Xəbərlər

Qutsal “İnam Evi Günü” Törənindəki çıxışlar

Ocaq Günsırası ilə 13 Yağış Ayı, 42-ci ildə (noyabr, 2020) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnam Evi Günü” Törəni keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə – “İnam Evi Günü” törənimizə başlayırıq.
Biz Ocaq tədbirlərimizlə bağlı oturuşmuş düşüncələrimizi demişik, bildirmişik. Eyni halda, hər yol törənlərimizdə yenidən ürək sözlərimizi, düşüncələrimizi, sevgimizi dilə gətiririk. Tədbirlərimizin mahiyyətini ağlımızda möhkəmlədirik. Tədbirimizin mahiyyətindən doğan tələbləri bir daha özümüzə deməklə öyrənirik, Ocağımızı yaşadırıq. Bu belə də olmalıdır. Biz Ocağıq. Ocaq analitik düşüncələrin peşində deyil. Məsələlərin mahiyyətinin aydınlaşdırılmasının, öyrənilməsinin peşindədir. Bu açıdan heç kim düşüncələrini dilə gətirməkdən geri durmasın. Biz Ocaq olaraq, çox böyük bir ideyanın arxasındayıq, daha doğrusu, ideyanın daşıyıcılarıyıq. Hər gün, mən belə deyərdim, hər saat hansı ideyaları daşıdığımızın, nə etməli olduğumuzun mahiyyətini Ocaqçı özünə anlatmalıdır. Özünün mənəvi-ruhani kimliyini özünə anlatmalıdır. Bu özüylədöyüş məsələsidir. Özünü tanımaq, görmək məsələsidir. Eyni halda toplumumuzla davamlı ünsiyyətə can atmalıdır. Bizim yanımıza indiki çağda heç kim gəlməyəcək. Tək-tək adamlar arayar, axtarar, o ayrı. Biz xalqın yanına getməliyik. Xalq bizə borclu deyil, biz xalqa borcluyuq. Çünkü biz nə elədiyimizi anlayırıq. Xalq bizim nə elədiyimizi, ayrı-ayrı bireylərini çıxsaq, hələ anlamır. Ona görə biz getməliyik xalqın yanına. Hər yerdə nə istədiyimizi deməliyik, öyrətməyə çalışmalıyıq. Mümkün qədər öz çevrəmizdə, yaxınımızda, uzaqda bu addımları atmalıyıq, daha doğrusu, davam eləməliyik, artırmalıyıq. Ocaqla bağlı ən kiçik görünən məsələləri belə küçümsəməmək gərəkdir. Ona önəm vermək gərəkdir. Onu doğru qiymətləndirməyimiz gərəkdir. Biz davamlı şəkildə öz işimizi görməliyik. Ocağı yayıb yaşatmalıyıq, dünyada nə baş verirsə versin.

İndi İnam Evinin mahiyyəti ilə bağlı bir neçə söz deyim, ondan sonra sizi dinləyək. Sonda isə dünyada nə var, nə baş verir, onunla bağlı qısaca  düşüncələrimizi bölüşək.

Hər bir dünyagörüşdə olduğu kimi, Ocağın da evi olmalıdır –  İnam Evi. Bu  məbədidir. Əgər məscidə, kilsəyə Allahın evi deyirlərsə, yəni ruhani anlamda, biz də məbədimizə İnamın, Amalın evi deyə bilərik. Söz yox, Mütləq dediyimiz Məna ki  bizim varlığımızda var, həyatda, dünyada var, biz onu insanlara anlatmaq istəyirik. Onu hansı ünvandan başlayaraq deyiriksə, o ünvan qutsal ünvandır. O ünvan məbəddir, o ünvan elə Mütləqin evidir. Bizim ruhsal biçimli, yeni arxitektura ilə işlənmiş İnam Evimiz Bakıda yoxdur, biz Asif Atanın həqiqətlərini xalqa öz ünvanlarımızdan deyirik. Məsələ onda deyil. Bizim indi də bu an oturduğumuz, törən keçirdiyimiz yer elə məbəd anlamı daşıyır. Yəni bizim üz-üzə, göz-gözə gəldiyimiz ünvar, yer elə məbəddir. Biz onun mahiyyətini, məzmununu yaşadırıq, ifadə edirik. Zaman gələcək, Ocağın bir çox məbədləri, ünvanları olacaq. Ancaq yenə də biz orada indi dediklərimizi deyəcəyik, elədiklərimizi eləyəcəyik. Bu gün biz İnam Evinin anlamını mərasimləşdirmişik, onu həyata keçiririk. Mən istəyərdim Ocaqçılar məsələnin bu cəhətinə ciddi varsınlar.

Bizim indiyə qədər göstərdiyimiz çabalar var. Asif Atanın istər özünün sağlığında, istər ölümündən sonra həyata keçirdiyimiz Ocaq işləri, Ocaq əməlləri var. Bu əməllər bir neçə yöndədir. Onların elə-belə genel olaraq adlarını çəkəcəm, nə demək istədiyim anlaşılsın deyə. Biz Asif Atanın ölümündən sonra çoxsaylı görüşlər keçiririk, səfərlər edirik. Asif Atanın kitablarını hazırlayırıq, çap edirik. Ocaq ədəbiyyatlarının üzünü artırıb hər yana yayırıq. Asif Atanın həyata keçirdiyi mərasimləri, qarşımızda tələb kimi qoyduğu Ailə Günlərini həyata keçiririk. Ocağa Evladlar gətiririk. Ocağın bayraqlarını yaratdıq, Ocağın arxivini yaratdıq. Özümüzü qururuq. Bunların hamısı ruhaniyyat faktıdır, məişət məsələləri deyil. Ruhaniyyat faktını harda gerçəkləşdirməyimizdən asılı olmayaraq, bizim ortamımız İnam Evi deməkdir, məbəd deməkdir. Bunu dörd divara çevirə bilsək, bu da İnam Evi məsələsində yeni aşama olacaq. Bu çağa kimi biz İnam Evi anlamını ifadə eləmişik. Ona görə İnam Evi məsələsi olduqca önəmli bir məsələdir. Dinlərin harda evləri varsa, məbədləri varsa, orada tələblər yaşadılıb. Məbədlər olmasaydı, mən sizi əmin edirəm, sabaha heç biri addım götürə bilməzdilər. Çünkü onların tələbləri Atanın tələbləri kimi deyil, məsələlər fərqlidir. Ocaqçıların elədiklərini onlar sonacan eləməzdilər. Orda insanlar bir araya gəlir, ibadəti bir yerdə edirlər, bir yerdə öz başbilənlərini dinləyirlər. Onlar heç vaxt öz evlərində bunu eləməzdilər. Bu gün də eləməzlər. Maraqları olmasa, hansısa çıxarları olmasa, eləməzlər. Biz eləyirik. Bizim bu İnamda heç bir marağımız, çıxarımız yoxdur. Özümüzün içimizdə daşıdığımız, dərk elədiyimiz İnsanlığın tələbi kimi həyata keçiririk. Bax buna görə deyirik, içimizdə İnsanlığın tələblərini həyata keçirmək üçün düşünülmüş ünvan, məkan özəl anlam daşıyır. Buna görə mən İnam Evinə – Ocağın Evinə bu qədər önəm verirəm. Söz yox, çalışırıq, yaxın gələcəkdə Bakıda bir ünvanımız olsun. O ünvan bizdən sonra da davamlı şəkildə iş görsün. Biz bir neçə ildir “İnam Evi Günü” mərasimi keçiririk. Sizə bir daha xatırladıram, Asif Atanın sağlığında, Yağış Ayının 13-ü, “Ruhani İdrak Günü” gerçəkləşdirmək istəmişdik. Hansısa bir səbəbdən ayrı bir tarixə keçirildi. Ancaq Atanın ölümündən sonra İnam Evinin anlamını mərasimləşdirmək düşüncəsini ortaya gətirdik, onu da bu günə – 13 Yağış Ayına təyin elədik. Bu gün bildiyiniz kimi, Günev Atalı yaşadığı Örənqala köyündə İnam Evi tikib, onun işi, demək olar, başa çatıb. Yəni “İnam Evi Günü” sadəcə nəzəri bir məsələ deyil, gerçək bir ünvan var. Sağlıq olsun, Bakıda da birini əldə edəcəyik. Bizdən sonra da o ünvan iş görəcək. Ancaq hələlik Ocaq adına, Ocaq tədbiri, Ocaq əməli adına konkret hansı ünvanda oturursunuzsa, oranı məbədləşdirməyə çalışmaq gərəkdir. Mənim gördüyünüz bu otağım bütünlüklə Ocaq otağıdır, burda ayrı bir şey yoxdur. Mən buranı özüm üçün məbədləşdirmişəm. Mənim, belə deyək, Ocaqla, Ocaqçılarla ünsiyyətim, oxumağım, yazmağım, bütün işlərim burda baş verir. Buranı mən məbədləşdirmişəm. Siz də öz ünvanınızda oturduğunuz odanı məbədləşdirməyə çalışın. Məbədləşdirə bilsəniz, sizin içinizdə dəyişiklik gedəcək. O ünvanda sizin ünsiyyətiniz, addım götürməyiniz, Ocaq düşüncələrinə, Ocaq həqiqətlərinə yetməyiniz ruhsal hal yaradacaq. Öncələr bir istəkdə bulunduq, hər bir evdə bir “Ocaq Guşəsi”, “İnam Evi Guşəsi” yaratmaq gərəkdir. Onu Günev evində yaratdı. Nurtəkinin, mənim evimdə yaranıb. Yurdtəkin qardaşımın evində də yarandı. “İnam Evi Guşəsi”ndə Ocaq atributları, Ocağın bayrağı, Ocağın ədəbiyyatları olmalıdır. “Qutsal Bitiqlərin Qəbul Törəni” keçirməklə o evin, heç olmasa, bir odasını məbədləşdirmək gərəkdir. Hətta Ocağın özünün qıraqda çoxsaylı ünvanı olsa belə, hər bir Ocaqçının evində “Ocaq Guşəsi”, “İnam Evi Guşəsi” olmalıdır. Ora girəndə məbədə girən kimi girməlidir. Bu bizim ömrümüzdə davamlı bir məzmun yaradır. Çünkü bizim şüurumuzu, gözümüzün baxarını, yaddaşımızın axarını o Guşə hər şeydən ayırıb Ataya bağlayacaq. Hər gün müsəlman, ya xristian, ya da başqa dünyabaxış daşıyıcısı öz məbədinə girir, orada öz rituallarını yerinə yetirir, nə edirsə Ocaqçı öz Ocaq Guşəsinin qarşısında “Rica”larını deməlidir. Orada vaxt tapıb özü ilə üz-üzə qalmalıdır. İnam Evinin tələblərindən irəli gələn məsələlərdən biri də budur. Bunu davamlı eləyəriksə, heç kimin, ay içində, düşüncəsi Ocaqdan qopmayacaq, ayrılmayacaq. Ona görə də hər birinizin, gündəlik evinizdən xalqın içinə çıxanda, gözünüzün qapağı, üzünüzün boyası, yerişinizin sanbalı Ocağı ifadə edəcək. İnam Evi məsələsi mənim üçün belə bir anlam daşıyır. Ata ilə ünsiyyət məqamıdır İnam Evi. Ata ilə görüş çağıdır. Atanı dərk eləmək məqamıdır. Necə ki, sufilər deyir, Allahla görüş məqamı. Bizim də İnam Evimizin məzmunu özüylə görüş, Mütləqlə görüş, Ata ilə ünsiyyət məqamı deməkdir. O bizi içəridən qurur, o bizi geriləməyə qoymur, adiləşməyə qoymur, Ocağı yaşatmağa səsləyir. Biz Ocaqla bağlı belə işlər görməliyik. Bu gün sizi çox yükləmək istəmirəm. Qalan məsələləri zaman-zaman bölüşərik. İndi mən istəyirəm, İnam Evi ilə bağlı sizin düşüncələrinizi dinləyək. Böyük bir hünərlə, qeyrətlə, yüksək bir təpərlə İnam Evi qurduğuna görə Günev qardaşımız düşüncələrini desin.

(Günev Atalının səsi eşidilmədiyinə görə sözə çevrilməsi alınmadı – G.A.)

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İnam Evi törəni bizim üçün özəl bir törəndir. Hələ Atanın özü sağlığında belə bir Ev`in olmasını istəyirdi. Nə yaxşı ki, Atagün Elində belə bir məbədin tikilməsini Günev qardaşımız gerçəkləşdirdi. Bu, Ocağın uğurudur. Qutsal bir yerin olacağını canlı olaraq gördük. Gün olsun, biz öz ömrümüzdə belə bir məbədin  Bakıda da qurulmasını yetirə bilək.

İnam Evi haqqında yazdığım kiçik bir yazını oxuyacam. Bir də onu qeyd eləmək istəyirəm, uzun zamandır tədbir yox idi. Tədbir olmayanda, Ocaqçılarla görüş olmayanda, köklənmək də çox çətindir. Çünkü doğma üzləri görmək, doğma ömürləri görmək, öz əqidədaşlarınla bölüşmək tamam başqa bir güc verir adama. İçimdə bu dəqiqə elə bil qanadlanmaq duyğusu var. Yəni səsinizi eşitmək, bir yerdə olduğumuzu duymaq tamam başqa bir duyğudur.

Dəyər keçmişimizdə yaranan, indiki çağda yaşayan, gələcəyimizin əsasını qoyan olaydır. Hər dəyərimiz bizim fərqliliyimiz, özünəxaslığımızdır. Bunu sabah üçün qorumaq, yaşatmaq gərəkdir. Bizim ömrümüzdə qurduğumuz, yaşatdığımız dəyərlər bizim kimliyimizin göstəricisidir. Həm dinlə yaşamaq, həm də Babəki qəhrəmanlıq olayı sayaraq yol getmək imkansızdır. Belə olanda Din daha ağır basacaq, Babəklik olayını özündən uzaqlaşdıraraq yol gedilər. Ancaq milliləşmək alınmaz, özgələşmək davam edər. Yalanla yüklü inamlara tapındıqca millilikdən, bəşərlikdən uzaqlaşacaq adamlar. Onun İnam Evi olmayacaq, məscidi olacaq. İnam Evi milli özül deməkdir – İnsanın milli, bəşəri özülü. Eləcə də, Millətin milli, bəşəri özülü. Bu özül olmadan nə keçmişi yaşatmaq, nə gələcəyi qurmaq olar. Çaylar dənizə axan kimi, ömürlər də millət adlı dənizə axır. Onu çoxaldırlar, ömrünü uzadırlar. İnam Evi yalansız inamın, milli-insani dəyərlərin yaşadığı olaydır. Həm insan onu yaşadır, həm də o insanı yaşadır. İnsanın ruhu –  inam, idrak, mənəviyyat, iradə qalası, həm insanın içində yaşayır, həm də İnam Evini yaşadır. Həqiqət işıqdır. O ömürlərdən yayılıb İnam Evini də işıqlandırır. Əgər ömür olmasa, daşın, divarın,  kitabların nə önəmi var?! İnsan üçün var İnam Evi. İnsanın yaşadığı, insanın yaşatdığı var. Əslində İnsanın içində olmalıdır İnam Evi həm də. O evi içindəki duyğuları ilə, düşüncələri ilə yaratmalı, qurmalıdır. Hər zaman sadiq qalmalıdır. Düşüncələr böyüyürsə, o ev də böyüyür. Düşüncələr yetkinləşirsə, o ev də möhkəmlənir. İçində yaratdığın, qurduğun, qoruduğun evi verirsən xalqa. Ömürdəki əsilliyi, yetkinliyi, milliliyi, özünəxaslığı görəndə xalq anlayır ki, İnamı gözləyirmiş. Biz də anlayırıq ki, bizi gözləyirmişlər.

Atamız Var olsun!

Yurdtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mənim məqsədim, yolum aydındır. Ata Yolu mənim üçün qutsal bir yoldur, yalansız bir yoldur. Bu inamdan başqa heç bir inamda insan qurtuluş yolunu, azadlığını tapa bilməz. İnsan özü İnsanlıq yolunu  seçməsə, xilas yolu olacağını düşünmürəm, ola da bilməz. İnam Evi mənim üçün odur ki, insan birinci bunu içində qurmalıdır. Peyğəmbərlərin heç birinin heykəli yoxdur. Ancaq peyğəmbərlər az-çox öz sözləri ilə, əməlləri ilə insanların ürəyində yaşayır. Hələ peyğəmbərlərin sözü yarımçıqdır. Qutsallıq da var, gerçək həyata uyğunlaşma da var. Ancaq Ata Yolu bütöv qutsaldır, kamil bir yoldur. Bu yolu birinci biz içimizdə qururuq. Məbəd şəklində, arzu edərdim, Bakıda olsun. Günev qardaşımızın qurduğu İnam Evini çox yüksək dəyərləndirirəm, fədakar bir əməl kimi qiymətləndirirəm. O boyda iş görüb. Bu hər adamın işi deyil. O bu gərgin gedişdə bu işi görübsə, onun içində minlərlə Asif Ata Ocağının məbədləri yaşayır ki, bunu gerçəkləşdirə bilib. Ancaq Bakı mərkəzdir. Toplumun çox hissəsinin olduğu şəhərdir. Orda bir İnam Evimiz olsa, ora istədiyimiz vaxt yığışa bilərik, istədiyimiz vaxt düşüncələrimizi bölüşə bilərik. Bir-birimizdən bəhrələnə bilərik. Bir-birimizin sayəsində artıb böyüyə bilərik. Xalqımızı çağıra bilərik. Çox sağ ol deyirəm Soylu qardaşımıza, məni hər zaman baxışında saxlayır. Mənim düşüncələrim bəzən haçalanır, məişətlə bağlı, Ocaqla bağlı parçalanma yaranır. Ancaq onunla söhbət edəndə günlərlə köklənirəm. Amallaşma işi ilə uğraşıram. Mənim xalqlaşma işim ardıcıl, davamlı deyil, dağınıq şəkildədir. Olanaq düşəndən-düşənə alınır. Xırda səfərlərim olur. Demək olar, sözümün çox hissəsi Amaldandır, Atadandır, Ocağımızdandır. Qıraq qonular olanda da mən öz düşüncəmdə olanı onlara vurğu edirəm. İstər qohumlar arasında olsun, istər iş yerimdə olsun, söhbətimin çoxu Amalımızla bağlı olur. İçimdə məbəd anlamı var, onunla yaşamaq dərinləşməlidir.

Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ocağa gələndən birinci yoldur “İnam  Evi Günü”nə qatılıram. Ona görə ən çox sizi dinlədim. Bu “Gün” üçün qoyulan qonularla bağlı düşünmüşəm, onu bölüşəcəm. Atanın bir düşüncəsi var: İnsan özündə mənaya çatmaq tələbini gəzdirir. Ona görə dünyadan, həyatdan fərqlənir.

Atanın düşüncələri ilə bağlı bir məsələni demək istəyirəm, bəzən çox şeyi oxuyuram, deyirəm. Ancaq bəzilərini tam olaraq anlaya bilmirəm. Tam olaraq mənası mənə çatmır. Məsələn, Atanın hər dəfə vurğuladığımız düşüncəsi var, cəmiyyətdən üstün olmaq, üstün yaşamaq. Bunu  oxuduqca, düşündükcə daha yaxşı anlayıram. Bu ay Tolstoyun “Dirilmə” əsərini oxudum. Burada yazılan olaylar haqqında düşündükcə Atanın bəzi ideyalarına, düşüncələrinə gəlib çıxdım. Bəzən üzdən baxıb keçdiyim düşüncələr vardı, onu daha dərindən anladım. Əsərin başlanğıcında iki gəncdən söhbət gedir. Onlar gənc çağlarında daha çox öz mənəvi aləminin tələblərinə uyğun yaşayırlar. Ancaq zaman keçdikcə yavaş-yavaş cəmiyyətin etkisi altına düşürlər. Tolstoy burada iki gəncin timsalında daha çox insan-cəmiyyət bağlılığını bizə göstərir. Burada mənim üçün bir sual yaranır, nə baş verir, insan mənəvi tələblərinə uyğun olaraq, öz yaşamını niyə sürdürə bilmir? Nədən o, cəmiyyətin ona göstərdiyi etki qarşısında sınır, yenilir? Bunları düşünəndə Atanın dinləri niyə qırağa qoyması məsələsinə daha çox yönəlirəm. Çünkü dinin bizim şüurumuza yeritdiyi bir düşüncə yadıma düşür – bu dünyanı sən dəyişə bilməzsən, sən bir heçsən. Həm bu düşüncəyə yönəlirəm, həm də Ata insanı inam, idrak, iradə, mənəviyyat daşıyıcısı kimi götürür. Bunların bir-birilə ilə bağlılığını əsəri oxuduqca anladım.

Suallarıma qayıdıram – nəyə görə insan mənəvi tələblərə uyğun yaşamını sürdürə bilmir, nədən buna gücü çatmır? Çünkü cəmiyyətin onun qarşısına qoyduğu tələblərə dirəniş göstərməyə onun iradəsi yoxdur. İradəsi niyə zəifdir, çünkü o, özünə inanmır. Özündəki insani keyfiyyətləri üzə çıxarıb yaşamını sürdürə biləcəyinə inanmır. Yəni Atanın öyrətdiyi İnsana İnam məsələsi mənim üçün bir daha aydınlaşır. İnsanın öz İradəsinin gücü olmadığına görə özünü qıraq gücə bağlayır. Belə halda özünü dərk eləmək olanağını da itirir. Əsərin adı “Dirilmə”dir. Əsərin qəhrəmanı gördüyü bir olaydan etkilənir, birdən-birə onda mənəvi dönüş başlayır. Özünün öncəki duyğularını, mənəvi aləmə daha yaxın olduğu hallarını düşünməyə, bütün bunlara uyğun yaşamağa başlayır. Bunun üçün gərək olan hər addımı atacağına söz verir. Bəzən insanların ona tərs davranışları belə, onu çaşdıra bilmir. Çünkü o, artıq özündə baş verən dəyişikliyi görür, dərk edir, özünə inamı artdıqca, buna daha çox inanır. Həm də bu halının yörəsində də dəyişiklik yaradacağına inanır. Doğrudan da, onun bu halı başqa qəhrəmanı da etkiləyir. Burada Atanın düşüncəsi yadıma düşür, hal-hal, fərd-fərd dəyişikliyin olacağı. Bəzən biz ideallardan danışanda insanlara inandırıcı görünmür, tək mənim dəyişməyimlə nə olacaq, ya da mən dəyişməyimlə nəyə qarşı dayana bilərəm, nəyi dəyişdirə bilərəm deyə düşünürlər. Bu günə baxaraq hesablayırlar hər şeyi. Ancaq insanda baş verən dəyişiklik mütləq başqalarında da dəyişikliyin baş verməsinə səbəb olur. Yetər ki, insan özünə yönəlsin, özüylə döyüşə başlasın. Hansısa addımları atmağa başlasın.

Atamız Var olsun!

 Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Öncə vətən uğrunda, torpaq uğrunda ölən əsgərlərimizin yaxınlarına başsağlığı verirəm. Yurdtəkin bəyin də qardaşı oğlu şəhid olub, ona da başsağlığı verirəm. Bir də ölkənin durumu ilə bağlı rahatsız oluram. Ölkənin bu son durumu bir çox məsələlərə aydınlıq gətirir. Bir daha sübut olundu ki, dünya zorla yönətilir. Ocağın dünya üçün gərəkliyi daha yaxşı ağıllara çatmalıdır…
Atamız Var olsun!

Soylu Atalı: İndi gedişlə bağlı bir neçə söz deyim. Bizim çevrəmizdə baş verən olaylarla bağlı sizə, ayrı-ayrı çağlarda, düşüncələrimi səs şəklində göndərmişəm, “Ata Yolu” qrupuna atmışam ki, oradan dinləyəsiniz. Kimlərin internet olanağı olub dinləyib, kimlərin internet olanağı olmayıb, dinləyə bilməyib. Göytəkin onları səsdən sözə çevirib, yazı şəklində də var. Mən onlardan birinin üzərində işləmişəm. Bu axşam saytlarımıza qoyulacaq. Başqa saytlara da göndərəcəm. Artıq vaxtdır, vermək olar.

Savaş başlayandan, aşağı-yuxarı, on gün sonra mən öz baxışlarımı bildirdim, rahatsızlıqlarımı dilə gətirdim. Ölkəmiz savaşa başlayıb, ancaq savaşa öz istəyi ilə girməyib. Savaş aparmağa zorlanıb. Həm də savaşın konturları razılaşdırılıb – necə olacaq, hara qədər olacaq. Bu savaş vətənin qorxu altına düşməsi ilə bağlı insanların içində, dövlətin başında duranların içundə yaranan rahatsızlıq əsasında başa gəlmədi. Bu savaş bölgədə siyasi çıxarları olan Rusiyanın siyasi istəklərinin bir parçası kimi meydana gətirildi. Söz  yox, bütün savaşlar siyasətin sonucunda baş verir. Düzgün siyasət qurulmayanda, çıxarılar toqquşanda, razılaşmalar olmayanda savaş olur. Ancaq bu savaş özü siyasətin faktına çevrildi. Siyasət sonucu kimi yox, faktı kimi oldu. Yəni siyasiləşdi savaşın özü. Yəni bilərsən ki, nədəsə anlaşmamısan, bir  işğalçı ilə üz-üzə gəlmisən, bununla savaşa girmək qaçılmazdır. Bir də var, səni qıraq bir güc öz istəklərini ödəmək üçün savaşa soxur. Bu savaş kimin güclü, kimin gücsüz olduğunu ortaya qoymadı. Belə olsaydı, gərək erməni Azərbaycandan tam çıxarılaydı. Güclü vurub çıxardır axıra qədər. Gücsüz qırağa çəkilir. Sonra barış bağlaşması ortaya gəlir, ondan sonra savaş başa çatır. Bizdə belə olmadı. Savaş siyasiləşdiyinə, danışıldığına görə savaş bir yerdə dayandırıldı. Bir yerdə bunu başlayanın istəklərinə uyğun şəkildə dayandırıldı. Bizim Vətən savaşımız uğurla başa çatmadı. Bizim Vətən  savaşımız öz qələbəsini başa vurmadı. Nə yazıqlar, bu baş verdi. Mən hər zaman vurğu eləmişəm, Azərbaycanın başında duranın başqa dövlətlərin qarşısında öhdəliyi olmamalıdır.

Savaş gedəndə dövlətimizin başında duran adamın bütün müsahibələri, siyasi davranışları doğru idi. Ancaq indi savaş başa çatıb, onun bütün dedikləri, elədikləri hamısı yenə də saxtadır. Başdan ayağa saxtakarlıq başlayıb. Hər şeyi yersiz öymələr, uğursuzluqlara don geydirmələr, nələr-nələr. Fakt olaraq rus bizi işğal edib – qan-qaraçılıq üçün demirəm, gerçəyi deyirəm – mən öncədən deyirdim, Qarabağa status veriləcək. İndi isə deyəsən, dediyimdən daha qorxulu bir şey baş verə bilər. Qarabağa bağımsızlıq verilə bilər. Gələcəkdə Ermənistana qatılmaq hazırlığı görülə bilər. Belə qorxulu bir düzeyə gəlib çıxıb vətənimiz. Biz Ocaq olaraq heç vaxt aldanmamalıyıq. Yalançı təbliğatlara aldanmalı deyilik. Biz ona görə Ocağıq ki, hamı çaşanda biz çaşmayaq. Biz həqiqətlərlə dolduğumuz üçün, böyük bir ölçüyə tapındığımız üçün, qıraqdan nə göstərirlərsə göstərsinlər, hansı boyada göstərirlərsə göstərsinlər, bizim gözümüzün öz görmə bucağı var. Bizim ağlımızın öz həqiqəti var. Bizə heç kim qıraqdan istədiyini həqiqət kimi yeridə bilməməlidir. Bizə heç kim qıraqdan istədiyini yaraşıqlı göstərməyə çalışmamalıdır, göstərə bilməməlidir. Biz buna idrakda, mənəviyyatda, düşüncədə tam olaraq yetə bilsək, Azərbaycan xalqına gərək olarıq. Mən sizi inandırıram, təkcə Azərbaycan xalqının deyil, evimizin içində ola-ola, bütün bəşəriyyətə gərək ola bilərik. Yetər ki, içəridə iş getsin. Yetər ki, ağıl, düşüncə böyüyə bilsin. Yetər ki, həqiqət içimizə dola bilsin. Belə bir böyük şansımız var. Sayımız az olsa belə, deyək, toplumun durumu qarışıq da olsa, Ocağı hamı görə bilməsə də, indi Ocağın vaxtı deyil deyənlər olsa da, fərqi yoxdur. Biz həqiqətlə elə dola bilərik, bütövlükdə xalqa gərək ola bilərik. Bu məsələni hər bir Ocaqçı özündə təhlil etməyi, dəyərləndirməyi bacarmalıdır ki, yanılmasın, çaşmasın.

Ata həmişə deyirdi, mən də Atanın dediyi kimi deyirəm, kaş biz yanılaq, bizdən qıraqda, vətənlə bağlı, doğrudan da, uğurlu bir şeylər baş versin. Vətənimiz, millətimiz yazıqdır. Ancaq biz özümüzü aldada bilmərik, aldatmalı deyilik.

Bir daha mən sizə üzümü tuturam, sevgimi ifadə edirəm. Var olun ki, ayaqdasınız. Var olun ki, təpəriniz, hünəriniz ayaqdadır. Atanın arxasında durursunuz. Var olun ki, Atanın adına, işinə, ideyasına söykənib xalqımızın gələcəyinə inamla yanaşırsınız. Ona görə yaşasın Ata! Yaşasın Atanın arxasında belə bir qutsal Ocağı! Bununla da “İnam Evi Günü”müz başa çatır. “İnam Evi Günü”müzün daha yaxşı, daha uğurla keçirilməsi üçün canlı üz-üzə gəlmələrimiz də olacaq. Orada bizim Ocaq adından ruhsal hədiyyələrimiz də olacaq…

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

 Səsdən yazıya alındı: Sərt Ayı, 42-ci il. Göyçay.
(dekabr, 2020.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir