Xəbərlər

Qutsal “Bəşərilik” Bayramındakı çıxışlar

Ocaq Günsırası ilə 12 Sərt Ayı Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Bəşərilik” Bayramını həyata keçirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı:Qutsal Günümüzə başlayırıq. Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Bəşərilik” Bayramını keçirir. Bayrama söz deməzdən öncə Atamıza səcdə qılıram, Bayrağımızı öpürəm. Bayramımız həm də mərasimimizdir. Bizim üçün Ocağın bütün Günləri qutsaldır. Bu qutsal Günümüzdə Sabahlı, Bağban, Amaltay bizimlədir. Onların adına ayağa dururuq, anırıq, özümüzlə bir sayırıq, bir bilirik.
Günümüz məzmunlu, dərin gündür, bizim üçün fərəhli bir gündür. Asif Atanın ölümündən sonra, elə həmin ildən başlayaraq, bizim ən böyük işlərimizdən biri Ocaq bayramlarını həyata keçirmək olub. Ocaq Bayramlarının həyata keçirilməsi – Ocağın başaqa mərasimləri, uğurları kimi Ocağın həm varlığına yazıldı, həm də Ocağın yaşamasında önəmli bir rol oynadı. Ocağı yaşadan nədir?! Ocağı yaşadan – Ocağın dəyər verdiyi məsələlərin insan ömründə əks olunması, özünü göstərməsidir. Ocağın dəyər verdiyi məsələlər,nə qədər ki, onun insanlarının qəlbində, əməlində, ömründə var, yaşayır, Ocaq da bir o qədər yaşayacaq. Yaşadıqca öz işığını daha uzaqlara sala biləcək. Ocağın dəyər verdiyi məsələlər, yalnız nəzəri olaraq, kitab səhifələrində sabaha ötürülə bilməz. Bunlar yaşanmalıdır, yaşamalıdır. Bunun üçün biz öncə doğru yaşamaq öyrənirik. Doğru yaşamaq doğru yaşatmaq səviyyəsinə qədər genişlənir. Özümüz doğru yaşamağı öyrənmədən,insanlığa doğru yaşamağın ölçüsünü verə bilmərik. Bunu heç kimə nəzəriyyə kimi anlada bilmərik. Öncə İnam ölçüsü ilə yaşamağı öyrənirik, sonra yaşatmağı öyrədirik. Bu, bizim üçün ilkin tələbdir. Bəzən adamlar o qədər hər şeylə uğraşırlar, ömürlərində özlərini tanımağa iynənin ucu boyda vaxt qalmır. Bir adam səhərdən-axşama, axşamdan-səhərə çalışır, aktivdir. Hər yerə gedir, hər tədbirə gedir, hər yerdən səsi gəlir, hər yerdə şəkli çıxır. O, elə bilir mübarizə aparır. Bu mübarizə deyil, günü yola verməkdir. İş burasındadır, o gün onun ömrünə də yazılmır. Hər şeylə uğraşan adamın özüylə uğraşmağa bir misqal vaxtı qalmır. Belə adam elə bilir dəyişiklik yaradır. Elə bir şey yoxdur. Ona görə də belə adamlar həmişə üzdən bildikləri məsələləri təbliğ edirlər, diktatura belə getdi, ədalətsizlik elə getdi. Hər şeyi sadəcə sadalayırlar, qışqırırlar, bağırırlar, söyürlər, söylənirlər. Ancaq bircə dəfə ömürlərinə dönüb baxmırlar. Bircə dəfə silləni öz yanlışlarına vurmurlar. Ona görə deyirəm, öncə yaşamağı öyrənmək gərəkdir. Sonra doğru yaşatmağı da öyrənəcəksən. Hər kəs öyrədir, heç kim öyrənmir. Bizdə deyirik, insan öncə öyrənməsə, yaşamasa, dünyaya heç bir qapı aça bilməz, heç nə verə bilməz. Olan şeyi verərlər, olmayan şeyi verməzlər. Olanı da yaratmalısan. Harda yaratmalısan?! – Öz yaşamında, ömründə. Ömürdən verə bilmirsənsə, kitabdan, dəftərdən vermək alınmır, özünü doğrultmur. Doğru yaşam ölçüsünü həyatın nizamına gətirmək gərəkdir, bəlli bir etkisi olsun. Bizim başqaları ilə fərqimiz budur. Biz özümüzdən umuruq, özümüzdən başlayırıq, başqaları isə hər şeyi başqasından umur. Hamı deyir, filan şey pisdir, filankəs belə getdi. Filankəsin bu qədər pulu var, bu qədər ev-eşiyi var. Başqalarının varını, mülkünü sayıb hesablayırlar. Saya-saya, hesablaya-hesablaya ömrünü başa vurur. Filankəslərin mülkünü saymaqla, hesablamaqla nə dəyişiklik edəcəksən?! İnsan ömrü dəyişməlidir.
Bu gün biz “Bəşərilik” anlamını Bayram edirik. Deyirik, Bəşəriliyin məzmunu İnsanlıqdır. Genelbəşər düzəyində İnsanlığın anlamını bayram edirik. İnsanlığın var olması, xalqların düşüncəsinə, yaşamına gəlməsi, ölçüyə çevrilməsi, nizam tapması, nizam yaratması, biz bunu deyirik. Deyirik, diktatorluğun da ortadan qalxması üçün insanın ömrü dəyişməlidir. İnsanlıq ölçüyə gəlməlidir. İnsanlığın içində, ortamında diktator olmur. İnsanlığın ölçüsündə mal-mülk ovlamaq, qamarlamaq olmur. Bərabərlik istyirsən, azadlıq istəyirsən, hürr istəyirsən, yaxşı edirsən, istəyirsən yarat. Yarat ömründə, xalqda. Ona görə bizim keçirdiyimiz hər bir tədbir, mərasim, bayram, Ailə Günü – hamısı məktəbdir. İçini, dışını öyrədən məktəbdir. Ömrünün axırıncı gününə qədər şəxsiyyət qurmaq işini davam elə. Sənin ömrün örnək olacaq, məktəb olacaq, öyrədəcək. Qorxma ki, ömrüm başa çatır, heç nə edə bilmirəm. Səndən sonra sənin yaratdığın ömür iş görəcək. Nəsimilər kimi, Babəklər kimi… Onların hamısının ömrü örnəkdir bizim üçün – ləyaqətləri, ideyaları, düşüncələri, çalışmaları. Mən bunu nə vaxt edəcəm, ömrüm başa çatdı, o alınmadı, bu alınmadı demək, düşünmək olmaz. Hər addımın qədrini bil. Hər saniyəni yarat. Bağbanlıq elə, ömür bağbanı ol, insan yarat. Asif Ata bunu deyir. Bəşər həyatında olan eybəcərlikləri insanı yaratmaqla sarsıtmaq olar. İnsanı yaratmaq da elə-belə keflə əmələ gəlmir, çətinliklərlə, zəhmətlərlə, əzablarla başa gəlir. Fədakarlıqlarla əmələ gəlir. Fədakarlığı danışmaqla fədakar olmaq, ləyaqəti izah eləməklə ləyaqətli olmaq olmur. Sənin boyun uca olsun, hər yerdən görünəcəksən. Hamı hoppanır, özünü uca göstərməyə çalışır. Sosial şəbəkə doludur belələriylə, siz də görürsünüz. Uca olmaq istəmirlər, uca görünmək istəyirlər. Ocağın işi insanlığı öz insanının, şəxsinin ömründə ucaltmaqdır. Ən yüksək qata çatdırmaqdır. Onu məktəbə, örnəyə çevirməkdir. Onu fərəhli yaşantıya çevirməkdir. Heç bir eybəcərlik, heç bir çirkinlik, heç bir çatışmazlıq bizim varlığımıza qəsd edə bilməməlidir. Bunun üçün biz qapı arxasına çəkilmirik. Toplumun içində, ən pis ortamında ola-ola, yaradırıq şəxsiyyətimizi. Bəşərilik bu deməkdir. Hər bir xalqın içində bu ideya eşidilməlidir, bu proses getməlidir. Bu ömürlər görünməlidir, bilinməlidir. Əlli ilmi, yüz ilmi, min ilmi gedəcək bu iş?! Bizim üçün ən böyük sonuc bax bu Gündür. Bu məktəbi yaşatmaqdır, yaratmaqdır. Sonuc budur. Biz ismi-əzəm oxumaqla dünyanı dəyişmirik. Həqiqəti ortaya qoyuruq. Kim işığa çıxacaq, kim qaranlıqda qalacaq, özü bilər. Ancaq kim quyunun dibinə düşəcək, sonevə köçəcək, kim də gələcəyin üfüqlərində qanad çalacaq, bunlar insanın özündən asılıdır.
Mən sizə gözəl günlər diləyirəm. Ən çətin, ən sarsıntılı məqamda belə, Ocaq fərəhinin nə demək olduğunu unutmayın. Bunu mən amaldaşlarıma deyirəm, özümə deyirəm, həm də bu məktəbdən üzümü gələcəyə tutub deyirəm. Heç bir eybəcərlik, heç bir çatışmazlıq insan şəxsiyyətini, insan varlığını, insan fərəhini sarsıtmamalıdır. Dünya onda ağ günə çıxacaq. Dünya onda mənasına bənzəyəcək. Dünya onda dünyaya oxşayacaq. Onda dünyanın üzündə gözəllik nəğmələri oxunacaq. Bunu insan yaradır. Dünya eybəcərdirmi, ömrünü dəyiş. Həyat eybəcərdirmi, ömrünü dəyiş. Cəmiyyət eybəcərdirmi, ömrünü dəyiş. Ortam eybəcərdir, gediş eybəcərdir, ömrünü dəyiş, özünü dəyiş. Onda sən mənanı tanıyacaqsan, gözəllikləri dünyaya gətirməyə çalışacaqsan. Onun uğrunda mübarizə aparacaqsan.
Bayramımız qutlu olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
Bayrağımızı öpürəm.

Günev Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Bu qutlu günümüzdə hər birimizi, “Bəşərilik” Bayramı münasibətilə qutlayıram. Bir qom adamın bütün bəşəriyyətə xas olan bir günü keçirməsi çox qürurvericidir. Qərinələrmi, on illərmi, yüz illərmi keçəcək. Bəşər bunun necə meydana gəldiyini, necə oluşduğunu görəcək. Çünkü bunu bacardığımız qədər yazırıq, Sabaha çatdırmaq üçün.
Gediş Yazısında qonular qoyulubdur:“Milli dəyərlər – bəşəriliyi qoruyan”. “Bəşərin qurtuluşu– İnsanlaşmaqdadır”.
Bəşəriyyət heç bir zaman nəinki özünə bərabər yaşayıb, heç özünə yaxınlaşmayıb da. Çünkü təyinini verə bilməyib. Nə deməkdir axı Bəşərilik, Bəşəriliyə necə çatmaq olar?! Bu təyin verilməyənə qədər bu anlam da öz yerini tuta bilməz. “Bəşərilik nədir, ona necə yetmək olar” axtarışı həmişə sonucsuz qalıb. Bəşərilik zəngin müxtəliflik tələb edir. Yalnız müxtəlif, bənzərsiz,daxili tələbləri ilə milli dəyər, milli yön, yaşam nizamı yaradan xalq bəşəri birliyin qurulmasına qatqı göstərə bilər. İstər dinlər, istər ideoloji yönlər – demokratiya, kürəsəlləşmə i.a. bəşərin özünə bənzəmə yolunda əngəllərdir. Asif Ata Ocağı bu kimi əngəllərə dirəniş göstərən,ideyalı, tək qurumdur. Hər kəs özünü millətçi sayır. Hətta akademik düzeydə, aydın sayılanların baxışlarında yadbaşlığın millətçilik kimi sunulduğunu görürük. B.Vahabzadənin dilindən eşitmişəm,“milli-mənəvi dəyərimiz olan islama üz tutmalıyıq, qayıtmalıyıq” deyir. Bu insanlar başa düşmürlərmi, islam sənin milli dəyərin deyil, ərəbindir. Xalqların mahiyyətini bir dildə, bir gələnəkdə ifadə etmək olmaz. Xalqların özünəxaslığıilə bəşərin nə demək olduğunu anlaya bilərik. Eynilərin qarşılıqlı münasibəti bəşər demək deyil. Mən İsraildən silah alıram, o da yeni nəsil silahlar icad edir. Sabah başqalarına satacaq. O da mənim başıma yağdıracaq. Bu vəhdət deyil. Bu qarşılıqlı gəlişmə deyil. Bu, bəşərin sabahına yönəlik təhdiddir, ölümdür. Bəşərin gəlişməsi, bir-birilə qarşılıqlı bağlantısı – ya iqtisadi bağlantılarıdır, ya silah alıb-vermədir. Bütün bu kimi sorunların bir həlli yolu var – xalqlar özgür olaraq bir-birini tanısın, qəbul eləsin. Ata da deyir: Bəşərin nicatı – İnsanlaşmaqdadır.
Atamız Var olsun!
Bayrağımızı öpürəm.

 İnamlı Atalı (Ataya Səcdə edərək Bayrağı öpür – N.A.): Milli dəyərlər – Bəşəriliyi yaşadan və bəşəriliyi qoruyan. Mən belə düşünürəm, kamil insan millət içində nədirsə, öz dəyərləri ilə yaşayan millət də bəşər üçün həmin dəyərdədir. İnsan düzəlməsə, millət düzəlməz, millət düzəlməsə bəşər düzəlməz. Bəşərin nicatı millətlərin özünəməxsusluğunun qorunmasıdır.Millətlərin özünəməxsusluğu, onun dəyərlərini yaşadan kamil insanların varlığında özünü göstərir. Bu açıdan da mən bugünkü Bəşərilik bayramı münasibətilə Ocağımızı, millətimizi,bütövlükdə bəşəri qutlayıram. Soylu qardaşım çox gözəl dedi: ləyaqət haqqında, kamillik haqqında danışmaqla insan kamilləşə bilməz. Bunu gərək ömürdə yaşadasan. Bizim başlıca məqsədimiz ruhaniyyatdır. Ancaq bizim ayağımızdan dartan məişət qayğıları var. Bu qayğıları ruhaniyyatı yaşatmaq yolunda əngəllərə çevirməməliyik. Doğrudan da, Ocaq yönündən sözü deməyi bacarmaq gərəkdir. İndiki durumda belə, mənə elə gəlir,Ocaq ideyaları qəbul olunur. Böyük maraqla dinlənilir. Yetər ki biz bu yolda dönməz olaq.
Atamız Var olsun!

Göytəkin Atalı(Ataya Səcdə edərək Bayrağı öpür – N.A.): Hamının bayramını qutlayıram. Bəşərilik anlamı ilə bağlı bəzi düşüncələrimi demək istəyirəm. Məncə, ən ağrılı məsələ dinlərin bəşəriyyətə düzgün yanaşmaması oldu.İnsanı öz mənasından ayırıb, dünyanı Allahın qurtaracağını vəd eləməklə. İnsanın rolu heçə endirilirsə bəşər özünə bənzəyə bilməz.
Ancaq Atanın İnamı insanı öz içində qurtuluşa çağırır. Bunun əsasında dünyanın, bəşəriyyətin qurtuluşu dayanır.
Qonu üzrə: Milli dəyərlər bəşəriyyəti yaradır, qoruyur. Hər bir xalqın özünün milli dəyərləri var, öz gələnəkləri var, dili var. Milyardları əslində bir-birindən fərqləndirən də budur.
Bir fərqi demək istəyirəm. Öncələr, dinlə uğraşdığım vaxtda, insanın qurtuluşu məni düşündürməzdi. Din deyəndə ağlıma sadəcə bir şey gələrdi – Allah və mən. Onun dışında heç bir şey düşünə bilməzdim. Qurtuluş da, hər şey də Allaha və mənə bağlı idi. Ancaq indi Atanın inamı deyəndə,ağlımda bir-birinə sıx bağlı olan anlayışlar canlanır. Məsələn, azadlıq, müstəqillik, insana sevgi, millət, xalq, bəşər. Bunların hamısı eyni şəkildə məni düşündürür. Ata deyir, bəşəriyyətin qurtuluşu İntibah yolu keçməsindədir. İntibah isə hər bir fərdin özündən başlayır. İnsan özünü yetişdirməyə başlayır,bu elə ömürdə intibahı başlamaqdır. İnsan özünü dərk eləməyə başladıqca müstəqilliklə asılılığın, azadlıqla əsarətin fərqini anlayır. Öz ömründə müstəqilliyə, azadlığa yetməyə çalışır. Bunun fonunda həm də onun millət sevgisi qurulur, insana sevgisi yaranır. Eyni zamanda millətinin azadlığını istəyir. Bütün insanların, bəşəriyyətin azadlığını istəyir. Atanın sözü bunu daha yaxşı təsdiqləyir: İnsaniləşən bəşərləşir. Qısaca desək,bəşəriyyətin sorunlarının aradan qalxması insanların kamilləşməsinə bağlıdır. Atanın çağırışı iki sadə cümlə kimi görünsə də, görünən odur ki, bunun arxasında çox böyük həqiqətlər dayanıb. İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır. Bayramımız qutlu olsun!
Atamız Var olsun!

Soylu Atalı: Bir neçə sözlə baxışınızı iki məsələyə yönəltmək istəyirəm. Günevin bayaq vurğuladığı “islam milli dəyər deyil” məsələsi. Günev buna haqlı olaraq etiraz edir. Çünkü islam bizim milli dəyərimiz ola bilmədi. Əgər islam ciddi ruhaniyyat yaratsaydı, insanlaşma yolu bəlirləsəydi, onda o bizim milli dəyərimizə çevriləcəkdi. Çevrilmədi. Asif Atanın Mütləqə İnam baxışı var. Bu, bəşəriyyət üçün, başqa xalqlar üçün milli dəyərdirmi, ola bilərmi?! Biz sanırıq milli dəyərdir. Niyə? Çünkü Asif Atanın Mütləqə İnam dünyagörüşü insanlaşma yaradır. İnsanlaşma isə, millətindən asılı olmayaraq, hər bir bəşər övladı üçün gərəkən bir yoldur, tələbdir. Asif Atanın Mütləqə İnamı İnsanı böyütdüyü üçün, insana özgürlüyünün, bağımsızlığının yolunu göstərdiyi, öyrətdiyi üçün hər bir xalqda milli dəyər sayıla bilər. Hər bir xalq bu dünyagörüşlə özünün Milli ölçüsünü bəlirləyir. Biz dedik, Mütləq Asif Atanın yaratdığı bir şey deyil. Yəni Asif Atanın istəyindən, ya bir başqasının istəyindən asılı olmadan Mütləq var. Asif Ata Mütləqi tanıtmaqla, Ona inam yaratmaqla bəşəriyyətə yeni ölçü,yeni yaşam nizamı gətirir. Bəşəriyyət bu nizamla özü olarsa, özümləşərsə, yəni hər hansı bir millət özümləşərək millətləşərsə, bu, elə onun milli dəyəridir. Biz islamla millətləşə bilmədik. Ona görə bizim milli dəyərimiz deyil. Bunu belə anlamaq, anlatmaq gərəkdir. Biz ruhaniyyatı millilikdən ayırmırıq. Sadəcə islam ruhaniyyatı bizə milli açıdan bir şey vermədi. Ruhaniyyat yaratmadı desək, daha doğru olar. Ümmətləşməyə yönəltmək ruhaniyyat deyil, siyasətdir. Bu, məsələnin bir yönü.
İkinci, Göytəkin deyir, Asif Ataya qədər mənim düşüncəmdə bir məsələ vardı – Allah və mən. Bu, böyük məsələdir. Allah, mən. Millət, bəşər,özgürlük, bağımsızlıq,daha nələr onun ardınca gəlir. Yəni Mütləq, mən. Mən Mütləqi tanıyıramsa, Mütləqin tələbləriylə yaşayıramsa, adı çəkilən bütün hər şeyi özünə çatdırıram, özünə bənzədirəm. Mən Mütləqə yetirəmsə özgürlüyə yetirəm. Mütləqə yetirəmsə,bağımsızlaşıram. Mütləqə yetirəmsə,Mütləqin tələblərindən irəli gələn millət anlayışını dərk edirəm. Bəşər hikmətini anlayıram. Ona görə Allah və mən, yəni Mütləq-mən qonusu çox böyük məsələdir. Məsələnin bu cür qoyuluşu yanlış deyil. Orada Allah anlayışı, Allah təyinatı yanlışdır. Ancaq Allah -mən qoyuluşu yanlış deyil.
İnamlı Atalı: İslamı ərəblər yaratdı, onların dəyəridir. Düzdür, başlanğıc olaraq millətləşməsində rol oynadı. Ancaq heç onların özü üçün də sonuc yaranmadı. Kommunizm rusları dağılmaqdan qorudu, müəyyən mənada, ancaq əbədi ola bilmir. Əbədi olan Mütləqə İnamdır. “İnsanlaşın – İnsanlaşdırın” çağırışıdır.
Soylu Atalı:Biz bunu şərti deyirik, islam ərəbi qorudu. Ya  kommunizm rusu qorudu. Bunu biz ölçü kimi demirik. Necə qorudu?!İslamın ərəbi bu cür qorumasındansa, qorumaması gərək idi. Min ildir ruhumuzu işğal edib. Mənim çöküşüm üzərində qoruma bəşəri prinsiplərə ziddir. Ya kommunizm, rusu elə qorudu, rus məni işğal elədi. Mənim özgürlüyümə, bağımsızlığıma, hər şeyimə yağı kəsildi. Biz belə qorumaları ölçü saymırıq.

Bayramın quralları yerinə yetirildikdən sonra tədbir sona yetdi.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.
21 Qar Ayı, 43-cü il. Atakənd.
(yanvar, 2022. Bakı).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir