Xəbərlər

“ Qutsal Öyrənim Günü”ndə” deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 “ Qutsal Öyrənim Günü”ndə” deyilmiş fikirlər

 Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 14 Od Ayı, 36-cı ildə “Qutsal Öyrənim Günü” tədbirini keçirdi. Tədbirin aparıcısı Göylü Atalı Ataya Səcdə ilə sözünə başladı: 12-ci “Qutsal Öyrənim Günü” tədbirimizi həyata keçiririk. Asif Atanın “Qutsal Onluğu”ndan Mütləqə İnam Bitiyini (kitabını) öyrənməyə davam edirik. Kitabdan nəzərdə tutlan “İnam” əsərini bu dəfə Üstün danışıb suallara cavab verəcək. Ancaq danışmazdan öncə ənənəmizə uyğun olaraq, mən birinci Qutsal Bitiyimiz olan “Mütləqə İnam”ı Ocaq Yükümlüsünə təqdim edirəm ki, açılış sözünü dinləyək.

Soylu Atalı: “Qutsal Öyrənim Günü”müzün 12-ci toplantısını həyata keçiririk. Biz nəzərdə tutmuşuq ki, ayda bir və ya iki dəfə bunu həyata keçirək, ancaq tədbirlərin çoxluğundan bu, bəzən alınmır. Amma tədbirin keçirilməsi olduqca önəmlidir. Çünki Atanı kəlam-kəlam öyrənmək tələbi var burda. Biz Azərbaycan xalqı üçün çox israr edirik, Atanı öyrənmək, mənimsəmək gərəkdir deyə. Biz 9-cu yüzildə, Babəkin yenilməsi ilə böyük bir işğalın altında, həm mənəvi, həm də siyasi işğalın altında ərəblərə yenildik, lailahə-illəllah sədası altında ərəblərin qara bayrağı yurdumuzda dalğalandı. Biz bir xalq olaraq, toplum olaraq çökdürüldük. Ondan 500 il sonra Nəsimi gəldi. Nəsimi Babək kimi qılınc götürməsə də, onun döyüşü, çağırışı da həmin işğalın altında toplumun inləməsinə görəydi. Nəsimini də biz eşidə bilmədik, öyrənə bilmədik, yenə də vaxtı fota verdik. Nəhayət, yenə də 500-600 ildən sonra Asif Ata gəldi. Məsələ burasındadır ki, bu adını çəkdiyim şəxsiyyətlər dünyabaxışla gəlmişdi. Çünki dünyabaxış çox prinsipial məsələdir. Əgər biz, Asif Atanın gəlişinə də tarix kimi yanaşsaq, ayağa durmasaq, bir xalq olaraq, taleyimiz yenə 500 il geri düşəcək. Hələ  bilmirik ki, bizi qarşıda hansı durumlar gözləyir. Ona görə biz israr edirik ki, Asif Atanı kəlam-kəlam öyrənmək lazımdır. Asif Ata içimizi yadlıqlardan təmizləyə biləcək yeganə şansdır, qüdrətdir bu gün. Özü də bu gün fərqli bir çağdır. İstər Babəkin çağında, istər Nəsiminin çağında yön bir idi. Əslində siyasət də dinin əlində idi, ruhaniyyat da. Bu gün siyasət Batının əlindədir. Bu gün biz iki tərəfdən təhdid olunuruq. Bir tərəfdən Batı, bir tərəfdən də Şərqin özünün içində qara yara kimi varlığımızı təhdid edən dinçilik ruhaniyyatın ölümü. Bizim yurdumuz daim təhdid altındadır. İŞİD deyilən cahil bir qüvvə Ərəbistanda durub Azərbaycanı hədələyir. Niyə hədələyir, hədələyə bilir? Ona görə hədələyə bilir ki, onun Azərbaycanda zəmini var. Söykənmək üçün burada saqqal var. Ona görə hədələyə bilir. Bəs biz nə edirik? Bəs Azərbaycan toplumu nə edə bilir? O təşkilatlanmış bir qüvvədir, əlində də qılıncı var. Biz də deyirik ki, gəlin Asif Atanı öyrənək. Bəli, yüz il bundan sonra da deyəcəyik ki, gəlin Asif Atanı öyrənək. Çünki Asif Atanı bilmədən sənin başın yenə kəsiləcək. Sənin için, gücün yoxdu. Sənin inamın yoxdu. Dirəniş göstərnəyə nə içində, nə çölündə gücün yoxdur. Dövlətin də gücsüzdür, ziyalın da gücsüzdür, gəncliyin də gücsüzdür. Hamısı gücsüzdür, hamısı iflasa uğrayıb. Bu gün Asif Atayla gəncliyin əlinə böyük fürsət verilir. Ziyalının əlinə böyük fürsət verilir. Toplumun əlinə böyük fürsət verilir. Biz usanmırıq, usanmayacağıq. Daim çağıracağıq, gəlin, Asif Atanı öyrənək.

Bax, bu yayın istisində bölgələrdə də işimiz gedir. Biz gedirik tər tökə-tökə iş görürük, söz deyirik. Ancaq,  biz bütün bölgələri eyni zamanda əhatə edə bilmirik, yalnız ayrı-ayrı məqamlarda. Son vaxtlar bir sıra fərdi ünvanlarda görüşlərimiz həyata keçir, işlər görürük, ədəbiyyat hazırlayırıq. İndi bu saat Ocaq nəliyi, Asif Ata kimliyi adında bir kitab hazırlayırıq. Kitabı da iki hissədən ibarət edirik, Türkiyə türkcəsində və Azərbaycan türkcəsində. Bunu bir cildin içində çap etdirəndən sonra məqsədimiz var ki, Türkiyədə müəyyən bir hissəsini paylayaq. Son vaxtlar Üstün xanım Azərbaycanın bəzi rayonlarına səfərlər edib, ədəbiyyatlar verib, görüşlər keçirib, o cümlədən Qobustan rayonunda, Siyəzən rayonun­da, Şabran rayonunda olub və hər üçündə müəyyən fərdi və kütləvi görüşləri olub. Şabranda xüsusilə 150-200 nəfərlik auditoriyada söz deyib. Əlaqə qurub, ədəbiyyat verib. Yəni bu bizim çabalarımızdır. Fiziki imkanlarımızdan qat-qat artıq olan çabalarımızdır. Bizim maddi imkanımız yoxdur. Biz bala­larımızın boğazından kəsib bunu edirik. Söz yox ki, biz bunu minnət üçün etmirik, qarşılığını gözləmirik, umacağımız filan da yoxdur. Amma bir fakt olaraq deyirik ki, Asif Atanın təliminin, işi­nin, dünyabaxışının qüdrəti bizə bu inamı verir ki, bu addımları atırıq və xalqın bu dünyabaxışa tapınması üçün ciddi işlər görürük…

Asif Atanın “Mütləqə İnam” kitabı onun baş kitabıdır. Bu kitabda İnsan, İnam, Ruhaniyyyat, Vətən, Dövlət öz fəlsəfi-ruhani mənasını tapıb. Biz bunu hissə-hissə öyrənirik, öyrəndiyimizin əsasında sorğu-sualla bildiklərimizi genişləndirirk.

(Üstün Atalı “Mütləqə İnam” kitabının İnam əsərində “İnsan sevinci, İnsan kədəri” hissələrini danışıb şərh edir. Burada biz danışılan mövzunu yazmırıq, çünki kitabda var. Kitab isə “asifataocagi.com” da var, kitab evlərində, əllərdə var. Odur ki, yalnız suallar və şərhləri təqdim edirik).

Soylu Atalı: Kitabda “Şəhidlik sevinci” ifadəsi var. Sən də deyirsən ki, şəhid olan anda insan anlayır ki, Vətən müqəddəsliyi var, vətən böyüklüyü var, insan nəyin uğrunda öldüyünün, nəyə xidmət elədiyinin o anda fərqinə varır, o anda o mənanı tapır, o anda o sevinir, baxmayaraq ki,  ölür, amma o, sevinir… Bir məqamı deyim sizə. Yaxın vaxtlarda  Güntay Atalı mənə dedi ki, “nənəmin 90 yaşı var, mənimlə  söhbətdə dedi ki,  texnikanın bu inkişaf dövründə əmin oğulları necə olacaq, axı onlar bilmir bu texnikanı. Mən də dedim ki, əgər onlar bunu bilmirsə çətinlik çəkəcəklər. Sonra nənəm elə sual verdi, belə sual verdi. Mən də dərinə getmədim. Onsuz da ömrünün axırıdır, yaşlı adamdır”. Mən gördüm ki, qardaşımız o məsələyə yanaşmada bir az tələskənliyə yol verib. Axı insanda ümid deyilən bir şey var. Nə olsun onun 90 yaşı var, qoy o başa düşsün ki, həyatın axırı-zad deyil, hər şey məhv olub getmir, insanlıq məhv olan deyil. Qoy onun ümidi ölməsin, onun ümidlənməyə haqqı var, bunu ona demək lazımdır. Ölüm çağında da, 90 yaşında da sən o mənanı anlaya bilərsən, ümid tapa bilərsən. O elə insanın haqqıdır. Şəhidlik anında sevinc, Ata onu nəzərdə tutur. Bir də zorla sevindirmək məsələsi var. Nədir o? Biz bu çağa qədər zorla sevindirildik. Böyük həqiqətdən yaranan sevinc nədirsə, mən onu demirəm. Böyük həqiqəti, mənanı adam tanıyanda sevinir. Biz böyük mənanı özümüz tanımırıq, bizə o sırınır. Daha doğrusu, Böyük Məna əvəzinə mənasızlıq sırınır…

İndi sual vermək istəyirəm. Sualım belədir. Səmimiyyət nə deməkdir? Sevincdə də, kədərdə də bir səmimiyyət var, hamısının əsasında bir səmimilik var. Səmimiyyətsiz onlar özünü doğrultmur. Doğrunu deməkmi səmimiyyətdir? Əgər səmimiyyət doğrunu deməkdirsə, mən deyirəm, məsələn, filankəsin atından xoşum gəlir. Onu qamarlamaq istəyirəm, doğrunu deyirəm, içimdən gələni deyirəm.

Ağşın Ağkəmərli: Mən şəhidlik məqamına toxunmaq istəyirəm. O anmı yaranır şəhidlik?

Üstün Atalı: Kimimizsə Şəhid olur, biz ona kədərlənirik, amma bu kədərin içində bir fərəh də var.

Ağşın Ağkəmərli: Bəs Şəhid özü necə baxır buna?

Üstün Atalı: O məqamda ola bilər ki, şəhid olan kəs o ana yetsin. Döyüşə getmək şəhidliyi gözünün qabağına almaqdır.

Göylü Atalı: Əgər o, bunu dərk eləməsə, o döyüşə getməz.

Ağşın Ağkəmərli: Bəli, o ana bağlı deyil.

Nurtəkin Atalı: Ana belə bağlı ola bilər. Məsələn döyüşə gedib, o fikirləşmir ki, öləcək, amma ölsə də məhz şəhid olacağına sevinir. Döyüşə gedəndə o hazırdı ölümə, həm də ümidlidir ki, döyüşdən sağ da çıxa bilər.

Müslüm Mahir: Mən başqa məqama toxunmaq istəyirəm. Ümid anında o biri dünya deyəndə siz Asif Atanı dinə qaytarırsınız. Siz dediniz ki, 90 yaşlı qadının o biri dünyası da var. Qadın ümidli olmalıdır ki, o biri dünya var, sən təbiətlə oyanacaqsan.

Soylu Atalı: O biri dünya yoxdu. İnsanın təbiətlə oyanması o biri dünyada oyanması demək deyil. İnsan təbiətlə necə oyanır? Asif Atanın “Ölümlə görüş” əsəri var. Orda deyilir ki, əllərim birinə qismət olacaq, dodaqlarım başqasına, saçım digərinə. Cismimdən heç nə itməyəcək, kimdəsə təkrar olunacaq. Yəni İnsanı torpağa qoyandan sonra o, yoxa çevrilmir. Bütöv biçim parçalanır, məhv olur, amma torpaqla birgə oyanır o deməkdir. Torpaq özü enerjidir, amma bu torpaqda bir mahiyyət var. Ölən torpağa qarışıb təbiətin bitirməsində iştirak edir, əlamətlərlə həyata qayıdır. Sonra irs var, gen var, qan var. Onunla yenidən qayıdır. Ayrı-ayrı əlamətlərlə. Mütləq yoxluq yoxdur. İnsan mütləq yox olmur.

Əlisəfa bəy: Bu qədər inkişaf o demək idi ki, fəlsəfəni qoyun qırağa. Fəlsəfə bizim rifahımız üçün inkişaf etməlidir. Güzəranımız yaxşı olmalıdır, qarnımız tox olmalıdır, üzümüz gülməlidir. Cəmiy­yətdə bütün bunların hamısını nizamlamaq üçün əqidə sözü var. Mən təqaüdçü mayoram, 3 il 5 ay döyüşdə olmuşam. Şəhidlik barədə də xeyli düşünmüşəm. O anlayış insana gəlir, anlayır ki, mənim nicatım, mənə edilənlər, budur məqsəd. Döyüşə tarix boyu ya sürü ilə səfərbərliyə alıblar, ya da hansısa ideologiyanın bayrağı altında gediblər. Hərb tarixi döyüşdə 3 əsas şərt qoyur, bunun birincisi əqidədir, ikinci komandirdi, üçüncü puldur, silahdır. Çində milyonlara qalib gəldi on minlik Mete. Osmanlı bütün dünyanı qapsadı götürdü ancaq o əqidə ilə. Teymurun nəyi vardı, amma imperiya yaratdı, niyə çünki əqidəsi var idi. Şəhidlikdə qarşı tərəf o vaxt anlayır ki, bunu etmək lazımdır. Qəhrəmanlıq insan taleyində yaşanmış bir andır. Əgər sən anladın ki, bunu etməlisən, sən qəhrə­mansan. Bunu Atatürk deyib ki, sonunu düşünən qəhrəman olmaz. Əgər o, bunu düşünsə, qəhrəman ola bilmir. Mən səngərdə min dəfə şahidi olmuşam ki, gülləni bu tərəfə atırlar, gedir qorxağa dəyir. Səngərdə ölənlərin hamısı qorxaqlar olur. O cəsur döyüşçülər isə qat-qat əvəzini çıxarandan sonra şəhid olur. Əgər o döyüşə oxuya-oxuya, arxayın, soyuqqanlı şəkildə gedirsə, onda hər şey alınır. Yox, əgər qorxursa, gərgindirsə, qəzəblidirsə, qarşı tərəfi söyə-söyə döyüşürsə, o uduzur. Burda da bütün bu məsələləri soyuq başla düşünmək lazımdır. Həmin o cür düşünəndə, birdən qəfildən güllə dəyəndə o artıq istədiyini eləyib. Olub ki, çatmışam əsgərin yanına, mənə deyir ki, komandir, necə döyüşdüm? Mən də deyirəm əla, gözəl. Deyir bununla da ölmək olar.

Soylu Atalı: Bir var mövcudluq, bir də var məna. Asif Ata mənadakını deyir. Mən anlayıram, Əlisəfa qardaşımızın dediyi hallar var, amma o, Asif Atanın dediyi mənaya bağlı deyil. Bir misal deyim. Ziqmund Freyd deyir ki, insan mahiyyət etibarı ilə libidodan ibarətdir. O, bunu əsaslandırmaq üçün tibb elminə söykənir. Tibb elminə söykənərək, gözünün gördüyü bioloji insanların halından çıxış edir. Halbuki insanın bioloji, gerçək imkanından çıxış eləmək olmaz, təbii ki, ölçü kimi. Çoxluqda görünən, bilinəni ümumi insana aid etmək doğru deyil. Əgər biz mövcudiyyətdə olanı əsas götürmüş olsaq, onda Freydə haqq verməliyik ki, insanın mahiyyəti libidodan ibarətdir. Yəni insan mahiyyəti şəhvətdən ibarətdir. İnsanın bütün fəaliyyəti onun şəhvani potensiyasının çevrilməsindən, sublimasiya­sından əmələ gəlir. Onda biz bunu həqiqət kimi qəbul etmiş olarıq. Biz isə, Asif Atanın Ocağı olaraq, bunu qətiyyətlə rədd edirik. Sən gördüyün ayrı-ayrı insanlarda olanlardan çıxış edirsən. İnsan o xislətdən daha yüksək olan məna daşıyır. Bu mənanın adı İnsanlıqdı. İnsan İnsanlığa çatmayıbsa, xislətinə bərabər yaşayır. İnsan xislətini ötürsə mahiyyətinə uyğun yaşayır. Mahiyyətinə uyğun yaşayan insandan söhbət gedir Asif Atada.

İndi konkret olaraq şəhidlik məsələsi. Bir var şəhid olanın özünün, doğrudan da, ölüm anında o həqiqəti dərk eləməsi. Bu mümkündür, bir anda çatsın o məqama. Bir də var şəhid olanına sevinən insan. Bir var özü, bir də var sən. Axı sən də onun ölümündə müəyyən bir həqiqətə çata bilərsən. Atanın “Ölümlə görüş” yazısını oxuyuruq, – “Məni aparmağamı gəlmisən, ölüm! Gedək, səndən qorxum yoxdu. Məni öldürə bilməyəcəksən. Cismimdən heç nə itməyəcək” və s. Bunu biz cansız varlığa demirik axı, qalana deyirik. Qalan dərk eləməlidir ki, ölüm həyatın yenilənməsidir, təzələnməsidir. Gərək ölümü ötən əməllər yiyəsi olasan. Sən əzizin öləndə durub toy-bayram eləməli deyilsən ki. Amma sən onun vətənə, millətə böyük bir xidmətinin mənasına varırsan və ölənində ölməzlik kəşf edirsən. Sən buna sevinirsən. Əgər ölüm yoxluq demək olsaydı, onda biz semit dinlərinin kainat bir baxışla altı gündə yox yerdən yaranıb məntiqsizliyini qəbul etmək zorunda olardıq. Yoxolma varsa, deməli, yoxluqdan yaranma da var. Halbuki yoxluqdan varlıq yaranmır. Varlıq mütləq yoxluğa çevrilmir. Bunu elm də sübut elədi, yəni enerji itmir, bir şəkildən başqa şəkilə keçir. Ata deyir ki, kainat yoxdan yaranmır, kainat əbədidir, əzəlidir, yəni əvvəli yoxdur. Məna əzəlidir, əbədidir, gerçəklik ötəridir, keçicidir…

Materiya birincidir, yoxsa şüur birincidir, deyə İdealizmlə Materializmin döyüşü var. Asif Ata deyir ki, gerçəklik mənaca əzəlidir, əbədidir, bu o deməkdir ki, kainat biçimcə dəyişir. O özü əzəlidir, yəni Məna ondan təcrid olunmuş bir şey də deyil. Bununla da idealzimin, materializmin, dinin uydurmalarını rədd edir. Dində transsendental qüvvə, fövqəltəbii qüvvə ondan yarandı ki, əvvəl Allah özü var idi, sonra bütün kainatı yaratdı. Halbuki Asif Ata deyir ki, Dünyalıq dünyanın özündədir. Özdən qıraqda mövcud ola bilməz. Bu həmişə var. Sadəcə olaraq dünyada dəyişikliklər gedir, amma nizam yaranır, bir canlı ölür, başqası doğulur, planetlərdə dəyişmələr gedir. Bunlar hamısı dəyişmələrdi, amma yox olmur. Məna və biçim vəhdəti var, biz indiki məsələyə də o kontekstdən baxırıq. O kontekstdən baxanda ümumi insanı götürürük… Doğulan anda insan düşünmür ki, o dünyaya niyə gəlir? Ata deyir ki, doğulma və ölüm bizdən asılı deyil, amma necə yaşamaq bizdən asılıdır. Doğrudur, bunu hamının anlaması üçün məktəb olmalıdır. Ruhaniyyat ona görə yaranır, dinlər də o məqsədlə yaranmışdı, amma özünü doğrulda bilmədi. İnsan insanilik mahiyyətini aşkarlamağa və ona uyğun yaşamağa gəlir əslində. İnsanlıq mahiyyətində isə ancaq xeyir var. Mahiyyətdə şər yoxdur. Şər xarakterimizdə var, xislətimizdə var, çünki biz həm də bioloji tələblərlə yaşayırıq. Ona görə də biolojiliyə xas olan cəhətlər xislətimizdə olur. Biz xislətimizi dəyirşirik. Mahiyyətimizə uyğun yaşayı­rıq, böyüdürük içimizi, kamilləşdiririk. Ancaq bununla biolojilik rədd olmur, ruhaniliyə tabe olur. Bunları ona görə deyirəm ki, böyük anlayışları izah edəndə insanın xislətini əsas götürməyək.

Üstün, indi sualıma cavab ver.

Üstün Atalı: Səmimlik deyəndə mənim ağlıma ilk növbədə inam gəlir. İnsan özünə inanmasa, səmimi ola bilmir. Özünə inamsızlıq səni fikirlərini deməkdən çəkindirir. Görən məni necə başa düşərlər, onda səmimi ola bilmirsən. Adamda elə duyğular var ki, hərəsi bir tərəfə yönəldir. İçindən gələnin dalınca gedərsən, gedişini səmimi bilərsən.

Göylü Atalı: Axı hər ağıla gələnin ardınca getmək olmaz, bir daha düşünməli olursan.

Soylu Atalı: Onda belə çıxır ki, səmimiyyət bərabərdir düşüncəyə.

Müslüm Mahir: Mən belə deyərdim ki, səmimiyyətin inamla heç bir əlaqəsi yoxdur. Bütün təbii duyğuların sənin səmimiyyətindir. O müsbət də ola bilər, pis də ola bilər. İnam idrakdır, təfəkkürdür, düşünülmüş bir şeydir.

İnamlı Atalı: Sağlam səmimiyyətdə insan özü olur. Üstün xanımın dediyi inam məsələsi rol oynayır. Təbii ki, inamsız o mümkün deyil. O hərcayi səmimiyyət ki var, insan daha çox onun ardınca qaçır. O, Freydin insanı olur. Ancaq Asif Atanın insanında səmimiyyət  heyvani düşüncə əsasında olmur.

Nurtəkin Atalı: Özüylədöyüşdükcə səmimi olur insan.

Soylu Atalı: Mənim fərqli yanaşmam var. Nədir o fərqlilik? İstənilən halda səmimiyyətin özü, ifadəsi özündə mənfi çalarlar daşısa da, onun arxasında bir niyyət var. O niyyət bütün hallarda müsbətdir. Məsələn, mən deyirəm ki, filankəsin atından xoşum gəlir, bu səmimiyyət deyil.

Müslüm Mahir: Siz əgər onu bir dostunuza deyirsinizsə, bu da səmimiyyətdir. Səmimi etirafdır.

Soylu Atalı: Etiraf bir niyyətin həyata keçirilməsi istəyidir. Hər bir şəxs öz içində yaranan neqativ halları da etiraf edə bilər, müsbət halları da etiraf edə bilər. Neqativ halları niyə etiraf edirəm, mən onu həyata keçirmək üçün etiraf edirəmsə, o səmimiyyət deyil. Mən onu aradan qaldırmaq üçün etiraf edirəmsə, o səmimiyyətdir. İçimdə pis duyğuları etiraf edirəm, onu mən aradan qaldırmaq üçün etiraf edirəmsə, o səmimiyyətdir. Səmimiyyət heyvani duyğu, heyvani hiss deyil. Müsbət hissdir.

Müslüm Mahir: Filosofların belə bir sözü var ki, insan canavardı. Bayaq özünüz də etiraf etdiniz ki, bioloji cəhətdən insanda hər şey var.

Soylu Atalı: Batı bilginləri insanı hevyana bərabər götürür. Deyirlər ki, insan ictimai heyvandır. İnsanı bütünlüklə xislətə bərabər götürürlər, insani mahiyyəti görmürlər. Biz onu qəbul eləmirik. Biz deyirik ki, insanın xisləti var, bir də var mahiyyəti. Hər bir insan doğulur və özündə bioloji xassələrlə yaşayır. O, özünün mövcudluğunu təmin edir. Lakin mövcudluqdan artıq olan bir şey var. Ədalət deyilən, həqiqət deyilən bir şey var. İnsan onun səsiylə hərəkət eləməli olanda onda başqasını nəzərə alır. Onda fərdin başqalaşması meyarı ortaya çıxır. İnsan özünü öz mahiyyətinə uyğun qurmağa başlayır. İnsan özüylədöyüş əsasında özünü öz mahiyyətinə çatdırır. Bu halda onun ədaləti bütövdü, vicdanı bütövdü, ləyaqəti bütövdü. Asif Ata deyir ki, yalnız Mütləq olan həqiqidir. Nisbi nə varsa, qeyri-həqiqidir. Nisbi dostluq yağılıqdı. Nisbi məhəbbət nifrətdir. Son anda odur. Bir verdə təmiz suya bir qaşıq çirkli su tökürsən. Çoxluq etibari ilə verdə təmiz sudur, amma onun içinə bircə qaşıq natəmiz su tökərsən, onu çirkləndirir. İynənin ucu boyda nisbilik varsa, orada hökmən büdrəmə var. Asif Ata deyir ki, siyasət həqiqətlə əvəz olunmalıdır, başqası onu demir. Bütün bilginlər deyir ki, dünyada mütləq olan heç nə yoxdu. Asif Ata deyir ki, var.

Müslüm Mahir: Bütün mütləqlər nisbidir.

Soylu Atalı: Bunu siz deyirsiz, başqaları da deyir, amma Asif Ata demir. O deyir Mütləq olmasaydı, onda kainat çoxdan dağılardı, məhv olardı. Özül bütöv olmasaydı… Bizim can atdığımız, bəşəriyyətin can atdığı nədir, bütöv olan, ideal olan. Niyə çoxsaylı mübarizələr gedir? Dövlət sənə filan şeyi verir, sən qane olmursan, yenə istəyirsən. Çünki səni təmin eləmir, sənin bir idealın var, sən o bütövlüyə çatmaq istəyirsən, inkişafın adı da odur. İnkişaf onun üzərində baş tutur, əks təqdirdə inkişaf zad yoxdur. Biz götürsək ki, hər şey nisbidir, onda biz həyatda hər şeylə razılaşmalı idik. Nisbidir də, belə də olar, elə də olar. Mən isə düşünməliyəm. Gerçəklik nisbidir, ancaq gerçəkliyi saxlayan nisbi deyil, Mütləqdir.

Müslüm Mahir: İnsanın mütləq tələbatla getməsi mümkündür?

Soylu Atalı: Mümkündür.

Müslüm Mahir. Mütləqə doğru getmək qeyri mümkün bir şeydir. Çünki Mütləq özü də dəyişir. Bu gün nicatdır, sabah nicat deyil. Bu gün mütləq dediyimiz sabah nisbi ola bilər. İnkarın inkar qanunu var.

Üstün Atalı: Onda onun nəyi Mütləqdir? Dəyişkəndirsə ona nisbi deyək, niyə ona Mütləq deyirik.

Soylu Atalı: Müslüm bəy, sizə bir sual verim, çox üzr istəyirəm, bunu təbii qarşılayın, amma tamam məsələni aydınlaşdırmaq üçün deyirəm. Biz özümüzü necə sayaq, qeyrətli, ya qeyrətsiz?

Müslüm Mahir: Aydın məsələdir ki, cavab müsbət olacaq.

Soylu Atalı: Sizin qeyrətiniz mütləqdir, nisbidir?

Müslüm Mahir: Onun özü də məyyən mənada nisbidir.

Soylu Atalı: Nisbidirsə, onda yenə üzr istəyirəm, qeyrətsilikdir.

Müslüm Mahir: O duyğudur, duyğu nisbi ola bilər. Siz qeyrəti necə izah edə bilərsiniz? Orada hər şey var. Vətən, övlad, ana, hər şey var.

Soylu Atalı: Hər şeyin iki tərəfi var. Biri mənfidir, biri də müsbətdir. Bizim axtardığımızda iki cəhət var, üçüncüsü yoxdur. Qeyrət ya var, ya yoxdur. Yarım qeyrət olmur. Vətən ya var, ya yoxdur. Xeyir bu gün xeyir, sabah şərdirsə, onda o xeyir deyil. Əgər məhəbbət bu gün məhəbbət, sabah nifrətdirsə, onda o məhəbbət deyil. Biz özümüzü aldadırıq, bir ölçü var, meyar var. Qeyrət varsa, o bütövdür. Ona mən çatmışammı, çatmamışammı, bu ayrı məsələ. Ədalət ya var, ya yoxdur. Siz ayrı-ayrı bilginlərin dediyini deyirsiniz, biz Asif Atanın fəlsəfəsinə dayanırıq. Biz dünyanın qarşısına Asif Atayla çıxırıq və deyirik. Əgər bir şey varsa var, nisbidirsə yoxdur. Biz deyirik ki, Allah var, ancaq göydəki Allah yox. Əzəli, əbədi, kamil, sonsuz olan Mütləq. Əgər bu yoxdursa, dünya da yoxdur. Dəyişməzlik yoxdursa, dəyişkənlik də yoxdur, dəyişən dəyişməzlikdən təzahür edir. Bizim nəyimiz varsa, o insani mahiyyətimizin təzahürüdür. O nisbi təzahür edir, amma bütövlük özü nisbiləşmir. Təzahür çevrilmə deyil. İnsanın mahiyyəti həmişə İnsanlıq olaraq qalır. Bütün bəşəriyyətin mahiyyəti İnsanlıqdı. Oraya müdaxilə eləmək mümkün deyil. Elə şey var ki, o, müdaxilə olunmazdır. Bəşəriy­yətin Allah axtarışı ordan irəli gəlir. Böyüklük axtarışı, ədalət axtarışı ondan irəli gəlir. Toxunulmazlıq var. Bütün o dəyişənlər o dəyişməzliyin təzahürüdür. Əgər dəyişməzlik olmasa, onda dəyişən niyə var? Əgər Mütləq yox idisə, onda mütləq sözü hardan çıxdı? Bəşər idrakı sonsuzdu. Fərdin idrakı sonlu ola bilər, amma ümumi bəşər idrakı var.

Müslüm Mahir: Siz də deyirsiniz ki, inkişaf var, bu gün mütləq olan sabah mütləq olmaya bilər. Kainat mütləqdi. Bu mütləqin içində daim dəyişkənlik var.

Soylu Atalı: Bir sözlə, Mütləqlə bağlı söz güləşdirməyin anlamı yoxdur. Dilində deyəsən Mütləq, sonra da deyəsən ki, Mütləq Mütləq deyil. Bir təhər çıxmasın, həm deyəsən bu qadındır, sonra deyəsən yox, bu qadın deyil.

İndi başqa bir sual vermək istəyirəm. Fədakarlıq insani mahiyyətdən gəlir, xislətdə yaşayır. Bəs xislət ziddiyyətlidirsə, bu fədakarlığın axırı, anlamı nə olur?

Üstün Atalı: Tutaq ki, içimdən gəldi bu gün mən bir fədakarlıq elədim, sonra mən dönük çıxdım. Onda belə çıxır ki, mənim fədakarlığım nisbi imiş?

Müslüm Mahir: Deyirlər ki, ən qorxaq adam bəzən məqamı gələndə böyük bir qəhrəmanlıq edə bilir.

İnamlı Atalı: O məqama bağlı bir qəhrəmanlıqdı. O məqamdı, bütöv hal deyil.

Əlisəfa bəy: Bütün fədakarlıqlar ictimai normativlərə bağlıdır. İnsan fikirləşir ki, bu normativlərin yaşaması üçün mən bu cürə xislət formlaşdırmalıyam. Bunun üçün fədakarlıqlar göstərir. Belə olan halda fədakar xislət necə ziddiyyətli ola bilər? Sən bilmirsən ki, sənin bu fədakarlığın doğurdanmı bu cəmiyyətə lazımdır. Onu sən müəyyənləşdirə bilmirsənsə, orda ziddiyyət yaranır.

Üstün Atalı: Əgər mən fədakarlıq edirəmsə, ömrüm kamilliyə doğru gedirsə, mənim fədakarlığım daha da artacaq. Əgər mənim ömrüm yetişmirsə, kamilliyə doğru getmirsə, o fədakarlıq artıq mənə yük də olacaq. Xarakterim dəyişməsə, o artıq mənə yük olacaq. O fədakarlıq məni dəyişirsə, artıramsa, bunu daxili tələbimdən edirəmsə, fədakarlıq mənim qanadıma çevriləcək. Artıq fədakarlıq eləməsəm yaşaya bilməyəcəm, burda həm də ziddiyyətləri ötəcəm.

Əlisəfa bəy: Abxazlarda bir qayda var. Ev yanır, uşaq orda çığırır, ata öz atasının yanında utanır ki, gedib o uşağı xilas etsin, böyük deməyincə o gedib xilas eləmir.

Üstün Atalı: Mən onu doğru saymıram.

Soylu Atalı: Bir var ictimai qaydaların diktə elədiyi münasibət, bir də var, insanın daxili tələbinin diktə elədiyi. Fədakarlıq insanın öz içindən gəlir, mahiyyətdən gəlir. Lokal fədakarlıq adi şeydir. İnsan ayrı-ayrı hallarda işlər görür. Lap misal çəkirəm. Bir dəfə mənə sual verdilər ki, axı  Heydər Əliyev təkcə pis işlər görməyib, axı o, yaxşı işlər də görüb. Dedim, bilirsinizmi nə var, hər halda H.Əliyev də bir fərddir. Bu başa düşür ki, yaxşı iş də görməlidir. Dövlətin başında durub daim pis işlər görmək olmaz axı. Bu yaxşı iş görür, amma bu yaxşı iş onun tutduğu yerin diktəsi ilə baş verir, xalq üçün, dövlət üçün bir addım atır. Bir də var, sənin heç bir səlahiyyətin yoxdur. Sən bir fərdsən, amma sən çox gözəl uğurlu işlər görürsən. Səni kim məcbur edir ki, burdan gedib Şabranda Asif Atanın sözünü deyirsən, eviyin pulunu xərcləyirsən. Kim səni buna şirnikdirir, kim səni buna vadar edir? Bu sənin içindən gələndir, bu fədakarlıqdır. Fədakarlıq icra olunmur, yaşanan bir keyfiyyətdir. Götürək ata məsələsini. Ağşın bəy də atadır, bu biri qardaş da atadır. O, öz balasının atasıdır, bu da öz balasının atasıdır. Hər biri gözəl atalıq edir və eyni deyil, amma məzmun Atalıqdı. Fədakarlıq həmçinin. Hər kəs özünəməxsus  ifadə edir. Mahiyyət birdir. Üstün, indi xislətin ziddiyyətli olması ilə bağlı deyim. Mən ayrı-ayrı vaxtlarda ayrı-ayrı fədakarlıqlar edə bilərəm. Amma mənim içimdə o qədər naqis cəhətlər ola bilər ki, sən mənim fədakarlığıma axıra qədər bel bağlaya bilməzsən. Mən burda fədakarlıq edə bilərəm, başqa yerdə başqa əhval sərgiləyərəm. Ziddiyyətli ömürdə fədakarlıq nisbidir. İnsan öz mahiyyətiylə doğmalaşdıqca, yaşadıqca, kamilləşdikcə ziddiyyətdən çıxır. Adi vəziyyətdə insan təzadlar birliyidir. Onda həm biologiya var, həm də ruhaniyyat var. Asif Ata deyir, insan daxilində Mütləq gəzdirən, şəraitdən, mühitdən üstün olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır. Bu insanın imkanıdır. Bir də var bioloji durumu, yaşamaq üçün çabalaması. İnsan təkcə bioloji ola bilməz, insan öz bioloji kimliyini ruhani məsuliyyətin altına alır. Özünü təsdiq və özünə nəzarət odur əslində. İnsan özünü kamilləşdirir və özünün bioloji istəklərinə hakim olur. Bunu da Ata başqa bir biçimdə – Özüylədöyüş ideyası ilə deyir.

  Burada biz vicdan məsələsinə gəlib cıxırıq. Vicdanı sakitləşdirmək istəyi nədən doğur? Hər kəz bir yanlış edir və vicdanı sakitləşdirməyə çalışır. Nəyin bahasına olursa olsun, atdığı addımın doğruluğunu sübut eləməyə çalışır. Niyə, çünki vicdanı sakitləşdirsin. Bu onu narahat edir, çünki vicdan həmin mahiyyətin səsidir. İnsanın mahiyyəti zədə götürəndə haray qoparır ki, zədə götürürəm, ona görə də vicdanını sakitləşdirmək istəyir, sübut eləmək istəyir ki, bu pis əməl deyil. Ata nə deyir, deyir vicdanı sakitləşdirmək gərək deyil, vicdan əsasında yaşamaq gərəkdir. Əsil fədakarlığı da vicdanlı adamlar bacarır…

Yeni sual: Tarixi şəxsiyyətlərə münasibət necə olmalıdır? Aşırı dərəcədə biz onu öyürük, qaldırırıq, bütləşdiririk. Onu bütləşdirəndə ondan sonra yaranacaq şəxsiyyətlərin yolunu bağlayırıq. Zəif münasi­bət isə onu unutdurur. Necə olmalıdır?

Əlsəfa bəy: Asif Ata deyir ki, konkret fərdləri istedadına görə, əməlinə görə, rütbəsinə görə başqasından fərqləndirmək olmaz. Bütün yaradılışların hamısı ruhani yaradılışlardır. Hamıya eyni nəzərlə baxmaq lazımdır.

Soylu Atalı: Bu doğrudur. İnsana münasibət insani olmalıdır.

Əlisəfa bəy: Məhəmmədin yanındakı Fatmaya, Zəhraya necə münasibət göstərirlər, onu bütləşdi­rirlər.

H.Əliyev bir tərəfdən dövlətçiliyi qorudu, bir tərəfdən də millətçiliyi məhv elədi. Əgər xalqçılıq məhv edilməsəydi, bu gün biz burda belə müzakirələr aparmazdıq. Xalq formalaşmadı.

Müslüm Mahir: Xalq formalaşdı, millət formalaşmadı. H.Əliyev böyük şəxsiyyətdir. Mən şairəm, onun haqqında poemam da var. Xalq formalaşdı, millət formalaşmadı. Biz bu saat xalq kimi daha böyüyük.

Əlisəfa bəy: Müslüm bəy, Asif Atanın “Xalq” haqqında çox ətraflı yazıları var. Xalqın azadlığı fərdin azadlığından başlayır. Nə yazıq ki, Azərbaycanda “hökümət” var, yəni hökm. Hökumət də xalqın formalaşmasına imkan verməyəcək. Həmin o zorakı aparat. Asif Atanın dediyi odur ki, dövlətdə zorakılıq olmamalıdır.

İnamlı Atalı: Biz bu tarixi şəxsiyyətlərə (Divardakı 7 ruhani fərəhimizin rəmzini göstərir – Ü.A.) öz qiymətimizi vermişik. Aşırı dərəcədə qiymət vermirik, heç bir yaradıcılığın qabağını almır. Bunlara olan qiymət heç bir maneçilik törətməyib.

Soylu Atalı: Söhbət ondan gedir ki: Məsələn, Fizuli heç kimə mane olmur, amma mən ondan elə yapışıram ki, bu elə tarixdən yapışmaq demək olur. Nə bugünümüz qurulur, nə gələcəyimiz. Əlbəttə,  biz toplumu tarixə, deyək ki, Babək dövrünə çağırmırıq. Babək çağına çağırmaq mümkün deyil, doğru da deyil. Biz Babəkdəki azadlıq eşqinə çağırırıq. Bu təkcə o dövrə aid deyil. Nəsimidə sığmazlığa çağırırıq. Dədə Qorqud çağına çağırmırıq. Şəxsiyyətdə xalqa aid olan keyfiyyətlərə çağırırıq. Bütün böyük şəxsiyyətlərin hər birinə münasibət ondakı xəlqi keyfiyyətləri görmək, dərk eləmək, ömürlərə gətirməkdir. Onda şəxsiyyət bütləşdirilmir. “Bütləşdirməyək” qorxusu ilə ötəri münasibətlə isə onu unuduruq. Ondakı ali keyfiyyətləri xalqın həyatına gətirə bilmirik. Xalq bizim əbədiliyimizdir, fərd ölür, xalq ölmür, fərd özündə aşkarladığı keyfiyyətlərlə xalqa qulluq edir. Xalqı böyüdür, əslində öz əbədiliyinə qulluq edir. Xalq bizim ölməzliyimizdir. Mən özümdə nə aşkarlayacamsa, xalqda qalacaq. Bu baxımdan xalqa qulluq göstərmək üçün tarixi şəxsiyyətlərimizdəki ali keyfiyyətlərə çağırmalıyq, bu bütləşdirmə olmur, xəlqi quruculuq olur…

Müslüm Mahir: Siz “Türkçülüyün əsasları”nı yəqin ki, görmüsünüz. Asif Ata haqqında da belə bir tezis formasında ədədbiyyat hazırlamaq lazımdır. Biz burada Asif Atanı müəyyən mənada bilirik. Asif Atanı tanıtmaq üçün lazımdır bunlar. Yoxsa belə çatdırmaq ağır məsələdir.

Soylu Atalı: Müslüm bəy, bu vaxta qədər biz Asif Ata və Ocağı haqqında “İnamın Gəlişi” adında kitab buraxmışıq 500 tirajla. Atanın ideyalarını açıqlayan qəzet buraxılışları hazırlamışıq dönə – dönə. İndi də Asif Atanın kimliyini, dünyabaxışını, ideyalarını ifadə edən Azərbaycan və Türkiyə türkcə­sində bir kitab hazırlayırıq. Onun da yüz nüsxəsini Türkiyəyə aparmaq istəyirik. Bundan da geniş, kütləvi şəkildə hələ imkanımız yoxdur.

Müslüm Mahir: Özlərinə filosof deyən “filosoflarımız” Asif Atanı oxuyurlar, ancaq heç yerdə onun adını çəkmirlər. Elə böyük naqislik burdan başlayır.

İnamlı Atalı: Mən balaca bir yazımı oxumaq istəyirəm. Soylu bəy sual qoydu ki, bizim tarixi şəxsiyyətlərə münasibətimiz aşırı dərəcədə olanda biz yeni yaranan şəxsiyyətlərə kölgə salmırıq ki? Əslində özü buna cavab da verdi.

Biz deyirik ki, bizim xalq dəyər yaradan xalqdır. Bu tarixi şəxsiyyətlərə münasibət Asif Ataya da aiddir. Bu gün biz Asif Atanı necə tanıyırıq, necə öyrənirik, onu cəmiyyətə necə təqdim edirik? Bu necə sualları o vaxt cavab tapar ki, Atanı dərk eləyərik. Bu cəhətdən bizi Asif Ata ilə qovuşduran, bizi öyrədən məhz Soylu Atalıdır. Soylu Atalı həm bu zamanın, həm də gələcək zamanın Ataya qovuşması işində xidmətinə görə tarixi bir şəxsiyyətdir. Mən hesab edirəm ki, Asif Ataya münasibətimizin əhatəli olması onun şah əsəri olan Soylu Atalıya kölgə salmır. Nədir onun böyüklüyü? Bu gün biz “Qutsal Öyrənim Günü” keçiririk. Baxmayaraq ki, burda Ocaqçılar var, 15-17 ildir Ocaqdadırlar, Nurtəkin xanım, Üstün, Göylü, Türkel…, onlar yenə də Soyludan öyrənirlər. Və biz Soylunun vasitəsilə Atayla görüşürük, ona doğmalaşırıq. Mən Ataya qədər çox kitablar oxumuşdum, o qədər məna-məzmun görməmişdim. Bir dəfə “Don Kixot” haqqında Göylü Atalı ilə söhbət etdim ki, bu “Don Kixotu” niyə şişirdirlər, mən onda bir şey görmədim. Göylü Atalı dedi ki, onda sən “Don Kixotu” yaxşı oxuma­mısan. Mən onda onunla razılaşmadım. Ancaq mən Asif Atanın “Don Kixot” haqqında təhlilini oxuyanda anladım ki, oxuduğum əsərlərdə yazıçının demədiyi o qədər çalarlar var ki, o insanı əsərin içindən götürüb aparır mənaya. İndi mən hal-hazırda Soylu Atalının “İnsanlığın İnam Yolu”  kitabını oxuyuram. Əgər məni qınamasaydılar, bu kitabı Asif Atanın Müqəddəs Bitiqlərinin yanına qoyardım. Soylu Atalının 3 təhlilini mən qısaca qeyd etmək istəyirəm. İkisi Tolstoyun “Hərb və Sülh” əsəri ilə “Anna Karenina” əsəridir, biri də İmam Mustafayevin və Salman Murtuzayevin birgə müəllifləri olduqlar “Şeyx Şamil” əsəri üstə yazdığı fikirləridir. “Anna Karenina”nı  mən oxumuşam. Soylunun təhlilindən sonra bəlli olur ki,  bizim orda tuta bilməyəcəyimiz o qədər məna var ki. “Hərb və sülh” əsərində Tolstoy Nataşanı böyüydr, böyüdür, sonra analıqda məhdudlaşdırır. Asif Ata isə İnsanda daha böyük məziyyətlər görür. Bax, bunu Soylu Atalıda gözəl dərk eləmək olur…

Günev Atalının anasının vəfatı ilə bağlı Saraya getmişdim, həmin gün yazdım bunu.

13 Od Ayı, 36-cı il, Saraya getmişdim. Saraya çatanda axşam saat 20:30 olardı. Soylu həyətində üzüm tağlarının altında oturub qələm-kitabla məşğul idi. Uzun müddət idi Sarayda Soylunun evində olmurdum. Soylunun həyəti mənə həmişə doğma olub. Bu ünvan məndə qəribə yaxşı əhvallar yaradırdı. Hissə qapılmadan onu deyə bilərəm ki, mən o şeyin tam fərqindəyəm ki, nə o ev adi ev, nə də Soylu adi insanlardan deyil. Bu ünvan və bu şəxsiyyət tam fərqli biçim və tam fərqli məna daşıyır. Ağlım, inamım mənə bunu deməyə imkan verir ki, Soylu həm indiki zamanın, həm də gələcək zamanın şəxsiyyətidir. Bu şəxsiyyəti anlamaq üçün sonrakı zamana ehtiyac duymuram. Əgər bu böyüklüyü anlaya bilirəmsə ki, Soylu zamanüstü hadisədir, deməli, Ocaqda olduğum qısa zamanı heçə verməmişəm, özümü aldatmamışam, idrakıma güvənim artır belə halda. Əgər bu böyüklüyü görüb, onun idraki gücünə aşiq oluramsa, deməli, içim dar deyil, balaca məni ötə bilmişəm. Məncə, bu duyğuların ən alisidir.

 Dediyim kimi, əlimdə Soylunun “İnsanlığın İnam Yolu” kitabını oxuyuram. Bu kitab bir neçə qovluqdan ibarətdir. Birinci hissədə Asif Atanın Amalı ilə bağlı olan yazılardır ki, bu, Soylunun ölçüsünə uyğun uca səviyyədə qiymətləndirmələrdir. İkinci hissədə ədəbiyyata Asif Atanın ölçüsü ilə yanaşma ifadə olunur. 3-cü qovluqda isə daha çox dövrün, gedişatın təhlilidir. Kitab o qədər zəngindir ki, içimdən gəlir deyəm ki, bu kitab qutsaldır. Bir kərə Soyluya dedim ki, əgər Atanın Bitiqlərini məhv eləsələr, Soylunun bu adı çəkilən kitabı ilə boşluğu doldurmaq, qismən də olsa, mümkündür. Özünün yazdığı kimi, yığcam ruhani bilgi bütöv bir xalqın maariflənməsi üçün yetərincə məna-məzmunla dolu bir dərslikdir. Mən inanmıram ki, nə bu gün, nə də sabah Atanın ideyalarına tam xələl gətirmədən onu Soylu sevgisi ilə təhlil edən ikinci bir Ocaqçı, araşdırmaçı olacaq. Soylu sanki Atanın Ruhundan yaranıb. Sanki Ata öz beynini Soyluya köçürüb. Mən həmişə bu fikri vurğulayıram ki, peyğəmbərlər, filosoflar xoşbəxtdir ki, onların özündən sonra onları dərindən öyrənib yaşadan davamçıları olur. Soylu tək Asif Atanın deyil, ümumilikdə bütün şəxsiyyətlərin yiyəsidir. Bəşəri dəyərə sahib çıxmaqla bəşəriyyətin varlığına xidmət edir. Nə İsanın Pavelindən, nə də Məhəmmədin Xalidindən Asif Atanın Soylusu əksik deyil. Bunu da mənə inamım deyir. Soylu Atanın ruhani əsəridir. Bunu özü də təsdiq edir…

Gecə saat 23.10 da Soylunun həyətindən çıxandan sonra yolboyu elə bu düşüncələrlə evimə getdim.

Atamız var olsun!

Soylu Atalı: Var ol qardaş, bu həm də bir sevgi izharıdır. Bir əlavə eləmək istərdim, Asif Atanın bundan sonra araşdırıcıları olacaq. Düzdür, biz ilkinlərik. Ancaq Atanı xalqa verə biləcəyik və onun (xalqın) Ataşünaslarını yetirəcəyik.

Müslüm Mahir: Atanın kitablarının hamısını alırlar, oxuyurlar, amma adını çəkmirlər. Bütün fəlsəfi əsərlərə baxırsan ki, istifadə edirlər, amma adını çəkmirlər, ya paxıllıq edirlər, ya da qorxub demilər.

Soylu Atalı: İkisi də var. Amma böyük şəxsiyyətlərin işi, əməyi heç vaxt yerdə qalmır. Düzdür, zamanında olmur, amma yerdə də qalmır. Ata fərqlidir. O, bu gün aqibətləşib. Gündən günə xalqlaşır.

 

Atamız Var olsun!

                                                                      Od ayı, 36-cı il.

                                                                              Atakənd.

                                                                                  (iyul, 2014. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir