Xəbərlər

Qutsal “Evlad Günü” Törəni

Ocaq Günsırası ilə 7 Od Ayı, 45-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı qutsal “Evlad Günü” Törənini gerçəkləşdirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Mərasimi bu gün fərqli bir məzmunda açırıq. Ocaq Bayrağının yeni biçiminin qəbulunu həyata keçiririk.

Biz Asif Atanın ölümündən sonra, bir neçə yol, ayrı-ayrı Ocaq ünvanları üçün bayraqlar hazırlamışıq. Onları qəbul eləmişik. Öz təşəbbüsü, öz istəyiylə Ocaqda olmuş Güntay yeni bir bayraq hazırlamışdı. Bu bayraq atlas parçadan işlənilmişdi. Çox ləyaqətli bir addım idi. Böyük bir hünər idi. Ocaq tarixində bu cür gələnəklər qutsal gələnəklərdir, gələcək üçün örnək gələnəklərdir.
İndi də İnamçı Yasin öz istəyiylə, öz təşəbbüsü ilə yeni bir bayraq hazırlayıb. Bu bayrağı toxunma biçimində hazırladıb. Bu da Ocaq tarixində önəmli, Ocaq tarixinə yazılacaq bir olaydır. Baxmayaraq, Asif Atanın sağlığında biz Ocaq Bayrağını qəbul eləmişik. Daha doğrusu, Asif Ata özü qəbul edib sağlığında. Kustar üsulla həvəskarların hazırladığı bayraq idi. Rəngli boya ilə işlənmişdi kətan üzərində. Asif Atanın ölümündən sonra biz bayrağı yenidən çap etdirdik, dediyim kimi, bir neçə ünvan üçün. Düşüncəmə görə, belə də olmalı idi. Hər bir Ocaqçının evində, ailəsində bayrağın olması pis deyil. Ən azından hər bir Ocaq ailəsi üçün bayrağın olması gərəkdir. İndi də, bundan sonra da. Ona görə bugün mərasimimizi bayraq qəbulu ilə başlayırıq, başqa sözlə, Bayrağın yeni biçiminin qəbulu ilə.
Uğurlu bir olaydır. Yasini qutlayır, onun bu işini alqışlayırıq. Ocaq tarixinə yazılacaq hünər əməli kimi dəyərləndiririk. Bayrağın ölçüsü bir az kiçik alınıb. Ancaq bu simvolik, rəmzi bayraqdır. Əsil bayraq Asif Atanın qəbul elədiyi ölçüdür. Bu bayraq həmişəlik məbədlərimizdə asılacaq bir bayraqdır. Rəmzi bir dəyərdir.

Yasin Türksoy: Bu, Ocağın uğurudur. Ocaqdan gəlir belə bir təşəbbüsüm, belə bir addımım. Ocaqdan aldığım, mənimsədiyim, öyrəndiyim, götürdüyüm əməllər, qeyrətlər təpər verdi bu addıma. Sizdən aldığım örnəkdir.

Soylu Atalı:Yasin gəncdir. Belə bir yaşda, bir var faydalı şeylərə pul xərcləyəsən, bir də var mənəviyyat üçün, xalqda milli dəyər yaratmaq üçün addım atasan. Bu, xalqda milli dəyər yaratmaqdır. Ayrı-ayrı dönəmlərdə biz böyük şəxsiyyətlərimizin adını çəkirik. Azərbaycanın mənəvi-ruhani dəyərləri kimi başqa-başqa olayların adını çəkirik. Bu əməl də Azərbaycanın milli-mənəvi dəyəri sırasındadır. Sən bunu ev üçün, iş üçün eləmirsən, xalqın şüurunun dəyişməsinə qatqı göstərirsən. Xalqın gözünün baxarının dəyişməsinə qatqı göstərirsən. Xalqın milli mənəvi dəyərlərinin obyektini bəlirləyirsən. Bu açıdan bu, milli bir dəyərdir.
Günümüzün adı Evlad Günü mərasimidir. Asif Atanın özünün sağlığında bəlirlədiyi bir mərasimdir. Ocağına Evlad gəlişini bayrama çevirib. Ocağa Evlad gəlişinin özünü dəyərə çevirib. Kimsə Xəlqi dəyər adına nəsə soruşarsa, bu günün özü xəlqi dəyərdir. Asif Ata xalqın düşüncəsini dəyişmək yükü götürüb üzərinə. Min il xalqın əsarətdə olmuş şüurunu, ruhunu azad eləmək üçün götürüb üzərinə. Bu, böyük bir məsələdir. Böyük məsələ idi o başlayanda. O, xalqın içindən özünə köməkçi istəmədi, mürid istəmədi. Özünə, xristianlıq anlayışı ilə desək, apostol istəmədi. Özünə Evlad istədi. İşini başa çatdırmaq üçün, işini gələcəyə daşımaq üçün mənə Evladlıq eləyin dedi. Çünkü Evlad sözü qutsal sözdür. Atanın da, ananın da qədrini övlad bilər. Ona görə ata-ana dəyərdir. Ruhani Atalıq daha yüksək dəyərdir, onun da qədrini yenə Evlad bilər, Ruhani Evlad. Ona görə Evlad olun dedi, bizi Ocağına çağırdı. Biz onun çağırışına, onun zəhmətinə inananlardanıq. Ona görə də zəhmətini dəyərləndirib Ona Evlad olduq. O da bizim ləyaqətimizi dəyərləndirib Evladlıq olayını qutsallaşdırdı, bayrama çevirdi. Qutsal gün kimi xalqın tarixinə yazdı. Bu gün Ocağın qutsal günü kimi tarixləşib Evlad Günü, mərasim biçimində.
Bilirsiniz, bəlli səbəblərdən Evlad Günü mərasiminin tarixini dəyişdirdik. Bunu təkrar-təkrar hər mərasimdə izah etməyəcəm. Bir dəfə demişik. Sadəcə tarixi dəyişib, biçimi, anlamı isə qüvvədə qalır. Qutsal bir olay olaraq Ocağın ləyaqətində yaşayır. Biz, Asif Atanın Evladı olaraq, öz üzərimizə böyük bir yük götürürük. Bu yükün adı zəhmətdir, əzabdır. Bu yükün adı fərəhdir. Bu yükün adı yoldur, çətinlikdir. Belə bir yüklə, çətinliklə, əziyyətlə, həm də fərəhlə böyümək istədik. Özümüzə bənzəmək istədik. Ona görə belə bir yükün altında yola çıxdıq. Biz anladıq bunu. Asif Atanın anlatmalarından, fəlsəfəsindən, Asif Atanın dünyagörüşünün bütün ayrı-ayrı fərəhlərindən anladıq ki, hansı yükü götürdük üzərimizə. Biz anladıq böyümək nə deməkdir. Böyümək istəyimizi ortaya qoyduq. Bu böyük bir sorumluluqdur: həm böyümək istəyirsən, həm də təsdiq eləmək istəyirsən. Böyümək istəyi fərdin ömründə gedən bir prosesdir. Onun təsdiqi isə toplumsal mühitdə, xəlqi mühitdə hünərə, əmələ çevrilməsidir. Hər bir addım, hər bir istək sübut istəyir, isbat istəyir. Gərək onu isbat edəsən. İsbat etmək öz ömrünü xalqın işığına çevirmək sorumluluğudur. Belə bir addım götürmüşük. Asif Atanın qarşısında and içmişik. Onun yolunu ləyaqətlə gedəcəyimizə, onun gücünü axıra qədər daşıyacağımıza, onun ləyaqətinə axıra qədər Evlad olacağımıza and içmişik, söz vermişik. Hər an andımıza sadiq olaraq addım atırıq, hərəkət edirik. Anda sədaqətin ən böyük göstəricisi özüylədöyüş əməlidir. Çünkü insan özüylədöyüşməsə, özünü içəridən yeniləməsə, yaratmasa, o zaman onun andına sadiq qalacağı şübhə doğurur, inandırmır. Ona görə Asif Atanın Ocağına gəlib and içənlər sırasında çox az adamlar onun çevrəsində hərəkət edir. Sadiq qalmadılar, qala bilmədilər. Dediyim kimi, and içəndən sonra sədaqətin birinci göstərişi özüylədöyüş idi. Çoxları özləri ilə döyüşmədi, bizimlə döyüşdü, başqaları ilə döyüşdü. Ona görə də Ola bilmədilər, qurula bilmədilər. Ancaq Evlad olmaq ləyaqəti ayrı-ayrı insanların bacara biləcəyi bir şey oldu, özünü sübut elədi. Belə bir əməlin kütləvi olmayacağı özünü sübut elədi. Biz bunların hamısını yaşadıq, gördük. Özümüzü aydınlaşdırdıq. Bu yolda da ləyaqətlə davam eləməyi özümüzün qarşımıza bir məqsəd qoyduq. Hara qədər anladıq Ocağa gələndə, hara qədər dərk elədik Ocağa ilk gələndə?! – Ondan üzü bu yana hesabat verdik. Ta Ocağa gəldiyimiz gündən bu yana. Biz Asif Atanın çağırışını eşidib onun Ocağına gəlmişik. Ömrümüz boyu onun Ocağında mənəvi-ruhani hesabat verəcəyik. Mənəvi-ruhani hesabatımız, dediyim kimi, birinci, özüylədöyüş məsələsidir. Özü olmaq, özünü bilmək, qurmaq, ondan sonra görəcəyi yükü bəlirləmək. Özüylədöyüş fərd üçün görəcəyi işləri bəlirləməkdir. Nə işlər görə bilərəm, nə işlər görəcəm? Gücüm nəyə çatacaq, gücümü yaradan nədir? – Gücü yaradan özüylədöyüşdür. Gücüm nəyə çatacaq, – bunu bəlirləyən özüylədöyüşdür. İçəridən nə qədər qurulacam, nə qədər sadiq olacam, nə qədər dayanıqlı olacam, nə qədər mətin olacam, möhkəm olacam, bir o qədər Ocağın mənə tapşırdığı yükləri gələcəyə daşıya biləcəm. Ona görədə özüylədöyüş məsələsi əsasdır. Özünü qurandan sonra ideyanı xalqın içində toxum kimi əkib-səpmək tələbi qarşıya çıxır. Hər yerdə. Çünkü insanın özünüdərk məsələsi var. Bəşəriyyət indiyə qədər insanın özünüdərk məsələsində axsayıbdır. Bəşəriyyət insanın özünüdərk məsələsində bir neçə, – barmaq sayda insanlarla yetərlənibdir. Asif Ata deyir, özünüdərk məsələsi genişlənməlidir. Genişlənməlidir, dünya özünə bənzəsin. Genişlənməlidir, həyat özünə bənzəsin. Genişlənməlidir, hər şey özünə bənzəsin. Yəni dünyada əsilliyin yaranması, yaşaması üçün özünüdərk gərəkdir. Belə bir məsələ bizim qarşımızda böyük bir tələb kimi qoyulub, biz bunu ləyaqətlə yaşatmağı öz üzərimizə götürdük. Bu gün biz, toplum olaraq,10 illər öncənin başladığı bir prosesin axarındayıq. Elə bir prosesin axarındayıq ki, 10 illər bundan öncə olan insanlığın durumu bu gün də dəyişməyib, betər duruma enibdir. Ancaq buna baxmayaraq, biz, Ocaq olaraq, ayaqdayıq. Niyə ayaqdayıq – o tələbləri anladıq biz, yorulmadıq, çaşmadıq. İnsanı çaşdıran nədir?! – İçində qarşıdurmadan qurtara bilməməkdir. İçində sənə xeyiri göstərən güc də var, şəri göstərən güc də var. Xeyirin qələbəsini anladan güc də var, şərin qələbəsini aşılayan güc də var. Ona görə də içəridə xeyirə qarşı aşılayan gücü sındırmaq gərəkirdi, sarsıtmaq gərəkirdi. İllərlə biz sarsıldıq, içimizdəki balacalıqlarla sarsıldıq.. Sarsıntıdan qorxurlar. Qorxmaq gərək deyil. Sarsıntı içindəki heyvanı yenmək deməkdir. İçindəki balacalığı yenmək deməkdir. Böyüklük sarsılmır heç vaxt. Balacalıq sarsılır. Əgər mən sarsılıramsa, deməli, mən balacalığı ötürəm. Mənim sarsıntım o deməkdir. Asif Ata belə sarsıntıları qutsal sayır. Çünkü balacalıq sarsılanda böyüklük pöhrələnir, yetişir, təsdiq olunur. Balacalığın sarsılması üzərində böyüklüyün gəlişməsi qutsaldır. Böyüklüyün gəlişməsini yaradan Sarsıntılardır. İnsanda imkan da sarsıla bilər. İnsan həyatında itirdiyi nələrə görəsə sarsıla bilər. Mayası batar sarsılar, xərci batar sarsılar. Evi yıxılar sarsılar, zəmisi yanar sarsılar. Əlbəttə, biz bu sarsıntıları qutsal sarsıntılar saymırıq, fəlakət sayırıq. Qutsal sarsıntılar insanı içəridən dəyişən, quran sarsıntılardır. Evladlığın da başlıca tərzi sarsıntılar üzərində formalaşmaqdır. Belə bir gələnək yaranıb Ocaqda. Biz bunu yaşayırıq. Ona görə də özümüzün öyrətmənlik ləyaqətimizi ortaya qoyuruq, öyrətmənlik ləyaqətimizə güvənirik. Asif Atanı bəşəriyyətə, xalqa öyrətmək məsələsi var. Qarşıda duran böyük bir yükdür, böyük bir məsələdir. Ata bizi ona görə özünə Evlad olmağa çağırdı. “Gəlin, məni xalqa öyrədin, gəlin məni xalqa verin, tanıdın” dedi. Körpü rolu oynayırıq. Ata ilə xalq arasında körpü rolu oynamaq böyük bir məsələdir. Dinlər yarandı, – Allahla insan arasında bağlayıcı (əlaqələndirici) rol almaq üçün. Ancaq din insanla Allah arasında bağlayıcı körpü ola bilmədi. Çünkü nə Allahı tanıdı, nə insanı. Çünkü nə Alahı dərk elədi, nə insanı. Biz Asif Ata ilə xalqın arasında körpü olmaq üçün Asif Atanı da tanımalıyıq, xalqı da. Asif Atanı da öyrənməliyik, xalqı da. Öyrənirik də. Xalqı tanıdığımız dərəcədə, Asif Atanı tanıdığımız dərəcədə Asif Atanın baxışını xalqa, xalqı Asif Ataya bağlamağa çalışırıq. Belə bir işi görməkdən qürur duymaq, belə bir işi görməkdən fərəh duymaq Evlad üçün ən böyük ödüldür, ən böyük nemətdir. Bugünkü günümüzün adı odur, məzmunu odur. Ona görə Günümüz qutlu olsun. Hər birinizi bu gün münasibətilə qutlayıram. Hər biriniz üçün uğurlu, xeyirli, gələcəkli olsun. 
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Mən də hər birinizi Evlad Günü münasibətilə qutlayıram. Hər birinizə bu yolda uğurlar arzulayıram. Hər dəfə mən sizdən bəhrələnirəm. İstər telefon danışığımız olsun, istər görüş olsun, həmin gün mənim üçün önəmli, dəyərli gün olur. Çünkü mən həmin gün gerçəklikdən ayrılıram, ruhani məqama yüksəlirəm. Özümü bir insan kimi dərk edirəm. Özümdə həmin böyüklüyü görürəm. Mənim üçün ən fərəhli günlər sizinlə görüşdüyüm günlər olub. Mərasimlərin ayrıca önəmi var mənim həyatımda. Qardaşımızın da vurğuladığı kimi, mənim də içim hamar, düz olmayıb. Təlatümlü yol keçmişəm. İndi də o təlatümlər içimdə davam edir. Gerçək həyatın üzü çoxdur. İnsan bu həyatda yaşayır.
Qardaşımızın vurğuladığı kimi, Evladlıq məsələsinin başlıca ideyalarından biri özüylədöyüşdür. Mənimdə ən yaralı yerim elə özüylədöyüşdür. Özüylədöyüşü olmayan Evladı (özümə özgün edirəm bunu) alayarımçıq hesab edirəm. Özüylədöyüşü mən necə anlayıram? Hər birimiz özəl bir həyat yaşayırıq. Hər birimiz bənzərsiz olaylarla üzləşirik. Gündəlik həyatda necə edəsən ki, bir Evlad kimi öz qürurunu da qoruyub saxlayasan, fərəhini də qoruyub saxlayasan. Eyni zamanda xalqa da yararlı bir insana çevrilə biləsən. İnsanın həyatında etkiləyici olaylar çoxdur. İnsan bəlli yaş həddinə qədər bir növ asılı olur. Mən həmişə düşünmüşəm ki, insan həyatında görəsən ondan asılı tərəflər hansılardır, asılı olmayan tərəflər hansılardır. Bu asılı tərəflər insanın bəlli yaşına qədər görünür. İnsan ailədən nəsə görür-götürür, sonra dairə genişlənir. Ailə, qohum-əqrəba, tayfa-kənd, axırda da gəlib çıxır millət səviyyəsinə. Bunların hər birinin insana müxtəlif etkiləri olur. Həm yaxşı, həm pis tərəfdən. İnsandan asılı olmayan çox şey olur, mən belə düşünürəm. Ancaq hər bir olaya bəlli münasibət göstərmək, hər bir olaya insanın içsəl dünyasından gələn cavab reaksiyası, sözsüz ki, insanın özündən asılıdır. Bu halda həmişə düşünmüşəm ki, mən necə yaşayım, özüm öz gözümdən düşməyim. 3-5 ildən sonra özüm özümə aşağılayıcı nəzərlə baxmayım. Mənim üçün həmişə belə bir içsəl çağırış olub. Bu çağırışlar mənim üçün çox ağrılı olub. Hamar bir yol kimi olmayıb. Mən elə bir varlıq olmuşam ki, ailəyə, tayfaya, qohuma bağlı olmuşam. Adətən bu yaxşı etki ilə sonuclanmayıb. Bunlardan qurtulmaq üçün qarşıma belə bir məqsəd qoymuşam. Ataya Evlad olmaq nə deməkdir, övladlıq gerçək ailədə necə olur, – bunu anlamağa çalışım. Uşaq doğulur, ailənin gerçək övladı sayılır. Ruhani həyatda da Ocağa Evlad olduğumuz günü doğuluş günü kimi qeyd edirik. Keçmiş həyat bundan sonra mənim üçün olmamalı idi. Gerçək həyatda, anadan olan körpə uşaqdan fərqli olaraq, mənim əlimdə güclü resurslar var. İdrakım var, düşüncəm var, ağlım var, iradəm var. Eyni zamanda əlimdə belə böyük ideya var. Belə Amalımız var, Yolumuz var. Qardaşlarımla da söhbətlərdə çox vurğulamışıq bəzi məqamları ki, Evlad kimi özünütəsdiq hansı şəkildə davam eləməlidir. Birincisi, Amallaşma. Demək olar ki, həyatımda var. Amllaşmada mənə aydın oldu ki, hər şey insanla bağlıdır. Hər şey insandan asılıdır. Hər şey insandan doğur. Bütün yanaşmalar, bütün münasibətlər hamısı insanla bağlıdır. İnsanın da içində xeyirləşmək, həqiqətləşmək gücü var. Bu gücə yetmək üçün insanlaşmaq gərəkdir. Ancaq insanlaşmaq  mənim üçün həddindən artıq çətin keçib. Keçmişdən qopmaq mənim üçün ağır alınıb. Keçmişdə yol verdiyim güclü səhvlərim, günahlarım məni uzun müddət izləyib. Bunlardan indi də mən qurtara bilmirəm. Ancaq Ocağın Evladı olandan sonra mən nə qədər nisbi düşünsəm, nə qədər gerçək həyat səviyyəsində düşünsəm, bir o qədər həmin səhvlər məni izləyəcək. Mən ancaq Mütləqlə, Amalla tutuşduranda özümü tapa bilərəm. Əgər doğrudan da, mən həyat olaylarına mütləq yöndən yanaşsaydım, bir çox səhvlərə yol verməzdim. Çünkü Mütləq baxışı ilə mən həyati məsələlərə sözsüz ki, qol qoymazdım. Qol qoyduğuma görə düşdüyüm sorunlar mənim qarşımda böyük bir əngələ çevrildi. Həmin əngəllər indi də bəlli mənada davam edir.
Dediyim kimi, Soylu qardaşımla çox geniş miqyasda telefon bağlaşmalarımız olur. Məndə hardasa yenilik, saflaşmaq gedişləri özünü göstərir. Qardaşım bir dəfə mənə dedi ki, düşüncələrini yaz. Məndə yazmaq halı o qədər yox idi. Bəzən olurdu gözəl düşüncələr gəlirdi, yarım saatdan sonra yadımda qalmırdı. Bəzən elə gözəl hal yaranırdı, o halı nə qədər çalışırdım, yadıma sala bilmirdim. Qardaşımın gözəl bir sözü oldu ki, nə düşünürsən, çəkinmə, yaz. Mən başladım o cür hərəkət eləməyə, yazıram indi. Ruhsal yaradıcılıq işinin mənim içdən qurulmağımda gözəl etkiləri olur. Buna görə də qardaşımıza, Ocağımıza minnətdaram. Ocaq elə bir qurumdur ki, həqiqətləri mütləq səviyyədə ortaya qoyur. Qurtuluşumuz Ocaqdadır. Yaranan problemlərimizin həlli Ocaqdadır. Bəşərin xilası Ocaqdadır.
Qardaşımız Soylu haqqında ürək sözüm. Mənim hər biriniz haqqında istər mərasimlərdə qonu kimi qoyulsun, ya qoyulmasın, həmişə ürəyim dolu olub. Hər biriniz haqqında mən ayrı-ayrı söz demişəm. Yükümlümüz Soylu bəyinsə mənim gözümdə, qəlbimdə, hər birinizdə olduğu kimi, özəl bir yeri var. Atadan sonra mənim gözüm onu görür. Mən Ocaqdan ayrılmışdım, təzədən Ocağa qayıtmağım Soylu ilə təsadüfi görüşməyim oldu. Bu görüş məni xilas elədi. Cismani qardaşımın qadınının yas yerində Soylu qardaşa dedim, söhbət elə yasdakılar üçün. Ondan sonra da 3 saata qədər onunla söhbət etdik. Mən Ocağa bağlı olmuşam. Ata öləndən sonra 5 il Ocaqda qaldım. Ocaqdan ayrılanda da Soyludan incik ayrılmışdım. Ancaq o görüşdən sonra gördüm, düz xətt, həqiqi yol Soylunun seçdiyi yol olub. Sonra Soylunun qonağı oldum, Ocağın gördüyü işlərə heyrətdən donub qaldım. Onu bu cür vurğuladım, burda gördüyünüz hər bir tədbir bir ömrə sığmaz. Ancaq siz bir ömürdə gör neçə yönlü işlər görmüsünüz. Ata külliyyatının qələmə alınması, yazıya çevrilməsi, itməməsi – bu nəhəng bir prosesdir, nəhəng bir işdir. Səfərlər haqqında Soyludan, başqa bacı-qardaşlarımdan eşitdiyim hər bir olay qeyri-adidir. Adi ömürlər üçün mümkünsüzdür. Ata deyir, mümkün olmayanı mümkün eləmək gərəkdir. Bunun üçün gərək Evlad ömrü yaşayasan. Doğrudan da, Atanın o deyimi Ocaq bacı-qardaşımın ömürləri ilə tam təsdiqini tapır. Mən Soylu qardaşımın ünvanına deyirəm var olsun, nə yaxşı belə bir qardaşımız var. Həm Amallaşma yönündə mənim meyarım olub. Həm özünün şəxsi gözəl yazarlıq keyfiyyəti var, müdrik ömrü var. Onun Ocağa gələnə qədər (yazılarında da oxumuşam, şifahi dinləmişəm də) bu cür keyfiyyətləri, qabiliyyətləri olmadığı halda, Ocaqda bunları qazanıb. Soylu Atalı hərətərəfli bir insandır. Bu hal öz təsdiqini tapdığı üçün, mən düşünürəm məndə də mümkün olar. Baxmayaraq, Soyludan mən çox böyüyəm, yaşlıyam. Ancaq Soylu Ocaq yaşıyla məndən çox böyükdür. Qardaş kimi onu özümə dəstək, örnək, meyar saymışam. Atadan sonra ikinci gördüyüm, tanıdığım, təsdiqlədiyim Amalçı kimi ürəyimdə, gözümdə, varlığımda yeri var.
Atamız  Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):Çox qürurverici haldır ki, bu gün bizim günümüzdür, bunu görmək gərəkli bir olaydır. Qonular da zəngin qonulardır, – kim idim, kim olmuşam? Bu, Atanın sağlığında da qoyulan bir qonu idi. Bir dəfə mərasimdən bir gün əvvəl Atanın evində idim. Ata dedi,“Gediş Yazısı”nda qoyulan qonu ilə tanışsanmı? Dedim, hə. Ata dedi, mənə elə gəlir, bu səndə yaxşı alınacaq. O qədər məsuliyyətlə doldurdu ki, bu söz məni, gəldim dəftərin yarısını “kim idim, kim oldum” qonusunda yazdım. Atanın “sənə inanıram” sözü, doğrudan da, adamda elə bir əhval yaradır ki… cazibəni yadınıza salın. Çox geniş bir izahat vermişdim. Sonralar bir neçə il bundan qabaq eynən belə qonu qoyulmuşdu. Həmişə istəmişəm, dediklərimi deməyim, təkrarlamayım. Özüm əhvalıma yaxın qoya bilmirəm ki, demişəm də bunu. Ancaq yenə də o qonuya toxunmaq olar, “kim idim, kim oldum”. Mən adilərin adisi idim. Bir az bədiiyyatda tarixi şəxsiyyətlərdən sevdiklərim vardı. Nəsimini sevirdim, böyük əqidə adamlarını sevirdim. Yazıçı təxəyyülü vardı, vurğunluq yaranırdı. Gör necə insanlar gəlib gedib dünyadan. Ancaq heç vaxt onlar ola bilməyi ağlıma da gətirə bilməzdim. Nə olsun ki, Nəsimiyə heyrət edirsən. Axı sən Nəsimi ola bilmirsən. Sanki əlçatmaz, ünyetməz bir əhvalda. Heç kəsin əli çatmaz. Tutalım yalana nifrət edirdim. Özüm də yalan danışırdım. İstəyirdim kiməsə yaxşı dost olum. Özümdə də alınmırdı. Paxıllıq vardı. Tutalım həsədə nifrət edirdim, özümdə də həsəd vardı. Bu kimi duyğuların içində çabalayıb qalırdım. İdeal bir şəxsiyyət olmağı ağlıma da gətirə bilmirdim. Ancaq bu düşüncələrin arasında çaşbaş qalırdım. Bütün dövrəm yalanlar içində idi. Bütün dövrəm haqsızlıqlar içində idi. Ailə, qonşu, toplum, kənd… yalançı, təmənnalı münasibət, o adamların içində insan yox idi. Mən əzilirdim, sıxılırdım bundan. Ancaq elə özüm də onların biri idim. Baxmayaraq ki, qəbul eləmirdim. Qəbul eləməmək üçün gərək özün elə olmayasan. Özün ideal varlıq olasan, şəxsiyyət olasan. Bunları ağlıma da gətirə bilmirdim. Həmin şəxsiyyətlərə heyrətim məni, indi Ocaqda olmayan, bir kəslə qarşılaşdırdı, – Haqlı adında. O, Özümlü ilə məni görüşdürdü. Onların verdiyi yönlə Ocağa gəlib çıxdım. Atanı gördüm. Ata danışırdı, sanki mən eşitmirdim. Atanın qeyri-adi səsi, forması, üzünün cizgiləri məni daha çox maraqlandırırdı ki, ən düzgünü elə budur. Ata haraylayırdı, mən də heç nə eşitmirdim. Ancaq özümü eşitmiş kimi göstərirdim. Sonra Ocaq yavaş-yavaş mənim əhvalıma yeridi. Ocağın yükünün nə qədər ağır olduğunu gördüm. Sonralar həyatımda mənə əngəl olan nəsnələr oldu (Atanın ölümündən sonra), bunları təkrarlamağa gərək yoxdu. Ocaqdan bir müddət qıraqda oldum, ancaq Ocaqsız olmadım. Ocaqdan qıraqda olduğum müddətdə Ocaq odu içimdə zərrə qədər əksilmədi, əslində alovlandı. Bir həsrət yarandı ki, o həsrət həmişə məni çəkdi. Həsrət olan yerdə heç bir bəhanə yoxdur. Ocağa gəldim, bu gün də fəxrlə sinəmə döyüb deyərəm ki, o böyük dahinin davamçısı olmağı bacardım. Soylu qardaşımın bu işdə güclü etkisi oldu. Ocağın, Ocaq Evladlarının etkiləri oldu. Bir dəfə rayona görüşə gəldilər. Onları yola salanda Nurtəkin dedi, qardaş, səndən doymadım. O söz beynimdə özünə yer elədi. Belə mühitdən qırağa durmaq olarmı?! Nəhayət, içimdə tərəddüdlü bir hal yarandı. Yenidən Ocaq yükünün altına girimmi?! Mən kəndçi ola-ola Mütləqin harayını çəkirəm, ancaq yenə də nisbidir. Ocağın içində, dəryanın dərinliyində olmayana qədər onu tam anlamıyla ifadə edə bilmirsən. Mərasimdə ruhani əhvalla dolursan, Soylunu dinlədikcə. Amaldaşlarını dinləyirsən, əhval dolur içinə, buradan çıxanda dünyanın gözəlliyi cilvələnir gözünün qarşısında, özünün hünərin görünür öz gözünə. Bu gün də özümün bu halımı xoşbəxtliyim sayıram. Tarixə söz deyən, imza atan Asif Atanın davamçısı olmaq balaca məsələ deyil.
İkinci, ruhsal yaradıcılıq. Ruhsal yaradıcılıq gerçəkliyi ötmək tələb edir. Gerçəklikdə ruhsal yaradıcılıq olmur. Başqa cür yaradıcılıqlar olur. Birinin düşüncələrini, duyğularını ifadə eləmək açısından gözəl şair də ola bilərsən, S.Vurğun ola bilərsən, Sarvanı tərifləyərsən, orden ala bilərsən, Maya Kərimovanı tərifləyərsən orden alarsan. B.Vahabzadə kimi tarixi şeir yazarsan, hörmət qazanarsan, 5 otaqlı ev verən kimi səsini çəkərsən içinə. B.Vahabzadə islam bizim mənəvi dəyərimizdir deyəndə əlimi üzdüm ondan. İslam sənin mənəvi dəyərin deyil, ərəbin mənəvi dəyəridir. Sən hələ bunudamı bilmirsən?! Yoxsa mühitin, zamanın, qaragüruhun istəyinə, ağlına xoş getsin deyəmi onu deyirsən?! Deyirsənsə, bu ikiüzlülük nə üçündür?
“İnamlı İllərimin Harayı”nı onlarla paylamışam. Hər birisinin içərisində Amalımızı nişan verən sözlərlə. Sonra məbəd məsələsi. İnam Evini yaratdıq. İstəmişəm Ocağımızla bağlı ifadə edim Ocaqçılığımı. Asif Atanın davamçısı olmağımı, Amalımızın nə dərəcədə aşiqi olmağımı, eləməliyəm deyə eləməmişəm…
Bu ruhsal yaradıclıqla bağlı fikirlər idi.
Soylu haqqında. Soylunu ifadə eləmək üçün gərək Soylu olasan. Soyluya olan sevgimi dəfələrlə demişəm. İnamlı qardaş da vurğuladı, Asif Atadan sonra mənim üçün ikinci şəxsiyyətdir. Bu həqiqətdir. Çünkü tarixdə Mütləqçiliyi davam edən ikinci bir şəxsiyyət yoxdur. Asif Ata tarixdə Mütləqçiliyi ilə boy göstərdi. Nisbi yanaşmadı olaylara. Demədi nisbi dostluq, demədi nisbi yaradıclıq, nisbi idrak. Soylu da onu ləyaqətlə davam elədi. Asif Ata Ocağının az qala közərtisi qalmışdı. Sönməkdə olan çağında Soylu elə bir haray çəkdi ki, Asif Ata Ocağı özünü düzəltdi. Mənim mən olmağımda Soylunun özəl yaradıcılığı var. Əgər belə demək mümkünsə, Soylunun bir əsəri də mənəm. Mənim Soyluya aşiqliyim o həddədir ki, ona tənqidi yanaşıram. Soyluya sevgim o mərtəbədədir ki, istəmərəm Soylunun üzərinə balaca bir kölgə düşsün. Kölgə yoxdur, ola bilər, fərqinə varmadan balaca şeylər olsun. Məsələn, bir neçə yerdə görüşlərdə, Beyləqanda, Göyçayda, Qobustanda görüşlərdə deyirdi, “mən Azərbaycanın 45-50 rayonunda görüş keçirmişəm”. Burada “mən” deməsini doğru saymadım. O, görüşləri Nurtəkinlə, Göylüylə, başqa Ocaqçılarla keçirmisən, niyə keçirmişik demirsən?! Bu, Soylunu əskiltmək deyil. Soylu, sən elə demə, keçirmişik de. Mən elə bilirəm, o halı qəbul eləmirəm, nə eləmisən Ocaq olaraq eləmişik. Bunu başqalarına demərəm. Çünkü qəbul edər, etməz, xətrinə dəyər. Ancaq bunu Soyluya deyirəm, çünkü onu heç nə onu durduğu mərtəbədən sala bilməz, salmamalıdır. Soylu mənim üçün ilahi bir varlıqdır.
Atamız Var olsun!

Soylu Atalı: Sözün ifadə yönü, əməlin mənsubiyyəti var. Bu günlərdə bir neçə Borçalı soylu adamlarla görüşüb söhbət eləmişəm. Mən deyə bilmərəm, bu gün borçalılarla görüşüb söhbət eləmişik. Mən borçalılarla görüşəndə belə bir ifadə işlətmişəm. Demişəm, mən sizə deyə bilmərəm, adını çəkdiyim dühalarla özümü tutuşdururam. Bəşər tarixində bir neçə tarixi şəxsiyyət gərgin özüylədöyüş yolu keçib. Eyni halda onu da demişəm, özüylədöyüş yolu keçmək elə bir məsələdir ki, insan özü özünə yağı kəsilir. Başqa yerdən ona düşmən gərək olmur. Mənimlə döyüşmək gərək deyil. Mənim ən böyük yağım özüməm. Mən özüm özümü döydüyüm halda, qıraqdan məni döyməyə nə gərək var?! Orda bir misal çəkmişəm, tarixdə Sokrat olub özüylədöyüşən. Sonra Tolstoy olub, Mahatma Qandi olub, sonra Asif Ata olub. Onun davamında özüylə döyüşən mən olmuşam. Burada deyə bilmərəm biz olmuşuq. Mən adını çəkdiyim şəxsiyyətlər səviyyəsində olarammı, ola bilmərəmmi, bu ayrı məsələ. Ancaq onlara yad deyiləm, onların keçdiyi yolları keçirəm. Bəlkə onlar məndən daha qüdrətli keçiblər, ancaq mən də keçirəm.
Sonra, adam özünün birey olaraq əməllərini təqdim edir. Məsələn, Günev deyir, mən məbədi tikəndə filan şeylərlə rastlaşdım, filan şeyə sinə gərdim, filan şeyi yendim. Burada elədik deyə bilməzsən ki. Nurtəkinlə Göylü mənim Ocaqçılıq həyatımda, Atadan sonrakı Ocaqçılığımda zəmin idilər. Sanki mənim varlığımı bəlirləyən bireylər idilər. Heç nələri olmaya-olmaya. Mənim üçün onlar bir zəmin idi, dayaq idi, istehkam idi. Ancaq içimdə Göyləri mən fəth edirdim. Mən bunu deməliyəm. İstehkamım var, zəminim var, ancaq özümü mən fəth edirdim. Deyək, mən görüş keçirirəm, Yevlaxda, Gəncədə. Burada görüş keçirdiyim insanların ağlına ildırım kimi çaxıram bəzən. Mən eləmişəm bunu. Sən insansan ki, sən qüdrətsən, sən də bunu edə bilərsən mesajı vermişəm. İnsan təqdimatı var, qüdrət təqdimatı var. İnsan keyfiyyətlərinin açımı var, təqdim olunması var. Fərqli keyfiyyətlərinin göstərilməsi var. Babək deyirdi, mən tuluqda yağ satanın oğluydum, ancaq sən Babəkin oğlusan. Bunu elə vurğu edir ki, yer-göy titrəyir. Mən Babəkəm, yeri-göyü titrədən söz deyirsən birdən. Babək deyə bilməzdi ki, biz tuluğda yağ satanın oğluyuq…
Mən Günevi anlayıram və qəbul edirəm. Onun dediyi odur ki, Ocaqçı təvazökar olmalıdır. Bu, doğru yanaşmadır. Ancaq bəzən bireyin hökmü, hayqırtısı, harayı özəl vurğulanmalıdır. Bundan qorxmaq gərək deyil. Söz yox, Soyluya irad bildirməkdən də qorxmamaq gərəkdir. Ancaq gerçək həqiqətləri hünərlə vurğulayıb döşünə döyəndən də qorxmamaq gərəkdir.
Məsələn, Günev deyir, mən “İnamlı illərimin harayı” kitabımı vermişəm insanlara. Bu, təsdiqdir. Deyə bilməz ki, biz “İnamlı İllərimin Harayı” kitabımızı insanlara veririk. İ.a. Bəzən elə yerdə insanı ümumiləşdirmək olmaz. Fərdiləşdirmək gərəkdir. Əməli ümumiləşdirmək olmaz, fərdiləşdirmək gərəkdir. Çünkü bizim bayrağımızın adı İnsanlıq bayrağıdır. Bizim başımızın üstünə qaldırdığımız Bayraq İnsandır. İnsan adı daşıyır.
Bir var amaldaşların qarşısında durub deyəsən, “hansı xalqın filankəsi var”. Bu ayrı şeydir. Doğrudan da, hikkə-haytadır bu. Burda həqiqət yoxdur. Tədbirdə durub deyəsən, mən oğlum yaşdakının qarşısında otururam. Əlini də stola çırpasan. Burda hünər yoxdur. Böyüklük təqdimi yoxdur. Burda enmə var, balacalaşma var. Ancaq “mən sənin ləyaqətini göylərə qaldırdım”, bu artıq haraydır.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Bugünkü hesabat üçün daha çox özüylədöyüş qeydlərinə baxdım. Özüylədöyüşün önəmli aşaması özünü tanımadır. Özünü tanıma nədir deyəndə “mən kiməm” sualı ilə üz-üzə qalıram. Öncədən bu sualı özümə verəndə heç yanlış olduğumu düşünmədiyim, görə bilmədiyim, harda ədalətli, harda ədalətsiz davrandığımı bilmədiyim məsələlər böyük bir sorun kimi çıxırdı üzə. Bu ziddiyyətlərin çoxluğundan çaşdığım da olurdu. İçindən çıxa bilmədiyim hallar da vardı, yanlışlar da vardı. Yanlışları görmədiyim məqamlar da var idi.  Başlanğıc dönəmdə hər şeyi bir-birinə qatdığım məqamlar da vardı. Hətta böyüklüyə münasibətimdə çaşdığım məqamlar da vardı. Sonralar bunu anlayanda çox sarsılmışdım, özümə bağışlaya bilmirdim. Bugünkü “Evlad Günü” üçün hesabatımı quranda elə çaşqın hallar yaşamadım. O dönəmdə çox böyük ziddiyyət kimi görünən məsələlər bu gün artıq yoluna qoyulub, doğru yön tapıb. Ancaq bu dönəmin də daha dərin, üzə çıxan soruları var. Bu sorular mən və inam, mənim inama bağlılığım nə dərəcədə möhkəmdir, möhkəm deyil, bu cür qonular üzərindən yaranır. Özəllikcə bu suallar canlı görüşlərdən, tədbirlərdən sonra  qarşımda durur. Canlı görüşlərdən sonra bilmirəm sorumluluğum artırmı, canlı görüşlər daha dərin izlər buraxırmı nədir, o suallardan qaçmağım mümkün olmur. Bəzi qeydlərim var olduğu kimi oxumaq istəirəm
Bəzən cavab verməkdən qaçıdığım suallar hər dəfə canlı görüşdən sonra mənə hakim kəsilir. Bu suallar qarşıma dikilib aradan qaldırılmaq tələb edir sanki. Nə qədər eşqli, həvəsli olmağıma, yerişdən dayanmamağıma, addım atmaq gərəkdiyini anladığıma baxmayaraq, içimdə ara-sıra özünü göstərən, çökmə halımı deyim, ya tərəddüdmü deyim, belə hallar var. Bunu tam aradan qaldıra bilmirəm. Yaranan inam niyə gerçəkliyin şərtləri qarşısında laxlayır. Axı mən kiməm? Bir Ocaqçı, bir mübarizə adamı, cəsarətli bir yolçumu? Yoxsa bəzi hallardan, bəzi yönlərdən elə görünən birimi? Nə dərəcədə özümə, ya da Ocağa yarayıram? Bu tamdırmı, bütövdürmü? Bu suala tam əminliklə cavab vermək üçün necə davam etməliyəm? Qarşıma qoyduğum tələblərin ortaya çıxardığı çətinliklərə duruş gətirəcək qədər güclüyəmmi? Bu gücü özümdə tapıram Ocaqla, Ocaqçılarla bağlantımda. Ancaq tərəddüdüm yaranır bu bağlaşma zəifləyəndə, ya da oxumaqdan ayrı düşəndə. Dediyim bu tərəddüd halı daha çox üstünlüyə malik olsaydı, yəqin irəliləyə bilməzdim. Geri qayıtmaq yox, ancaq geri boylanmağı tam aradan qaldırmaq tələbi ilə dururam qarşımda.
Bu qeydimdə daha çox çatışmazlıqlar yer alır. Ancaq belə düşünəndə bu hesabatın içinə salmasam da, özümün davamlı çalışmalarımı da dayandırmıram. Bu çatışmazlıqların içində əslində nikbinəm. Nəyə görə? Çünkü bir dönəm vardı başlanğıcda, dediyim kimi, heç özümdəki çatışmazlıqları bəlli edib ortaya qoymaq gücüm yox idi. Baxıram bir az öncəki dönəmlərə. O dönəmlərdə ki, ortaya çıxan ziddiyyətlər mənə daha böyük sorunlar kimi görünürdü. Bu gündən baxanda görürəm o sorunlar öz həllini tapıb. Ona görə bu gün daha dərin sorunlar üzə çıxarıram, etiraf edirəm, istər yazı olsun, istər düşüncəmi ifadə etməklə, onları ortaya qoymağım belə, mənim nikbinliyimi artırır. Keçmiş dönəmlərə baxaraq özümə inanmağa başlayıram. Həm də mənim Ocaqla bir bağlantım var. Ocaqda məndən daha artıq çətinliklərlə üzləşənlər, o çətinliklərin üzərinə qorxmadan yeriyənlər, heç nəyə baxmayaraq, olmağı bacaran insanlar var. Ömürlər var qarşımda. Ona görə bu kimi çatışmazlıqlar mənim üçün ortaya çıxanda, çaşdırıcı hallar kimi görünsə də, öz nikbinliyimi, özümə inamımı itirmirəm.
Soylu bəylə bağlı nəsə deməyə gəlincə, çətin qonudur. Gediş Yazısına baxanda, açığı, boğazım qurudu. Bu gün Gediş Yazısında qonu kimi qoyulub. Bu suala mən dəfələrlə cavab verməyə çalışmışam. Həm düşünərək, həm də yazmağa çalışaraq. Heç bir halda bunu, məni rahatladacaq şəkildə yazıda, nə də şifahi düşüncədə ifadə eləyə bilməmişəm. Bu günlərdə Nurtəkin bacıyla söhbət edirdik. Mənim İnamdan öncəki dönəmim, İnamla tanışlığım və İnama gəlmə dönəmimlə bağlı. Məqam gəldi, mən olayları dəqiqliyilə anlatmağa başladım, bu söhbət bitəndən sonra içimdə özümü bir az rahatlamış kimi hiss elədim. Çünkü həmin məqamda, özüm də bilmədən, bir anda gələn cümlələrlə Soylu bəyin mənim həyatımda rolunu bir qədər ifadə edə bildim. Eyni zamanda Nurtəkin bacı da onun Atayla tanışlığını, Ataya heyrətini, anlatdı. O da nə qədər çalışdısa sözlə ifadə edə bilmədi, duyğulandı da. Bizim hər ikimizin anlatmasında sanki bir bənzərlik, doğmalıq gördüm. Bizim əslində hər ikimizin yaşadığımız duyğunun adı heyrətdir, biz bunu nə qədər sözlə ifadə etməyə çalışsaq da, alınmasa da, o bənzərliyi, doğmalığı gördüm, bunun özü də mənim içimdə bir rahatlıq yaratdı. Bu cür söhbətlərdən sonra bizim Ocağa bağlılığımız nə deməkdir, bizi Ocağa bağlayan nədir, onu daha dərindən anlamış oldum. Heyrət, böyüklüyə münasibət ki var, bizim həyatımızda nə kimi bir rol oynadığını başa düşdüm. Bizim Ocaqçılarla bağlılığımız niyə var, bu bağlılıq bizim üçün hansı önəm daşıyır, onu anladım.
Soylu bəy, sizin haqqınızda düşündüklərimi sözlərlə, cümlələrlə deyə bilməsəm də, içimdə Ocaqla bağlaşmam artdıqca, Ocağa münasibətim daha da dərinləşdikcə sizin kimliyinizin anlamı öz təsdiqini tapır.
Atamız Var olsun!

Bilən Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):Mən həyatım boyu Azərbaycanın durumunu düşünmüşəm. Məni hər zaman rahatsız edib. Ətrafdakı adamların heç birində Azərbaycanın düzələcəyini, gələcəyini görməmişəm. Həmişə rahatsız olmuşam. Ancaq Ocağı, Soylu Atalını tapandan sonra dünyanın düzəlməsinin insanlıqdan keçdiyini öyrənmişəm. Əvvəllər mən Soylu bəyə suallar verirdim. Soylu bəy mənə izahlar verirdi. Rahatsız olduğum sualların cavabını ala bilirdim. İzahını verirdi. Sonradan mən dərk edirdim. O, Asif Atanın ideyasını elə başa salır ki, bütün bu sorunlar orda öz həllini tapır. Artıq sual verməyə ehtiyac qalmır. Ocaq mənimçün dünyanın dərk olunmasında, millətin millət olmasında nəyin necə olmalı olduğunu göstərdi. Dünyada elə bir sistem yoxdur ki, insanın azad olmasına, onun əxlaqlı, mənəviyyatlı olmasına, insanın şəxsiyyət olmasına kömək eləsin. Heç bir siyasi qüvvələrdə, dünyada yoxdur bu. Mən Asif Atanın ideyalarını dərk elədikcə bütün beynimdə olan qaranlıqlar, demək olar, getdi. Aydınlaşdım, rahatlaşdım. Ölkəmlə bağlı, dünyamla bağlı, insanlıqla bağlı çox şeylər aydınlaşdı. Soylu Atalı məni səbrlə dinləyə-dinləyə, hər şeyi aydınlaşdıraraq gözümü açdı.  Soylu Atalının böyüklüyü ondadır ki, bütün bunları doğmalıqla, müdrikliklə mənə çatdırdı, xəstəliyimi, demək olar ki, sağaltdı. Tam olması üçün özümlə döyüşməliyəm. İnsan özüylə döyüşməlidir ki, tamlığa qovuşsun.
Atamız Var olsun!

Nurtəkin Atalı(Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):“Evlad Günü” mərasimi mənim Ocağa gəldiyim mərasimdir. Mənim bu il 27 ilim tamam olur. Ocağa gələndə 22 yaşım vardı. Ocaq ömrüm Ocaqdan əvvəlki ömrümü aşıb. Bu 27 ildə böyük bir yol keçmişəm. Özüm də düşünəndə necə hər şeyi yaşadım, ötə bildim, bəzən olayların içərisində olanda onun tam qiymətini verə bilmirsən. İllər keçir, özünü görməyə başlayırsan. Son illərdə əvvəlki kimi əməllərim olmasa da, ruhum Atadan, Ocaqdan heç zaman ayrılmayıb, həmişə bir olub. Ömrümdə nə çatmır, nə yaratmalıyam, bunu çox gözəl görürəm. Son vaxtlarda da zamanım olub özümlə üz-üzə durum.
Biz Ocağa gəldik, Ocağı seçdik, şəxsiyyət olaraq özünü yaratmaq kimi xoşbəxtliyimiz var, seçilmişliyimiz var. Ciddi bir şəkildə mən bunu gerçəkləşdirməliyəm. Özümlə çox üz-üzə qalıram. Özümün halımı, yönümü düşünürəm. Özüm üçün neyləyə bilərəm, nə etməliyəm, düşünürəm.Əslində bilirəm nə etməliyəm, – içimdə özümü ötməliyəm.
Dünən bizim evdə yoldaşımla söhbət oldu. Söhbətin içində mən ona bir şey dedim ki, Ocaq doğrudanda bizim elə bir mühitimizdir, orda heç kimin bir balaca da olsa şübhəsi qalmamalıdır içində. Biz elə şeylər yaşadıq ki, həqiqi anlamda çox böyük zərbələr gördük. Ocağı yaşadan bizim bir-birimizə, varlığımıza bağlılığımızdır. Çox böyük bir uğurdur bu.
Asif Atadan sonra mənim ruhsal öyrətmənim Soylu Atalıdır. Bunu hər zaman demişəm. Soylu Atalı məni Ataya qovuşdurdu. Ataya sadəcə heyrət edərək qalacaqdım. Ancaq Ataya inanmaq təkcə Atanın həqiqəti izhar etdiyini bilmək deyil, onu öz ömründə yaratmaqdır. Həqiqətin mövcudluğu ilə Mütləqin mövcudluğuna inanmaq başqa şeydir, öz ömründə yaratmaq, yaşatmaq başqa şey. Bir ömürdən o birinə işıq düşürsə, inanırsan Mütləqin gerçəkləşəcəyinə, Amalın əbədiliyinə. Üzünə qapılar açılanda da, bağlananda da səbəbini anlayırsan. Doğma münasibəti, yad münasibəti də anlayırsan. Öz ömrünü yaratdıqda ömrünün gərəkliyini də anlayırsan. Bu anlam o qədər dərindir ki, anlat, anlat, bitməz. Ocaqlaşma yolu keçənlər az fərqlərlə eyni yolu keçirlər, eyni münasibəti görürlər ətrafdakılardan. Çünkü inkarla təsdiqlənir həqiqətçilər. Nə qədər inkarın şiddəti, gücü, səviyyəsi yüksəkdirsə, deməli, o qədər əsilləşib ömür. Tarixdə də belə olub. Seçilmiş talelər olub, olacaq. Soylu Atalı da belə seçilmiş taleni yaşayandır. Atanın sağlığında Atagüzarlığı, Atanın sağlığı ilə bağlı hər kəsdən diqqətli, fərqli oldu. Atadan sonra Ocağın tələblərini, mərasimlərini qoruyub saxladı. Bayramlarının gedişini yaratdı. Azərbaycanın bölgələrinə saysız səfərlər, görüşlər, yazılar…
Bayaq Günev qardaş deyir ki, görüşü Göylü, Nurtəkin təşkil edirdi. Biz harasa gedəndə hər zaman Soylu qardaşımıza arxayın olmuşuq. O danışanda, görüş keçirəndə sorumluluq onun üzərində olub. Biri var, mən görüşün keçirilməsini təşkil edirəm. Ancaq meydan Soylu bəyindir. O, sorumluluq daşıyır, o, sözü deyir. Kim qarşı çıxırsa, ona cavab verir. Ona görə də bütün haqlarıyla o deyə bilir, mən səfər eləmişəm, görüş keçirmişəm. Mən orda vasitəçiyəm. O görüşlərdə böyüdüm mən. Min adamın reaksiya vermədiyinə Soylu bəy reaksiya verir, ya da tərsinə. Min adamın reaksiya verə biləcəyi bir məqama reaksiya vermir. Onu soruşurdum, öyrənirdim. Görüşdən çıxanda Atanı tərifləyən filan olurdu. Soylu bəyin heç tükü də tərpənmirdi. Tənqid edirlər, yenə də həmin hal. O cür hallar, qarşıdurmalar məni də, Göylünü də, başqalarını da böyütmüşdü. Biz özümüz görüş keçirəndə o üslubla, o halla davranırdıq.
Soylu Atalının hər harayı səs saldı. Ata kitabları bütövlükdə qorunub saxlandı. Radio çıxışları oldu. Yeni bir dönəm idi. Atanın sağlığında Onun varlığı Ocağı canlı saxlayırdı. Ata öləndən sonra o işığı Soylu Atalı sönməyə qoymadı. Üstəlik Evlad ömürlərinin ciddi şəkildə yaranması Ocağı yaşatdı. Ata bizim üçün canlı Mütləqdir. Ancaq biz Atanın özüylədöyüşünü görməmişik. Soylu qardaşımızın öz ömrünü yaratmağı onun öz ömrünü də həyatın əlindən aldı, eyni zamanda bizim də ömrümüzü həyatın əlindən aldı. Ocağı bu günə, bu duruma gətirdi. Bu Ocağın ruhaniyyat tarixinin yaranmasıdır. Nə qədər qarşıdurmalar yaşadı Soylu bəy. İstər ailə, qohum, istərsə də dövlət tərəfindən. Ancaq hər dəfə də dəyişilməz, toxunulmaz davranışı ilə ömrünü təsdiq etdi. Yorulmayan, usanmayan yaradıcı aparıcılığı, başçılığı iləbu gün də Ataya, Ocağa, Ocaq ideyalarına nə qədər ehtiyacı olduğunu göstərir. Azərbaycanda, dünyada baş verən olaylara münasibəti ilə Ocaq işığını göstərir Soylu Atalı – yükümlü timsalında. Çünkü bütün sorulara cavab Ocaqda var. Ocaq elə bir ölçüdür, o ölçünü anladıqca, yiyələndikcə qurtuluş yolu olduğunu bilmək olur. Soylu Atalı bu yolu, qurtuluşu göstərə bilir. Çünkü ona inanır, ömrünü yaradır.
Qurtuluş öz ömrünü yaratmaqdan başlayır. Öz ömrünü qurduqca, yaratdıqca, dəyişdirdikcə onun özündən işıq yayılır ətrafa. Mən də Soylu Atalının yetirdiyi, böyütdüyü Ata Evladı olaraq Ata yolunu yaşatdığım üçün xoşbəxtəm. Atanın dediyi kimi, atamı sevirəm, Amalı ondan da artıq sevirəm. Anamı, qardaşımı, bacımı sevirəm, Amalı ondan da artıq sevirəm. Amalı sevdiyim üçün onlara layiq oluram. Layiqliyi yaratmaq, doğrudan da, asan deyil. Zamandan, şəraitdən, mühitdən üstün olmursan təkcə, özünü də ötürsən. Özün özünə yadlaşır, sonra qurub, yaradıb doğmalaşırsan.
Ata öləndən sonra çox iddialar çıxdı Ocaqda. Hamısında eqo vardı. Ancaq Soylu Atalının iddiaları hər zaman Ataya, Ocağa bağlı idi. Ona görə o sorumluluq onu bugünkü səviyyəyə çatdırdı. Yazar, filosof, Ocağın əməllərini yaradan, duyan, dəyərləndirən, tarixləşdirən yaratdı. İnam Evi də bu birlikdən yarandı. Ömürlərimiz bu birliyin işığında, istisində böyüyür. Hər birimizin həyat qayğılarımız var. Ancaq Ocaq bizim var olduğumuz, yaşadığımız, ürəkləndiyimizi yaratmağa, qurmağa sövq edən birliyimiz oldu. Daha doğrusu, birliyimizdir. Əsas hərəkətverici qüvvə isə Soylu Atalıdır.

Soylu Atalı: Nurtəkinin çıxışından sonra bir məsələ aydınlaşır. İnsanlar Ocaqdan gedəndən sonra çaşırlar. İllərdir Yasin Ocağa bağlıdır. İllərdir Yasin toplumun içindədir. Ancaq heç bir vaxt Yasin bizə qarşı çaşmadı, sarsılmadı. Ağlını itirmədi. Sadiq olaraq qaldı. Bu gözəl bir üstünlükdür. Buyur, Yasin.

Yasin Türksoy: Ataya sayğı ilə. Ocağın Evladı olmasam da,bu gün istisna bir olay kimi Ocağın törəninə qoşulmaq imkanı yaradıbsınız. Törən qonularından biri Soylu Atalı haqqında söz deməkdir. Bu haqda danışmaq istəyirəm. Soylu Atalı və Ocaq – bunu belə anlayıram. Ağlım kəsəndən, Ocaqla tanışlığmdan belə dərk eləmişəm. Nə yaxşı ki, Soylu Atalı Ocağın yükünü çiyinlərinə götürdü. Nə yaxşı ki, Borçalıdan olan bir kəndçi, bir türk oğlu gəlib Ocağı yaşatdı. Hər bölgəmizdə kaş bir Soylu Atalı şəxsiyyəti böyüyə, Ocağa yiyələnə, Ocağı sönməyə qoymaya. Ancaq bu faktdır. Borçalıdan olan, özünün də dediyi kimi, dərinlikləri o çağlarda bilməyən biri özündən Azərbaycan üçün, bəşər üçün Soylu Atalı yaratdı, şəxsiyyət yaratdı. Kiçik olaydırmı bu?! Borçalıdan olan bir gənc Azərbaycanımızın baş şəhəri, Ocaq deyimi ilə desək, Atakəndə gəlib Atanın Ocağına qatıldı. Atadan sonra Ocağın yükünü çiyinlərinə aldı. Asif Ataya ruhani Evladlıq anlamında sahib çıxdı. Bəlkə də Ocağı yenidən Azərbaycana qaytardı. Ocağı sönməyə qoymadı. Ocağı yaşatdı. Ocaqda Soylu Atalı yarandı. Soylu Atalı Ocağı yaşatdı. Nə yaxşı ki, Soylu Atalı şəxsiyyəti yarandı. Nə yaxşı Ocağa dönük çıxmadı, əbədiyyətə qovuşdu. Hamımız gedişata yox, sonuca fikir veririk. Heç kim ilgilənmir Soylu Atalı bölgələrdə görüş keçirmək üçün nə əziyyətlər çəkdi. Hansı qapıları döydü, kimlər üzünə qapı açdı, kimlər bağladı, yeməyə çörək tapdımı, qalmağa yeri oldumu?! Bunlar kiməsə maraqlı gəlmir. Hamı sonucu gözləyir. Bu əzablar, bu fərəhlər içərisində Soylu Atalı şəxsiyyəti yarandı. Soylu Atalı imzası, möhürü artıq əbədiyyət oldu. Əzabların qutlu olsun, Soylu Atalı. Əbədiyyətin qutlu olsun, Soylu Atalı. Ocaq var olsun!

İnamlı Atalı: Doğrudan da Ocaqçılıq çox ağır işdir. Gərək ya ona layiq olasan, ya da qırağa durasan. Qadınların yükü ikiqat artıqdır. Bir növ Azərbaycan Şərq mühiti elədir ki, müəyyən asılılıq var. Hardasa yoldaşından asılıdır, atadan, qardaşdan asılıdır. Bir var simvol səviyyəsində deyəsən ki, iç dünyanı oxumaq lazımdır. Bunlar danışıq dilidir. Qızların necə görüşlər təşkil etdiklərini, hansı hallarla üzlədiklərini, Soylu qardaşımdan söhbətlərdə çox eşitmişəm. Pulsuzluq, yeməyə bir şey yox, qalmağa yer yox, adam heyran qalır. Kişilər edir düzdür, ancaq qızların əməyini görəndə heyrət edirsən, bu necə fədakarlıqdır, imtinadır. Özüylədöyüş məsələsi mənim üçün ən ağrılı yerdir. Gərək adam necə var özünü təhlil eləsin. Mən içimdə nələri qura bilərəm ki, gedib kamilliyə çata bilim. Bir kişi kimi mən buna cavab tapa bilmirəm. Soylu qardaşla çox söhbətlərimiz olur. Bundan necə çıxmaq, necə yetmək lazımdır. Bir kişi kimi çıxış yolu tapmaq mənə çətin gəlir. Ata, ana etkisi, qohum-filan hələ ayrı. Mən Ocaqçılıq yükünün nə demək olduğunu bilirəm, başa düşürəm, o gücə çatmaq üçün insandan nələr tələb olunur. Onları da anlayıram. Bu çox böyük bir yoldur. Qürurlu yoldur, tarixi yoldur. Bu tayı-bərabəri olmayan bir yoldur.

Soylu Atalı: Hər birimiz Asif Atanın Ocağı hansı zərurətdən yaratdığını bilirik, ya da bilməliyik. Nəyə gərək idi Ocaq?! Nəyə görə biz hamı kimi olmaq istəmirdik, Asif Atanın dediyi kimi olmaq istəyirdik. Hamı kimi də olmaq istəyərdik. Evimizi-eşiyimizi qurardıq. Ailəmizi dolandırardıq. Çörəyini qazanıb verərdik. Başımız ağrımazdı. İmkan tapıb bir az da gəzməyə gedərdik, əyləncəyə gedərdik. Başımız ağrımazdı. Nəyə görə biz “ağrımayan başımıza soğan doğradıq”?! Asif Ata bizə dedi, sizin eviniz uçur, anlamadıq, ancaq inandıq. Asif Ata bizə dedi, atanız, ananız, qardaşınız, bacınız, ailəniz keyfiyyətini itirir, anlamını itirir. Yenə anlamadıq. Ancaq inandıq. Asif Ata bizə dedi, qonşunuz, qohumunuz hamısı xəyanət içindədir. Yenə anlamadıq, ancaq inandıq. Eliniz, obanız çökür, yurdunuz məhv olur, xalqımızın ləyaqəti ayaqlar altına düşür. Yalanlar onun varlığına hakim olur. Anlamadıq, ancaq inandıq. Niyə anlamadıq?! Asif Ata dəhşətli bir qorxu qənşərində durub bunu bizə deyir, biz də baxırıq, görürük dünya sanki öz axarında gedir. Hər şey öz axarındadır, burda nə var. Onu görürük, hə, filan şey yaxşı deyil, filan şey yaxşı işləmir. Ancaq çevrəmizə baxanda görürük, hər şey yolunda gedir sanki. Biz suyun saman altından gəlməsini görmədik, Asif Ata gördü. Asif Atanın görümünə inandıq. Onun ağlına inandıq. Ona görə onun çağırışına qoşulduq. Asif Ata bizə dedi, mənim çağırışıma qoşulmaq məhrumiyyət deməkdir. Mənim çağırışıma qoşulanda ata-ananın hüzurunu itirəcəksən. Qardaşını, bacını itirəcəksən. Evini, eşiyini, ailəni itirəcəksən. Mücərrəd gəldi qulağımıza. Ancaq inandıq, qəbul elədik. Asif Ataya inandıq. Ocaq olmaq istədik. Asif Atanın dediklərini addım-addım qarşıladıq, Ocaq olmaq üçün. Asif Ata bizə demişdi, siz Ocaq olsanız mənim bu dediklərimi yaşayacaqsınız, başınıza gələcək. Ocaq olmasanız yox. Ocaq olmayanların heç birinin başına gəlmədi. Ocaq olanlar məşəqqətlərə girdi, odun içinə girdi. Uçurumdan atlandı, daha nələr yaşadı. Hər söz deyildi, hər daş atıldı, hər söhbət yaradıldı. Ünvanımıza nələr demədilər, hansı daşı atmadılar. Dönmədik, qabağa baxdıq, qabağa yeridik, geri qayıtmadıq. Qabağa getdikcə anladıq ki, bizim yolumuz əbədi olduğu kimi, yolumuzdakı əngəllər də əbədidir. Qarşımıza yenə əngəllər çıxacaq. Yenə ayağımıza daş dəyəcək. Hər an bunu görürük. Biri gəlib ilhamlandı, həvəsləndi Ocağa pul verdi, sonra onu əlimizdən geri almağa qalxdı. Biri gəldi fədakarlıq elədi. Mən bu adamın fədakarlığını təqdir edirəm. Bu gün o, Nurtəkinin ailəsinin içini dağıdır, Nurtəkin pulunu, torpağını qurban verir deməklə. Ancaq mən onun əməlini təqdir edirəm. Günlərin bir günü o, gəlib atlas bayrağın pulunu geri istəsə, xərclədiyi başqa pulları geri istəsə, siz təəccüblənməyin. Mən dəfələrlə demişəm, bir də deyirəm, Ocağa gəlib girirsən, İnamı tanıyırsan, ləyaqəti tanıyırsan, dostluğu, doğmalığı tanıyırsan, kişiliyi, mərdliyi tanıyırsan, ya olursan, ya da olmursan. Ocaqdan gedirsənsə, bu tanıdıqların hamısı yük olur düşür üstünə. Hamısına tüpürürsən. Niyə?! – Gəlib Ocaqda ölçü gördün. Ocağa inandın, mühit tapdın. Ocaqdan getdin, ümidi itirdin. Ümid, inam itəndən sonra sənin üçün heç bir ləyaqət qalmır, hamısına tüpürürsən, hər şeyə gedirsən. O birilərin getdiyi kimi. Ata deyir ictimai şərlə mübarizə gərəkdi. Hardadı o şər?! Ata niyə deyir özünüzlə döyüşün. Özüylə döyüş ki, ictimai şərə çevrilmə. Ocaqdan gedən özüylə döyüşmədiyi üçün, gedəndən sonra, ictimai şərə çevrilir. Ata ona görə deyir, özünüzlə döyüşün, özünüzü yaradın, qurun. İçinizdəki heyvanı sökün, atın. Çıxardın içinizdən. O canavarı içinizdən çıxarın, yoxsa sizin mənliyinizi parça-parça edəcək. Ocaq olmayanda nə olur?! İşıq olmayanda qaranlıq olur. Xeyir olmayanda şər olur. Bunun ayrı anlamı yoxdur ki. Mən onu elə-belə demədim. Bunlar hamısı Ocaqçıdan ilahi qüdrət tələb edir. Çevrən hamısı qaranlıqdır, şərdir. İlahi qüdrətin olmasa, çevrən səni yeyəcək, sarsıdacaq. Gərək o qədər ucalasan ki, ayağının altında qala. Heç görməyəsən onu. Bayaq Nurtəkin çıxışında dedi, 27 ildir Ocaqdayam. 27 ildir əzab içindəsən deməkdir. 27 ildir əzabdan doğan bir işığa çevrilmisən. İşıq ayında Ocağa gəlmisən, işığa çevrilmisən. İşığın çoxlarının gözünü kor edir. Həzm edə bilmirlər, görmək istəmirlər. Necə olur onlar döndülər, dönükləşdilər, ancaq sən sadiqsən, özü də qadın ola-ola. Ləyaqətin ucadır, onlardan yüksəkdə durursan, mənliyin yüksəkdir, sədaqətin yüksəkdir, həzm eləmirlər. Onu içindəki şərdən qopa bilməyənlər edər.

Asif Ata gələnək yaradıb. Hər dəfə Evlad Günü mərasimində bir, ya bir neçə Ocaqçının ömrünü, ləyaqətini hallandırın, dilə gətirin. Nəyə görə yaradıb bu gələnəyi?! – Ata istəyir ki, bu gözügötürməzlik var ha, o paxıllıq, o qaranlıq var ha, aramıza girir. Ata istəyir ki, Ocağa gələn insanın içindən onlar çıxsın. Qəlbi təmizlənsin, ruhu təmizlənsin. Şəri yaşatmasın. Şərə içində, ruhunda yuva qurmasın, ev tikməsin ona. Ortam yaratmasın, ona görə deyir. Asif Ata demir ki, gəlin bir-birinizi tərifləyin. Asif Ata deyir ki, bax gör o Ocaqçılıq edir, onda müsbət bir şeylər var ki, Ocaqçılıq edə bilir. Bax gör içindəki, varlığındakı Ocaqçılıq elətdirən nədir, aç izhar elə, onu de. Ona görə bu gələnəyi yaradıb. Deyirsən Soylu böyük adamdır, niyə böyük adamdır?! Nədir onun böyüklüyü?! Böyüklüyü nə ölçə bilər?! Deməli, özüylədöyüşüb, özünü tanıyıb, içindəki eybəcərliklərdən çıxıb. Balacalıqları qırağa qoyub. Necə qoyub, nədə qoyub, onu açmaq gərəkdir. Ömrün qurulması nə deməkdir?! O hansı aşamalardır, necə yaranır?! Asif Ata başını torpağa qoyan gündən əzab-əziyyətin içindəyik. Hədələnmişik, artıq-əskik deyiblər, ora-bura çağırılmışıq, səfərlərdə üzümüzə qapıları bağlayıblar… hər şey yaşamışıq. Qürurumuzla oynayıblar. Normal yuxu tanımamışıq, normal isti yer tanımamışıq, normal qida görməmişik səfərlərdə, fədakarlığın parlaq aşamalarını yaşamışıq. Elə bir fədakarlıq ki, ölümlə onun arasında bir qarış məsafə olub. Adı fədakarlıq olub, ölüm olmayıb, sadəcə olaraq, o dərəcədə. Elə bir ömür yaşayan adam Ocağı yaşada bilər. Ocağı yaşadasan, özün haqqında balaca fikirdə olasan, qorxa-qorxa danışasan, bir var uydura kimsə özünü, bir də var sən bu boyda ömür yaradasan, yaşayasan, sonra da qorxa-qorxa danışasan. Mən filan şeyi eləmədim deyəsən. Necə yaşada bilərsən Ocağı?! O qırımı tanımaq gərəkdir. Məni yaşadan o qırımdır. Ruhani qırım. Azərbaycanı qarış-qarış gəzmişəm. O qırımı göstərmişəm. O qırımı göstərdiyim üçün Asif Ata yaşayır, ölmür. Ocağı ölməyib yaşayır. O qırıma görə, o hünərə görə. Heyrət doğuracaq bir şey var orda. Adamın ağlını qoparacaq bir şeylər var orda. Bunu heç kim demir. Mən də deməyim, açmayım bunları?! Mən də bu cəmiyyətə deməyim Asif Atanın Ocağı nə deməkdir, onu yaşatmaq nə deməkdir?! Onu ancaq Soyluluq yaşada bilər. Deməyim onu?! Qırımdan, hünərdən keç, kimin ayağından çəkdim dala, tərsinə, qabağa itələdim. Qabağa gedin dedim, qırım göstərin dedim, hünər göstərin dedim. Qorxmayın mənliyinizi deməkdən yeri gələndə. Ocağı yaşatmaq zarafat deyil. Asif Ata 19-cu ildə ölüb, indi 45-ci ildir. 26 ildir Ocaq necə yaşayır?! Ocaq kimi dünyaya sığmayan olay, dünyanı qarşısına alan Ocaq. Dünyanı qarşına alırsan. Sosial şəbəkələrdə, hara gedirsən əyri ağızlara rast gəlirsən, əyri ağızların qabağında mən bükülə bilmərəm. Bükülməmişəm, əyri ağızların qabağında. Yumruq vurmuşam stola. Belə şeylər yaşadar Ocağı. Ol və de. Qorxma. Olmadan demə ancaq. Ol və de. Asif Ata elə deyir. Asif Ata deyir, hərdən düşünəndə özümü yalqız hiss edirəm, elə bilirəm yoxsunuz. Elə bilirəm təkəm. Elə deyirdi. Asif Ata bizdən qırım gözləyirdi. Yerə-göyə sığmayan. Sığmazlıq gözləyirdi. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”. Bizdə sığar iki cahan, biz bu cahana sığmazıq demir. Məndə sığar deyir, hünərə bax, iddiaya bax, genel insanı necə qürurla təmsil edir. Heyrət yaradacaq səviyyəyə bax. Göylərə qalxır. Deyir mən buyam, Nəsimiyəm. Siz niyə çəkinirsiniz mən buyam deməkdən?! Yaradın və deyin. Onda bəşəriyyərin gözü kəlləsinə çıxacaq. Onda dəhşətə gələcək. Yoxsa səni özünə bərabər sayacaq.
Mən toplumun qarşısında o qədər gözəl, təvazökar söhbətlər aparıram, özünüz bilirsiniz. Ancaq elə məqamlar var ki, içim alışıb yanır, göylərə qalxıram. Onda deyirəm bu mənəm. Soyluyam. Dağılır içim. Dünyanın deyə bilmədiyini deyirəm sənə. Asif Atanın çatdırıb demədiyini deyirəm sənə. Asif Ata şərh verməyib özünə. Ocağı yaşatmaq məsələsi var. Heyrətdən gərək lal olasan. Cəmiyyət üçün deyirəm. Niyə heyrətdən lal olmur?! – Çünkü tanımır Ocağı. Ocağın nə demək olduğunu dərk eləmir. 5 adam görür burda. Deyir bunlar da özləri üçün deyirlər, dağılırlar. Elə görür. Bəşəriyyəti silkələyəcək, ideyanın oğlunu, qızını görmür. İnamlı qardaşla danışanda deyir, toplum nə vaxt düzələcək? Deyirəm toplum səni görmür, ona görə düzəlmir. Toplum səni görməlidir. Toplumun qarşısına getməlisən. Deməlisən, mən gəlmişəm sənin ağlını başına qoymağa. Bunu özün demirsən, ancaq hünər, haray onu deyir. Toplum görmür səni, Asif Ata gəldi dedi, mən sənin peyğəmbərinəm. Oyun oynamadı, təvazökarlıq eləmədi, niyə dedi peyğəmbərinəm. Özü deməsəydi peyğəmbərəm, toplum hardan biləcəkdi. İnsan özü bilir peyğəmbərdi. Mən sonradan anlayıram, dərk edirəm, görürəm, doğrudan da, peyğəmbərdi. Özü deməmiş mən bilmirəm. Özü deməsə Asif Atayam, mən bilmirəm. Adamın iddiasına bax, deyir, mən Asif Atayam. İndi mən deməyim Soylu Atalıyam?!
Asif Əfəndiyev deyəndən sonrakı mən Asif Atayam, mən də, Soylu olaraq, toplumla döyüşürəm, deyirəm, Əfəndiyev qurtadı, nə düşmüsən Əfəndiyev deyə. İndi Asif Ata var! Özü dedi mən Atayam. Soylu olaraq mən də Atalıq uğrunda mübarizə aparıram. Ocaq qırım faktıdır, hünər faktıdır, qeyrət faktıdır, mərifət faktıdır. Elə bir aşamaya gəlib çatarsan, sənin o aşaman izhar olar. Demokratiya oyunu, plüralizm oyunu, hamı bir ölçüdə danışır, özəl təşkil olunmuş, tərtib olunmuş davranış. Mən oyun oynaya bilmirəm. Mənim içimdə od var, mən necə rahat durum?! Yandırır axı.
Evlad Günümüz qutlu olsun, Atamızın qarşısında üzümüz ağdır. Heç kimin qarşısında biz borclu deyilik. Bizim üçün heç kimin qarşısı yoxdur, Ocağın qarşısı var, Atanın qarşısı var, orda da bizim üzümüz ağdır.
Atamız Var olsun!

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Ocaq Sözü ilə Evladlara sundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.

Ata Ayı, 45-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir