Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” Mərasimi

Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 25 Çiçək Ayı, 45-ci ildə (aprel 2023) “Ruhsal İdrak Günü” Mərasimini gerçəkləşdirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. “Ruhani İdrak Günü” Mərasimini gerçəkləşdiririk. Mərasimdə Ocaqçı kimi ölənlərimizin adını çəkirik: Sabahlı, Bağban, Amaltay bizimlədir.
Bu gün yenə də Ocağımızın doğma, qutsal bir günündə bir aradayıq. Ocaqçıların bir arada olması başlıca olaraq, Ocaq mərasimlərində baş tutur. Bəlli çətinliklər üzündən başqa çağlarda bir araya gələ bilmirik. Ona görə mərasimlər bizim üçün önəmini bir az da artırır. Həm mərasimin özünün məzmunu baxımından, həm də Ocaqçıların bir-birini görməsi, görüşməsi baxımından mərasimlərin belə bir qutsal önəmi var.

Mərasimimizin adı “Ruhani İdrak Günü”dür. “Ruhani İdrak Günü” əsasən bölgədə olan Ocaqçılarımızın Atayla təmasını yaratmaq, Atayla canlı görüş təşkil eləmək anlamı daşıyırdı. Birbaşa Atayla canlı görüşüb Ataya suallarını vermələri üçün. Bölgədəki Ocaqçılar (elə buradakı Ocaqçılar da, fərq eləmir) bölgələrdə Ocaq işi aparırdılar, ya da aparmalı idilər. Ancaq bölgədə Ocaq işi aparmaq üçün gərək Ocağı biləsən. Ocağı da bir gündə bilmək, öyrənmək olmur. Ocağı bəzən illərlə öyrənməyə davam edirsən. Ata deyirdi, öyrəndiyin qədər öyrət, bildiyin qədər de. Ancaq hər dəfə mərasimdən sonra, hər ünsiyyətdən sonra Ocaqçı özünü təsdiq edir, özünü böyüdür, özünü artırır axı. Hər gün Ocağı bir barmaq da artıq bilirsən. Toplumun arasına gedəndə yeni sözlə, yeni düşüncə ilə gedirsən. Özünü təkrar eləmirsən, deyilənləri əzbər şəklində demirsən. Deyilənləri gözüyumulu şəkildə çatdırmırsan. Deyilənləri doğal olaraq, şüurlu olaraq insanlara çatdırmaq gərəkdir. Belə bir sorumluluq daşıyırsan öz üzərində. Dediyim kimi, bu yetirilməli idi, hazırlanmalı idi. Bunun üçün Ocaqçıların Ata ilə görüşü baş tutmalı idi…
Ruhani İdrak anlayışı çox böyük bir önəm daşıyır. Nə insanı, nə də bütövlükdə toplumu, bəşəriyyəti adi ağılla dəyişmək olmur. Böyük ideyanı, idealları adi ağılla çatdırmaq olmur. Həm adi ağlın gücü çatmır ona, həm də bayaq dediyim kimi, adi ağıl ehtirassız olur, vəcdsiz olur, haraysız olur. Buna görə ruhani idrak haraylı idrakdır. Haray çəkir. Həqiqətləri sadə əhvalla çatdırmaq olmur. Deyə bilərsən, ancaq çatdıra bilməzsən. İnsanların içində həqiqəti qarşılamaq üçün əngəllər var. Ən böyük əngəl eqoizmdir. Sən oturursan biri ilə üz-üzə, söhbət edirsən. Sən söhbət edirsən, qarşındakı səni o eqoizmin etkisi altında dinləyir. Çox vaxt da ona düz-əməlli çatmır, ya qəbul eləmir. Ancaq ruhani idrak haraylı, vəcdli, ehtiraslı, ehtizazlı olduğuna görə qarşında səni dinləyən adamın eqosunu yıxır. Birinci o işi görür. Qarşındakının içindəki əhvalı yıxmalısan ki, səni heyranlıqla, içdənliklə dinləyə bilsin. Doğrudan da, həqiqətlə zarafat eləməyin olumsuzluğunu dərk eləsin, başa düşsün. Sən ona həqiqətdən danışırsan, insanlar ona elə-belə yanaşır, adi yanaşır, heç həqiqət deyilirmiş kimi yanaşır. Ona görə bu işi yerinə yetirən ruhani idrakdır. Ruhani idrakın “günü”(bu günkü mərasim) təkcə bilik toplamaq xarakteri daşımır. Həm də inamın harayını çəkmək qüdrəti öyrədir. İnamı vermək, çatdırmaq hikməti aşılayır öz Evladlarına, Ocaqçılarına. O baxımdan ruhani idrak məsələsi düşündürücü önəmli bir məsələdir. Biz təkcə ruhaniyyatdan danışmırıq ünsiyyətdə olduğumuz insanlara. Ünsiyyətdə olduğumuz insanlara həyatın sıradan çalarlarından da danışırıq, siyasətdən də, ideolojidən də, dünyadan da danışırıq. Ancaq hər birini danışmaqda bizim hədəfimiz birdir. Dünyanın əyrisinin nədənini göstərmək, dünyanın əyrisinin səbəbini vermək. O səbəb də ruhaniyyatın ortadan qalxmasıdır, ya da ruhaniyyatın başqalaşması, təhrif olunmasıdır. Biz bütün məsələlərə münasibəti, məsələn, siyasətə münasibəti siyasətin açısından demirik. Siyasətin pəncərəsindən baxmırıq. İdeolojiyə ideolojinin öz açısından yanaşmırıq. Hər şeyə ruhaniyyatın açısından yanaşırıq. “Hər şey dediyimiz” də Ocaqçıda ruhani idrakla gerçəkləşir, başqa əhvalla gerçəkləşmir. Əgər biz kimlərləsə ünsiyyətlərdə  sıradan bir əhvalla oturarıqsa, orda siyasətdən, ya nədənsə danışarıqsa, o, xalqlaşma işi deyil. Bu, Ocaqlaşma işi deyil. Mən istənilən yerdə söhbət edərəm, nələrsə bölüşərəm, o demək deyil, istənilən söhbət Ocaq işidir. Ocaq söhbəti ruhani idrakla gerçəkləşir. Ocaq söhbəti həqiqətləri haraylamaqla gerçəkləşir, doğruları çatdırmaqla gerçəkləşir. Bu öyrədilir  Ocaqçılara, Ruhani İdrak Günü mərasimində. Ruhani İdrak Günü mərasimində Ocaqçılara doğrudan da alışmaq, yanmaq öyrədilir. Necə? – Ruhani idrakı formalaşdırmaqla. Bəzən görürsən biz söhbət edəndə emosional oluruq. Qarşımızdakı insanlara elə gəlir, biz qəzəblənmişik, əsəbi danışırıq. Deyirlər bunu. Bu əsəb deyil, əsəb ayrı şeydir. Bizim qarşımızda olan insanlar üslubu bilmirlər, ona görə əsəblə harayı ayıra bilmirlər. Bizim qarşımızdakı insanlar idrakla ağlı ayıra bilmirlər.  Bizim qarşımızdakı insanlar dünyanın əyrisi ilə doğrusunu ayıra bilmirlər. Biz ona görə varıq, ona görə Ocağıq, ona görə Ocaq olaraq ortaya gəlmişik. Hər bir sahədə hər yerdə ölçünü dəyişmək üçün biz varıq. Mən kitabımda yazmışam, tədbirlərdə də demişəm, biz Ocaq olaraq Allah haqqında düşüncəni dəyişirik, insan haqqında düşüncəni dəyişirik, dünya haqqında düşüncəni dəyişirik, elm haqqında düşüncəni dəyişirik, həyat haqqında düşüncəni dəyişirik, bəşəriyyət haqqında düşüncəni dəyişirik. Biz tamam yeni ölçü veririk, insan varlığına bağlı nə varsa hamısına baxışı yeniləyirik. Yeni ölçü yaradırıq. Bu yeni ölçünün oturuşması asan deyil, asan başa gəlməyəcək, bundan ən qısa zamanda sonuc gözləmək doğru olmaz. Sonuc gözləyərsən, sonuc əldə eləməzsən, için sarsılar. Özün öz dediyinə inanmazsan. Ancaq bu gün üçün sonuc sənin harayındır, quruculuq sənin harayındır. Əgər bağban ağacı basdıranda onun meyvəsini düşünərsə onu bəsləyə bilməz. Ağaca qulluq gərəkdir. Çox zaman tələb edir ona qulluq etmək. Bəri başdan sən öz çıxarını güdürsən, düşünürsən, olmaz elə. Bağbanlıq sözü fədakarlıq sözünün hardasa ruhani mənada sinonimidir. Onu bacarmasan onda sənin düşüncələrin heç beş addım belə yeriməyəcək, sənin həqiqətin balaca bir çırağı yandıracaq qüdrətdə olmayacaq. Ona görə haray usanmazlığı gərəkdir, çağırış usanmazlığı gərəkdir, öyrənmək usanmazlığı gərəkdir, yerimək usanmazlığı gərəkdir, səfər usanmazlığı gərəkdir, sonuca baxmadan, varmadan. Yazmışam kitablarda, nağıllarımızda deyilir: geriyə baxma, geriyə baxsan daş olarsan. Qabağa bax. Qabaqda nə var, qabaqda sonu görünməyən ucsuz-bucaqsız yollar var, zirvələr var, ora qoş. Ruhani İdrak Günü mərasiminin anlamı budur. Öyrənmək, haraylamaq, çağırmaq, böyütmək. Bütün bunların da əsasında usanmazlıq, yorulmazlıq dayanır. Mən çox danışmaq istəmirəm. Bu günün əsas anlamı sorular-cavablar üzərində qurulur. Ona görə sözü sizə buraxmaq istəyirəm. Suallar olarsa cavablandırmağa vaxt qalsın.
Atamız Var olsun. Bayrağımızı öpürəm.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Ruhani İdrak adi ağıldan, zəkalı insanların düşüncəsindən qat-qat yüksəkdir. Həyatı adi ağılla yaşamaq olur. Zəkalı ağılla, zəkalı düşüncə ilə böyük şedevrlər də yaratmaq olar, kəşflər də eləmək olar. Pualar da kəşf etmək olar. Eləyiblər də. Adi adamlar adi ağılla eləməyiblər, savadlı insanlar eləyiblər. Gör nəyi yaradır zəkalı insan. Düşünsək ki, filankəs alimdir, professordur, akademikdir, bunun yaratdıqları insanların başına od ələmək üçün gərək imiş məgər?! – Çünkü ruhani idrak yoxdur. Yaratdığı atom bombasını hansı qanlara, hansı fəlakətlərə hesabladığını, minlərlə, milyonlarla sinəyə dağ çəkdiyinin fərqinə varmır. Çünkü praqmatik yanaşırlar. O praqmatikanın, o mənfəətin nə demək olduğunu anlamırlar. Ruhani idrak isə mahiyyətə qovuşmaqdır. Həm öz mahiyyətinə qovuşursan, həm dünyanın mahiyyətinə qovuşursan. Dərk edirsən, coşqun ehtirasla ifadə edirsən. Çünkü yetmisən ona. Özün osan. Baxmayaraq ki, adi ağılla da bilirlər məndə filan qüsurlar var. Mən belə olmalı deyiləm, başqa cür olmalıyam, insan olaraq, bunu da bilirlər. Ancaq yetmək, ona qovuşmaq məhz ruhani idrakla olur. Ruhaniyyata yetməyin gözəlliyini, onun  verdiyi zövq-səfanın dəyərini bilmək, ömrə gətirmək, ömürdə onunla özünü xoşbəxt hiss eləmək, ətrafa düşən işığını görmək, ondan fərəhlənmək var. Fərəhsiz adam beş addım da yol gedə bilməz. Tutduğun əməlin fərəhi yoxdursa içində. Bu ruhani idrakın məsələsidir.
Qonu ilə bağlı düşüncəmi deyim, özümü dərk etməyim həm də Ocağı dərk etməyimdir. Ruhsal idrak həm özümü, həm də Ocağı dərk etməyimdir. Dediyim kimi, özünüdərkdə mahiyyətə qovuşmaq, mahiyyəti gözəl bir əhvalla çatdırmaq. Vəcdli, ehtizazlı çatdırmaq. Bu mümkün deyil ki, ətrafa işıq saçmasın. Özünü yaratmaq, böyük əqidənin böyük düşüncənin izharını eləmək bir gözəlliyə gətirib çıxarır. Naşı münasibət bəsləyən elə bilir sən qışqırırsan. Harayı qışqırıq kimi başa düşür. Yaxud da elə bilir səni qovurlar. Belə başa düşür. Ancaq o sənin içindədir. Adi düşüncəni, həyatda, məişətdə rast olduğumuz şeyləri, ola bilər, həzin demək daha yaxşıdır. Ancaq haray məsələsi. Axı bilirik, adi səsin ucalığı hər yerə gedir. Ancaq gəl ki, adi səslə Ocağın hansısa bir hikmətini mən mızıldaya-mızıldaya necə çatdıra bilim. Təcrübədən də görürük ki, bu alınmır. Bizdən öncəki yaşlı Ocaqçılar da elə danışırdılar, ancaq sözündə haray yox idi. Sözündə mızıldanma vardı. Bəlkə kimsə bilər ki, söz deyir. Onun etkisi çox az olur. Kimsə düşünər, bəlkə də Günevdən də çox deyir. Ancaq Günevdəki haray məndən çox bilənin mızıldaya-mızıldaya deməsindən daha yaxşı təsir bağışlayır. Çünkü elə-belə götürək, adi bir qəzəli şair yazıb, onu biz də oxuyaq. Ancaq onu muğamda, o harayda ifadə eləmək , məsələn, mənsuriyyə necə adamı titrədir, haralara qaldırır. Bununla o deyilənin etkisi daha gözəl olur, daha könülə yatımlı olur. Ruhaniyyat haqqında, ruhani idrak haqqında mənə elə gəlir ki, mən düsturları dedim. Söz yox, bəlkə də gündəlik həyatımızda baş verən olaylara da münasibət bildirmək olar. Gündəlik şeylərə çox rast gəlirik. Bunlar adi şeylərdir. Bəzən kiminsə sənə münasibətinin fərqinə varmırsan. Ata deyirdi, görürsünüz sizi heç kim adi səviyyədə başa düşmür, anlamır, gözünüzü yumun, elə bil özünüz özünüzə deyirsiniz. O deyilməsə onu nə vaxt deyəcəksən. Yetmisən, sən artıq ordasan. Orda olduğunu tanıdın, dərk elədin, təsdiq elədin. Təsdiq eləməmisənsə ehtizaz səviyyəsində deyə bilməzsən. Ehtizaz da,“mən etizaz səviyyəsində demək istəyirəm” deyəndə alınmaz heç vaxt. Əsas onda alınır ki, ruhani idraka yetəsən. Özünü ali həyatda, ali dünyada hiss edəsən. Baxmayaraq ki, dörd bir tərəfdə tikanlar var. Didir, parçalayır əsəbini, beynini. Ancaq xoşbəxt onda olarsan ki, o tikanlar səni etkiləmir. O tikanların içində sən gül də görə bilərsən. Sən özün bir gülsən. Özün bir haraysan. Ocaq mühitində olmaq ruhaniyyat mühitində olmaqdır. Mənim Ocaqçıya, hətta Ocağa üz tutan hər cür dərdli insanlara içimdə o qədər böyük rəğbətim var ki. Soyluya danışırdım, gənc bir adam var, əsəbləşir. Anası ilə az qalır dalaşsın. Yaxınlaşıram oğul, niyə bu haldasan. Deyir, heç nə əmi, dünya mənim içimi darmadağın dağıdır, birtəhər biz bu ömrü yaşadıq getdik. Bəs balalarımız hansı mühitdə qalacaq. Bax bunu düşünürəm, əsəbimdən partlayıram. Ona görə anamla da belə oluram. Sanki özü etiraf eləməsə belə anasının onu dünyaya gətirməsinə bir etiraz var içində. Ancaq özü onu ifadə eləmir. Fikrimi ona çatdırıram ki, bunun özündə bir gözəllik var. Sən özün dünyamızın halına görə rahatsızsan. Ancaq rahatsızsansa, mütləq tapacaqsan. Dedim, dərdi bilirsənsə, axtarırsansa maneələr qarşına gələcək, yetməyənə qədər sualının cavabına.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Bütün yönlər kimi xalqlaşma əməli də məni rahatsız edən yönlərdən biridir. Bu yöndə necə danışmaq, necə haray çəkmək, necə izhar eləmək ki, bu kütləyə etki göstərsin. Axı bu kütlə də özümüzündü. Bizim son məqsədimiz odur ki, bir insan kimi özümüz nizamlanaq. Millət kimi də öz dəsti-xəttimizi bəşəriyyət içində təsdiq edə bilək, tapa bilək. Bir ideya kimi, bir dünyabaxış kimi qarşımızda böyük bir inamımız var. Bu inam artıq hazır şəkildə Asif Ata tərəfindən yaradılıb, bizə verilib. Biz bu gün Atanın davamçıları, sözçüləri, söz deyənləriyik. Məni də çox düşündürür ki, toplum içərisində necə danışmaq, necə haray çəkmək ki, sözünü çatdıra biləsən. Azərbaycan elədir ki, bir poliqona bənzəyir. Demək olar, ideya baxımından, bütün güclü dövlətlərin bizdə etkiləri var. Farsın, ərəbin, rusun, Avropanın, Amerikanın. Bu qədər ideyanın içində necə edək, bizim öz sözümüz olsun, millətimizin dəyərlərinə söykənən sözü olsun. Xalqımızın əhvalına uyğun söz olsun. Xalqımıza çatan söz olsun. Biz doğrudan da, simvol kimi deyirik, türk qədim xalqdır, tarixi keçmişi var. Dövlətlər yaradıb bilirik, bu gün türk dediyimiz xalqda həmin keyfiyyətlərdən əsər-əlamət qalmayıb. İnsanlarımız vüqarlıdır deyirdik, türk birsifətlidir, ölümlə öcəşəndir deyirdik, ailəcanlıdır, qonaqpərvərdir. Ancaq baxırsan ki, millət səviyyəsində o keyfiyyətlər, demək olar ki, bir növ bizim qədimliyimizdə qalıb, kökümüzdə qalıb, ruhumuzda da qalıb yaşayır. Zahirən belə görünür ki, itaətli xalqıq. İşə gələndə mən onun şahidi olmuşam. O xalqın o qüdrəti ki var, püskürüb ortaya çıxanda bunun qarşısında heç nə dözməz. Sadəcə olaraq onu  necə yaradasan, onu bu günə necə çıxardasan, onu  necə o qədim köklərə söykənən dəyərlərimizə inadırasan, necə bu günlə onu vidalaşdıra biləsən, bu xalqlaşma əməlində həmişə mən öz çatışmazlığımı hiss edirəm. Həmişə çalışmışam, bir növ bu insanların əhval-ruhiyyəsinə uyğun amal sözü deyəm, bu əhval-ruhiyyə səviyyəsində onlara çatsın. Bu gün millətimizin, demək olar ki, başında duran bir qurup satqın, millətin kökündən aralanmış, bu millətdən olmayanlar görünür. Ancaq bu bədbəxtlər də bu millətin nümayəndəsidir. Hətta mən hərdən düşünürəm öz-özümə, lap bu, erməni qızından yaranıb. Kök ata adı ilə gedir. Axır ki, bu millətə məxsusdur. Tarixdə belə hallar olub, bir qəsbkar dövlət bir ölkəni tutub onun başına öz adamını qoyub. Bu adam o xalqın əhval-ruhiyyəsinə o qədər yaxınlaşıb, o qədər o xalqın inkişafında rol oynayıb, millət onu öz adamı kimi qəbul edib, hansı ki yabançı idi. Nəsli də sonradan o millətin davamına qarışıb, itib millətin içində. Bizdə sadə kütlə bu gün öz başının hayındadır, söz çatmır. Niyə söz çatmır, onların idrakında dəyişiklik yoxdur, idrakında millət anlamı yoxdur. Ancaq baxanda 44 günlük müharibə məni elə bil ayıltdı ki, bu xalqda axı bu hal da var. Bu halı böyütmək üçün yeganə qurum Ocaqdır ki, millətimizə sözün həqiqətini çatdırır, doğrusunu çatdırır, gələcəyi çatdırır. Bizim  üzərimizə düşən, Atanın bir sözü var imkansızlıqdan imkan yaratmaq gərək, həyatın bəsit məsələlərindən aralanasan. Bunu eləmək üçün də o gücü özümdə tapa bilmirəm. Elə bil aralansam, bir insan kimi o dəyərlərimə xələllik gələr. Belə bir düşüncə tərzi var məndə. Bu gün qədim köklərə baxanda Midiyanın uduzmağı necə olub. Kir xəyanət edib, heç Kir xəyanət eləmədi, o, fars idi öz millətini qaldırdı. Öz milləti baxımından xəyanət deyildi. Mən də bacarsam rusun, Avropanın, erməninin  cəngindən qurtarardım. Bu, Astiaqa qarşı xəyanət idi, ancaq milləti üçün düz iş gördü. Astiaqı da öldürmür, yanında köməkçi, rəyverən kimi saxlayır. Bir gün Ekbatan üsyan qaldırır.  Kir şəhərin yerlə-yeksan olması əmrini verir. Bu Astiaqın ürəyini ağrıdır. Deyir, mən sənə bir üsul deyərəm, o şəhər bir də üsyana qalxmaz. Ancaq sən də söz ver şəhəri dağıtmayacaqsan. O da söz verir ki,  şəhər üsyana qalxmasa mən qırmaram. O ki başda gedən bir təbəqə var, onları sıradan çıxarıb öldürürlər. Qalanlara hər evdə məcburən bir saz alınmalıdır. Hər evdə saz çalmaq öyrənilməlidir. Kişilərin də geyim tərzində dəyişiklik yaranmalıdır. Böyük bir vergi də qoyurlar. Camaatda da pul tükənəndə təpkilərə boyun əyirlər. Deyir qılınca öyrəşən, qılınc tutmaqdan kobudlaşmış əllər qısa müddətdən sonra incələçdi, daha qılınc tuta bilmıdi. Qadın geyiminə oxşar geyimlər isə kişilərin qeyrət damarını zəiflətdi. Xalqın ruhu bu qayda ilə çalındı. Bu gün fikir veririk, baxırsan Avropadan gələn geyimlər, cırıq şalvarlar geyirlər. Milli ruha balta çalınır, bu heç kəsi rahatsız eləmir. Bu işlərə Ocaq özünü qarşı qoyur. Qalan heç bir qurumun maraq dairəsində yoxdur. Baxırsan igid balalar gedib qoşulub hansısa partiyaya, nə tutulmaqdan qorxur, nə ölməkdən. Belə cəsarətli oğullarımız var, ancaq onların yönü düzgün deyil. Demokratiya bu deyil. Bu gün bunların gözü, ən yaxşı halda, Avropaya dikilib, demokratiyaya dikilib. Biz qonu haqda çox danışmışıq. Bizim özümüzə aydındır, ancaq topluma deyirəm. Demokratiya nə deməkdir, bir halda ki, pul, kapitalizm meyardır, bu azlığın böyük bir sərvəti varsa, böyük bir kütlənin əlində heç nə yoxdursa, burda hansı demokratiyadan, hansı qabiliyyətin, bacarığın, elmi üstünlüyün azad meydanından danışa bilərsən. Olsun da azad. Gedib hara çıxacaq, kapitalizmə, pulçuluğa, münaqişəyə. Bu halla milləti birləşdirmək, millətin ağzını bir yerə yığmaq olmaz. Cəmiyyətlə təmasımda mən bütün bu düşüncələrimi deyirəm, demokratiya anlayışına qarşı belə söhbətlərim çox olur.
Mən qardaşlarımın düşüncələrinə sayğı ilə yanaşıram. Məndə harayla demək alınmır. Məni ən çox düşündürən budur. Soylu da məni ən çox onda tənqid edir ki, sən ən çox qıraq-bucaqdan yapışırsan. Sən özündən yapış. Ancaq bu xalqlaşma işi də özümünküdü. Onu da bilirəm. Onda da gərək hardasa öz düşüncəmi çatdıra bilim. Ancaq sizin ifadələrinizdən görürəm ki, doğrudan da, mənim içimdə o haray, o güc ehtizaz səviyyəsində, yanğı səviyyəsində, partlayış səviyyəsində yaranarsa, yəni ruhani idrakın gücü formalaşarsa, qarşıdakının duyğularına etki göstərmək olur.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Mənim suallarım var, onları soruşmaq istəyirəm.
Birinci sualım odur, vətənə sevgi niyə vətən uğrunda döyüşmək istəyi doğurur, niyə vətənə sevginin ifadəsi üçün döyüş meydanı arzulanır? İndiki gəncliyin çoxuna baxanda adama elə gəlir, onlarda dirəniş göstərmək gücü yoxdur. Belə baxırsan ki, heç vətən üçün addım atmazlar. Ancaq müharibə dönəmində tamam fərqli bir şey gördük. Çoxu könüllü olaraq irəli atıldı. Bu sırf vətənə sevgidənmi irəli gəlir, düşmənə nifrətdənmi irəli gəlir? Ya da gəncliyin bir həyəcan axtarışı var, bəlkə bu duyğulardır ki, özünü göstərdi.

İnamlı Atalı: Hərb deyilən bir şey var, orda məcburiyyət də var. Eyni zamanda demək olar ki, heysiyyat da var. Mən rast gəldiyim halları deyirəm, Lənkəranda qardaşımla işləyən bir idman müəllimi vardı. Çox möhkəm bədənli bir oğlan idi, bir həkim qohumu dedi, gəl sən 10-15 gün xəstəxanada yat. Bu ab-hava soyuyar, sonrası nə olarsa olar. O dedi, bütün çevrəm, iş yoldaşlarım bilir ki, mən sağlam, gümrah adamam. Mən pandemiya adı ilə qəsdən gedib yatsam millətin, dostlarımın üzünə necə baxaram. Burda artıq heysiyyat məsələsi var. Artıq döyüşdür, getməli idi. Ancaq vüsət çox geniş idi, bacımızın dediyi kimi. Hansı könüllü getmək istəyənlər daha çox idi. Hətta yaşlı adamlara etiraz eləyirdilər ki, sənin yaşın uyğun gəlmir ki, göndərək. Sonra cəbhə boyu orduya olan münasibət. Elə-belə hallarda, elə zonada da qulluq edən uşaqlar olub ki, yerli camaatın münasibətindən hardasa şikayətlənərdilər. Ancaq həmin müddətdə xalqın birliyi yaranmışdı. Əsgərə hərə nəsə çatdırmaq, kömək eləmək istəyirdi. Döyüş məqamında yaralı əsgər yoldaşını bir əliylə çiynində tutub bir əlində güllə ata-ata gedib, onu da aparıb özüylə. Bu, mən deyərdim ki, belə bir münasibət tarix boyu olmayıb. Nə də heç bir xalqda, heç bir döyüşdə belə bir döyüş səhnəsi olmayıb. Belə bir xalq. Ancaq bu gün biz ermənidən daha çox zərər görürük, yoxsa öz içimizdən?! Mən hərdən bu haqda düşünürəm. Xocalı olayı ilə Tərtər olayı arasında nə fərq var?! Xocalıda da cavan, uşaq, qoca, qadın olmaqla insanları ermənilər qəddarlıqla öldürdülər, Tərtərdə də eynən həmin olaylar baş verib. Tərtərdə olanları kim açdı bu xalqın başına, xalq niyə buna dözür?! Bu cür kökü olan, bu cür döyüşkənlik ruhu olan xalq. Dərdimiz hardadır ki, belə məsələlərə reaksiya vermir millət. O mənə də çatmır.

Günev Atalı: Bacımız sualı belə qoydu, vətəni sevmək niyə döyüşmək tələb edir? Bütün şərlər döyüş tələb edir. Vətənə olan əngəllərin hamısı döyüş tələb edir. Döyüşsüz heç bir uğur qazanmaq mümkün deyil. İstər ruhani mənada, istər fiziki mənada. Yaxınlarda bir söz eşitdim qardaşımızdan, Ocağa rəğbəti olan bir kəsin dünyanı vətən bilməsi məsələsi. Sonra ondan qabaq Gəray Fəzli vardı, müharibə qonusunda çox romanları çıxmışdı. “Kəhrəba İşığında” romanı vardı, orda da Ağ dənizdən tutmuş Uzaq Şərqin tayqalarına qədər, Oxot dənizinə qədər sənin vətənindir deyirdi. Deməli, bu vətən anlamı bu şəxsdə, bu insanlarda yoxdur. Vətən nə deməkdir axı?! Vətən təkcə ərazi olsaydı, bəlkə də deyərdin dünya da bir ərazidir, mən də bu ərazinin bir hissəsiyəm, üzvüyəm. Ancaq vətən anlamı niyə var, çoxları deyir, harda günün xoş keçir ora vətəndir. Onda belə çıxır ki, vətən anlamı gərək deyil. Vətən anlamı varsa, mütləq onun mahiyyəti, mənası var. Ərazidən daha çox bir tərzdə yaşayır insanlar, bir psixoloji durumdadır. Lap üzdə deyilsə də, bu millətin içində döyüşkənlik var. Haqq uğrunda, ədalət uğrunda. Vətən uğrunda döyüşmək elə haqq-ədalət uğrunda döyüşməkdir. Döyüşsüz heç cürə mümkün deyil, vətəni sevirəm deyəsən. Bizim evdə söhbət zamanı Soylu birinə sual verdi ki, vətən sənin üçün nədir. Cavab verdi, vətən mənim canım, ciyərimdir. Bunu anlamaq olmur, nə deməkdir bu. Vətən axı tamam başqa anlamdır.

Göylü Atalı: Mən belə başa düşürəm, biri var vətəni şüuraltı sevmək, biri var qanıb sevmək. Yəni Ocağın ölçüsündə vətəni qanaraq sevmək var. Eləcə də, şüurla, məntiqlə, ürəklə vətəni sevən insanlar Ocaqdan qıraqda da var. Ancaq biri də var, şüuraltı şəkildə fitrətindən gələn sevgimi deyim, bir az da, bəlkə bu düşüncəm düzgün deyil, icazəli sevgi var. Yəni dövlətin icazə verdiyi qədər vətən üçün addım atmaq var idi. Söhbət müharibədən getdi, ona görə deyirəm. Yəni müharibə qutardı, ondan sonra nə oldu, yenə o sevgi qalırmı, hansı səviyyədə qalır, bunlar da düşündürücü məsələlərdir.

Soylu Atalı: Göytəkin, cavablar səni qane elədisə başqa suala keçək.

Göytəkin Atalı: Amaldaşlarım var olsun. Hər birini diqqətlə dinlədim. Ancaq sizi də eşimək istəyirəm.

Soylu Atalı: Mən onu sizə deyim, vətən məsələsi, döyüş məsələsi düşüncəyə bağlı bir məsələdir. Gərək birinci növbədə vətəni sevmək üçün düşüncə meydanı ola. Vətəni tanıyasan. Tutalım ki, sınırlarımızı pozurlar, evimiz əlimizdən çıxacaq, filan olacaq kimi yanaşmaqla gedib müharibə edirik. Buna vətən sevgisi demək olmaz. Çünkü burda hər kəsin özünün taleyi göz önünə gəlir, genel mahiyyət düşüncələrə hakim olmur. Hələ mən müharibə ilə bağlı demirəm, vətən məsələsini deməyə çalışıram. Vətən bizim üçün birgəyaşayış ünvanımız kimi məhdudlaşmır. Bizi biz eləyən, var eləyən danışdığımız dil var, daşıdığımız mədəniyyət var, bizi göylərlə, sonsuzluqlarla bağlayan dünyagörüş var. Bunlar bizim sonsuzluğa mübasibətimizi bəlirləyir. Əgər o sonsuzluğa bizim bağlılığımız olmasa, sonsuzluqla bağlı bizim düşüncələrimiz olmasa, o zaman vətən anlayışı tamam mənasını itirir. Çünkü mən ölüb heçə çevriləcəmsə, yox olacamsa, bu dünya yalnız elə fiziki görünənlərdən, görünənlərin başa çatmasından oluşursa, mənim nəyimə gərək gedib vətən uğrunda özümü güllənin ağzına verim. Deməli, bizim şüurumuzda bir məsələ var, bizim genetik kodumuzda oturuşmuş bir məsələ var, bizim sonsuzluğa münasibətimiz var. Yəni heç nə göründüyünə bərabər deyil, hər şey göründüyündən artıqdır. Biz fiziki ömürlə məhdudlaşmırıq. Sınır yoxdur. Deməli, bizim davamımız var. Bizim fiziki davamımız, mənəvi davamımız var. Bizi fərəhləndirən, bizə ümid verən, bizi sevindirən, bizə inam verən sonsuzluq var, gələcək var, məna, məzmun var. Biz heyvani bir xislət deyilik.  Heyvani bir mövcudluq deyilik. Biz bundan qat-qat yüksəyik. Deməli, bəlli olur, vətən – onda yaşayan insanlar üçün onun daşıdığı, yaşatdığı deyərlər deməkdir. Onu var edən mədəniyyət, dünyagörüş, dil deməkdir. Bunların hamısının ifadə olunduğu məkan deməkdir. Bəlli bir məkanda bəlli bir xüsusiyyətləri ifadə edirəm mən. Deyək ki, Güney Amerikada yaşayan Argentina toplumu ispan kimliyini, varlığını sürdürür. Nəyi ilə? – Dili ilə, mədəniyyəti ilə, davranışı, dünyagörüşü ilə, sonsuzluğa münasibəti ilə, tanrısal məsələlərə münasibəti ilə öz ispan kimliyini sürdürür. İspan kimliyini sürdürdüyü coğrafiya onun üçün qutsaldır, vətənidir. O, qutsal saydığı vətəni qorumaqla, düşünməklə əslində onun kimliyini oluşduran, kimliyini ifadə edən, həmin adını çəkdiyim keyfiyyətləri, dəyərləri qorumaq hədəfi qoyub qarşısına. Biz də Azərbaycan üçün. Deməli, ona görə də düşüncə meydanı olmalıdır. İnsanlar çətinliklə də olsa, astagəl də olsa, nə də olsa bu düşüncə meydanına girməyi bacarmalıdır. Özü üçün sınır bəlirləməlidir ki, bu torpaq nə deməkdir, bu torpağı mən niyə qoruyuram. Bu torpaq adını çəkdiyim keyfiyyətlərdən başqa mənim övladım deməkdir, mənim anam deməkdir, kimim kimsəm, doğmalarım deməkdir. Bunların yaşadığı coğrafiyadır. Bunlarla bu coğrafiyada, bu mühitdə doğmalığımı bölüşürəm, sevincimi, kədərimi bölüşürəm, bunlarla mən var oluram. Yəni belə bir coğrafiya ki, o bizim şüurumuzda vətən anlayışıdır. Məsələn, tutalım mənim nəslimi, xalqımı, balamı, ailəmi, amaldaşımı qoyuram Bakı şəhərində, gedib yaşayıram lap ucqar Afrikada. Mən orda gedib yenə insan tapacam, onun dilini öyrənib onunla nəsə danışacam. Ancaq artıq kimliyimi itirirəm. Mən orda artıq türk etnosuna xas keyfiyyətlərin daşıyıcısı Soylu olmuram. Mücərrəd bir varlığa çevrilirəm…
Bəri başdan sizə deyim, heç kim könüllü şəkildə müharibə istəmir. Heç kim müharibəni sevmir. Kim ölümü sevir ki?! Bilir ki, müharibə ölüm deməkdir. Müharibəyə zorən gedir. Çox vaxt da bütöv toplumun çox az kəsimi gözünü yumar, savaşa gedər. Yəni onunçün həyatla ölümün arasında fərq yoxdursa, gözünü yumar, gedər savaşa. Mən Azərbaycan üçün ölümə gedirəm. Bəlkə burda bir gizli şöhrət, gizli nəsnə var. Onunçün deyirəm, düşüncə meydanı olmalıdır. O meydanı yaratmağa dövlət borcludur. Dövlət bir düşüncə meydanı yaradır, hər bir insan o düşüncə meydanına özünün gücü içində, gücü çatan səviyyədə girir. O meydanda anlayır insan nədir, vətən nədir, tanrı nədir, yer nədir, göy nədir. O düşüncə meydanında anlayır, dərk edir. Onda onunçün vətən anlayışı bəlirtisini tapır, oturur onda. O zaman o, vətənlə bağlı, onu qorumaqla bağlı şüurlu şəkildə düşünür. Artıq görür ki, burda söz, düşüncə işləmir. İdeoloji döyüşlər, mübarizələr işləmir. Deməli, silaha sarılmaq gərəkdir. Onda şüurlu şəkildə, əlacsız da olsa, düşməni vətənindən çıxarmalıdır. Silaha sarılıb döyüş meydanına getməlidir. Bunlar hamısı düşünülmüş şəkildə baş verməlidir. Düşünülmüş şəkildə baş verərsə onda hər şey öz anlamında insanın varlığına oturar. Vətən öz anlamında oturar, dünya, həyat, dövlət öz anlamında oturar. Mən söhbətimizin başında, ruhani idrak günü ilə bağlı, söz deyəndə vurğuladım, biz hər şeyə yeni baxış yaradırıq. Allahla, insanla, hər şeylə bağlı düşüncəni dəyişirik. Biz həyatla, vətənlə bağlı düşüncəni dəyişirik.
Biz Ocaq olaraq düşüncə meydanı yaradırıq. Biz Ocaq olaraq insanlara hər şeyin anlamını qaytarırıq, məzmununu qaytarırıq. Vətəni vətən kimi tanısın, insanı insan kimi tanısın, dövləti dövlət kimi tanısın. Hər şeyin öz yeri var. Hər şey öz yerində olmalıdır. Vətən anlayışı mənim içimdə doğru oturuşarsa, yeri gələndə, mən vətən üçün nələrdən keçməyi bacarmalıyam. Elə-belə kim övladından keçər. Ancaq yeri gələndə vətən üçün keçirsən. Çünkü övladından keçməyi bacarmaq Allah olmaqdır. Elə belə övladından keçə bilməzsən ki. Gör səninçün məzmun, məna nədirsə, övladından belə keçməyi gözə ala biləsən. Bunların hamısı böyük bir düşüncə səviyyəsində oluşan məsələlərdir. Ölçü yaranmalıdır, məktəb olmalıdır. Ona görə insanların münasibəti hələ hər şeydə doğru deyil, nisbidir.
Vətən bu dərəcədə müharibə eləməyə meyillidir?! Deyil. Məcburdur. Əsgər geyimi geyinmisən, hünərin var, deynən mən ora getmirəm. Soxarlar içəri adamın dərisini çıxararlar boğazından. Ortada dövlət var, qanun var. Demirəm pis şeydir. Nəyə görə pis şey deyil, – bu insanlar hamısı bizim arzuladığımız səviyyədə deyil axı. Mən gedim könüllü şəkildə qoruyum, səninki də getsin gizlənsin. Bu vətən mənim nəyimə gərəkdir. O baxımdan ayrı-seçkilik qoyulmadan olmalıdır. İndi bizim ölkəmizdə hansı durumdur, cəbhəyə gedənlər necə gedir, balalar necə mənasız yerə qurban verilir, bundan danışmıram. Mən gerçək bir münasibət sərgiləyirəm. Nə olmalıdır, necə olmalıdırsa ondan danışıram. Nə qədər ki ölçü-nizam yoxdur, nə vətənə, nə dövlətə, nə millətə münasibət yerində olmayacaq. Bu münasibətlərin içərisində həmişə insanlar çaşacaq. Biz o çaşqınlıqdan qutarmaq istəyirik insanlığı. Ona görə biz Ocağı yaşatmağa davam edirik.

Göytəkin Atalı: Bu yaxınlarda qıraq ədəbiyyatdan bir şey oxudum. Bir lise görevlisi kilsə görevlisi olandan sonra kilsənin bütün qanunlarını əsas tutmağa çalışır. Bütün insanları kilsənin qanunlarına uyğun  şəkildə, heç bir şəkildə qırağa çıxmamaqla idarə etməyə çalışır. Hətta o yerə gəlir çıxır ki, fərqli inanca sahib olanları, dinə qarşı gedənləri edama göndərir. Kilsənin qanunlarını tətbiq etməklə elə bilir topluma dərs vermiş olacaq, toplumu doğru yönə yönəltmiş olacaq. Toplum kilsənin qanunlarından qırağa çıxmaq haqqında düşünməyəcək. Ancaq elə bir nöqtəyə gəlib çıxır ki, onun təşkil elədiyi edam səhnələri-filan artıq toplum üçün arzu olunan bir həyəcana çevrilir. Xüsusi bir nəşəylə o edam səhnələrini arzulayırlar, tamaşa edirlər. Edam səhnəsindən sonra heç nə olmamış kimi hər kəs evinə dağılır. O, kilsənin qanunlarını düşünərək bu addımı atmşdı, bir nöqtədə insanların bu hala gəlməsini özü üçün aydınlaşdıra bilmir. Sualım odur ki, bu cür dəhşətli hadisələr olsun, ya sırf dinə qarşı inanc məsələsinə də bağlamıram, nəyə görə insanlar, ibrəti almağı bir qırağa qoyaq, laqeyd, acımasız bir kütləyə çevrilir.

Soylu Atalı: Kilsənin yaranması başından o məqsəd üçün olub ki, toplumu yönəldə bilsinlər. Çünkü toplumun birgə üz tutduğu ünvan, birgə ibadət edəcəyi ünvan kilsə ola bilər, İcra hakimiyyətinin binası ola bilməz. O cür Allahın evi adı altında ibadət evləri – kilsələr, filanlar tikirlər, gündəliyə gətirirlər. Orada insanlara gerçək həqiqətləri öyrətmirlər. Bunu da edə bilmirlər. Çünkü kilsələrin aktiv mövcud olduğu dönəmlərdə imperiyalar olub, imperatorlar olub, başda duranlar olub. Bəlli bir qrupun, bəlli bir təbəqənin gözəl yaşam güzəranı olubdur. Ağalıq dönəmi olubdur. Əgər kilsələrdə insanlara həqiqətlər öyrədərsənsə, o zaman imperatorluq çökər. İnsanlar arasında bərabər münasibətlər yarana bilər. Haqq-ədalət bərqərar ola bilər… Bunların yaranması, söz yox, imperiyanın başında duranlara sərf eləmir. Heç kim də buna çalışmaz. Kilsənin də öyrətmənləri imperatorların arzularına uyğun insanlardan seçilir. Onlar da həqiqi öyrətmənlər olmurlar ki, insanların gözlərini açsınlar. Burada insanlar gəlib ancaq qorxu öyrənirlər. Qorxu altında qalmağı qəbul edirlər. Olanla barışmaq, buna qarşı çıxmaq Allaha qarşı çıxmaqdır, buna qarşı çıxmaq qanunlara qarşı çıxmaqdır. Qanun hər şeydir i.a. Qanunlar da imperatorun istəyilə yazılan qanunlardır. Kilsədə yazılan qanunlar imperiyanın qələmi ilə yazılan qanunlardır. Bu gediş insanlarda qorxu, xof, gerizəkalılıq yaradır. Avamlıq formalaşdırır. İnsanlar elə bilirlər, belə olmalıdır. Dövlətlə dövlətlik edə bilmərəm, onun başında duran Allahın lütfüdür, bəlkə Allahın bölgüsüdür ki, mən belə olmalıyam. Belə-belə gerizəkalılıq, geridüşüncəlilik formalaşır, insanlar bununla barışdırılır. Belə bir mühit yaradılır, barışdırılır. İnsan nə vaxt mühitlə barışır? O zaman ki, daha bunun belini əyirlər, əyirlər, sınan məqamda deyirlər bəsdir. Nə qədər bel əyə bilirlər, bel əyilir. Dəmiri sən hara qədər əyə bilərsən.  Qırılacaq da. Ona görə də insanlar bir yerə qədər dözürlər, dözürlər, axırda partlayış həddinə gəlib çatanda insanların içində bir etiraz yüksəlir, elə-belə acından ölməli deyiləm, heyvan deyiləm, mən niyə belə yaşamalıyam?! Son həddə nəfəs kəsiləndə etirazlar yaranır. Yəni insan o duruma gətirilir. Ona görə də insanı həmişə basqı altında tutub manqurtlaşdırmağa çalışırlar. Xristianlıq yarananda, İsa bu işlərə etiraz edib ayağa duranda, elə-belə bundan başlamadı ki,gəlin elə hamımız Allaha qulluq eləyək. Allaha yönəlməyin anlamı o idi ki, biz belə bir əsarətdən, belə bir həyat tərzindən qurtara bilərik. Bu bizə biçilmiş bir kəfəndir, kəfəni yırtmaq gərəkdir. Ona görə insanlar eşidirlər, toplaşırlar. Yəni ağıl olmalıdır, düşüncə olmalıdır ki, insanlar səfərbər olunsun, etiraz eləsin. Bu yoxdur, bu olmayanda etiraz da yoxdur. Ancaq dediyim kimi, artıq aclığın, səfalətin, dözülməz həyat ortamının formalaşması etirazlar doğurmağa başlayır. Çox vaxt o etirazlar həqiqətə yetmir, çox vaxt o etirazlar hədəfləri ortaya çıxara bilmir, hədəflərə çata bilmir. Çünkü, dediyim kimi, etirazlar kortəbii baş verir, idrakla, düşüncəylə baş vermir. Nə qədər ki, insan etiraz etmək həddinə qədər sıxılmayıb, ona qədər gözünü yumub dözür. O məqam da gələndə sırf kortəbii etrazlar ayağa durur. Düşünülmüş yox. Ancaq bəri başdan düşünülmüş etirazlar olarsa, düşüncəli insanlar ayağa durar, təşkilatlanar, deyər, gəlin gedişi dəyişək. Dəyişiklik düşüncə tələb edir. Bu elə-belə öz-özünə baş vermir.

Günev Atalı: Sualın cavabı mənim üçün aydındır. Mənim həyat yoldaşım Ocaqçı oldu, müəyyən bir dövrdə Ocağa qarşı gah belə, gah elə yaxşı, ya boş münasibəti oldu. Ancaq bu gün onun içindən bir təpər gəlir ki, mən filan kənddə istəyirəm görüş keçirəm. Filan kənddə görüş tutalqası var, orda keçirmək istəyirəm. O, mənim rəyimi öyrənməlidirmi, mən razıyam, ya razı deyiləm?! Mən deməliyəmmi, qadın xeylağısan, otur evdə işini gör, palaz-paltarını yu. Ya da qısqanım hər hansı mənada.

Soylu Atalı: Əslində Ocaqçı üçün hansısa bir məhdudiyyətdən söz gedə bilməz. Dəxli yoxdu, qadın, ya kişi, onun içində həqiqət alovu varsa, belə bir alovla yaşayırsa, onu çatdırmaq istəyirsə, onun qarşısını almaq, ya sənin istəklərinə uyğunlaşdırmaq, bunlar yolverilməz bir şeylərdir. Burda yalnız nə ola blər?! Məsələn, sənin qadının deyir, mən Lənkəran şəhərində gedib görüş keçirmək istəyirəm. Buna onun özü inanır, gücü çatır. Burada sənin işin o ola bilər ki, onu tək qoymayasan, kömək eləyəsən. Sırf təşkilatçılıq işi. Ancaq sən onun istəklərinə müdaxilə edərsənsə, qarışarsansa, əngəl olarsansa onda sənin Ocaqçılığın özünü doğrulda bilməz. Sənin fədakarlığın varsa, hünərin varsa, sən özün hardasa görüş keçirirsən, yaxşı edirsən, ancaq onun da istəyi var, yardımçı ol, belə bir insanlıq elə.

Günev Atalı: Mənim Minəxorlu kəndində bir adamla söhbətimiz alındı, vədələşdik ki, axşam görüşək, mən həm ədəbiyyatla gedim ora, həm də ümumi bir söhbəti daha geniş şəkildə edək. Elana dedi, mən də gedirəm. Dedim yaxşı edirsən. Əmim oğlanlarının gözləri bərəldi. Dedilər, nə danışırsan, sabah bu kəndin içində biz dillərə düşəcəyik. Dedim sizə dəxli yoxdur, nə boyda fikrin ardınca gedir. Mən fəxr eləməliyəm. Türk həmişə qadınıyla bir olubdu, döyüşdə olubdu, döyüşdə əsirə düşmək var, əsirə nə cür münasibət də var. Bunu bilə-bilə türkün yanında qadını döyüşməyə gedir.
Mən tək indi o fikrə gəlməmişəm. Ocağa gəldiyim gündən demişəm ki, sərbəstsən. Hara gedirsən get. Təzə ailə qurduğumuz vaxtlarda da. Qısqanclıq mənim üçün arxivə verilmiş bir şeydir.

Soylu Atalı: Bu qardaşımız İnamlı bəy çox maraqla sənə qulaq asır. Deyir, mən bunu edə bilərəmmi? Bəlkə də deyə bilər edə bilərəm, çünkü onun qadını Elana təpərində deyil.

Günev Atalı: Şəxsiyyət kimi formalaşması üçün sərbəstlik vermək lazımdı qadına. Qadın sərbəst olmayanda kişinin ağlıyla, kişi də cəmiyyətin ağzıyla hərəkət edərsə şikəst olar o ailə, ev. Eləməyə bilər, fikrinin gücü çatmaya bilər. O əhvalı yaratmalısan. Nə ilə yarada bilərsən. Bizim qonşu var, həyətdən kəsə keçir. Onlar elə bilirdilər ki, biz evdə dalaşırıq. Səsimiz o qədər uca gəlirdi ki. Ocağın hər hansı fikrini təhlil edirdik. O, çoxunu yanlış deyir. Mən də yeri gələndə qeyzlənirəm. Qıraqdan həyətdən keçən də elə bilir qırırlar bir-birini. Şəxsiyyət kimi formalaşmasa, çətin olar. Mənim bacım, yoldaşı müəllim idi, özü də, bu gün də dükana getmir. Nə qədər deyirəm çıx qəfəsdən, öldürüb bacımı tamamilə. İllərdir onu görə-görə, bilə-bilə, ya da heç onu görmürəm, mən Asif Atanı görmüşəm, dinləmişəm, qadını heç bir işdə sıxma, dönə-dönə deyirəm, sən nə qədər əngəl olarsan, ondan da betər olacaq. Yoxsa onun beynində bir inqilab yaradıb törətsən, doğruluğa, dürüstlüyə doğru, o şəxsiyyət olacaq.

Soylu Atalı:Bununla bağlı mən yazmışam, icazə ver, bir az inkişaf etdirək. Məsələn, bizim toplumumuzda qadına münasibət sırf islam şüuru ilə, islam münasibətilə formalaşıb. Hara çəkirsən çək. Qadına islam münasibəti ilə yanaşmaq qadının da evini yıxır, ailənin də. Qadını basqı altında saxlayırsan, əgər onun içi inkişaf etmirsə, basqı altında qalırsa, ondan, pis anlamda hər şey gözlə. Kişi də onun kimi. Basqı altından pis şeylər çıxır. Azadlıqdan yaxşı şeylər doğur. Ona görə də əgər istəyirsən qızını, qadınını sağlam düşüncəli görəsən, onlara mənəvi-ruhani azadlıq ver. Mənəvi-ruhani azadlıq verərsənsə, o insan kimi formalaşar, evinin də, elinin də, sənin də, millətinin də, vətəninin də qədrini bilər. Əgər evin içində sən onu basqı altında saxlayarsansa, hansı ideyadan danışırsan danış, xeyri yoxdur. Vətəni sevməyəcək, çünkü azadlıq bütün bunların hamısının əsasında duran bir anlayışdır. Basqı altında saxladığın bir insana necə deyə bilərsən vətəni sev. Bizim hakimiyyət bütün xalqı basqı altında saxlayır. Ona görə insanlarımız yeri gələndə deyirlər, mən niyə gedib vətən uğrunda ölməliyəm. Filankəsin balası getmir, mən niyə gedim. Dediyim odur ki, nə qədər basqı altında saxlayırsansa, onun hər şeyi pozulur. Bizim millətin bugün hər şeyi pozulub. Dövlət basqı altında saxlayır. Dövlət ona azadlıq vermir. Xalqın mənəviyyatı pozulur. Bir-birinə acıqlıdır, çünkü insanlar basqı altında hər şeyi itirirlər. Bir insanın başını qıçının arasına sox, de ki gözəllikləri gör. Necə görsün?! Başını qaldırmağa imkan vermirsən. Ona görə insana mənəvi-ruhani azadlıq vermək gərəkdir. Mənəvi ruhani azadlıq vermək sərbəstliklə eyni deyil.

Göytəkin Atalı: Bir dəfə əslində bu qonuya toxunmuşuq, ancaq tam toparlanmış cavab almaq istəyirəm. İnad və tərslik. Tərslik bütün hallarda insanı yanlışlığa aparırmı, inad bütün hallarda uğurlu nəticə verirmi? Ümumiyyətlə, onların fərqini necə aydınlaşdırmaq olar? Nəyəsə dirəniş göstərirsən, ancaq sonuca vara bilmirsən, bu inaddırmı, yoxsa tərslikdirmi?

Soylu Atalı:Açığı deyim, inad sözü ilə tərslik sözünü mən ayırmışam. Heç yerdə elə bir ayrım yoxdur. Bizim kənddə deyirlər, filankəs çox inadkardı, heç nə onu inadından döndərə bilmir. Yəni tərsin biridir. Mən inad sözünə ruhani anlam vermişəm, hünəri, təpəri ifadə eləsin.Ona görə deyirəm, böyük işləri görmək üçün ruhani inad gərəkdir. Xarakterik olaraq tərslik göstərmək yox, yəni mənim kefim belə istəyir tərsliyi ilə ruhani inad eyni anlam daşımır. Ruhani inad ideyanı, əqidəni yeridən hünərdi, qüdrətdi. Tərslik – fərdi xarakterlə bağlı olan, ağına-bozuna baxmadan, ayağını dala qoymadan, mən deyən olmalıdır deməklə xudbinliyi ifadə eləyən bir göstəricidir. Ruhani inad olanda yüksək ideyanı həyata keçirmək olur. Onun arxasında durursan. Gözəl nə varsa, ondan imtina eləmirsən. Hansı çətinliyə düşsən belə onu qurban vermirsən, güzəşt eləmirsən.

İnamlı Atalı: Ruhani inad elə iradənin sinonimidir.

Soylu Atalı: Ruhani inad iradə ilə təsdiqlənir.

Göytəkin Atalı: Sehr, tilsim, ovsun nədir. Belə şeylərin ortaya gəlməsi nədən qaynaqlanır? Bunların hardasa həqiqətə uyğun tərəfi varmı?

Soylu Atalı: Bu ifadələr hamısı obrazlaşdırılmış anlayışlardır. Sehrin müsbət yönü var, çalarları var. Sehr gözəlliklərə vurulmaqdır. Bir də var ki, dində işlədilən mənada sehrləmək, tilsimləmək filan, əlini-ağzını bağlayır. O sehr deyil. O ifadə orda düzgün işlənməyib. Sehrlənmək əsrar sözündən yön alır. Sirlərin qarşısında heyrətlənmək, vurulmaq, onun axtarışına düşmək.
Tilsim – məchulluqdur. Anlamazlıq, bilməzlik anlamı daşıyır. Tilsimə düşüb, yəni çıxış yolu tapa bilmir. Bunun yenə də mənfi çalarlarını əsas götürüblər. Anlamına mənfi çalarlar bağlayıblar. Biri tilsimlənibsə, deməli, hər şeyi bağlanıb.
Ovsun bunlardan fərqlidir. Bunu bədii ədəbiyyatda obrazlaşdıra bilərsən. Deyərsən ki, əfsunlaşmış, yəni əfsanələşmiş, qeyri-adi bir durum yaranır, əfsunlanır.
Deyir, Qurana baxıb bir dua yazaram, dilini-ağzını bağlayaram. Dini anlamda, cəhalət anlamında işlənmiş bu biçimi də var, bir də bədii obrazlaşdırılmış biçimi var. Bədii ədəbiyyatlarda da işlənir. Bədii ədəbiyyatda yaxşı bir şey tapmaq var. Sırf pis məna daşımır. Ancaq bunun xurafat tərəfini qırağa qoymaq gərəkdir. Söz harda deyilir, hansı anlamda deyilir, xurafat anlamındamı deyilir, obrazlaşdırılmış şəkildəmi deyilir, bunların fərqinə vararsansa, onda söz sənin üçün öz anlamıyla aydınlaşa bilər.

Göytəkin Atalı: Qarşılıqsız sevgi ifadəsi doğrudurmu? Bəzən insanların çoxunda olur, qarşı tərəfə hiss elədiyi o sevgi, bağlılıq hissi, qarşısındakı onun üçün əlçatmaz olanda nifrətə, qisasa çevrilir. Bununla bağlı aydınlıq verməyinizi istəyirəm.

Soylu Atalı: İstisnalar var. Sevgini bir az geniş şəkildə aydınlaşdıraq. Tutalım, adil bir icra başçısı, adil bir padşah, ölkə başçısı var, məsələn, Atatürk olsun. Atatürkü mən sevirəm. Ancaq Atatürk məni tanımır. Ya möhtəşəm bir yazıçı, filosof, böyük bir ədib, böyük bir düşüncə yiyəsi olsun, deyək, mən onu sevirəm, o məni sevmir, o məni tanımır, tanımadığını sevə bilməz. Bu birtərəfli sevgidir. Ancaq bu birtərəfli sevgi gerçək olaraq birtərəfli sevgi kimi qiymətləndirilir. Mahiyyətcə birtərəfli deyil. Çünkü o böyük şəxsiyyətdirsə, filosofdursa, o insanın içində mən də varam. Bu açıdan dolayısıyla onun da mənə sevgisi var.
İndi bunu qadın-kişi münasibətləri səviyyəsinə gətirək. Sevgi elə bir anlayışdır ki, o hansısa görümlərlə bağlı olmur. Bir anda görürsən, nəyəsə vurulursan, ancaq bilmirsən nəyə vurulursan. Heç bunun davranışını görməyibsən, heç bunun danışığını görməmisən. Bu yaxşı adamdır, ya pis, bilmirsən. Ancaq bir anda görürsən, vurulursan. Bir anda vurulma nədir?! – İnsan ilahi başlanğıcdır. Fiziki başlanğıc deyil. İnsan ruhani varlıqdır. O özündə ruhani məzmun daşıyır, ruhani keyfiyyətlər daşıyır. İnsan bir anda görür, gördüyü insandan aldığı hansısa bir ruhani enerjimi ona çatır, nədirsə, bağlanır ona, sehrlənir, onda olan əsrarlı bir gözəlliyin, fərq etməz kişi, ya qadın, insanın içinə dalğa kimi düşür, vurulur ona. Vurğunluq nə dərəcədə həmişəlik ola bilər, nə dərəcədə qısa ömürlü ola bilər, bu artıq sonrakı aşamada özünü göstərir, insanların münasibəti uzun, ya qısa ömürlülüyü yaradır. Ancaq bu vurğunluq doğal vurğunluqdur. Vurulan insandan asılı deyil, o ilahi məqamdır. O ilahi məqam boş deyil, yox deyil, ancaq onun davamlı qalmamasının nədəni həmin insanların kamillik səviyyəsindən asılıdır. Adi keyfiyyətlərlə ilahi vurğunluğun arxasında durmaq olmur. Deyək ki, vurulan insanlar ailə qurdular. Getdikcə davranışlarda heryrət azalar, ortaya övlad gələndən sonra onları bir-birinə bağlayar, ancaq ilahi sevgini yaşatmaq gücünü azaldar. Bu da, dediyim kimi, onların kamillik səviyyəsindən asılıdır. Öncədən yaranan sevgini qorumaq, övlad oldu, olmadı, kamillik tələb edir. Kamillik həm də övladın tərbiyəsini yüksək düzeyə qaldırır. Kamillik sevgini qarşılıqlı tutur, birtərəfli sevgi uzunömürlü ola bilməz. Qarşındakı səni adam yerinə qoymursa onu birtərəfli necə sevə bilərsən. Burda artıq sorumluluq ortaya çıxır. Sevgidən sonra sorumluluq gəlir. Sorumluluq o dərəcədə güclü olmalıdır, sevginin qanadları qırılmasın. Sorumluluğun üzərində sevgi yaşam tapır. Sorumluluğun üzərində qorunub saxlanılır. Özünə bənzəyir. Bir sözlə kamillik hər şeyi yoluna qoyur.

Günev Atalı: Birtərəfli sevginin təsdiqinə Leyli Məcnun əsərində rast gəlmişəm. Xəbər verirlər ki, İbni Səlam elçi gəldi, Leyli ilə ailə qurdu. Məcnun Leylinin rəyini bilmir, həm də Leylidən kim idi rəyini soruşan. İçində bivəfa deyir Leyliyə, ancaq yenə də Məcnunluğunda qalır. Mən birtərəfli sevgini onunla bayraq edirəm ki, aşiq olana heç bir əngəl yoxdur. Sevdiyi bivəfa da olsa, namərd də olsa, əgər onun  sevgisi Məcnun, Füzuli səviyyəsində sevgidirsə, o ölüncə elə qalmalıdır. Ölüncə ilk vurğunluğu ki var, içində bir iz qoyub, baxmayaraq, cavabını da görməyibdir, birtərəfli sevgidir də, cavabını görməmişəm, onu heç vaxt içindən qırağa çıxarıb qoymur. Onun da təsdiqini Leyli Məcnunda gördüm.

Soylu Atalı: Gəl bura əlavə edək, o məqam nə idi, sənin dediyin. Mən demişəm də, yazmışam da, Quranı oxumaq üçün gərək daşdan səbrin ola. Mən ilk dəfə o sözü özümə demişəm, sonra onu yazmışam. Başqalarına da elə tövsiyə eləmişəm. Demişəm, Quranı oxuyanda Qurana sevgi ilə deyil, mütaliə sevgisiylə oxu. Onda oxuyub başa çatdıracaqsan. Oxumağa, oxumağın özünə mənim bir sevgim var. Məcnunda da artıq sevginin özünə vurulmaq varıydı. Çünkü o sevgi Mütləqin sinonimi idi. Sevginin özü. Leyli qalmamışdı, Sevgi qalmışdı. İlahi məqam qalmışdı. Mütləq olan qalmışdı. Ata ona görə deyirdi: “Məcnun Leylidəki Mütləqi sevirdi, elə bilirdi Leylini sevir”. Məcnun Leylini görəndə nə deyir, – “get, sən o Leyli deyilsən”. Qurtardı, öldü Leyliyə sevgi. Qalan nədir?! – Qalan İdealdır, Mütləqdir, Leylinin yüksələ bilmədiyi. Mən ona vurulmuşam. Deməli, dünyada, həyatda ondan artıq olan məqam varmış. Onun adı Sevgi imiş, onun adı Mütləq imiş. Məcnun ona vurulmuşdu. Əsər də insan məftunluğunu, vurğunluğunu ortaya çıxarmaq üçün obrazlaşdırılmış bir kitabdır. İnsanlarda məhdudlaşa bilməz o. Leyli getsin filankəslə kef eləsin, mən də onun dərdindən ölüm?! – O deyildi. O açıdan sən insana da münasibətində sevgiyə vurulan əhvalla yanaşırsan. Sənin halın içindəki ideal sevginin harayıdır, ideal sevginin məftunluğudur.
Tutalım bir qadın gördün, vuruldun bir anda, 15 m aralanan kimi maşın onu vurdu öldürdü. Yenə sənin sevgin qalır. O qadın sevgisi deyil, həmin o Mütləqdir. Sən onda görmüşdün onu. Mütləq o üzlə, obrazla sənin yadında qalıb…

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A): Asif Ata təhsilini Moskvada bitirib Bakıya gələndən sonra istədi milli hakimiyyət yaratsın. Mübarizəyə başlayanda gördü arxasında heç kim qalmadı. Asif Ata düşündü-daşındı (Ocaq o səbəbdən yarandı) Ruhaniyyat yaratdı. Bu da onunla izah olunur ki, millətin millət kimi formalaşması üçün ölçüsü olmalıdır. Ruh olmayanda insan nə vətənini sevə bilməz, nə xalq yarada bilməz, pərən-pərən düşə bilər. Ona görə Asif Ata Ocağı yaratdı. Ocaq da bizim millət kimi məhv olmağımızın qarşısını almaqdan ötrü bir yoldur. Ruhaniyyat bizim üçün böyük bir ölçüdür. Dövlət qurmaq ruhaniyyatla mümkündür…

Soylu Atalı: Sənin nə demək istədiyin aydındır. Demək istəyirsən, bütün bizi düşündürən suallar ordan qaynaqlanır ki, ruhani işğal faktı var. Nə qədər ki, millət ruhani işğal altındadır, nə qədər ki, onun mənəvi-ruhani kimliyi işğal olunub, heç bir sualına cavab tapa bilməyəcək.

Günev Atalı: Nəiminin bir sözü var, torpaqdan əvvəl ruhu işğaldan azad etmək, ruhu azad xalqın torpağını əlindən ala bilməzsən.

Soylu Atalı: Nəsiminin heç nəyi yox idi. Heç nəyi olmayan Nəsiminin ilahi hikmət vardı içində. Ruh vardı onda. Bütün dünyanı silkələyirdi. O boyda azman hökmdarı titrədirdi. Ordusuyla bir yerdə titrəyirdi. Yüz minlərlə bir ordusuyla cansız-çəlimsiz bir Nəsiminin qarşısında titrəyirdi. Çünkü Nəsiminin yeri-göyü silkələyən ruhu vardı. Qılıncı yox idi, topu-tüfəngi yox idi. Varı-dövləti yox idi, ancaq Allah idi. Allahın qarşısında hər şey acizdir…
Ocaqda hər ilin özünün Mərasimlər kitabı var, Ailə kitabı var, Bayramlar kitabı var. Bu, Ocaq tarixində olduqca bitkin bir əməldir. Bənzərsiz bir əməldir. Bunların hamısı gələcək ruhaniyyat axtarıcılarında, ruhaniyyat yönəticilərində, gələcək milli düşüncə məclislərində deyiləcək (hədislərdir) Söyləmlərdir. Bəlkə də bəzi məqamlar kimlər üçünsə adi görünə bilər, ancaq belə bir çağda, belə bir dönəmdə ki, biz bunları yaradırıq, bu düşüncələri deyirik, axtarırıq, çağırırıq, bunların hamısı qutsal yaradıcılıqdır. Müqəddəslik yaradıcılığıdır. Gələcəyə böyük örnəkdir. Gələcəkdəki insanlar öz çağlarına baxmayacaqlar, öz çağlarından baxacaqlar ki, biz olsaydıq o çağda bunu edə bilməzdik. Bunun ortaya gəlməsində əməyi olan Göytəkinin, Nurtəkinin əməklərini alqışlayırıq, var olun. Redaktə etmək də mənim işimdir.

Ailə Günü Kitabını (44-cü il) Ocaq Yükümlüsü Ocaqçılara bağışladı.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

Od Ayı, 45-ci il.
(iyul, 2023).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir