur. İnsan özünü aldadır. İnsanlığın yerişində bərpa özünü doğrultmur. Onu davamlı yaşamaq, yaşatmaq gərək. Bu, böyük bir tələbdir. Ona görə, dönə-dönə vurğu eləmişəm, biz tarixi dəyərlərimizi xalqımızın içində yayırıq. Biz Babəkimizdən danışırıq, Qorqudumuzdan danışırıq, ancaq heç kimi Babəkə, Qorquda, filankəsə çağırmırıq. Niyə çağırmırıq? – Mən deyirəm, Tanrıçılıq qurtarıb. Tanrıçılıq min il, filan il bundan qabaq ərəbin Allahçılığına yenildi. O, xalqın gələnəklərində, həyatında yaşaya-yaşaya bu günə gəlib çıxmayıb. Dayanıb orda. Bunu yenidən başlamaq üçün bir çox yeniliklər gərəkdir. Bu yenilikləri yaşamaq olmur. Gərək bu sənin şüurunda gəlişə-gəlişə, zamanında sənin gəlişmənə uyğun şəkildə, dəyişə-dəyişə gələydi. Min il bundan öncə yerində dayanan bir baxışı yenidən tətbiq eləmək mümkün deyil. Əgər mümkün olsaydı, mən sizə qətiyyətlə deyirəm, bütöv olsaydı (bütöv də deyil), üstündür Göyel dinlərdən, üstündür əski ibtidai baxışlardan, ancaq bütöv deyil. Bütöv olsaydı, bərpası mümkün olsaydı, Asif Ata Mütləqə İnam sistemi yaratmazdı. Onu götürərdi, xalqı çağırardı, gəlin bunu bərpa edək. Ona görə biz gəlirik bura, ya Bakıda tədbir keçiririk, öz içimizdə, düşüncəmizdə yenilənirik, varlığımıza hakim olan duyğularımızı yeniləyirik. Yeniləyirik, gəlişdiririk, yaşadırıq. Ona görə də eşqimiz sönmür, varlığımız bütöv­ləşir, mənəviyyatımız gəlişir. Dayanmırıq, yerimizdə saymırıq. Nə olursan ol, nə qədər bərli-bəzəkli danışırsan danış, için dayanıbsa, için yerimirsə, danışdıqların, ən yaxşı halda, bəlağət olacaq. Bu bəlağət heç kimi çağırmayacaq, inandırmayacaq. Çünkü qıraqdan baxan görür, Soylu çağırır, özü yerimir. O mənə baxıb yeriməyəcək, mən onu hara çağırım? Ona görə bu ziyarətin, insanın ruhsal tərbiyəsində çox böyük rolu var. Zəhmət çəkirsən, ordan çıxıb gəlirsən, için yenilənir, duyğun yenilənir, sevgin, ləyaqətin yenilənir. Dəyərinə bir də baxırsan, bir də ağlına yazırsan, bir də ürəyinə yazırsan. Eyni halda, xalqına, insanlığa böyük bir ismarıc verirsən – sənin şəxsiyyətin var, sənin dəyərin var, böyüyün var. Onu içimdə yaşadıram, sevgimdə, ziyarətimdə yaşadıram, gəlirəm, gedirəm, bunu gör-götür. Bu sənindir. Onun ağlına yazırsan gəlişinlə, yerişinlə. Onun ləyaqətinə yeridirsən gəlişinlə, yerişinlə. Gəliş, yeriş çox müqəddəsdir. Ona görə mən bir daha sizə üzümü tuturam, sizin gəlişləriniz müqəddəs gəlişdir. Xalq yaratma gəlişidir. Hər kəsiniz xalq yaratma işinə ləyaqətinizlə qatılırsınız. 3-5 adam, burda sayın önəmi yoxdur. Hansı sayın önəmi var? – Qurulmuş, qurucu sayın önəmi var. Ancaq quru, yalançı sayın önəmi yoxdur. Az olanda kökdən düşək, çox olanda həvəslənək, belə bir əhval yoxdur Ocaqda. Ona görə deyirəm, elə məsələlər var xalqın həyatında, onun başa gəlməsi 3-5 ilin söhbəti deyil. Bir çox illər gərəkdir. Biz öz ləyaqətmizlə, ölməzliyimizlə… Ölməzlik nədən olur – ləyaqəti təsdiq eləməkdən. İnsani ləyaqət yaradırsan, bu sənin ölməzliyini sağlayır. İndi biz ölməz ləyaqətimizlə xalqın gələcəyinə, xalqın var oluşuna özül yaradırıq. Bu özülün üzərində xalqın mənəviyyatı ucalacaq. Mən bunu bilirəm. Dünyanın ruhaniyyat tarixini öyrəndiyim üçün cəsarətlə deyirəm. Bu açıdan gəlişimizin özəl iki önəmini vurğulayıram – bizim bura gəlişimiz qutsal gəlişdir, bizim gəlişimiz özündə təsdiq daşıyan bir gəlişdir. Milli-insani təsdiq daşıyan.

İndi isə bir neçə kəlmə Ocağın yaşamıyla bağlı hesabat verim, daha doğrusu, söz deyim. Düz 20 il öncə, yəni Ocaq Günsırasının 19-cu ilində, birdən-birə Asif Atanı itirdik. Biz hazır deyildik çox şeyə. Çox şeyə yox, heç nəyə hazır deyildik. Bizdən öncə ruhaniyyat gələnəyimiz olmayıb ki, deyək bizdən öncə olan addımlara baxıb yeriyək. Yoxdur. Çox şeyi özümüz başlamalıydıq. Nəyi başlamalıydıq? – Asif Ata xalqın içində ruhaniyyat gələnəyi başladı. Özündən başlayan bir gələnək gətirdi. Biz onu yaşatmaq, onu davam eləmək gələnəyi yaratmalıydıq. Asif Atadan sonra, Asif Atasız. Asif Ata bilirdi işini. Onun olmadığı bir durumda isə biz çaşdıq. Özü də o xalq ki, gözünüzün qabağındadır. Sevirsiniz-sevmirsiniz, bəyənirsiniz-bəyənmirsiniz, dağılıb içi, belə olub, elə olub. O toplumun içindən Asif Atanın yanına gəlmiş adamlarıq. O toplumun xarakteri ilə yüklü insanlar idik. Böyük deyildik. Saflığımız var idi, bir az cəsarətimiz, özündənkeçməyimiz var idi, ancaq bütöv şəxsiyyət deyildik. Belə bir durumda Asif Ata aramızdan getdi. Onun işini davam eləmək üçün nə etməli olduğumuzu bilmirdik. Gedib dizini qoyub namaz qılası deyilsən ki. Tamam yeni br şeydir, indi onu yaratmaq, yaşatmaq gərək idi. Çox çətin oldu. Üstəgəl, toplumdan gətirdiyimiz keyfiyyətlər, keyfiyyətsizliklər, xaraktersizliklər vardı içimizdə. Biz bunlarla gəlmişdik Ocağa. Bunlarla da bir-birimizi cırmaqlamağa başladıq. Yola getmədik. Anlamadıq bir-birimizi. Birinin sözü o birinin boğazından keçmədi. Hərə bir hava çaldı, hərə bir iddia ortaya gətirdi… Bütün bunlara təbii, qaçılmaz baxıram. Çünkü gələnək yox, sən isə addım atmalısan, iş görməlisən. Ona görə kimin ağlına nə gəlirdi, onu yeritməyə çalışırdı. O deyirdi belə edək, bu deyirdi belə edək. Yetkin, bitkin təfəkkür adamı olmalıdır, qaydanı yaza, deyə bu qaydayla gedəcəyik. Ruhaniyyat quralları yazmaq xalqın həyatında olduqca önəmli bir məsələdir. Siyasi qanunlar toplumun birgəyaşayışının təşkil olunması üçün yaranır. Ancaq təkcə zorla, dəyənək altında birgə yaşayış olmur. Xalqın mənəvi birgəyaşayışı da olmalıdır axı. Bu mənəvi birgəyaşayış üçün xalqın içində ruhaniyyat qanunları yazılmalıdır. Prinsiplər yazılmalıdır. Hərə bir hava çalmamalıdır. Balıq, ördək, xərçəng nağılı oynamamalıdır xalq. Elementar bir şey deyim. Bizdə qayda yox idi, Asif Atanı torpağa necə qoyaq. Günev görəndir (şahiddir). Hər kəs sakitcə Asif Atanı aparıb torpağa qoymağı gözləyirdi. İki gün idi yuxusuz idim, işdən çıxıb gəlmişdim. Girdim otağa, Asif Atanı torpağa necə qoyaq deyə düşündüm. Özünün prinsiplərinə dayanan gediş yazısı yazdım. Çağırdım Günevi, bir neçə adamları, kimlərinsə dediyi bir-iki əlavəni də elədim, onun əsasında Ölügötürmə qaydası yarandı. Sonralar onu yazıb kitab şəklinə saldım.
Molla gətirəsi deyildik. Yaxşı, molla gətirəsi deyilsən, axı lal-dinməz də olmaz, ölünü götürmə qaydaları olub bəşəriyyətin yaşam nizamında. Bu nizam olmasa, biz bir-birimizə bağlı qala bilmərik. Ancaq bu qaydalar cəfəngiyyata bənzəməməlidir, həqiqətə bənzəməlidir. İnsanı torpağa qoyanda yerinə yetirəcəyin qural nə zaman cəfəngiyyat olur, nə zaman cəfəngiyyat olmur? O vaxt cəfəngiyyat olur, insanı dərk eləmirsən, bilmirsən. İnsanı torpağa qoyanda onu dərk eləmədiyin bir şəkildə, cəfəngiyyatcasına torpağa qoyursan. Ancaq insanı tanıyarsansa, dərk eləyərsənsə, onu torpağa qoymağın da ona layiq olar, uyğun olaq. Böyük bir qayda ilə torpağa qoyarsan. Böyük bir qayda ilə torpağa qoymağı da bizə Asif Atanın dünyabaxışı verdi. Biz də onu torpağa o qayda ilə qoyduq. Belə yarandı.

Sonra münasibətlər alınmadı, biz bölündük, ayrıldıq.  Ancaq nə yaxşı, biz ağıl işlətdik. Bütün çətinliklərə baxmayaraq, öz üzərimizdə işlədik, Ocağın yaşamasını təmin edən qaydalar, tədbirlərin keçirilməsi…  Asif Atadan sonra, öz üzərində işləmələrin sayəsində, Ocağı 20 ildir yaşadırıq. Asif Ata 19 il yaşada bildi, ömür qırıldı, biz ondan sonra 20 ildir Ocağı yaşadırıq. Bu, Asif Atanın da qüdrətinin təsdiqidir, bizim də ləyaqətimizin təsdiqidir.
Asif Atanın Ocağını 20 ildir yaşadırıq. Nə oldu, nə etdik? Biz sadəcə olaraq, ildə bir neçə yol yığışıb tədbir keçirməyə, sonra Asif Atanın daşını-torpağını öpməyə gəlmirik. Biz çoxsaylı səfərlər eləmişik. Azərbaycanı qarış-qarış gəzmişik. Mənim özümün şəxsən getdiyim 40-a qədər rayon var. Mənim olmadığım, ancaq Amaldaşlarımın getdiyi rayonları saysaq, 50-yə qədər rayonda olmuşuq. Bu rayonların bəzilərində bir neçə yol olmuşuq. Orada çoxsaylı görüşlər keçirmişik. Oxullarda-filan. Yatmağa yerimiz olmayıb, yeməyə çörəyimiz olmayıb. Qayıtmağa pulumuz olmayıb. Ancaq biz inadla, eşqlə, israrla bu işləri həyata keçirmişik. Yüzlərcə görüşlər keçirmişik. Minlərcə ədəbiyyatlar hazırlamışıq, onları insanlarımıza paylamışıq. Oxullardan başqa da görüş keçirdi­yimiz ünvanlar olub. Mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyləri olub. Qəzet redaksiyaları, kitab evləri olub. Bütün bunların hamısında həm sözümüzü demişik, çağırışımızı etmişik, həm də ədəbiyatlarımızı vermişik. Asif Atanın ləyaqətini, işini, ideyalarını onun xalqına tanıtmağa çalışmışıq. Onlara tanıtdıqca özümüz tanımışıq. Onlara dedikcə böyümüşük. Mən evimin içində oturub yalnız Asif Atanın kitablarını oxumaqla böyüyə bilməzdim. Soylu ola bilməzdim. Mən Asif Atanın ideya xurcununu çiynimə asıb xalqın içinə çıxdıqca, özümü tərbiyə etmişəm. Qarşıma hər şey çıxıb, inkarlar çıxıb, qapını üzümüzə bağlayanlar çıxıb, Asif Atanı dananlar çıxıb. Onun ideyaları filankəsdən gəlir deyənlər çıxıb. Biz dünyanı dərindən bilmirdik. Asif Ata deyib, biz də arı-duru, məsum gənclərdik. Asif Atadan yapışmışdıq. Ancaq iddialı adamlar bizə deyirdilər, siz Asif Atanı göyə qaldırmayın, ondan da böyüklər var. O deyilənləri biz bilmirdik. Ancaq bununla belə, sınmırdıq, sarsılmırdıq, inam güclü idi, yenə gedirdik, yenə deyirdik. Sonra iddialı adamların iddiasını da sındırırdıq. Ancaq ruhaniyyat ən çox sadə xalqın içində yeriyir. Sadə xalqın içinə gedib ona sevgini, sevincini, harayını deməsən, onda o toplum dönüb xalq olmur.

Yüzlərcə tədbirlər keçirmişik, yüzlərcə fərdi görüşlər keçirmişik. Bakının kəndlərində olmuşuq, Borçalıda olmuşuq, Göylü, Nurtəkin Türkiyəyə gediblər, bəlli yerlərdə iş aparıblar. Günev Qarabağ bölgəsində, yaşadığı ünvandan başlayaraq, bölgələrdə çoxsaylı söhbətlər aparıb, orada Asif Atanın ünvanını yaradıb. O zonada Asif Atanın ünvanı var. Mütləqə İnam adlı ünvan var. İnsanlar o ünvanı həm bilir, həm də sevməyə başlayıb. Bu, təkcə “Asif Ata böyük kişidir, Asif Atanın bu ideyaları var” deməklə alınmayıb. Günev özünün şəxsiyyətini yaradıb, ləyaqətini yaradıb. Xalqa sevgisini, sevincini verib. Üzünə qayıdanlara dəyənək göstərməyib, sevgi göstərib, onların hamısını öz fərəhiylə, inadıyla, sevgisiylə sındırıb. Necə deyərlər, onlara ləyaqətəsevərlik öyrədib.
Asif Atanın yolunda atdığımız addımlar bu anlamda çox geniş, çeşidlidir. Bu Ocaq qızları (Nurtəkin, Göylü) nə qədər böyük zəhmətlər çəkiblər, fədakarlıqlar ediblər. Gecə növbəsində corab sexində işləyirdilər. Ordan yuxusuz, yorğun gəlib başqa işlər görürdülər. Qazandıqları pulu gətirib Asif Atanın ədəbiyyatına xərcləyirdilər. Evdə ata-anası, kimi-kimsəsi üzünə söz deyirdi. Danlayırdı, dalaşırdı, bunlar gəlib Asif Atanın sözünü çatdırırdılar. Asif Atanın Ocağı bu cür sevginin, hünərlərin əsasında yaşadı, gəlib bu günə çıxdı. Yenə deyirəm, təkcə tədbir keçirib, söz deməklə yox. Böyük çabalar vardı, böyük hünərlər, əməklər vardı. Dönməz əməllər vardı, bunları vaxt açısından saya bilmərəm. Hər “Yeni İl” mərasimində əməllərin illik hesabatını veririk. Əgər təkcə son illərin hesabatını burada versəm, bir saat oxuyaram, qurtarmaz. Nurtəkin həmişə bu hesabatı verir.

Asif Atanın qarşısına gəlməyimiz bizim üçün böyük bir yaşamın, ləyaqətin göstəricisi, təsdiqi kimidir. Biz onun hesabatını verməyə uça-uça gəlirik. Böyük əməlləri daşıyırıq Asif Atanın hüzuruna. Ziyarətimizin, səfərimizin anlamı böyükdür. Hər birinizin gəlişinizə görə ürəyinizdən öpürəm. Var olun, həmişə gəlin, Asif Atanı tək qoymayın. Çünkü Asif Ata bütün varlığını bu xalqın var olmasına həsr edib. Ona görə onun arxasında durmaq gərəkdir. Arxasında durmaqdan usanmamaq gərəkdir. Onda bizim özümüzün də, soyumuzun da, xalqımızın da gələcəyi olacaq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

 

Günev Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Qutsal ziyarətimizin mahiyyətiylə bağlı bir neçə kəlmə deyim. Bundan da öncə hər birinizin ziyarətinizi qutlayıram. Çünkü bu, sıradan ziyarət deyil. Bu, min km.lər aşıb bir qara daşın ziyarətinə getmək deyil. Yurdunun, elinin-obasının, balasının boğazından kəsib, qara daşın ziyarətinə gedirlər. Soruşursan bu daşın nəyini ziyarət edirsən?! Göydən bir meteorit parçası gəlib düşüb. Ancaq Asif Atanı ziyarət eləmək onun 6 ideyasını ziyarət eləməkdir. Bəşəri ləyaqətə aparan bir düşüncəni ziyarət eləməkdir. Hər dəfə də Asif Atanın ziyarətinə gələndə yeni söz eşidirəm. Eşitdiyim sözün də yeni çalarlarını eşidirəm. Asif Atanı yenidən öyrənirəm. İçimdə Asif Atanın ideyaları, qayğıları daha çox bərkiyir. Soylu Atalıdan, Nurtəkindən öyrənirəm. Asif Atanın varlığına, kimliyinə heyrətim artır. Heyrət elə bir duyğudur ki, insanı qanadlandırır. Heyrət ən çətin məqamlarda belə səni göylərə qaldırar. Gəlişimiz də həmin heyrətə köklənir. Hər birinizin içində Asif Ata var. Asif Ata dərdi var, onun ideyaları var. Yoxsa toplumun, dünyanın getdiyi səmtə gedərdiniz. Bu gün bura gələnlər, yaşlılar, gənclər, gəlişinizin, say az olsa da, anlamı böyükdür. Ruhsal gücün kəmiyyətə özgünlüyü yoxdur. Bir adamın sözü alınmaz qalaları fəth edə bilər. Doğrudan da, elə söz işlədərsən düşmən gələr, səninlə bağrı badaş olar. Düşmənçilik aradan gedər. Sözün qüdrəti o dərəcədədir. Biz sözdən qüdrətli bir olay görmürük. Sözün də ən qüdrətlisi “İnsan”dır. İnsan yarandığı gündən axtarıb. İnsanlığın qüdrətini içində hiss edib. Bir insan var mənim içimdə. Onu eşitməliyəm. Deyilib də. Düşüncə yiyələri bunu önə gətiriblər də. Ancaq o zirvə dinlərdə kəşf olunmayıb. Köhnə dünyabaxış yaradıcısı gəlib cəfəngiyyat deyə-deyə bəşəri minillik bir yoldan, düşüncədən saxlayıb. “Məndən sonra yoxdur. Qorx, qorx. Sən qorxsan hər şey yaxşı olacaq. Hər şeydən qorx”. Qorxu ilə yalançı nizam yaradır. Ancaq Asif Ata deyir, qorxu ilə nizam tapılmır, nizam itir. Özünü tanımaqdan başlayır kamillik, tanımaqdan başlayır inam. Savaşlar, çaxnaşmalar, qan-qada, dünyanın harasına baxırsan bax, insansızlıq. İnsan həqiqəti tanımır. İnsan ölçüsünü tanımır, Allahını, yəni Mütləqini tanımır. Özündəki şəri döyməsən, toplumdakını döyə bilməyəcəksən. Özünü tanımasan, özünü yarada bilməyəcəksən. İnsan kimdir, dünya nədir, insanın dünyada yeri hardadır, mən neyləməliyəm?!

Asif Ata məni yaratdı. Asif Atanı ürəyimə, beynimə dolanlarla izhar edirəm. Bir daha hər birinizi bu gün münasibətilə qutlayıram.
Atamız Var olsun!

 Soylu Atalı: Gerçəklik var, qaçılmazdır. Gerçəklik bizim mövcudluğumuzun adıdır. Məna bizdən tələb edir, gerçəkliyi ötün. Qorxu gerçəkliyin çalarıdır. Qorxu var, çünkü insan bioloji olaraq özünü itirmək istəmir, itirməkdən qorxur. Bu da özünü bütün çalarlarda göstərməyə başlayır. Deyək, canavardan qorxur, onu dişləyər. Eyni zamanda rütbəlidən də qorxur – bu onu ac qoyar, basıb gözünü çıxarar. Ata da deyir, sənin içində mahiyyətin var, gerçəkliyindən artıqdır. Onu tanı, gerçəkliyi öt.

 

Vaqif Ucatay: Mən ilk növbədə sizi ən böyük qəhrəmanlar sayıram. Çünkü hər şeyi gözaltına alıb belə böyük ideyanın ardınca getmək, onu yaşatmaq son dərəcə böyük hünərdir. İndicə Günev qardaşımız danışdı, biz yaşıdıq onunla. O, etiraf elədi, Soyludan, Nurtəkindən yeni nəsə öyrənirəm. Baxmayaraq, onlar Günev qardaşdan çox gəncdirlər. Böyüklük əlamətidir. Təkəbbür-filan yoxdur. Mən Asif Atanın davamçılarını məhz belə görmək istəyirəm. Mən bura 10 il qabaq gəlmişdim. Baxmayaraq, Soylu bəylə eyni vaxtda tanımışıq Asif Atanı. Mənim işim belə idi ki, çıxıb gələ bilmirdim. Yaradıcılıq çox vaxtımı alırdı. Hər hansı bir obrazı işləmək üçün mənə aylarla vaxt gərək idi. Gərək axşamacan məşğul olasan. Mən demək istəmirəm sizin vaxtınız çoxdur. Mən işimlə bağlı vaxt tapa bilmirəm. Ancaq həmişə ürəyim sizinlədir. Heç vaxt özümü sizdən qıraqda saymamışam. Asif Atanı tanımayanda belə, o duyğularla yaşamışam. Asif Atanı tanıyanda gördüm mənim istəyim boş xülya deyilmiş. Bunun böyük yaradıcısı var. Bunun böyük peyğəmbəri var. Ona görə ilk andan vuruldum o insana. Ürəyimi ağrıdan şeylər də oldu, Asif Atanın Ocağından pərən-pərən düşənlər oldu. Bu da təbiidir. Kimin gücü çatmadı, uzaqlaşdı. Ancaq qəhrəmanlar qaldı. Soylu bəy doğru deyir, biz Asif Atanın arxasında durmasaq, kim yaşadacaq bizim üçün. Qara daşı – meteorit parçasını qoyub, dünyanı düşünməyən, insan demirəm, sürünü fırladırlar qara daşın başına, hacı maskası verirlər. Get xalqın qanını sor. İldə 4 milyon. Kompleksi də ildən-ilə böyüdürlər. Keçən dəfə gördüm, dünyanın ən böyük minarəsini tikiblər orda. 5 milyard pul xərcləyiblər. Orda saat qoyublar. Saatın əqrəbi 43 metrdir. Brilyantla, qızılla, işıqlarla bəzəyiblər, elə hesablayıblar, Kəbədən hər yer görünsün. Gördülər şiə-sünnü ayrılığı bunlarda çaşqınlıq yaradır, hamısı eyni vaxtda namaz qılsın, neyləsin. Bilirsiniz, mənə nəyi xatırladır? Öncələr balıq tutanda soxulcandan istifadə edirdilər, sonra sarı parıltılı dəmir, ucunda qarmaq, tərpədirsən balıq özü gəlib düşür qarmağa. Dünən biri axmaqlığından, biri alverdən, sabah da maraqdan gələcək. Dolayısıyla böyük mənəvi dəyər yoxdur deyə, belə parıltılara ehtiyacları var. Burda isə, gördüyümüz kimi, heç bir parıltı yoxdur. Heç kəs bizi məcbur etməyib. Nurtəkin xanım mənə deyən kimi, dedim mütləq gedəcəm. Baxmayaraq, köç ərəfəsindəyik. Mən sevə-sevə gəlirəm. Həyatda özümə sizdən yaxın heç kimi saymıram. Kaş bu ideyalar, bir-birimizə sevgimiz çoxalaydı, xalqın içində olaydı. Nəinki Azərbaycan, onun hüdudlarından qırağa çıxaydı, Asif Atanın istədiyi kimi bütün dünyaya yayılaydı. İnanıram, elə də olacaq. Addım-addım olur.

Mənim tanıdıqlarım var. Leninqradda təhsil alırdım. Asif Əfəndiyev imzasıyla az yazısını oxumuşdum, dərin bilgim yox idi. Mənə dedilər, “Bilik” cəmiyyətində klub yaratmışdı. Qorxa-qorxa gəlirdilər onun görüşünə. İndi Asif Ata deyəndə heç kim ağzını büzmür, bir azca toplayır özünü, sən demə, böyük insan imiş, biz görməmişik.
Onun ürəyi daim bu xalqla, insanlarla idi. Nə yaxşı bizim Asif Atamız oldu. Nə yaxşı biz bunu gördük. 7 il mənə qismət oldu onunla görüşmək. Mən dəfələrlə demişəm, onunla tanış olandan sonra burdakı, Leninqraddakı öyrətmənlərim az oldu. Mən baş əyirəm Atanın ruhu qarşısında. Mən həm sizinlə birlikdə olmaqdan, həm də onun əbədi sonevini ziyarət eləməkdən şərəf duydum.
Atamız Var olsun!
(Bayrağı öpür – N.A.)

 Soylu Atalı: Atamızın qarşısında əyilən baş uca başdır. Başın uca olsun.

 

Ulusəs Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Neçə ildir mən bəlli səbəblərdən gəlmirəm. Gəlmədikcə özümü ağır hiss edirəm, elə bil ürəyimdən daş asılıb. O səbəblər bəhanə deyil. Bu gün gəlməklə ağırlıqdan bir az açılıb yüngülləşdim. Üzərimə düşən sorumluluğu anlayıram. Hesab edirəm, gələcəkdə hesabat verməliyəm.
Atamız Var olsun!

 Soylu Atalı: Atanın qarşısında adam özünü hər hansı bir qırağaçıxmaya görə suçlaya bilər, ancaq suçlu davranmaz. Həyat sənin çiyinlərindən aşağı basdı, sənin xəstələrin-filan. Heç kimin girə bilmədiyi yükün altına girdin. Heç kimim eləmədiyi çətinlikləri, ağırlıqları yaşadın. Həm də Ocağa dəstək oldun. Belə çətinliklərin olmasına baxmayaraq, Atanın hüzurunda biz həmişə qürurluyuq. Ona görə yeriyəndə də, davrananda da, səcdəyə gələndə də həmişə qürur duymaq gərək.

 

Ayaz bəy: Ata haqqında düşünəndə belə bir hal ağlımda olur – insan özünü yetim kimi hiss eləmir. Ata kimi şəxsiyyət var. Bizim bura gəlişimiz, sadəcə olaraq, dirənişdir. Əgər Atanın dediyi bir cəmiyyət olsaydı, ya da heç olmasa 10% olsaydı, bəlkə də bizim gəlməyimizə heç ehtiyac olmazdı. Gəlişimiz özü cəmiyyətə dirəniş göstərməkdir. Görürlər biz gəlirik, gəlirlər niyə gəlirlər, bu anlamda. Sözsüz, bizim gəlişimiz Atanı onlara tanıtdırmaqdır. Belə bir şəxsiyyət var. Bu, təbiidir. Azərbaycanın böyük şəxsiyyətləri olub. Bu gün də onlar var. Ancaq çox təəssüflər olsun, hələ də tanımırıq. Bir xalq olaraq tanımırıq. Biz ziyarətə gəlirik, toplum görsün. Bu gün Babəkin qəbri olsaydı, biz orda olacaqdıq. Düşünürəm, tutalım Babəkin, Nəsiminin qəbirləri yan-yanadır. Bu xalq gedəcəkmi onları ziyarətə? Yenə 5-10 adam, Ocaqçı kimi adamlar olacaqdı. Yunanların bir sözü var: Hünərli adamı tanımağın özü bir hünərdir. Ona görə amaldaşlarımın ürəyində, ömründə belə bir təpər olduğu üçün sevinirəm. Özümü də bu dünyada yetim kimi hiss etmirəm.

 

Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): 20 il öncə Atanı itirəndə özümün bugünkü – 20 il sonrakı halımı düşünə bilməzdim. Ataya heyrətim vardı, ancaq Atanı necə yaşatmaq, sədaqətli olmaq kimi aydın bir aqibət haqqında təsəvvürüm belə yox idi. Mənim, eləcə də bir neçə Ocaqçıların Soylu Atalı əlindən tutdu, bu yolda addımlatdı. Mən 20 il öncəyə baxanda necə bir yol keçdiyimi görürəm, necə də xoşbəxt olduğumu düşünürəm. Ocaqda Soylu Atalı kimi şəxsiyyət oldu, mənə öyrətmənlik elədi. Atanı oxuduqca, yaşadıqca, Ocaq əməlləri gördükcə, Ataya bənzədikcə xoşbəxtliyimiz artır. İdeyaları xalqa verməkdə, özümüz üzərində işləməkdə, hər bir şeydə Ataya bənzədikcə ömrümüz aydınlaşır, idrakımız yetkinləşir. Ataya heyrətimiz də böyüyür, heyrətimiz böyüyəndə səcdəmiz də artır, fərəhimiz də. Ona görə də Ocağın bugünkü halı, bizim birliyimiz, doğmalığımız, Atanın təqdir edə biləcəyi bir haldır.

Mən 20 il öncə bu halımı görə bilmirdimsə, bundan sonrakı illərimi, ömrümü indi aydın görürəm. Bilirəm, Ocaq hər il öz zəngin, yüksək, qutsal əməlləriylə Atanın görüşünə gələcək. Hər dəfə də artacaq, üzü ağ gələcək. Onu bugündən görürəm.
Atamız Var olsun!

 

Göylü Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Ata hüzurunda deyə biləcəyim bir söz var – köklənməliyəm. Özüylədöyüşə, Amallaşmaya, Kamilləşməyə yenidən başlamalıyam. Fərəhim artacaq. Buna inanıram.
Atamız Var olsun!

 Soylu Atalı: Sizin bəlli çağlarda bəlli sıxıntılarınız olub. Bu sizin dilinizi gödək eləməməlidir. Çünkü sən varsan, o sıxıntıları arxada buraxacaqsan. Bilirsən ki, Ocağın 20 ilinin ağır yüklərini çiyninizdə gətirmisiniz. Bu sizə böyük bir xoşbəxtlik qapısı açır. O qapıdan cəsarətlə, hünərlə içəri girmək gərəkdir.

 

Üstün Atalı: Bizim 20 il qarşısında üzümüz ağdır. Atanı bir dəfə görmüşəm, o görməyim, demək olar, mənə bəs edib. İstiyərdim daha çox ünsiyyətdə olum. Ancaq ilk anda heyrətim, eyni zamanda peşmançılıq – niyə mən onu öncə görməmişəm, daha doğrusu, görməyə daha tez gəlməmişəm. Asif Ata həmişə ağlımdadır. Mən, Ata öləndən sonra Ocağa gəldim. Bayaq Soylu Atalı 20 ildə görülən işlərdən danışdı. O əməllər bizim ömrümüzü işıqlandıran əməllərdir. Ocaqda gördüyümüz əməlləri yaşaya-yaşaya bu günə gəldik.
Ata mənə kimliymi tanıtdı. Atadan qabaq da mən ədəbiyyatla, tarixlə maraqlanırdım. Ancaq mən Atadan yön aldım. İndi də Atanı oxuyanda məndə belə duyğu olur, niyə öncə eləmədim.
Hər dəfə Atada yenilik tapıram. Atanın işığına toplaşmışıq. Atanın bu işığı həmişə ürəyimizdə olub, olacaq. Hər dəfə bura ziyarətə gələndə, elə bilirəm, Ataya doğru bir addım atıram. Ataya layiq ömrə doğru bir addım atıram. Bu gün bu ruhsal halım üçün Ataya borcluyam. Ata ruhu qarşısında baş əyirəm.
Atamız Var olsun!

Soylu Atalı: “Nədən Atanı tez tapmadım, nədən Atanın prinsiplərinə tez qovuşmadım?” – bu istək böyüməli, peşmançılıq aradan getməlidir. Bundan sonra ona çatmalıyam, ona daha böyük aşamada həsr olunmalıyam. Çağırış, istək bu olmalıdır.

 

Güntay Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Doğrudan da Atanı ziyarətə gəlmək insanı ruhani bəxtiyarlığa ucaldır. Asif Ata elə bir dəyərdir ki, onun haqqında çox sözlər danışılıb, çox sözlər də danışılacaq. Mən inanıram, sənət örnəkləri ərsəyə gələcək. Həmişə böyüklər bəşərin nizamsızlığını, halsızlığını öz xalqından görüb. Birinci növbədə öz xalqını nizamlı, sistemli şəkildə xalq səviyyəsinə yüksəltmək üçün çabalar göstərib. Sonra bu nizam bəşərə yansıyıb. Bu nizam zamanında, başlanğıcda nə dərəcədə doğru, düzgün qoyulursa, hansı yöndən bəşərə nizam verirsə, bu, məsələnin ayrı tərəfidir. Sözüm ondadır, elm, texnologiya nə qədər gəlişirsə gəlişsin, bəşərin halını yaxşıya doğru dəyişsə, peyğəmbərlik olayı dəyişəcək. Milad tarixilə 1979-cu ildən, Ocaq ilimizin 1-ci ilindən yeni İnsanilik erası başlayıbdır. Onu Asif Ata başlayıbdır. Nə yaxşı Asif Ata bizim xalqın içindən parlayıb, qəlbindən qopubdur. Qarşıda hələ minillik Asif Atanın erasıdır. Bu qurulma artıq başlayıbdır. Artıq bu millət sıfır nöqtəsindən (Atanın sayəsində) çıxıbdır. Onun ideyasının yörəsinə toplaşmış insanların ömrünün sayəsində bu iş, bu ideya yürüyür, xalqın içinə yayılır. Asif Ata xalqın dərdini – dərdinin olduğu, ancaq dərdinin görünmədiyi bir çağda görmüşdü. Mən əksiklikləri qonuya çevirmək istəmirəm. Ancaq nə yazıq, əksikliklər var, bu əksikliklərdən dolayı Asif Ata çıxıb ortaya, onun Ocaqçıları var.
Bizim türk toplumu, türk ulusu nizamsızlığa uğrayıb, bədbəxt günə qalıb. Bu günlərdə televiziyaya baxırdım. Ərəbistan çöllərində yiyəsiz bir sonev (qəbir) tapıblar. Bu kimin sonevidir?! Bəlli olur, bu sonev Məhəmməd peyğəmbərin arvadı olmuş, sonradan onun cariyələri sırasında durmuş Meymunə adlı bir qadının sonevidir. Türkiyə türkü elə ağızdolusu danışır, mən şəxsən türk olaraq, baxanda əriyib yerə girdim. Həzrəti Meymunə anamız adlandırır. Cariyə, özünüz bilrisiniz, nə deməkdir. Cariyəyə münasibəti də bilirsiniz. Məhəmməd peyğəmbərin cariyəsinə verdiyi münasbət. Məhəmməd peyğəmbərin cariyəsindən özünə ana düzəldən türk əslində başına kül olmuş türkdür. Asif Ata külü türkün başından təmizləməyə gəlib. Ona görə Asif Atanın qədrini bilmək, birinci növbədə, özünün qədrini bilməkdir. Ləyaqətli insanlar yetişibdir onun sayəsində. Biz bir-birini tanımayan insanlar idik. Asif Atanın Ocağında bizi maddiyyat birləşdimir. Bizi mənəviyyat, idrak, təmizlik birləşdirir. Onu Asif Ata başlayıbdır. Asif Atanın sayəsində yaranıbdır. Mən özümü xoşbəxtlərin xoşbəxti sanıram ki, Asif Atanın Ocağında varam. Bu xalqın gələcəyinə gerçəkdən inanıram. Mütləqə İnam sayəsində bu xalq varlığını təsdiq edəcəkdir. Tarix səhnəsindən sıxışdırılıb çıxmasının qarşısını alacaqdır.
Atamız Var olsun!

 Soylu Atalı: Atanı tanımaq, sevmək insanı şəxsiyyətə çevirir, millətə çevirir. Onun içində qırım formalaşır. Bizim millət olaraq, mənəviyyatımızın ünvanı bəlli deyil. Hamısı ondan irəli gəlir. Asif Ata bizə mənəviyyat ünvanı yaradıb. Mütləqə İnam bizim mənəviyyat ünvanımızdır. Bizim bir araya gəlməyimiz ona görə baş tutdu, bizim ünvanımız var. Bu ünvanı bütövlükdə xalqın ləyaqət ünvanına çevirəcəyik. Onda xalqın öz içində ruhaniyyat, mənəviyyat ünvanı olacaq. Onda o, qıraqlarda mənəviyyat ünvanı axtarmayacaq. Biz bunu istəyirik, buna çalışırıq, heç bir xalqın mənəviyyat ünvanının öz içində deyil, bizim içimizdə olmasını da istəmirik. Bizim içimizdə onların mənəviyyat ünvanı, Bəşəri dəyər yaratdığımız üçün olsun. Burda başlayır onun böyük prinsipi. Ancaq xalqların öz içində öz mənəviyyat ünvanı formalaşmalıdır. Onda xalqlar bir-birinə doğma olacaq. Bizim hər birimizin içində mənəvi yetkinlik olmasa, gözəllik olmasa, bir-birimizə doğmalaşa bilmərik. Hər kəs özümlüyünə doğma olduğu dərəcədə bir-birinə doğmalaşır.

 

İlham bəy: Mənim Ocaqla, Ocaqçılarla doğma olmağımdan hardasa 8 il keçir. Ona qədər mən tarixlə, başqa şeylərlə çox maraqlanırdım. Mənəviyyat açısından belə şeyə rast gəlməmişdim. Soylu Atalıyla tanışlıqdan sonra oxudum, öyrəndim, dünyagörüşüm bir az da böyüdü. Zaman keçdikcə bəzən millətdən küsürəm. 5 adam, millətə özgün olmayan ünsür, milləti əsir-yesir edib. Bəzən küsürəm, təklikdə dönürəm Asif Ataya, onda bir az inamlaşıram – Asif Ata bu millətin övladıdır. Asif Ata bu inamı millətə veribsə, deməli, bunun arxasında dayanmaq gərəkdir ki, insan təmizlənsin, yetişsin, doğrudan millət olsun. Asif Ata bizə başqa planetdən, qitədən gətirilməyib. Asif Ata öz vətənimizin yetirdiyidir. Mən, doğrudan da, xoşbəxtəm. İkinci dəfədir Məbədə gəlirəm. Doğrudan çox fərəhlə gəlirəm. Çox sevinirəm mən də burda varam. Güntay doğru qeyd elədi, bizi Ocaqda heç bir maddiyyat birləşdirmir. Mənəviyyat birləşdirir, Ata birləşdirir. Bir yerdə olmağımızın da məqsədi öz millətimizi qaranlıq kahadan çıxarmaqdır. Hər kəs nə qədər bacarırsa, o qədər çalışmalıdır. Mən Ata ruhu qarşısında baş əyirəm. Atadan, Ocaqdan çox şeylər öyrəndim. Ocaqdan qıraqda olduğu kimi, Ocaqda bir-birinə yalan, bir-birini aldatmaq kimi şeylər yoxdur.
Bayaq qatarda gələndə bələdçi ilə söhbət elədim, suallar verdi, deyirəm bizdə Ocaq içində belə şeylər yoxdur. Ərəbin dediyi kimi, Allah sənin gözünü çıxaracaq məntiqi yoxdur. Saflaşma, insanlaşma, mənəviyyat təmizliyi var. Yalan, alçaqlıq, başqa şeylər yoxdur. Bizə uyğun olmayan şeylərdir. İnsan yaratdığımız üçün biz bunlardan uzaq olmalıyıq. Məəttəl qaldı, doğrudanmı belə şey var. Dedim var!
Mən də Atanın qarşısında baş əyirəm.
Atamız Var olsun!

Ömürtay Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Soylu bəyin dediyi kimi, ilk dəfədir gəlirəm, yaxşı etkiləyir məni. Düşünürəm, nə yaxşı varsınız. Həmişə var olun.
Öncələr dinlərlə bağlı, ya ədəbiyyatla, tarixlə maraqlanırdım. Ancaq ortaq məxrəcə gələ bilmirdim. Ancaq Asif Atanın düşüncələri ilə tanış olanda gördüm ki, həqiqətdir. Adamlarla söhbət edəndə soruları o olur, nə qədər alırsınız orda, kim maliyyələşdirir. Heç birini başa sala bilmirəm ki, umacaqsızlıq var burda, İnsanlıq var. Adamlar başa düşmək istəmirlər. Tərəddüd edirlər. Düşünürəm, çox işləmək gərəkdir.
Dinləri, ən əsası da İslamı yaşadan türk olub. Çox şeylərin qarşısını alıb, Quranın özünü də qoruyub. Asif Ata da bizim içimizdən çıxıb. Atanın kitabının elektron variantını kiməsə oxumağa göndərirəm. Adamlarda tənbəllik görürəm həm də. Yaşayır da özü üçün.
Utanıram deməyə, elədiklərim azdır. Çünkü özüm bir şeylər edə bilmirəm. Ancaq gələcəyimizə inanıram.
Atamız Var olsun!

Soylu Atalı: Doğrudur. Bu çağa qədər dünyanı qoruyan türkə bu İnamı verə bilsək, daha böyük səylə qoruyacaq. Yetər ki, İnamı ona verə bilək. Hər şeyin zamanı var.

Famil bəy: Təsadüf sonucunda sizləri tanıdım. Mən bir çox dinlərin dərinliynə getməyə çalışdım. Dinlərdə dərinlik görmədim. Siyasəti, hakimiyyəti möhkəmlətmək üçün vasitə olublar. İnsan özü həmişə axtarışda olub. Dində axtarış dayanıb. İnsanilik üstə axtarışlar yoxdur orda. Asif Atanı oxuyanda görürəm, insan kimi özümü tapmalıyam. Dünyaya gəlməyimin mahiyyətini anlamağa çalışıram. Başqa elmlərdə, teizmlərdə axtarışın sonucu yoxdur. Dinlərdə isə kökü heç hara söykənmir. Yenə də çalışıram Soylu bəyin, Asif Atanın kitablarını oxuyub özüm üçün bir çox şeyləri dərindən aydınlaşdırım.

Soylu Atalı: Beləliklə, biz Asif Atanın sonevində onun mənəvi-ruhsal qarşısında özümüzün işimizlə, özümüzün mənəvi kimliyimizlə, özümüzün ruhsal baxımından hara gəlib çıxmağımızla bağlı bir neçə kəlmə hesabat verdik. Bir-birimizi dinlədik, tanıdıq, bir-birimizə doğmalığı yeni aşamaya keçirdik. Bu özəllik bizim başqa tədbirlərimizdə də davam edəcəkdir. Beyləqanda Amal bağında Asif Atanın Məbədi ucaldılıbdır. Bizim ora qatqımız çox az oldu. Günevin ərsəyə gətirdiyi Ata Məbədini, Mütləqə İnam Məbədini də gərək ziyarət edək. Amal Bağında doğmalaşma törəni keçirək. Yenilənmək istəyiylə sizləri ora çağıracam. Onu həyata keçirərik. Bəlkə də “Şərqilik” bayramında səfərbər olunsaq, burdan bir maşın tutub gedərik. Ocağın işinə, içinə yaxından bələd olmaq, içinə girmək – Asif Atanın arxasında durmağı bir az da qətiləşdirəcək. Asif Atanı xalqın içinə aparmağı bir az da qətiləşdirəcək.
İndi isə Qurallar kitabında yazıldığı kimi tədbirimizi başa çatdıraq.

Soylu Atalı Asif Atanın “Mütləq” içsəsini oxudu.

 MÜTLƏQ

 Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İd­rak­da, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dost­luq­da, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu  Cazibə­darlığında Əbədi, Sonsuz Mütləq yaşayır.
Mənim Allahım Odur!
Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq!
Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq!
Mövcudiyyatda  – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xal­qın Ölməzliyi, Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ən­gin­liyi, Cəmiyyətdə – Torpağın Vətən səviyyəsinə qalxması!
Bunlar Mütləqin təzahürləridir!
Mənim Allahım Mütləqdir!
İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adili­yin­dən, Keçiciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özün­dəki Mütləqə yaxınlaşır!
Xalq sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsiz­liyini, Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxın­laşır!
Ana Övladına Məhəbbətdə Dahilik göstərirsə – Özündəki Müt­lə­qə yaxınlaşır!
Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuş­maya çevrilirsə –  İnsan Özündəki Mütləqə yaxınlaşır!
Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz Şəfqətini Səxa­vətlə paylayırsa – özündəki Mütləqə yaxınlaşır!
Sifətdə İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, – Sifətdə Mütləq İşığı parıldayır!
Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir…
Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi  – Mütləqin təza­hü­rü­dür.
Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq yaşayır!
Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmət­də, Qüdsiyyətdə Mütləq yaşayır!
Gecə Sükutunda, Səhər Oyanmasında, Şimşək Nərəsində, Yağışda, Qarda Mütləq yaşayır!
Ruhun bədən üzərində, İnsaniliyin Heyvanilik üzərində, Müd­rik­liyin Naşılıq üzərində qələbəsində Mütləq yaşayır!
Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır!
Mənim Allahım Mütləqdir!
Mən Ona Səcdə qılıram. Onunla yaşayıram. Onun tələblərinə əməl edirəm.
Mütləq Dünyada təzahür edir, Dünyanın daxilindədir. Ancaq Dünya təkcə Mütləqdən ibarət deyil.
O, həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsit­lik­dən ibarətdir.
Dünya heç vaxt tam Mütləq olmur.
Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir!
Ancaq Gerçəklikdə həmişə Mütləqə can atmağa, ona yaxın­laş­mağa, onunla bir olmağa meyil var.
Dünya heç vaxt tam Mütləq olmur, ancaq Dünya həm də heç vaxt Mütləqsiz olmur.
Mütləq həmişə Dünyada özünü büruzə verir, həm də Dünya ona yaxınlaşmağa can atır.
Mənim Allahım Mütləqdir!
Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəq­qi, Mütləq Ədalət, Mütləq Fədakarlıq!
Mütləq məni Qanadlandırır, Qəhrəmanlaşdırır, Dahiləşdirir, Peyğəmbərləşdirir.
Özümlə Döyüşürəm, öz üzərimdə Qələbə çalıram, Gerçək­liklə razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.
Həm Əlçatmazdır Mütləq, həm də Yaxın!
Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.
Yaxındır, çünki özünü Gerçəklikdə büruzə verir, əməllərdə, hadisələrdə, keyfiyyətlərdə aşkara çıxır.
Həm Sonsuzdur Mütləq, həm də Sonlu!
Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir.
Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir!
Həm Görünəndir Mütləq, həm də Görünməz!
Görünəndir – ayrı-ayrı İnsanlarda, Gözəlliklərdə, Məziyyət­lərdə, Təzahürlərdə!
Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.
Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmü­rəm!
Görürəm Ülviyyətlə, Qüdsiyyətlə görüşəndə, ona qovuşanda, onda itəndə!
Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı, daha Möhtəşəmdir!
Görünən Mütləq məni görünməyən Mütləqlə Ruhani qovuş­mağa hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.
Peyğəmbərlərdə, Müdriklərdə, Özündən Keçənlərdə, Təbiət­də mən Mütləqin təzahürləriylə görüşürəm, onlarla bir oluram, Qüdrətim hədsiz dərəcədə artır; ancaq mən dərk edirəm ki, bun­lar Günəşin Şüalarıdır, Günəş isə Şüaların cəmindən Artıq­dır.
Mütləq Dünyanı yaratmayıb.
Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kəna­ra çıxmaq, İdeala qovuşmaq Qüdrətini yaradıb.
Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm:
– Ey yerə-göyə sığmayan, tayı-bərabəri olmayan, Dünyada nə varsa, hamısına Ali Məna, Gözəllik, Ülvilik  verən – Mütləq!
Mənə kömək et!
Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, günahlı­yam, qəbahətliyəm!
Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə!
Müqəddəslik suyunda çimizdir, zəifliyimdən, keçiciliyim­dən, naqisliyimdən uzaqlaşım!
Necə varamsa, azam, cılızam,  səndən uzağam.
Yaxınlaşdır məni özünə.
Həmişə mənimlə ol.
Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliyim­də də, cavanlığımda da, qocalığımda  da, ölüm saatımda da, ümid məqamımda da – məni tək qoyma!
Ömrüm boyu sənə xidmət edəcəyəm!
Dünyada, İnsanda, Dünəndə, Bugündə Gözəl, Mənalı, Mü­qəd­­dəs nə varsa, hamısını yığacam qəlbimə,  onlardan daha Kamil bir Ruhani Surət yaradacam Mənəviyyatımda və  ona səcdə qılacam.
Sən mənim Atamsan!
Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!

 

Nurtəkin Atalı “Ölümlə Görüş” içsəsini oxudu:

 Ölümlə Görüş

 – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlə­rimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpilə­cəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam  ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdu­rursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünya­ya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!

Göylü Atalı “Aqibət” içsəsini oxudu:

 Aqibət

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya­caq, arayacaqdı.

Bundan sonra hamı səcdə duruşunda, Soylu Atalı “Matəm üstə Mütləqlə Təmas”ı söylədi:

 Matəm üstə Mütləqlə Təmas

Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.

 Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

 

Şölə Ayı, 39-cu il. Atakənd.
(iyun, 2017. Bakı).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir